Bu gün Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Xalq yazıçısı Elçinin doğum günüdür. Onun 77 yaşı tamam olur. Kulis.az bu münasibətlə Elçin müəllimi təbrik edir və onunla qısa ad günü söhbətini oxucuların diqqətinə çatdırır.
- Gəlin, adətdən kənara çıxmayaq, ilk sualımıza karantindən başlayaq. Evdə qaldığınız günləri necə keçirirsiniz?
- Mən gənclik illərimdən həmişə yazılarımı maşınka ilə yazmışam. Kompüter çıxandan sonra maşınkanı onunla əvəz etdim. Karantin günlərində təbii ki, yazı-pozu işləri ilə məşğul oluram. Gördüm, bu “noutbuk”dan yorulmuşam. Məndə belə bir təəssürat yarandı ki, “noutbuk” da məndən yorulub. Buna baxmayaraq karantin günlərində tək məni yox, bütün ədəbiyyat adamlarını yazı-pozu xilas edir. Karantin məsələsi belədir ki, bu dövrü keçirtmək ağırdır. Hamının yaxşı şəraiti yoxdur. Birinin evi genişdir, birinin evi darısqaldır, ailəsi böyükdür və s. Amma çıxış yolumuz yoxdur. Dövlət, hökumət, həkimlər nə deyir? Deyirlər, xahiş edirik, xəstələnməyəsiniz, özünüzü qoruyasınız. Ona görə də bu sıxıntını məcburən keçirtməliyik. İnşallah, həyat öz əvvəlki axarına düşəcək. Pandemiyadan sonra elə bilirəm, ümumiyyətlə tanınmaz bir dünyada yaşayacağıq.
- Elçin müəllim, yazıçıların bir çoxu bildirdi ki, karantin dövründə məlum narahatlıqlar üzündən yaradıcılığa çox da köklənən bilmədik. Daha çox medianı, xəbərləri izlədik. Ən yaxşı halda mütaliə və tərcümə etdik. Sizdə necə gedir bu proses? Yaradıcılığa köklənə bilirsinizmi?
- Hər yazıçının bir xarakteri, fərqli psixologiyası var. Mən bütün xarici gərginliklərə, hadisələrə baxmayaraq, yaradıcılıqla məşğul oldum. Bir pyes, bir-iki hekayə yazmışam. Mənim arxivim çox səliqəsizdir. İllər boyu fikirləşirdim ki, arxivimi qaydaya salım, alınmırdı. İstədim bu karantin dövründən istifadə edib, arxivimi səliqə-sahmana salım. Əlimə vaxtı ilə mətbuatda çap olunan ədəbi düşüncələrdən ibarət materiallar keçdi. Yenə istəyirəm o tipli yazılar yazım. “Ədəbi düşüncələr” yazırdım vaxtında o cür silsilə qeydləri davam etdirməkdən danışıram. Sonra yazıçı Çingiz Ələkbərzadənin kitabına ön söz yazdım. Daha sonra Sabir Süleymanovun... Sabir Süleymanov 60-cılar nəslinin çox istedadlı nümayəndələrindən idi. Təəssüf ki, bir o qədər də tanınmır. Çox istərdim, onun yeni çap olunan kitabı oxucular tərəfindən oxunub qiymətləndirilsin. Daha sonra Mirzə Fətəli Axundovun kitabı hazırlanır, o kitab üçün ön söz yazmışam. Nizaminin məşhur tədqiqatçısı Bertelsin Nizami haqqında kitabı Londonda mənim ön sözümlə çap olundu. O kitaba təzədən ön söz yazdım.
- Vəzifədə işlədiyiniz zamanlarda sizin haqqınızda belə bir fikir səsləndirilirdi ki, yazıçı gərək bir qədər inzibati işlərdən kənar olsun. İndi bir müddətdir vəzifədə deyilsiniz. Bu, yaradıcılığınıza təsir göstərdimi?
- Çox ciddi şəkildə deyirəm, gənc yaşlarımdan bəri vəzifələrdə olmuşam, sonuncu vəzifəmə qədər, yəni baş nazirin müavini olana qədər hansı Elçin idimsə, yenə həmin Elçinəm. Həm yazıçı, həm də insan kimi. 25 il vəzifədə olduğum müddətdə hansı əqidədə olmuşamsa, yenə o əqidədəyəm. İki ildir mən artıq vəzifədə deyiləm, evdə oturub yazı-pozu ilə məşğul oluram. Vaxt baxımından, əlbəttə, indi imkanlar daha genişdir. Yazmaq, oxumaq üçün daha çox zamanım yaranıb.
- Bilirik ki, siz mütəmadi olaraq ədəbi mühiti izləyirsiniz və tənqidçi-ədəbiyyatşünas kimi yeni dövr ədəbiyyatı haqqında maraqlı yazılarınız, təhlilləriniz olur. Karantin müddətində yeni nəsil yazarlarla tanışlıq imkanınız oldumu?
- Müstəqillik dövrü ədəbiyyatına gəlmiş ədəbi gəncliyin timsalında Azərbaycan ədəbiyyatı özünü axtarır. Bu axtarışlarda çox uğurlu əsərlər də var, uğursuz əsərlər də var, maklatura da var. Amma ədəbiyyatın xüsusiyyəti budur ki, o uğurlu əsərlər aparıb onu istədiyi bir məqama çatdıracaq.
- Bu gün ad gününüzdür. 77 yaşınız tamam olur. əvvəla, Sizi təbrik edirik. Sizin də xətrini çox istədiyiniz Musa Yaqub 77 yaşa qoşa çəliklər adlandırmışdı. Sizin bu yaşa münasibətiniz necədir?
- Mənim daxilimdə bir heyrət var ki, bu yaş necə gəlib çıxdı, nə vaxt gəldi? Suala qısaca bu cür cavab verə bilərəm.
- Ad günlərinizi qeyd edirsinizmi?
- Ailə üzvlərimlə qeyd edirəm. Təmtəraq olmur. Plov bişirilir, hamı keçib süfrə başına oturur və söhbət edirik.
- Sizi bir daha təbrik edirik.
- Çox sağ olun. Minnətdaram.