96 yaşlı fırça ustasının qızı ilə birgə sərgisi açılacaq

96 yaşlı fırça ustasının qızı ilə birgə sərgisi açılacaq
10 may 2024
# 11:30

Mayın 14-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Əməkdar rəssam Odtəkin Ağababayev və qızı Tatyana Ağababayevanın birgə sərgisi təşkil olunacaq.

Kulis.az xəbər verir ki, rəssam O.Ağababayev 1928-ci ildə Bakıda doğulub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini və İ.V.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu bitirib. 1959-cu ildən ARİ-nin üzvüdür. 2002-ci ildə “Əməkdar rəssam” fəxri adına, 2008-ci ildə isə Prezidentin fərdi təqaüdünə layiq görülüb. 2009 və 2014-cü illərdə fərdi sərgiləri keçirilib. Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda saxlanılır.

Ölkəmizlə yanaşı, Almaniya və Türkiyədə də fərdi sərgiləri keçirilən Odtəkin Ağababayev beynəlxalq simpoziumların və qrup sərgilərinin iştirakçısı olub. Onun əsərləri Rusiya, Gürcüstan, Almaniya, Çexiya Türkiyə, İran və Avstriyada sərgilərdə nümayiş etdirilib.

1953-cü ildə anadan olan Tatyana Ağababayeva da Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Sonra V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində təhsilini davam etdirib. O daha çox batika ustası kimi tanınır. Ölkəmizdə bir neçə fərdi sərgisi keçirilib. Əsərləri Azərbaycanla yanaşı, Rusiya və Almaniyada müxtəlif qalereyalarda, eləcə də 20-dən çox ölkədə şəxsi kolleksiyalarda saxlanılır.

# 770 dəfə oxunub

Müəllifin son yazıları

# # #