Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası

Nəhənglərin döyüşü: Əkrəm Əylisli ilə Mirzə İbrahimovun davası
22 mart 2014
# 09:00

Üçüncü olay: ANTEY, TRAXOMA VƏ MİRZƏ MÜƏLLİM

Kulis.Az yazıçı Əkrəm Əylislinin “Əylisdən Əylisəcən” memuarından hissələri təqdim edir.

Əkrəm Əylislinin Qaqarinli XATİRƏLƏRİ

Stalinlə səhərə qədər içmiş yazıçı - Əkrəm Əylislinin xatirələri

"Fikrət Qoca Əlcəzairdə fransızlara qarşı vuruşmaq istəyirdi"

Əkrəm Əylisli Nazim Hikmətin yalanını necə tutdu?

1

Əgər mən ürəyimdə - yazıçılarımız üçün – Əylisdən Bakıya gətirdiyim (indinin dəbdə olan dili ilə desəm) “sevgi və sayğıları” hətta Yazıçılar Birliyimizin hazırkı beş yüzdən çox – ocağı, çırağı sönmüş – üzvünün arasında dədə malı kimi bölüşdürəsi olsaydım, sizi inandırıram ki, bundan Birliyin hər bir üzvünə yekəcə, sanballıca bir pay düşərdi və hələ bir azca da bəlkə artıq qalardı!..

Hələ, böyük ad-san sahibi olan ədəbi vücudlar bir yana dursun, hətta məktəb dərsliyində haradasa bircə dəfə adına rast gəldiyim yazıçı və şairlər də mənim o zamankı təsəvvürümdə - məndən, mənim o yazıq Əylisimdən və mənim o yazıq Əylisimin ən uca dağlarından, ən uca ağaclarından da çox-çox ucada duran “Allah kimi” adamlar idilər.

Mən Əylisdə cəmi yeddicə il dərs oxumuşdum. (O vaxt bizim kənddə hələ onillik məktəb yox idi). Məktəbdə oxuduğum dövrdə ən sevimli şairim həmişə Süleyman Rüstəm olmuşdu: onun “Çapayev” şeirini Əylisin, Ordubadın klub səhnələrində “atəşin” bir ilhamla əzbər deyə-deyə Əylisdə - ikinci, balaca bir Kazım Ziyanın da yetişməkdə olduğuna kəndin patriotlarının ürəyində bolluca ümid doğura bilmişdim. Hətta iş gəlib o yerə çatmışdı ki, Kazım Ziyanın bacısı (indi rəhmətlik) Məşədi Səriyyə xala, harda rastına çıxsam, məni tutub bərk-bərk bağrına basırdı. (Haçansa Əylisdən gedib, bir də heç vaxt Əylisə qayıtmayan qardaşının iyini yazıq arvad yəqin ki, kimdənsə almalı idi!..)

Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri də - ədəbiyyatın Bakıdakı uca zirvəsindən Əylis məktəbinəcən əsib gələn – bir könül oxşayan meh kimi, çoxdandı ki, mənim damarlarımda ilıq-ilıq gəzib dolanmaqda idi.

...Və elə o Süleyman Rüstəmincə “Cənub şeirləri”nin “küləyi” bir gün məni Bakıda Yazıçılar İttifaqının qapısına gətirib çıxartdı. 1955-ci ilin, səhv etmirəmsə, payız çağı idi. O vaxt mən Bakı Kitabxanaçılıq texnikumunun klub şöbəsinin ikinci kursunda oxuyurdum. (Siz bilən, “ikinci Kazım Ziya” bəs harda oxumalıydı?..) Yazıçılar İttifaqında Osman Sarıvəllinin rəhbərliyi altında “gənclər günü” keçirilirdi. Mən orda “Cənublu sevgilimə” adlı şeirimi oxudum və yazıçıların “”Natəvan” klubu o gün mənə elə hərarətlə əl çaldı ki, indi o şeiri yox, məhz o “əlçalmanı” yadıma salanda ürəyim, az qalıram sarsaq yazarlar kimi sürtülmüş söz ilə deyəm ki, “nanə yarpağı kimi” əsim-əsim əsir. Və eyni vaxtda da yazıq-yazıq fikirləşirəm ki, əgər Süleyman Rüstəmin yolunu elə axıracan mərd-mərdanə davam etdirsəydim, görəsən, doğrudanmı mən də bu məmləkətin indi çox adlı-sanlı bir adamı ola bilərdim?.. Və bunu fikirləşə-fikirləşə, sizdən nə gizlədim, bir azca gülməyim, bir azca da ağlamağım gəlir. Həm də çoxdan yazdığım bir povestin ağrıyan bir yerinin içimdən səsini eşidirəm: “Fəsillər dəyişməlidir. Fəsillər dəyişməsə, olmaz. Fəsillər dəyişməsə, nə arılar yaşaya bilər, nə quşlar, nə qarışqalar...” Bəs yazıçılar necə? Təbiətin fəsil dəyişməsinin bizə də dəxli varmı görəsən?.. Var. Ancaq bizlərin taleyinə ulu Tanrı, deyəsən, bundan savayı, iki başqa “fəsil” də yazıb: biri – gecə, biri – gündüz... Məsələn, 1937 GECƏSİ! Bundan sonra səhər açılıbmı? Və əgər açıldısa, o gecəni yaradanlar bu günün səhərini bizimlə bir yerdə necə ala bilər?.. Deməli, səhər hələ açılmayıb. Ola bilər ki, aradabir Ay çıxıb və biz çaşıb, səhərin açıldığını zənn eləmişdik. Biz hələ təzə fəsil görməmişik. Biz hələ gecəni gündüzdən ağıllı-başlı ayıra bilməmişik. Və əgər bizim “gündüzümüzün” nəğməsini də hələ dünyanın o gecə quşları oxuyursa, deməli, hələ gündüz deyil, hələ səhər açılmayıb...

"Çaqıl daşlı çayları Çapayev çapa-çapa keçir, biçir yollarda çar generallarını..."

Bu şeir təzə dərsliklərdə də varmı, görəsən?.. Əgər yoxdursa, kaş ki, olaydı. Özü də - necə var, elə... Çünki o “təzə” dərsliklərin bəzilərini mən də görmüşəm və bilirəm ki, Süleyman Rüstəmin “Çapayev” şeirinin yuxarıda misal gətirdiyim o iki misrası indinin dərsliklərində, məsələn, belə də yazıla bilər:

"Çaqıl daşlı çayları Çanayev çapa-çapa keçir, biçir yollarda hay generallarını".

Düşmənin bircə generalını əl keçirmək elə o zamanlar da, söz yox ki, asan məsələ deyildi. Üstəlik, generallar dəstə-dəstə gəzmirdi ki, onların beşini, onunu, yüzünü, beş yüzünü kimsə bir yerə qatıb, qılıncı, ya tüfəngi ilə ot kimi “biçə” biləydi. Deməli, şeirin elə ilk misralarındaca yalan, necə deyərlər, fontan vurub, fısqırıq qoparır. Həm də bu, adi yalan deyil, coşqun şair ilhamı ilə qafiyələnmiş “sehrli” yalandır. Və bütün bu, qafiyə ilə sehrlənmiş (nəsrdə ucuz bəiiyyatla mazlanıb-maskalanmış) bu sayaq allı-güllü yalanların zövqümüzü, ruhumuzu bir həyasız şövq ilə talamaqda necə bir mütrüfanə rol oynadığını mən hələ sonralar biləcəkdim.

Onda isə hələ 1955-ci il idi. Və bəlkə də təsadüfi deyildi ki, dövrün – “Gətir, oğlum, gətir” adlı – xrestomatik əsərlərindən birinin müəllifi həmin “gənclər günü”nə rəhbərlik eləyirdi. Ədəbi “mətbəximizə” yaxşı bələd olanlar bilir ki, Osman Sarıvəllinin indicə adını çəkdiyim o uzun şeirində (yaxud kiçik poemasında) söhbət Yazıçılar İttifaqının bütün tarixi boyunca burada həmişə dəbdə olan bir məsələdən – “həyatın” ədəbiyyata gətirilməsindən gedir. Və “oğullar” o “gənclər günü”nə, deyəsən, həyatdan doğrudan da nəsə gətirmişdilər. Məmməd İbrahimov (M.Araz) “Kəklik”ini gətirmişdi. Fikrətin (indi F.Qocanın) “Qurbağa”sı da söz yox idi ki, elə o zaman da “həyatın” hansı çayında, gölməçəsində mütləq olmalıydı. Doğrudur, Məmmədin “Kəklik”i kəklikdən çox, ərlik vaxtı çatmış gəlinə bənzəyirdi. Fikrətin “Qurbağa”sı isə tez-tez quruldamağın (və ya qırıldatmağın) sonku aqibətini vaxtında dərk eləmiş anadangəlmə filosof idi. F.Qocanın “həyatdan gətirdiyi” o Qurbağa müəllimin fəlsəfi düşüncələrinin əsas mahiyyəti barədə indinin arif oxucusuna əlavə söz deməyə ehtiyac yoxdur. Ancaq bunu istərdim oxucular da bilsin ki, o vaxt Məmmədin yaman “gəlinaxtaran” vaxtı idi. Onun nəzərində nəinki kəklik, hətta bəlkə Fikrətin o filosof-qurbağası da gəlin libasına girə bilərdi. Amma indi nə etmək olar ki, bu dünyanın hətta “gəlin libası” da insanın nəzərində həmişə eyni rəngdə, eyni gözəllikdə olub qala bilmir. Və əgər belə olmasaydı, o “Kəklik”dən vur-tut beş-altı il sonra – indi də mənim “əşhədi-gəlinaxtaran” vaxtımda – Məmməd o vaxtkı sap-saf səmimiyyətilə mənə bu sözləri deməzdi: “Evlənmə. Tələsmə hələ. Evlənmək də ölmək kimi bir şeydir..."

...Həmin “gənclər günü”nün əsas və baş “qəhrəmanları” da, əgər səhv etmirəmsə, elə biz üçümüz olduq: Məmməd, Fikrət və mən. İki günlük vur-çatlasın şeir oxunuşundan sonra bir axşam “Natəvan” klubunda böyük poeziya gecəsi keçirildi. Orada mənə də öz şeirimi oxumağa söz verdilər. “CƏNUBLU SEVGİLİMƏ”: mən bilən, azı yüz misralıq uzun bir şeir idi. Yəqin ki, haçansa – ovqatımın xoş bir məqamında – cırıb tulladığım o şeirim indi də yadımda qalan son iki misrasını deyəndə bütün zal gurhagur guruldadı. Mənə əl çalanların arasında (Allah, Allah) Süleyman Rüstəm də vardı və elə indi də yadımda saxladığım bu ikicə misradan da, məncə, Süleyman müəllim mənim komsomol nuruna boyanmış xoşbəxt vücudumda özünün yeni bir ilhamlı davamçısını o tribunada mütləq görməli idi:

"...Qurumasın qoy Araz, Arazın çoxdur barı, Qurusun kapitalizmin bütün qan damarları".

Bəli, mənim o "dahiyanə" məhəbbət dastanım belə bir "inqilabi" pafosla qurtarırdı.

Mən Əylisdən Bakıya gələndə Səməd Vurğunun da nəinki bir çox şeirlərini, hətta bəzi mənzum pyeslərini də başdan ayağa əzbər bilirdim. Ədəbiyyata hədsiz həssaslıqda və mədəniyyətimizdə baş verən bütün hadisələrdən vaxtlı-vaxtında xəbər tutmaqda Əylisin (ümumiyyətlə Ordubad rayonunun) kitab oxuyan təbəqəsinin bütövlükdə Azərbaycan üçün nə dərəcədə xarakterik olduğunu deyə bilmərəm, ancaq o zaman Bakıda yaranan – lap qalın həcmli nəsr əsərlərini də Əylisdə onlarca, bəlkə yüzlərcə adamın böyük həvəslə oxumağının özüm canlı şahidiyəm. Bu sırada birinci yerdə “Qılınc və qələm” idi. Sonra – “Saçlı”. Sonra – “Gələcək gün”. Və o 1954-cü ildə Əylisdən Bakıya gələndə mən hələlik bu üç qalın kitabdan yalnız bircəsini – Mirzə İbrahimovun “Gələcək gün”ünü oxumuşdum. Əsərə ə dərəcədə vurulmuşdum ki, hətta bir neçə ay gecəni gündüzə qatıb, o boyda romanı tamam səhnələşdirmişdim – romandan yekəcə bir pyes quraşdırmışdım. Və deməli, Əylisdən Bakıya gələndə mənim ürəyimdə Mirzə İbrahimova da heç kin-küdurət ola bilməzdi.

2

İndi, gəlin, belə bir qəribə görüşü birlikdə təsəvvür eləməyə çalışaq:

1966, yaxud 67-ci il.

(Mənim Əylisdə gəlməyimdən 12-13 il keçib).

Mən “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında şöbə müdirinin oturduğu otaqdayam.

Bu zaman MİRZƏ İBRAHİMOV içəri girir və onunla şöbə müdirinin (ola bilər ki, şöbə müdirini əvəz edənin: Mustafa İsgəndərzadənin) arasında bir azdan təxminən belə bir söhbət başlanır.

M.İsgəndərzadə: (söhbətin yekunlaşması ərəfəsində) ... bircə məsələmiz həll olunmamış qalır, Mirzə müəllim: birinci cildin giriş sözü. Q məqaləni kimə sifariş eləyək?

M.İbrahimov: (altdan-altdan mənə baxır) Elə bu cavan oğlana deyərik, yazar məqaləni. Əsərlərinin də bir-ikisini oxumuşam – yaxşı qələmi var. İsgəndər, oğul, sən özün də bizim çox talantlı ədibimizsən. Qədim yunan mifologiyasında Antey deyilən çox güclü bir qəhrəman obrazı var – qədim Liviyanın hökmdarı. Poseydonun yer allahı Geyidən olan övladı. Görmüsən də: bir xırdaca maqniti götürürsən, tutursan bir yekə dəmirin üstünə. O xırdalıqda maqnit o yekəlikdə dəmiri çəkir, saxlayır özündə. İndi, Mustafa, oğul, sən belə zənn elə ki, bax o Anteyin ayağı maqnitdəndi, yer də belə götürək ki, dəmirdi. Buna görə də dövrün ən güclü adamları Anteyni ayağını yerdən qopara bilmir. Axırda, yəqin oxumusan, Zevslə Alkmenanın oğlu igid Herakl – o Herakl ki, bir adı da Herkulesdi, bax o Prometeyi əsirlikdən azad eləyən əfsanəvi Herakl biclik işlədib, Prometeyin, bağışla, Anteyin ayağını yerdən ayırır. Onda, Mustafa, bilirsən də nə boyda fəlakət baş verir: o igid, məğrur Antey məhv olur!.. Bu mövzuda Rahimin çox gözəl bir şeiri var:

"Antey yerdən aldı gücünü,

Mənsə - Leninin müqəddəs əməllərindən".

...Görürsən, necə sərrast deyilib! Hə, oğul, Mustafa, onu deyirəm ki, bax, o Anteyin ayaqları yerdən güc aldığı kimi, əsl yazıçının qəlbi də gərək həmişə xalqın həyatına bağlı olsun. Dil çox böyük xəzinədir, ancaq bəzi cavan yazıçılarımız...

Bu yerdə, heç kəsin gözləmədiyi – bədheybət bir səs: Mənim səsim: Mən o məqaləni yazmayacağam!..

Ağzı açıla qalmış - Mustafa İsgəndərzadə!

Birdən-birə büzüşüb balacalaşmış Mirzə müəllim.

...Məlum məsələdir ki, özünə hörmət qoyan hər hansı bir kəs indi haqq dünyasında olan bir adamla haqq-hesab çürütmək üçün əlinə qələm götürə bilməz. Əgər həqiqət mənim şəxsi mülkiyyətim olsaydı, inanın ki, bu kitabın hər səhifəsində mən hər bir Azərbaycan yazıçısına oxuduqca böyük hörmət və rəğbət oyatmaq üçün əlimdən gələni əsirgəməzdim. Ancaq bu kitabın ilk fəsillərini məkrsiz, qərəzsiz oxuyanlar yəqin inanıblar ki, bu yazıda kimsənin yaradıcılığına qiymət vermək, yaxud kimsənin şəxsiyyətini araşdırmaq mənim məqsədimə əsla daxil deyil. Mən böyük tarixi olan bir sənətin son 30-40 illik varlığında yalnız özümü araşdırmaq niyyətindəyəm. Ancaq “BUNU BELƏ YAZSAM, GÖRƏSƏN KİM NƏ DEYƏR?” “fəlsəfəsi” ilə hətta böyük ad-san sahibi olan yazıçılarımızda da zaman-zaman müşahidə elədiyim naqis (yaxud mənə naqis görünən) əməl və istəklərin üstündən sükutla keçib, öz yazımı məişət səviyyəsinə endirmək və ya (başqa sözlə desəm) öz sözümü geniş zaman içində nəfəs almaq imkanından məhrum etmək mənim (bir müəllif olaraq) bütün xoş niyyətlərimi qabaqcadan heçə endirmiş olardı.

Bu lazımlı izahatdan sonra yenidən Mirzə müəllimin bir vaxt “Azərnəşr”də söylədiyi o “monoloq”un üstünə qayıtmağa məcburam.

İşə bax: fikrimi əsas mətləb üstündən elə bil qəsdən yayındırıram. Görəsən, nədir bunun səbəbi? Mirzə müəllimin dilindən yazdığım o “monoloq”da bəlkə çox ifrata varmışam və buna görə vicdanım rahat deyil? Mən o “Antey və Məmməd Rahim” söhbətini, əlbəttə, olduğu kimi yadımda saxlaya bilməzdim. Deməli, buna görə vicdan əzabı çəkməyə dəyməz. Mən olsa-olsa o “monoloq!un Mirzə İbrahimovun psixologiyasına - əgər öz dilimizdə desəm – qəlb mədəniyyətinə nə dərəcədə uyğun olub-olmamağı barəsində vicdan qarşısında cavabdehlik daşıya bilərəm. Və bu yerdə, istəsəniz, mən lap vicdanıma da and içərəm ki, özünün daim “ağır gələn” ictimai çəkisinin fonunda həmişə az qala həşərat yerində gördüyü bir çox adamlara münasibətdə bu sayaq “söhbət tərzi” mənim tanıdığım Mirzə İbrahimovun şəxsi varlığının ayrılmaz tərkib hissəsi idi. Və öz barəsində bu cür təəssüratı, görünür, Mirzə müəllim tək məndə yaratmamışdı. Yusif Səmədoğlunun “Qətl günü” romanındakı Muxtar Kərimli və onun “traxoma” barədəki fantastik “monoloq”u yadınızdadırmı? Bu qəhrəmanın əsərin ilk variantındakı adı İBRAHİM SƏDRİ idi. Və özünə, mənə və bizim hər ikimizin bircə Allahına az-çox səmimi olduğu keçmiş zamanlarda Yusifin özü “Qətl günü”ndəki həmin İbrahim Sədrinin şəxsində məhz Mirzə İbrahimovu nəzərdə tutduğunu mənə öz dili ilə demişdi. Ancaq mən Mirzə müəllimlə ilk dəfə harda və necə toqquşduğumu qələmə almaq məqsədilə “Azərnəşr”dəki o görüşü təsvir eləməyə başlayanda bu, “Antey” və “traxoma” söhbətinin belə qabarıq şəkildə pırtlayıb ortaya çıxacağını, sözün düzü, heç ağlıma da gətirməmişdim. Bu söhbəti başlayanda məni Mirzə İbrahimovun “baməzə” şəxsi keyfiyyətləri yox, bu adama mənim öz ürəyimdə Əylisdən gətirdiyim hədsiz hörmət və ehtiramın dramatik (və bəlkə də faciəvi) sonluğu maraqlandırırdı. Çünki o “Antey” söhbəti heç yerli-dibli olmasaydı da, Mirzə müəllimin kitabına ön söz yazmaqdan mən, heç şübhəsiz, imtina edəcəkdim. Və bu, inanın ki, bir o qədər də məndən asılı iş deyildi. Bütün məsələ burasındadır ki, Əylisdən gələn o fanatik ədəbiyyat vurğunu artıq yox idi. İndi özünün kim olduğunu anlamaqda o keçmiş ədəbiyyat vurğununun özü də tamamilə aciz idi. Bir vaxt Əylisdən gələn o uşaqla müqayisədə bu cavan oğlan həm də son dərəcə gücsüz, çarəsiz və kimsəsiz idi, çünki o, bir vaxt inandığına daha inana bilmirdi və onun ürəyindəki o inamın boş qalmış yerindən indi damla-damla qapqara qan axırdı...

Əgər 1937-ci il barədə mənim də məsələn, Anarın, ya Yusifin bildiyi qədərində əvvəlcədən az-çox məlumatım olsaydı, bir vaxt Əylisdən gələn o ƏDƏBİYYAT VURĞUNU bəlkə də ömrü boyu belə bir faciəvi vəziyyətə düşməzdi, ancaq 1937 mənim gözlərimin qabağında sanki bircə çaxım ildırım işığında qəfilcədən peyda oldu. Mən qorxdum. Yaman qorxdum və elə o qorxudan da elə bil birdən-birə bir çarəsiz xəstəliyə düçar oldum: bundan sonra, 1937-ci ildən sağ çıxan bütün yazıçılar mənim nəzərimdə ədəbiyyatın əliqanlı cəlladına çevrildi.

Məndəki bu xəstəhal hissiyyatın mütləq həqiqət olduğunu heç kəsə təlqin etmək istəmirəm. Özümün indiki ağlımla mən Mirzə İbrahimovu və 37-dən sağ çıxan digər yazıçılarımızı həmin o 1937-ci ilin bəlkə daha faciəvi qurbanları sayıram. Hətta sizə bunu da deyirəm ki, Mirzə İbrahimovun hər hansı bir kitabına ön söz yazmaq indi məndən ötrü bəlkə də heç bir problem ola bilməzdi. Ancaq bu da belə bir gülməli və ağlamalı həqiqətdir ki, indi mən o vaxtkı mən deyiləm: daha mən fəsillərin dəyişməyinin labüdlüyünə o zamankı inamla inanmıram!!!

...O, hansı fəsil idi – deyə bilmərəm. Ancaq dəqiq deyə bilərəm ki, 1970-ci il idi. “Adamlar və ağaclar” kitab halında təzəcə çap olunmuşdu və çap olunan kimi az bir vaxtda ədəbi ictimaiyyətin diqqətini cəlb eləmişdi. Bulvarda rəhmətlik SÜLEYMAN RƏHİMOVA rast gəldim. “Kitabından bizə niyə vermirsən? – dedi. – Olmuya qorxursan ki, Süleyman Rəhimovun arxivindən bir vaxt kitabın çıxsa, sənin üçün ayıb olar..."

Elə bil ayağımın altından yer qaçdı, çünki o vaxt mən həqiqətən bu fikirdəydim. O zamankı əqidəmə görə mənim heç bir kitabım Süleyman Rəhimovun (M.İbrahimovun və digər Azərbaycan Sovet ədəbiyyatı klassiklərinin) arxivindən çıxmamalı idi. Ancaq indi Süleyman müəllim sağ olsaydı, mən ona öz kitabımı böyük məmnuniyyətlə bağışlayardım. Deməli, baxın, həzz alın: bu mənəmmi, mən deyiləmmi?.. Və mənim və demək istədiyimi eşidən, anlayan varmı görəsən? Əgər varsa, bunun sayı, miqdarı nə qədərdir?

Və əgər mən bu fikri Səməd Vurğunun sözlərilə tamamlasam, görən, bir vaxt Əylisdən gələn o ədəbiyyat VURĞUNUNUN acı, ağlar taleyinə kiminsə ürəyində bir zərrə rəhm oyanarmı::

"İllər gəlib keçdi ömürdən, illər. İllər görməmişdik o illər kimi. Fəsillər dalınca gələn fəsillər, Keçdi al bayraqlı nəsillər kimi".

Bax, belə bir fontan və fısqırıq: fəsilləri – nə zamandan bəri – yalnız bayraqlarının rəngi ilə dəyişən bir məmləkətin mənəvi tərzinin parlaq ifadəsi!..

3

Taleyin acı qismətini yazıçı əvvəlcədən gözünün altına almalıdır ki, sonrakı çətinliklər onu əyə bilməsin, sındıra bilməsin, öz yolundan döndərə bilməsin.

70-ci illərin əvvəllərindən başlayaraq (xüsusilə “Kür qırağının meşələri”nin misalında) məni hər tərəfdən cidd-cəhd ilə inandırmağa çalışırdılar ki, mən öz yaradıcılığımda geriləmişəm, xalqın, vətənin qayğılarından uzaqlaşmışam, bir yazıçı olaraq, tükənmişəm. Bir sözlə, elə o “Kür qırağı”nınca bircə cümləsini yazmağa gücü-qüvvəsi çatmayanlar bu dünyada daha mən adda yazıçı olmadığını mənim özümə təlqin etməkdən ötrü yaman canfəşanlıq eləyirdilər. Bəlkə elə bilirdilər ki, mənim axırıma məhz bu yolla çıxmaq mümkündür, bəlkə mənim varlığımı özlərinin yazmaq, yaratmaq imkanlarının “boyuna biçib” artıq gələnini kəsib atmaq istəyirdilər. (Məsələn, “Başı kəsik gözəl kötük”!) Hər halda bu dünyanın dostlu-düşmənli, istedadlı-istedadsız – ölçülü proqramlı – beyin sahiblərinin mənə olan münasibətində bütün həyatım boyu mən bundan alçaq, bundan zalım, bundan nanəcib və şeytani bir şey görməmişəm!..

İndi, bu yazını yaza-yaza istər-istəməz fikirləşirəm: əgər o vaxt Mirzə İbrahimov Yazıçılar İttifaqının rəhbərliyi olmasaydı da, görəsən, mənim bir yazıçı kimi, yoxluğumu (yaxud bir vaxt olub, sonradan yoxa çıxdığımı) sübuta yetirməyə ehtiyac duyan başqa güc-qüvvə də tapıla bilərdimi? Bəli, tapıla bilərdi, çünki elə 80-ci illərin əvvəllərində başı – heç özü də bilmədən – kəsilib atılan o “gözəl kötüyü” dibindən çıxarmağa hazır olanların keyfiyyətcə yeni nəsli hələ xeyli sonralar – 90-cı illərdə yetişəcəkdi...

Ancaq mən yenə tələsib, qabağa qaçdım. İndi, bir də geriyə qayıdıb, baxaq görək həmin o 70-ci illərin əvvəllərində bu dünyada daha nə kimi maraqlı əhvalatlar baş verirdi. Məsələn, belə bir əhvalat: “Əgər Mirzə İbrahimov “Güləbətin”, “Pərvizin həyatı” və “Sahildə ev” əsərlərində zamanın nəbzini tutur, müasirlərinin fikir və tələbləri səviyyəsində dayanırsa, Əkrəm Əylisli “Kür qırağının meşələri”ndə mənəvi cəhətdən şikəst olan, görüşləri, istək və arzuları oxucuda ikrah hissi doğuran Qədiri, “bir qara qul”u xatırladan Səltənəti, “yer üzünün ən biganə adamı” Misiri, şəxsiyyəti, ləyaqəti və mənliyi tapdalananda da “özünü karlığa, korluğa” vuran Qeybullanı kəndin səciyyəvi nümayəndəsi kimi ümumiləşdirməyə çalışır”.

İndi siz də bəlkə inanarsınız ki, 89-cu ilin “Ədəbiyyat qəzeti”ndə yazılan: “Əylisli xalqa xəyanət etmişdir” və 94, ya 95-ci ilin “Azərbaycan” qəzetində yazılan: “Əkrəm Əylisli xalqa nifrət edir” sözləri 1970-ci illərin “Ulduz” jurnalında elə məhz bu şəkildə də yazıla bilərdi. Və o vaxt mən “Ulduz” jurnalındakı o məqalənin müəllifini necə inandıra bilərdim ki, o kəndin “mənəvi cəhətdən şikəst olan” adamlarının barəsində bir qədər başqa cür düşünmək də olar və bu dünyada belə düşünənlər doğrudan da çoxdur.

Məsələn, elə 70-ci illərdə Bakıda uzunmüddətli ezamiyyətdə olan (heç vaxt üzünü görmədiyim) Marian Pilot adlı bir polşalı şərqşünas AZTAQa verdiyi müsahibəsində deyirdi: “Azərbaycan ədəbiyyatı ilə burada tanış olarkən xüsusilə Əkrəm Əylislinin orijinal yazı tərzi və təzəliyi ilə seçilən əsərləri mənə çox güclü təsir bağışladı. Mən bu əsərlərdən Azərbaycan kəndi barədə çox şey öyrəndim və o kəndin adamlarını qəlbən sevdim".

Ancaq bütün bu söhbətdən qorxuram ki, kimdəsə yanlış təsəvvür oyana. Yəni kimsə fikirləşə ki, 70-ci illərin əvvəllərində mətbuatda mənə qarşı aparılan o kampaniyada “yuxarıların” da “barmağı” olmuşdu. Yox və əsla yox!.. Əksinə: o “yuxarılar” məni Mirzə müəllimin cəngindən, imkan daxilində, xilas eləməyə çalışırdı. Və əgər onlar olmasaydı, o kampaniya məndən ötrü bir vaxt bəlkə də daha pis qurtara bilərdi. Çünki mən yalnız “əlbəyaxa güləşməyi” bacarıram, yəni mənim də kiminləsə “əlbəyaxa” olmağımdan ötrü “güləşdiyim” adamın mütləq isə (Allah, keç günahımdan!) yapışmağa heç bir yeri olmayan “meduza” sayağı qəribə bir varlıq idi. Beləsi ilə, inanın ki, nəinki Mərkəzi Komitə, heç KQB-nin təcrübəli kadrları da bacara bilmirdi. Bir də, axı Mirzə müəllim mənə “pislik eləmirdi”. O məni TƏRBİYƏ ELƏYİRDİ! Və bu yerdə “yuxarıların” özü də avtomatik olaraq, “mat” vəziyyətinə düşürdü. Mərkəzi Komitə gənc yazıçını tərbiyə eləməyi Yazıçılar İttifaqının rəhbərinə hansı məntiqlə qadağan edə bilərdi! Amma bir şey də var ki, sonrakı “meduzalar” mənimlə “əlbəyaxa güləşdə” hətta Mirzə müəllimdən də qat-qat zirək çıxdı. Buna görə də söhbətin bu yerində mən, tam səmimi surətdə, Mirzə İbrahimova Allahdan min-min rəhmət diləyirəm və üstəlik, lap yaxın günlərdə bir dəstə təzə-tər gül alıb, onun “fəxri xiyaban”dakı qəbrini ziyarət edəcəyimə sizə kişi kimi söz verirəm... İNDİ SİZ DƏ GÖRDÜNÜZMÜ Kİ, İNSANI İNSAN YOX, ZAMAN TƏRBİYƏ EDƏ BİLƏR!..

# 5301 dəfə oxunub

Müəllifin son yazıları

# # #