“Yumurtanı göyçək, güllü boyardıq, çaqqışdırıb sınanların soyardıq”

“Yumurtanı göyçək, güllü boyardıq, çaqqışdırıb sınanların soyardıq”
20 mart 2013
# 09:30

Kulis.Az böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasından bir parçanı təqdim edir.

Bayram olub, qızıl palçıq əzərlər,

Naqqış vurub, otaqları bəzərlər,

Taxçalara dizmələri dizərlər

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Baxıcının sözü-sovu, kağızı

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi

Qızlar deyər: "Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə".

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq,

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,

Gahdan yenib küləşlərin kürərdi,

Dağdan da bir çoban iti hürərdi,

Onda gördün, ulaq ayaq saxladı,

Dağa baxıb qulaqların şaxladı.

Axşambaşı naxırınan gələndə,

Qoduqları çəkib vurardıq bəndə,

Naxır keçib gedib yetəndə kəndə,

Heyvanları çılpaq minib qovardıq,

Söz çıxsaydı, sinə gərib sovardıq. .

Yaz gecəsi çayda sular şarıldar,

Daş qayalar seldə aşıb karıldar,

Qaranlıqda qurdun gözü parıldar,

İtlər gördün, qurdu seçib ulaşdı,

Qurd da gördün, qalxıb gədikdən aşdı.

# 3693 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #