Söz xaliqindən xiridarlarına “Xalq Əmanəti”

Söz xaliqindən xiridarlarına “Xalq Əmanəti”
19 dekabr 2020
# 10:23

Bilmirəm bu şairlərin fikridir, yoxsa alimlərin-hər halda deyilənə görə, Tanrı özündən sonra yaratmaq qabiliyyətini şairlərə verib. Şairlər söz xaliqləridir. Söz ali məqamdır, çünki dünya sözdən yaranıb.

“Ol”-deməklə dünya olub - deyir söz dahisi Zəlimxan Yaqub. Ona görə söz dahisi dedim ki, şair də olsa, hər kəs sözü bu qədər yerində işlədə bilməz, hər kəs sözə bu qədər qiymət qoya bilməz, hər kəs sözdən bu qədər xarüqələr yaratmağa qadir deyil - Zəlimxan kimi.
Şairin söz xəzinəsi o qədər zəngindir ki, bu yalnız cild-cild kitablarla özünü təsdiq etmir, Zəlimxan Yaqubun nitqindəki xəzinə heç bir kitaba, qəzetə, nəşrə sığmazdı. Söz onun dilindən bulaq kimi qaynardı…
“Söz Hacı Bəktaş Vəli dərgahına döndü, mən isə əlində dəmir əsa, ayağında dəmir çarıq aylarla-illərlə səhralar, dağlar, dərələr keçə-keçə o dərgaha doğru gedən Yunus Əmrəyə! Dahilərin yaratdığı söz qalasına bircə kərpic də mən qoymaq istədim, ulu sözə üz tutdum”-deyir.

Söz üçün ən ulu dərgaha vardım,
Mən sözün eşqinə dağları yardım.
Axtara-axtara gedib çatardım,
Olsaydı dünyanın harasında söz.

Söz də şairdəki bu sevgini, dəyəri görüb ondan uzaq qaçmadı, söz Zəlimxan Yaquba, şair də sözə qovuşdu – ona görə nitqi də söz xəzinəsinə döndü, ağzında bulaq kimi qaynadı. Dahilərin yaratdığı söz qalasının hörgüsündə bir kərpic deyil, bir mərtəbə oldu.
Haqqında söhbət açdığım kitabındakı yaradıcılığı bəlkə də, elə həmin qalanın mərtəbəsidir, sırasıdır. “Alın yazım, taleyim – yaradıcılığım” adlı giriş yerinə-avtobioqrafik manifestlə başlayan kitabda şairin bütün yaradıcılığı yer alıb deyərdim. Yaradıcılığının bütün dövrlərindən, bütün qollarından nümunə var bu kitabda, “Seçilmiş əsərləri” toplusunda.

Kitab Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində ərsəyə gəlib.

Yeri gəlib, bu layihənin də haqqını sözlə vermək gərəkdir. 2010-cu ildən bu yana mədəni irsimizin gələcək nəsillərə çatdırılması yolunda yaxşı işlər görülüb bu layihə ilə. Kitablar üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, həmçinin kitab və sənət xiridarlarına hədiyyə olunur.

Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova,Tağı Tağıyev, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilib. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, üçcildlik “Aşıq ədəbiyyatı antologiyası” və M.Ş.Vazehin üç dildə (Azərbaycan, alman, rus dillərində) “Bütün əsərləri” işıq üzü görüb. Bütöv bir kitabxanası var layihənin.
Növbəti kitabı da söhbət açdığımızdır- Zəlimxan Yaqubun “Seçilmiş əsərləri”. Bütöv bir ömrün dastanıdır bu əsərlər, tarixin, ədəbiyyatın yaddaşıdır.
Sözlə başlayan yolçuluğudur şairin.

Yolçusu var, dərvişi var, qulu var,
Ayağı var, qanadı var, qolu var,
Qəbrimizdən o yana da yolu var,
Eşqi ilə öldüyümüz yolların.

Yollar hardan keçsə də, sonunda vətənə dönür. Bütün yollar vətənə qovuşdurur adamı. Zəlimxan Yaqub bütün qəlbi ilə “Söz”dən sonra tutduğu yola və Vətənə bağlı şair idi. Çox sevdiyi şeiri də vətəninə baş əydirəcək qədər vətən aşiqi.

Sev güllü yazını, qarlı qışını,
Səslə kotanını, hayla xışını,
Qoru bu torpağın hər qarışını,
Baş əy bu müqəddəs torpağa, şeirim!

Vətən yaralı olanda, ona olan sevginin üzərinə bir də dərdi gəlir, olur sevgili dərd. Vətənlə birgə o dərdi də sevirsən-bilmirsən sevgin böyükdür, yoxsa dərdin. “Mən öləndə üzümü Borçalıya çevirin”- yazır. Qəribdi Borçalı, yaralıdır. Kəpənəkçi kəndində keçən uşaqlığından elə yazır ki, düşünürsən bu mühitdə, bu torpaqda doğulub böyüyən elə Zəlimxan Yaqub olardı.

“Bəzən gecə səhərə qədər yata bilməzdim ki, sabah toy var kənddə, filan aşıq oxuyacaq. “Əsli və Kərəm”dən, “Abbas və Gülgəz”dən, “Şah İsmayıl və Gülzar”dan dastan deyəcək. Borçalının taleyi ilə bağlı məşhur kişilərdən və məşhur hadisələrdən Qasımlı Səməd ağadan, Kəpənəkçi Emin ağadan, Darvazlı Mehralı bəydən, Qarayazılı İsaxandan, nə bilim daha nələrdən danışacaq”.
Vətən də belə vətən, hər insanı bir tarix, bir dastan ola. Zəlimxan Yaqubun rişəsində onların hərəsindən bir damla var, özü demiş, söz var.

Palıd kimi tufanlarla öc olan,
Qüvvət kimi qolumuzda güc olan,
Papaq kimi başımızda tac olan,
Zireh kimi əynimizə geyilən—
Nəymiş Allah, bu Borçalı deyilən?!

Yaxud Vətən həsrətli daha bir şeirdə deyir:

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı.

Adam istəyir desin ki, şair, ruhun şad olsun, Qarabağ, Şuşa daha azaddır. Sənin də ruhun azad olsun, vətən, torpaq dərdində əsir qalmasın.

“Seçilmiş əsərlər” həm də bir ömrün tarixidir. Zəlimxan Yaqub ömrünün. “Səni sevmək üçün gəldim dünyaya” deyən gənclikdən,

Yer göyü, dağ dağı, daş daşı sevdi,
Tanrı naxış vurdu, nəqqaşı sevdi.
Göz gözə boylandı, qaş qaşı sevdi,
Biz niyə sevməyək bir-birimizi?!

“Aldığın işığı dünyaya payla” deyən ahıllığa qədər:

Payız kövrəldəndi, bahar coşduran,
Məni sərt eyləyən qış da gözəldir.
Ürəyin daşdımı demə, ay insan,
Duymağı bacarsan daş da gözəldir.

Sonuncu misralar artıq bir coşqun, emosiyalara üstünlük verən ürəkdən deyil, kövrələn, anlayan, bağışlayan, Allaha, ruha çağıran qəlbdən gələndir.

Professor Nizami Cəfərov onun yaradıcılığı barədə deyir: “Etiraf etmək lazımdır ki, şairin yaradıcılığının miqyasına (və məzmununa) əhəmiyyətli təsir göstərən ən mühüm amillərdən biri həmişə xalqla, məşhur ifadə ilə desək, geniş xalq kütlələri ilə qırılmaz ünsiyyəti olmuşdur ki, fikrimizcə, böyük Səməd Vurğundan sonra həmin ünsiyyət təcrübəsini (məktəbini) bütöv bir həyat-yaradıcılıq missiyası (və mədəniyyəti!) səviyyəsinə qaldıran ikinci Azərbaycan şairi məhz Zəlimxan Yaqubdur.

Xalqına ürəkdən, canı-qanı ilə bağlı olan, onun ruhunun tərcümanına çevrilən şairə böyük ümumxalq məhəbbətinin sirrini də məhz burada axtarmaq lazım gəlir. Tarix dönə-dönə sübut edir ki, xalqın içərisindən çıxan, öz tərcümeyi-halını millətin tərcümeyi-halı olaraq yaşayan sənətkar-mütəfəkkirlər heç zaman unudulmur, onların yaradıcılıq arxivi isə mühafizə olunan, heç də hamının müraciət etmədiyi qaranlıq hücrələr, fondlar deyil, əksinə, hamıya açıq olan, xalqın geniş, işıqlı ruhu, ürəyidir”.

573 səhifəyə “Seçilmiş əsərlər”ini sığışdırmaq olar-yığıb yumrulayıb ixtisar edərsən, ən vacib hesab etdiklərini verərsən, amma yaradıcılığını, qısa zənn etdiyimiz həyatını, düşüncə tərzini, fəlsəfəsini – bir sözlə Zəlimxan Yaqub bir kitaba sığmaz. Onu Tanrı dünyaya sığdıra bilmədi, dünya içində bir dünya oldu Zəlimxan Yaqub.
Şairə Allahdan rəhmət diləyir, sənətə, sənətkara dəyər verib onun xəzinəsini bizlərə, gələcək nəsillərə çatdıranlara təşəkkür edirik.

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

# # #