"Nobel komitəsi söyüş qoyub ki..."AÇIQLAMA

<b>"Nobel komitəsi söyüş qoyub ki..."</b> – <span style="color:red;">AÇIQLAMA
6 oktyabr 2017
# 16:18

2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi yapon əsilli Britaniya yazıçısı Kazuo İşiquro oldu. Keçən il mükafatın Bob Dilana verilməsi ədəbi çevrələrdə narazılıq yaratmışdı. Budəfəki seçimi çoxları ədalətli hesab edir və ədəbiyyat naminə uğurlu bir seçim olduğunu düşünür.

Nobel komitəsinin seçimi nə qədər ədalətlidir? Kazuo İşuquro bu mükafata layiqdirmi?

Kulis.az Azərbaycan yazarlarından məsələ haqqında münasibət öyrənib. Cavabları təqdim edirik.

İlqar Fəhmi

Murakami daha maraqlıdır. Onların deyəsən Murakami ilə şəxsi qərəzliyi var, söyüş qoyublar ki, verməyəcəklər ona...

Mən neçə ildir Haruki Murakaminin Nobel alıb-almayacağına azarkeşlik edirəm. Və düşünürdüm ki, əvvəl-axır Nobel komitəsi bəzi stereotipleri sındıracaq. Amma görünür ki, biz şərqlilər stereotip əsiri kimi təqdim olunmağımıza rəğmən onlar daha konservativdirlər. Murakamiyə heç cür ciddi yazıçı statusu vermək istəmirlər. Çünki əsərləri çox oxunur, kütləvi yazıçı möhürü var üstündə. Lakin onun əsərlərini heç vaxt kütləvi ədəbiyyat hesab eləməmişəm. Həm də tək mən yox, ümumiyyətlə bir çox tanınmış ədəbiyyat xadimləri Murakamini zahirən sadə, daxilən dərin yazıçı kimi qəbul edirlər. Ancaq görünür ki, Nobel komitəsinin onunla nəsə şəxsi qərəzliyi var, ya nəsə başqa səbəb var, bilmirəm...

O ki, qaldı Kazuo İşiquroya, o da yaxşı yazıçıdır, maraqlı romanları var, ancaq zənnimcə Murakami zirvəsinə çatmağına hələ çox var. Murakaminin yazıçı təxəyyülü və yazı stixiyası bu saat dünyada çox nadir yazıçılarda var...

Nəriman Əbdürrəhmanlı

Ötən il Bob Dilanın mükafata layiq görülməsini nəzərə almasaq, Nobel Komitəsinin seçiminə çoxdandır ki, təəccüblənmirəm. Komitənin öz kriteriyaları var, o kriteriyalar da əksər hallarda mütəxəssislərin və oxucuların fikri ilə üst-üstə düşmür. İşiquronun yaradıcılığıyla ümumən tanışam, cəmi bir əsərini oxumuşam. Yüksək peşəkardır, amma ingilis dilində, ingilis dünyagörüşüylə, əsasən ingilis həyatından (ilk əsərləri istisnadır, amma o əsərlərdə də yapon yox, qərbli təfəkkürü hakimdir) yazdığına görə, ruhən məni çəkməyib. Mənə görə, bu dəfə mükafat yapon yazıçısına yox, yazıçıya verildi, bu da ən pis variantlar arasında ən yaxşısıdır...

Aqşin Yenisey

Ankarada getdiyim kitab dükanlarında kitabına rast gəlməmişəm indiyə kimi. Heç Bakıda yapon ədəbiyyatı antologiyası hazırlayanda da belə bir yazıçı ilə qarşılaşmamışdım, deyəsən. Təsadüfən qabağıma çıxmasa, İşuquro Nobel mükafatı alıb, ay aman, tez qaçım oxuyum deyə də axtarmayacağam. Oxunası xeyli ciddi kitab var.

Seyfəddin Hüseynli

Kazuo İşiquronun Nobel mükafatı qazanması düşünürəm ki, bir neçə baxımdan əhəmiyyətli hadisədir. Birincisi, keçən il Bob Dilana mükafat verilməsi dünyada müəyyən ədəbi dairələrdə Nobelə qeyri-ciddi münasibəti formalaşdırırdı. Düşünürdülər ki, mükafat sağa-sola paylanır, ciddi imzalardan yan keçir, qeyri-ciddi meyllərlə bağlıdır. İkincisi, ənənəvi bir fikir var ki, Nobeli siyasi amillərə görə verirlər. Amma bu dəfə izlədiyim qədəri ilə əksəriyyətində bir mənalı mövqe vardı ki, bu artıq ədəbiyyatdır, mükafat ciddi nasirə verilib. Düzdü, İşiquroya rəqib olanlar mükafatın seçimində mübahisələr doğura bilər. Hesab edirəm ki, bu da normaldır. Ancaq ədəbiyyat naminə deyə bilərik ki, İşiquro müasir dövrün ən ciddi ədiblərindən biridir. Ədalətli seçim olmağına gəldikdə isə, düşünürəm ki, bizim ədalət anlayışımızla Nobel komitəsinin ədalət anlayışı üst-üstə düşməyə bilər. Bu da aydın məsələdir. Ədəbiyyatın mənafeyi baxımından hesab edirəm ki, Nobel komitəsi mümkün qədər ədalətli davranıb. Kazuo İşiquronu normal səviyyədə mütaliə etmişəm. Orta statistik ədəbiyyat adamı nə qədər oxuyubsa, mən də İşiquronu o qədər mütaliə etmişəm. Sonuncu romanı “Dəfn olunmuş nəhəng” müasir romançılıqda yeni bir xətdir. Roman indiki nəsr texnikasında çox ciddi bir hadisə sayılır. Bəzən “Məni tərk etmə”, “Məni qoyub getmə” kimi tərcümə olunan romanını isə əksəriyyətimiz oxumuşuq. Məncə, o roman “Buraxma məni” kimi tərcümə olunmalıdır. Və o romanla Kazuo İşiquro nəyə qadir olduğunu göstərib. Ədəbiyyatçılar, tənqidçilər bu romanı misal çəkərək onu dövrün ən yaxşı müəllifləri sırasına aid edirlər. Düşünürəm ki, İşiquronun yaradıcılığını daha geniş öyrənmək istəyi Nobelin ona verilməsi səbəbi kimi göstərilən “insan düşüncəsinin dərinliklərinə varmaq” motivi ilə daha əhəmiyyətli olacaq. Həm də yazıçının tənqidçilərinin dediyinə görə, Kazuoda Dostoyevski ənənələrinin, üslubunun təsiri var. Və İşiquronun yazdıqları Dostoyevskinin yaradıcılığında təzə səhifə açacaq.

Etimad Başkeçid

Kadzuo İşiquronun yalnız bir romanını oxumuşam, o da Saday Budaqlının tərcüməsində. “O günlərdən qalanlar” adlanır. Gözəl əsərdir. Sözsüz, başqa kitablarını da oxuyacağam. Bir oxucu və qələm adamı kimi Nobel komitəsinin builki seçimindən razıyam.

# 1195 dəfə oxunub

Müəllifin son yazıları

# # #