60-cıların ədəbi hakimiyyəti varmı? – Yazıçılar ədəbi nəsillərdən danışdılar

60-cıların ədəbi hakimiyyəti varmı? – Yazıçılar ədəbi nəsillərdən danışdılar
18 iyun 2020
# 18:15

Gənc yazar Rövşən Danyerinin saytımızda yayımlanan “60-cıların 60 ili” tənqidi yazısı müzakirələrə səbəb olub. Müəllif yazıda Əkrəm Əylislinin kənd, Anarın şəhər estetikasının köhnəldiyini vurğulayıb. 60-cıların ədəbiyyata gəlməyindən aşağı-yuxarı 60 il ötür. Artıq Azərbaycan ədəbiyyatını 60-cıların kölgəsindən xilas etmək lazımdır. Hər şeyi yenidən başlamaq, yeni abzasdan, böyük hərflərlə deyə vurğulayıb.

Kulis.az yazının polemikaya səbəb olduğunu nəzərə alaraq, yazarlar arasında bu fikirlərə münasibət öyrənib. Cavabları təqdim edirik.

Sabir Rüstəmxanlı

Gallery

- Bütün ədəbi cərəyanlar bir gün başlanır və bir gün bitir. Amma onun bəhrələri itib getmir, millətin bədii-estetik sərvəti kimi daim yaşayır. Əkrəmlə Anar və onların fərdi üslubları ömürlərini başa vursalar da, nə kənd estetikası, nə şəhər estetikası bitəcək, başqa müəlliflərin sözündə, üslubunda yaşayacaqdır. Heç nəyə son qoymaq olmaz! Ədəbiyyatımızın əbədi zəncirində hər halqanın yeri var, onu atarsan, zəncir qırılar. Bacarırsan yenisini və daha yaxşısını yarat! Bundan ötrü özündən əvvəlkini inkar etmək lazım deyil. Hər vaxtın öz üslubu, havası var, bəzən bitmiş görünsə də sonra yeni dalğa kimi qayıdır. Hakimiyyətlər dəyişilir, ədəbiyyat adlı vətənimiz dəyişilmir.

Vilayət Hacıyev

Gallery

- Əlbəttə, yeni dövrə uyğun olaraq yeni ədəbiyyatın yaranması hamımızın arzusudur və bu proses bizim arzu və istəklərimizdən asılı olmayaraq gedir də. Çünki mühit, cəmiyyət, həyat tərzi dəyişdikcə insanların həyata baxışı, düşüncə tərzi, eləcə də bir çox dəyərlər dəyişir və bütün bunların hamısı bu və ya digər dərəcədə öz əksini yeni dövrdə yaranan ədəbiyyatda tapır. Sadəcə olaraq, mən bir şeyi başa düşə bilmirəm ki, yeni ədəbiyyatımızın yaranmasına 60-cıların yaradıcılığı niyə mane olmalıdır ki?! Doğrudanmı, biz bu dövrü və onun aparıcı yazarlarını ədəbiyyat tariximizdən, fikir dünyamızdan silsək "yeni ədəbiyyatımız" çiçəklənəcək? Absurddur. Əlbəttə, 60-cıların həmin dövr ədəbiyyatına gətirdikləri yeni nəfəs, təzə estetik qayə haqqında kifayət qədər yazılıb və onları "inkar etmək", "silmək" üçün, sadəcə olaraq, onlardan yaxşı yazmaq lazımdır, vəssalam.

Elçin Hüseynbəyli

Gallery

- Ədəbiyyatda yenilik-köhnəlik anlayışı yoxdur. Üslub deyəndə isə SMS-lər, sosial şəbəkələr, smartfonların bir detal kimi əsərdə işlənməsi hələ yenilik deyil, əcnəbi adların obraza verilməsi də o cümlədən. Ədəbiyyat əqlin və ürəyin sintezidir. Hisslər həmişə ön plandadır. Onda gərək Cəlil Məmmədquluzadəni də, Tolstoyu da, Dostoyevskini də, Prustu da, Selinceri də və s. köhnə üslublu sayaq. Onlar həmişə oxunur. Sadəcə təqlid pisdir. Bu məsələdə razıyam. Çalışmaq lazımdır ki, özünün üslubun olsun...

Mehriban Vəzir

Gallery

- 60-cıların ədəbi hakimiyyəti varmı? Belə bir ədəbi hakimiyyət görmürəm. İqtidardan siyasi-maddi dəstəyi olan bir neçə adam var, vəssalam. Onların kitabları satılmır. Yazdıqları oxunub, film çəkilib, teatrlaşıb, kinolaşıb, radiolaşıb və iş bitib. Yeni bir şey yoxdur. Onların kitablarını Mədəniyyət Nazirliyi hər il təkrar-təkrar öz hesabına nəşr edir, Sonra həmin nazirlik həmin kitabları onlardan satın alıb rayon kitabxanalarına paylamaq üçün Mərkəzi Kitabxanaya göndərir. Amma gerçək ədəbi hakimiyyətə son qoymaq mümkün deyil. Hüseyn Cavidin, Yusif Vəzirin, Mikayıl Müşfiqin ədəbi-mənəvi hakimiyyətinə kim son qoya bilər?

