Seymur Baycan: “Məni redaktə etsələr çox az şey qalacaq”

Seymur Baycan: <span style="color:red;">“Məni redaktə etsələr çox az şey qalacaq”
21 aprel 2017
# 12:05

Kulis.az Seymur Baycanla müsahibəni təqdim edir.

- Seymur, son kitabının çapından üç aydan çox vaxt keçsə də reaksiyalar əvvəlki kitablarına baxanda zəif oldu. Səncə, bunun səbəbi nədir?

- Sualı xeyli yumşaq vermisən. Reaksiya zəif olmayıb, reaksiya ümumiyyətlə yoxdu. Səbəb bir deyil, bir neçədir. Ölkədə deyiləm, kitabın təqdimatı keçirilməyib. Oxucularımın çoxu ölkəni tərk edərək dunyanın dörd bir tərəfinə səpələniblər. Bir çoxu kitab hayında deyillər, başları problemlərinə qarışıb. Həm də, açığın desəm, daha əvvəlki kimi həvəsli deyiləm. Əsas odur, kitab nəşr olunub. Bunun özü də az iş deyil. Mənim üçün indi əsas prinsip oxuyan oldu-olmadı yazmaqdı.

- Bundan əvvəl də hekayələr kitabı yazmışdın, son illər hekayə janrına belə aktiv müraciət etməyinin səbəbi nədir?

- Yəqin ki, ümumi ovqatımın nəticəsidir. Həcmi çox olmayan, amma tutarlı bir mətn yazmaq istəyirəm.

- Kitabın adı niyə “Gecikmiş hekayələr”dir?

- Kitabdakı hekayələrin çoxu həqiqətən də gecikmiş hekayələrdir.

- Bir müəllif kimi sənin üçün gecikmiş hekayələrdi ,yoxsa dövr üçün?

- Dövr üçün, amma bir məsələ var ki, kitabın ideyasını nəzərə alanda hər şey rahat yerinə oturur. O hekayələrin bir çoxun ayrıca nəşr etsən, sual yarana bilər; ilin-günün bu vaxtı adam niyə belə, bu mövzuda hekayə yazıb. Kitaba “Gecikmiş hekayələr” adını qoymaqla bir növ özümü sığortalamışam.

- Kitabda yer alan bəzi hekayələrin Sovet dövründən bəhs edir. Günümüzlə heç bir əlaqəsi yoxdur. Bu hekayələri yazmaqda səbəb nədir?

- Bir növ istədim bəy, xan dövründən günümüzə qədər tariximizdə baş verən bir çox hadisələri hekayə formasında yazım. Təxminən 55-60 hekayə yazmalı idim. Alınmadı. 43 hekayə yazdım. Azərbaycan Sovet yazıçıları o qədər dayazdılar ki, hətta onlardan oğurlamaq olmur.

- Hekayələrin adının altında kursivlə xüsusi arayış da vermisən: klassik hekayə, antiutopik hekayə, yerli əhəmiyyətli hekayə və sair. Bunlar nədən ötrüdür. Oxucunu yönəltmək, yoxsa?

- Hə, o arayışlar, həm də oxucunu yönəltmək üçün yazılıb.

- Bəzi arayışlar isə belədir: alınmamış hekayə, yarımçıq hekayə, mənasız hekayə. Belə sual doğur: hekayə alınmayıbsa, yarımçıq və ya mənasızdırsa o zaman niyə çap edirdin?

- O arayışlar olmasaydı, həmin hekayələri həm yazmaq, həm də çap etmək çətin olardı.

- Niyə?

- Məsələn, “İki stansiya arasında hərtərəfli böhran” hekayəsinə alınmamış hekayə arayışı verilib. Əgər bu arayışı verməsəydim o hekayəni yazmağa risk etməzdim. Alınmamış hekayə arayışı verməklə özümü sığortalayıram. Özümə qarşı olan şübhələrdən yaxa qurtarmağa çalışıram.

- Bəzi hekayələri özün də etiraf etdiyin kimi Sovet yazıçılarından “oğurlamısan”. Özü də aralarında eləsi var deyəsən, sadəcə bir-iki cümlə dəyişmisən.

- İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Süleyman Vəliyevin, Fərman Eyvazlının, Fərman Kərimzadənin, Əli Vəliyevin, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Seyfəddin Dağlının, Mövlud Süleymanlının, Vidadi Babanlının, Əlibala Hacızadənin və xeyli digər yazıçıların əsərlərindən hazır mətnləri götürüb istifadə etmişəm. İstəyirdim, hadisənin bəhs etdiyi dövrün ab-havası hekayədə hiss olunsun. Ən əsası hekayədə kolorit olsun. Yeri gəlmişkən, bizim ədəbiyyatda kolorit yox səviyyəsindədir. Oxuduqlarım arasında bir az Süleyman Rəhimovun “Saçlı” romanında kolorit hiss etdim.

- Hekayələrin kitaba xüsusi qayda ilə düzülüb, yoxsa təsadüfi? Kitabda yer alan hekayələr sanki sona doğru daha təsirlidirlər.

- Hə, xüsusi qaydada düzülüb. Hekayələr ardıcıl oxunmalıdır.

- Adətən müəlliflər çalışırlar ki, kitabın redaktəsi ilə ciddi imzalar məşğul olsunlar. Amma sən, deyəsən, belə məsələlərə heç diqqət etmirsən.

- Ciddi imzalar kitabı redaktə etsələr, məndən orda çox az şey qalacaq. İstəyirəm, bütün səhvlərimlə özüm olum.

- Sənin dilinlə bağlı ciddi ittihamlar səsləndirirlər. Səncə, haqlıdırlarmı?

- İttihamlar səslənirsə, deməli, nəsə bir əsasları var. Amma mən süni şəkildə bədiiləşdirilmiş, mürəkkəbləşdirilmiş, süni şəkildə yüklənmiş, yeri gəldi-gəlmədi arxaik, dialektik sözlərin istifadə olunduğu dili qəbul edə bilmirəm. Cümlə hətta uzun olsa belə, aydın olmalıdır, informasiya verməlidir və oxuyan kimi oxucunun düz beyninin ortasına düşməlidir.

- Kitabda yer alan bir neçə hekayə o qədər ibrətamizdir ki, (“Cəfər müəllim”) az qala dərsliklərə salmaq olar.

- Həmin hekayə elə ibrətamiz hekayə kimi yazılıb. Əgər hekayənin adının altında mötərizədə ibrətamiz hekayə sözləri yazılmasaydı, həmin hekayəni yaza bilməzdim.

- İstəməzdin “Cəfər müəllim” dərsliklərə salınsın?

- Yox istəməzdim. Mənim dərsliklərdə nə işim var?!

- Bəzi hekayələrində isə xarakter yaratmağa çalışmısan. Məsələn, “Ağ atlı oğlan”, “Tikdirənlər və sökdürənlər”, “Həvəskar ovçu”, “Qanadı qırılmış quş da uçarmış” hekayələrində qadınları fürsətcil, hiyləgər kimi təqdim etmisən? Bu mövzuda publisistik yazılarına da nəzərə alsaq, qadınlara qarşı neqativ münasibətin deyəsən hələ də dəyişməyib.

- Bu münasibət Balzakın, Floberin, Moppassanın, Andre Moruanın, Şopenhauerin, Otto Veyningerin, Elias Kanettinin əsərlərinin təsiri ilə yaranıb. Hələ də bu təsirdən çıxa bilməmişəm. Məndə heç bir günah yoxdur.

- “Naməlum qapıçı” hekayəndə belə bir yer var: “Yeri gəlmişkən, o vaxt mənə çox böyük yaxşılıq etmiş Aynurə adlı tibb bacısına, polkovnik Alxasova hədsiz təşəkkürümü bildirirəm. Hardan bilmək olar, bəlkə onların yaxınlarından, onları tanıyanlardan kimsə bu hekayəmi oxuyub təşəkkürümü çatdırdı”. Camaat “belə salam göndərmələri” televizorda görəndə qınayır, sənsə lap qabağa gedib hekayədə eləmisən. Səncə, bədii əsərdə bu nə dərəcədə düzgündür?

- Gəl o hekayənin yazılmasının tarixçəsini danışım. Deməli, Elçin Cəlilov bir gün dedi ki, sayt üçün futbol mövzusunda bir yazı yaz. Mən də dedim futboldan o qədər də başım çıxmır. Dedi nə istəyirsən yaz, amma mövzu futbolla əlaqəli olsun. Mən də həmin naməlum qapıçı hekayəsini yazdım. Bir də gördüm Araz Önər yazıb ki, bəy, bu hekayə məni dəli elədi. Hansı vəziyyətdə olmusan o hekayəni yazanda? Daha sonra Zərdüşt Əlizadə ilə bir tədbirdə görüşdük. Zərdüşt bəy dedi ki, “Naməlum qapıçı” yaxşı hekayə idi və mənalı-mənalı güldü. Bir neçə belə reaksiyadan sonra hekayəni bir daha təkrar oxudum və gördüm ki, qəribə bir mətn alınıb.

Qaldı yuxarıda qeyd etdiyin göndərməyə, ürəyimdən keçdi, yazdım. Aynurə yaddaşımda işıqlı bir insan kimi qalıb. Qara qaş, qara göz bir qız idi. Şöbədəki bütün xəstələrin üstünə qışqırırdı, məndən savayı. Buna, üstümə qışqırmamağına çox sevinirdim. Bir gün oturub Konstantin Fedinin “Qəribə yay” əsərini oxuyurdum. Yaxınlaşdı. Soruşdu, nə oxuyursan. Kitabın üz qapağını göstərdim. Dedi, maraqlıdır? Dedim, hə. Mənə iki dənə soyutma yumurta verib getdi. Ümumiyyətlə, demək olar ki, bütün təmənnasız yaxşılıqları zaman-zaman xatırlayıram. Unutmamağa çalışıram. Minnətdarlıq duyğusu ali duyğudur.

- Tiflisdən Azərbaycan ədəbiyyatı necə görünür, ədəbi prosesi izləyə bilirsən?

- Çox acınacaqlı görünür. Ölkədə düz-əməlli bir ədəbiyyat müsabiqəsi yox, normal qonorar verən ədəbiyyat jurnalı yox, səncə, necə görünə bilər? Gürcüstan 2018-ci ildə Frankfurt Kitab Festivalında qonaq ölkə kimi iştirak edəcək. Məsələdən agah olan adamlar bunun nə demək olduğunu bilirlər.

- Artıq neçə ildir Gürcüstandasan. Oranın ədəbi mühitinə qoşula bilmisənmi?

- Bir neçə şair və yazıçıyla şəxsi münasibətim var.

- Artıq neçə kitabın rus dilinə çevrilib. Reaksiya necədi?

- Bunu bir neçə dəfə demişəm, əgər kitablarım rus dilinə çevrilməsəydi, həqiqi oxucu necə olur, həqiqi oxucu rəyi nə deməkdir, bunları bilməyəcəkdim. Gənc yazıçılara məsləhətlərimdə də vurğulamışam. Mütləq ingilis, alman, fransız dillərindən birini, hətta deyərdim, ikisini öyrənmək lazımdır. Başqa ölkələrdə nəşr olunmaq, ədəbiyyat festivallarında, müsabiqələrində iştirak etmək vacibdir. Ümidini Azərbaycan oxucusuna bağlayan yazıçını heç bir ciddi aqibət gözləyə bilməz. Azərbaycanda oxucu yoxdur. Tam səmimi deyirəm, başqa dil bilsəydim, Azərbaycan dilində bir cümlə də yazmazdım və hər dəfə Azərbaycan dilində mətn yazanda özümü dərindən təhqir olunmuş adam kimi hiss edirəm. Əlacım yoxdur, özüm özümü təhqir etməkdəyəm. Çünki Azərbaycan dilindən savayı heç bir dili bilmirəm. Bu, mənim üçün faciədir.

- İndi nə yazırsan? Yeni roman gözləyəkmi?

- İndi alınmamış hekayələr yazıram. Rahat yazmaq istəyirəm. İstəmirəm, alındı, yoxsa alınmadı suallarından əziyyət çəkim. . Alınsa, lap yaxşı. Alınmasa da, adı üstündədir.

# 1138 dəfə oxunub

Müəllifin son yazıları

# # #