Dərd heç zaman bitmir...- Cavanşir Yusifli "Atamın əlləri"indən yazır...

Dərd heç zaman bitmir...- Cavanşir Yusifli "Atamın əlləri"indən yazır...
19 avqust 2020
# 10:41

Sərdar Aminin "Atamın əlləri" hekayəsini oxuyub sona çatdıqdan sonra onun ithaf hissəsi yadıma düşdü. Hiss elədim ki, bu gözəl hekayədə məhz o ithaf sözləri artıqdı; zənnimizcə, hər bir proza mətnində sonradan yazıçının da bilmərrə unutduğu bir sirr olmalıdır, ithaf sözləri həmin sirri bir az gözdən salmaq istədi.

Hekayədə qəhrəman da sirr axtarır, daha doğrusu, bildiyi nəsnə xəyalının bir qaranlıq yerində gizlənərək üzə çıxmır ki çıxmır. Şarl Bodlerin bir sözünü xatırladım: gözəl şeylər belə olur, qarşımıza çıxıb bizi özünə bağlayır, sonra dərd içində ölürük...

Amma əvvəlcə suallar: Sərdar Aminin hekayəsi nədir? Sərdar hansı hekayəni yazmaq istəyir? Duyduğumuz qədər, müəllif yazı alınana, mətnə çevrilənə qədər onu dəfələrlə dəyişir, olay və hadisəni var gücüylə adilikdən çıxarmaq istəyir, istəyir ki, hadisəylə bağlı yazılan cümlələrin sanbalı hiss edilsin, duyulsun. Onun üçün cümlənin, intonasiyanın möhtəşəmliyi hər şeydən önəmlidir. Bu niyə belədir? Yazarın yaratmaq, ifadə etmək istədiyi məna, zənnimizcə, qismən cümləyə sığa bilər, yəni müəllif-yazar şüurun sərhəd zonasında fəaliyyət göstərir, məna qorunub saxlansa da, burdan o yana sözün sözü keçmir. Müəllif bu səbəbdən ruhunda dolaşıb mətnə çevrilmək istəyən havanın enerjisini itirmək istəmir, gözünə sataşan istənilən əşyanı - yarpağından başdaşına, Ay işığından şehə qədər hər şeyi, sanki bütün dünyadan ayrılmış vəziyyətdə, uşaqlığından damcı-damcı toplanıb yaranmış xəyal müstəvisində təsvir etsin. Və burada "təsvir" sözü də yerinə düşmür. Müəllif gülün, çiçəyin, otun, torpağın... işarə edilən hər şeyin daxilindəki sirri dünyanın üzünə yansıtmaq istədiyindən və surətin altında yatan kədəri göstərmək arzusuyla mərhəm və sadəcə içində təkrarladığın nəsnələrə üz tutur. Bu kvazi-romantik (bir az da məqsədli-!) təsvirin arxasında başqa bir düyün dayanır. Realist qatda - ayda bir dəfə şəhərdən gəlib bağında uşaqlıq dostu Niftullahla şərab içən ata və onun danışdıqca danışan, kiriməyən barmaqları, biləkləri... Niftullahın arvadı Reyhan belə məqamlarda bağın çəpərinin böyründə yarpaqların arasında gizlənib ərini pusur, uşaq baxır və onu titrəyən kölgə kimi görür, böyüdükcə Reyhan xalanın obrazı da elə bu Nayman ananın yaylığı kimi titrək kölgə olur, sirli-sehrli... Günlərin bir günü Reyhan xala ölür. Bu qəfil gedişlə çəpərin dibindəki o kölgə də çəkilir və uşağın gözündə dünyadan heç nə əksilmir, əksinə, hər şey adəti yerini tutur. Ancaq bu, zahirən belədir (ancaq, zənnimizcə, bu məqamda diqqətediləsi bir məqam da var: Əvvəllər elə bilərdim, atamı güdür. Anam bir gün qulağıma pıçıldadı:

- Elə deyil. Reyhan xala atanın uşaqlıq dostu Niftullah dayının arvadıdı, əri içib evdə dava salır. Yazıq... Niftullah içməsin deyə, əsir-yesir olub küçələrdə.

Niftullahın bir söhbətinə qulaq kəsilsən, cavanlığı gözünün önündə sərgilənərdi. Adamın bir əlinə sığmayan biləklərindən kiminsə xatirə bölüşməsinə ehtiyac yox idi; biləklər özləri danışırdı...). Uşağın anası sonradan açılacaq sirdən (həm də yarıyolda susub-qalmış şəlalə kimi...) xəbərdardırmı? Reyhan xala dünyadan köçəndə uşağa adi gəlir, anasısa ağlayır...

Bu dünyada məna ilə, gerçəklik və yaşamın dərin və incə məqamları ilə dolu olan düyünlər açılana qədər çox adi və artıq görünür, həm də bezdirici, o nəsnələr dünyadan çəkilib gedincə zahirən o bezdirici və boğucu hava da çəkilir, yeri boş qalır, ancaq bu dünyada onunla insan hissləri arasındakı buludlar - xəyal ilmələri başqa mətləbləri üzə çıxara bilir. Sərdar bu məqamda, sanki enerji ilə aşıb-daşan cümlələrin bir fon olduğunu demək istəyir, təhkiyə massivini (bütün enerjini bir nöqtə içinə cəmləyib) hadisənin daxilinə yönəldir - məzarlıq səhnəsi. Reyhan xalanın başdaşında onun cavanlıq şəklini, gözəl olduğu günlərin əksini görür və içinə qəribə hisslər dolur, o hisslər ki, insan bütün təfərrüatları bilsə də, bunların hansı mənaya gəldiyini heç zaman anlamır, bilsə də, anında unudur. Hekayə, proza mətni məhz bu "anında bilinib unudulmağa məhkum" məqama görə qələmə alınır, qalın-qalın romanlar da...

Hekayədə "paralel mənzərələr", yəni eyni bir predmetin müxtəlif situasiyalarda nümayişi dediyimiz sirli məqamı içdən incələməyə yönəlikdir və belə olduğu üçün təsvirdəki "rəng qatışığı" daha sonra "rənglərin ayrılması" ilə müşayiət olunur. Oğul qəbiristanlıqda birdən Reyhanın cavanlıq şəklini görür, elə bir effekt alınır ki, ikinci dəfə o şəklə baxmağa ürək eləmir, amma çox çəkmir ki, şəkil özü onun başını yerdən, sinə daşının dibindən ayırıb özünə tərəf qaldırır, qadın gözlərini müəllimin oğlunun gözlərinə dikir, şəmşir kimi parıldayan, amansız gözlərini. Təsvirin, təhkiyə axınının bu hissəsi insan ölüb getdikdən sonra da şəkillərinə yansıyan "gözündə qalan arzusu"na işarə edir. (Yəni bəlkə də: sən mənim oğlum ola bilərdin...). Daha sonra: "...Atam mənə də eynisindən miras qoyduğu uzun barmaqlarını astadan Reyhanın üzündə gəzdirdi. Ağıllı telefona öyrəşməyən barmaqları sensorda gəzişdikcə Reyhanın ekrana yaxınlaşdırdığım şəkli atamın əmriylə şıltaq-şıltaq tərpəndi. Kişi titrəyən barmaqlarını hərlədikcə Reyhan ekranın bu tinindən o tininə dəyir, sanki bundan həzz alır, qəhqəhə çəkirdi. Dünəndən şəmşir kimi parıldayan gözləri də sevincdən qıyılmışdı, ağ üzü telefonun ekranında pişik balası kimi atılıb-düşürdü...".

Hekayədə vahid, hardasa birbaşa (yəni heç bir əlavə əhvalatla qırılmayan) təhkiyə axını mövcud olsa da, daxildə "şüuraltı fraqmentlərin" rudimentlərini görməmək olmaz. Bu rudeimentlər alt qatda "texniki uyğunsuzluq" yaradır. Bu nə deməkdir? Fransız yeni romanın yaradıcısı və araşdırıcısı Mişel Bütora müraciət edək: "...Hekayə dünyanı bizə verir, ancaq o bizə fatal şəkildə yalan bir dünya təqdim edir. Əgər biz Piyera Polun kim olduğunu izah etmək istəyiriksə, biz ona öz tarixçəsini nəql edirik: yaddaşımızı, xatirələrimizi eşələyib müəyyən sayda materialı seçib üzə çıxarırıq ki, onun obrazını yaradaq və biz gözəl bilirik ki, vaxtın çoxunu boş yerə məsrəf edirik, bizim yapdığımız portret müəyyən mənada qeyri-dəqiqdir: şəxsiyyətdən elə cizgilər mövcuddur ki, yaratdığımız obraza sadəcə yapışmır, onunla tən gəlmir". Bu tən gəlməmək və uyğunsuzluq hekayənin əsas bəlirləyici məqamıdır: mətnin əvvəlində personaj hər şeyi xatırlasa da, bir incə məqamı nə eləsə də xatırlaya bilmir, hansı təpənin ayaqları altında dəfn edilən bir dərə var (bu motiv yönəldici xarakterə malikdir, belə olduğu üçün də hekayənin təhrikedici elementi sayıla bilər), həndəvərini təsəvvür eləsə də içini-mahiyyətini görmür. Sitatdakı "bihudə zəhmət" bu anda meydana gəlir, nəhayət, personajın xəyalındakı aydınlanma ilə gerçək əhvalat arasındakı yerlə göyün fərqi təhkiyə prosesində bir yarğan, böyük bir şırım açır: bu yarğandan oğlanın atasının oğluna danışdığı hekayət boylanır, dostu Niftullahı Reyhanla görüşə apardığı səhnə. Ağac novdan adlayıb bağa keçirlər. Qız Niftullahın gözündən oğurlanıb oğlanın atasının əlini tutur, "o getsin, sən qal", - deyir. Müəllif ən gizlin hiss və duyğuların paradoksal təbiətini açmağa çalışır və mətn boyu bir-birini kəsən, bir-birinə calanan kəsiklər "allüziya səhnələri" yaradır. Anri Matisin "Allüziya" rəsmində olduğu kimi. Bayaqdan bir müstəvi üzərindən axan təhkiyə allüziya səciyyəsi kəsb edir və mətn parçaları - fraqmentlərin bir-birinə keçidi müxtəlif situasiyalarda çox fərqli səhnələrin alınmasına təkan verir. "Uzun illərdən sonra xəyalımı "Nayman ananın sızlayan yaylığı" kimi yenidən həmin sirli dərəyə saldım, asta-asta kəndin üstünə gəlməyə başladım. Haqq-hesab gecəsiydi! Daha nə mən, köksündə dovşan balası gəzdirən arıq uşaq, nə də bu gecə hər yerindən nalə qopan sirli yelda idi. Beş-on bayquşu var bu gecənin, onlardan da biri köksümdə ulayır.

Dərəylə üzüyuxarı uçuşan xəyalımda artıq İlhamın gözəl qızlarının gecə kimi uzun saçları da hörüklənə bilməzdi. Gülpəri xalanın keçiməməsi üzüm tənəyi də bir Allah bilir nə vaxt qurumuşdu. O həyətdən bu yola, bu yoldan o bağçaya... Dərəni çözə-çözə meşədən ancaq bətnində boy verən qəbir daşları ilə seçilən qəbiristana girdim. Sıx palıd ağaclarının arasındakı - bir zamanlar üzündə min cizgi, qırış gördüyüm ətli-qanlı insanların illər sonra ömrünün ən sevimli təbəssümləri ilə boylandıqları qəbir daşları içimdə qopuq bir qımıltı yaratdı".

Hekayə bu qımıltının əksi, dünyanı tərk etdikdən sonra insanların dodaqlarından qonan təbəssümün dilinin təsviridir. Bu sükutla əvvəlki, o insanların danışdıqları, güldükləri, sevib-öldükləri anların ani təmasdan yaratdığı şırımlar personajın içindən keçir. Ağrıdaraq. Onun xəyalının düzü-dünyanı gəzib-dolaşması mətndə "Nayman ananın sızıldayan yaylığı" metaforasını yaradır. Mətndə bu detal ilk baxışdan, yəni süjet boyunca adi səciyyə daşıyır, sadəcə təyinedici məqamda işlənən metafora effekti verir. Ancaq ümumi kompozisiya planında götürdükdə uşağın xəyalının düzü-dünyanı dolaşması, itiyini axtarması quşa çevrilən xəyalın gizlinlərini üzə çıxarır. Belə bir keçid həm oxu, qavrama sürəkliliyini şərtləndirir, həm də mətndə detal və motivlərin transformasiya prosesini göstərir. Xüsusən, bir sirli, unudulan, xatırlanması çox çətin olan məqama nüfuz edilməsi bu yaylığın-quşun keçdiyi "xəyali yol" insan həyatının sevincli anlarıyla (müəllim olduğundan ağ köynəyinin bədəninin bir hissəsi kimi qavranılması, Niftullahın bicliyi və oyunbazlığının doğurduğu şaqraq gülüşlər...), sanki bir göz qırpımında dünyaya çökən kədərin həmin yaylığın sızıltısında görünməsi və yox olması təsirini bağışlayır. Dərd heç zaman bitmir...

Ədəbiyyat qəzeti

# 1804 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #