Xəyal və həqiqətin parlaq bədii-publisistik təcəssümü
Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı ətrafında düşüncələr
Bir neçə söz
Ədəbi termin kimi istifadə etdiyimiz «memuar» sözü fransız dilindən alınmışdır, mənası «yaddaş» deməkdir. Bu janrda ilk nümunələr də XIII əsrdə Fransada qələmə alınmışdır. Yazıçının əsasən yaddaşına istinad edərək yazdığı memuar onun yaşadığı mühiti, tarixi hadisələri, insanlararası münasibətləri, cəmiyyətdə baş verən prosesləri işıqlandırır, keçmişi göz önündə canlandırır, olayların gerçək mənzərəsini əks etdirir və bu zaman oxucu hadisələrin iştirakçısına çevrilir, o da hiss-həyəcan keçirir, təsirlənir, duyğulanır. Bu janrın imkanları ilə yazıçı milyonların qəlbinə, beyninə yol tapır, onları fəth edir. Təsadüfi deyil ki, Qərb və rus ədəbiyyatının ən məşhur simalarının əksəriyyəti memuar janrına müraciət etmiş və əbədiyaşar əsərlər yaratmışlar.
Azərbaycan memuar ədəbiyyatının rüşeymlərinə, köklərinə Nəsirəddin Tusi, Əbül Üla Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi kimi klassiklərin irsində, eləcə də digər müəlliflərin qələmə aldığı təzkirə, salnamə, kitab, xatirə və yol qeydlərində təsadüf edilsə də, sonrakı dövrlərdə, xüsusi ilə XIX əsrdə bu janrda ilk əsərlər – Abbasqulu ağa Bakıxanovun, İsmayıl bəy Qutqaşınlının, Mirzə Fətəli Axundovun… xatirə, səyahət oçerkləri, gündəlikləri, avtobioqrafik əsərləri ərsəyə gəlsə də, XX əsrdə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, bir qədər sonralar Əziz Şərif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Hüseyn, Elçin, Anar, Qasım Qasımzadə…gündəlik və səyahətnamələrin- memuar ədəbiyyatının kamil, parlaq və zəngin örnəklərini qələmə alsalar da, bu qəbildən olan əsərlərin elmi-nəzəri və təcrübi məsələlərinin ardıcıl, sistemli araşdırılması, dəyərləndirilməsi, memuar ədəbiyyatının yaranması, təşəkkülü və inkişaf mərhələlərinin tədqiqi çağdaş ədəbiyyatşünaslığımızın payına düşmüşdür.
Uzun illər bizdə memuar ədəbiyyatı ayrıca tədqiqat obyekti kimi fundamental öyrənilməsə də, bir sıra araşdırmaçılar ara-sıra bu problemə toxunmuş, ayrı-ayrı yazıçıların memuarlarından az-çox bəhs etmişlər. Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın sanballı araşdırmaları, xüsusilə «Azərbaycan memuar ədəbiyyatı tarixi» (Bakı, «Nurlan», 2006, 331 səh), «İnsan, zaman və həyat həqiqəti» (Bakı, «Nurlan», 2011, 262 səh) kitabları diqqəti çəkir, təqdirəlayiqdir və memuar ədəbiyyatının tədqiqi sahəsinə layiqli töhfədir. Müəllif həmin elmi-tədqiqat işlərində memuar janrı, onun yaranması, təşəkkülü, özünəxas məziyyətləri, digər janrlarla oxşar və fərqli cəhətləri ilə bağlı Qərb və rus ədəbiyyatşünaslarının elmi-nəzəri materiallarını gözdən keçirir, onları müqayisə və təhlil edir, müəyyən qənaətlərə gəlir, Azərbaycan memuar ədəbiyyatı tarixindən, nümayəndələrindən və nümunələrindən bəhs edir. Nailə Səmədova konkret əsərlərə istinad edərək memuar ədəbiyyatını mövzu, məram, ideya, aktuallıq və əhəmiyyət baxımından dərin və dolğun təhlil edir, dəyərləndirir, mühüm elmi nəticələrə gəlir.
Mühacirət memuarları
Mühacirət ədəbi irsində memuarlar mühüm yer tutur ki, bu da təsadüfi deyil. İstiqlal mücahidlərinin keçdiyi mənalı, eyni zamanda məşəqqətlərlə dolu şəxsi və ictimai həyatı, fəaliyyəti maraqlı, unudulmaz, örnək fakt və hadisələrlə zəngindir. Ömrünü milli mücadiləyə həsr etmiş qələm sahibləri heç şübhəsiz ki, yaşadıqlarını, gördüklərini, yaddaşlarına əbədi həkk olunanları bölüşmək, paylaşmaq istəyir. Nəticədə növbəti gündəlik, memuar ərsəyə gəlir. Elə bilirəm ki, istiqlal aşiqi Hüseyn Baykaranın (1904, Şuşa-1984, İstanbul) Sovet İmperiyasının dünyaya meydan oxuduğu bir dövrdə – 1975-ci ildə qələmə aldığı «Azerbaycan istiklal mücadelesi tarihi» (İstanbul, Genclik basmevi, 1975, 341 səh.) kitabına yazdığı «Ön söz»dəki aşağıdakı cümlələr fikrimizi təsdiq edir: «Azərbaycan xalqının keçmişini bilənləri, mücadiləsini həyata keçirənləri zaman əritməkdədir. O halda gələcək nəsil bu mübarizəni necə və haradan öyrənəcəkdir? Bax, bu kitabları mənə yazdıran bunlardır» (səh 11). H.Baykara daha sonra fikrini davam etdirərək yazır: «Öz nəsli ilə mücadilənin içində olan bir istiqlalçı üçün öz xalqının əsirlik tarixini yazmaq nə qədər acı isə, xalqının əsarətdən qurtarmaq üçün fəaliyyətini və qurtuluşa inanmasını görmək də o qədər qürurvericidir. Sağlıq durumunun, yaşımın və çevrəmin əlverişli olmadığı bir zamanda bu işi görmək dözümlü sinir gücü istəyirdi… (səh. 13).
Əlbəttə, mühacirət memuar ədəbiyyatı bir tərəfdən mücahidlərin həyat və fəaliyyətlərinin, onların yaşam və düşüncə tərzinin, daha dəqiq, dürüst öyrənilməsində ilkin, maraqlı və mötəbər mənbədirsə, digər tərəfdən bütövlükdə sovet rejiminə və bolşevik ideologiyasına qarşı mübarizə yolu və vasitələrinin geniş öyrənilməsində mühüm məxəzdir.
Filologiya üzrə elmlər doktoru Almaz Həsənqızı «Mühacir yazıçı Məmməd Altunbayın yaradıcılığında soyqırım məsələsi» adlı məqaləsində 1918-ci il mart soyqırımından bəhs edərkən göstərir ki, həmin illərin hadisələri ilə bağlı ən doğru məlumat yalnız hər cür senzura basqısından uzaq ölkələrdə yaşayan ziyalıların siyasi və bədii əsərlərində əks olunmuşdur. Həmin əsərlər XX əsrin dəqiq mənzərəsini təsəvvür etməyə imkan verən qiymətli mənbələrdir. Müəllif yazır: «Mühacirətdə yaşamaq zorunda qalan ziyalılar son nəfəslərinə qədər Vətənin əsarəti ilə barışmadan mübarizə aparmış, xalqının çəkdiyi bütün acıları gələcək nəsillərə daha dolğun, doğru çatdırmaq üçün əllərindən gələni etmişlər. Onların həm tarixi-kulturoloji, həm siyasi-tədqiqatlarında, həm də xatirələrində o dövrün əsl mənzərəsi əks olunmuşdur”.( AMEA Folklor İnstitutu. Bakı, Elm və Təhsil nəşriyyatı, 2015. («Soyqırımlar xalq yaddaşında Beynəlxalq Elmi Konfransın materialları. Bakı, 2 mart, 2015-ci il, 296 səh).
Biz yuxarıda Azərbaycan memuar ədəbiyyatının tədqiqi vəziyyəti, tarixi ilə bağlı müəyyən fikirlər söyləmişdik. Mühacirət memuar ədəbiyyatına gəldikdə isə, ayrı-ayrı tədqiqatçıların ara-sıra bu qəbildən olan irsə müraciətinə baxmayaraq, küll halında mühacirət memuar ədəbiyyatının araşdırıldığını da iddia etmək olmaz.
Görkəmli tədqiqatçı Elçin Əfəndiyev, mühacirət irsinin tanınmış araşdırmaçıları Xaləddin İbrahimli, Vilayət Quliyev, Vaqif Sultanlı mühacirət mövzusunda yazarkən yeri gəldikdə, bəzi memuaristlərin yaradıcılığına da toxunmuş, əsərlərə peşəkar münasibət bildirmişlər. Filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlı, «Azərbaycan mühacirət nəsri» kitabında (Bakı, «Elm və təhsil», 2011, 140 səh.) tədqiqat probleminə uyğun olaraq mövzuya daha dərindən toxunmuş və Azərbaycan mühacirlərinin qələmə aldığı gündəliklərdən - memuar ədəbiyyatından ətraflı bəhs etmişdir. KİV və elmi nəşrlərdə bir sıra digər müəlliflərin də mühacirət memuar ədəbiyyatı nümunələri ilə bağlı maraqlı məqalələri dərc olunmuşdur.
Mühacir yazarlardan B.E.Ağaoğlunun «Solovkidə gördüklərim» («Bildiriş» qəzeti, İstanbul, 14 avqust-13 noyabr, 1931, №2-15; Bakı, Günəş, 2004, 80 səh.), Mehmet Altunbayın «Azadlığa uçan türk» (Ankara, Azərbaycan Kültür Dərnəyi Yayınları, 1989, 254 səh; Bakı, Maarif, 1994, 172 səh.), Nağı Şeyxzamanlının «Azərbaycan istiqlal mücadiləsi xatirələri (1905-1920” (Ankara, İlke, 1998, 218 səh; Bakı, «Azərbaycan nəşriyyatı, 1997, 160 səh.), Əhməd Ağaoğlunun «Serbest Fırka hatıraları (2. baskı), İstanbul, Baha matbaası, 1969, 160 s); «Mütareke və sürgün hatıraları», İstanbul, Doğu kitabevi, 2010, 168 səh.), Abay Dağlının «Onlar türklərdi» (Ankara, Sebat matbaası, 1851, 151 səh), M.Ə.Rəsulzadənin «Bir türk milliyetçisinin Stalinlə ihtilal hatıraları (İstanbul, Turan Xasınçılık, 1997, 120 səh.), Abdul Vahab Yurdsevərin «Azerbaycan istiklal savaşından sahnelər» (Azerbaycan Türk Kültür Dergisi, Ankara, 1954-1967, №28-35-47; 49,55; 58-59; 76-83; 85-144; 157-162; 168; 178-180) adlı əsərləri mühacirət memuar ədəbiyyatının parlaq nümunələrindəndir.
Göründüyü kimi, bəzi nümunələr dilimizə tərcümə edilmiş və ölkəmizdə də nəşr olunmuşdur. Fikrimizcə, mühacirət memuar ədəbiyyatının bütün nümunələri toplanılmalı, tədqiq edilməli, dəyərləndirilməli, nəşr olunmalıdır. Sadalanan nümunələrin demək olar ki, hamısının əsas mövzusu istiqlal uğrunda mücadilədən götürülmüşdür. Haqqında bəhs edəcəyimiz Ceyhun Hacıbəylinin «Bir il xəyallarda... və bütöv bir ömür» əsəri də bir istiqlal aşiqinin gündəliyidir, həyat dastanıdır, memuarın ruhu, xəmiri, belə demək mümkünsə, istiqlal davasından yoğrulmuşdur. Bu, çoxşaxəli, çoxplanlı, ilk baxışda yüzlərlə temanın pərakəndə toplusu, lakin dərindən nüfuz etdikcə vahid süjeti, ideya istiqaməti, məramı olan möhtəşəm əsərdir. Memuarı oxuduqca, sanki onun qəmə, qüssəyə bürümüş sətirləri arxasından istedadlı və müdrik, zəngin həyat və qələm təcrübəsinə malik, fəqət dalğın və kədərli Ceyhun Hacıbəyli boylanır…
“Memuarı qurtarsam, möcüzə olar”
Əsərin qələmə alınma tarixi haqqında danışarkən qeyd olunmalıdır ki, memuarda bu barədə müəyyən işarələr var. Müəllif öz yaradıcılığı barədə bəhs edərkən yazır ki, bir yığın mövzulara toxunur, amma heç birinin üzərində dayana, fikrimi də tamam qurtara bilmirəm. Kimsə mənə yeni bir mövzu danışır, mən onu təzəcə çəkib qurtardığım balaca bir rəsm əsərinin (Ceyhun Hacıbəylinin həvəskar rəssam olduğu bəllidir – T.A) üstündə bir vərəqə yazıram və bunu da əlavə edirəm. «Bu da belə, sən oldun on üçüncü».
Ceyhun Hacıbəyli memuarla eyni vaxtda 8 müxtəlif mövzu üzərində işlədiyini göstərir və yazır: «… memuarı qurtarsam, möcüzə olar. Fikrimi mövzuların müxtəlifliyi dağıdır, onu zəiflədir, müxtəlif tərəflərə dartır, ümumiləşdirməyə, bir yerdə qərar tutmağa qoymur. Bu dəqiqə gərək bir mövzu üzərində işləyəm, digərləri beynimin küncündə özlərinə arxayın bir yer taparlar”. Memuarist daha sonra başqa bir mövzunun həsrəti ilə də yaşadığını yazır və bu qənaətə gəlir ki, ancaq nə etmək olar, insan həmişə istədiyinə nail ola bilmir…Deyilənlərdən bu nəticəyə gəlinir ki, həm işinin çoxluğu, həm də kədərlə keçən həyatı memuarın da qısa müddətdə ərsəyə gəlməsinə əngəl olmuşdur.
Memuarın bir bölməsi bu cümlə ilə başlayır: «Bəli, etiraf etməliyəm: öz adamlarımdan ayrıldığım və indi də davam edən bu 40 il ərzində öz bacılarım üçün nadir hallarda xiffət etmişəm…» Bir qədər sonra isə C.Hacıbəyli özünə xitabən bildirir: «Sən indi onlardan ayrıldığın 41-ci ilin içindəsən… Sən onları bu müddət ərzində heç vaxt görməmişsən və onları heç vaxt, qətiyyən görməyəcəksən – kişilər və qadınlar – onlar bir-birinin ardınca gedirlər. Və sənin «özün də... ». Bu kədərli sətirlərdən, eləcə də memuarın ayrı-ayrı hissələrindəki qeydlərdən bəlli olur ki, müəllif əsəri XX əsrin 40-cı illərinin sonundan qələmə almağa başlamış, 50-ci illərin sonunda bitirmişdir. Memuar fransız dilində qələmə alınmışdır. İndiyədək nəşr olunmamışdır. Makina ilə əlyazması S.Mümtaz adına Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (ARDƏİA) saxlanılır (fond №649. siy.1, saxlama vahidi 11, vərəqlərin sayı 104).
Memuarı Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Millət vəkili, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə səriştəli tərcüməçi Şamil Zaman 2015-ci ilin əvvəllərində dilimizə çevirmişdir. Yeri gəlmişkən, mərhum f.e.namizədi Bayram Ağayev də vaxtı ilə bu sətirlərin müəllifinə, digər həmkarlarına əsərin tərcüməsi ilə məşğul olduğunu bildirsə də, tərcümə ortaya çıxmamışdır. Ceyhun Hacıbəylinin bir neçə əsərini, o cümlədən qürbətdə fransız dilində qələmə aldığı 4 hekayəni dilimizə çevirən fransız dili mütəxəssisi Mirzəbala Əmrahov da memuarın bəzi parçalarını tərcümə etmişdir. Biz Şamil Zamanın tərcümə variantına əsasən memuarla bağlı fikir və mülahizələrimizi yürüdürük.
Ceyhun Hacıbəylinin «Bir il xəyallarda ... və bütöv bir ömür» memuarı mövzusunun genişliyi, aktuallığı, toxunulan problemlərin taleyüklülüyü, tarixi və ədəbi dəyəri baxımından Azərbaycan bədii publisistikasının, mühacirət ədəbiyyatının ən parlaq və nadir nümunələrindəndir.
Memuar
- Vətən həsrəti ilə yaşayan və onun istiqlalı uğrunda mücadilə aparan istiqlal aşiqinin ürək çırpıntıları, qəlbinin səsidir;
- çar və sovet imperiyasının milli siyasətinin əsl mahiyyətini, eybəcərliklərini göstərən və ifşa edən sənəddir;
- 1905-ci və 1918-ci illərdə ermənilərin Azərbaycanda, xüsusilə Bakıda törətdikləri vəhşiliklərə, qırğınlara şahidlik edən məxəzdir;
- milli adət-ənənələri, xalqımıza mənsub ailə-məişət münasibətlərini, dini mərasimləri, şifahi ədəbi nümunələri əks etdirən mənbədir;
- inqilabdan əvvəlki Bakı həyatı, xüsusi ilə qoçuların şəhərdəki fəaliyyəti, əhali arasındakı nüfuzu barədə müəllifin özünəməxsus görüşləridir;
- Qarabağın, xüsusən Şuşanın Azərbaycan tarixində və mədəni həyatındakı yerinə, roluna işıq salan əsərdir;
- bir mühacirin qürbət - Paris macəralarıdır;
- nəhayət, böyük Hacıbəylilər nəslinin zəngin və maraqlı həyat hekayəsindən bir parçadır. Bu məziyyətlərinə görə memuarın tərcüməsi və nəşri aktual və təqdirəlayiqdir.
Memuar müəllifin gördüyü yuxunun təsiri, təəssüratı ilə yazdığı bu cümlələrlə bitir: «Kabab qoxusu ilə hara gedirsən, get, amma buradakı (qərib ölkə nəzərdə tutulur – T.A.) kababın dadı oradakı (Vətəndəki – T.A.) kababın dadından çox fərqlənir. Bəlkə bu, kabablıq üçün seçilmiş ətin növündən irəli gəlir… Orada – doğma Vətəndə ət daha ləzzətlidir, dadlıdır…» Əlbəttə, əsərin belə sonluğu memuarın bitmədiyi, yarımçıq qaldığı fikrini də yarada bilər. Bu ehtimalı müəllifin axırıncı cümlədən sonra yazdığı «son» sözü inkar edir. Deməli, bu oxucunu düşündürmək, onu intizarda qoymaq niyyəti ilə seçilmiş bir üsuldur. Bəlkə də yuxuların, xəyalların sərhədlərinin olmadığına müəllifin bir işarəsidir. Bütün hallarda ayrı-ayrı epizodlardan, yuxulardan, hekayələrdən ibarət memuar bitkin bir əsər təəssüratı yaradır.
Bir sıra nəzəriyyəçilər memuarları, gündəlikləri hadisələri dəqiq, dürüst, obyektiv çatdırdığına görə onları bədii nümunələrlə fərqləndirir və elə buna görə də yuxuları, xəyalları, təxəyyül məhsullarını bu janrın tələblərinə uyğun görmürlər. Lakin «janr resepti» ilə əsərin ərsəyə gəlmədiyi də məlumdur, hansı ədəbi qaydalarlasa müəllifin əl-qolunu bağlamaq, onu çərçivəyə salmaq, müəllifin yaradıcılıq laboratoriyasına müdaxilə etmək, düzgün deyil və əgər müəllif hadisələri təhrif etmədən, saxtalaşdırmadan yuxularla, xəyallarla öz əsərinə , belə demək mümkünsə bəzək vurur, onu daha oxunaqlı, təsirli edirsə, fikrimizcə, bu qəbahət deyil, janrın tələblərinə də kölgə salmır.
Ceyhun Hacıbəyli bədii əsərlərində də tez-tez istifadə etdiyi özünəxas və doğma vasitədən – yuxulardan memuarında məharətlə istifadə etmişdir. Bu priyom müəllifin reallıqların, tarixi hadisələrin obyektiv təqdiminə nəinki mane olur, əksinə olayların daha koloritli, daha canlı və təsirli çatdırılmasına yardım edir. Başqa sözlə desək, bu memuar C.Hacıbəylinin yaddaşı ilə xəyallarının birgə məhsuludur, onlar bir-birini inkar etmir, bir-birini tamamlayır.
«Şən idim - birinci və axırıncı dəfə…»
Fikrimcə, Ceyhun Hacıbəylinin peşəkar mühərrir, mahir redaktor və nasir kimi təqdimata ehtiyacı yoxdur. Onun bu keyfiyyətləri haqqında artıq xeyli yazı qələmə alınmışdır. Maarifçi-publisistin mühacirətəqədərki yaradıcılığında başlıca mövzular elm, təhsil, mədəniyyət, incəsənət, xeyriyyəçilik problemləri, dini dəyərlər, erməni məkri və hiyləsinin ifşası, mühacirətdən sonrakı yaradıcılığında bolşevizmə qarşı mücadilə, istiqlal uğrunda ideoloji mübarizə, milli mədəniyyətimizin xarici ölkələrdə təbliği olmuşdur. Elə haqqında söz açacağımız memuarda da müəllif çox məsələlərə, mətləblərə toxunsa da, əsərin mövzusu yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanla, onun istiqlalı ilə bağlıdır.
Memuarın qəm, qüssə, kədər və göz yaşları ilə yazılmasının tək səbəbi qürbət həyatının əziyyətləri, məşəqqətləri və məhrumiyyətləri deyil. Bu əsər qələmə alınanda Ceyhun bəy demək olar ki, qürbət həyatına alışmış, uyğunlaşmışdı: dili mükəmməl bilirdi, işi-gücü, legioner və digər həmvətənlər arasında dostları var idi, kifayət qədər nüfuz sahibi idi. Memuarın göz yaşları ilə yazılmasının əsas səbəbi əsərin bu cümləsindən də bəlli olur: «Taleyin sarsıdıcı zərbəsi axırıncı Dünya Müharibəsi zamanı məni çaşdıraraq rəhmli sıxıntı keçirtməyə və daha rahat sığınacaq axtarıb tapmağa – məcbur etdi». Burada – C.Hacıbəyli «taleyin sarsıdıcı zərbəsi» deyəndə heç şübhəsiz ki, 23 yaşlı oğlu hərbi təyyarə pilotu Ceyhunun (Ceyçik) almanların Parisə hava hücumu zamanı tarana gedərək həlak olmasına işarədir. Əlbəttə, övlad itkisi C.Hacıbəylini sarsıtmış, belini bükmüşdü.
İstedadlı həmkarımız Bəxtiyar Qaraca «Azərbaycan» qəzetinin 29 sentyabr 2015-ci tarixli nömrəsində dərc etdirdiyi «Durun gedək evimizə» adlı məqaləsində yazır: «İkinci Dünya Müharibəsinin ağrıları Ceyhun bəyin ailəsindən də yan keçmədi: Üzeyir bəyin hər bir məktubunda xatırlanan, əzizlənən, Bakıda dünyaya gələn, 1937-ci ildə Paris Hərbi Akademiyasını uğurla bitirəndən sonra alman faşizminə qarşı mübarizəyə təyyarəçi kimi qatılan oğul Ceyhun düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olur. 23 yaşlı oğlunu itirən Ceyhun bəy sarsıntılar keçirir. Bir tərəfdən Vətən həsrəti, digər tərəfdən isə oğlunun faciəsi onu ömrünün sonuna kimi rahat buraxmır. Memuarın qələmlə yox, göz yaşı ilə yazılmasının da əsas səbəbi bu idi. Ceyhun bəy əsərdə dəfələrlə bu itkiyə işarə vurur.
Bu baxımdan «Xalamgildə çörək yeyirəm» - cümləsi ilə nəql olunan yuxu daha təsirli, kədərlidir. Ceyhun bəy oğlunu axtarır, tapır, bir süfrə arxasında əyləşirlər. Süfrədə çörək, tort var. Lakin yağ çatışmır, qurtarıbdır. Biz yeyərkən bir it bizə yaxınlaşır və başını çörək yediyimiz stolun üstünə qoyur… Sonra səhnə dəyişilir. C.Hacıbəyli aprelin 9-da oğlunun hərbi xidmətə çağırıldığını, sonra ondan bir müddət xəbər gəlmədiyini, həyəcanla onu axtardığını, nəhayət, onu «üstləri tikanlı kol-kosla örtülmüş topların arxasında» tapdığını, oğlunu bu yerlərdə yeganə olan mehmanxanaya apardığını, orada yeyib-içib şənləndiklərini qeyd edir və yazır. «Kefim düzəlmişdi, yaxşı idi… Şən idim… birinci və axırıncı dəfə:
C.Hacıbəyli yuxularında oğlunu müxtəlif vəziyyətlərdə – qatarda bombalandığı, qorxunc buynuzlu öküzlə üz-üzə qaldığı, küçədə adamların içində güclə yeridiyi, dərd-qəm içində boğulduğu, qatardan düşən səyahətçilər arasında oğlunu tapmadığı hallarda görür və həmin yuxularla bağlı kədərli, bəzən də qarmaqarışıq, anlaşılması çətin əhvalatlar danışır… Oğlunun nisgili ilə bağlı memuarda nəql olunan yuxular canlı, obrazlı nəql edilir, bədii təsvir üsulları, ricətlər müəllifin şəxsi duyğu və düşüncələrini oxucuya daha təsirli çatdırmağa xidmət edir.
«Xəyallara sitayiş»in səbəbi…
Memuar üslubuna, quruluşuna görə də xeyli fərqlidir. Bu əsər bir-biri ilə qətiyyən əlaqəsi olmayan yüzlərlə parçadan ibarətdir. Bir parçada nəql olunan hadisə bir andaca, xəyal, yuxu surəti ilə digəri ilə əvəz olunur, o da az sonra bir göz qırpımında başqası ilə əvəzlənir. Üslub isə C.Hacıbəyli yaradıcılığına bələd olanlar üçün doğma və tanışdır. O, hələ ilk qələm təcrübələrində – kiçik həcmli felyeton və hekayələrində yuxudan bədii priyom kimi istifadə edir, bu vasitə ilə maraqlı əsərlər yazırdı. Adından da göründüyü kimi, bu memuar xəyalların, yuxuların məhsuludur.
Ceyhun bəy «xəyallara sitayişini» onların nəsillərində qədim zamanlardan qalma adətlə izah edir, yazır ki, həyatımızı az qala yuxularımıza uyğun qururduq. Səyahət, toy, nişan ərəfəsində, alqı-satqıda, yaxud işə götürmə, işdən azad etmə zamanı anamız yuxuları yozaraq atama, bizə yol göstərirdi. «Bizim ən qorxulu xəyallarımızın elementləri bunlar idi: od, alov, toy, dişin düşməsi və s. bununla yanaşı su, at, səfillik, gecə vaxtı təsis edilmiş nişanlar uğurlu işlərin əlaməti sayılırdı».
Ceyhun Hacıbəyli fikirlərini əsaslandırmaq üçün kiçik yaşlarında ikən gördüyü yuxunu, onun yozumunu və yuxulara inamının səbəbini belə nəql edir: «…təxminən 4 yaşım olardı. Günlərin bir günü gecə yuxuda gördüm ki, bizim bağla yaxınlıqdakı bağın başlanğıcını birləşdirən çəpərin üstündən qəfildən alov qalxdı. Ancaq, bunun sabahısı səhər, mənim yuxumda gördüyüm yerdən Mirzə Süleymanın başı göründü: bu, bizim ailənin dostu, dueldə öldürülən dayımızın faciəvi ölüm xəbərini ailəmizə çatdıran mömin bir adam idi… Ceyhun bəy “kədərli və xətərli” bir hadisədən xəbər verən yuxunun İkinci Dünya Müharibəsi zamanı gerçəyə çevrildiyinə inanır və üstüörtülü olsa da, həmin yuxunu oğlunun ölüm xəbəri ilə əlaqələndirir. Yeri gəlmişkən, memuar boyu yəqin ki, Ceyhun Hacıbəyli oğlunun həlak olması ilə bağlı yuxularını bir neçə dəfə yazır, yozur: «Enişli bir küçə ilə aşağı düşürəm, bu zaman balaca bir uşağın mənə çağırdığını eşidirəm: «Ata!» Arxaya çevrilirəm və cavan bir qadının balaca oğlunu gəzdirdiyini görürəm. Bu uşaq qaçaraq mənə çatır. Mən onu əllərimlə tuub başımın üstünə, göyə qaldırıram, düzünü desək, o ağır idi. Sonra əl ağacımı ona verdim, o isə dərhal onu ayaqlarının arasına keçirib at kimi mindi: Mən qışqırdım: «He, dəh, dəh!» Balaca əylənir, ancaq tez də əməlindən çəkinir. Anası gəlib bizə qoşulur və balasının əməlinə görə məndən üzr istəyir. O, küçəni burularaq, sağa tərəf hərəkət edir, bu zaman mən sol tərəfə dönməliydim. Mən anadan uşağını buradan sonar hara gəzməyə haraya aparacağını soruşdum. O, cavab verir: «Qəbirstanlığa». Öz-özümə deyirəm: «Uşağı gəzmək üçün qəribə bir yerə aparır». Uşaq məndən könülsüz ayrılır. Mən onun qışqıraraq «xudahafiz, ata!» - dediyini eşidirəm. Təbii ki, müəllifin bu və buna bənzər yuxuları oxucuları da üzür, onlar da sarsılır və kədərlənirlər.
Memuar müəllifi yazır ki, bütün gecələr yuxu görür və onların arasından özümə qarmaqarışıq olanları yox, aydın olanları oxucularımla bölüşürəm: «Mən onları olduğu kimi, stenoqrafiya üsulu ilə, onlara toxunmadan, heç bir şey artırıb əksiltmədən qeyr edirəm». Əsərdə avtobioqrafik məlumatlar, Hacıbəyli ailəsi ilə əlaqəli çoxsaylı əhvalatlar da əksini tapmışdır. Ceyhun bəy atası, anası, qardaşları, ögey anası, dayısı, əmisi, onların xarakteri, ailə bağları, ilk məhəbbəti barədə də yeri gəldikcə bəhs edir, ətrafının ədəbiyyata, məktəbə, təhsilə, musiqiyə, adət-ənənələrə, dinə münasibətini əks etdirən olaylardan söz açır.
«Xaç anası» deyə xatırladığı qadının onun tərbiyəsində, dünyagörüşündə rolunu, əməyini yüksək dəyərləndirən C.Hacıbəyli onu aşağıdakı cümlələrlə xatırlayır: «Mənim iki anam vardı: birisi məni dünyaya gətirən, o birisi məni qəbul edən və mənə ilk uşaqlıq illərindən qayğı göstərən. Birinci mənim atamın qanuni arvadı idi və məni ona «yoldaş» olmaq zərurətindən doğmuşdu. Məhz o, ağır vəziyyətlərində atama təsərrüfat, heyvandarlıq və s. işlərdə kömək göstərmiş, onu idarə etmişdir, o zaman mənim əsl şəhərli anam belə şeylərlə məşğul olmurdu». C.Hacıbəyli «xaç anası»nın heç vaxt uşağı olmadığını, Ceyhun anadan olanda doğuş rəmzi kimi köynəyinin yuxarısından salıb-sürüşdürüb aşağısından çıxardığını yazır və qeyd edir ki, o məni sevir, çox ərköyün böyüdürdü. Memuarist yazır: “…mən onu anam kimi sevirdim. Mən bürkülü iki fəsil kənddə xaç anamın himayəsində qaldığımı yaxşı xatırlayıram. Bu vaxt anam, qardaşlarım, bacılarım dəniz səviyyəsindən 1880 m. yüksək olan kölgəli şəhərdə (Şuşa nəzərdə tutulur – T.A) qalırdı». C.Hacıbəyli bəzən anasının bu münasibətindən əziyyət çəkir və yazır ki, mən qəm-qüssə içində idim, gecə-gündüz ağlayırdım və xaç anamın təsəlliverici incə nəvazişlərini rədd edir, özümdən uzaqlaşdırırdım.
Xaç anası Ceyhun bəyə hər fürsətdə nəvaziş göstərir, əməlləri ilə özünün böyük məhəbbətini təsdiqləyirdi. Onu başqa suallar narahat edirdi: nə üçün anam mənim oyuncaqlarımı öz qardaşı oğluna verir, xüsusi ilə gözəl, dəstəyi gümüş pulla zərb olunmuş, mənim istəyimlə, niyyətim və arzumla hazırlanmış qamçımı nə üçün, nəyə görə? Memuarist ailə ilə bağlı yazanda, düşünəndə daim həyəcanlanır, doğmalarla keçirdiyi günləri, ayrılıq anını göz önünə gətirir, duyğulanır və oxucunu da duyğulandırır: Pulla bağlı gördüyü bir yuxu növbəti dəfə Ceyhun bəyi uzaq illərə – uşaqlıq çağına aparır. Onun fikrincə, yuxuda pul görmək, zaman, vaxt əlamətidir və o, ötənləri xatırlayır: «Deyim ki, məktəb yaşıma, yəni, şəhərdə yerləşdiyimiz vaxta kimi mənim pul ilə heç bir əlaqəm olmayıbdır, hər bir işim təbiət qoynunda keçmişdir. Mən hətta kəndimizdə kiminsə dükanı olub-olmadığını da deyə bilmərəm».
Başqa bir yuxusunda zirvədən Ceyhun bəy qardaşını vəhşi təbiəti, gözəl coğrafi mövqeyi, vadiləri, uçurumları, dağ çayları olan bir yerdə görür, sonra onu gözdən itirir. Müəllif bu yuxunu gördükdən sonra «mineral suyu, adamı valeh edən təbiəti, möcüzələrlə dolu olan Şuşanı xatırladır, dərhal da təəssüflə yazır ki, bu qədər zənginlikləri olan ərazidə kiminsə müalicə mərkəzi yaratmaq fikri yoxdur. Yalnız yay aylarında buralar canlanır, mədə, qaraciyər, ürək… xəstəlikləri olan insanlar burada qısa müddət düşərgədə qalır və şəfa tapırlar. Şuşada keçirdiyi günləri, həzin, unudulmaz xatirələri kövrək dillə yada salan, samovar çayı məclislərini, düşərgədə səhnələr göstərən qaraçıları, onların nümayiş etdirdikləri məzəli əhvalatları, macəraları həvəskarların musiqi və rəqslərini yada salan Ceyhun bəy yazır ki, gəzinti və musiqi arasındakı fasilələrdə isə hamı məzəli lətifələri bir-birinə danışır, kəsilmək bilməyən gülüşlər ətrafa yayılırdı… Lakin xatirələrin hamısı belə ürəkaçan deyil: qaçaqların düşərgələrə həmlələri sakinləri və qonaqları əməlli-başlı qayğılandırırdı: «Gəncliyimdə və hətta uşaqlığımda təsadüf elə gətirmişdir ki, mən əlimdə silah avaralara və qaçaqlara görə çadırın altında «keşik çəkmişəm» – deyə C.Hacıbəyli təlaşla xatırlayır.
Yuxuda özünü ata-baba bağında görən Ceyhun Hacıbəyli çoxlu quru ağacların əhatəsindədir və onları kəsmək üçün mişarın olmadığına təəssüflənir. Bununla belə, bir budağı kəsir, onun üstündə uzanan anasını xəbərdar etmək isə artıq gecdir. Anası budaqdan sallanmış vəziyyətdə havada qalır. Bu yuxu Ceyhun Hacıbəyliyə 1939-cu ildə vəfat edən anası ilə bağlı həzin hekayəni nəql etdirir. “…övladlarını görmək ümidi onu yaşadırdı” - yazan Ceyhun bəy anasının ölüm xəbərini Polşada olarkən eşitmiş və sarsılmışdı. O, anasını açıq ürəkli, hər bir şeyi olduğu kimi danışan, gələcəkdən xəbər verən, şən bir insan, «eybsiz, ləkəsiz» qadın, «düzgünlük təmizlik» nümunəsi, “həddi-hüdudun, nəzakətin, ədəbin yerini bilən xanım” adlandırır, onu da qeyd edir ki, atamızın yenidən evlənməsi onu sevindirəcək bir hərəkət, əməl olmadı. Ceyhun Hacıbəyli anasının əlliyə qədər saya bilmədiyini, savadsız olduğunu yazır, eyni zamanda göstərir ki, o xəstəyə, uşaqlara qulluq etməyi bacarır, təsərrüfatı idarə etməkdə atama yaxından yardım edirdi. Memuarist anası ilə bir söhbətini belə xatırlayır: «Ondan nə vaxt uşaqlarından hansını daha çox sevdiyini soruşsaydım, - anam barmaqlarının beşini də mənə göstərir və cavab verirdi: «Bunlardan birini kəssələr, mən eyni ağrını çəkəcəyəm.
Ceyhun Hacıbəylinin yuxularını məzmun baxımından iki qrupa bölmək olar. Bir qisim yuxuda o Vətəndədir, yuxuda ata-anasını, bacı-qardaşını, Bakını, Şuşanı, oradakı insanları, doğma diyarın əsrarəngiz təbiətini görür, digər qisim «yuxu»lardakı hadisələr qürbətdə - daha çox Parisdə, onun küçə və xiyabanlarında bar və kafelərində cərəyan edir. Hər iki halda o gördüyü yuxuları şəxsi həyatı, fəaliyyəti, taleyi ilə məharətlə əlaqələndirir, yozur.
«Dayımgildəyəm». «Qardaşımla üz-üzə bir çəpərin qarşısında oturmuşuq», «Xalamgildə çörək yeyirəm», «Öz evimizdəyəm», «Evimizə qayıdıram», «Ata evindəyəm», «Bir təpənin üstündəyəm», «Məslək yoldaşlarımdan biriyləyəm», «Oğlumun müşayiətilə küçədə gedirəm», «Dərd-qəm içində boğulan xalamın yanındayam», «Mən indi ata-baba bağındayam», «Baqqal dükanına daxil oluram», «Suyu bal olan şəhərdəyəm» (Şuşa nəzərdə tutulur – T.A), «Ata evimizdə bir gecə», yaxud «Paris qəsəbələrində bir küçə», «Parisdəki Molyer evinin, yəni «komedi Fransez»in pilləkəni ilə qalxıram; «Oğlumun və bir neçə adamın müşayiəti ilə vaqonda səyahətdəyəm», «Bir Lourdes kilsəsinə səyahət etmək əhvalındayıq», «Monte-Karloda bakkara oynayıram», «Bir nəfər qadın dostumun restoranındayam», «Rəqs salonundayam», «Overn kəndlərinin birində, hər bir tərəfdən meşə ilə əhatə olunmuş bir təpənin üstündəyəm», «Elə bir salondayam ki, orada bir xanım ətrafa şəfəq saçır» və s. və i. kimi sözlərlə başlayan onlarca yuxunu Ceyhun bəy oxuculara nəql edir, bəzilərini yozur, bəziləri barədə susur, şərh etmir, nəticə çıxarmağı oxucunun ixtiyarına buraxır.
Müəllif memuar boyu, tez-tez Bakını və Şuşanı «doğma şəhərim» -deyə, məhəbbətlə vəsf edir. Şuşanın insanlarından, füsunkar təbiətindən, tarixindən Şuşada dini mərasimlərin, xüsusən Aşuranın necə keçirildiyindən söz açır. Bakının məktəb, maarif, mədəniyyət, xeyriyyə sahəsindəki irəliləyişdən yazır, şəhərin özəl həyatını, onun özünəməxsus mənzərəsini təsvir edir. «Qoçu» mövzusuna toxunan C.Hacıbəyli onların daha çox 1905-ci ildən sonra daha böyük nüfuz qazandığını qeyd edir:«Əsl qoçular o adamlar idi ki, bütün şəhəri gərgin vəziyyətdə saxlayırdılar. Belələrinin möhkəm dayaqları və başçılarını öz həyatları bahasına müdafiə etməyə sadiq yoldaşları vardır”.
C.Hacıbəyli qoçulardan Ağa Kərimi, Teymur bəyi, Kərbəlayi Abdullanı yaxşı xatırladığını yazır, qoçular arasındakı münasibətlərdən və və onların əməllərindən geniş bəhs edir. Qoçuların nüfuzuna şəhər qubernatoru təyin olunan Martinov sarsıdıcı zərbə vurur: «Günlərin bir günü o, bir qoçu ilə rastlaşır, onunla söhbət edir, zarafatlaşır, daha sonra onun başındakı gözəl Həştərxan papağını əlindəki qılıncla iki yerə bölür və ona deyir: «Bu qədər uzunluqda olan papağı başa qoymaq lazım deyil, buna qənaət deməzlər, papağın yarısını qardaşına verə bilərsən». Qubernatorun qoçuluq rəmzini bildirən Həştərxan papağına qarşı təhqiramiz hərəkətindən sonra qoçular öz nüfuzlarını itirməyə başlayır.
Folklor vurğunu, sənət aşiqi
Gənclik illərindən ədəbiyyata, folklora, musiqiyə böyük maraq göstərən Ceyhun Hacıbəylinin bu mövzulara memuarda da toxunması təbiidir. Atası və əmisi haqqında xatirələrini yada salan Ceyhun Hacıbəyli yazır: «Mən və qardaşlarım heykəltəraşlıq sənətinin, rəssamlığın, mahnı və musiqini kimdən irsən aldığımızı bilmirəm». Əmisinin dostu, paltar mağazasının sahibi Mirzə Cəfəri isə belə xarakterizə edir: “…ancaq o şair və xüsusilə həcv yazan bir adam kimi tanınırdı. Onun qələminin kəskinliyi hamı tərəfdən etiraf olunardı. Memuarist yazır ki, Şuşanın təbiəti, iqlimi, gözəlliyi burada yaşayanların poetik, şairanə qəlbinə nüfuz etməyə çox imkan yaradırdı. Ceyhun Hacıbəyli mərasimlərdə qadınların bədahətən söylədikləri ağıları, bayatıları, laylaları heyranlıqla yada salır, onlardan yerli-yerində sitatlar gətirir. O, şahidi olduğu bir hadisəni söyləməklə də fikrini əsaslandırır və nəql edir ki, bir dəfə bir-biri ilə qonşu olan müsəlman və erməni qəbiristanlığında məni sarsıdan bir hadisənin şahidi oldum. Bir neçə erməni qadını və qızı yeni basdırılmış adamlarının qəbri üstündə ağlaşırdılar. Yoldan keçən bir müsəlman qadını da matəm içində olan erməni ailəsinə yanaşır. Bircə an sonra bizi sarsıdan ağılardan birinin ətrafa hakim kəsildiyini eşitdik: bədii, gözəl ağılardan biri idi. Mərhumun hansı cinsdən olduğunu belə bilməyən müsəlman qadının oxşama sözləri, eləcə də qəddar taleyin ünvanına yağdırdığı lənət və qarğışları erməni qadınlarının ağlaşını ikiqat artırdı və onlar müsəlman qadınını bu mərasimə göndərdiyinə görə Allaha təşəkkür edirdilər…
Ceyhun Hacıbəyli doğma Vətənində adamların tez-tez «yağlı» sözlərlə, işarələrlə, eyhamlarla, məcazlarla, qondarma ibarələrlə danışdığını və həmin ifadələrin yerində, səciyyəvi və gözəl olduğunu qeyd edir: «…bir təşəbbüs həyata keçməyəndə deyərlər: Dəvə oynayanda qar yağar;Razılıq əlaməti belə bildirilir: Kor nə istər, iki göz, biri əyri, biri düz; Uzaq qohumluq əlamətinə, yaxud, iki nəfər arasındakı yaxınlığa, məhrəmliyə etiraz etmək üçün göz atarlar: Arazı keçəndə bunlar arxalarını bir-birinə sürtüblər; Birinin arzusunun əlçatmazlığına «Ac toyuq yatıb yuxuda darı görər» - deyə kinayə edərlər; Məğrurluğu, yaxud lovğalığı ifadə etmək üçün belə deyərlər: Mən bəylərlə plov yemirəm ki, bığlarım yağa batar; Vicdansız və qəddar adam üçün bu cümləni işlədərlər: «O, öz anasının döşünü kəsər»; Hiyləgər və bicin ünvanına «O, səni çaya susuz aparar, susuz da gətirər» – deyərlər; Lal-dinməzə, adama yovuşmayana: «Bunun buynuzu qarnındadı»; Ədəbsiz və utanmaza «Onun üzü sağrısından qırmızıdır»; zəif aciz adamı ifadə etmək üçün «O, təmizə çıxmaq üçün gözündən də xahiş edər»; qeyri-ciddi, əsassız danışan barədə «O, sözünü elə deyir ki, bişmiş toyuğun da gülməyi gəlir» - deyərlər”.Bir tamaşa salonunda anlaşılmazlıqdan inciyib teatrı tərk edən hərbçilərdən bəhs edərkən C.Hacıbəyli mövcud mənzərəni oxucuya çatdırmaq üçün yenə məsəllərimizə üz tutur: «Bax, belə yerdə bizim xalq deyimimizi işlətmək yerinə düşər: «Ayı meşədən küsüb, meşəninsə xəbəri yoxdur».
Bu sətirlərin müəllifi 1996-cı ildə müdafiə etdiyi namizədlik dissertasiyasında C.Hacıbəylini folklor toplayıcısı və tədqiqatçısı kimi də təqdim etmiş və onun 1934 –cü ildə Parisdə fransız dilində nəşr olunan “Asiya” jurnalında dərc etdirdiyi «Qarabağın dialekt və folkloru (Qafqaz Azərbaycanı)» adlı əsərinə ( f.e.n Bayram Ağayev əsəri tərcümə edərək 1999-cu ildə kitab şəklində “Ozan“ nəşriyyatında buraxdırmışdır) xeyli yer ayırmışdır. C.Hacıbəylinin şifahi nümunələrə, xalq yaradıcılığına müraciət etməsi onun milli irsə, adət-ənənələrə vurğunluğuna dəlalət edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, C.Hacıbəyli əsərdə bədii, obrazlı, ifadə vasitələrindən gen-bol, yerli yerində və məharətlə istifadə edir: «Biz bir neçə «palıd kimi» adam qızılgül kolluğuna düşürük»; «Bol arpa götürəcəyimizə inandığımız şırımlarda qəmgin, hüznlü otlar ağalıq edir, hər yeri alaq otu basmışdır. Təbiətdən gələn bu təhlükə dalğası hər yeri basmış, süpürüb alt-üst etmişdi»; «Onun yorğun və həyəcanlı sifəti yaşlı bir adamın müsibətlərini xatırladır»; «Bu bəlanın, bu qədər dərd-qəmin hansı ifadələrlə yazılacağını özüm-özümdən soruşuram… gərək dəryalar mürəkkəb, qamışlar qələm olsun!»; «Gözlərim qanlı göz yaşları axıdır», «Bütün dünya mənim şikayətlərimdən xəbərdardır, bədbəxt taleyimsə heç vaxt ayılmayacaqdır» - kimi cümlələr bir tərəfdən müəllifin fikrini tam və düzgün çatdırmağa xidmət edirsə, digər tərəfdən də əsəri oxunaqlı, canlı edir.
C.Hacıbəyli «yanaqları çuxurlanmış, arıq bədənli», «həmişə xırıldayan» Xanlıq Kərimi də unutmadığını, onun qolunun, ya da çiyninin üstünə qoyduğu qızılquşla mütəmadi ova çıxdığını, quşu ovun üstünə buraxdığı zaman bacardığı qədər hay-küylə ona ürək-dirək verdiyini, ruhlandırdığını da yaxşı xatırlayır: «Onun ovun dalınca göndərdiyi quşun arxasınca «atam», «anam», «qoçum», «mənim quzum» dediyini bəzən indi də eşidirəm, «Sənin gözlərinə dönüm», «Dədəm sənə qurban», «Sənin məmələrini yeyim» kimi məni valeh edən cümlələri indi də qulaqlarımdadır.
Erməni vəhşiliyinin ifşası
Ceyhun Hacıbəyli yaradıcılığında diqqəti çəkən mövzulardan biri də erməni məsələsi, erməni vəhşiliyi, erməni xəyanəti, erməni fahişəliyi, erməni hiyləsi və məkridir. Onun 1918-ci il mart qırğını haqqında 28 noyabr 1920-ci ildə qələmə aldığı məqalə (Salman Mümtaz adına ARDƏİA, f.649, siyahı 3, saxlama vahidi №1) dövrün mənzərəsini işıqlandırmaq baxımından əhəmiyyət kəsb edir. Haqqında bəhs etdiyimiz memuarda da C.Hacıbəyli nə az, nə çox 59 dəfə murdar ermənilərin adlarını çəkərək onların insana yanaşmayan xislət və əməllərindən bəhs edir. Uşaqlıq illərindən xatırladığı tanınmış həcv ustası, dükan sahibi Mirzə Cəfərin bir əsərinin məzmunundan bəhs edərkən, göstərir ki, müəllif burada siyasi hadisələrə toxunur, yunan-türk müharibəsi zamanı – ermənilərin osmanlılara hürdüyü dönəmin mənzərəsini verir.
Parisin hündür yerlərinin birində salınmış xiyabanda tamaşa göstərən, milli musiqini dinləyərək gəzişən, istirahət edən, oxuyan-yazan müsəlman gənclərinin hərəkəti paxıllıqdan qoca erməniləri haldan çıxarır: «Gənclərin inadkarlıqla işləməsi, erməni gənclərinin isə ləng tərpənməsi qoca erməniləri açıq-aşkar əsəbləşdirir və bəzən bu, onların öz arasında küsüşməsinə, dalaşmasına səbəb olurdu». Müəllif yazır ki, ermənilər zahirən özlərini Qərbçi kimi göstərir və arvadlarının sayəsində malik olduqları mülk, malikanə və torpaq sahələrini əllərində saxlayırdılar. Əmlak münaqişələrində ermənilər münsiflər məhkəməsi hakimlərini «irqi münaqişələr»ə cəlb edəndə hakimlər adətən, öz dindaşlarına susmağı, lazım gələrsə hətta g… verməyi tövsiyə edir, eyni zamanda dostyana məzəmmət etməyi də unutmurlar. C.Hacıbəyli qeyd edir ki, hakimlər erməniləri iki yoldan birini seçməyi məsləhət bilirdilər: «…ya siz tamamilə avropalaşmalısınız, yəni yunan-avropa bazarına daxil olmalısınız və bu halda bəzi maymaqlar sizin arvadlarınıza baxırlarsa, siz əsəbləşməməlisiniz, ya da istəyirsinizsə… arvadlarınızı evdən bayıra çıxartmayın, onları örpəyə bürüyün». Memuaristin bir yuxusunda təsvir etdiyi hadisə ilgincdir. O, ermənilərlə bir yığıncaqdadır. İclası patriarx aparır. Ermənilər bizə xoş sözlər deyir, lakin səhər yeməyi təklif etmirlər. Xeyli sonra yeməyə Tunis balığından hazırlanmış konserv verirlər. Mən onu qonşu stolda əyləşənlərə təklif edirəm və yeməyimə heç nə qalmır. Bu zaman mənə sosiska verirlər. Müsəlman olduğum üçün mən onun heç dadına baxmıram. Bu yuxu ilə müəllif erməni patriarxının erməni cəmiyyətindəki rolunu göstərməklə yanaşı, onların xəbisliyinə, qonağa qarşı qeyri-etik münasibətlərinə işarə verir.
Ermənilərin qorxaqlığını göstərən səhnəni də müəllif məharətlə təsvir edir: «Erməni terrorçular bizə qarşı həmişəki kimi xəyanətkar hərəkət etmək istəyirdilər. Onlardan biri bizim pəncərəyə yaxınlaşır. Az sonra mən böyük bir revolveri paltomun cibində gizlədərək bayıra çıxıram. Terrorçu qrupun üzvləri əllərində qılınc meydan sulayırlar. Revolverin olduğunu hiss etdirən kimi onlar çul kimi yerə sərilir, şalvarımın əvəzlərinə sarılırlar. Erməni terrorçuların öz məqsədlərinə çatmaq üçün hər cür şərəfsizliyə, alçaqlığa əl atdığını yazan C.Hacıbəyli göstərir ki, doğrudur, erməni burjuaziyası terrorçu təşkilatların tələblərini ödəyir, onları yedirir, onlara maliyyə dəstəyi göstərirlər. Xidmətdən boyun qaçıran isə dərhal amansızcasına qətlə yetirilir: «Bu axırıncılar arasında bir nəfər adlı-sanlı bankir Dəmirovu yaxşı xatırlayıram. O, istənilən məbləği verməkdən boyun qaçırdığına görə həmin andaca qətlə yetirildi.
Rus-yapon müharibəsinin qızgın vaxtında fürsətdən istifadə edən erməni terrorçular xüsusi ilə fəallaşmışdılar. İş o həddə çatmışdı ki, onlar rusları da hədəfə alırdı. C.Hacıbəyli yazır ki, başlarını itirmiş nüfuzlu ruslar çıxış yolu axtarırdı. Beləliklə, onlar “dahi” ideyalarını «parçala və hökm sür» prinsipini işə saldılar və müsəlmanlarla erməniləri üz-üzə qoydular. Əsərdə, ümumiyyətlə Qafqazda rus siyasətini faş və ifşa edən məqamlar çoxdur. Bu barədə bir qədər sonra bəhs edəcəyik.
1905-ci ildə ermənilərin törətdiyi vəhşilikləri xatırlayan müəllif yazır ki, Bakının, digər şəhərlərin, kəndlərin yüzlərlə evləri ağına- bozuna baxmadan alt-üst olundu, külli miqdarda əhalisi yandırıldı, vəhşicəsinə qətlə yetirildi. Ceyhun bəy qeyd edir ki, qırğın bir müddət sonra başa çatsa da, kiçik bir hadisədən hər an yenidən od tutub alışmağa hazır idi. Belə də oldu. 1918-ci ildə ermənilər Bakıda, Azərbaycanın digər bölgələrində xalqımıza qarşı tarixdə görünməmiş vəhşilik törətdilər. Bu qırğın Qafqazın yenidən bolşeviklər tərəfindən ələ keçirilməsinə yardım etdi. Hər iki cəbhənin şovinistləri etiraf edirdi ki, sovetləşmədən sonra bu regionda qırğının olmaması onu deməyə əsas verir ki, bu xalqların böyük kütləsi münaqişədən kənardır və qırğın siyasət adamları tərəfindən törədilmişdir.
Ceyhun Hacıbəylinin təbirincə desək ,«türk-müsəlman insanlarına nifrət edən erməni fanatiklər yeri gəldikcə lazımi zərbələr almış, lakin tarixin dərslərindən ibrət götürməmişlər, hətta qadınlarımız erməni vəhşilərinin cavabını layiqincə vermişlər”. Şuşa ətrafında çadırlarda istirahət etdiyi dövrü xatırlayarkən o «qonşu çadırda olan Həmidə xanımı yada salır və yazır ki, o ermənilərlə qanlı döyüşdə cəsarətlə ad çıxarmışdır.
1905-ci il «rus idarəçiliyi tərəfindən qızışdırılan» erməni-müsəlman davasından bəhs edərkən C.Hacıbəyli yazır ki, bu qanlı qarşıdurmaların məsuliyyəti şübhəsiz ki, erməni rəhbərlərinin üzərinə düşürdü. Ceyhun Hacıbəyli yazır ki, daha yaxşı silahlanmış, təşkil olunmuş, döyüşçülərinin əksəriyyəti peşəkar hərbçilərdən olan ermənilər mənim doğma şəhərimin yüksəkliklərini işğal etmiş, ələ keçirmiş və əliyalın azərbaycanlıları cavan, yaşlı, qadın, uşaq demədən, aman vermədən kütləvi surətdə qırmağa başlamışlar. Memuarist 5 gün davam edən döyüşləri bütün təfsilati ilə qələmə alır. Şəhərin bir küçəsində azərbaycanlılar aman istəyən ermənilərə toxunmur, onlara sığınacaq verir, digər küçədə bundan istifadə edən erməni dəstəsi müsəlman bazarına soxulur, oranın qida ərzaq məmulatlarını talan edirdilər. Müəllif şahidi olduğu mənzərəni belə təsvir edir: …hətta barışıq günü erməni məhəlləsindən qaçaraq keçmək istəyən 17 nəfər şikəst edilmiş adamın bədənlərini yerdə, yan-yana düzüldüyünü özüm öz gözlərimlə gördüm: bunlar yeni kollecin tikintisində işləyən, İran vətəndaşları – yazıq, bədbəxt həmşəri hamballar idi.
“Parçala, hökm sür”
Bu münaqişənin bütün tərəfləri və təfərrüatı ilə işıqlandıran müəllif özünə ünvanladığı «Bəlkə məndən soruşsanız ki, ruslar bu döyüşlər zamanı nə etdilər?” Ceyhun bəy dərhal da cavab verir: “Onları nə yaxında, nə uzaqda görən oldu, bü münaqişəni aradan qaldırmaq üçün onlar təklif verməklə məşğul idilər. Döyüş getdiyi həftə ərzində 100 nəfərə yaxın kazak şəhərin 50 kilometrliyində mövqe tutmuşdu”.
Yuxarıda – 1915-ci il və 1918-ci illərdə ermənilər tərəfindən törədilən vəhşiliklərdən bəhs edərkən də qeyd etdiyimiz kimi memuarda Qafqazda rus siyasətinin bütün eybəcərlikləri təkzibolunmaz və tutarlı tarixi faktlarla açılır, ifşa olunur. «Parçala və hökm sür», ruslaşdırma siyasəti cəmiyyət həyatının bütün problemləri, rəngarəngliyi, özünəməxsusluqları nəzərə alınmaqla, ustalıqla, hiyləgərliklə həyata keçirilirdi. Ceyhun bəy yazırdı ki, hökumət qafqazlıların Rusiyaya, yaxud hər hansı bir xarici ölkəyə təhsil almağa getməsindən belə ehtiyat edirdi, Qafqaz Universitet, yaxud bir ali məktəb hədiyyə etmək daha əlverişlidir və rus dövləti yüksək siyasi hədəflərə görə bu yolu seçirdi. Döyüşkənliyi, igidliyi, cəsurluğu ilə fərqlənən müsəlmanlar hərbi xidmətə çağırılmır, orduda olan tək-tək müsəlmanlar isə ən yüksək məqama çatırlar. Müəllif çarın «sən»- deyə müraciət etdiyi general Şıxlınskinin, general Naxçıvanskinin hərbi şücaətindən qürurla bəhs edir. İstər «yeganə və ayrılmaz Rusiya», yaxud, «Vahid Rusiya» ideoloqlarının, onların tərəfdarlarının, istərsə də bolşevik rejiminin milli siyasəti, onun yerli xalqlara gətirdiyi bəlalar C.Hacıbəyli qələminin kəskin tənqidinə məruz qalmışdır.
Sovetlərin milli siyasətinin iç üzünü ifşa edən C.Hacıbəyli yazır ki, hətta müsəlmanların sıxışdırıldığı çar hökumətində generallarımızın olduğuna baxmayaraq, «bərabərhüquqlu», xalqların inkişafı üçün «əlverişli şəraitin» yaradıldığı Sovet ordusunda bir nəfər də generalımız yoxdur. Müəllif gürcülərin, ermənilərin, yəhudilərin və ukraynlıların mərkəzi hökumətdə yer aldıqlarını, lakin bizim bir nəfər belə nümayəndəmizin mərkəzi idarəetmə aparatında olmadığını göstərir və yazır ki, axı, bu dövlətdə 25 milyon müsəlman da yaşayır. Bəs «azad xalqların» İttifaqı, «muxtar», «müttəfiq», «federal» dövlətlər vədi harada qaldı?!
***
Memuarla bağlı deyilənləri yekunlaşdısaq, bu qənatə gəlmək olar ki, istedadlı yazıçı, publisist, naşir, redaktor, tərçüməçi, diplomat, ictimai xadim Azərbaycanın istiqlallı uğrunda mücahid Ceyhun Hacıbəyli bu memuarında yaşadığı və mübarizə apardığı dövrün obyektiv mənzərəsini yaratdığından, geniş bir coğrafi məkanda cərəyan edən hadisələrin ictimai-siyasi mahiyyətini, insanlararası münasibətləri, mühacir həyatının yaşantılarını, Vətən, ata-ana, bacı- qardaş, qohum həsrətini , övlad niskilini, yad məmləkətdə və mühitdə milli kökə, adət- ənənələrə bağlılığı özünəməxsus ustalıqla qələmə aldığından , nəsillərə nümunə ola biləcək fədakar ömrünü təcəssüm etdirdiyindən əsər böyük elmi, bədii-publisistik və tarixi əhəmiyyət kəsb edir.
Abid Tahirli
07.09.2015