80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi
7 oktyabr 2026
# 17:30

1980-ci illərdə “Rock Me Tonight”, “You Are My Lady” və “Have You Ever Loved Somebody” mahnıları ilə məşhurlaşan amerikalı soul və R&B müğənnisi Freddi Cekson vəfat edib.

Kulis.az xəbər verir ki, Freddi Ceksonun ölüm xəbəri onun sosial media hesablarında təsdiqlənib.

Ölüm səbəbi isə açıqlanmayıb.

Müğənninin ailəsinin yaydığı açıqlamada onun yalnız əfsanəvi səsə malik sənətçi deyil, həm də xeyirxah və səxavətli insan olduğu bildirilib.

“Freddi əfsanəvi səsdən daha artığı idi. O, pərəstişkarlarını, ailəsini, dostlarını və musiqisini bütün varlığı ilə sevən mehriban və səxavətli ruh idi. Onilliklər ərzində bizə sevgi hekayələrimizin, sevincimizin və ən qiymətli xatirələrimizin musiqi fonuna çevrilən mahnılar bəxş etdi. Bu hədiyyə əbədi yaşayacaq”, - deyə ailənin açıqlamasında vurğulanıb.

Dəfn mərasiminin tarixi və yeri daha sonra açıqlanacaq.

Onu “popun ən zərif ifaçılarından biri” adlandırırdılar

Freddi Cekson mahnılarında emosiyanı son həddə çatdıran ifa tərzi ilə seçilirdi.

O, sevgi və ayrılıq haqqında mahnıları həm romantik, həm də son dərəcə ehtiraslı şəkildə təqdim edirdi.

“New York Times” 1989-cu ildə Ceksonu “popun ən zərif ifaçılarından biri” adlandıraraq onun ürək yanğısından bəhs edən balladanı zəriflik dünyasına çevirə bildiyini yazmışdı.

“Rolling Stone” isə 1987-ci ildə Ceksonu Lüter Vandrossla müqayisə edərək onu daha çox sevgidən danışan, incə və romantik ifaçı kimi xarakterizə etmişdi.

Harlemda başlayan musiqi yolu

Freddi Cekson 2 oktyabr 1957-ci ildə Nyu-Yorkun Harlem rayonunda anadan olub.

Musiqi fəaliyyətinə kilsə xorlarında ifa etməklə başlayıb. Daha sonra qısa müddət Qərb sahilində “Mystic Merlin” qrupunun solisti olub və ardınca Nyu-Yorka qayıdıb.

Onun böyük istedadını ilk görən insanlardan biri müğənni Melba Mur olub.

Mur 1985-ci ildə “Jet” jurnalına verdiyi müsahibədə Ceksonu Nyu-Yorkdakı gecə klublarından birində ilk dəfə dinləyəndə heyrətə gəldiyini söyləmişdi.

“İlahi, necə səsi var”, - deyə Mur həmin anı xatırlamışdı.

O, Ceksonu özünə bek-vokalçı və bəstəkar kimi işə götürüb, daha sonra onun “Capitol Records”la müqavilə imzalamasına kömək edib.

Mur sonradan Ceksonla birlikdə “A Little Bit More” adlı və R&B çartlarında birinci yerə yüksələn mahnını da ifa edib.

Müğənninin ölümündən sonra Melba Mur onu “böyük müğənni və daha da böyük dost” adlandırıb.

28 yaşında böyük ulduza çevrildi

Freddi Ceksonun əsas şöhrəti 20 yaşlarının sonlarında gəlib.

1985-ci ildə çıxan ilk albomu “Rock Me Tonight” onu qısa müddətdə soul və R&B səhnəsinin əsas simalarından birinə çevirib.

Alboma daxil olan “Rock Me Tonight (For Old Time’s Sake)”, “You Are My Lady”, “He’ll Never Love You (Like I Do)” və “Love Is Just a Touch Away” mahnıları böyük uğur qazanıb.

Albomu “Billboard”un R&B albomları siyahısında 16 həftə ardıcıl birinci yerdə qalıb.

“Rock Me Tonight” həmçinin “Billboard 200” siyahısında 10-cu yerə qədər yüksəlib və sonradan platin sertifikatı alıb.

Bu uğur Ceksona iki “Qremmi” nominasiyası qazandırıb.

Bir-birinin ardınca hitlər gəldi

Müğənninin 1986-cı ildə çıxan “Just Like the First Time”, 1988-ci ildəki “Don’t Let Love Slip Away” və 1990-cı ildəki “Do Me Again” albomlarının hər üçü R&B çartında birinci yerə yüksəlib.

Bu dövrdə Ceksonun hitləri ard-arda gəlirdi:

“Tasty Love”

“Have You Ever Loved Somebody”

“Jam Tonight”

“Nice ‘N’ Slow”

“Hey Lover”

“Love Me Down”

“Do Me Again”

“Nice ‘N’ Slow” mahnısı ona “American Music Awards” mükafatını da qazandırıb.

Cekson yalnız musiqi ilə kifayətlənməyib. O, “King of New York” filmində rol alıb, həmçinin “The Golden Girls” və “Family Matters” seriallarında epizodik çıxışlar edib.

Hip-hop dövrü onun karyerasını dəyişdi

1980-ci illərin sonlarında və 1990-cı illərdə musiqi sənayesində New Jack Swing və hip-hop sürətlə yüksəlməyə başladı.

Cekson isə bu dəyişikliklərə isti yanaşmırdı.

Nəticədə onun çartlardakı dominantlığı 1990-cı illərdə əvvəlki səviyyədə qalmadı.

Buna baxmayaraq, sənətçi fəaliyyətini dayandırmadı və albomları “Billboard”un R&B siyahılarında görünməkdə davam etdi.

Onun 2010-cu ildə çıxan “For You” albomu belə “Billboard”un Top 100 R&B Albums siyahısında 48-ci pilləyə qədər yüksəlib.

Freddi Cekson R&B dünyasında necə qaldı?

Satışların əvvəlki səviyyədə olmamasına baxmayaraq, Cekson uzun illər R&B musiqisində romantik və zərif ifa tərzinin simvollarından biri olaraq qaldı.

“Outkast” qrupunun üzvü Big Boi “So Fresh, So Clean” mahnısında Ceksonun adını çəkərək onun populyarlığını özünəməxsus şəkildə əbədiləşdirib.

Big Boi özünü “qar fırtınasında süd kokteyli içən Freddi Ceksondan daha cool” adlandırırdı.

Bu ifadə Ceksonun populyar mədəniyyətdə yaratdığı obrazın necə yadda qaldığını göstərən nümunələrdən birinə çevrildi.

“Mənim musiqim əl-ələ tutmağı sevən insanlar üçündür”

Cekson 1989-cu ildə “New York Times”a verdiyi müsahibədə musiqisinin mahiyyətini belə izah etmişdi:

“Mənim musiqim konsertdə əl-ələ tutmağı sevən insanlar üçündür. Bu, intimdir.”

Müğənni həmin müsahibədə irqi gərginliyin və nifrətin artdığı bir dövrdə sevgi haqqında mahnıların xüsusi əhəmiyyət daşıdığını söyləmişdi.

Onun fikrincə, insanlar nifrətlərinin bir hissəsini azalda bilsəydilər, həyatdakı xaos və problemlər də daha az olardı.

Freddi Ceksonun mahnıları 1980-ci illərdə milyonlarla insanın sevgi, ayrılıq və münasibət xatirələrinin musiqi fonuna çevrildi.

Ülvi Bahadır

# 85 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər