Kulis.az Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının rəhbəri Nicat Kazımovla yeni çap etdikləri M.Ə.Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabı və ümumən nəşriyyatın son fəaliyyəti haqda müsahibəni təqdim edir.
- Niyə məhz bu əsər?
- Hər şeydən əvvəl “Kəpəz” nəşriyyatı yarandığı ilk gündən etibarən qarşısına qoyduğu hədəfdə Azərbaycanın tarixini, mədəniyyətini, klassik və müasir yazıçılarının tanıdılması idi. Bu hədəf yolunda artıq nəşriyyatımızda Əhməd Bəy Ağayevin, Nəriman Nərimanovun, Hüseyn Abbaszadənin, Timuçin Hacıbəylinin, Çingiz Abdullayevin əsərləri, həmçinin Azərbaycan Ədəbiyyatı Antologiyası XIX əsrdən günümüzə olan irihəcmli 28 yazıçının hekayələri nəşr olunub. Habelə, saytımız vasitəsi ilə fəaliyyət göstərən Litterosa internet dərgisi vasitəsi ilə Ceyhun Hacıbəylinin, Üzeyir Hacıbəyovun, Nərmin Kamalın, Qismət Rüstəmovun, Seymur Baycanın və başqa yazıçıların əsərlərini fransız dilində tərcümə edib geniş fransız auditoriyasına təqdim etmişik və maraqla da oxunur. Bu dərəcədə geniş miqyaslı fəaliyyətin içərisində heç şübhəsiz Məhəmməd Əmin Rəsulzadə də olmalı idi. Hər bir halda biz birinci Rəsulzadənin kitabının nəşri ilə də fəaliyyətimizə başlaya bilərdik. Amma bu kitabın indi nəşr olunması tam olaraq strateji bir qərar hesab olunur. Rəsulzadəyə qədər müəyyən və daimi oxucu kütləsi formalaşdırırdıq. İndi bu kitabın nəşri ilə artıq bizə etibar edən, kitablarımızı oxuyan fransızlar Azərbaycan Demokratik Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadəni oxuyaraq, ədəbiyyatımızla yanaşı dahi siyasi və maarifçi şəxsimizin də olduğu məlum olacaqdı onlara. Mən xüsusi olaraq əsəri fransızcaya tərcümə edən bizim tanınmış tərcüməçimiz Elvin Abbasbəylinin zəhmətini qeyd etməliyəm.
Bu kitabın nəşrində məqsəd fransız cəmiyyətinə Azərbaycanın kortəbii yaranmadığını, əksinə, işini bilən ziyalılarımızın öz canları bahasına yaratdığını, hələ Avropanın bir çox ölkələrində qadınların səsvermə kimi fundamental azadlığı olmadığı halda, Azərbaycanda Respublika quruluşlu dövlətin 1918-ci ildə olduğunu göstərmək idi. Vaxtı ilə Azərbaycan ədəbiyyatı və tarixi ilə tanış olmayan fransız oxucularımız üçün indi Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabı olduqca dəyərli olacaq. Çünki onlara bu ölkənin tarixinin, mədəniyyətinin, ədəbiyyatının öyrənilməsinin vacib olduğuna gördüyümüz işlərlə inandıra bilmişik. Bu səbəbdəndir ki, bu gün nəşriyyatımızda onlarla fransız əməkdaşımız fəaliyyət göstərməkdədir.
- Cümhuriyyət qurucularının, ümumilikdə 20-ci əsrin əvvəllərində yaşayan ziyalıların Avropada tanıdılması işi nə qədər vacibdir, sizcə?
- Əfsuslar olsun ki, günümüzün reallığında Avropada, eləcə də Fransada majoritarın müsəlman olduğu bir ölkənin fərdi olmaq 1-0 məğlubiyyətlə başlamaq deməkdir. Bu gün Azərbaycan deyildiyində ağıla Şərq gəldiyindən, İslam ölkəsi kimi düşünülür. Biz azərbaycanlılar üçün müsəlman olmaq normaldır, amma bəzi avropalılar üçün yox. Biz XX əsrin əvvəllərində yaşayan ziyalılarımızı təqdim etməyimizlə, onların oxunulmasına tələbat yaratmağımızla bu tabunu sındırmış oluruq. Bu halda onlar çox gözəl anlayırlar ki, bu ölkənin 1918-ci ildə fantastik uğurları olub, şərqdə ilk opera və balet, qadınların səsverməsi, qız məktəblərinin açılması, parlamentli respublika, müxtəlif millətlərin və dinlərin nümayəndələrinin bir ərazidə yaşaması mövcud olub. Bizim bugünkü fəaliyyətimiz isə gələcək nəsillərə də hesablanıb. Dostum Dilbadi Qasımov keçən dəfə yaxşı demişdi ki, “Kəpəz” nəşriyyatı il yarımdır fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatını Fransada ən çox nəşr edən bir qurum olub. Reallıq budur.
Bizim çox ziyalılarımız hələ tanıdılmalıdır. Bəzən mənə yazırlar, niyə filan yazıçını nəşr etmirsiniz? Axı o, digərlərindən əhəmiyyətsiz deyil. Bizim millətdə azca tələskənlik var. Fəaliyyətimiz müddətində, bundan sonrakı fəaliyyətimizdə də ən əsas məqsədimiz həm klassik, həm də müasir yazıçılarımızın tanıdılmasıdır. Xalqımızın bu yolla Avropaya uğurlu inteqrasiyasını təmin etmək, gələcək nəsillərin komfortunu yaratmaqdır. Amma biz sadəcə Azərbaycan ədəbiyyatı ilə kifayətlənmirik, Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığımız var. Parisdəki sonuncu təqdimatımızda üç ölkənin səfiri - Qırğızıstan, Qazaxıstan və Fransanın səfirləri iştirak etdi. Eləcə də Fransanın parlamentindən qatılan millət vəkilləri, həmçinin senator var idi. “Kəpəz” nəşriyyatı Şərq ilə Qərb arasında körpü rolunu çox layiqincə oynamaqdadır. Çingiz Aytmatovun, Nemat Kelimbetovun müəllif hüquqlarını əldə etməyimiz buna başlıca sübutdur.
- 20-ci əsrin əvvəllərinin Azərbaycan ziyalılarını o dövrün Qərb və fransız ziyalıları ilə müqayisə etsək, nə nəticəyə gələrik?
- Coğrafi məkan və dövrün mentaliteti çox fərqli olduğu üçün bu müqayisəni aparmaq çətindir. 20-ci əsrin ziyalılarını Fransanın XVIII-XIX əsrin lumierləri ilə müqayisə etmək olar, bəlkə də. Çünki, bu insanlar xalqın xalq olması, vəhdət halında birləşməsi üçün maarifçilik işləri ilə məşğul olub. XX əsrdə Avropada baş verən ədəbi və siyasi cərəyanlar dövründə Azərbaycan çox fərqli məcrada idi. Yəni burda istər rəssamlıqda olsun, istər ədəbiyyatda olsun yeni fəlsəfi cərəyanlar yaranan zaman Azərbaycanda ziyalılarımız maarifçiliyə köklənmişdi ki, savadlı insanlardan ibarət cəmiyyətimiz, müstəqil dövlətimiz olsun. Buna müvəffəq oldular da. 1918-ci il Cümhuriyyəti buna sübutdur.
- Üzeyir bəy, Ceyhun bəy və bu nəsil şəcərəsi ilə bağlı da həssassınız...
- Həssas olmamaq əldə deyil. Biz bir xalq olaraq, Üzeyir Hacıbəyovumuz olduğu üçün şükür etməliyik. Bir insan ki, cəmiyyətin maariflənməsi naminə gecə-gündüz fəaliyyət göstərib, Azərbaycan musiqisində inqilab edib, öz təqaüdünü imkanı olmayan tələbələrə xərclik kimi verib, onun və onun nəslinin tanıdılması çox vacib deyilmi? Məhdud vaxtım da olsa, Ceyhun bəyin fransızca yazdıqlarını dilimizə tərcümə edirəm, Üzeyir bəyin isə yazdıqlarını fransızcaya. Buna davam da edəcəyəm. Timuçin Hacıbəylidən nəşr etdiyimiz “Mühacirlərin həyatı” kitabında Ceyhun bəyin əbədi ezamiyyətini ürək ağrısı ilə oxumuşdum. Bir oğlu isə II Dünya Müharibəsində fransızlar tərəfində döyüşərkən həlak olmuşdu. Düşünə bilirsiniz? Vətənindən uzaq düşürsən, vətən həsrətindən yanıb yaxılırsan, hər gün ümidlə Bakıya qayıtmağını istəyirsən, amma sonra gerçəkliklə üzləşirsən və heç vaxt qayıtmayacağını anlayırsan. Bu bəs deyilmiş kimi maddi problemlər də bir tərəfdən! Təzəcə fransız həyatına inteqrasiya olursan və onda da müharibə başlayır, oğlunu qurban verirsən. Mən şəxsən belə ziyalılarımızın ağrı-acılarının qarşılıqsız qalmasını istəmirəm, ona görə də o və onun kimi bütün ziyalılarımızı Fransa cəmiyyətinə təqdim edəcəyik və onları qəbul etdirəcəyik. Azərbaycanlı adı və soyadı, kitab üzərində o qədər olacaq ki, sanki bu yazıçılarımız və ziyalılarımız həmişə Fransada var imiş və oxunurmuş.
- Fransada, o cümlədən Strasburqda Azərbaycan haqda nə qədər məlumatlıdırlar?
- Bütün Fransanı deyə bilmərəm, bütün hallarda sıravi vətəndaşın Azərbaycan haqqında geniş məlumatı yoxdur. Amma Strasburq haqqında dəqiq deyə bilərəm ki, mütəmadi Strasburq və Elzas qəzetlərinə müsahibə verməyim, burada məskunlaşıb fəaliyyət göstərməyimiz son iki ildə xeyli dəyişikliyə səbəb olub. İstər universitetdə, istər cəmiyyətdə, istərsə də administrativ orqanlarda “Kəpəz” nəşriyyatı haqda çox eşidiblər. “Kəpəz”in tanınması isə Azərbaycanın tanınması deməkdir. Maraqlı bir şey deyim. Daima tramvay nəqliyyat vasitəsindən istifadə edirəm. Bir neçə gün öncə, bir xanım tramvayda kitab oxuyurdu. Bu qeyri-adi bir mənzərə deyildi. İnsanlar hər yerdə kitab oxuyur, təbii. Qeyri-adi olan bu xanımın oxuduğu kitabın Azərbaycan Ədəbiyyatı Antologiyası olması idi. Bu isə o deməkdir ki, artıq insanların kitablarımızı alacağı qədər özümüzü tanıtdıra bilmişik.
- Rəsulzadə tanınırmı?
- Tarixçilər, sovetşünaslar və türkoloqlar tanıyırlar. Amma bu, cəmiyyətin 0,1 faizini təşkil edir. Bizim kitabın üzərində istifadə etdiyimiz şəkil təsadüfi deyil. Stalinin məşhur olması, bizə səbəb verdi ki, kitabın üz qabığında Stalinin şəkli olsun. Biz Stalin vasitəsi ilə Azərbaycan Cümhuriyyətini izah edəcəyik. Marketinq kampaniyası da uğurlu oldu. Kitab sadəcə saytımızdan satışa çıxdığı ilk bir saat ərzində otuzdan çox, indiyə kimi isə yüzdən çox satılıb. Fransanın müxtəlif şəhərlərindəki kitabxanalar isə kitab istəyir. Yarandığımız gündən etibarən ilk dəfə belə bir şey baş verir. Belə davam edərsə, qısa zamanda bestseller olma imkanı var və bu da bütün Fransa mətbuatında bu kitabdan bəhs edilməsi ilə nəticələnə bilər. Hər halda qarşıdakı həftələrdə biz bunu dəqiq biləcəyik.
- Azərbaycan ziyalılarının və dəyərli əsərlərinin təbliğində sizə dəstək olan varmı?
- Dəstək sözünün mənası, nəyisə qarşılıqsız vermək, etməkdir. Bizim müxtəlif dövlətlərin qurumları ilə əməkdaşlıqlarımız var. Prinsiplərimizə uyğundursa, bu qurumların tələblərinə əsasən müəyyən işlər görürük. Tələb və tələbin qarşılığında əmək dəstək deyil. Bununla belə çox şadıq ki, üç dövlət ilə uğurlu əməkdaşlıqlar və ciddi nəticələr ortaya qoya bilmişik.
- Sizcə, necə edək ki, petrol ölkəsindən kitab ölkəsinə çevrilək?
- Yazıçılarımız, ziyalılarımız nə qədər çox olarsa, dünyada tanınarlarsa və maarifçiliyə çağırış ənənəvi hal alarsa, ümumiyyətlə ölkə kitab ölkəsi yox, xoşbəxtlər ölkəsi olar.
- Orada daha nələr çap olunacaq və gözləntiləriniz nədir?
- Artıq 2020-ci ilə qədəm qoyuruq. İnanılmaz dərəcədə çox layihə gəlir. Ən başlıcası Şərif Ağayarın “Arzulardan sonrakı şəhər”, Mübariz Örənin “Ağ buludlar”, Sahilə Yayanın “Şeyx” romanlarının tərcüməsi və nəşridir. Bir çox yazıçıları da hazırda tərcümə edirik. Onların adını hələ ki, sürpriz kimi saxlayıram. Çünki ilk dəfə əsərləri elə bizim nəşriyyatda nəşr olunacaq. İpucu kimi deyim ki, biri çox gözəl uşaq ədəbiyyatı olacaq. Digəri isə milli Prust səviyyəsində yazan gənc bir yazıçılarımız. Həmçinin mərkəzi Asiya ölkələrinin də yazıçıları var ki, hazırda iş gedir.
Əsas gözləntiyə gəlincə, 2020-ci ilin əvvəllərindən etibarən Fransanın ən güclü distribütör şirkəti “Hachette Groupe” ilə müqaviləmiz qüvvəyə minəcək. Beləliklə, hər bir nəşriyyatın arzu etdiyi böyük bir xəyal – “Hachette” ilə işləməyə start verəcəyik. Bu da nəşr edəcəyimiz yazıçılarının adının tanınması üçün çox vacib olacaq. Fransada 70 mindən çox kitab mağazası var. “Hachette Groupe” ilə müqaviləmiz o deməkdir ki, bizim nəşr etdiyimiz kitablar bu mağazaların hamısının kataloqunda mövcud olacaq. Nəşr etdiyimiz yazıçılarımızın yayılması üçün olduqca ciddi və tarixi bir fürsətdir. İkinci ən önəmli məsələ isə Fransadakı dünya səviyyəsində olan bütün nüfuzlu ədəbi müsabiqələrə kitablarımızı göndərmək hüququmuz var. Heç şübhəm yoxdur ki, bizim nəşr etdiyimiz yazıçılar mükafata layiq görüləcəklər. Bunu hamımız əl-ələ verib bacaracağıq.
- Son suala bədii ədəbiyyat müstəvisində daha geniş cavab vermənizi istərdik. Sizcə bədii əsərlər, romanlar daha çox oxucu yığa bilməzmi və bunun üçün nə edirsiniz, ümumilikdə nələr edə bilmirsiniz və cəmiyyət olaraq nələr etməliyik?
- Doğrudur, bədii ədəbiyyat daima daha çox oxucu kütləsi toplamaq üçün ideal vasitədir. Amma bunun üçün gərək yazıçı şansı da olsun. Biz nəşr etdiyimiz hər kitaba eyni məsuliyyətlə yanaşırıq, amma bəzən görürük ki, bir kitab çox oxunur, başqa kitab isə qat-qat az. Hər bir yeni oxucu bizə on yeni oxucu qazandırır. Belə ki, kitabımızı oxuyan və bəyənən birisi daima həmin kitabı başqalarına məsləhət görür. Oxucu kütləsi yaratmağımız üçün özümün inkişaf etdirdiyim maraqlı metodlarım var. Hər şeydən əvvəl sosial şəbəkələri düzgün istifadə edirik. Qeyri-professional görsənən heç bir şey paylaşmırıq. Hər kitabımız üçün video-çarx hazırlayırıq, belə bir şey fransız nəşriyyatlarında yoxdur. Ümumi statistikamıza əsasən ciddi təsir göstərə bilir. Rəsulzadənin “Stalinlə ixtilal xatirələri” kitabının 2 dəqiqəlik çarxı üçün operatorumuz Qoriyə getmişdi, Stalinin ev muzeyindən çəkilişlər etsin deyə. Həmçinin dizayn işlərinə də məsuliyyətlə yanaşırıq. Heç bir halda keyfiyyətsiz görüntü paylaşa bilmərik. Komandamıza yeni birisini də qəbul etdik. O isə hər kitab üçün 1 dəqiqəlik animasiya hazırlayacaq. Niyə bunları etməliyik, sualına cavab: Fransada elə nəşriyyat var ki, 80 ildir fəaliyyət göstərir, onlar kitabı ən pis formada nəşr etsələr belə, sosial şəbəkələrdən istifadə etməsələr belə kitabları satılacaq, çünki insanlar həmin nəşriyyata 80 ildir etibar edir. Biz isə etibarı hələ ki qazanırıq. Qarşıdakı 10 ildə də bu etibarı qazanmaq lazımdır.
Digər vacib metod isə fransız mətbuatının vacibliyini başa düşmək və buna görə ildə bir neçə dəfə ciddi qəzetlərdə müsahibələrimizin getməsidir. Hələ təzəlikcə, tanınmış qəzet olan “DNA”da müsahibə baş tutmuşdu. Orada sizə danışdıqlarımı, yəni, Azərbaycan ədəbiyyatının Fransada tanınmasının niyə vacib olduğunu izah etmişdim. Fransada yaşayan hər kəs bilir ki, ciddi mətbuata çıxmaq elə də asan məsələ deyil. Bizim təqdirəlayiq fəaliyyətimiz olmasaydı, “DNA”nın baş redaktoru heç vaxt mənimlə əlaqə yaratmaz və danışmazdı. Həmçinin, təzəlikcə Fransanın kanallarından birinə, ədəbiyyat verilişinə müsahibə aldılar. Orada da Azərbaycan, Asiya ölkələrinin Fransada tanıdılması ilə bağlı danışdım. Tezliklə efirə verəcəklər. Bu kimi aktiv fəaliyyətin hamısı yeni oxucular qazanmağımızla bağlıdır. Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Abbaszadə, Şərif Ağayar, Mübariz Örən, Sahilə Yaya Fransada deyillər, amma onları nəşr edən nəşriyyat “Kəpəz” var! Və onlara oxucu kütləsi formalaşdırmaq üçün əllərindən gələni edir və bunu bacarmaqdadır!
- Son olaraq nə deyərdiniz?
- Maraqlı suallar üçün təşəkkür edirəm. Ədəbi fəaliyyətlə məşğul olanda ilk dəfə müsahibə təklifi 18 yaşımda gəlmişdi. Jurnalist mənə yazmışdı ki, siz fikirlərinizi yazın, mən sualları sonradan əlavə edəcəyəm. O gündən bu günə çox şey dəyişib. Sizin suallarınız məni olduqca sevindirdi. Yeni və daha uğurlu layihələrdə görüşənədək.