Xəstə atasını görməyə gəldi, kəsik qulaq tapdı

Xəstə atasını görməyə gəldi, kəsik qulaq tapdı
23 mart 2015
# 13:00

Kulis.az “Qalmaqallı filmlər” layihəsində Amerika müstəqil kinosunun nümayəndələrindən biri Devid Linçin (1946) “Mavi məxmər” filmini təqdim edir.

Alim ailəsində doğulan Linçi uşaqlıqdan qeyri-adi şeylər çəkirdi, məsələn, heyvan cəsədləri, axirət, ölülər haqda nağıllar onu daha çox maraqlandırırdı. Linç böyüyəndən sonra meyitxanaya gedir və hissələrə parçalanmış bədənlərə baxmağı sevirdi.

1963-cü ildə o, Vaşinqtonda incəsənət məktəbinə, daha sonra Pensilvaniya İncəsənət Akademiyasına daxil olur.

1977-ci ildə çəkdiyi ilk tammetrajlı “Eraserhead” (“Rezinbaş”) adlı filmi kulta çevrildi. Sürrealizmin, fantastikanın qarışığı olan lenti rejissor “qaranlıq və qorxulu şeylər haqda film” adlandırmışdı.

Monoton həyat yaşayan adamın qarabasmalarından bəhs edən film insan şüuruna səyahətdir.

“Fil adam” (1980) humanizm problemlərini araşdırır. Baş qəhrəman zahirən eybəcər olsa da onu əhatə edən “normal” adamlardan vicdanlı, xeyirxahdır.

Kannda baş mükafatı alan, iki sevgilinin hekayətini anladan “Vəhşi duyğular” (1990) qrotesk yol filmidir.

“İtirlimiş şose” (1997) iki hissədən ibarət, fərqli qəhrəmanlar və süjetlərin yer aldığı eksperimental əsərdir. Əslində isə bu, bir qəhrəmanın həyatının iki müxtəlif versiyasıdır.

“Malholland Drayv” (2001) adlı psixoloji trilleri də rejissorun subyektiv yaşantıların obyektivləşdirilməsidir.

Əvvəlcə teleserial kimi düşünülsə də sonradan Linç çəkilmiş materialı film kimi işlədi. Gənc aktrisa Los-Ancelesə xalasının mənzilinə gedir və burda yaddaşını itirən qızın gizləndiyini görür. Bir neçə süjet xəttindən ibarət əhvalatda ilk baxışda bu xətlər arasında əlaqə tapmaq çətindir.

Fransanın “Kaye dyu sinema” jurnalı “Malholland Drayv” sürreal ekran əsərini XXI əsirin ilk onilliyinin ən yaxşı filmlərindən sayır.

Filmin izahı ilə bağlı tənqidçilər birmənalı rəy verməkdə çətinlik çəkir.

Onların fikrincə, şüuarltı səviyyədə işləyən Linçin filmləri yozumlara açıqdır.

“Daxili imperiya” (2006) psixoloji dramı bədbəxtliyə düçar olmuş müəmmalı qadının hekayətidir.

Film ssenarisiz Polşada çəkilib. Rejissor yenə də ənənəvi təhkiyəni rədd edir, şərti olaraq baş qəhrəmanın daxili aləmi ilə bağlı özünün simvolikasını təklif edir.

Linçin filmlərində bir qayda olaraq qəhrəmanların psixi travmaları mütəmadi olaraq əcaib formada geri qayıdır, onlar özləri haqda acı həqiqəti qəbul etmək istəmirlər. Onun kino üslubuna parlaq sürreal detallar, mistik, psixoloji özəlliklər xasdır. Linç filmlərini şərh etməkdən qaçır, kinonun xüsusi təcrübə olduğunu deyir.

Bir də onun filmlərində musiqi böyük rol oynayır.

Layihədə rejissorun “Mavi məxmər” (1986) filmini təqdim edirik.

Atasının xəstə olduğunu eşidən gənc uzun müddətdən sonra doğulduğu kiçik şəhərə qayıdır. Küçədə kəsilmiş qulaq tapan gənc polis qızı ilə araşdırmaya başlayır. Və məlum olur ki, ilk baxışdan sakit, təhlükəsiz görünən şəhərdə gizli cinayətkar dəstə fəaliyyət göstərir. Araşdırmanın izləri gözəl, müəmmalı qadın Dorotiyə və onun sevgilisi olan narkotik ticarətçisinə gedib çıxır. Gənclə qadın arasında qəribə sevgi münasibəti başlayır.

Film çox pessimist, gərgin və cəlbedicidir.

Tamaşaçılar təsvir olunan qeyri-normal, sadomazoxist səhnələri pis qarşıladılar.

Onlara görə rejissor əxlaqi normalara sərt şəkildə əl uzadır.

Linçi bu əhvalatda yalnız qaranlıq və pozğun tərəfləri göstərməkdə ittiham edirdilər. İttihamlara rejissor belə cavab verdi: “Mən sadəcə, qaranlıq şeyləri zülmətə çevirmişəm”.

Linç qəhrəmanların şüuraltı arzularına, qorxularına daxil olur.

“Mavi məxmər” triller, qara film, saspens ənənəsində çəkilib, rejissor bura eyni zamanda amansız melodram konstruksiyasını da əlavə edib. Gənc personaj çətin seçim - seksual, müəmmalı qadına əzablı meyli ilə həmyaşıdı olan qıza sevgisi arasında qalır.

Linç film haqda deyir: “Mən həmişə bir qızın otağında gizlənib gecə onu izləmək və qətlinin səbəbini görmək istəmişəm. Sonra ssenarini işləyəndə ağlıma kəsik qulaq detalı gəldi. Qulaq başın bir hissəsidir, ordan insan ağlına girmək olar. Və bu, mənə ideal variant kimi göründü.

Mənə dedilər ki, seks səhnələri film üçün problem ola bilər. Çox istəyirdim ki, tamaşaçı onu ağlllı, təhtəlşüuru araşdıran film kimi qəbul eləsin. Seksual səhnələr qapalı pavilyonda çəkilib. Aktyorlar filmin ovqatına tədricən daxil oldular. Filmdə rənglər sirrin bir hissəsidir. Mavi sevdiyim rəngdir və onun Dorotinin qırmızı pomadası ilə kontrast təşkil etməsini istədim”.

Filmin adı amerikalı müğənni Bobbi Vintonun eyni adlı kompozisiyasından götürülüb: ”O, mavi məxmər geymişdi, amma gecə daha mavi idi”. Doroti mahnını bir neçə dəfə gecə klubunda oxuyur.

Dorotinin zorlanması səhnəsi – Linçin uşaqlıq xatirələrinin əksidir. O, qardaşı ilə belə bir hadisənin şahidi olmuşdu.

“Mavi məxmər” Kann festivalının əsas proqramına salınmayıb.

Filmə burdan baxa bilərsiz.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #