Camal Yusifzadənin bir şeiri – Qardaşxan Əzizxanlı yazır

Camal Yusifzadənin bir şeiri – Qardaşxan Əzizxanlı yazır
20 fevral 2017
# 16:01

Camal Yusifzadənin xatirəsinə

Onun bu şerindən çoxdan yazmaq istəyirdim. Hələ sağlığında. Yaradıcılığı haqqında yox. Ancaq bu şerindən. Nə bilim, bəlkə də, elə, deməli, poeziyasından... Könlümə düşdükcə, əzbərdən deyirdim. Zümzümə edirdim də.

Ölüm xəbərini haradan, necə aldığım indi yadımda deyil. Amma Camalla birgə televiziyada çalışan Qorxmaz Şıxalıoğlu ilə onun barəsində xeyli danışdıq, danışdıq... Elə Camalın 2009-cu ildə nəşr olunan bugünkü qar kimi bəmbəyaz cildli, “ön söz əvəzi” Əli Kərimin vaxtilə Camala yazdığı “Uğurlu yol”la başlayan “son söz”ü Rəsul Rzanın “Zəmanət”i ilə qurtaran “Poeziya” kitabını da Qorxmaz mənə çatdırmışdı. Onunla az əvvəl Camala ismarıc göndərmişdim ki, mənə içində O ŞEİRİ olan kitabını versin. Şair belə bir avtoqraf da yazmışdı: “Qardaş Xan, biz eyni yağışda islanmış adamlarıq və inanmıram ki, nə vaxtsa, “islanaq” (!!) və ya quruyaq!”

Bəd xəbəri eşidəndə Ələkbər Salahzadəni xatırladım. Çünki bildiyim qədər oxşar ölümlə getdilər. Həyatda da bənzəyişləri vardı. Hər ikisi sadə, təvazökar... Hər ikisinin fərqli, yenilikçi yaradıcılıqları diqqət çəkirdi.

Ələkbərin də, Camalın da hüzür məclisində onlar barəsində ürəyimdən gələnləri yazmaq hissi məni tərk etmədi.

Bu qəbir... yağışa düşüb ömürlük

...Qismət belə gətirdi. Lənkərana getdim. Qardaşı nəvəsi ilə birgə Camalın qəbrini ziyarət etdim. Camaldan danışdı: “Mən ali məktəbə qəbul olunanda uşaq kimi sevinirdi... Son vaxtlar rayona tez-tez gəlirdi. Ölümündən bir həftə qabaq da gəlmişdi. Eşitdi ki, qəbiristanlıqda təzə yer götürmüşük. Dedi, gedək baxaq... “Təzə yerə” baxanda bir lətifə danışdı: “Bir nəfər hüzür sahibinə üç manat verir ki, al bu pulu, bağışla, mərhumun 3-nə gələ bilmədim. Hüzür sahibi qayıdır ki, 5 manat da üstünə qoy, istəyirsən heç 40-na da gəlmə!”. Sonra köks ötürüb: “Onsuz da hamımız bura gələcəyik” dedi. Bir həftə keçmədi ki, “gəldi...”

...Bu şəhərdən heç kim belə bir şeir yazmayıb. Bəlkə heç vaxt heç kim yazmayacaq da; “Bir axşam taksidən düşdüm payıza” kimi hüznlü misralarla ləbaləb dolu bir şeirdi o...

Camalın yaradıcılığında həmin şeir qədər poetik mətn tanımıram. Nə “Qışam, qışam, qışam mən”, nə “Ula, alabaş”, nə “Ay qonşu, bu evin yiyəsi hanı”, nə də... Bu şerin nə Camalın özündə, nə başqalarında oxşarı yox, məncə... Nə gizlədim, təbiiliyinə, strukturuna... bir sözlə, bənzərsizliyinə görə mənə ilk məhəbbət qədər sevimli gələn bu şeirə elə vurulmuşam ki, “əbədiyyət nəğməsi"dir sanki məndən ötrü...

Bu şeir yağışa düşüb ömürlük...

Qardaşxan Əzizxanlı

BU ŞƏHƏR YAĞIŞA DÜŞÜB ÖMÜRLÜK

Bu şəhər yağışa düşüb ömürlük,

Bu şəhər yağışda islanıb tamam.

Gözümü açanı

Dəniz görmüşəm;

Kükrəyən, çağlayan,

Təmiz görmüşəm.

Bu dəniz yağışa düşüb ömürlük,

Bu dəniz yağışda islanıb yaman.

Gözümü açanı

Meşə görmüşəm;

Qızılı yarpağı,

Yaşıl talanı

Yuyulub-silinmiş

Şüşə görmüşəm.

Bu meşə yağışa düşüb ömürlük,

Bu meşə yağışda islanıb yaman.

Gözümü açanı

Duman görmüşəm.

Dumanı həmişə

Daman görmüşəm.

Görmüşəm tül kimi,

Əfsanə kimi;

Sərilib yuxuma,

Məhəbbətimə,

Aparıb huşumu

Sirli aləmə.

Bu duman ömürlük yağışa düşüb,

Bu duman yağışda islanıb yaman.

Yuyula-yuyula

Açılar səhər,

Yuyula-yuyula

Ağarar axşam.

Nə vaxtdır yağışda yuyulmamışam!

Bu şəhər yağışda islanıb tamam,

Bu axşam yağışda ağarıb yaman.

# 1525 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #