Kulis.az Günel Mehrinin "Sevgisizlik" essesini təqdim edir.
Sənə sırf qadınlara aid olan bir sirr açacam, Karl. Bəlkə özün də fikir vermisən... Bu qadın xisləti ki var, uçmağa, pərvazlanmağa o qədər meylli ki... Xoşbəxt olan kimi bir cüt qanad açır. Hələ aşiq olanda... Eyvah, hansı diqqətli baxışdan yayınar ki, aşiq qadının fərəhdən qol-qanad açmağı?
Hə... Vaxt varıydı, qadınlar təkcə sevgidən havalara uçardılar. Hamı anlayardı ki, bax bu qız, bu qadın açıb-ağartmasa da, həqiqətən sevir, sevilir. Nə sirri-xudadırsa, başqa cür atır addımlarını... Qaynar xörəkdən çıxan zərif buxar şleyfi var a... Bax eynən onun kimi incə və sirli görünür aurası həmin zaman kəsiyində. Bəlkə addım atdıqca saçları uçuş-uçuş olur, bəlkə gözlərinin içi bir başqa gülür... Dəqiq təsvirə sığmır ki. Bir sözlə, başqa aləmdə olur, uça-uça getdiyi yalnız özünə məhrəm sirli-sehirli aləmdə... Qadın sirlərinə vaqif olan kəslərə də bu sehri izləmək özgə bir həzz verir.
Çox təəssüf... Yenə də uçurlar qadınlar, amma üzü yuxarı yox, üzü aşağı. Yenə saçları uçuş-uçuş olur. Yenə hamının diqqətli baxışları altında pərvazlanır. Amma bu dəfəki nəzərlər heyrət yox, təəssüf, dəhşət saçır . Çünki insanların qarşısında sehrli mənzərə yox, mərtəbələri geridə qoya-qoya binadan aşağı uçan bir qadının faciəsi açılır. Hər şey bir anda baş verir. Göydələnin yuxarı mərtəbəsindən ayaqlarını üzür. Və bir neçə saniyə havada quş misalı pərvazlana-pərvazlana aşağı enir. Polis nəfəri israrla dilə tutsa da, külək üz-gözlərini yalayıb geriyə səsləsə də, ətrafdakılar çığırışıb vay-şivən qoparsa da, gec olur... Bircə anın içində o zərif, gənc vücud yerlə qovuşur. Möhkəm ağrı və son!
Sonra müzakirələr, təhlillər başlayır: Gösrəsən niyə? Kimə görə? Bəlkə...
Susun bir lütfən. Təxmin etmək bu qədər çətindir ki?
Qadını göylərə uçuran sevgidirsə, onu yerə çırpan da sevgisizlikdir...
Çün qadın xislətinə görə sevgi daşıyıcısıdır. Demək ki, içində daşıdığı sevgi balansı pozulub. Sevgisizlik üstələyib bu səfər.
Demək ki, tutunmağa bir əl, ağlamağa bir çiyin olmayıb. Axı içi sevgi ilə dolu olan heç bir xanım, əgər şüuru yerindədirsə, intihara cəhd etməz. Mümkün deyil!
Axı hər kəs bilir ki, dini inanclara görə intihar bağışlanmaz günahdır. Həm intihar yolun sonudur axı... Geri dönüşü olmayan bir son! Və bu sondan sonra hansı məchulluqlara düşəcəyini heç kim bilmir...
Demək, itihar qaçışdır. Sevgisizlikdən məchulluğa aparan qaçış. Oysa, tutunmağa bircə əl olsaydı o anda, düşməzdi, əlbət ki, düşməzdi o qadın.
Bəs nədir onu son addıma təhrik edən? Hansı gözəgörünməz əldir o anda itələyən?
Mən, sən, elə hamımız günahkar deyilikmi bu sonun baş verməsində?
Bəlkə cəmiyyət olaraq bir az tolerant davranmağın zamanı yetişib!
Bəlkə qınaqları, müzakirələri kənara qoyub bir az sevgiylə yanaşmalıyıq evin içində övladımıza, çöldə qonşuya, işdə yoldaşımıza...
Bu zavallı qadını ehtiyacı olanda dinləsək, başına bir sığal çəksək, bir təbəssüm, bircə təbəssüm göstərsək, bəlkə geri addım atacaq, heç düşündünmü, Karl?
Qloballaşma dövründə, texnika əsrində, pandemiya zamanında onun ən böyük ehtiyacı sevgi deyilmi? Suya həsrət çiçək misalı bir nəvaziş, bir anlayış, bir xoş baxış, yetər, vallah yetər bəzən. Bunlar üçün pul-para lazım deyil ki, deyəsən, yoxdur. Bu qədər işin - maddi, mənəvi əziyyətlərin, fiziki yorğunluğun qarşısında inan ki, bir təşəkkür, bir iltifat boşluğu doldurar.
Eh Karl...
Bazarda da satmırlar ki, pomidor-xiyar torbasının gözünə qatıb alsın: 200 qram sevgi, 300 qram dəyər, 500 qram hörmət. Gülürsən...
Bax, təsəvvür elə ki, bir maşın yanacaqsız getmir, durur. Və sən onun hərəkətə keçməsi üçün yerin deşiyindən yanacaq tapıb tökürsən. Ya da körpə süd içməsə, çatlayar. Mütləq əmizdirməlisən. Başqa yolu yox. Qadın da belədir. İnan mənə. Sevgisi tükənəndə, ya da sevgisizliklə rastlaşanda bitir, hərəkətlərinin nizamını itirir, başını götürüb getməyə yer axtarır. Və həmin məqamda əlinə yağlı fürsət düşmüş bir dəli şeytan böyürdən çıxıb qulağına pıçıldayır ki, get, get sona doğru! Xilas burdadır...
Şeytandır da. Adı üstündə. İnsanı getdiyi düz yolundan azdırmalıdır axı. Halbuki şeytan olsa da, o da bilir ki, həm də ovcunun içi kimi bilir ki, bu son xilas deyil... Bəlkə də daha böyük əzabların başlanğıc nöqtəsidir.
Hmmm. Bu yerdə yadıma düşdü ki, qızım balaca olanda bağçadakı bayramda geyinməyə qanad istəmişdi məndən. Mən də almışdım. Ağ qanadlarla bəyaz mələyə oxşayırdı. Gördüm nəsə narazıdır, dodağının altında deyinir:
- Nə olub, mələyim?
- Bu qanadlardan xoşum gəlmir. Uçmurlar.
- Eybi yox.
- Axı uçmaq istəyirəm.
- Bilirəm. Amma onu yavaş-yavaş öyrənəcəksən. Bir az məndən, bir az atadan, bir az...
Deyirəm ki, Karl, balaca qızcığazlara qanad alıb başlarını qatmağa nə var. Əsas onlar böyüdükcə havalara uçurmaq üçün sevgi lazımdır, bir az evdəkilərdən, bir az sevgilisindən, bir az işdəkilərdən...
Axı göydələnlər günahkar deyil, qadınların göylərə deyil, aşağı doğru pərvazlanmasında...