Sabir Rüstəmxanlı: "Ermənilər dini ayələri türkcə yazırdılar"

Sabir Rüstəmxanlı: "Ermənilər dini ayələri türkcə yazırdılar"
28 oktyabr 2015
# 08:30

Manera.az-ın “Oxucu sualı” layihəsinin budəfəki qonağı tanınmış yazıçı-publisist, xalq şairi Sabir Rüstəmxanlıdır. Müəllifə ünvanlanan suallar yazıçının bu yaxınlarda çap olunmuş “Şair və Şər” romanı əsasında hazırlanmışdır.


- Sabir bəy, yeni romanınızla ədəbiyyat tariximizin qaranlıq səhfələrindən birinə işıq tutub, təzadlı şair taleyindən söz açırsız. Zənnimcə, Hadinin, demək olar ki, oxunmadığı bir zamanda oxucuları onun şəxsiyyəti, taleyi və düşüncələri ilə tanış etməkdə çox böyük savab iş tutmusunuz...

- Düzünə qalsa, böyük şairlərin demək olar ki, hamısının taleyi çətinliklərlə, ziddiyyət və əzablarla doludur. Şair Allahın seçilmiş bəndəsidir və çox vaxt cəmiyyət bu seçilmişliyi, fərqli düşüncəni, istedad özünəməxsusluğunu başa düşə, qəbul edə bilmir. Bəlkə də, bu çətinliklər olmasa istedad da sönüb gedər. Böyük istedadlar - böyük ehtiyacların, mənəvi sıxıntıların, həyatın ağır sınaqlarının övladıdır. Bu mənada Xaqaninin , Nəsiminin, Füzulinin, Vaqifin, Seyid Əzimin, Sabirin, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Almaz İldırımın taleyi Hadinin taleyindən o qədər də fərqli deyil. Hamısı millətinə aşiq ola-ola, millətdən qayğı görməyiblər, hətta sarayda yaşayanı da mənən həmişə sıxıntı içində olub. Xaqaninin, Vaqifin yaşadıqları sarayların zindandan fərqi yox idi. Çünki böyük söz ustaları olduqlarından boğazdan yuxarı danışmaq və şeytanları mələk cildində təqdim eləmək onlar üçün çox çətin idi.

Hadi az oxunur, düzdür, amma ədəbiyyatımızda onun danılmaz bir yeri var “Yox millətimin imzası imzalar içində” bir roman siqləti daşıyan və milli mübarizəmizdə bayrağa dönən, gücə çevrilən bir misradır. Millət on illər boyu bu yoxluğu var etmək üçün mübarizə aparmış və sonda buna nail olmuşdur. Hadinin oxucusu azdır, amma onunla tanış olanlar ömürləri boyu onun sözünün cazibəsindən uzaqlaşa bilmirlər. Əslində bu romanı yazmağa məni vadar edən də Hadinin az tanınması və dilinin mürəkkəbliyi oldu.

“Şair və Şər” bir tanışlıq romanı və ya bədii xronika da adlandırıla bilər. Əsərdə Hadinin 40 illik həyatı ilə yanaşı onun sıravi oxucular tərəfindən çətin anlaşılan şeirləri də mətnə daxil edilmiş və bu yolla böyük şairi oxuculara yaxınlaşdırmağa çalışılmışdır. Bunun nə dərəcədə savab iş olduğunu siz bilirsiniz.

- Kitabın əvvəlində Şirvana gələn gəzərgi bir dərvişdən söz açırsız. Dərvişlik məktəbi məni çox düşündürən mətləbdir. Türkün tarixi boyunca onlar haqq sözünü, gizli mənaları xalqa şairlə çatdırmışlar. Kimlərdir onlar – din missionerləri, qədim şamanların gizli elmlərinin daşıyıcıları, tarixi bilinməyən muğam və şeir biliciləri?

- Məncə, dərvişlik məktəbi hələ yetərincə öyrənilməmişdir. Sözün sehrini, ədəbiyyatın ilahi missiyasını və millətlərin taleyində oynadığı rolu anlamaq baxımından sufiliyin, təsəvvüf ədəbiyyatının böyük ideyalarını dünyada yayan missiya daşıyıcılarının, o cümlədən dərvişlərin bağlı olduğu köklər diqqətlə öyrənilməlidir. Missiya daşıyıcılarını yalnız dinlə bağlamaq düzgün deyil. Məsələn, Yəsəvi məktəbinin yetirmələri türklüyün yer üzündə yayılmasında ordular qədər iş görüblər. Öncə söz gedib, sonra ordu.

Əslində sizin sualınızda qoyulan məsələlərin də dərvişliyə aidiyyatı var. Doğrudan da haqqın, ruh və mənəviyyat aləminin gizli mənalarını xalqa çatdıran və əsrdən-əsrə daşıyan şairlər olmuşdur. Bu mənada deyək ki, Nizami, Nəsimi, Füzuli şeirinin yalnız üst qatına baxıb nəticə çıxarmaq olmaz. Onların yaradıcılığında söz sehrlidir. Təəssüf ki, həmin ənənələr qırıldığına görə bu gün sözün sehri də dağılır. Dərvişlərə gizli elmlərin daşıyıcıları, söz və musiqi biliciləri, din missionerləri kimi də baxmaq olar. Bu, artıq onların dərvişlik məktəbinin hansı qoluna bağlı olmalarından asılıdır, amma bütövlükdə Türk dərvişlik məktəbləri daha çox türklüyün milli -mənəvi dəyərlərini yaymağa xidmət edib. Anadoluya Səlcuqlardan öncə dərvişlər gəlmişdi. Azərbaycanda təsəvvüf ədəbiyyatının, sufizmin çox böyük ənənələri var. Bakı, Şamaxı, Qazax, Ərdəbil... bunların hər birində böyük ustadlar yetişmiş və onların ideyaları bütün şərq ölkələrinə yayılmışdır. Mən Şimali Azərbaycanda bəlkə də sonuncu dərvişlə görüşüb, onu dinləmişdim. Nəsimidən saatlarla şeir oxumasına heyran qalmışdım. Gözü kor idi, amma ağlının gözü çox-çox iti idi.

Türkiyədə Ələvilər arasında “Xətai deyimləri” bu günədək öz qudsal təsir gücünü qoruyub saxlayır. İraqa Füzulinin yubileyinə gedəndə Bağdadda Qədəriyyə təriqətinin məclisinə dəvət edilmişdik. Görkəmli şərqşünas alimimiz Vasim Məmmədəliyev və Bakıdan gedən dostlarımızdan bir neçəsi ilə orada olduq. Orda bizim şərəfimizə böyük bir məclis düzənlənmişdi. Qədəriyyə təriqətinə məxsus olan və insanın fiziki imkanlarını göstərən səhnələrə tamaşa etdik. Amma məni ən çox həyəcanlandıran dərvişlərin rəqs edə-edə oxumaları oldu. Əslində biz də dərvişlərin cəzbinə qoşulub harasa qeyri-adi bir İrfan aləminə çəkilmişdik.

- Sabir, Səhhət, Hadinin bir-biri ilə söhbətini oxuduqca onların qəlbindəki millət, vətən sevgisinə heyran qalmamaq mümkün deyildir. Bəs bugünkü Sabirin millət dərdindən danışmağa Səhhəti, Hadisi varmı?

- Mənim darıxanda üz tutduğum insanlar arasında ədəbiyyatımızın görkəmli nümayəndələri var idi. Sabir Əhmədli, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fərman Kərimzadə, Nüsrət Kəsəmənli... Bir az daha ağsaqqal nəsildən Bəxtiyar Vahabzadə... İndi onların heç biri yoxdur. Yerdə qalan dostlarımla da seyrək görüşürük. Yayda Türkiyədə Çanaqqalaya - Məmməd İsmayıla baş çəkməyə getmişdim. Hər il dəfələrlə ziyarət etdiyim Musa Yaquba əziyyət verməmək üçün Buynuz kəndinə cəmi bircə dəfə getdim. Qalan dostlarımla da ara-sıra, daha çox müxtəlif məclislərdə görüşürük. Ədəbi və milli taleyimizlə bağlı düşünənlərin davamlı bir məclisi yoxdur. Bu boşluq öz-özlüyündə çox şeydən xəbər verir və hamımızı narahat etməlidir.

- Hadinin Kürdəmirdə müəllim işlərkən yalançı din xadimləri tərəfindən kafir kimi qələmə verilməsini oxuyarkən müasir dövrümüzdə şeirə, şairə yeni münasibətin yaranmasına görə sevindim. İndi bütün məclislərdə savadlı ruhanilər klassiklərdən qəzəllər misal gətirir, camaatın sevdiyi şairlərin fikrini bir daha onlara çatdırırlar. Sizcə bu nəyi bildirir, din xadimlərimizin daha da savadlanmasını, yaxud Füzuli, Nəsimi, Seyid Əzim dühalarının gücünü?

- Özünü normal azərbaycanlı, türk sayan heç kəs məclislərdə Füzulidən, Nəsimidən, Seyid Əzimdən, yaxud Mirzə Ələkbər Sabirdən yan keçə bilməz. Bütün evlərin və ürəklərin qapılarını aça bilmək onların gücüdür. Onların böyük istedadla yazdıqları illər və əsrlər uzunu insanların sözünə güc qatmış, arada ünsiyyət körpülərinə çevrilmişdir. Bunu inkar etmək olmaz. Ancaq eyni zamanda din xadimlərinin müqəddəs kitabla yanaşı ədəbiyyata getdikcə daha ardıcıl müraciət etdiklərini də danmaq olmaz. Bu başa düşüləndir. Cahil mollalar nə qədər çoxalsalar da, ali dini təhsil almış gənc din xadimlərinin də sayı artır. Klassik Azərbaycan ədəbiyyatının 3 dildə yarandığını nəzərə alsaq, bu din xadimləri ərəb və fars dillərini bildiklərindən klassik ədəbiyyatımızı müasir ali məktəb məzunu olan filoloqlardan daha yaxşı dərk edir və daha dərindən şərh edə bilirlər. Bu da onların məclislərinə marağı artırır.

Klassik Azərbaycan şeirini yetərincə dərk etmək üçün qədim şərq fəlsəfəsini və panteizmi, hürufizmi, din tarixini və dini ədəbiyyatı, sufizmi, türk tarixini, şərq simvolikasını dərindən bilmək lazımdır. Mən bunların hamısına bir yerdə klassik ədəbiyyatımızın açarı kimi baxıram. Hətta bir vaxtlar, nəşriyyatda işləyəndə qədim ədəbiyyatımızı yaxşı bilən bir mütəxəssisə təklif etmişdim ki, orta məktəb şagirdlərinə yardım məqsədi ilə “Klassik ədəbiyyatımıza açar” adlı bir kitab yazsın. Belə bir açarsız bir çox sirr qapıları oxucunun üzünə bağlıdır. Böyüklərimizin yaratdıqlarını mexaniki şəkildə əzbərləsələr də ,onların əsl mahiyyətini bütün dərinliyi ilə dərk edə bilmirlər. Bir məsələ də var ki, savadsız mollalar dini həyatdan ayrı salıblar. Dünyanın qədim tarixindən, Misirdən, Fələstindən, Yəməndən, Məqribdən, Məşriqdən, insdən-cinsdən, gəlib getmiş 124 min peyğəmbərdən, imamlardan fasilə vermədən danışalar da, öz xalqlarının tarixindən xəbərsizdilər və millətlərinin dərdindən, qayğısından kəlmə kəsməyə canları çıxır; elə danışırlar ki, sanki farsdan yenicə dönüblər türkə.

Kərbəla müsibətindən danışanda beş kəlmə də Qarabağ faciəsi dilə gətirilmir. Sayı-hesabı bilinməyən uydurma hədisləri eşitməkdən qulaqlarımız yağır olub. Nəzərə almırlar ki, məclisdə oturanların çoxu bu hədisləri yüz dəfələrlə dinləyiblər və onların hansının doğru, hansının saxta olduğunu da çox yaxşı bilirlər. Ağıllı din xadimləri bu məsələlərdə ayıq tərpənir və dinin əsl mahiyyətini, böyük fəlsəfəsini təbliğ edirlər.Bu yerdə dinlə ədəbiyyat bir-birinə xeyli dərəcədə yaxınlaşır.

- Əhməd bəy, Əli bəy və Hadi olaraq türk dili barədə danışırlar. Əsrin əvvəllərindəki həmin problem indi də aktualdır. Türk ölkələri arasında təfriqə salan kimlərdir ki, onlar həmin şairlərdən də, bugünkü ziyalılardan da güclüdürlər?

- Türk dünyasının düşmənləri çoxdur. Onlar türkü zəiflətmək, türk birliyini sarsıtmaq üçün yüz illərdir mübarizə aparırlar. Səlib yürüşləri üç yüz il davam edəndən sonra şəkilini dəyişsə də, niyyətini dəyişməyib . Əslində məzhəb davaları, ayrı-seçkilik , türk dünyasını param-parça edən hakimiyyət davaları, dünyanın ən şərəfli millətlərindən birini bu gün Qərbdən asılı bir vəziyyətə salmışdır. Türk dilinin üzərində oynanılan oyunlar da birliyimizi pozmaq siyasətinin tərkib hissəsidir. Böyüklərimiz bu faciəni görürdülər, buna görə də Osmanlı türkcəsini türk dünyasının ümumi ortaq ədəbi dilinə çevirməyə çalışırdılar. Ancaq bu mümkün olmadı, çünki ərəbin, farsın yad sözləri ilə yüklənmiş bu dil xalqdan çox uzaq düşmüşdü.

Əlifba və yazı ortaqlığı qısa müddətdə türk dillərinin ünsiyyətində inqilabi bir dəyişikliyə səbəb olar. Bunun qarşısını almaq üçün bir vaxtlar ümumtürk əlifbası olan Orxon-Yenisey əlifbasından ərəb hürufatına keçiblər. Ərəb hərfləri türk dili üçün nə qədər uyğunsuz olsa da, min ildən artıq yaşamışdır. Ondan imtina edib latına və kirillə keçmək Sovet dövründə Türk mədəniyyəti və birliyinə vurulan ən böyük zərbə oldu. İndi yenidən latına qayıdırıq, lakin yenə vahid bir əlifbanın üzərində dayanmağı bacarmadıq. Adı latın olsa da, hər Türk xalqı öz variantını yaradır. Burda çoxvariantlılıq ayrılıqları daha da dərinləşdirən bir yoldur. Azərbaycan türklərinin işi daha müşküldür. Bir millətin iki əlifbası var. Bu milli birlik yolunda ən böyük maneədir. Təəssüf ki, bütün bu problemləri həll edə bilən siyasi iradə yoxdur. Xaricdəki düşmənlərlə yanaşı içimizdə də birliyimizə mane olan qüvvələr var.

- “Difai fədailəri” romanınızda Əli bəy Hüseynzadənin fəaliyyətini gen-bol işıqlandırmısınız, lakin “Şair və Şər” romanında da ondan söz salanda yenə ətraflı izahatlar, geniş məlumatlar verirsiniz. Hiss olunur ki, onun şəxsiyyətinə böyük hörmətiniz vardır. Nədir bu vurğunluğun səbəbi?

- Maraqlı sualdır. Doğrudan da Əlibəy Hüseyinzadə tariximizin ən parlaq simalarından, bu günümüzün memarlarından biridir. Azərbaycanın və Türkiyənin cəhalət bataqlığından, milli nihilizmdən qopub özünü tapmasında onun qədər böyük rol oynamış şəxsiyyətlər barmaqla sayıla bilən qədər azdır. Buna görə də onun həm şəxsiyyəti, həm də yaradıcılığı mənə doğmadır. Məncə, Əlibəy Hüseyinzadəyə həsr olunmuş ayrıca bədii əsərlər yazılmalıdır və şübhəsiz yazılacaqdır.

- Sabir bəy, bir alim kimi bu məlumatı daha da dəqiqləşdirmənizi və genişləndirmənizi istərdim. Kitabın “Birinci Dünya savaşı” bölməsində oxuyuruq ki, Hadi bir erməni keşişi ilə görüşür və orada “Alqış bitik” adlı erməni əlifbası ilə yazılmış türkün dua kitabını görür, öyrənir ki, ermənilər kilsədə duanı türkcə oxuyurmuşlar...

- Bu uydurma deyil. Din missionerləri, hələ İslamdan əvvəl erməni, gürcü və albanlar üçün əlifba düzəltmişdilər. Ancaq Avrasiya genişliyi Türk dilinin meydanı idi və onun təsiri altında idi. Buna görə də Ermənilər Türk dilində olan mətnləri, xüsusən qıpçaq mətnlərini Erməni əlifbası ilə yazıya alırdılar. Və bəzi dini ayələri də öz əlifbalarında, ancaq hamıya aydın olsun deyə, türkcə yazırdılar.

Layihə rəhbəri: Şəhla Aslan

# 1003 dəfə oxunub

Müəllifin son yazıları

# # #