İntihar ipinə yaraşan qadın – YENİ İMZA

İntihar ipinə yaraşan qadın – <span style="color:red;">YENİ İMZA
15 iyul 2016
# 16:33

Kulis.Az gənc şair Tural Turanın şeirlərini təqdim edir.

Bəzən Qırat kimi göz işığı düşməyən

tövləyə bağlanmaq istərsən...

Saçların misra–misra ağarırmı yenə?

Bətnində boş qəbir,

Yataq otağında sinədaşsız beşiyi görüncə...

Üşüyürsənmi bu axşam da,

Bir qarabuğdayı kişi,

Bir sarışın qızcığazı geyirsənmi əyninə?!

Otağının soyuq gələn, dişlərini qıcırdadan yerlərinə

Bir ehtiraslıq ağ–qara şəkilləri hörüncə –

və yaxud bir şəkil belə tapmayıb,

o deşiklərdən özünü asınca?..

Söndür gözlərindəki bir cüt işığı,

Arxa çevir, ömür alan ilğımlara.

Bir az qımış, bir az işılda, bir az isin...

Qış sonunda qəfil doğan sazaqlı günəş kimi...

Sən qadınsan axı,

bəzən Qırat kimi

göz işığı düşməyən qaranlıq bir tövləyə bağlanmaq istərsən,

uçmaq üçün əclaflıqlardan

xəyalların sənə təslim olduğu yüksəyə.

Udqunarsan, udqunarsan, üşüyərsən...

Bir də... keçəl və qırmızısaqqal bir xədim kişi olsa –

deyə düşünərsən.

Səni bu qırx gün ərzində bəsləməyə...

Sənə baxa bilərəm, əgər istəsən – təki, uç buradan.

Onsuz mən qadın deyiləm.

Bir inadın, bir muradın deyiləm...

Mən kişiyəm alçaqların öldürdüyü,

əclaflıqlardan aşağı –

23 yaşında sarışın kənd qızının axtaladığı

Kipkirli bir Tanrıköy uşağı.

Sənsə, qadınsan, uğurlu bir misrada

heca – heca ölən, əriyən.

Bir çay qaşığında

sarıyla qaranın nəmlənmiş qarışığı.

Söndür, söndür gözlərində işığı,

Ya get, yeni doğulmuş bir yetim quzunun çarasını yala,

ya da

ilim ayağı it bu səhralardan,

Özünü qarabuğdayı bir nəfəsləcə mumyala...

11 bürkü (iyul) 2016

Bizim daxma papaq qanı götürməz,

Bir də bu uşaqla çıxma qarşıma,
Enmə üzsüzlüyün qazmaq dibinə.
Ayıbdı, məni də sizə daşıma,
Onsuz da ayağım sizə sarıdı.
Yüz evlik barıtlı közə sarıdı...
Mən necə yığışım başı papaqsız,
Qapısı ciyiltili gəlin evinə?!...

Bu yorğun günorta, novat adamı,

Yemək də cəhənnəm, sən də cəhənnəm

Görməyə sürünürəm o uçuq damı -

Yenə bir boşqab sən-
"bayat buğlu" bir xörək...
Səni sevməyə gedirəm,
Dədəm evinə...

...Üzüyü lax barmaqlı gəlin,
Oymaqların söz çanağı,
Uşaq qonaqlı gəlin,
anasız, öksüz gəlin,
"Dənciyi" yüksüz gəlin,
Anamın tikdiyi o güllü yorğan,
nə örtməz,
nə üşütməz, yanı küçüklü gəlini.
Apardığı cehizindən ağır yüklü gəlini...


İki adamlıqdı,

dörd nəfərlik deyil o,
Bircə mənim bədənimə dəyib o...

Bizim daxma papaq qanı götürməz,
Bu bıçağı paslı qın da kiritməz.
Uzaq eylə komamızdan yelini...
Bir də bu uşaqla çıxma qarşıma,
Onsuz da papağım laxdı başıma...

16 bozay (mart) 2016 – Bakı

Özünü asmağa hazırlaşan qadın...

(M.E üçün)

...Axı, hələ saçlarından daş asılmayıb onun,
Yanağında yas izi yox,
Göz yaşının oturmaq üçün mizi yox,
Göz yaşı miz alıb oturunca asacaq mütləq,
Özünü asmağa hazırlaşan qadın.
Axı hələ payızdadı, alnından qış asılmayıb ?! -
Hələ qalıb bir az taqət...

Sözü bələkli öləcək,
Saçı lələkli öləcək
Min ilin paltarında.
Ləçəkli gəlin paltarında...

Sarışın, yaşıl gözlü bir körpə qığıltısı da,
dayan, dur deməyəcək, özünü asan qadına...
Qırx il bir koma içindəki
üzərindən yük asılan,
bizim asılqan qadına...
Öləcək vallah, öləcək, düz məzarına kimi,
Gün üzü günbatandan
bir gün qızarana kimi...

Şeir-şeir öldürür, onu öz ədibləri,
Bir misra oxuyunca hər gün asır özünü.
Bir ümidqıranı var bu dünyada hər günün,
Onunku da çürümüş, köhnə kəndir ipləri...
Xırıldadıb bir kərə, atır yerə qadını,
Yanağı ağ qızılı, saçı kürən qadını...

O, baxır, düşünür hələ,
Duruxur, üşünür hələ,
İntihar ipinə yaraşan qadın,
özünü kövrək çatıdan
Asmağa hazırlaşan qadın...
Hələ saçlarından daş asılmayıb...

Qızmar (iyun) 2016

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

# # #