Kulisin kitabla bağlı suallarını tanınmış teleaparıcı İlhamiyyə Rza cavablandırır.
- Uşaqlıqdan və indi oxuduğunuz kitablardan hansıları xatırlayırsınız?
- Uşaqlıq və yeniyetməlik dövrümdə o qədər kitab oxumuşam ki, indi hansı birinin adını çəkim, hansından başlayım? Kitab sevgim “Koroğlu dastanı”ndan başladı, ondan qabaq nağılları oxuyurdum, kiçik həcmli uşaq kitabları yadıma gəlir, şəkilləri, illüstrasiyaları diqqətimi cəlb edənlər... Hə, yadımdadır ki, 1-ci sinifdə Abdulla Şaiq adına uşaq kitabxanasına apardılar bizi siniflə bərabər. Nəsə müsabiqəydi, suallara doğru cavab verdiyim üçün mənə kitab bağışladılar. Həmin o kitab heç yadımdan çıxmır. Müəllifini unutmuşam. Şeirlər kitabı idi. Qarlı bir gündə uşaqların həyətdə qartopu oynaması barədə şəkilli bir kitab idi. İndi də xatırlayanda içimə bir işıq dolur
- Sizcə aparıcı ədəbiyyat sahəsində nə qədər savadlı olmalıdır?
- Aparıcı, ya qeyri-aparıcı, mədəni adamın mütaliəsi olmalıdır. Bizi şəxsiyyət kimi formalaşdıran həm də oxuduqlarımızdır.
- Məşhurların bir çoxu mütaliə etmir. Hətta məşhur xanəndələr var ki, ömrü boyu qəzəli səhv oxuyur, mənasını anlamır. Eyni zamanda aparıcılar sözü, vurğunu düz demir, bəhs etdiyi mövzuya yaxından bələd deyil. Bu məsələyə necə baxırsınız?
- Necə baxasıyam ki, əlbəttə, pis. Özünə hörmət edən birisi necə özünə yaraşdırar ki, məşğul olduğu sahəni bilməsin? Vallah bunu müzakirə etmək belə artıqdır. Sadəcə, siz məşhur sözünü işlətdiniz, mənə aydın deyil ki, öz peşəsinə, sahəsinə, sonucda öz reputasiyasına etinasız olan bir adam necə məşhur ola bilər? Amma nəzərə alsaq ki, məşhurlaşmaqla sevilmək son zamanlar üst-üstə düşməyən hallardır, bu mümkündür, təəssüf ki...
- Türkiyədəki, Rusiyadakı tele və şou aparıcıları ciddi mütaliəlidirlər. Sizcə bizdə belələri varmı?
- Əlbəttə var, biri elə Həmid Herisçi. Zarafat bir tərəfə, amma mütaliəli aparıcılarımız az da olsa var.
- Sizcə, kitab mədəniyyəti nə vaxt formalaşacaq bizdə? Hansı ki, sovet vaxtı bu normal idi. Bəlkə elə birinci sənət adamlarından başlamaq lazımdır. Örnək olaraq...
- Kitab mədəniyyətini bərpa etmək üçün ilk növbədə oxumaq vərdişini bərpa etmək lazımdır. Kim nə deyirsə, desin, elektron mətbuat, elektron kitablar mütaliə zövqünü yaşatmır insana. İctimai nəqliyyatda nə qədər oxuyan insan görə bilirik? Fərq etməz, qəzet, ya kitab. Görə bilmiriksə, vəziyyət qəlizdir. Hesab edirəm ki, dayanacaqlarda və metrolarda kitab satışını və mətbuat yayımını bərpa etmək lazımdır.
- Yazırsınızmı nəsə? Həvəs üçün də olsa... Məktub, şeir, həkayə, nağıl, ən azı status-esemes...
- Yazmaq elə həvəs üçündür də, başqa nə üçün ola bilər axı? Harda görmüsünüz ki, yazı-pozudan normal dolansın, pul qazansın insan? Çox az yazıram və bu mənə əzab verir. Səbəblər çox gətirmək olar. Amma mən bütün hallarda o səbəbləri bəhanə sayıram. Çünki yazmaq istəyi güclü olanda heç nə mane olmamalıdır və olmur da. Gözümün qabağında Həmid Herisçi var. Evdə yanğın da olsa, yazmaq dəmi gəldisə, yazacaq. Yazmasa, yanğında yanacaq.
- Yeni mahnıların sözləri sizi qane edirmi?
- Nə yeni, nə də köhnə mahnılarımızın sözləri məni qane etmir. İfaçılıq sənətimizdə oxuduğunun məzmununa diqqət edən bir tək tanıdığım sənətkar Flora Kərimovadır. Hələ indiyədək onun mənasız sözlərə müraciət etdiyini görməmişəm. Əsil müğənni, əslində bəstəkardır. O, birinci sözlərin mahiyyətinə diqqət kəsilməlidir. Tutdusa sözlər onu, davam edə bilər. O ki qaldı musiqi materialına, onu istədiyi kimi yarada bilər. Eyyub Yaqubovun və Flora Kərimovanın timsalında bunu müşahidə etmişəm. Musiqinin ilkin versiyası ilə sonda hazır versiyası arasında o qədər fərq olur ki, ifaçının müəllifliyini görməmək mümkün olmur. Bu da yalnız o halda baş verir ki, sənətkar ifaçı sadəcə icra etmir, həm də bu sənət əsərinə öz ruhunu, qəlbini verir. Olur tam hüquqlu müəlliflərdən biri. Gözəl mahnıların müəllifi ən azı 3 nəfər olur - şair, bəstəkar və ilk ifaçı.
- Şeir əzbərləyirsiniz heç?
- Bəzən, amma tez də yadımdan çıxır. Ən çox sevdiyim şair Nazim Hikmətdir.
- Azərbaycandan sevdiyiniz şeirlər, hekayələr, romanlar haqda da danışın mümkünsə.
- Klassik ədəbiyyatımızdan sevdiklərim var. Amma çox azdır. Hamısını oxumuşam, orta məktəb və tələbəlik illərində. Çox az sayda əsər var ki, zövq üçün oxumuşam. Adətən dərs proqramında olduğu üçün, yaxud, hansısa ictimai, tarixi əhəmiyyətinə görə oxumuşam. Bədii əsərlərdə ən çox dəyər verdiyim məqam səmimiyyətdir. İstəyirəm ki, oxumağa başlayandan sonra çox az bir müddətdə müəllifin iştirakını hiss etməyim. Hadisələrlə, oxuduqlarımla mənim aramda bir kimsə olmasın. Yəni, əsərlə üzvi surətdə qovuşum. Süleyman Sani Axundov, Mirzə Cəlil, Cavid sevdiklərimdir. Füzulini də çox sevirəm, amma onu oxuyanda adi oxucudan çox əsərin mükəmməlliyinə heyran qalan bir muzey müsafirinə bənzədiyimin fərqindəyəm.
- Dünya ədəbiyyatından sevdiyiniz əsərlər hansılardır?
- Deyəsən, ən çox Stiven Kingi bəyənirəm. Hər halda ağlıma bir başqası gəlmədisə, deməli odur.
- Yeni dövr Azərbaycan yazarlarından kimi tanıyırsınız?
- Tanıyıram ee, amma əksəriyyətini yazar kimi deyil, media əhli kimi tanıyıram. Yazdıqlarını da ədəbi material hesab etməkdən uzağam. Hərçənd ki, cəhdlərim çox olub. Axır vaxtlar Şərif Ağayarın nəsrini bəyənməyə başlamışam. Görək nə qədər çəkər. Qismətin şeirləri xoşuma gəlir. Yəni hər birinin yaradıcılığında bəyənib bəyənmədiyim məqamlar var. Amma nəyisə bəyənmişəmsə, demək o bir yazar kimi mənimçün mövcuddur. Hə, bir də Vüsalə Məmmədovanın qələmini çox bəyənirəm. Ümumiyyətlə, mediada özünə yazar demədən yazan elə gözəl qələmlər var ki, bax onları bəzən bədii əsər kimi oxuyub zövq ala bilirəm. Vüsalə kimi…
- Svetalan Aleksieviç Nobel alanda hansı hissləri keçirdiniz? Qadın yazarlar az alıb bu mükafatı...
- Heç bir hiss-filan keçirmədim. Onun yaradıcılığı ilə tanış deyiləm. Qadın olması isə mənim nəsə hisslər keçirməyimçün kifayət deyil.
- Sizcə niyə ciddi bir kitaba 5 manat verməyən azərbaycanlı saiti samitdən ayıra bilməyən toy müğənnisinə və tamadalara minlərlə manat sayır? Bu ciddi problemdir, yoxsa heç bir zərəri yoxdur?
- Siz elə bilirsiniz, müğənnilərə həmin o pulu verməsə, gəlib kitablara verəcək? Yanılırsınız. İnsanlar zövq aldıqları deyil, funksional olaraq onlara lazım olan şeylərə pul xərcləyirlər. Müğənniyə gedib konsertdə qulaq asıb, hesabına 3 min manat köçürən bir şəxs gördünüzmü? Amma toyda ifasının 1-cə saatına həmin pulu verir. Bəzənsə daha çox. Çünki, toyda müğənninin ifası ona sırf funksional olaraq lazımdır, bilir ki, onsuz da həmin pulu çıxardacaq. Müğənnilərə həmin pulu qazandıran, əslində bunun üçün düşünülüb qurulmuş sistemdir. Toy sistemi. Hamı, bütün xeyir işi edənlər, həmin prosedura əməl etməli olurlar. Sistemi sındırmaq çətindir.
- Səmavi kitablardan hansıları oxumusunuz?
- Səmavi kitabı oxumaq, onu həqiqi mənada oxumaq deyil. Fikrimcə, səmavi kitabları öyrənərək oxumaq lazımdır. Bu mənada heç birini.
- Son olaraq həmkarlarınıza və tamaşaçılarınıza ədəbiyyatla, kitabla bağlı nə dəmək istəyirsiniz?
- Təsirə məruz qalmasınlar, reklam edilən ədəbiyyatı, müəllifləri deyil, zövqlü insanların tövsiyə etdiyi müəllifləri oxusunlar. Hər kitab yazan, ödül alan, nəticədə kitabı satılan yazıçı, yazıçı deyil. O adam yazıçıdır ki, kitabı əldən ələ gəzir və sonda itir. Kimə oxumaqçün verdiyini belə unudursan. Bir də mütaliə və bədii ədəbiyyat məsələsində dürüst olun. İlk növbədə öz qarşınızda, sevmədiyiniz yeməyi yemədiyiniz kimi, bəyənmədiyiniz kitabı da sonadək oxumaq zorunda deyilsiniz. Yəni proses sizə zövq vermədisə, ikinci dəfə siz daha həvəssiz oxuyacaqsınız. Odur ki, içinizdə kitab eşqi varsa, onu qoruyun. Elə bütün eşqlər kimi…