Eduard Şevardnadze: “İnşallah, İmir Məmmədli gələn dəfə gürcü qızı alar”

Eduard Şevardnadze: <span style="color:red;">“İnşallah, İmir Məmmədli gələn dəfə gürcü qızı alar”
24 noyabr 2015
# 13:43

Kulis şair Qəşəm Nəcəfzadə ilə yazıçı İmir Məmmədlinin müsahibəsini təqdim edir.

- İmir müəllim, Azərbaycan kinosu və ya nəsri gürcü kinosunun və ya nəsrinin harasindadı? Ardında, ortasında, yanında yoxsa önündədi?

- Azərbaycan kinosunu niyə məhz gürcü kinosuyla müqayisə edirik? Yəqin yaxın qonşu olduğumuza görə. Bu sualı verərkən nəyi nəzərdə tutduğunuzu da yaxşı başa düşürəm. Gürcü kinosu sovet dönəmində xeyli uğurlu addımlar atdı. Bunun da bəlli səbəbləri var. Həmin dövrün erkən çağlarında Azərbaycan kinematoqrafçıları da bir neçə uğurlu filmə imza atdılar. Təkcə onu demək kifayətdir ki, “Arşın mal alan” aləmə səs salmışdı. Sonrakı dövrdə də diqqətə layiq filmlərimiz olub... Bir-ikisinin adını elə indi də çəkə bilərəm, amma gümanım deyir, çəkməsəm yaxşıdır. Görünür, kinoda hər şeyi yaxşı ssenariylə yanaşı, həm də yaxşı rejissor həll eləyir. Belə hallarda seçim, milli sinemanın inkişafı naminə obyektiv və insaflı olmalıdır. Ümumiyyətlə, bəzi aktyorlarımız da başa düşməlidirlər ki, istər kinoda olsun, istər teatrda, rolu oynamaq yox, ssenarist və rejissor təqdim etdiyi tərzdə yaşamaq lazımdır. Azərbaycan kinosunun son dövrdə əldə etdiyi uğurları xüsusi vurğulamalıyam: Bildiyim qədər indilərdə çəkilən və dünya kino ümmanında festival ömrünü yaşamağa buraxılan “Nabat”, “Çölçü”, “Axınla aşağı” filmləri ayrı-ayrı festivallarda mükafatlar qazanaraq Azərbaycan incəsənətinə xeyli uğurlar gətirdilər. Bundan əlavə İctimai Televiziyada diqqət çəkən və tamaşaçının rəğbətini qazanan yeni bədii televiziya filmləri ərsəyə gəldi. Dövrümüz internet və televiziya dövrüdür deyə, bu yöndə görülən işlər böyük əhəmiyyət kəsb edir.

Yuxarıda ssenari dedim. Kino haqqında danışanda “Ssenari” sözünü böyük hərflə yazmalıyıq, çünki filmin bünövrəsini ssenari təşkil edir. Ssenari isə ədəbiyyatdır. Yəqin bunu nəzərə alaraq siz də sualı həm kinoya, həm də ədəbiyyata yönəltmisiniz. Bir mənalı olaraq deyim, xalqın ədəbiyyatı zəifdirsə, kinosu da zəifdir. Ədəbiyyatın isə vəziyyətini bədiiliyi ilə yanaşı, onun səmimiliyi müəyyənləşdirir. Kimsə deyib, əxlaqlı və əxlaqsız ədəbiyyat yoxdur, səmimi və geyri- səmimi ədəbiyyat var.

- Sizin sözlərinizdən belə çıxır ki, insanı tamamilə açıb göstərməlisən.

- Mənim sözlərimdən yox, yuxarıda adını çəkdiyim və bir çox dünya şedevrlərindən belə çıxır... Ədəbiyyat səmimi olmayanda çox şey itirir. Oxucunu aldada bilməzsən. Bir dəfə qeyri-səmimi olsan, ikinci dəfə o səni oxumaz. Yəqin oxucularımızı itirməyimizin bir səbəbi də budur.

Doğru var, yalan var, Bir də bu ikisinin arasında olan yarım doğru var, ona yarımyalan da demək olar. Geniş anlamda ədəbiyyatda doğru da məqbuldur, sözün yaxşı mənasında yalan da, – nağıllarımızı dinləyə-dinləyə biz hamımız yalanlarla böyümüşük, insanı aldatmasan, bu amansız və fani dünyaya alışdıra bilməzsən. Bu mənada ədəbi yalan qeyri-səmimilik deyil, bayaq dediyim kimi doğru qədər gərəkli və məqbuldur. Haqqında bəhs etdiyimiz qeyri-səmimilik yarımdoğrudur. O yarımdoğrudur ki, təsvir etdiyi gerçəkliyi göstərir, amma əyri və üzü dumanlı güzgüdə göstərir. Səmimiyyətin hesabına nələrisə təhrif edir, guya milli mentaliteti-filanı nəzərə alıb reallığı bildiyi kimi rəndələyib, hamarlayıb, ustünə bir utu də çəkib elə təqdim edir. Oxucu isə buna aldanmır, çünki onun Nizami kimi, Molla Pənah Vaqif kimi, Cəlil Məmədquluzadə kimi səmimi yazarları olub. Bir sözlə, insan qüsurlu məxluqdur. Elə qüsurlu olduğu üçün də maraqlıdır. Onun qüsurlarını ona göstərmək üçün, onları aradan qaldırmağa bir şans yaratmaq üçün səmimi yazmaq lazımdır. Ədəbiyyat həm də həyatın güzgüsü olmalıdır. İnsan səhər evdən çıxanda, güzgü önündə ayaq saxlayır, üst-başına baxır, özünü səliqə-sahmana salır. Ədəbiyyat da qəlbin, ruhun güzgüsü olmalıdır. insan da ora baxıb öz içində bir səliqə-sahman yaratmalıdır. Biz həyatı bədii üsullarla olduğu kimi göstərməkdən, insani nöqsanları bədii priyomlarla qabartmaqdan qorxmamalıyıq. Bilməliyik ki, ədəbiyyatda dəvəquşu mövqeyi çox uduzdurucudur. Bu quş başını quma salsa da dalı görünür, onu hamı görür, belə görüntü isə ikrah hissi və istehzalı gülüş doğurur. Gözəl bir deyim var: “Özümüzə gülməsək, bizə gülərlər” və yaxud: xəstəliyə göz yumsaq bir gün o bizim gözlərimizi yuma bilər. Qədim Romada içki düşkününə çoxlu şərab verib onu küçəyə, adamların arasına buraxırdılar və bununla da insanlara göstərirdilər ki, bax, belə olmaq olmaz, bu biabırçılıqdır, rüsvayçılıqdır. Yeri gəlmişkən, insanı yalnız yaxşı tərəfdən göstərməyin tərəfdarlarına deyim ki, gözəlliyi göstərmək üçün də səmimiyyət lazımdır.

- Deyirsiniz hər şeyin özülü səmimiyyətdir?

- Bəli, ədəbi səmimiyyət, həm də yazıçıyla oxucu arasında sarsılmaz bir etimad yaradır. Adı bəlli Kamfutsinin həməsri olan böyük çin filosofu Lao De Dzi yazır ki, qədim Cində adamlar evlərin qapılarını bağlamırdılar. Bunu, orada oğurluq yox idi deyə belə etmirdilər, əksinə, oğurluq ona görə yox idi ki, qapılar açıq idi. Məncə, bu yerdə izaha ehtiyac yoxdur.

- Əlbəttə, izaha ehtiyac yoxdur, amma...

- Amma heç bir halda elə başa düşməməliyik ki, səmimiyyət ədəbi axtarışları istisna edir. Əksinə, axtarıb, öz dövrünə uyğun ədəbi formanı. Nəql etmə tərzini, əsərin içindəki zamanın nəbzini tapmaq da bir səmimiyyətdir. Müvafiq olaraq yeni dövrdə köhnələr kimi yazmaq isə geriliklə yanaşı, həm də qeyri-səmimilikdir. Başqa sözlə, hər fərdin özünün dili olduğu kimi, hər dövrün də ictimai proseslərə uyğun olaraq öz fəlsəfəsi, öz ədəbi dili və bədii ifadə tərzi var. Bu gün Aşıq Ələsgər, Səməd Vurğun və ya Rəsul Rza kimi yazırsansa, artıq qeyri-səmimisən. Zənnimcə, ədəbiyyatda ən uduzdurucu və aldadıcı mövqe məhz budur. Biz gürcü kinosuna, ədəbiyyatına və yaxud başqasına uduzsaq, bu cəhətdən uduza bilərik.

- Uduzuruq, ya yox? Yenə də konkret cavab vermirsiniz.

