Azərbaycan jurnalında tənqidçi bombardmanı TƏNQİD MÜZAKİRƏSİ

Azərbaycan jurnalında tənqidçi bombardmanı <span style="color:red;"> TƏNQİD MÜZAKİRƏSİ
1 iyul 2015
# 13:18

“Azərbaycan” jurnalı “Çağdaş ədəbi tənqid: problemlər, mülahizələr” mövzusunda müzakirə keçirdib. Moderatoru Əsəd Cahangir olan müzakirədə şair Çingiz Əlioğlu, yazıçı İlqar Fəhmi, tənqidçilər Rüstəm Kamal, Bəsti Əlibəyli, Elnarə Akimova iştirak edib. Kulis müzakirənin ikinci hissəsini təqdim edir.

Birinci hissə

Çingiz Əlioğlu: İndi bir tarixi-kulturoloji ekskurs edəcəm, amma nəticəni özünüz çıxarın.

Qədim yunanların mərmərdən yonduqlarını romalılar bürüncdən tökürdülər. Ona görə də Roma surətləri öz orijinalından çoxdur. Bu ilk surətçıxarma, tirajlama təcrübəsi idi. Bürünc tökmələr uzunömürlüdür, möhkəmdir, məhv olmaqdan sanki sığortalanıb. Həm də ki lazım gəlsə, onları əridib daha gərəkli, daha aktual bir şeyə - dəmir pula, top mərmisinə ... və sairəyə çevirmək olar...

Bolşeviklər isə öz monumentallıqlarını gipsdə çoxaltmağa başladılar. Gips məlum məsələdir ki, təkrar emala yaramır. Onları sadəcə qırıb dağıtmaq mümkündür. Özü də heç bir zəhmət-filan çəkmədən...

Dırnaq arasında İliç "heykəlşünaslığının" baş yaradıcısı Lev Kerbelin iki son əsərindən biri Qurultaylar Sarayı üçün papye-maşedən hazırlanıb, mərmərsayağı rənglənib, qaşovlanıb. Digəri - Moskvanın Oktyabr meydanında ucaldılan heykəl isə "başqa leninlərin" detallarından, yəni Kerbelin qabaqlar yaratdığı heykəllərin hissələrindən quraşdırılmışdı...

Və nəhayət, populyar müğənni Leonid Utyosovun üfürmə rezin büstləri o dövr meşşanlarının ən çox sevdikləri heykəlciklər idi...

Tarixi-mədəni, mənəvi, siyasi-ictimai deqradasiyanın əyani alqoritmi...

İlqar Fəhmi: Məsələ bundadır ki, indi tənqid olunacaq əsər azdır. Əsərlərin çoxu o qədər çılpaq və o qədər üzdədir ki, heç onu araşdırmağa ehtiyac belə yoxdur. Oxucu özü bütün xırdalıqları görür. Bu yöndən Elnarə Akimovanın “Aktrisa” povestim haqda yazdığı məqalə mənim üçün dəyərlidir. Çünki o povestin mahiyyətində hər şeyin oyun olması ideyası durur və tənqidçi bunu tuta bilib. Bir müəllif olaraq, mən bunu özüm deyə bilməzdim. Elə şeylər var ki, mən onu etiraf etmək istəmirəm, onu gərək kənardan desinlər. Çox olub ki, cavanlar haqda nəsə yazmaq istəmişəm, baxmışam ki, müəllif araşdırmağa bir şey qoymayıb qalsın, özü əsərdə hər şeyi açıqlayıb.

Çingiz Əlioğlu: Açıq və çılpaq yazmağa toxunsaq, onda gərək Azərbaycan şeiri haqqında tənqidi məqalələr yazılmasın. Çünki bu gün poeziyada çox şey bəsitdir və üzdədir. Tənqidi məqalə isə, bayaq dediyimiz kimi, haqqında danışılan əsərdən də maraqlı olmalıdır ki, oxunsun. Tənqidi yazı da bədii əsər kimi oxucuya zövq verməlidir. Bunun üçün bədii əsərin açılası qatları olmalıdır.

İlqar Fəhmi: Mən tənqidçiləri aktyorlara bənzədirəm. Aktyorlar deyirlər ki, oynayırıq, ancaq məcburi oynayırıq. Çox nadir əsərlər var ki, onlar bizim içimizi silkələyir. Mən bu halı bizim tənqidçilərin əsərlərində hiss edirəm. Çox nadir yazıları zövq ala-ala yazırlar. Əsər onlara stimul verməlidir, material verməlidir. Belə olan halda tənqidçi yazdıqca-yazmaq istəyər.

Əsəd Cahangir: Əgər dilində problem varsa, tənqidçi nə qədər gözəl fikir deyirsə desin, yazı oxunmayacaq. Mən müasir Azərbaycan tənqidçilərinin bəzilərini, məsələn, Tehran Əlişanoğlunun yazılarını ağır sintaksisi üzündən bir neçə abzasdan o yana oxuya bilmirəm. Onun təhkiyəsinin məntiqini tutmaq özü artıq bir problemdir. Özü də problem o deyil ki, bu yazılar guya çox intellektualdır və bu üzdən onları oxumağa çətinlik çəkirsən. Sadəcə, tənqidçinin öz fikrini lazımı aydınlıqla ifadə etməsinə ehtiyac var. Freydenberqi nəzərdə tutan Meletinski vaxtilə belə müəllifləri incə bir ironiya ilə "çətin oxunan alimlər" adlandırırdı. Özü də bu sadəcə dil məsələsi yox, mahiyyətcə düşüncə problemidir. Çünki hər kəsin nitqi və yazısı onun daxili düşüncə mədəniyyətinin göstəricidir. Sokratın təbiri ilə desək, kim necə düşünürsə, o cür də danışır.

Rüstəm, məclisə gecikmisən, üstəlik də söhbətə qoşulmaq istəmirsən. Bəlkə, sənin də fikrini eşidək?

Rüstəm Kamal: Mən Azərbaycan tənqidi haqqında bu qənaətdəyəm ki, bizim tənqid dediyimiz insititut dalana dirənib. O islahatlara məhkunmdur. İslahatları da biz eləməliyik. Hər tənqidçinin öz üslubu olmalıdır. Tənqidçi də bir yazardır. Analitik və estetik tənqid olmalıdır. Fizuli dövründə, on səkkizinci əsrdə, tənqidin meyarları bəlli idi. Bilirdilər ki, bu divanı necə qiymətləndirmək lazımdır. İndi tənqiddə meyar bilinmir, sistem yoxdur. Bizdə tənqidçilər kənardan təhlil metodlarını götürüb Azərbaycan poeziyasına tətbiq eləmək istəyirlər. Bu isə ədəbiyyatda qarışıqlıq yaradır. Müasir tənqidçiliyimizdə cəmi 5-6 peşəkar tənqidçinin adını çəkmək olar. Onlar bu məsələlərlə məşğul ola bilər, onların təcrübələrindən istifadə mümkündür. Tənqidçilərin tənqidçiləri tənqid etməsi, şairlərin tənqidçilər üzərinə səlib yürüşü və sair bu kimi şeylər gənclərdə nihilizm yaradıb. Bu hal tənqidçi zümrəsini ya küskünlüyə gətirir, ya da geri çəkilməyə vadar edir. Gənclərin içərisində bir nəfər də tənqidçi yoxdur. Məlumdur ki, bu gün Azərbaycan ədəbiyyatına nə qədər axın var. Az qala iki gündən bir kəpənək qanadı boyda kitabların təqdimatını keçirilər. Belə təqdimatlarla onlar diqqəti özlərinə yönəltmək istəyirlər. Mən düşünürəm ki, Azərbaycan ədəbiyyatında kitablara münasibəti də funksional baxımdan paylaşmaq lazımdır. Kitabların təbliği üçün qəzet resenziyaları olmalıdır. Peşəkar tənqidçi həm də filosof və estet olmalıdır. O, kübar olmalı, qarşıdurmaların fövqündə durmağı bacarmalıdır. Tənqidçi böyük şairdən, böyük mövzulardan yaza-yaza özü də böyüyür. Dünən əlinə qələm alan, beş-on şeir yazan cavana məqalə həsr etməklə tənqidçi, əslində, o gəncə ziyan edir.

Əsəd Cahangir: Tutaq ki, gənc bir istedad gəlib ədəbiyyata, iyirmi il gözləmək lazmdır ki, o böyük bir şair olsun, sonra onun barəsində yazılsın?

Rüstəm Kamal: Mənim qəsdim odur ki, istedadlını istedadsızdan ayırmaq lazımdır. Bəzən gənclik adı altında istedadsızlıq təbliğ olunur. Məsələn, Qoqol ədəbiyyata gələn kimi Belinski görür ki, böyük istedad gəlib və proqnozunu da verir. Ancaq Qoqolun vaxtında nə qədər gənc şair, yazıçı vardı. Belinski onların içərisindən Qoqolu seçdi. Demək istəyirəm ki, bizim tənqid bəzən yaxşı il yamanın fərqinə varmır.

Əsəd Cahangir: Belinski, əslində, çox adamdan yazıb. Onun yazdıqlarının içərisində təsadüfi adamlar da olub. Sadəcə, o yazılar dilə-dişə düşməyib, çünki onların həsr olunduğu yazıçılar sönra ədəbiyyatda özlərinə mövqe tuta bilməyiblər. Puşkin, Qoqol, Lermontov isə mövqe tutublar, odur ki onlar haqqındakı yazılar məşhurlaşıb. Məncə, sən gənc yazarlara münasibətdə həddən artıq ehtiyatlısan.

Rüstəm Kamal: Gənclərdən də yazıram, amma az yazıram. Bu gün məni Mirzə Cəlil daha çox maraqlandırır.

Əsəd Cahangir: Elə isə sənin stixiyan tənqidçilik deyil, ədəbiyyatşünaslıqdır.

Rüstəm Kamal: Anlamıram onların sərhədi hardadır? Cari ədəbiyyatşünaslıq həm də tənqidin hədəfində olmalıdır. Onlar bir-biriylə bağlı şeylərdir.

Əsəd Cahangir: Bağlı olmağına bağlıdır, tamamilə razıyam. İstər yazıçı, istərsə də tənqidçi, Haydeggerin təbiri ilə desək, klassik ədəbiyyatla nə qədər dialoq qura bilirsə, onun yaradıcılığı bir o qədər dərin olur. Burası da aydındır. Amma klassika tənqidçi üçün məqsəd yox, vasitə olmalıdır. Əgər tədqiqatçı özünü bitmiş proseslərin arxivariusu kimi aparırsa, o artıq tənqidçi deyil. Bu iş üçün ədəbiyaytşünaslar var. Tənqid isə ilk öncə bu günün hadisəsidir.

Rüstəm Kamal: Məsələyə hərə bir cür baxa bilər. Məncə, tənqidçi missiyasının səciyyəsinə münasibət baxımından bir-birimizə irad tutmamalıyıq. Mənim bu məsələdə heç vaxt tənqidçi həmkarınma iradım olmayıb.

Əsəd Cahangir: Amma yeri gələndə irad da tutmaq olar və burda elə bir böyük qəbahət görmürəm. Bu iradlarsız sadəcə mümükün deyil. Yetər ki öz iradlarında haqsız olmayasan. Jül Renar öz məşhur gündəliklərində tənqidçini yazıçının xətrinə dəyən oxucu adlandırırdı. Təbiidir ki, tənqidçidə təkcə öz həmkarlarına qarşı yox, hamıya qarşı müəyyən bir profesional etika olmalıdır. Axundov demişkən, o qədər nəzakətlə tənqid etməlisən ki, tənqid hədəfinin heç ruhu da inciməsin. Daha rəhmətlik Rafiq Tağı kimi tənqidçini “ilham atlarının mehtəri” adlandırmamalısan. Bunlar təbiidir ki, təkcə tənqiddə yox, ümumən ədəbi mühitdə gedən etik düşkünləşmənin, mənəvi xaosun, söz azadlığını anarxiya kimi qavramağın göstəricisidir.

Rüstəm Kamal: Ümumiyyətlə, mətndə ədəbdənkənar hökmlər olmamalıdır. Elə yazmalısan ki, istər intellektual, istərsə də etik baxımdan 15 - 20 ildən sonra o yazıya görə utanmayasan. Etiraf edim ki, mən belə şeylərdən özümü sığortalayıram. Ümumiyyətlə, ədəbiyyat təsərrüfatı, ədəbiyyat əxlaqı, ədəbiyyat mədəniyyəti üçün belə ifadələr yaraşmır. O deyimlərin arxasında nə savad, nə səviyyə, nə əxlaq, nə də dünyagörüşü dayanır. O ifadələrin arxasında ancaq qərəz, qısqanclıq qəzəb, hirs dayanır.

Elnarə Akimova: Eyni zamanda, tənqidin öz mövqeyinə zərbə vurur. Son zamanlar ədəbi mühitdəki xoşagəlməz hallar əslində tənqidin özünə qarşı yönəldi. Özünü tənzimləyə, cilovlaya bilməyən tənqid əsərlərə yanaşmada nə qədər inandırıcı ola bilər. Mətnin arxasında tənqidçinin imzası dayanır. İmzanın özü kifayət qədər səbatlı olmalıdır ki, oxucunu öz düşüncələrinin obyektivliyinə inandırsın.

Bəsti Əlibəyli: Tənqidin ədəbiyyata faydasını yüksəltmək üçün, ilk növbədə, daxilən yenilənməyə ehtiyac var ki, buraya etika və münasibətlər də, ədəbi əsər haqqında ictimai rəy yaradılmasında vacib olan tənqidçi həmrəyliyi də, bir-birini sinirə bilmək də daxildir. Dil məsələsinə gəldikdə, düşünürəm ki, ədəbiyyat üçün dil nə qədər vacibdirsə, tənqid üçün də dil o qədər vacibdir. Dil anlaşıqlı və rəvan olduqda hətta akademik araşdırmalar belə geniş oxucu kütləsinin malına çevrilə bilər. Bu baxımdan, məncə, ən optimal yol Nizami Cəfərov kimi, Nizaməddin Şəmsizadə kimi, Əsəd bəy, elə sənin öz üslubun kimi elmi-populyar üslubu birləşdirməkdir. Xanım tənqidçilərdən Elnarə Akimova, Nərgiz Cabbarlı da oxucuyla ünsiyyət qurmağı bacarır. Mənim özümsə olduqca sadə, bacardıqca aydın, qısa cümlələrlə yazıram və bu da mənim prinsipimdir.

Əsəd Cahangir: Bəsti xanımın çıxışında o qədər də incə olmayan bir təzad müşahidə olunur. Əvvəldə deyirdi ki, tənqidin ölümünü deyənlərlə razılaşmaq olar. İndi isə 5 yaxşı tənqidçinin adını çəkir. Ruslar deyir ki, bizdə 10-15 peşəkar tənqidçi var. Əgər nəzərə alsaq ki, Azərbaycan Rusiyanın Moskva vilayəti boydadır, onda bizdə 5-6 tənqidçinin varlığı tənqidin ölümünü istisna etmirmi?

Bəsti Əlibəyli: Tənqidçinin müəyyən məziyyətlərini təqdir etmək, ümumi tənqid metodologiyasını, yanaşma prinsiplərini təqdir etmək deyil. Bu bir ədəbi vicdan məsələsidir. Prinsiplərə, yanaşmalara, tənqiddə milli konsepsiyaya gəldikdə, ciddi dartışmalara girmək olar...

Əsəd Cahangir: Konsepsiya var, ona istinad edilmirsə, bu başqa məsələdir. İlqar Fəhminin bu yaxınlarda “Ədəbiyyat” qəzetində Şah İsmayılla bağlı silsilə yazısı dərc olundu. Sırf milli konsepsiyaya istinad edən estetik və ideolji yazı idi. İlqarın o məqaləsi də, mənim bir neçə il öncə işqı üzü görən “Dəmirbaşlar” essem də sadəcə tənqid yazısı yox, həm də özündə müəyyən konseptual məzmun daşıyan yazılardır və hər ikisi qızılbaşlıq ideyasına köklənib. Çünki bu gün belə yazılara ciddi ehtiyac var. Çünki ədəbi mühitdə müəyyən dəmirbaşlıq meylləri formalaşır. Qərb və Amerika meyarları qarşısında birmənalı və kor-koranə pərəstiş, manqurtlaşma getdikcə total hal alır. Bayaq dedim, bir də təkrar etməli olacam ki, bizdə qərbçiliyin banisi Axundov idisə, o belə deməmişdi.

Rüstəm Kamal: Axundov böyük, amma ziddiyətli şəxsiyyət idi, onun tənqidə münasibəti də həmçinin. Kassik komediyanın prinsipləri ilə baxsaq, Axundov öz komediyalarında bu janrın 5 prinsipindən üçünə əməl etmirdi. Ancaq 200 ildir deyirik ki, Azərbaycanda komediya janrının banisi Axundovdur. Demək, biz hələ janrı müəyyənləşdirə bilməmişik. Janrın poetikasını bilmirik. Dünya isə janrın poetikasını bilir. Nəzəriyyə bizim içimizdədir, qanımıza hopub, biz nəzəriyyəni qarşımıza qoyub yazmırıq. Ona görə də tənqidçi filoloq da olmalıdır, kulturoloq da. O, elə yetişməlidir ki, artıq o müstəviyə gəlib çatsın. Indi elə tənqidi yazılar var ki, hansısa bir ədəbiyyat müəllimi də onu yaza bilər. Rus tənqidində isə müxtəliflik var. Orda Rolan Barta da istinad var, Umberto Ekoya da. Mən tanıdığım tənqidçilərin heç biri nəzəri qəlibi yazıya gətirmir. Bir də var ruslar demişkən, “sepukulyativniye mışleniye”. Yəni kiminsə fikrini oğurlayıb, onun üzərində yazırlar yazını.


Çingiz Əlioğlu: Bugünkü ədəbi-tənqidin ən böyük problemləri dəstəbazlıq və yerlibazlıqdır. Gəlin söhbətin istiqamətini bu məcraya yönəldək.

İlqar Fəhmi: Biz hər şeyi sovet dövrü ilə ölçürük. Biz hələ sozializmlə kapitalizmin arasındayıq. Rusiyada bazar çox şeyi həll edir. Onlarda tənqid də, kitabların estetik yükü də nəşriyyatlar tərəfindən həll olunur. Ona görə də onlar kitabın tənqid işini biznes strukturu kimi götürürlər. Bir dəstə yaradırlar, hansınınsa kitabı çıxan kimi onu təbliğ edirlər, reklam edirlər. Onlarda məqsəd ideya deyil, pul əldə etməkdir. Biz hələ o həddə çatmamışıq, amma istəməsək də, ona doğru gedirik. Biz hələ kapitalizmin bir çox qanunlarını həzm edə bilmirik. Bir tərəfdən azad cəmiyyət və müstəqillik istəyirik, bir tərəfdən də içərimizdə sosializm meylləri qalıb. Bazar inkişaf etdikcə, məqsədli şəkildə dəstəbazlıq da yaranacaq. Çünki bazar qanunlarına doğru gedirk.

Əsəd Cahangir: Necə fikirləşirsən, bu keçidi asanlaşdırmaq üşün ilkin dövrdə bu proses dövlət tərəfindən tənzimlənməli deyilmi?

İlqar Fəhmi: Başqa ölkələrdə estetik təhlil, yaxud ədəbiyyatın o sahələri ki, geniş kütlə üçün deyil, dövlət onların 20-25 faizinə nəzarət edir. Amma 80-85 faiz ozü-özünü saxlayır. Biz də ona doğru gedirik. Biz ömrümüz boyu mənfi kimi gördüyümüz, tənqid elədiyimiz quruluşa doğru gedirik. Getdikcə onun təzahürlərini görürük, antipatiyamız yaranır. Indi kitabın satışı üçün kitab antireklam da olunur, təki mal satılsın.

Əsəd Cahangir: İlqar ədəbiyyatda kapitalizmə keçidin marketinq tərəflərindən danışdı, mən ideoloji yönlərinə diqqəti cəlb etmək istəyirəm. Azadlıq Radiosunun “Oxu zalı”nda bu yaxınlara kimi roman müzakirələri keçirilirdi. Amma mən buna roman müzakirəsi yox, absurdun son həddi deyərdim. Kimsə ağlına gələn bir cızmaqara yazır, ona roman adı verir və “Oxu zalı” əksərən ən səciyyəvi naşılıq örnəyi olan bu cızmaqaraları ciddi bir hadisəymiş kimi müzakirə predmetinə çevirir. Özü də məsələ təkcə bu "romanuşka"ların bədii cəhətdən yarıtmazlığından getmir, onlar əksərən ideoloji yöndən antiazərbaycan xarakteri daşıyır. Əlli amerikan dolları müqabilində bu müzakirələrə cəlb olunan tənqidçilər elə bil fərqinə varmırlar ki, necə bir zərərli meylin formalaşmasına xidmət edirlər. Mən onların bir neçəsinin müzakirəsində iştirak etdim, sonra hiss etdim ki, burda ədəbiyyat söhbəti sadəcə bir maskadır, burda təxribat xarakterli siyasi oyunlar gedir, uzaqlaşdım ordan.

Elnarə Akimova: Tam olaraq deməzdim. Orda Aqil Abbasın da romanı müzakirə edilirdi, Seymur Baycanın da.

Əsəd Cahangir: Aqil Abbasın romanı ora gözə kül üfürmək, əsil məqsədi pərdələmək üçün daxil edilmişdi.

Elnarə Akimova: Doğrudur, orda bədii məziyyətlərinə görə çox aşağı olan əsərlər də vardı. Elə əsərlər vardı ki, mətn haqqında söz deməyə imkan vermirdi. Kəskin tənqid edərkən isə yazıçı mədəniyyətsizliyi baş qaldırırdı. Sonda dəvət olunan müəlliflər, yəni yazıçılar tənqidçilərin ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinmirdilər. Bax, bayaq müzakirə elədiyimiz etikasızlıq sindromunin bir səbəbi də burdan qaynaqlanır. Amma o layihədə saytın redaktoru tərəfindən bizə heç bir fikir diktə olunmurdu. Bizə azadlıq verirdilər, bir cümləmizə belə toxunmurdular. Gəlin etiraf edək ki, həmin əsərlərin təhlili o zaman ədəbi tənqiddə böyük bir canlanma yaratmağa müvəffəq oldu.

Əsəd Cahangir: Elnarə xanım, fərqində deyil ki, ona verilən bu amerikansayağı azadlıq sonra milli düşüncə azadlığını əlindən almaq üçündür? Bəyəm aydın deyil ki, bütün bu roman müzakirəsi-filandan son məqsəd Azərbaycanın gələcək təxribatçılarını, kollaborasionistlərini yetişdirməkdir?

Elnarə Akimova: Əsəd bəy, düşünürəm ki, içində milli bütövlük, milli məfkurə prinsipi olan insan harda olsa, onu qorumağa çalışacaq. Necə ki, çalışdım da. O prizmadan ki, mən mətnə yanaşdım və onun bədii-estetik məziyyətlərini təhlil predmetinə çevirdim, onların istənilən digər yerdə çapına bu gün də müvəffəq olaram və elə o məqalələrdən bir neçəsini “Azərbaycan” jurnalı çap belə elədi. Niyə? Çünki dartışılan yalnız mətn və onun ədəbiyyat müstəvisində yozumu idi.

Əsəd Cahangir: Sənin münasibətindən asılı olmayaraq, əgər kiminsə haqqında danışırsansa, artıq onu reklam edirsən. Üstəlik də bu gün antireklam reklamdan daha böyük təsir gücünə malikdir, yəni oxucu tənqidi fikri daha maraqla oxuyur. Sənin təniqidi yazılarından sonra bilirsən neçə nəfər gedib o tənqid etdiyin adamların kitabını oxuyub? Beləliklə də, sən onun rekalmı işinə xidmət etmisən.

Çingiz Əlioğlu. İndi müəllifdən daha çox layihələr var. Müəyyən insanları bir layihə kimi atırlar ortaya və onun piarı üçün nə lazımdır edirlər. Zaman keçdikcə hər şey ucuzlaşmağa doğru gəlir. Tənqidimiz çox zaman merkantil maraqları güdür. İndi təəssüf ki, vəzifə mövqeyinin ucalığı az qala ədəbi mövqeyin göstəricisinə çevrilib. Maddi durum məsələsi tənqidçilər üçün arı pətəyini xatırladır. Bir imkanlı yazar vardı və bir neçə tənqidçinin eyni vaxtda onun arxasınca getdiyinin şahidi olmuşam. Bu, faktdır. Bütün bunlarla bərabər, şübhəsiz ki, maraqlı tənqidçi imzaları da yetişir. Amma tənqidə suallar da çoxdur. Məsələn, hansısa bir ortabab şair haqqında nə qədər məqalələr yazılır. Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi birlikdə Sabir poeziya almanaxları nəşr edir. Qulu Ağsəs tərtib edir o almanaxları. O almanaxlar haqqında bircə nəfər də məqalə yazmayıb. Bu gün - 21-ci əsrin başlanğıcında Azərbaycan çağdaş ədəbiyyatının inkişafının universal alqoritmlərini göstərən bir dənə də olsun məqalə yoxdur.

Əsəd Cahangir: Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər. Yenə gəlib çıxdıq maddi məsələnin üstünə. Tənqidçi analitik zəkasını ortaya qoyur. Bir məqalə 10-15 günə hazır olur, amma 10-15 illik düşüncənin məhsulu kimi meydana çıxır. Alınan qonorar və maaş normal yaşamağa imkan vermir. Demək istəyirəm ki, ortabab şairin dalınca düşməkdə obyektiv amillərin də rolu var.

Elnarə Akimova: Qonorar məni də qane eləmir. Vahid bir mexanizm olmalı, bu işləri tənzimləməlidir. Bir orqan olmalıdır ki, kimin perspektivi var önə çəksin. Sizin dediyiniz kimi, tənqidçi on-on beş gününü sərf edib hazırladığı məqalədən aldığı qonorarla nəinki on gün, heç bir gün belə dolana bilmir. Yaxşı qonorar həm bu sahənin inkişaf dinamizmi üçün stimuldur, həm də prosesə ardıcıl, fəal müdaxilə üçün vacib amildir.

Çingiz Əlioğlu: Qonorar məsələsi, təkcə tənqidçilərin yox, ümumən ədəbi yaradıcılıqla m

Əsəd Cahangir:Tənqidin qarşısında duran ciddi problemlərdən biri gənc tənqidçilərin yetişməsidir. Son 10 ildə şairlər, yazıçılar sürətlə ədəbiyyata gəlir. Ancaq nədənsə tənqidçi gəlmir. Bir müddətdən sonra gənc tənqidçi imzası defisit olacaq. Necə düşünürsünüz?

Bəsti Əlibəyli: Mən o qədər də bədbin olmaq istəməzdim. Bu yaxınlarda Akademiyanın Nizami adına Ədəbiyyat İnstititunda ilin ədəbi yekunlarına həsr olunmuş müzakirədə mən də iştirak edirdim. Müxtəlif janrlar üzrə, səhv etmirəmsə, 14 məruzə qoyulmuşdu. Vaqif Yusifli, Tehran Əlişanoğlu, Pərvanə Məmmədli və Salidə Şərifovadan başqa bütün məruzələri gənclər, hətta ən yeni nəslə aid olan gənclər etdilər və mən o gün əmin oldum ki, tənqidimizə beyinli, ürəkli və münasibətlərdən yüksəkdə duran bir nəsil gəlir. Gəncləri bütün müşavirə iştirakçıları böyük maraqla dinlədilər, hətta dramaturgiya üzrə məruzə edən Aynurə Mustafayevanın, povest janrı üzrə məruzəçi Maral Yaqubovanın çıxışları o qədər təqdirlə qarşılandı ki, institutun direktoru, akademik İsa Həbibbəyli onlara dərhal doktorluq mövzusu üzərində işə başlamalarını tövsiyə etdi. Demək ki, tənqidimizdəki gələcək defisit barədə düşünmək bir qədər tezdir.

Əsəd Cahangir: Mən sənin bu optimizmini ürəkdən alqışlayıram!

İlqar Fəhmi: İndi reklam kampaniyalarına axın var. Biznes sahəsi istedadlıları özünə çəkir. Başqa ölkələrdə dövlət qrantlarlı ilə dolanan yaradıcı insanların maliyyə qazancı onların dolanmasını təmin edir. Yəni biznesdən gələn pula bərabər olur. Avropada da bu proses gedir. Yəni hər şey maddiyyatın üzərinə gəlib çıxır. Bizdə istedadlı gənclər reklam kompaniyalarına gedir. Dövlətin teatrlara, ədəbiyyata, tənqidə ayırdığı qayğı biznesə bərabər olmalıdır. Dövlətin ciddi sənətlərə ayırdığı pul artmalıdır. Seçim insanın özünə qalmalıdır. Gənc tənqidçi görsə ki, öz intellekti ilə, savadı ilə yazdığı yazı ilə televiziyada apardığı hansısa şoudan daha çox qazanır, o intellektual sahəni seçəcək.

Əsəd Cahangir: Müstəqillik dövrü tənqidinin qabarıq nəzərə çarpan xüsusiyyətlərindən biri də tənqidçilərin bədii yaradıcılığa meyl etməsidir. Nizaməddin Şəmsizadə, Bəsti Əlibəyli tənqidçiliklə bərabər, həm də şeir yazır, hətta şeir kitabları dərc etdirirlər. Vaqif Yusiflinin falçı Məlahət Yusifqızına həsr etdiyi kitabı da tənqiddən publisistikaya keçmək deməkdir. Kamal Abdulla tənqidlə ümumən vidalaşıb, bədii yaradıcılığa keçdi, şeirlər, pyeslər, hekayələr, romanlar yazdı. Ədəbiyyatşünas Vaqif Sultanlı bir-birinin ardınca bir neçə roman dərc etdirdi. Uğurlu olmasa da, Cavanşir Yusifli də mətbuatda şeirlərlə çıxış etdi... Sizcə, tənqidçinin bədii yaradıcılıqla məşğul olmasının onun tənqidi yazılarına necə təsiri olur?

Çingiz Əlioğlu: Nizaməddin Şəmsizadə dostumdur, özünə demişəm sən şeir yazma. Sənin ədəbiyyat haqqında söylədiyin ciddi fikirlər bu şeirlərdə özünü göstərmir. Ancaq tənqidçinin istedadı varsa, qoy yazsın.

Bəsti Əlibəyli: Mən tənqidə şeirdən sonra gəlmişəm. 2012-ci ildə ilk şeir kitabımı çap etdirdim və arxivimdə olan 500-ə qədər şeirdən sadəcə, 50-ni üzə çıxardım. Əslində, onların hamısı normal şeirlərdi və bu günkü şeir müstəvisində qətiyyən solğun görünmürdü. Amma mən o kiçik kitabı şair zövqüylə deyil, tənqidçi baxışıyla tərtib etdiyimdən, çox az şeir seçdim.

Tənqidçi də bir yaradıcıdır və şeir də, nəsr də, pyes də yaza bilər, təbii ki, uğur qazanırsa. Dünyada da bunun parlaq örnəkləri var. Borxes tənqidçi kimi də, şair kimi də, nasir kimi də ədəbiyyata möhür basdı. Bizdə Mövlud Süleymanlı, Dilsuz, Seyran Səxavət, Məmməd Oruc nasirlikdən öncə gözəl şair kimi başlayıblar. Anarın, Elçinin dramaturgiyasını, Ramiz Rövşənin ciddi nəsr əsərlərini, Ilqar Fəhminin qəzəllərini götürək. Demək istəyirəm ki, paralel yaradıcılığa normal baxılmalıdır. Janr rəngarəngliyi istedadın göstəricisi də, istedadın olmamasının göstəricisi də ola bilər. İstənilən halda məsələyə konkret, fərdi yanaşmaq lazımdır.

Əsəd Cahangir: Mən son illər ard-arda iki poema yazdım və başa düşdüm ki, tənqidçilər arasında nə yazdığımı başa düşüb təhlil süzgəcindən keçirə biləcək adam yoxdur. Hətta istəsələr belə, bunu bacarmırlar. Və tənqidçi sözünün, tənqidçi fikrinin şair-yazıçı üçün nə qədər önəmli olduğunu başa düşdüm.

Bəsti Əlibəyli: Hesab edirəm ki, mənim nə yazdığımı başa düşüb təhlil edən tənqidçi yoxdur demək bir qədər qeyri-obyektiv səslənir. “O adam”, “Namaz” poemalarının ilk oxucularından biri mən olmuşam, mətnin ideya-fəlsəfi və poetik qatları üzərində polemik düşüncələrimizi bölüşmüşük.

Doğrudur, ciddi mətbu rəylər olmadı, amma bunu tamamilə intellekt yoxluğu, idrak kasadlığı ilə bağlamaq doğru deyil. Başqa şeylər, məsələn, görməzlikdən gəlmək, qısqanclıq ola bilər, yaxud, münasibətlərin soyuqluğu təsir göstərə bilər ki, bunlar ədəbi fakta münasibətdə yolverilməz xırdaçılıqdır.

İkincisi, tənqidin ölümü barədə fikirlərə görə mənə irad bildirirdin, indisə dolayısıyla özün də bu nəticədən çıxış edirsən. Necə baxaq buna, Rosselini ölüb, ya kino?

Əsəd Cahangir: Əlbəttə, Rosselini ölüb - 1977-ci il, iyun ayının 3-də, kino isə yaşayır.

Rüstəm Kamal: Tənqidçiyə bədii yaradıcılığın müsbət təsiri var. Bir vaxtlar deyirdilər ki, tənqidçi özü roman yazmırsa, o əsəri təhlil edə bilməz. Tənqidçilər üzərinə “səlib yürüşü səbəblərinin bir komponenti də bu idi ki, filan tənqidçi özü roman yazmır, odur ki, o romanı tənqid edə bilməz. Şəxsən mən texnologiyanı bilirəm, şeir, yaxud hekayə yaza da bilərəm. Bir vaxtlar üç şeir yazdım və bəyənildi. Bizdə həvəskarlar çoxdur. Əsl tənqidçinin sayı çox az olmalıdır, çünki bu zəhməti çox olan, “faciəvi” bir sahədir. Tənqidçilik qeyri-rentabelli sahədir. Tənqid üçün qrantlar olmalıdır, hər bir jurnalın ətrafında tənqidçilər olmalıdır ki, rəqabətdə bu jurnalı önə çıxarsınlar. Milli-mədəni özəlliklərimizi önə çıxaran tənqidimiz olmalıdır. Marginal yazıçılar var, onlar haqqında yazılmalıdır. Biri elə Çingiz Əloğlu! Davamçısı da yoxdur, ənənəsi də, özünəməxsus yazır. Hamı da bilməlidir ki, bu şairin özəlliyi nədədir. Bu tipli şairlərdən yazmaq da çox çətindir. Bir var qoşma, gəraylı yazan şairlər, onlar haqqında yazmaq asandır. Elə yazıçılar da var ki, haqqında bir cümlə yazılmayıb. Amma elələri də var ki, haqlarında çox yazılmasına baxmayaraq, onları xaricə çıxarmaq olmaz. Çünki yazı texnikaları buna imkan vermir, yazdıqları heç lokal hadisə də deyil.

Ilqar Fəhmi: Baxaq görək nəyi ummaq lazımdır tənqidçidən. Şeirdə elə bir cövhər var ki, heç sözə belə gəlmir, sözlə ifadə eləmək olmur. Nəsrdə də var bu. Mən onu mistika adlandırıram. Yazıçının mistikası var, tənqidçi ona toxuna bilmir heç vaxt. Tənqidçi çox vaxt həmin mistikanın üzərinə düzülmüş fəlsəfənin, düşüncənin, fikrin üzərində gəzişir, onları izah edir. Əslində, həmin nöqtəyə toxunmağı ummaq da lazım deyil tənqidçidən. Amma yazar özü əsər haqqında yazanda həmin nöqtəyə toxuna bilir. Halbuki, tənqidçinin toxunduğu genişliyi də o yarada bilmir. Amma həmin o nöqtə ki var, ona toxuna bilir. Heç o nöqtə oxucuya da lazım deyil. Oxucu onun ətrafındakıları daha çox sevir. Ona görə həmin o nöqtəyə toxunan tənqid az olmalıdır kəmiyyət etibarilə.

Rüstəm Kamal: Bizdə ədəbi menatalitet də mövcuddur. Janrlar haqqındakı fikirlər o qədər suxurlaşıb ki, biz ondan kənara çıxıb qeyri-adi nə isə yaza bilmirik. Bizdə qoşma, gəraylı musiqi sədaları altında oxunur, ən mənasız qadın şairinin şeirini oxuyurlar məclisdə, bəh-bəhlə qarşılayırlar. Artıq stereotiplər dağıdılmalıdır. Stereotiplərin dağılmasını da tənqidçilər, kulturoloqlar həyata keçirməlidir. Qoy Azrbaycandan da Rolan Bartlar yetişsin. Yeni filoloji dilə, yeni filoloji və estetik təfəkkürə gələk. Millət dəyişir, sosial mühit dəyişir, yeni model binalar tikilir, amma ədəbiyyat evinin binası dəyişilmir.

Əsəd Cahangir: İyirmi beş ildir ki, müstəqil dövlətimiz var, sovet rejiminin iqtisadi, siyasi buxovundan azad olmuşuq. Amma tənqidimiz də azad olubmu? Bizdən hamı cəsarətli fikir tələb edir. Bəzən tələb edirlər ki, filan əsəri niyə tənqid etmədin? Amma özlərinin bir cümləsinə toxunduqda haray-həşir salırlar. Sizin fikrinizcə, Azərbaycan tənqidinin ən böyük problemi onun azadlığı deyilmi?

Bəsti Əlibəyli: Yaradıcı insanın azad olması üçün təkcə siyasi azadlıq yetmir, o, sosial baxımdan da asılı olmamalıdır. Bu sonuncu şərti gözə alsaq, bizdə azad ola biləcək yazar çox azdır. Fədailik etməyə isə hər kəs həvəs göstərməz.

Rüstəm Kamal: Ümumiyyətlə ədəbiyyat azadlığın məhsuludur. Hansı xalqda ki, azadlıq var, orda ədəbiyyat da var. Mən on doqquzuncu əsrlə bağlı araşdırma aparırdım, gördüm ki, o dövrdə də kasıb şairlər mədhiyyələr yazıblar ki, pul alsınlar. Bəzən azadlıq adı altında hərc-mərclik də baş alıb gedir. Həqiqəti deyirəm adıyla ağlına gələni yazmaq da düzgün deyil. Əksinə, azadlıq qədər də əxlaqi olan heç bir dəyər yoxdur. Biz istədiyimizi yazmalıyıq. Amma Azərbaycan ədəbiyyatının palitrasına baxaq. Fantastika ölüb, döyüş ədəbiyyatı, uşaq ədəbiyyat, nağıl janrı yoxdur. Bizim yazarların enerjisi on doqquzuncu əsrdə mollalara həsr olundu, sevgi əsərləri yaranmadı, roman yaranmadı. İndi isə enerjimiz özünüreklama, mədhiyyəyə yönəlib. Bir dənə də şəhər romanı yoxdur. ədəbiyyatda hadisələr baş vermir. Bakı şəhərinin obrazı ədəbiyyatda yoxdur. Azadlıq olmasa, itədiyimizi yaza bilmərik.

Çingiz Əlioğlu: Mənim Bakı haqqında böyük poemam var, orda Bakı obrazını vermişəm. Şeirlərmin birində deyirəm.

Mən azadlıq quluyam, demək yoxdur azadlıq.

Azadlığın buxovları daha ağırdır. Şair əslində məhkum olunmuş adamdır.

Əsəd Cahangir: İlqarın da Bakı haqqında orijinal bir romanı var - "Bakı tarixindən kollajlar". Məncə, tənqidin bir problemi də ədəbi prosesi lazımınca izləməmnəkdir. Bu yöndən Vaqif Yusifli və Tehran Əlişanoğlnun fəaliyyətini yüksək dəyərləndirmək olar. Məncə, onlar hətta lazım olduğundan da artıq oxuyurlar. Lazmısız zir-zibili oxumaq beyni izafi yükləmək deməkdir. Bir də səhərdən-axşama qədər oxuyursansa, Eynşteyninin sözü olmasın, bəs nə vaxt düşünürsən? Oxuduqlarını idraki həzmdən keçirmək üçün də vaxt ayırmalısan axı.