Səfər Alışarlı

Gallery

- 60-cılardan əvvəlki sovet ədəbiyyatı, xüsusilə müsəlman respublikalarında siyasi pornoqrafiyadan başqa bir şey deyildi. Azərbaycan ədəbiyyatında kolxoz və sosializm yarışına baxanda adamın qusmağı gəlirdi. Yeni nəfəsi İsa Hüseynov ədəbiyyatımıza 50-nin axırlarında “Litinstitut”dan gətirdi. Bu, tamamilə təsadüfi bir gələnək idi. Yəni onu Mehdi Hüseyn yanına çağırıb Moskvaya oxumağa göndərməsəydi, ədəbiyyatımızda bildiyiniz o məşhur povestlər yazılmayacaqdı, “Bizim qızlar” romanı olacaqdı. Ondan sonra gələnlərin içində Əkrəm Əylisli ən koloritli və ən çox oxunan idi. Onu da bizə Azərbaycan ədəbi mühiti yox, “Litinstit”ut verdi. Kənd, şəhər nəsri bir mövzunun iki üzü idi. Bütün sovet ədəbiyyatı bu ayırıcı xəttin iki qütbündə dururdu. Bunların oxucuları da müəyyən qədər fərqlənirdi. Anarı hansısa mənada ədəbi mühitin monopolisti saymaq çətindir. Əkrəm Əylisli “Adamlar və ağacları” trilogiyasından sonra bütün sovet ədəbi məkanının tanıdığı və qəbul etdiyi avtoritetdir. Sizin təbirinizcə desək, milli monopolistdir. O, təkcə özündən sonrakı ədəbi nəslə deyil, özündən əvvəlkilərə də üslub, təhkiyə və manera baxımından güclü təsir etdi. Bu qüvvə və cazibə onun həmyaşıdlarının heç birində o qədər deyildi.

Bir zamanlar əlinə qələm götürən hər kəs onu yamsılamağa çalışırdı. Bu, onun xoşuna gəlmirdi.

Əgər o indi də həmin üslubda yazmağa davam edirsə, buna pis baxmaq olmaz. Böyük yazıçı hamıdan əvvəl özü üçün maraqlı olmalıdır. Əgər bu belədirsə, oxucu rəyi boş şeydir. Söhbət, əlbəttə, böyük dəyərlərin yazıçısından gedir.

Şərif Ağayar

Gallery

- Əslində, mən düşünürəm ki, gənc dostumuz Rövşən Danyerinin qeyd etdiyi çox lazımlı, hətta xeyli gecikmiş proses artıq başlayıb. Biz bu gün nə Anar, nə Əkrəm, nə Yusif Səmədoğlu, nə də Mövlud Süleymanlı kimi yazırıq. Əsasən, ekzistensial hərəkat kimi gələn və uzun müddət nəsrdə hökmranlıq edən kəndli-şəhərli bu üslub artıq olduğu kimi təkrarlanmır. Məsələn, nə Saday Budaqlının, nə Səfər Alışarlının, nə Həmid Herisçinin, nə Etimad Başkeçidin, nə Mübariz Örənin, nə Aqşin Yeniseyin əsərlərində kimisə imitasiyadan söhbət gedə bilməz. Yeni dövrün yeni nəsri yaranmaqdadır. Öz yeni ahəngi və yeni mövzuları ilə. Bu yeniləşmə hansı səviyyədədir, necədir, bu başqa söhbətdir. Mən Rövşən bəylə orda razıyam ki, imkanlarımız əldə etdiklərimizdən qat-qat böyükdür. Çalışmalıyıq ki, müstəqillik dövrü ədəbiyyatını daha güclü şəkildə göstərə bilək.

Aqşin Yenisey

Gallery

- Praktika göstərir ki, köhnəni ancaq yenini yaratmaqla unutdurmaq mümkündür. 60-cılar gücü inzibat imtiyazlardan alır. Ədəbi varlıqları fiziki varlıqlarına bağlıdır. Estetik rəqabət üçün yararsızdılar. Məncə, onlara baş qoşmaq saatın əqrəblərini əllə geri çəkmək deməkdir. Zaman artıq onların üstündən keçib çox irəli gedib. Heç bir gənc istedad məktəb olaraq onlardan nəsə öyrənmir, əksinə, uzaq qaçır. 60-cılar ədəyyatımızın "itirilmiş nəsli"dir. Hamısını, məsələn, Mirzə İbrahimovun aqibəti gözləyir. Bir yazımda da qeyd etdiyim kimi, rus müstəmləkəçiliyi keçmiş Çexoslovakiyada Milan Kunderanı yaratdı, bizdə isə bir yığın Xalq yazıçısını. 60-cılar bu xalqın milli keyfiyyəti hesab oluna bilməzlər. Onlar "Babəkin sağ qalan oğlu"durlar.

Sahilə İbrahimova

Gallery

- Rövşən illər öncə məndən müsahibə almışdı, orda hazırda Əkrəm Əylislinin və onu təqlid edənlərin yazdıqlarını oxuya bilmədiyimi, ümumiyyətlə kəndi köhnə baxışla, arxaik bədii sözlərlə təsvir edən romanları bəyənmədiyimi yazmışdım. Əkrəm bəy dediklərimdən incimişdi, kəskin şəkildə kənd-şəhər romanının olmadığını demişdi. Dediklərini ümumi halda qəbul edə bilərəm - necə yazdığın önəmli deyil, əsas oxucu ilə dil tapa biləsən. Eyni zamanda, müasir dünyada bu bölgü mövcuddur. Dünya səviyyəli nəsr-poeziya tendensiyalarını izləmədiklərindən, çağdaş nəsr ruhunu başqa cür duyduğumu qəbul etmək istəmədilər. Rövşənin sayəsində bu mövzu o zaman geniş polemika yaratdı. Görünür, hələ də bu mövzunu özü üçün açıq saxlayıb. Mən isə düzü, artıq bu kimi şeylərlə maraqlanmıram. Tənqid edəcəyim tendensiyalar başqadır. Məsələn, yazıçı adı altında gizlənməklə məzə ilə, şitliklə, qalmaqalla məşhurlaşmaq və xalqa yazıçılığın belə olduğunu göstərmək... Amma bunu da müvəqqəti sayıram. Həqiqi intellektual kəsim zamanla əsl yazıçılara dəyərini verəcək.

Fərid Hüseyn

Gallery

- Üstündən zaman adlayan istənilən əsər kiməsə köhnə görünə bilər. Klassikləri oxuyanda onların zamanını duyaraq oxumaq lazımdır, əks halda, yaratdıqları köhnə görünə bilər.

Əgər mifləri mifin məntiqi ilə oxumasaq, miflər bizə cizgi filmi kimi gələcək. Köhnəlik məsələsini zamana sıxışmış yazarlara aid etmək olar. Məsələn, Sovet İmperiyasına xidmət edənlərə. Yəni onların əsərləri dövrü qiymətə mindirmək üçün idi, həmin dövr yoxdur deyə o əsərlərə də mənəvi ehtiyac azalıb. Amma Əkrəm Əylislinin "Kür qırağının meşələri", yaxud ömrün qəfil bir göz qırpımından ibarət olduğunu olduqca ecazkar əks etdirən "Ömür tez keçdi, qardaş" kino-povestini, yaxud Anarın "Əlaqə", "Macal" əsərlərini hansı dövrə aid edib köhnə deyəcəksən? Yaxud Elçinin “Beş dəqiqə və əbədiyyət” hekayəsini? 60-cılar nəsrdə, 70-cilər (Vaqif Bayatlı, Vaqif Səmədoğlu və s) şeirdə çox uğurlu imzalardır. Olanlarımıza insafla yanaşmaq lazımdır, qənim kəsilməyə ehtiyac yoxdur.

Sevinc Elsevər

Gallery

- Mirzə Babayev ömrünün sonuna qədər nəğmə söylədi. Əlbəttə, o, daha 25 yaşında oxuduğu kimi oxumurdu. Biz isə onu dinləməyə, sevməyə davam edirdik. Flora xanım da gəncliyindəki kimi oxumur. Biz onu sevməkdən əsla vaz keçmirik. Floranın ecazkar səsini necə unutmaq olar? Səs qocalır, adam qocalır, insan hər şeyini itirir bir gün. Hər şey fanidir. İstedad da gözəllik kimi gəldi-gedərdir. Gənclərin yaşlılar daha yaza bilmir deməsində gənclik təkəbbürü var. Xüsusən Əkrəm müəllimə münasibətlərinə təəccüblənirəm. O yaşda yaza bilmək üçün stimulun olması belə təqdirəlayiqdir. Çoxu qırx yaşına hələ çatmayıb, dindirəndə deyirlər, yazmağa həvəs yoxdur. Mən öz üzərimdə heç bir hakimiyyət hiss etmirəm. Nə real, nə estetik. Bu yazıya zaman sərf edincə, Rövşən bəy bir hekayə yaza bilərdi. Görmək istədiyi estetikada.

Elşad Barat

Gallery

- Keçən əsrin ədəbiyyatçılarına səslənirəm: vicdanınız olsun, özünüzə hörmət edin, çıxın gedin! Aman verin, 20 ilini geridə qoymuş üçüncü əsrin də ədəbiyyatı yaransın. Mən belə kobud demək istəməzdim, amma sizlər payızda tökülmüş yarpaqlarsız, özünüzü yapışqanla yapışdırmısınız ədəbiyyat ağacına. Yeni yarpaqları küsdürürsüz ağacdan. Demirəm, sizlər lazımsız yarpaqsınız, budaqsınız. Sizin də bar verən, yaşıl vaxtlarınız olub, xidmətiniz olub, amma qurumuş budaq kimisiz, daha bar verə bilmirsiz, bar vermək istəyən budaqları da əlinizdəki imkanlarla kəsdirirsiz. Lütfən, gedin nəvə-nəticələrinizlə oynayın, əl çəkin bizdən. Qəbul edin artıq, siz bitmisiz.

# 2706 dəfə oxunub

Müəllifin son yazıları

# # #