- Bilirsiniz, xoşagəlməz bir həqiqət var: Biz milli mentalitet-filan deyə-deyə öz ədədi təfəkkürümüzü çıdarlasaq, geriləyə bilərik, çünki həmin vaxt ətrafımızdakı millətlərin ədəbiyyatı təbii şəkildə azad-sərbəst inkişaf edə bilər... Bir də “mentalitet” deyə sözün ayağına çıdar, fikrin üzünə yaşmaq vuranlara demək lazımdır, ay zalım oğlu, sənin yazın bəyəm quran ayəsidir ki, xalqın adət-ənənəsinə, milli mentalitetinə təsir etsin? Bacarırsansa yaz, ədəbiyyata cüzi bir yenilik gətirə bilirsənsə gətir, yazdığını beş-üç kişi oxusa, o da böyük işdir.

- Azərbaycan və gürcü ədəbi əlaqələrindən nə deyə bilərsiniz? Vəziyyət qaneedicidir, yoxsa?

- Sözün düzü, son zamanlar bu sahədəki prosesləri lazımınca izləyə bilmirəm. Ara-sıra əlimə kitablar çatır, ya əlim kitablara çatır. Görürəm, onlar bizimkiləri tərcümə ediblər, bizimkilər də onları. Kitabları səhifələyəndə görürsən ki, müəlliflərin seçimi bəzən şəxsi münasibətlə, bəzən isə, xoşbəxtlikdən, obyektiv olub. Hər iki tərəfdən yeni tərcüməçilər meydana gəlib. Onların içərisində xüsusi təlim görmüş peşəkarlar da var, qeyri-peşəkarlar da, yəni bu işə - “əyləşirəm hər cümə, eləyirəm tərcümə, tərcümədən pul çıxır, xırda-para xərcimə”, - deyə girişənlər də var. Əlbəttə, tərcüməçinin zəhmət haqqı yüksək səviyyədə ödənilməlidir, ancaq peşəkar tərcüməçinin. Yeri gəlmişkən, bir nəfər Bayronu ispan dilinə çevirir. Amma tərcümələr çox zay olur. Bunu görən və ispan dilini yaxşı bilən Alber Kamyu tərcüməçini hədələyərək özünəməxsus hazırcavablıqla deyir: Təcili bu şeirləri geri orijinalın dilinə tərcümə etməsən mən səni məhkəməyə verəcən. Yəni uğursuz tərcümələrini cır, at, qoy bu əsərlər orijinalda olduğu kimi qalsın... Tərcümə sənəti çox dərin, incə və məsuliyyətli sənətdir. Yaxşı olar ki, onunla yalnız peşəkarlar məşğul olsunlar.

- Deyirlər, tərcümə qanköçürmədir. Siz yazar olmaqla yanaşı, həm də tərcüməçisiniz. Tanınmış və ciddi tərcüməçi kimi hamı sizi yaxşı tanıyır. İndiyə kimi səhv olaraq qan köçürməmisiniz ki? Yəni əlinizdə bədii əsər dünyasını dəyişməyib ki?

- Bu sözdən xoşum gəlir. Doğrudan da, bədii tərcüməni qanköçürməyə bənzətmək olar, o mənada ki, heç bir ciddi ədəbiyyat, ayrı-ayrı dillərdən tərcümə edilmiş ədəbi nümunələr olmasa, inkişaf eləyə bilməz. Dünyada gedən ədəbi proseslərdən xəbərsiz nə inkişaf edə bilərsən, nə də dünya ədəbiyyatının orqanik bir hissəsinə çevrilə bilərsən. Tez-tez ədəbi qanköçürmələr olmalıdır ki, ədəbiyyatımızın orqanizmi təzələnsin, inkişafdan geri qalmasın. Bu iş mütəmadi, mütəşəkkil xarakter daşımalıdır. Gürcüstan bu yöndə maraqlı təcrübəyə imza atdı. Səhv etmirəmsə, artıq iki ildir onlarda “Gürcü kitabına dəstək mərkəzi” fəaliyyət göstərir. Həmin mərkəz ayrı-ayrı ölkələrlə əlaqə saxlayır və çağdaş gürcü ədəbiyyatının müxtəlif dillərə tərcümə və nəşr edilməsi işinə maddi dəstək göstərir. Bununla da gürcü ədəbiyyatının ən gözəl nümunələrinin dünyaya yayılmasını təmin edir.

Uzun illər ərzində mən bədii tərcümə işiylə də məşğul olmuşam, Azərbaycan dilindən gürcü dilinə, gürcü dilindən Azərbaycan dilinə çevirmişəm. Sağ olsunlar gürcü həmkarlarım, mənim bu xidmətimi layiqincə qiymətləndiriblər, məni Gürcüstanda sözügedən sahə üzrə ən nüfuzlu mükafat olan Maçabeli mükafatına layiq görüblər.

Ümumiyyətlə, isə mən belə düşünürəm ki, hər bir yazar vaxtaşırı bədii tərcümə ilə məşğul olmalıdır.

İndiyə kimi səhv olaraq qan köçürmüşəm, ya yox? Bilmirəm, Tərcümə etdiyim əsərləri əksər hallarda öz zövqümlə seçmişəm. Bu işdə səhvin olub- olmadığını oxucular məndən yaxşı bilərlər.

- Hansı əsərlərə bizim dildə həyat vermisiniz və yxud əksinə?

- Gürcü dilindən bizim dilimizə böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərili cəngavər” poemasını, Vaja Pşavelanın “Qonaq və ev sahibi” və “Aluda Ketelauri” poemalarını, Akaki Tseretelinin “Tərbiyəçi” poemasını, müasirlərdən Moris Posxişvili, Cansuğ Çarkviani və Quram Pandcikidzenin əsərlərini tərcümə etmişəm. Dilimizdən gürcü dilinə isə Yunis İmrənin şeirər kitabını, Aşıq Ələsgərin qoşmalarını, Mir Cəlalın “Bir gəncin manifesti” romanını, Nüsrət Kəsəmənlnini, Zəlimxan Yaqubun və Vaqif Səmədoğlunun kitablarını çevirmişəm. Əlbəttə, ara-sıra başqa almanaxların tərtib və tərcümə edilməsində də iştirak etmişəm.

- Şota Rustavelinin poeması sizə qədər də Azərbaycan dilinə iki dəfə tərcümə edilmişdi...

- Bəli, elədir. İlk dəfə Əhməd Cavad, ikinci dəfə isə Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim üçlüyü çevirmişdi. Əhməd Cavad, bildiyimiz kimi, repressiya qurbanıdır. Həmin hadisələrlə əlaqədər olaraq onun tərcüməsinin bir qismi itmişdi... Sonradan Ziyatay əsərin itən hissələrini tərcümə etmişdi... Aydın məsələdir ki, hər iki tərcümə üçüncü dil (rus dili) vasitəsi ilə gerçəkləşmişdi. Rus dilində olan tərcümənin təsiri onların əsərə verdikləri adda da özünü göstərir: “Pələng dərisi geymiş pəhləvan” (Rusca: “Vityaz tiqrovom v şkure”). Əslində əsərin baş qəhrəmanı Tariyel pəhləvan olmayıb. Pəhləvan o adamdır ki, meydana çıxıb güləşir, ağırlıq qaldırmaqla öz gücünü nümayiş etdirir. Tariyel isə şah nəslindən olan cəngavərdir. Bu yeni tərcümədə öz əksini tapdı. Əsərdə islam diniylə, müqəddəs Qurani-kərimlə” və bizim Novruz bayramımızla bağlı maraqlı yerlər var. Görünür, kommunist ideologiyasısnın təzyiqi altda əsərdəki həmin hissələr əvvəlki tərcümələrə salınmamışdı. Birbaşa orijinaldan olan yeni tərcümədə bunların hamısı bərpa olunub. Onu da qeyd edim ki bu əsəri məmləkətimiz müstəqillik qazanandan sonra bilavasitə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin Dövlət sifarişi ilə tərcümə etdim.

- Siz uzun müddət Şevardnadzenin təcümçisi olmusunuz. Onunla bağlı maraqlı hadisələr yadınızda qalıbmı?

- Çox adam elə bilir ki, mən Eduard Şevardnadzenin tərcüməçisi olmuşam. Tərcüməçisi deyil, mən onun müşaviri olmuşam. Əlbəttə, lazım gəldikcə onun şifahi çıxışlarını canlı tərcümə də etmişəm. Tərcümədən söz düşmüşkən, 90-cı illərin sonu olardı, ulu öndərimiz Gürcüstanda rəsmi səfərdə idi. Gürcüstan parlamentində çıxış etməli idi. Nəyə görəsə onun şəxsi tərcüməçisi gecikmişdi. Gəlib ona məlumat verdilər ki, tərcüməçi gəlib çıxdı. Ulu öndər təəccüblə soruşdu: “İmir Məmmədli burda deyil ki?” Dedilər, burdadır, ancaq sizin öz tərcüməçiniz gəldi, İmir Məmmədliyə ehtiyac qalmadı. Onda Heydər Əliyev dönüb dedi: “Mən istəyirəm Gürcüstan parlamentarilərinin qarşısındakı çıxışımı İmir Məmmədli tərcümə etsin, çünki mən fikir vermişəm, o, adamın hiss və emosiyalarını da tərcümə edir”. Sözsüz ki, Ulu öndərin bu sözləri məni çox ruhlandırdı və mən onun həmin çıxışını canlı olaraq ruh yüksəkliyi ilə tərcümə etdim.

- Bəs Şevardnadze ilə bağlı maraqlı hadisə xatırlayırsınız?

- Maraqlı hadisələr çox olub, birini söyləyim. Bir dəfə tədbirlərin birində Şevardnadze barəmdə danışaraq dedi: “İmir Məmmədli sevimli yazarımız olmaqla yanaşı, həm də kürəkənimizdir”. O, elə zənn edirmiş ki, mənim həyat yoldaşım gürcüdür. Güman ki, bu da gürcülərin özləri barədə yüksək fikirdə olmalarından irəli gəlir. Yəni gürcü dilində belə sərrast danışan, gündəlik həyatda gürcü gözəlləri ilə əhatə olunmuş bir oğlan alsa, heç şübhəsiz, gürcü qızı alardı. Odur ki, zaldan ona kömək edənlər oldu, yazıçı xanımlardan biri ucadan dedi ki, yox, cənab prezident, İmir Məmmədlinin xanımı azərbaycanlıdır. Şevardnadze heç halını pozmadan üzündə xoş təbəssüm və özünəməxsus hazırcavablıqla vəziyyətdən çıxdı. Dedi: “Lap yaxşı, olsun, azərbaycanlı olsun. Amma unutmayın ki, İmir Məmmədli müsəlmandır, onun bir neçə dəfə evlənməyə haqqı var, inşallah, gələn dəfə evlənəndə qürcü qızı alar.”

- Şevardnadzenin ədəbiyyata münasibəti necəydi?

- Şevardnadzenin sevimli bacısı vəfat etmişdi. Biz, aparatın əməkdaşları yığışıb getdik ki, prezidentə mərhumun evində başsağlığı verək. Şevardnadze cənazə olan otaqda deyil, yandakı balaca otaqda idi. Ora yalnız ona yaxın olan adamları buraxırdılar. Beş-üç kişiylə birlikdə mən də həmin otağa keçdim. Biz sırayla ona yaxınlaşıb başsağlığı verməyə başladıq. Mənim növbəm çatanda yerli qaydaya riayət edərək əl tutub üzündən öpərək başınız sağ olsun dedim. O isə cavab olaraq həmin məqamda pıçıltıyla dedi: “Sırağa gün gəzetdə sənin şeirlərini oxudum, çox bəyəndim, beləcə də davam et”. Həmin həftə Gürcüstanın ədəbiyyat qəzetində (“Literaturuli Sakartvelo”) bir səhifə şeirlərim getmişdi. Bilirdim prezident həmin qəzeti oxuyur... Təsəvvür edin ki, onun üçün belə bir ağır gündə o mənimlə şeirlərimdən danışdı... Ən çox kimi oxuduğunu deyə bilmərəm, amma bilirəm ki, görkəmli gürcü yazıçıları və şairlərindən Çabua Amirecibi, Cansuğ Çarkviani və Revaz Amaşukeli ilə dostluq edirdi. Prezidentə baş çəkən qocaman yazıçı Çabua Amirecibini Şevardnadzenin birinci mərtəbədə qapıya qədər ötürdüyünü görmüşəm. Bu, onun, sözsüz ki, ədəbiyyata və ədəbiyyatçılara münasibətindən irəli gəlirdi.

- Sizin nəsr əsərlərinizi gürcü nəsri və filmləri ilə bağlayan bir xətt var. Amma dəst-xətt özünüzündür. Öz yolunuz aydın görünür. Bir sözlə, gürcü ədəbiyyatının sizə təsiri olubmu?

- Mən deyərdim ki, nəyinki gürcü ədəbiyyatının, bütövlükdə gürcü mədəniyyətinin mənə təsiri olub. Əsərlərimdəki yenilik və qeyri-orijinallıq (varsa) yəqin ki, sözün yaxşı mənasında, belə bir təsirlə də bağlıdır.

- İnsan öz içini ifadə etmək üçün gürcü dilinin imkanları genişdirmi? Türk və rus dili ilə müqayisədə vəziyyət necədir?

- Gürcü dili qədim və mürəkkəb bir dildir. Bunu ən çox onun felinin elastikliyində və qüdrətində müşahidə etmək olur. Məsələn, bir sözlə bir cümləlik fikri ifadə etmək mümkündür: “Şemomeçama” - bu sozün mənasını belə vermək olar: “Mən onu yemək istəmirdim, ancaq o özü- özünü mənə yedirtdi”. Ümumiyyətlə, belə düşünürəm ki, bütün dillər gözəl və maraqlı olmağıyla yanaşı bilənə asan, bilməyənə çətindir. Nodar Dumbadzenin “Mən, nənəm, İliko və İllarion” romanının baş qəhrəmanı Zurikela məktəbdə rus dili dərsində çətinlik çəkir. Onun nənəsi buna görə uşağı məzəmmətləyib tam səmimiyyətlə heyrətlənərək: “Bütün Rusiya rusca danışır, bilmirəm sənə nə olub!” - deyə deyinir.

- Mənə elə gəlir ki, Azərbaycan ədəbi tənqidindən küsmüsünüz. Tənqidimiz sizin haqqınızda susur.

- Küsməmişəm, çünki - “Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur”- atalar sözünü yaxşı bilirəm. Əslində, küsməyə haqqım da yoxdur. Susmurlar, gec-gec də olsa, yazırlar. Dərin minnətdarlıq hissi ilə deməliyəm ki, heç xəbərim olmadan Görkəmli tənqidçimiz Vaqif Yusifli mənim “Sazlı-sözlü Sibir” kitabım barədə gözəl bir məqalə yazıb “Ədalət” qəzetində dərc etdirmişdi. Xalq şairi Nəriman Həsənzadə də “İmirə dediklərim” kitabıma böyük bir yazı həsr eləmişdi. Bunlardan qabaq sevimli şairimiz Nüsrət Kəsəmənli yazmışdı. İstedadlı həmkarlarım Barat Vüsalla İbrahimxəlilin haqqımda yazdıqlarını da minnətdarlıq hissi ilə xatırlayıram. Yerdə qalan tənqidçilərimiz barədə mən nə deyə bilərəm...

- Bəs gürcü tənqidçiləri necə? Onların diqqətini özünüzə çəkə bilmisiniz?

- Şükür Allaha, gürcü həmkarlarım mənim əsərlərim barədə çox yazıb, məni bir çox ədəbi mükafatlara layiq görüblər. Qırx yaşımdaydım ədəbiyyat üzrə Gürcüstan Dövlət Mükafatı laureatı olanda. Bir il keçmiş ədəbi fəaliyyətimə görə Şevardnadze məni Şərəf Ordeniylə təltif etdi və şərəf nişanını öz əliylə sinəmdən asdı. Təvazökarlıqdan uzaq olsa da, söz düşmüşkən haqq naminə onu da deyim ki, Besik Xaranauli kimi əzəmətli, təkrarolunmaz gürcü şairi mənim kitablarımdan birinə ön söz yazarkən belə bir kəlmə işlətdi: “Bu artıq klassikadır, mən də, icazə verin, onları klassika yüksəkliyindən dəyərləndirim”. Vaxtaşırı haqqında yazılan bir çox yazılardan vaz keçərək sizə sonuncu barədə deyim: Gürcüstanda nüfuzlu nəşriyyatlardan olan “İntellekti” nəşriyyatı görkəmli şairlərin əsərlərindən ibarət “Şairin yüz şeiri” adlı silsilə kitablar buraxır. Keçən il nəşriyyatın direktoru Kaxmeq Kudava mənimlə telefon əlaqəsi saxlayıb, həmin silsilədə mənim də kitabımı çap etmək fikrində olduqlarını dedi. Sözsüz ki, mən bu şad xəbəri sevinc hissiylə qarşıladım və böyük məmnuniyyətlə öz razılığımı verdim. Kitab çıxdı. Onu mağazadan alıb oxuyan professor Maqali Todua görün nə yazır: “Qlaktiyon Tabidzenin şeirlərindən sonra ilk dəfədir ki, şeirdən belə həzz alıram”. Bu o Maqali Toduadır ki, Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını gürcü dilinə tərcümə edib və haqqında böyük monoqrafiya yazıb.

# 1884 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #