Kulis.Az Elçinin “Baş” romanının Nizami adına Ədəbiyyat İnstitutu və “Azərbaycan” jurnalının birgə iştirakı ilə keçirilən müzakirəsini təqdim edir.
Yeni yaranan əsərlərin ədəbi ictimaiyyətdə müzakirə və təhlil edilməsi təkcə bədii nümunənin dəyərinin müəyyənləşdirilməsinə, meydana çıxarılmasına xidmət etmir. Eyni zamanda, əsərlə bağlı cəmiyyətə müəyyən mesajlar ötürür, oxucunu daha ciddi və dəyərli nümunələrə doğru yönləndirmək məqsədi daşıyır. Bu dəfə keçirilən müzakirənin əhəmiyyətli cəhətlərindən biri də ədəbiyyatın araşdırılması və inkişafına xidmət edən iki ciddi qurumun - AMEA Nizami adına Ədəbiyyat İnstitutu və “Azərbaycan” jurnalının birgə iştirakı ilə keçirilməsi idi. Müzakirədə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, baş redaktor müavini Südabə Ağabalayeva, jurnalın nəsr şöbəsinin müdiri, yazıçı Mübariz Cəfərli, İnstitutun əməkdaşları - “Ədəbi tənqid” şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktorları Qürbət Mirzəzadə, Elnarə Akimova, Nərgiz Cabbarlı, Aynurə Mustafayeva, elmi işçi Nərmin Cahangirova iştirak edirdilər.
İsa Həbibbəyli:
-Bu gün Nizami adına Ədəbiyyat İnstitutunun tarixində ilk dəfədir ki, “Azərbaycan” jurnalı ilə birlikdə müzakirə keçirilir. Bildiyiniz kimi, Xalq yazıçısı Elçinin “Baş” romanı “Azərbaycan” jurnalında çap olunub. Və bu da “Azərbaycan”ın tarixində ilk dəfə baş verən hadisədir ki, hansısa roman xüsusi buraxılış kimi təqdim edilir. Biz də ilk dəfədir Nizami adına Ədəbiyyat İnstitutunun və “Azərbaycan” jurnalının birgə iştirakı ilə belə bir formatda müzakirə aparırıq. Xalq yazıçısı Elçinin “Baş” romanının yüksək bədii-estetik dəyəri geniş müzakirə üçün tam əsas verir. Bu, müasir Azərbaycan romanının böyük uğuru sayılmağa layiq olan yeni roman nümunəsidir.
Vaqif Yusifli:
- “Baş” romanı Azərbaycan tarixinin çox mühüm bir dövrünün taleyüklü hadisələrini əks etdirir. Əsərdə 1804 - 1806 - cı illərdə Rusiyanın və İranın Azərbaycana qarşı yürütdüyü işğalçı siyasətdən, Azərbaycan xanlıqlarını bircə-bircə “ovlayıb” öz ərazisinə qatmaq niyyətindən, bu niyyətin həyata keçirilməsində müstəsna rol oynamış rus ordusunun Qafqaz komandanı knyaz Sisianovun fəaliyyətindən söz açılır. Ancaq hadisələrin zamanı da, məkanı da genişdir. Elçin bu əsərdə işğalçılıq siyasətinin köklərinə - ötən əsrlərə gedib çıxır. Bizi - “Baş”ı gəzdirə-gəzdirə gah İrana aparır, gah Rusiyaya, gah da o ölkələrdə yaşayan insanlarla üzləşdirir. Romanın əhatə dairəsi olduqca genişdir. İdeyası isə budur ki, vətənin, xalqın birliyi olmalı, xalq bir ideya ətrafinda birləşməyi bacarmalıdır.
İntiqam Qasımzadə:
- Elçinin yaradıcılığını çoxdan izləyirəm. Daha doğrusu, bu prosesin içində olanlardan biriyəm. Onun haqqında ilk yazını da gənclik illərimdə mən yazmışam. Ona görə də Elçinin yaradıcılığına, düşüncə tərzinə, yazıçı amalına yaxşı bələdəm. Hətta şifahi söhbətlərimizin özünün də bu əsərlə bağlı müəyyən qənaətlərə gəlməyimdə kompas kimi istiqamətləndirici rolu olub. Məhz bu faktdan çıxış edərək deyə bilərəm ki, belə bir romanın yazılması mənimçün gözlənilməz olmadı, əksinə, çox təbii qarşıladım bu əsəri. Elçin gənclik illərindən etibarən azərbaycançılıq ideyası ilə, müstəqil Azərbaycan arzusu ilə yaşayıb. Hətta sovet dövründə - bunun əlçatmaz bir xülya olduğu zamanda belə, o, bu amalla, bu düşüncə ilə yazırdı. İndi müstəqillik dövrüdür və imkan var ikən Elçin belə bir əsəri mütləq qələmə almalı idi. Sizin də vurğuladığınız kimi, illərin ədəbi təcrübəsi, oxunmuş, mənimsənilmiş tarixi mənbələr əsərdə öz sözünü deyir. Özü də burada təkcə “Qarabağnamələr”dən istifadə edilməyib. Belə bir əsəri yazan dünya tarixini, rus tarixini dərindən bilməli, Avropa tarixi ilə Azərbaycan, Rusiya tarixinin çarpazlaşdığı məqamlardan xəbərdar olmalı idi. Bu əsər həm də tədqiqatçı təfəkkürünün məhsuludur. Mən “Atalar və oğullar” məsələsinə də toxunmaq istəyirəm. Vaxtilə İlyas Əfəndiyev “Hökmdar və qızı” adlı pyes yazmışdı. Elçini də atası ilə mənəvi cəhətdən çox sıx tellər bağlayır. Onlar düşüncə tərzi ilə, Azərbaycana münasibət və vətənin taleyi ilə bağlı məsələlərdə bir-birinə çox bağlı idilər. Bu mənada, ata-oğul arasında heç bir ayırıcı məqam yoxdur. Mən İlyas müəllimin yaradıcılığına da, şəxsiyyətinə də bələd olduğum üçün belə bir qənaətimi söyləməyə haqqım çatır. “Hökmdar və qızı” pyesində İlyas Əfəndiyev də bu məsələlərə toxunmuşdu. Amma başqa yöndən və pyesin imkan verdiyi çərçivələrdə.
İsa Həbibbəyli:
-Həm də dövrün və zamanın imkan verdiyi şəkildə. Fikrimcə, Elçin müəllim tarixi hadisələrə müstəqillik dövrünün müasir təfəkkürünün işığında yanaşaraq həm dünyada gedən proseslərə, həm də Azərbaycan reallıqlarına obyektiv qiymət verə bilib. Ən başlıcası isə yazıçı tarixi hadisələri bədii təxəyyülün süzgəcindən keçirərək cəlbedici, oxunaqlı, təsirli və düşündürücü şəkildə ədəbiyyat hadisəsinə çevirməyi bacarıb.
İntiqam Qasımzadə:
- Bəli, həqiqətən də belədir. Azərbaycanın taleyi, bu iki nəhəng dövlət arasında parçalanma faciəsi İlyas Əfəndiyevin də yaralı yeri idi, oğlu Elçinin də. Ona görə də bu əsər meydana çıxdı. Əsərin mövzusunun seçilməsinə gəlincə, o, Azərbaycanın məngənəyə keçməsinə, kiminsə boyunduruğunun altında olmasına qarşı tarix boyu mövcud etirazların bir mərhələsini ifadə edir. Burda hələ ki kütləvi bir mübarizədən, xalq hərəkatından danışmaq olmaz.
İsa Həbibbəyli:
- Amma ayrı-ayrı xanlıqların mübarizəsi, hətta müqaviməti var idi.
İntiqam Qasımzadə:
- Ayrı-ayrı xanlıqların mübarizəsi var idi, hətta əsərdə Gəncə mübarizəsinə xüsusi şəkildə toxunulub. Amma mübarizə tam halda xalqın mübarizəsi deyildi. Bu əsərdə Azərbaycan tarixinin çox önəmli mərhələsi əks olunub. Doğrudan da həmin illər Azərbaycanın taleyində dönüş məqamı idi. Və o zaman baş verən hadisələr 200 il sonra qazanılan Azərbaycan müstəqilliyinin ilk qığılcımları hesab edilə bilər.
İsa Həbibbəyli:
-Biz də o qənaətdəyik ki, Xalq yazıçısı Elçinin “Baş” romanı Azərbaycanın dövlət müstəqilliyi uğrunda keçdiyi şərəfli və məsuliyyətli, çətin və mürəkkəb yolu dərin ədəbiyyat qavrayışı vasitəsilə əks etdirən mükəmməl bədii əsərdir. İndiyədək həmin mübarizənin ayrı-ayrı məqamları və aparıcı simaları barədə müəyyən bədii əsərlər yazılmışdır. Məsələn, bədii nümunələrdə Gəncədə Cavad xanın, Naxçıvanda Kəlbalı xanın göstərdiyi şücaət barədə müəyyən qənaətlər, təsəvvürlər var. “Vaqif” dramında Qarabağ xanlığının tarixi taleyi əks etdirilmişdir. Lakin bütün səciyyələri və prosesləri ilə Bakı xanlığının taleyi ilk dəfə və geniş şəkildə Elçinin “Baş” romanında öz əksini tapmışdır. Əsərdə Car-Balakən hadisələri və general Sisianov xətti də tarixi və koloritli hadisələrin, eləcə də cəlbedici obrazların əsasında maraqlı alınıb. Qarabağ xanlığı haqqında romanda təsvir edilən hadisələr, xüsusən İbrahim xanın və onun ailə üzvlərinin taleyinin əks olunması tarixi gerçəklikləri doğru-düzgün çatdırmağa, həm də bu barədə Azərbaycan ədəbi fikrində mövcud olan müəyyən yanlışlıqları aradan qaldırmağa xidmət edir. Beləliklə, Elçin Azərbaycan tarixinin çox çətin və mürəkkəb mərhələsi olan xanlıqlar dövrünün bütöv mənzərəsini ədəbiyyata gətirmiş, son nəticədə ölkəmizin XIX əsrin başlanğıcındakı çətinliklərini və xalqımızın şərəfli mübarizəsini, böyük şəxsiyyətlərini tam halda ədəbiyyat hadisəsinə çevirə bilmişdir. Bu, Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ərəfəsində və hərbi-siyasi müdaxilə şəraitindəki vəziyyətini, xalqın dəyanətini real səhnələr, bədii obrazlar vasitəsi ilə əks etdirən ilk mükəmməl romandır. Yazıçı eyni prosesin Gürcüstandakı gedişatını və Rusiyadakı əks-sədasını da ətraflı göstərə bilmişdir. Əsərdə Azərbaycan xanlıqlarının İranla əlaqələrinə də geniş yer ayrılıb. Beləliklə, Elçinin “Baş” romanı bütöv bir tarixi epoxanı əks etdirir. Heç şübhəsiz, Elçin müəllimin yazıçılıq təcrübəsi ilə yanaşı, dövlət işlərində çalışması, dünya hadisələrinə beynəlxalq münasibətlər müstəvisində nəzər salmaq imkanları da romanının uğurlu alınmasında mühüm rol oynamışdır.
Elnarə Akimova:
- Bu gün Elçin qələmi özünün müdriklik dövrünü yaşayır. Bu müdriklik onun son illər yazdığı hekayələrdə, “Kaşşeyin taleyi” povestində və, nəhayət, geniş mövzu və janr spektrində “Baş” romanında özünü göstərdi. “Baş” romanı elə bir epik siqlətli əsərdir ki, özü ilə bağlı daim fikir səsləndirməyə imkan yaradır. İdeyaya gəlincə, romanda bir çox mesajlar ötürülür, amma daha çox iki amil üzərində dayanmaq istəyirəm. Birinci, ibrətamizlikdir. Yəni, burada yaradılışın, dünyanın mənasına varmaqdan hasil olan dərslər var. Hətta əsərin sonunda Ağabəyim ağanın qeyzlə, qəzəblə, barmağını tuşlayaraq dediyi fikirlər var ki - illər sonra ünvanına yetir - bunun özü də xüsusi anlam daşıyır, əsərin bətninə yığılan sirlərdən biri kimi çıxış edir. “Heç nə boşuna deyil, hər şeyin hesabı sorulur” mənasında... Digər bir ideya - müəllifin türkçülüklə bağlı tarixə ötürdüyü mesajdır. Elçin əsərdə türklüyün faciəsinin kökündə duran səbəbləri açıqlayır. Bir ola bilməməyimizin səbəblərini, türklüyün son aqibətini ifadə edir. Mahmudla bağlı təqdim olunan epizod bütünlükdə yazıçının təlqin etdiyi əsas qayəni sərgiləyir.
Nəyə görə Elçin belə bir roman yazmaq üçün XIX əsrin birinci yarısını seçib? Bu, zənnimcə, təsadüfi deyil. Həmin dövr tariximizdə çox ziddiyyətli bir mərhələ idi. Bəlkə də, ondan sonrakı taleyimiz həmin dövrdə gedən proseslərdən asılı oldu. Yazıçı əsərdə türkün aqibətini, özünün - özünə qənim kəsilməsini göstərməklə, bəlkə də, bu gün “müasirlik” adlandırdığımız anlayışın konturlarını göstərir. Müasirlik nədir? Müasir epoxanın inkişaf qanunauyğunluğunu açmağa kömək edən hər şey. Elçin o dövrə müraciət edərək sanki bu günün, bütövlüyümüzün kökündə duran daha sağlam dəyərlərin nədən ibarət olduğunu göstərir. Əsərin ötürmək istədiyi ən başlıca mesajlardan biri budur və mənim üçün də bu mesajı ilə dəyərlidir.
Nərgiz Cabbarlı:
-Bu romanı oxuyanda Elçin yaradıcılığının spesifik xüsusiyyətlərindən biri yadıma düşdü. “Ölüm hökmü” romanında - tarixi roman deyil, amma tarixi çalarları olan bir əsərdir - repressiyanı çatdırmaq üçün elə bir hadisə seçilir ki, bəlkə, başqa bir romançı prosesin mahiyyətini açmaq, xalqın faciəsini göstərmək üçün hadisələrə o rakursdan yanaşmazdı. Taunu nəzərdə tuturam. Bu əsərdə də Sisianovu əsas xarakter seçərək, hadisələrə ondan başlayaraq, onun gözü ilə, onun rakursundan - daha doğrusu, “Baş”ın rakursundan baxaraq, Azərbaycan tarixinin çox önəmli mərhələsi olan XIX əsrin əvvəllərini ifadə eləməsi, baş verənləri Onun gözləri ilə izləməsi maraqlı vasitədir. Romanda iki ideya diqqətimi çəkdi. Milli əhəmiyyət daşıyan və bəşəri məna kəsb edən ideyalar! Milli ideya o dövrün hadisələrində bizim başımıza gələn faciələrin və birləşə bilməməyimizin səbəblərinin araşdırılmasında və “türkün bir ola bilməməsinin qaynağı özündən başlayır” şəklində görünür. Amma bəşəri olaraq bir fikir var: güc qalib gəlir, güc çox şeydir, amma gücün belə cəzalandırıldığı məqam yetişir ki, həmin anda Yaradan yada düşür. Yəni, nə qədər gücə sahib olsan da, Yaradanı unutmaq olmaz. Bu, bir neçə məqamda özünü göstərir: Sisianov kim idi? Böyük bir ordunun zabiti və arxasında çox böyük güc olan bir insan. Amma gücünə baxmayaraq, başı kəsildi. Və Yaradan - “Xmerti” məhz başı kəsilmiş Sisianovun yaddaşında “oyandı”. Halbuki o, keşişin vasitəsilə tez-tez ”Xmerti” sözünü - “Yaradan” sözünü deyirdi. Amma uşaqlıqda. Və Onu sonradan, o zaman yada salır ki, artıq başı kəsilmişdi. Yaxud Puqaçovun tanrıya yalvarmaq səhnəsi var. Puqaçov da arxasında kütlə duran bir adam idi və o gücə baxmayaraq ən son məqamda Allah deyir, Allaha yalvarır. Daha bir səhnə - kəpənəklə bağlı təsvir var. Elə bu da güclü olanın zəifi məhv etməsi həqiqətini söyləyir. Yəni, reallıq budur: güc qalib gəlir, amma heç bir güc sahibi Yaradanı unutmamalıdır. Bilməlidir ki, güc sahibinin belə, Yaradan qarşısında duracağı an var.
Romanda nə üçün tarixə müraciət olunur? Bu, o zaman baş verir ki, hansısa tarixi şəxsiyyət maraqlı olur və ya dövr, mərhələ yazıçıya maraqlı materiallar, faktlar təqdim edir. Burada mərhələnin maraqlı olmasından başqa, dərs almaq, dərs vermək, nəticə çıxarmaq üçün zəngin materiallar var. Bu baxımdan məhz həmin mərhələyə müraciət olunub.
İsa Həbibbəyli:
- Buna “Güc qalib gəlir” yox, “gücün qalib gəlməsinin aqibəti” desək daha yaxşıdır. Yəni, yalnız gücün qalib gəlməsinin xoşagəlməz aqibəti və ədalətə çağırış “Baş” romanının ideyasında mühüm yer tutur. İnsanlığa çağırış motivi bu ideyanı tamamlayır. “Baş” romanı yalnız gücə əsaslanan qalibiyyətin ibrətamiz aqibətini təqdim edir. Yazıçı haqlı olaraq bu fikirdədir ki, güclü olmaq üçün həm də ədalətli olmaq lazımdır.
İntiqam Qasımzadə:
-Elçin bunu “Yaradan” adlandırır. Sisianov “Yaradan” sözünü çox maraqlı şəkildə ifadə edir. Onun mənsub olduğu millətin dilindən yadında yalnız bir söz qalıb. O da “Xmerti”dir. Yəni “Yaradan”.
Nərgiz Cabbarlı:
-Amma yadınızdadırsa, Babua Arçil Sisianov uşaqkən bu sözü ona tez-tez təkrarlatdırırdı. Yaddaşına yazması üçün. Unutmaması üçün. Yaddaşının oyaq qalması üçün.
Elnarə Akimova:
- Mənə elə gəlir ki, əsərdə əsas məsələlərdən biri yaddaş amiliniın oyaqlığına işarə verilməsidir. Sisianov həm də nəyə görə məğlub olur? Ona görə yox ki, onun fikri, yaşamı ancaq istila niyyəti üzərində qurulmuşdu, başqa dövlətləri istila edib Rusiyaya birləşdirmək, Rusiya imperiyasının ərazilərini genişləndirmək istəyirdi. O, həm də yaddaşından, keçmişindən qopmuşdu. Və mənə elə gəlir ki, “Baş” romanında yaddaşından qopmayan yeganə adam Babua Arçildir. Hətta onun ölüm səhnəsi də təsirlidir. Bir qədər də Elçinin “Mahmud və Məryəm” romanını xatırladır. Şah Ziyadxanlı əsir düşmüş müğənnidən soruşur: “Sənin o dağlarda nəyin qalıb?” O da, -“Anam, bir də bacım”, - cavabını verir. Ziyadxanlı isə, - “Yalan deyirsən, sənin o dağlarda ürəyin qalıb”, - söyləyir. “Baş” romanında Babua Arçil gözünü Gürcüstan dağlarına zilləyib dünyasını dəyişir, Elçin eyni ağrını, qürbət simvolikasını bura da gətirir.
İsa Həbibbəyli:
- Xatırlatdığınız epizod əsərin ən təsirli səhnələrindən biridir. Yazıçının insan psixologiyasına dərindən bələd olması və mənəvi aləmin dərinliklərini təsvir etmək sahəsindəki məharəti tarixi hadisələrin, şəxsiyyətlərin salnaməsini yox, romanını yaratmasını şərtləndirib. Həm də yazıçı yaddaşdan qopmanın da aqibətini təsvir edə bilib.
Elnarə Akimova:
-Babua Arçil diri obrazlardandır. Yaddaşına, kökəninə, vətəninə, keçmişinə bağlılıq mənasında. Yaddaş faktoru Babua Arçilin timsalında simvollaşır.
İntiqam Qasımzadə:
-Əslində, Elçin burada yaddaşına arxa çevirənin aqibətini göstərir. Romanda da belədir, tarixdə də belə olub. Sisianov Rusiya İmperiyasına xəstə dərəcəsində sadiq olan bir zabit idi. Milliyyətcə gürcü olmasına baxmayaraq, ruhu etibarilə gürcülükdən uzaq olub. Mən romandan əvvəl də həmişə bu barədə fikirləşmişəm. Bu necə insandır ki, öz milliyyətini tamamilə unudub, ondan üz döndərib?!
Nərgiz Cabbarlı:
- Əslində, bu obraz imperiya siyasətinin nəticəsini simvolizə edir. Bu siyasət kökündən qoparmağı, manqurtlaşdırmağı qarşısına məqsəd qoymuşdu. Və bu, təkcə Sisianova, təkcə gürcülərə aid deyildi. Bütün Zaqafqaziyada keçərli idi.
Qürbət Mirzəzadə:
- Əsərin əvvəlində maraqlı bir yazıçı qeydi var. Elçin yazır ki, burada tarix axtarmaq düzgün deyil. Kim bu təşəbbüsdə olacaqsa, heç bir nəticə əldə etməyəcək.
İsa Həbibbəyli:
-Yazıçı istəyir ki, əsər oxucunu ilk baxışdan cəlb etsin. “Baş” romanı başdan-ayağa tarixi proseslərin ciddi ədəbiyyat vasitəsilə orijinal üslubda təqdimatıdır.
Qürbət Mirzəzadə:
- Bəli, əsəri oxuduqda görürük ki, burada tarixi həqiqətlər və gerçəkliklər bir fakt olaraq münasibət predmeti seçilir. Həm də maraqlıdır ki, əsərdə bizdən iki əsrdən artıq uzaqlaşan tarixin özü müasirlik aspektindən qiymətləndirilir. Və bu elə bir əsaslandırılmış şəkildə təsvirə gətirilir ki, əslində, bunda da qeyri-adi heç nə yoxdur. Çünki Elçin müəllim doktorluq işini tarix və müasirlik mövzusunda yazıb. Yəni, əsərində bunun nəzəri əsaslarına bələdlilik kifayət qədər özünü göstərir. Məsələn, Yusif Vəzir Çəmənzəminlinin “Qan içində” (“İki od arasında”) əsərlərində görürük ki, istifadə edilmiş mənbələr verilir. Bu da maraqlı vasitədir. Mənbə nə deyir və yazıçı təxəyyülü burada nə dərəcədə işləklik qazanıb. Nə dərəcədə öz sözünü söyləyə bilir. Bu mövzuda çoxlu əsərlər var. Hətta Səməd Vurğunun poemalarında da bu mövzuya toxunulub. Ancaq burada Elçinin münasibəti, əsər üçün mövzu kimi seçdiyi tarixi hadisələr həm də müasirliyə xidmət edən məsələlərdir. “Baş” romanda həm müstəqim, həm də simvolik bir obraz səviyyəsinə qaldırılır, çoxobrazlıdır. Onun başına gələn hadisələr, görk olaraq gəzib dolanması, ölkələr aşması, belə bir fəlakətlə üzləşməsi, əslində, dövrün real mənzərəsini cızmaq üçündür. Əsər sağlam düşüncənin qələbəsi kimi nəzərdə tutulur. Baş o zaman salamat olur ki, onda ağıllı düşüncələr bərqərar olur. O zaman qalib gəlir ki, ağıllı düşünə, cəmiyyətə, insanlığa xidmət edə bilir. Sisianovun da faciəsi bunda idi. Əsərin mövzusu son dərəcədə aktualdır. 90-cı illərin əvvəllərində baş verən proseslərin də izlərini burada görə bilərik. Xalq o vaxt məğlub olur ki, pərakəndə olur, bir ideya ətrafında birləşə bilmir. Qarşıya qoyduğu məqsədə çata bilmir.
İntiqam Qasımzadə:
- Özünə lider seçə bilmir.
Qürbət Mirzəzadə:
- Bəli. Əsərdə bu günümüzə göndərilən mesajlardan biri də budur. Bu baxımdan, əsərin ideyası da son dərəcədə aktualdır. Müasir dünyada baş verən, Şərq regionunda gedən hadisələrin izlərini də əsərin ümumi ideyasından təcrid etmək olmaz. İndi dünyanın düçar olduğu bir çox bəlalar, xüsusilə Suriya məsələsi, Rusiyanın hegemonluğu, regionda yenə də birmənalı, imperiya maraqlarına əsaslanan siyasətlə məşğul olması romanda öz əksini tapır. Yəni, demək istədiyim odur ki, əsərdə baş verənlər təkcə Azərbaycan gerçəkliyi ilə məhdudlaşıb qalmır, bütövlükdə Şərq kontekstində özünü çevrələyə bilir. Əsərin müvəffəqiyyətli bədii həlli də bununla sıx bağlıdır.
Südabə Ağabalayeva:
- Qəribə bir tarixi məqama diqqət çəkmək istəyirəm. Bizim bu gün haqqında danışdığımız əsərdəki hadisələr tarixi dəqiqliklə desək, 210 il bundan əvvəl, fevralın 8-də baş verib; təqribən, indiki Nizami heykəlinin yan tərəfindəki ərazidə Bakının açarının ona təntənəli şəkildə, yüksək səviyyədə təqdim olunmasını tələb edən rus generalı Sisianovun başı kəsilib. Uzun illər ərzində bu fakt cidd-cəhdlə gizli saxlanılıb... 210 illik tarix mövzunun özü ilə, yazıçı ideyası ilə bağlı nələri söyləyir?! Mən “Baş” romanını dünyada baş verən total qloballaşmaya qarşı total müqavimətə bir cəhd kimi qiymətləndirirəm. Xalqın milli mənəviyyat təkamülünü izləməyə imkan verən, tarixi keçmişin bədii inikası, bədii tədqiqi nümunəsi olan hər bir əsər kimi, bu romanın da ideya-bədii, eləcə də, vətəndaşlıq qayəsini belə qəbul edirəm. Burada məqsəd, əlbəttə ki, tarixi yazmaq deyil. Söhbət tarixi və bu tarixin təyinatını müəyyən edən şəxsiyyətlərin taleyindən gedir. Söhbət tarixin taleyindən gedir və burada Elçin “nə baş verib? ” sualından daha çox, “niyə baş verib?”, “necə baş verib?” suallarına cavab axtarıb. “Tarixin taleyi hansı aspektdə və necə inkişaf edib?”, “Bu qədər mürəkkəblik, ziddiyyət nədəndir?” - məncə, Elçini bu suallar düşündürüb. Burada, əlbəttə, yazıçının böyük uğuru bədii həqiqətlə tarixi həqiqəti birləşdirə bilməsindədir. Bizim tarixi roman yazan yazıçılarımızda nöqsan kimi ən çox diqqəti çəkən cəhət onların bədii həqiqətlə tarixi həqiqətlərin sintezinə nail ola bilməmələridir. Əsərin ikinci uğuru bizim üçün yaddaş dərsi olmasındadır. Tarix nə zaman təkrarlanır? O zaman ki, keçib gəldiyimiz hadisələri unuduruq. Elçinin “Baş” əsəri bu mənada bizi keçib gəldiyimiz yola, zamana baxmağa dəvət edir. İstəyir ki, “sabah hara gedəcəyik, daha doğrusu, hara getməliyik?” sualına aydın cavabımız olsun. Mənim üçün bir oxucu kimi maraqlı cəhət “Baş”ın metafizikasıdır. “Azərbaycan” jurnalı bir neçə il bundan əvvəl Reha Çamuroğlunun “İsmayıl” romanını dərc etmişdi. Orada da Baş priyom, vasitə kimi uğurlu seçilmişdi, amma bu əsərdəki kimi parlaq işlənməmişdi. Eləcə də, Məmməd Orucun “Qısa qapanma” əsərində ideyanın açılmasına xidmət edən “baş” - “ kəllə” müəllif qayəsini verməkdə uğurlu vasitə kimi diqqəti cəlb edir. Elçin zamansızlıq şəraitində olan “baş”dan bizim əbədi yaddaşımızı yazmaq cəhdlərindən biri kimi, kömək kimi, üsul kimi istifadə edib. Şəxsiyyətin, hökmdarın taleyinin xalqın taleyi ilə ayrılan və kəsişən məqamlarına toxunub. Bəlkə, bir o qədər aydın görünməsə də, bəlli olur ki, əsl hökmdar məlum vəziyyətdən necə uğurla çıxmaq lazım gəldiyi haqda düşünən adam deyil. Əsl hökmdar odur ki, üfüqləri daha geniş görə bilsin. Elçin də, mənə elə gəlir ki, bunu göstərmək istəyib. Sanki düşündürmək istəyib: biz bəzən Rusiyaya tərəf üz çevirən xanlarımızı qınamağa tələsmirikmi? Çünki əsərdə də belə bir fikir var: Rusiyaya üz çevirməklə, əslində, bu millətin mədəni inkişafı istiqamətinə üz tuturduq. Mənə elə gəlir ki, bu məqamda Elçin də haqlı idi, bu şəkildə düşünənlər də.
Aynurə Mustafayeva:
- İntiqam müəllim də bunu qeyd elədi, əslində, 90-cı illərdə bu mövzuya müraciət olunmuşdu - “Hökmdar və qızı” əsərində. Səhv etmirəmsə, ya 91-də, ya da 92-ci ildə yazılıb.
Südabə Ağabalayeva:
- Ümumiyyətlə, Müstəqillik dövrü ədəbiyyatının ilk illərinə xas olan tarixə milli dəyər bucağından baxmaq imkanı verən bütün əsərlərdə bu xətt var. Bəzilərində alt qatıyla, bəzən dolayı, bəzən də birbaşa çağırışla. Bu tipli əsərlər 80-ci illərdən “Azərbaycan” jurnalında dərc olunub.
Aynurə Mustafayeva:
- Yəni, o əsəri də oxuyanda bilinirdi ki, bunu artıq sovet ədibi yazmayıb, müstəqillik illərində yaşayan yazıçının qələminin məhsuludur. Və sonradan bu mövzuya da, bu dövrə də həddindən artıq maraq göstərildi. Hüseynbala Mirələmovun “Gəncə qapıları” əsəri də eynən bu mövzuda yazılıb. Sisianovun obrazı əsas xəttdir, başının kəsilməsinə də toxunulur. Elçinin özünün yaradıcılığında da - “Sənətkarın taleyi” dramında da bu mövzu var.
İsa Həbibbəyli:
-Sabir Rüstəmxanlının “Cavad xan” ssenarisində də həmin motiv vardır. Lakin Elçin “Baş” romanı ilə tamamilə orijinal bir əsər meydana qoyub. O, zamana hərtərəfli, geniş münasibəti ifadə edib.
Aynurə Mustafayeva:
- “Sənətkarın taleyi” Hüseyn Ərəblinskiyə həsr olunmuş əsərdir. Amma orada da bu mövzu bir xətt olaraq keçir.
İntiqam Qasımzadə:
- Mən o əsərlərin heç birinin dəyərini aşağı salmaq istəmirəm, amma onlar mövzunu daha lokal götürüblər. Elçinin əsərində isə daha geniş və daha fəlsəfi bir yanaşma var.
İsa Həbibbəyli:
-Əslində, Azərbaycan ədəbiyyatında xanlıqlar mövzusunda yazılmış əsərlərin hamısı elə “Baş” romanına gətirən yollardır. Bu roman mövzuya daha dərin və ümumiləşmiş münasibətin ifadəsidir. İndiyə qədər ədəbiyyatımızda həmin hadisələrə bu qədər geniş baxa bilən əsər yazılmayıb. Baxın, əsərdə Rusiya hadisələri təsvir edilib, İranda, Türkiyədə, Gürcüstanda gedən proseslər öz əksini tapıb. Romanda qlobal masştabda olan bir siyasətdən söhbət gedir, dünya hadisələrindən bəhs edilir. Yazıçı dünya hadisələrinin içərisində Azərbaycanın taleyindən danışır.
Aynurə Mustafayeva:
-Bir daha qeyd edirəm, Elçinin özünün yaradıcılığında Rusiyanın işğalçılıq siyasətini mövzuya çevirmək “Sənətkarın taleyi” əsərində var. Və orada da hiss edirsən ki, Elçində milli təəssübkeşlik hissi güclüdür. Mən bu əsəri həmin əsərdəki ideyanın, həm də mövzunun davamı kimi görürəm. Və çox güclü milli təəssübkeşlik hissi ilə yazılmış əsər olduğunu bir daha vurğulayıram.
Nərgiz Cabbarlı:
-Mövzunun davamı demişkən, mətbuatda da bu məsələyə toxunuldu. Elçinin həm mövzuları, həm xarakterləri, obrazları bir əsərdən o biri əsərə keçirilir. Bu, onun yaradıcılığının spesifik xüsusiyyətlərindəndir. Bir personajı başqa bir əsərdə, hətta bir neçəsində görə bilirik. Amma həmin xüsusiyyətlər bütün yazıçılara xas deyildir. Müasirlərimizdən bir Kamal Abdullada var - bir misrasını bəzən bir əsərə belə çevirə bilir. Elçində isə daha geniş formadadır.
Aynurə Mustafayeva:
-Mən təkcə Elçini demək istəmirəm. Ümumiyyətlə, oxuduğum, bildiyim qədər bizim ədəbiyyatımız həmin dövrə, həmin hadisəyə, həmin şəxsiyyətə çox maraq göstərib.
Nərgiz Cabbarlı:
- Əhəmiyyətli, dinamik, ziddiyyətli dövrdür -o səbəbdən.
İsa Həbibbəyli:
- Həm də müstəqillik dövrü özü bunu şərtləndirir. “Baş” romanı yaxşı mənada zamanın sifarişidir.
Nərmin Cahangirova:
- Mənim fikrimcə də, bu əsər çar Rusiyasının işğalçı mövqeyini, ruslaşdırmaq istəyini, türkləri parçalamaq məqsədini ortaya qoymaq baxımından olduqca əhəmiyyətli hadisədir. Əsərin hər cümləsində müəllif sanki çar Rusiyasının xarakterinin açılması üçün hadisələrə güzgü tutur.
İntiqam Qasımzadə:
- Və Elçin bu əsərində fikirlərinə heç bir senzura qoymayıbdır, müstəmləkəçi Rusiyanın ünvanına ürəyində nə varsa, hamısını boşaldıb. Bir məsələnin də üzərində xüsusi dayanmaq istəyirəm. Bayaq da buna toxunuldu. O dövrdə “Rusiyayamı, Şərqəmi üz tutmalı, yoxsa dünyadan təcrid olunmuş tam müstəqil bir dövlətmi qurmalı” kimi sualların meydana çıxması və seçim qarşısında qalınması elə indinin özündə də çox mübahisələr doğurur. Bununla bağlı hamı eyni fikirdə deyil. Bəzən hətta Mirzə Fətəli Axundovu qınayırlar, yaxud Nəriman Nərimanovun da ünvanına çox ziddiyyətli fikirlər söylənilir. Onlar Rusiyaya elə-belə üz tutmamışdılar. Azərbaycanın milli aqibətini düşünmüşdülər. Azərbaycan yer üzündən silinə bilərdi. Biz dilimizi də itirə bilərdik. Amma bu cür yaşaya-yaşaya, hər halda, dilimizi də saxlamışıq, heç olmasa, müəyyən qisim torpaqlarımızı da.
Nərmin Cahangirova:
-Təbii ki, romanda Sisianovun məktubları vasitəsi ilə işğalçı Rusiyanın elm, maarif Rusiyası ola biləcəyi, mədəniyyətin, elm və təhsilin məhz Rusiya vasitəsilə əldə olunmasının mümkünlüyü də vurğulanır. Lakin biz, təəssüf ki, əsərdə çar Rusiyasının yalnız birinci üzünü görə bilirik.
İsa Həbibbəyli:
-Konkret tarixi şəraitdə Sisianov ölkənin nicatını Derjavanın inkişafında görüb. Bunu dərindən, əqidə olaraq dərk və qəbul edib. Yanılıb, ideyası yaşayıb, baş tutub, ya tutmayıb - bu başqa məsələdir. Məsələn, Hüseyn Cavid, Əlibəy Hüseynzadə Azərbaycanın gələcəyini türkçülükdə, turançılıqda görüblər. Nərimanov nicat yolunun bolşevik Rusiyasında olduğunu düşünüb. Sonra bunun faciəsini də hamıdan əvvəl özü yaşayıb. Cəlil Məmmədquluzadə və bütövlükdə “Molla Nəsrəddin” məktəbini təmsil edən ədəbi cəbhə azərbaycançılığı diqqət mərkəzinə çəkmişdi. XX əsrin əvvəllərində turançılıq da, türkçülük də, müsəlmançılıq da, hətta bolşevizm də daha böyük ideya sayılırdı. Azərbaycançılıq isə, mətbuatdan və ədəbiyyatdan ictimai mühitə doğru ilk addımlarını atmaqda idi. Elçin də “Baş” romanında XIX əsrin əvvəllərində Derjavaya münasibətdə fərqli baxışları diqqət mərkəzinə çəkib, tarixin axarını geniş şəkildə canlandırıb. Əsərdə çalxalanan zaman və şəxsiyyət problemi bütün yönləri ilə əks olunub. Ən əsası isə ondan ibarətdir ki, yazıçı sürüşkən baxışlara yox, əqidə bütövlüyünə üstünlük verib, nəticə etibarilə ümummilli mövqenin əhəmiyyətini oxuculara çatdırıb.
İntiqam Qasımzadə:
- Amma o zamanlar millətin içində azərbaycançılıq ideyası daha çox idi.
İsa Həbibbəyli:
- Əlbəttə. Amma mövcud ideya cərəyanları, Mirzə Ələkbər Sabir demişkən, nehrə kimi çalxalanmasaydı, milli azərbaycançılıq məfkurəsinin ön mövqeyə çıxması prosesi bir qədər çətin olardı. Bu mənada tarixi prosesləri nəzərə almadan Mirzə Fətəli Axundova, Nəriman Nərimanova, Cəlil Məmmədquluzadəyə, Cəfər Cabbarlıya Azərbaycanın nicat yolu axtarıldığı mürəkkəb bir dövrdə tutduqları mövqeyə görə damğa vurmağı ədalətsiz, elmsiz addım sayıram. Çünki bu şəxsiyyətlərin hamısı Azərbaycanın gələcəyini daha işıqlı görmək istəyirdi.
Vaqif Yusifli:
-“Baş” romanının janrı haqqında da bir-iki kəlmə demək istərdim. Roman tarixi-psixoloji romandır. Düzdür, Nizaməddin Şəmsizadə onu fəlsəfi roman adlandırır.
İsa Həbibbəyli:
-Əslində necədir?
Vaqif Yusifli:
-Tarixi-psixoloji roman.
İntiqam Qasımzadə:
-Mənim fikrimcə, bu məsələnin xüsusi müzakirəyə ehtiyacı yoxdur. Vaqifin sözündə böyük həqiqət var. Bu, tarixi-psixoloji romandır. Tarixi roman olması birmənalı şəkildədir. Amma psixoloji sözünün əlavə olunması təsadüfi deyil. Çünki Elçin öz yaradıcılıq manerası ilə fərdlərin psixologiyasını geniş işləmədən, onun dərin qatlarına enmədən keçinə bilmir. Bu əsərdə də yazıçının yaradıcılıq təbiətindəki həmin cəhət var. Ona görə də psixoloji məqamlar əsas verir ki, əsəri tarixi-psixoloji roman adlandıra bilək. Əgər Nizaməddin Şəmsizadə ona fəlsəfi rəng verirsə, bu da əsassız deyil, qəbul etmək olar.
Elnarə Akimova:
- Ümumiyyətlə, Elçin psixoloji xarakterlər ustasıdır. Yazılan hər əsərdə keçmişi dinləndirir, onu bu günün müstəvisinə proyeksiyalayır. Elçin, siz deyən kimi, əsərin əvvəlində “burada tarix aramayın” yazsa da, əsər tarixi əsərdir. Hətta onun sintaksisinə müəyyən hallarda ağırlıq, ləngərlik gətirən də faktoloji məlumatların ağırlığıdır, və istəsə belə, bundan qaça bilməyib. Çünki o, ilk növbədə, tarixi bu günün müstəvisinə proyeksiyalayıb. Əgər bunsuz keçinə bilməyibsə, deməli, müzakirəyə ehtiyac yoxdur. Əsər tarixi və psixoloji xarakterlər yaratmaq baxımından tarixi-psixoloji əsərdir.
Qürbət Mirzəzadə:
- Ancaq mənə elə gəlir ki, psixoloji yanaşmanı heç cür danmaq olmasa da, bir-birini ardıcıllıqla izləyən tarixi xronologiya burada aparıcı yaradıcılıq məziyyətidir. Əsərdə tarixi xronika güclüdür. Yazıçı ondan bir vasitə və üsul kimi yararlanmağı bacarıb.
İsa Həbibbəyli:
- Deyirsən ki, tarixi-xronoloji əsərdir?
Qürbət Mirzəzadə:
- Tarix harada varsa, mütləq şəkildə orada xronika var. Hadisə və gerçəkliyin keçmişə və gələcəyə yönləndirilməsi burada əsas məqsəd və niyyətdir.
Nərgiz Cabbarlı:
-Məncə, xronologiya sözü artıqdır.
Elnarə Akimova:
- Tarixi əsərdə xronologiya istər-istəməz olmalıdır.
Südabə Ağabalayeva:
-Psixoloji nəsr ustası kimi, Elçin təkcə xarakterlərin yox, zamanın da psixologiyasını verib. “Baş” romanını bu yazıçının bütün yaradıcılığına xas olan və İlyas Əfəndiyevdən gələn xətti davam etdirən tarixi - psixoloji roman adlandırardım, və deyim ki, bunda yazıçı dilinin rolu, üslubi özünəməxsusluğu qeyd olunmalıdır. Bir məsələni də qeyd etmək istərdim. Tarixi romanda publisistikanın bədiiliyi üstələməsi hallarının bizdə xeyli nümunəsi var, və təəssüf ki, peşəkar yazıçılar da, qrafomanlar da balansın gözlənilməsini nəzərə almırlar. Bu əsərdə isə, müəllif balansı əsasən saxlaya bilib.
Nərmin Cahangirova:
- Mənim də fikrimcə, əsərdə tarixi faktlar həddindən artıq çoxdur. Obrazların psixologiyasını açmaq baxımından romanı tarixi-psixoloji əsər adlandırmaq mümkündür.
Aynurə Mustafayeva:
- Məncə, əsər tarixi romandır, amma psixoloji adlandırmazdım.
Vaqif Yusifli:
-Əsərdə tarixə müasir baxış var. Müasir dövrdə yazılan bütün tarixi romanlarda bu olmalıdır. Tarixə bu günün nöqteyi-nəzərindən baxmaq lazımdır. Tarixi hadisələri, şəxsiyyətləri, onların obrazlarını müəyyən mənada əsərə gətirməlisən. Məsələn, Elçin “Baş” romanında “Qarabağnamələr”dən geniş şəkildə istifadə edib. Yəni, o, tarixi hadisələri saxlayıb. Mirzə Camal Cavanşirin, Mirzə Adıgözəl bəyin, Əhməd bəy Cavanşirin fikirlərini...
İsa Həbibbəyli:
- Hətta mənbələr də göstərib.
Vaqif Yusifli:
- Bəli, mənbə də göstərib. Mən müəyyən müqayisələr aparıb gördüm ki, bəzi dəyişikliklər olsa da, faktlar dəqiqdir. Məsələn, deyək ki, 1803-cü ildə çar Rusiyası Gürcüstanı ələ keçirmək üçün gürcü əsilzadələrini Peterburqa göndərib. Amma bir gürcü - Tamara xanım Dedavala getmək istəməyib. Elçin onu əsərdə Mariya kimi verib. Əslində, onu Peterburqa göndəriblər. Sonra Cavad xanın ölümü ilə bağlı hadisələr dəqiq verilir. Hətta ayın tarixi də göstərilir. Sisianovun öldürülməsi səhnəsi də dəqiqdir. Sadəcə, adlar dəyişir. Elçində bu, Mahmud obrazı ilə baş verir, əslində isə “Qarabağnamələr”də İbrahim bəydir. Yəni, Hüseynqulu xanın qardaşı oğlu. Elçin tarixi hadisələri həm də öz bildiyi kimi təsvir edir. Bizdə bir tarixçi var idi - Mahmud İsmayılov, on-on iki roman yazmışdı.
İntiqam Qasımzadə:
- “Qara Yusif”...
Vaqif Yusifli:
- ...Bəli, bu əsərin müəllifi bütün hadisələri xronoloji aspektdə götürürdü. Olduğu kimi. Ona görə də bədiilik zəif olurdu. Amma Elçinin romanında görün nə qədər bədiilik var. Natəvan xanımla bağlı hadisələr, İbrahim xanın ölümü tarixdə olduğu kimidir. Amma görün necə təsvir edir?! Bu da yazıçı sənətkarlığı, istedadı tələb edir. O ki qaldı Elçinin yaradıcılığındakı psixologizmə, bu, məlum məsələdir. Lap birinci hekayəsi olan “Bu dünyadan qatarlar gedər”dən başlamış indiyə qədər, bütün əsərlərində görünür.
Elnarə Akimova:
- “Nərdivanın birinci pilləsi”...
İntiqam Qasımzadə:
-Yaxud bu gün özünün niyəsə çox da yaxın durmadığı “Sos” əsəri. Başdan-ayağa ana obrazının hiss-həyəcanları - psixologiyası üzərində qurulub.
Vaqif Yusifli:
- O, “Sos”dan da imtina edib, “Açıq pəncərə”dən də... Amma...
İntiqam Qasımzadə:
- İmtina etməyib, sadəcə, “Seçilmiş əsərləri”nə salmayıb.
İsa Həbibbəyli:
-Əslində, bunların hamısı axtarışlardır. 60-cılar, ümumiyyətlə, ədəbiyyatda psixologizmi qüvvətləndirdilər. Onlardan əvvəl yaradıcılığa başlamış İsa Hüseynovda da dərin psixologizm var idi. Hərəsində bir şəkildə təzahür etmişdi. Elçində bu, əvvəlcə lirik psixologizm şəklində idi. İlk hekayələrində, povestlərində daha çox lirik-psixoloji baxış özünü göstərirdi. Sonra isə üzünü cəmiyyətin mahiyyətini əks etdirən psixoloji yanaşmalara çevirdi. Elçinin nəsri bu cəhətdən onunla eyni vaxtda ədəbiyyata gəlmiş İsi Məlikzadənin nəsrindən ayrılır, Sabir Əhmədlinin üslubundan fərqlənir. Elçindəki psixoloji baxış daha çox mənəvi aləmlə ictimai düşüncənin vəhdətinin psixologiyasıdır. “Baş” romanında insan və cəmiyyət vəhdətdə göstərilir. Hesab edirəm ki, əsər tarixi romandır. Tarixi roman üçün vacib olan şərtlər “Baş” romanında var. Tarixi hadisələr kifayət qədərdir. Sisianovun öldürülməsi də imperiyanın tarixində əks-səda tapan hadisə idi. İkincisi, xanlıqlar arasındakı gərgin münasibətlərin təsviri ilə bağlı fraqmentləri, Qafqaz coğrafiyasında, onu əhatə edən mühitdə, Rusiya imperiyasında, İranda baş verən əksər tarixi hadisələrin bədii inikasını bu romanda görmək mümkündür. “Baş” romanında tarixi roman janrı üçün zəruri olan tarixi dövr və hadisələrlə yanaşı, tarixi şəxsiyyətlər də geniş yer tutur. Əsərdə tarixi şəxsiyyətlərin fərqli xarakterləri böyük sənətkarlıqla işlənib. Eyni epoxanın və bənzər talelərin sahibləri olan şəxslərin romanda bir-birinə oxşamayan xarakterləri açılıb. Bu, yazıçının böyük sənətkarlıq nailiyyətidir.
İntiqam Qasımzadə:
- Elçin təcrübəli yazıçı olduğu üçün əvvəldə verdiyi müəllif sözü, əslində, oxucunu “çaşdırmaq”, yəni, onu bədii əsər oxumaq üstə kökləmək məqsədi daşıyır.
İsa Həbibbəyli:
- Mənə elə gəlir ki, romanın əvvəlində verilmiş epiloq daha çox oxucunu cəlb etmək, düşündürmək üçündür.
İntiqam Qasımzadə:
- Elədir, siz daha dəqiq dediniz.
İsa Həbibbəyli:
- Yazıçı deyir ki, əsəri oxuyub özün tap, bax, gör bu, tarixdir, yoxsa həyatdır. Düşünürəm ki, əgər həyat materialı olmasaydı, bu, tarixi mövzuda yazılmış elmi əsər olardı. Elçinin “Baş” əsəri ciddi tarixi romandır və burada qüvvətli olan psixologizm yazıçının obrazlar aləminin fərdi cəhətlərini açıb göstərmək, dərinliklərini oxucuya çatdırmaq, tarixi hadisələri bədiiləşdirmək, onlara həyat nəfəsi gətirmək, ədəbiyyat materialına çevirmək üçün qabarıq ifadə olunan əsas üsullarından biridir. Əsərin psixoloji tərəfini qətiyyən inkar etmirəm. Janr etibarilə bu əsər tarixi romandır. O ki qaldı xronologiya məsələsinə, burada xronoloji ardıcıllıq yoxdur. Hadisələr xronologiya üzrə yazılsa idi, bu, bir salnamə olardı, bədii əsərə çevrilə bilməzdi. Elçin müəllim yazıçı təfəkkürü ilə, məsələn, Qoçunu elə təsvir edib ki... Lal Qafaroğlunu... elə yaradıb ki, oxucu bu obrazların həyatiliyinə inanır. Beləliklə, “Baş” romanının janrı barədə üç fikir səsləndi: tarixi roman, tarixi-psixoloji roman və tarixi-xronoloji roman.
Vaqif Yusifli:
- Psixoloji sözü ilə roman öz tarixiliyini itirmir.
İsa Həbibbəyli:
- Mən də o fikirdəyəm ki, “Baş” romanına tarixi-psixoloji roman desək, bu, Elçinin təqdim etdiyi əsərin özünəməxsusluğunu daha çox ifadə edir. Çünki müxtəlif səpkili tarixi romanlar mövcuddur: tarixi-qəhrəmanlıq romanları, ədəbi-tarixi romanlar, siyasi-tarixi romanlar, tarixi-etnoqrafik səciyyəli romanlar və s. Elçinin “Baş” romanı isə tarixi roman janrının tarixi-psixoloji roman formasında yazılıb. Psixoloji məqamlar hadisələri və şəxsiyyətləri müşayiət edir. Bu romanda mütəfəkkirlik və psixologizm vəhdətdədir.
Vaqif Yusifli:
-Elçin Azərbaycan nəsrində gözəl xarakterlər, tiplər qalereyası yaradan sənətkardır. Özü də necə yaradır? Qətiyyən yaddan çıxmırlar. Bu fikri “Baş”dakı obrazlara da aid etmək olar, digər əsərlərindəki obrazlara da.
İsa Həbibbəyli:
-Çünki Elçin müəllim yalnız özününkü olan obrazı yaradır. Baladadaş müasir Azərbaycan ədəbiyyatının obrazlar aləmində Elçinin möhürüdür.
Vaqif Yusifli:
- Baladadaşı indi də yazsaydı, yenə də sevilərdi. Yəni, bu romanda da yaddan çıxmayan obrazlar var. Başda Sisianov olmaqla. Amma o, bütün ziddiyyətlərinə baxmayaraq, mənfi obraz kimi yadda qalmır.
İsa Həbibbəyli:
-Bu əsərdə mənfi-müsbət obraz məsələsi yoxdur. Mənfi-müsbət məsələsini Elçin yox, oxucu özü müəyyən edir.
Vaqif Yusifli
- Bəli, əsas olan İnsan obrazıdır. Xarakterdir. Bütün ziddiyyətləri ilə bərabər İnsan... Derjavanın eşqi ilə yaşayır, kökünü-köməcini unudur.
İntiqam Qasımzadə:
-Elçin, həqiqətən də, obrazları yaratmaq üçün müxtəlif vasitələrdən, priyomlardan istifadə edib. Ələlxüsus da əsərin baş qəhrəmanı olan Sisianovun obrazını təsvir etmək üçün neçə cür vasitədən yararlanıb. İnsanlarla mükalimələrindən, söhbətlərindən, məktublarından. Sisianov həm “O”dur, həm “Baş”dır. Cansız, artıq süqut etmiş bir baş... Məktublarında isə, tamam başqa cür görünür. Əslində, Elçinə bu məktublar Sisianovun xarakterini açmaq üçün lazım idi. Hətta çap ərəfəsində onun özü ilə də bu barədə söhbətimiz olacaqdı. Mənə elə gəlirdi ki, məktublardan bəziləri oxucuya artıq görünə bilər. Amma, bilirsiniz, böyük əsərlərdə belə şeylərə, görünür, artıq mətn kimi baxmaq düzgün deyil. Çünki fikirləşəndə ki, məktubların çıxarılması əsərə xələl gətirərmi, qərara gəldim ki, gətirər. Özü də əsaslı xələl gətirər.
İsa Həbibbəyli:
- Yox, o zaman obrazlar birtərəfli olardı.
İntiqam Qasımzadə:
- Bəli, bütün bunların cəmindən bir Sisianov xarakteri yaranıb. Elə digər obrazlar da maraqlıdır. Məsələn, qəssab obrazı - necə soyuqqanlılıqla baş kəsir.
Nərgiz Cabbarlı:
- At oğrusu obrazı var - çox maraqlı obrazlardandır.
İntiqam Qasımzadə:
- Lal Qafaroğlu obrazı... Adamın yadından çıxmır. Mahmud obrazı... Hər birini bütün cizgiləri ilə görürəm...
Südabə Ağabalayeva:
-Ağabəyim ağanı bir qədər fərqli şəkildə təqdim edir, Ağabəyim ağanın taleyini sanki naməlumluqdan qurtarır, onun haqqında xəsis məlumatlar bir qədər genişliyə çıxır və oxucu Ağabəyim Ağanı sanki daha yaxından tanıyır. Deyim ki, bu təqdimatdan məmnun qalır. Ağabəyim Ağanın Başla təklikdə qalarkən pıçıldadığı sözlər xalq düşüncəsinə yaxınlaşır və İsmayıl Şıxlının “Ölən dünyam” əsərində tez-tez toxunduğu fikirlə səsləşir: “Uzunsaçlının ahı yerdə qalmır”. Ağabəyim Ağanın həyatının bəzi məqamları - fransız səfirlə bağlı səhifələr - Mirzə Şəfi-Bodenştedt münasibətlərini, Mirzə Şəfi şeirlərinin taleyini xatırladır. Bir az da Mirzə Cəlilin “Anamın kitabı”ndan gələn xarakterlərimizİ xatırladır.
İsa Həbibbəyli:
-Elçin tarixdə adı olan şəxsiyyətlərin mənəvi aləmini, ictimai düşüncəsini, ətrafında cərəyan edən böyük hadisələrə münasibətini verərək, onların obrazını daha qabarıq və aydın ifadə edə bilib, iri planda göstərib. İkincisi, əsərdə az məlum olan, sadəcə, adı bəlli olan, fəaliyyəti ilə bağlı yalnız bəzi detallar bilinən şəxsiyyətlərin surətləri vardır ki, yazıçı onları dolğunlaşdırıb, bədii obraz səviyyəsinə qaldırıb. Məsələn, Hüseynqulu xan və ətrafında olan insanlar. O dövrün hadisələrindən bəhs ediləndə onların adları, sadəcə, orda-burda yazılıb, bizə bəzi informasiyalar məlumdur. “Baş” romanında isə real tarixi simalar bədii obraz səviyyəsinə qaldırılıb.
İntiqam Qasımzadə:
- Məsələn, vəliəhd Abbas Mirzə...
İsa Həbibbəyli:
- Azərbaycanda hamının yalnız adını bildiyi epizodik şəxslərdən də yazıçı bədii obraz səviyyəsində bəhs edib. Bundan başqa, “Baş” romanında yazıçı Elçin Əfəndiyevin bədii fantaziyasının məhsulu olan obrazlar dövrü, zamanı, ictimai-tarixi prosesləri tamamlayır. Xacə Rəhman, onun tərəddüdləri dəqiq işlənilib. Elçin mövcud tarixi şəxsiyyətlərə daha geniş planda baxmağa imkan yaradan əsər təqdim edib. Bu xarakterləri həyat materialları ilə daha da zənginləşdirib. Bundan başqa, əsərdə o dövrdəki tarixi şəxsiyyətlər qədər zəruri olan, bədii təxəyyüldən doğan bədii obrazlar yarada bilib. Lal Qafaroğlu, Hacı Muxtar, Sarı Çobanqızı, yalançı təlxək... Və Elçinin yaratdığı sadə insan obrazları bu əsərdə yaratdığı tarixi şəxsiyyətlərin surətlərindən qətiyyən geri qalmır. Hətta deyərdim ki, Elçin yaratdığı sadə obrazlarda yazıçı kimi daha qüdrətlidir. Bu obrazlar dövrün şahmat taxtasına bənzəyən ictimai-mənəvi mühitindəki boş xanaları tamamlayırlar.
Elnarə Akimova:
- Həm də milli hissiyyatı və özünəməxsusluğu üzə çıxarırlar.
İsa Həbibbəyli:
- Azərbaycan koloritini, sadə xalq həyatını təmsil edən obrazlar milli ruhu meydana çıxara bilirlər. Həm də bu əsərdə roman içində roman var. At oğrusu ilə bağlı əhvalat özü ayrıca əsərdir. Sarı Çobanqızı ilə əlaqədar əhvalat müstəqil əsər təəssüratı yaradır.
Elnarə Akimova:
-Əsər çoxqatlı əsərdir.
İsa Həbibbəyli:
- Doğrudur, roman üçün çoxqatlılıq da, çoxplanlılıq da xarakterik cəhətdir. Onu povestdən fərqləndirən cəhət də elə budur. Amma Elçinin bu romanında olan çoxplanlı parçalar hər biri müstəqil əsər təsiri bağışlayır.
Nərgiz Cabbarlı:
- Əlbəttə, obrazların dolğunluğu, xarakterlərin canlılığı Elçin yaradıcılığına xas xüsusiyyətdir. Və hər xarakterə verdiyi özünəməxsusluq, kolorit onları yaddaqalan edir. Bu əsərdə də belədir. Amma burda tam alınmamış, və ya belə də demək olar - düşdüyü situasiyada etdiyi hərəkət əsaslandırılmamış bir obraz var. Və hər kəsdən də daha çox o, oxucunu məyus edir, bu -- Mahmud obrazıdır. Düşüncələri, ideyası, hərəkətləri ilə əslində cəsur, qəhrəman bir insan olan Mahmud nədənsə Abbas Mirzənin qarşısında müti şəkildə qalır. Düzdür, onun sonluğu, aqibəti türkçülük ideyası ilə yaşayan insanların da, o ideyanın özünün də - 37-ci il qurbanları da daxil olmaqla - aqibətini çox yaxşı simvolizə edir. Amma Abbas Mirzə qarşısında mütiliyini heç bir şeylə əsaslandırmaq olmur. Heç yazıçı da bunu etmir.
Elnarə Akimova:
-Mən də əsərdə Mahmudun Abbas Mirzə qarşısındakı acizliyi ilə, bura qədər görməyə adət etdiyimiz üsyankar obrazının əksi ilə qarşılaşanda təəssüf eləmişdim. Bəlkə də, Elçin oxucu şüurunu hərəkətə gətirmək üçün bilərəkdən belə bir boşluq yaradıb.Yaxud əsərdə mənim üçün açıq qalan və tutalğasını tapa bilmədiyim bir məqam var: Sarı Çobanın gözünə görünən mələk kim idi? Sonadək açılmır. Məsələn, mən onu belə yozdum: bu, bəlkə elə onun gənc ikən satın alınmış qızının sındırılmış mələk ruhu idi, gözünə görünürdü.
Nərmin Cahangirova:
- Mən də müzakirə iştirakçılarının fikirləri ilə razıyam, əsərdə çox gözəl obrazlar qalereyası var. Amma əsas olaraq Sisianovun faciəsi yaradılıb. Rus olmasa da Rusiyanı bu qədər sevən, uğrunda döyüşlərə gedən, əlindən gələn hər şeyi edən bir adamın qeyri-rəsmi oğlu Rusiyaya qarşı çıxış edir. Napaleonun ordusunun tərkibində Rusiyaya qarşı döyüşür. Bu, Sisianovun mənən sındığı məqamdır. Mahmud bəyin obrazı ilə bağlı mən də eyni fikirdəyəm. Baş kəsə bilən belə bir cəsur adamın Abbas Mirzənin bir sözü ilə ruhdan düşməsini, idealını müdafiə etməyərək, geriyə addım atmasını qəbul etmirəm.
Südabə Ağabalayeva:
- Əslində, xarakterlər yaratmaq ustası olan Elçin onların milli özünəməxsusluğunu bu əsərdə də gözəl və dərin ifadə edə bilib... Bu zaman çox maraqlı bir priyomdan istifadə edir - xarakterləri qarşı tərəfdən göstərir. Məsələn, Azərbaycanlı obrazları Sisianovun düşüncələrində verilir. Milli xarakter olaraq Azərbaycanlının rusun gözündə necə görünməsi, məğrurluğunun romantik qəbul olunması və s. maraqlı təsvir edilir. Başın ən kritik məqamlarda öz milli xarakterini ifadə edə bilmək cəhdi uğurlu alınıb. Bununla belə, Mahmud emosional, cəsarətli, çılğınlığı və ciddiliyi ilə, ümumən koloriti ilə milli konkretliyin, eləcə də əsərin milli məzmunun ifadəsində mühüm yeri olan obrazdır.
Amma düşünürəm ki, Mahmudun türkçülüklə bağlı düşüncələri bir qədər “çığırır”. Əgər bu, din müstəvisində etiraz, aqressiya, dözümsüzlük olsaydı, daha inandırıcı görünərdi. Mənə elə gəlir ki, son zamanlar əsərlərimizdə türkçülüyün müasir anlamda qəbulu bir qədər ifrata varılır. Yeri gəlmişkən, deyim ki, mərhum Zəlimxan Yaqubun “Peyğəmbər” mənzum romanında da millətdən yox, ümmətdən danışılması daha düzgün olardı. Mənə elə gəlir ki, burada da türklükdən daha çox, ümmət kimi Sisianova qarşı çıxılsaydı, rus ağalığına etirazın içində dini amil olsaydı, daha təbii görünərdi. Çünki, Mahmud Abbas Mirzənin hüzuruna əmanəti apararkən emosional, çılğın deyil, əksinə, qəribə bir mütilik, süstlük hiss olunur davranışında.
Qürbət Mirzəzadə:
- Məncə, yazıçı burada güclər nisbəti məsələsinə toxunub. Güclü, qüvvəli bir ordunun qarşısında o, nə edə bilərdi ki...
Elnarə Akimova:
- Anladığı səviyyədə də etiraz edə bilmir, axı. O zaman əvvəlcədən bəs nəyin naminə canfəşanlıq edirdi?
Südabə Ağabalayeva:
- Xarakter - milli xarakter, fərdin daxili azadlıq hissi, yadın asılılığına etiraz və üstəlik, bu, “kafir”dən asılılqdır.
İsa Həbibbəyli:
- O zaman artıq türkçülük düşüncəsi Azərbaycanda mövcud idi. Mahmud obrazı millətin özünü dərk etmə prosesinin bir təzahürü idi. O, dinçidən çox türkçüdür, vətənpərvər ziyalıdır.
Qürbət Mirzəzadə:
-Yazıçı bütün ştrixləri, detalları olduğu kimi açmamalıdır ki. Qaranlıq mətləblər də qoyulmalıdır ki, oxucu o barədə özü fikirləşib nələrisə tapa bilsin. Hər şeyi çılpaq şəkildə versə, düşünməli problem qalmaz.
İsa Həbibbəyli:
- Elçinin bu əsəri süjeti, kompozisiyası, dil-üslub cəhətləri ilə də maraqlıdır. Tarixi mövzuda yazılan bədii əsərdə istər-istəməz müəyyən qədər publisistikaya meyil olur. Axı hadisəni, faktı, tarixi şəxsiyyəti də göstərməlisən. Elçinin üslubunda müəyyən qədər publisistikaya meyil var. Burada publisistika bir qədər də artıq ola bilərdi, çünki tarixi mövzuda yazılıb. Amma Elçin bacardığı qədər ona qarşı mübarizə aparıb. Mümkün qədər hadisələri, tarixi obrazları bədiiləşdirməyə çalışıb. Hadisələrə yazıçı kimi müdaxilə edib. Onun təsvir və ifadə vasitələrində, üslubunda bədiilik əsas meyardır. Görünür, xeyli dərəcədə özünə qarşı mübarizə aparıb ki, tarixi hadisəni, faktı göstərməkdən çox, ədəbiyyat vasitəsilə açsın, yazıçı təxəyyülündən keçirərək bədii cəhətdən ifadə edə bilsin. Və mən elə bilirəm ki, bu, baş tutubdur. Üslubda publisist çalarlar var, amma bədii səviyyəni üstələməyib. Elçinin yazıçı təxəyyülü, bədiiliyi qalib gəlib.
Nərgiz Cabbarlı:
- Yalnız bəzi məqamlarda bədiililik bir qədər geri çəkilir.
İsa Həbibbəyli:
- O da tarixi hadisə, tarixi proses, tarixi faktların verilməsində labüddür. Məktubları oxuyursan, o qədər insanın xarakterinə və dövrdəki hadisələrə uyğundur ki, bilmirsən, həqiqətən yazılıblar, yoxsa yazıçının bədii uydurmasıdır. Mən inanıram ki, onların bir çoxu heç olmayıb, amma əsərdə inandırıcı təqdim ediliblər. Əgər olsaydı da, məhz o cür olardılar.
İntiqam Qasımzadə:
-Bəli. Elə bil, burada bədiilik və publisistika baxımından əsər boyu Elçin özü özü ilə mübarizə aparır. Mənim fikrimcə də, o, bu balansı gözləyə bilib. İkisinin paralel olması sənətkarlıq məziyyətidir. Fikir vermisinizsə, bəzən topların sayına qədər, tüfənglərin növünə qədər, xronika, tarixi faktlar dəqiq verilir. Bəlkə də bu, bir yazıçı vasitəsidir, yazıçının əsərə bilərəkdən etdiyi əlavələrdir. Yəni o tarixi mənzərəni vermək üçün detalları qabartmağa çalışıb. Yazıçı səni, nəyin hesabına olursa-olsun, oxuduqlarına inandırmalıdır və bu məqsədlə də bütün vasitələrdən istifadə edə bilər.
Əsərdə sənətkarlıq baxımından da müasir roman janrının bütün yeniliklərindən istifadə edilib. Burada ayrı-ayrı baxışlar var. Fəzadakı yoxluğun içində məkansız olan “O” çox gözəl alınıb. Bu, tarixi romanın ağır hadisələrini oxucuya oxutdurmaq üçün maraqlı vasitədir. Sənətkarlıq xüsusiyyəti deyəndə mən bunu nəzərdə tuturam. Bir də Elçinə məxsus xüsusi bir dil var. Əvvəllər yazdığım məqalələrdə mən onun dilinin axıcılığı, ləngəri barədə danışmışam. “Bir görüşün tarixçəsi” hekayəsi yadınızdadır? Məsməxanımla Məmmədağanın məhəbbəti necə gözəl, lirik səpgidə işlənmişdi.
Vaqif Yusifli:
-“Şuşaya duman gəlir” hekayəsində də...
İntiqam Qasımzadə:
-Bəli... Elçin sözlə işləyə bilən yazıçıdır. Söz onun əlində mumdur, cümləni istədiyi kimi başlayıb istədiyi kimi bitirə bilir. Öz dilinin ləngərini əsərin əvvəlindən axıra kimi qoruya bilir.
İsa Həbibbəyli:
-“Baş” romanında tarixiliklə yanaşı, dil, üslub, xarakterlərin açılışı, yardımçı surətlər, əlavə hadisələr də uğurla təqdim olunub. Və mən hesab edirəm ki, bu əsər müstəqillik dövrü Azərbaycan ədəbiyyatının əhəmiyyətli nümunələrindən biridir.
Vaqif Yusifli:
- Mən bir də onu deyim ki, son zamanlar roman adı altında bir çox əsərlər təqdim olunur. Elçinin bu əsəri roman poetikasına tam uyğundur. “Baş” romanını dünya romanı qatarına qoşmaq olar. “Mahmud və Məryəm” kimi, Yusif Səmədoğlunun “Qətl günü” romanı kimi...
İsa Həbibbəyli:
- Xalq yazıçısı Anarın “Göz muncuğu” əsəri kimi.
Vaqif Yusifli:
- Bəli. Azərbaycan romanı dünya romançılığına bir qədər gec qoşulub - 1889-cu ildə İbrahim bəyin “Səyahətnamə”si ilə. Sonra kiçik romanlar dövrü gəlir. Bir az fasilə olduqdan sonra sovet dövrü romanları yazılır. 60-ci illərdən başlayaraq Azərbaycanda roman sənəti yeni mərhələyə adlayır. “Dəli Kür”, “Qarlı aşırım”, “Pərvanə”, Fərman Kərimzadənin, Anarın, Mövlud Süleymanlının romanları yaranır. Yusif Səmədoğlunun “Qətl günü” romanı yazılır. Bu roman da həmin cərgədə öz yerini tutan maraqlı əsərdir.
İsa Həbibbəyli:
- Bir sözlə, “Baş” romanı azərbaycançılıq mövqeyi ilə yazılmış, milli ruhu güclü olan böyük ədəbiyyat nümunəsidir. Eyni zamanda, bu əsər tarixi proseslərdən ibrət dərsi çıxarmaq üçün müasir oxucuya bələdçi ola bilən mükəmməl tarixi-psixoloji romandır. Romanın mövzusu da, ideyası da müasirdir. Bədii vasitələri zəngindir, süjet-kompozisiyası orijinaldır, əsərdə yaddaqalan obrazlar var. Roman keçmiş imperiya daxilində gedən bütün əsas prosesləri aça bilir. Burada bu gün dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi, siyasi-mənəvi birliyə çağırış mənasında ciddi mesajlar var. Bu baxımdan əsəri əhəmiyyətli hesab edir, ciddi ədəbi hadisə kimi dəyərləndiririk.
“Azərbaycan” jurnalı ilə Nizami adına Ədəbiyyat İnstitutunun ilk dialoqunu da baş tutmuş hesab edirəm. Düşünürəm ki, ölkənin əsas ədəbiyyat jurnalı ilə Ədəbiyyat İnstitutunun əməkdaşlığı bundan sonra daha da genişlənəcəkdir