Doğulduğu gün qürub edən günəş: Tehran Vəliyev

Doğulduğu gün qürub edən günəş: Tehran Vəliyev
18 fevral 2021
# 10:58

Kulis.az tərcüməçi Faiq Mahmudovun "Doğulduğu gün qürub edən günəş – Tehran Vəliyev" yazısını təqdim edir.

“Lakin tərcümənin, kitabın həyatımızda əvvəlki rolunu və yerini qaytarmaq mümkün olmayacaq...”

Bəzi insanlar ölümündən sonra da öyrədir, dərs keçir və biz onları şəxsən tanımasaq da, səmimi qəlbdən “müəllimim” deyə xitab edə bilirik...

O zaman mən gənc idim. Elə tərcümə sahəsində işləməyə də yenicə başlamışdım. Bir neçə kino, bir neçə kiçik həcmli hekayə çevirmişdim, vəssalam. Odur ki, bu sahədə qələmi tanınan şəxsləri oxuyur, araşdırır, nələrsə öyrənməyə çalışırdım. Həm qiraət etmək, həm də biliyimi dərinləşdirmək üçün dünya ədəbiyyatından dilimizə çevrilmiş kitabları seçir, oxuyur və tərcüməsi xoşuma gələn kitabları “yastığımın altına” yığırdım.

Günlərin birində təsadüfən C. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ilə rastlaşdım. Bu kitab bir növ xəzinəyə gedən yolun başlanğıcı oldu mənimçün.

Selincerin qəhrəmanı Holdenin izi ilə gedib tərcümə sənətinin ustadlarından olan Tehran Vəliyev dünyasını kəşf etməyə başladım.

Şeksprin dilində yazılmış əsərdə yaradılmış bədii təsvir və ifadə vasitələrini Ulutürkün dilinə necə incəliklə çevirmişdisə Tehran müəllim, oxuyan deyərdi, Selincer azərbaycanca yazıb bu əsəri.

Dilinin rəvanlığı məni valeh etdi...

Başladım onun tərcümanı olduğu kitabları oxumağa. Gözünün nurunu çilədiyi vərəqləri oxuduqca, bilmirdim Folknerə, Frensis Skota, Stiven Kinqə və daha kimlərəsə minnətdar olum, yoxsa Tehran müəllimə.

Özü “heç vaxt tərcümə orijinalın səviyyəsində ola bilməz” desə də, ruhu önündə baş əyib, “xeyr, müəllim, yanılırsınız” demək istəyirəm. Və Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsərini orijinal ingiliscədə oxuduqdan sonra “Siz bunu bacarmısınız – Selinceri azərbaycanca danışmağa vadar etmisiniz” deyə bildirmək istəyirəm.

Ən çox çevirmək istədiyi əsər Uilyam Folknerin “Avqust işığı” romanı idi, etdi də. Daha dəqiq desək Folknerin də Azərbaycanca danışmağını var gücü ilə gerçəkləşdirdi.

2003-cü ilin avqustunda Tehran müəllim tanınmış nasir və tərcüməçi Nəriman Əbdülrəhmanlı ilə söhbəti əsnasında texnologiyanın inkişafı fonunda bədii ədəbiyyat və kitab nəşrinin öz əhəmiyyətini itirdiyini, kitaba artıq çox az adamın vəfalı qaldığını bildirdi.

“Təbii, düşünmürəm ki, tərcümə sənəti öləcək, kitab nəşri dayanacaq. Yox, bu sahələr hələ uzun illər paralel yaşayacaq. Amma tərcümənin də, kitabın da həyatımızda əvvəlki rolunu və yerini qaytarmaq mümkün olmayacaq...”

Çox şeyi geri qaytarmaq olar, insan ömrü xaric...

18 fevral 2015... 54-cü ilin 18 fevralında dünyaya göz açan qələm sahibi elə 18 fevralda da cənnətin qapısını döyür...

# 4186 dəfə oxunub

Müəllifin son yazıları

# # #