Kulis.az İsgəndər Səklikovun "Təraş" hekayəsini təqdim edir.
Onun zövqü haqda heç nə deyə bilmərəm. Saqqalını taraş eləməyi özgə aləm idi. Bu əməliyyat həftədə bir dəfə – istirahət gününün axşamı baş tuturdu. Bunun üçün münasib vaxt da seçilmişdı. Bu zaman uşaqlar anaları ilə gəzməyə, ya da nənələrindən biri gilə qonaq gedərdilər. Ümumiyyətlə, atanın bu çox mühüm gigiyenik əməliyyatına ailədə heç kəs maneə olmurdu. Otaqdakı masanın üzərinə ağ parça və ya qəzet salması və üzərinə taraş ləvazimatı qoyması evdəkilərə xüsusi xəbədarlıq olardı.
Hamı evdən çıxandan sonra əməliyyatın əsas hissəsinin başa çatmasının son, ən mühüm (oxu: vacib) hissəsinin isə başlanmasının ilk akkordu kimi isti su ilə dolu çaydan masa üzərinə qoyulardı. Dünyanın heç bir klinikasında heç bir uzman tərəfindən heç bir cərrahiyə əməliyyatına bu qədər diqqət yetirilməsini təsəvvürünüzə gətirməməyi tövsiyə edərək söhbətimə davam edirəm.
Əməliyyat yarıçılpaq vəziyyətdə başlayardı. Lakin lazım gəldikdə obraza girmək naminə çiyninə dəsmal, mələfə, hətta köynək və pencək də salmaq zərurəti yaranardı. Bir neçə güzgüdən istifadə olunardı. Bu adamın şübhələri o qədər dərin idi ki, hər güzgüyə inanmırdı. Güzgülərin düzülüşü də təsadüfü seçilmirdi. Əməliyyat zamanı hər güzgü özəl mövqe tutardı. O, güzgülərlə insan kimi danışırdı. Onu da deyim ki, hər güzgünün öz adı vardı. Dəhlizdə divardan asılmış oval güzgüyə “Gonbul”, adamı bir üzü normal, bir üzü iri göstərən dairəvi fırlanan güzgüyə “Halogen”, arvadının pamada güzgüsünə “Xacə”, anasının cehizi olan şifonerin güzgüsünə “Qoca ledi”, daim cibində gəzdirdiyi dördkünc balaca güzgüyə isə “Cigid” deyə müraciət edirdi. Evin köhnə sahibindən qalmış avtomobil güzgüsü “Avtoş”, “trimo”nun açılıb–yığılan güzgüsünə isə “Qönçədəhan” adı qoymuşdu. Bu adları bir özü, bir də güzgülər bilirdi. Sirr saxlaya biləcəklərinə əmin olduğu üçün bəzi sirlərini onlarla bölüşürdü. Arvadından gizli görüş təəssüratlarını isə “Cigid”ə etibar edərdi. Güzgülərlə insan kimi davranır, danışır, əzizləyir, silir, hətta öpürdü.
Xülasə, qayıdaq əsas məsələnin üzərinə. Ağ buludları xatırladan isti sabun köpüyünü lopabığ fırça ilə ilk dəfə üzünə toxunduranda oturacağından kürəyinə doğru tanış ilıq bir cərəyan keçərdi. Bu xoş hissiyyatla o, işini davam etdirərdi.
Bu dəfə də belə oldu. Üzünü tamam sabunladıqdan, hər güzgü ilə ötəri baxışdıqdan sonra “Cigid”ə göz vurdu. Hər dəfə üzünü taraş etməyə bir istiqamətdən başlayardı. Bu dəfə yanaqlarından xətt saxladı. Üzünün sabununu dəsmalla silib hər bir güzgüdə özünə baxdı. “Qönçədəhan”ın taylarını sağa–sola çevirərək özünü hər tərəfdən müşahidə elədi. Dəbdə olan bir gənc müğənniyə oxşayırdı. Onun bir mahnısını zümzümə edə–edə üzünü yenidən sabunladı.
Artıq oturacağından kürəyinə doğru axan ilıq “Qolfstrim” cərəyanını hiss etmədi. Çənəsinin altını və birçəklərinin arxasını taraş edib yenidən güzgülər qarşısında fotosessiya verdi. İndi özünü din xadiminə bənzədərək məmnunluqla gülümsündü və “Halogenə” baş əydi. Özünə:
– Mənim balam! – dedi.
Lopabığ firça üzdə dolaşdı. Ülgüc xəttat qələmi kimi birçəklərdən aşağı endi. Çənədə saqqala oxşar bir ərazidən başqa yanaqları təmizlədi. Tiftikli dəsmal öz işini səliqə ilə yerinə yetirdi. Ümumiyyətlə, taraş mərasimini ülgüclə tiftikli dəsmalın dialoqu da hesab etmək olar. O indi qərbli centlimenlərə bənzəyirdi. Bunu ona sirdaşı olan güzgülər inandıra bildi. Şən əhvali–ruhiyyə ilə dedi:– Ooo, ser! Ay əm qləd tu si yu. Sənk yu ver maç. (Ser, səni görməyimə çox şadam. Təşəkkür edirəm...)
Sonra firça çənədə gəzdi. Ülgüc nazik bir saqqalın sərhədlərini müəyyənləşdirdi. Tiftikli dəsmal sabun köpüyünü həzm edəndən sonra güzgülərdən ona tərəf repçi boylanırdı. Quraşdırdığı repi oxuduğu kimi də başa çatdırdı. Sonra növbə çənədə qalan bu kiçicik tük topasına da çatdı. Onun yeri yenicə malalanmış tarlanı xatırlatdığı üçün bığ daha qabarıq şəkildə gözə çarpırdı. Nəhayət, diqqət qeyrət mücəssiməsinə yönəldi. Ülgüc məşhur rəssam fırçası kimi həmin tük yığımını fransız zadəganlarının bığı şəklinə saldı.
O, əlini sinəsinə qoyaraq ədəblə dedi:
– Bonjur, müsye! (salam, bəy!)
Bu görkəmini “Gombul”, “Cigid”, “Qönçədəhan”, “Qoca ledi”, ”Halogen” ilə bölüşdü, “Xacə” ilə ötəri baxışdı. Şəhadət barmağını “Avtoş”un üzünə basıb siqnal verdi. Sonra üst dodaqda yerləşən, daha doğrusu hələ də toxulmamış tük topasının kənarları kəsilib atıldı. Tiftikli dəsmal öz işini təmkinlə başa vurdu. O, bir anda diksinən kimi oldu. “Halogen”dən ona Hitlerə oxşar bir məxluq boylanırdı. Qeyri–ixtiyarı olaraq sağ əlini yuxarı qaldıraraq çığırdı:
– Hayl Hitler!
Bir–bir dostlarının da gözündə bu görkəmini seyr edib, dəhlizdə onu gözləyən “Gombul”un qabağında dayandı. Güzgünü qucaqlayaraq:
– Mənim fürerim! – dedi.
Bu görkəmini, o, hətta mətbəx dolabının şüşə qapağında da seyr etməkdən vaz keçmədi. Qəhrəmanımız yenidən əməliyyat kətilinə əyləşəndə onun sifətində yeganə tük örtüyü üst dodaqda yerləşən adsız çökəklikdə qalmışdı. O indi ötən əsrin ortalarının dəbdə olan görkəmində idi. Ülgüc cəllad gilyotini kimi enərək ekoloji (oxu, topoloji) tarazlığı bərpa etdi. Dodaqlarını müxtəlif şəkildə düzüb-açaraq təmkinlə dedi:
– Bax belə. Döndük özümüzə. Daha o, özünə oxşayırdı...
(Mən təraş ləvazimatının təmizlənərək yerbəyer edilməsi prosesini təsvir etməklə zövqünüzü korlamaq istəmirəm. Çünki proses gələn həftəyədək təxirə salınmışdı...)