İlqar Fəhmi: “Bilmək olmaz, əlli il sonra Kafka qalacaq, ya yox”

İlqar Fəhmi: “Bilmək olmaz, əlli il sonra Kafka qalacaq, ya yox”
20 iyun 2015
# 08:00

Kulis “Blitz müsahibə” layihəsindən İlqar Fəhminin cavablarını təqdim edir.

Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri sizcə hansıdır və niyə?

- Bu suala otuz beş tərəfdən yanaşmaq olar və otuz beş istiqamətdə birinci olan əsərlərin adlarını çəkmək olar... Kriteriyalar çoxdu. Amma subyektiv desəm daha düzgün olar. Mənimçün Azərbaycan ədəbiyyatının ən mühüm nəsr əsəri hansıdır soruşsalar, Nizaminin "Xəmsə"nin adını çəkə bilərəm... O ki, şeirdi, soruşa bilərsiz?

Həm də şeirdi, deyərdim. Bəs niyə ən yaxşı? Ona görə ki, o əsər zaman keçdikcə dirilən əsərlərdəndi... Baxın, yazıldığı dövrdə cəmisi beş on-nəfər oxuyub əsəri. Daha sonra auditoriya böyüyüb, ən çox miniatürlər bu əsərə çəkilib. Ən çox üzü köçürülən kitab olub. XX əsrdə dünya dillərinə ən çox tərcümə olunan, ən böyük tirajlarla çıxan klassik əsərlərdən biri də odur. Bu , təkcə şeirin gücü deyil. Bu, Nizami düşüncəsinin epik əzəmətdir... Amma bu da hələ son deyil. Biz indi iyirminci, ən uzağı on doqquzuncu əsrin ikinci yarısında yazılan əsərləri daha mükəmməl, daha dərin və güclü hesab edirik.

Amma fikir verək, bu əsərlər hələ üç-dörd oxucu nəsli ötürüblər. Hələ bilmək olmaz, əlli il sonra Kafkanın, Kamyunun kitabları çıxacaq, ya yox, Sartrın, Bekketin pyesləri hansısa teatra lazım olacaq, ya yox... Yüz-yüz əlli il, zaman baxımından heç nədi, həm də nəzərə alsaq ki, bu onilliklər ərzində bəşər düşüncəsində heç nə dəyişməyib. Hələ ki, eyni paradiqma hökm sürür, baxmayaraq ki, hər il hansısa yeniliklərdən dəm vururlar. Bu yeniliklər sadəcə forma dəyişikliyidi, mahiyyət isə eyni qalır. Dediyim odu ki, indi adları dilimizdən düşməyən yazarların əsərləri hələ ki, paradiqma dəyişikliyiylə sınağa çəkilməyiblər. Və mən əminəm ki, bu sınaqdan çıxmayacaqlar. Ən uzağı ədəbiyyat tarixi dərsliklərində adları qalacaq...

Nizaminin “Xəmsə”si isə min ilə yaxın bir dövrdə təqribən yeddi-səkkiz paradiqma dəyişikliyiylə imtahana çəkilib və bu sınaqlardan uğurla çıxıb. Hər yeni düşüncə tərzi Nizami "Xəmsə"sinin yeni çalarlarını açıb göstərib. Əlbəttə bu fikirlər təkcə “Xəmsə”yə yox, bir çox klassik əsərlərə aiddir, lakin bizim ədəbiyyat üçün məncə ən əhəmiyyətli əsər dünən də, bu gün də, sabah da "Xəmsə" olacaq... Biz hələ onu bundan sonra tanıyacağıq. Və çox tanıdıqca daha çox sevəcəyik...

- Özünüzü hansı milli və xarici yazıçının davamçısı sayırsınız?

- Yaradıcılıq energetikası baxımından nədənsə Cəfər Cabbarlı ilə ruh yaxınlığı duyuram. Bir çox məqamlarda onun davamçısı hesab edə bilərəm özümü... Onun da yaradıcılığı çoxşaxəli idi, şeir nəsr, publisistika, kino, dramaturgiya... Elə bil ki, içində qəribə bir yaradıcılıq ehtirası vardı ki, ona rahatlıq vermirdi... Məndə də elə hallar çox olur.

Xarici yazarlardan daha çox Nabokov ruhuma yaxındır. Amma tam olaraq özümü onun davamçısı hesab edə bilmərəm, sadəcə ədəbiyyata münasibət baxımından ondan çox bəhrələnmişəm.

- Ölkəmizdə ədəbiyyata olan münasibət sizi narahat edirmi?

- Ədəbiyyata münasibəti ədəbiyyat özü yaradır. Məncə əgər biz münabsibətdən narazıyıqsa, günahı özümüzdə görməliyik. Əlbəttə, müxtəlif tədbirlərdə, televerilişlərdə yığışıb bunu müzakirə edirik, səbəblər axtarırıq. Amma ən böyük səbəb elə ədəbiyyatın özüdü. Əgər istənilən bir sənət özündə mənəvi işıq daşımırsa, insanların münasibəti də birmənalı olmayacaq...

- Sizcə Azərbaycan yazıçıları dünyaya çıxmaq üçün nə etməlidir?

- Biz bəyəm hansısa başqa dünyada yaşayırıq? Əgər xarici ölkələrdə çap olunmaq, satılmaq məsələlərini nəzərdə tutursuzsa, burda sırf bazar qanunları hökm sürür. Hansısa uzaq Fransada kitab satmaq istəyirsənsə, gərək fikirləşəsən ki, fransız oxucunu nəylə maraqlandıra bilərsən? Sənin hansı fikir və düşüncələrin, hiss və duyğuların ona maraqlı gələ bilər ki, bu fikirləri onların öz yazıçıları deməmiş olsun və oxucu sənin kitabına pul verib alsın?

Burda isə məsələ gedib siyasətə söykənir. Onlar tərəfindən bəyənilən bir çox fikir və düşüncələr də, bizim tərəfimizdən bəyənilmir. Belə olan halda yazıçı seçim arasında qalır... Mən eyni hadisəni kinoda da müşahidə eləmişəm. Tutalım hansısa xarici şirkətlərə sinopsis yollayırsan, ideya xoşlarına gəlir, qəbul edirlər, amma bildirirlər ki, biz bu filmə maliyyə ayırırıqsa, filan detallar filan cür işlənməlidir. Sən də baxırsan ki, əgər o filmi onlar istəyən kimi işləsən, film çəkiləndən sonra gərək Azərbaycandan köçüb gedəsən... Yəni hər bir mühit səndən nəsə alırsa, istər film olsun, istər kitab, əsər filan, hər biri öz şərtlərini diktə edir. Amma bu şərtlər bir çox hallarda qaneedici olmur.

- İnternetin kütləviləşməsi ədəbiyyata necə təsir edir?

İnterneti əsasən kiçik həcmli ədəbiyyata xidmət edir. Şeirlərin, kiçik hekayələrin yayılmasında internetin rolu əvəzsizdir. Amma irihəcmli ədəbiyyata çox ziyan vurur... İnternetdən ədəbiyyat oxuyan adamda yalnız kiçik əsərlər oxumağa vərdiş yaranır, romanlar onun diqqətindən kənarda qalır. Bu baxımdan internet bir tərəfdən ədəbiyyata xeyir verir, bir tərəfdən ziyan... Hansının daha çox olacağını isə zaman göstərəcək...

# 1684 dəfə oxunub

Müəllifin son yazıları

# # #