Elnarə Akimova: Tənqidin azad olması üçün düşünürəm ki, azad şəxsiyyət və azad bir tribuna olmalıdır. Nə qədər ki, bu tribuna yoxdur tənqidçi hansısa bir institutun yedəyində, yaxud hansısa bir qəzetin, hansısa bir bədii orqanın əlavəsi olaraq çıxış edəcəksə, o azad olmayacaq.

Əsəd Cahangir: Siz Tehran Əlişanoğlunun baş redaktorluq etdiyi “Tənqid.net” jurnalında ardıcıl olaraq çıxış edirsiniz. Bəyəm azad deyildiniz orda?

Elnarə Akimova: Jurnal artıq dərc olunmuş materialları verir. O, tənqidin mənzərəsini özündə əks etdirir, amma sırf konseptual orqan kimi tənqidçiləri ətrafına yığmağa onun büdcəsi yoxdur. O, heç özünün nömrələrini nəşr etmək imkanına malik deyil. Amma bizim içimizdə bir ədəbiyyat sevdası var. Heç bir təmənna güdmədən də yaza bilirik. Digər tərəfdən, tənqid eyni zamanda kolllektiv zəkadır axı. Yəni bir əsər haqqında eyni zamanda bir neçə mövqenin ortaya qoyulmasıdır, dartışılmasıdır. Buna olan əks-sədanı eyni anda göstərməkdir. Mən istəyirəm bir tribuna olsun, biz hamımız onun başına, necə deyərlər, bir ocaq başına yığışaq. Onda həm bizim fəaliyyətimiz, həm də ədəbiyyatın mənzərəsi görünər.

Əsəd Cahangir: Doğru deyirsən ki, bir ocağın ətrafına yığışmalıyıq, çünki artıq xaos dövrü başa çatıb. Amma bu ocağın hansısa büdcəsi, imkanı olmayan dərgi yox, 200 səhifəlik, böyük nüfuzu olan “Azərbaycan” jurnalı olması daha məntiqi və real deyilmi? Yaxud "Ulduz" jurnalı və yaxud "Ədəbiyyat qəzeti".

Xaos dövrü sənətin başqa sahələrində artıq başa çatıb, məsələn, teatr sahəsində. Yadınızdadırsa, 90-cı illərdə nə qədər oyuncaq teatr yaranmışdı - Afaq Bəşirqızının "Bəşir teatrı", İlham Namiq Kamalın "İlham" miniatür teatrı, Lətifə Əliyevanın "Haray" teatrı... və sair və sair. Teatr həyatı öz normal məcrasına qayıdan kimi bu teatrların lüzumsuzluğu da üzə çıxdı. O aktyorlar da əsas teatrlara qayıtdılar. Eyni sözü mətbuat orqanları haqqında da demək olar. Azərbaycan bədii sözünün “milli teatrı” da “Azərbaycan” jurnalıdır. Niyə hamımız sözümüzü burda deməyək ki?

Elnarə Akimova: “Azərbaycan” jurnalı məlum statusu ilə bağlı bütün tənqidi yazıları vermək imkanına malik deyil. “Ədəbiyyat qəzeti” isə bir ocaq olmaq baxımından artıq öyünə bilər. Həm müxtəlif nəsilləri, həm də tənqidçi imzalarını bir araya cəm etmək baxımından qəzetdəki çevrilişi etiraf etmək lazımdır.

Əsəd Cahangir: İnanın ki, yazıçının müəyyən normalara tabe olması mahiyyətcə onun xeyrindəir. Bu ən azı onu öz fikrini daha kamil ifadə etməyə yönləndirir.

Rüstəm Kamal: Mən elə hesab edirəm ki, tənqidçi yazıçı üçün kim olursa-olsun bizim tənqidi mətnlər artıq kultorologiyanın, fəlsəfənin, ədəbiyyaın mətnlərinə çevrilməlidir. Əhməd bəy Cəfəroğlunun, Berdayayevin, Lev Şestovun mətnləri kimi yüksək səviyyədə olmalıdır. Əgər mətn yüksək səviyyədə olarsa, hər şair də bizə yaxın düşə bilməz. Biləcəklər ki, klassiklər var, yaxşı şairlər var. Elə şairdən yazmaq lazımdır ki, bu şairdən yazmaq artıq bu millətdən yazmaq demək olsun. Belə olsa, biz özümüz də istər-istəməz, yaxşı mənada, ideologiyanın bir qoluna çevrilərik. Yəni bu millətin getdiyi yolun tərkib hissəsi olaraq ona xidmət eləmiş olarıq. Yoxsa pərakəndəlik, onun-bunun atmacasına getmək bizi çaşdırar, bizim həmrəyliyimizə, səfərbər olmağımıza, estetik dəyərləri müəyyənləşdirməyimizə mane olur.

Çingiz Əlioğlu: Jurnalların öz tənqidçiləri olmalıdır və jurnal tənqidçiyə mövzu verməlidir. Jurnal bir aktual problem qoyur ortaya və sifariş alan tənqidçi həmin materialı işləyib verir jurnala. Ədəbi jurnal həm də istiqamətverici bir orqan kimi çıxış etməlidir. Nəzərə almaq lazımdır ki, indiki şəraitdə bütün toxunduğumuz və toxunmadığımız problemlərlə birlikdə ədəbiyyat tənqidçisi müharibə vaxtı əlində bayraq tutub yolayrıcında istiqamət göstərən bayraqdar kimi yol göstərməlidir. Tənqid ədəbiyyatın istiqamət verəni olmalıdır.

Əsəd Cahangir: Hörmətli müzakirə iştirakçıları, tənqidin problemlərindən xeylu danışdıq, hələ xeyli də danışa bilərik. Amma nəzərə alın ki, müzakirənin öz vaxt limiti var və məncə, artıq başa çatıb. Sadəcə, söhbət o qədər maraqlı getdi ki, vaxtı bizə əməlli-başlı unutdurdu. "Azərbaycan" jurnalı redaksiyası və oxucularımız adından sizə müzakirədə iştirakınıza görə minnətdarlığımı bildirirəm.

-SON-

# 1729 dəfə oxunub

Müəllifin son yazıları

# # #