Lyosanın gənc yazıçı ilə söhbəti - DAVAMI

Lyosanın gənc yazıçı ilə söhbəti - <span style="color:red;">DAVAMI
14 oktyabr 2015
# 13:38

Kulis Kolumbuya yazıçısı Xuan Qabriel Vaskezin Nobelli yazıçı Mario Varqas Lyosa ilə söhbətini təqdim edir.

Yaşamaq və yazmaq haqqında

Əvvəli

Vaskez: Buradan baxanda belə görünür ki, yumor sənin yaradıcılığında çox yer tutur, faydalı rol oynayır.

Lyosa: “Pantaleon və qonaqlar”dakı yumor mühitə uyğundur, obrazları açmağa yardımçı olur. Amma mənim üçün maraqlısı odur ki, nə zamansa yumorun ədəbiyyatdakı roluna şübhə ilə yanaşırdım. İndi düşünürəm ki, yumor bir obrazı, situasiyanı göstərən ən gözəl vasitələrdən biridir, ciddi ədəbiyyatda isə oxucu üçün qəbulolunmazdır.

Vaskez: “Xuliya xala”da melodrama ruhu var.

Lyosa: Etiraf edirəm ki, mənim melodramalara meylim var. Yəqin elə buna görədir ki, Malambo Varini çox istəyirəm, o əsrin melodramasıdır. Məncə, məndəki bu gizli, dərin melodrama şövqünü Meksika kinosu aşkara çıxardıb. Mən gənc idim, Meksika kinosunun böyük dövrü idi, Dolores del Rio ayaqyalın, saçları açıq selva boyunca qaçır, Alfonso Funko da xəncərlə onun dalınca. Məni bu dəhşətli vəziyyətlər, onları müşaiyət edən nəğməkar atlılar dərindən təsirləndirirdi. Bu, təkcə Meksikada deyil, həm də fransız, ingilis, alman, rusda da belədir, bu sentimentallığı zənginləşdirir, ona həqiqilik hissi verir, insanilik qatır. Sizə deyim ki, bu məni heyrətləndirir. Buna nail olanlar – məsələn, Folkner, onda turbulentlik, dəhşətli melodramatik hadisələr çoxdur, bir dildə, strukturda yazır – bir məkandan digərinə, bir obrazdan o birinə keçir ki, bu da adətən vulqar və banal kimi təqdim olunanı zənginləşdirir, nəcibləşdirir, qeyri-adi şəkildə şərəfləndirir. Mənim yazılarımda da melodramaya olan simpatiya, meyl sezilir, əlbəttə ki, onu zənginləşdirəcək şəkildə. Heç şübhəsiz ki, ədəbiyyat insanlarda turbulensiyaya və melodramaya uyğunluğu əks etdirir, həmçinin məndə də. Bəlkə bir az da mübaliğə ilə deyərdim ki, bu Latın Amerikası ədəbiyyatının əsas xəttidir. Hətta Borxes kimi incə, eleqant yazıçıda da bu var, qılıncoynadanlara, igidlərə, yaraşıqlılara olan məhəbbət. Borxes eleqantlıqla, ifadələrlə, konstruksiyalarla zəngindir, amma onda elə bir damar var ki, məhz bizi – Latın Amerikalıları təmsil edir.

Vaskez: Bildiyimə görə melodrama ilə maraqlandığın dövrdə o cür kitablar haqqında nəşrlər buraxırdın. “Ağ Tirant” kimi. Bunlar gözəl nəşrlər idi, Qarsiya Markesin də əsərləri “Əbədi Qarsiya”…

Lyosa: “Boom” (“Bum”) adlandırılan illər, çox parlaq illər idi. Latın Amerikasının yeni, orijinal, zəngin ədəbiyyatı hər yerdə tanınırdı və bizə – latınamerikalılara həmişə qıraqdan həsrətlə baxdığımız mədəni qapılar açırdı. Daha əvvəl bizim mövcudluğumuz haqqında heç bilmirdilər. Bu mənada Borxesin xüsusi rolu olub, o, bütün dünyaya nümayiş etdirdi ki, bir Latın Amerikalı Şekspir, Houtorn və ya Stivenson haqqında hər hansı bir ingilis yazıçısı qədər orijinallıqla yaza bilər. O bizi əyalət sərhədlərini aşmağa cəsarətləndirdi. Hiss etdirdi ki, biz də həmçinin, Şekspirin və ya Servantesin sahibi ola bilər, bəyəndiyimiz hər hansı ədəbiyyat nümuməsini məhəbbətlə, dərinliyinə vararaq oxuya və yaza bilərik. Yüz illiyini qeyd edən Oktavio Paz da buna nümunə ola bilər. Oktavio Paz dərin meksikan kökləri olan universal yazıçıdır, amma maraqlısı ondadır ki, Borxesçidir. İngiltərə, Yaponiya, Şimali Amerika ədəbiyyatı, keçmiş, indiki siyasət, fəlsəfə… hamısını bilir, həqiqətən də universal yazıçıdır. Bu nümunələr çoxlarını, o cümlədən məni də yazmağa, fikir söyləməyə vadar edir, çünki bunlar bizim ədəbiyyat, bizim dil deyil. Fikirləşirəm ki, bum illərində Latın Amerikasının havasını dəyişdi. Mən hələ cavankən Latın Amerikası yerli üfüqlərlə məhdudlaşırdı. Təbii ki, bəzi istisnalar var idi. Lakin o vaxtdan sonra artıq belə olmadı. Ondan sonra Latın Amerika ədəbiyyatı şəhər statusu əldə etdi. Bu da bədii yaradıcılığımız üçün müsbət hal idi.

Vaskez: Səndən nəsr haqqında soruşmaq istəyirdim. “Boom” gözəl nasirlər, tənqidçilərin dövrü idi. Sənin kitabların, “Ağ Tirant”, Karlos Fuentesin latın amerikan romanının yeni məzmunu təyin edən oçerkləri… Yəqin ki, təkcə Markes oçerk yazmayıb. Ancaq Kortasar da, Fuentes də sənin kimi ədəbi tənqidi kitablar çap etdirmişdi. Sən bunu həmin dövr latın amerikası ədəbiyyatında baş verən inkişafla əlaqələndirirsən?

Lyosa: Məncə, belə də demək olar. Özümüzü kəşf etdik, anladıq ki, öz sərhədlərimizdən kənara çıxırıq və digər mədəniyyətlərə, digər dillərə daxil oluruq. Beləcə, bu vadar etdi ki, latın amerikalıları bu mövzulara reaksiya versinlər, bu da bizim ədəbiyyatımızı universal ədəbiyyatdan daha geniş ədəbiyyata köçürdü. Həmin vaxtlar üçün bu yenilik idi. Mənə elə gəlir ki, o zaman Latın Amerikasının düşüncəsi bəzi istisnalar olmaqla, özü ilə məhdudlaşırdı. O illərdən başlayaraq, bu vəziyyət köklü şəkildə dəyişdi. Yada salmaq lazımdır ki, həmin illərdə “köklü ədəbiyyat-köksüz ədəbiyyat” polemikası ətrafında böyük müzakirələr gedirdi. Borxesə hücumlar edirdilər ki, o Argentinalı, Latın amerikalı kimi yazmır, hər şeyi əcnəbiləşdirir. Lakin bu gün heç kim bir latın amerikalıya əcnəbiləşməyə, hadisələri Parisdə və ya Nyu-Yorkda cərəyan etdirdiyinə görə bir söz deməyə cəsarət etmir. O zaman bu bizi siyasi, mənəvi dilemmaya salırdı. Əgər əsərdə fransız personajı var idisə, bu Latın Amerikasına qarşı dəhşətli xəyanət hesab olunurdu. Bu problemlər maraqlı müzakirələr doğururdu, bəzən də zorakılığa və düşmənçiliyə qədər gedirdi. Ancaq bütün bunlar indi dəyişib və məncə, hər birimizin köklü və köksüz ədəbiyyat haqqında oçerklərimiz mövcuddur. Argedas və Kortasar arasında olan polemikanı xatırlamaq labüddür. Bu polemika hər yerdə müzakirə olunan problemli məsələnin ilk qığılcımlarından idi və şükür ki, arxada qaldı, reallıq sayəsində həllini tapdı.

Vaskez: Sənin sonrakı böyük əsərin ilk romandır ki, hadisələr Perudan kənarda baş verir. 20 il həvəslə Peru və öz yaşadıqların haqqında yazandan sonra, bu necə oldu?

Lyosa: Bunu vurğulamağın maraqlı oldu. Bu polemika olmasaydı mən heç vaxt “Apokalipsis müharibəsi”ni yazmazdım. Müsahibələrdə məndən soruşanda ki, “hadisələri Perudan kenarda cərəyan edən əsər yazmısınızmı?”, “yox” deyirdim . Ona görə yox ki, Peru haqqında yazmaqborcum idi, ona görə ki, mən realist ədəbiyyat yazıram və bu da uydurduğum dünya haqqında müəyyən təcrübə tələb edir, qəhrəmanlarım mənim danışdığım ispan dilində danışmalıdır. Lakin bir gün mən Klezar Kunyanın gözəl bir kitabını oxudum, müharibə haqqında çəkiləcək kinoya ssenari yazmaq üçün. Kanudolardan bəhs etdiyini bilmirdim. Bu kitab məndə dərin təəssürat yaratdı. Düşünürəm ki, bu kitabı hər kəs oxumalıdır, Latın Amerikasının nə olduğunu, ən əsası nə olmadığını bilmək istəyən hər kəs. Mən bu kitabı trans vəziyyətində oxumuşam, o Latın Amerikasının hələ də üzdə olan problemi əks etdirirdi və ssenari yox, yazı kimi işıq üzü görmüşdü. Bu müharibə Braziliyanın müstəqillik əldə etməsindən, monarxiyanın sülh yolu ilə başa çatmasından səkkiz il sonra olmuşdu. Monarxiyanın sona çatmasından cəmi səkkiz il sonra. Maraqlısı odur ki, Braziliyanın müstəqil olmasında intelektuallar və hərbçilər birliyi iştirak edirdi. Onlar respublikanı elan etdilər. Düşünürdülər ki, respublika rejimi Braziliyanı təkcə yaxşı yox, həmçinin, ədalətli, bərabərhüquqlu ölkəyə çevirəcək, yoxsulluq və bərabərsizliyin qarşısını alacaq. Və səkkiz il, səkkiz il sonra, respublika xəbəri uzaq bir yerə, Bahiyanın içərilərinə gəlib çıxır və orada bir müqəddəs deyir ki, müharibəni bir şeytan udub və o, indi Braziliyaya ağalıq edir. Yəqin ki, Bahiyanı idarə edən missionerlər onu belə öyrətmişdilər. Xarizmatik gücə malik bu müqəddəs fikirləşdi ki, monarxiya getdi, respublika gəldi, o isə şeytandır və biz əsl dindar olduğumuza görə, şeytanın hakimiyyətini qəbul edə bilmərik, şeytana qarşı qalxacayıq. Və beləcə, şeytana qarşı, hakimiyyətə qarşı çıxırlar. Bu zaman Latın Amerikasında tarix boyu davam edəcək qətliamları, qan sellərini yaradan anlaşılmazlıq ortaya çıxır. Hakimiyyətdə olan respublikaçılar, proqresistlər anlamırdılar ki, Bahiyanın kasıb əhalisi ədalət, bərabərlik gətirmək, yoxsullaqdan qurturlmaq üçün yaranan respublikaya qarşı çıxır. Nə baş verdiyini anlamadıqlarına görə, (intelektuallar anlayırdılar) belə bir qənatə gəldilər ki, respublikaya qarşı çıxan kəndlilər deyil, axı respublika onlar üçündür, necə ona qarşı çıxa bilərlər?. Bəs kim idi? Latifundiyaçılar, təsərrüfat sahibləri, Argentina, Portuqaliyada olan monarxiya mühacirləri, xüsusilə də, ingilislər idi. Bu dirçəlişin arxasında ingilislər dururdular, çünki onların monarxiya üzərində hüquqları var idi. Ən fanatik respublikaçı jurnalistlərdən biri Evklid da Kunyadır. O, San Pauloda bir qəzetdə Konsexeyraya qarşı, monarxiyaçıların, latifundiyaçıların, ingilislərin respublikaya qarşı sui-qəsdinə qarşı şiddətli məqalələr yazırdı. Qeyri-adi olan odur ki, üsyançılar bir kampaniyanı, bir batalyonu darmadağın etdilər, özü də çox böyük batalyonu, Braziliya ordusunun ulduzunu. Ona polkovnik Moreyra Sezar başçılıq edirdi. Üsyankarlar bu batalyonu məhv edib Moreyra Sezarı öldürəndə, Braziliya sanki alov içinə düşdü. Ordunun qalan hissəsi də hadisə yerinə üz tutmuşdu, bütün Braziliyada hərəkatlar baş verirdi. Dördüncü ekspedisiya zamanı Evklid Kanudusların qarşısına çıxır və bir neçə ay onların əhatəsində qalır, nə baş verdiyini görmür, çünki ideologiyanın ona əmr etdiyini görür. Kanudus üsyançıları Fransız inqilabına qarşı çıxan bretonlar idilər. Sonrakı məqalələrində artıq aydın olur ki, üsyançılara qarşı mavi gözlü, sarı saçlı kəndlilər vuruşurlar. Açıq görünür ki, orada ingilis rəsmilərinə, təkcə Britaniya dənizçiliyinə məxsus partlayıcı güllələr var. Bu da sübut edir ki, İngiltərə bu işin içindədir. Dördüncü ekspedisiya üsyanı yatırır, 4000 ölü! – Braziliyanın yaşadığı məyusluğun dəyəri. Bu hadisə haqqında fantastik bir əsər yazmaq istədim. Ancaq bir qorxu var idi ki, realist yazıçı olan mən fantastikanı necə yazacam, üstəlik, bu obrazlar öz aralarında ispanca deyil, portuqal dilinin Bahiya şivəsində danışmalıydılar. Amma bu hadisəni yazıya köçürməyə o qədər həvəsliydim ki, işə başladım. Əlbəttə ki, mənə çətin başa gəldi, ancaq həm də çox gözəl təcrübə oldu. Kanudus müharibəsi haqqında xeyli material oxudum və oxuduğum hər kitabda, hər sənəddə, hər qəzetdə çoxşaxəli obrazlar ağlıma gəldi. Xatırlayıram ki, üsyanın əvvəllərində bir keşiş var idi, bilmirəm neçənci Marsial del Monte, Kanudusların içinə daxil olub və gördükləri barədə gündəlik yazıb. Çox möhtəşəm mətn idi. Deyir ki, Konsexeyronun yanında gəzməyi bilməyən, sürünən böyük başlı, kiçik bədənli bədheybət var və Kanudusda yalnız o yazmağı bacarır. Mən o saat obrazı gördüm: Natubalı Leon. O, Natubanın hansısa kəndindən idi. Onda başa düşdüm ki, bu tarixi pesonaj olmalıdır. Sonra bütün qadınların anası adlandırılan müqəddəs qadın obrazı vardı. O, həmişə Konsexeyronun yanında olurdu, onun səkkiz dəfə təcavüzə uğradığını deyirdilər. Qərarlaşdırdım ki, ilkin versiyada Kanudusdan bəhs etməyim, ancaq Kanudusa, Konsexeyronun vəz etdiyi deyilən 25 kəndə səfər həqiqətən də möhtəşəm idi. Aralarında şiddətli müzakirələr gedirdi. Mən səyahətə bir dostumla çıxmışdım. O, söhbəti qızışdırırdı. Respublika tərəfdarları ilə Konsexeyronun adamları arasındakı polemikanı eşitmək maraqlı idi. Bütün yazdığım romanlar macəra kimiydi, amma heç biri “Dünyanın sonunun müharibəsi”ni yazdığım qədər fərqli və zəngin macəra yaşatmadı.

Vaskez: Maraqlıdır ki, bu qədər uzaq keçmişdə, özü də başqa ölkədə baş vermiş, başqa dildə danışılan bir hadisədən bəhs edən tarixi əsərdən sonra, “Maytanın tarixi”ni yazmısan. Romanın qəhrəmanı Lyosa kimi hərəkət edir, aranızda bənzərliklər var. Çox güman ki, bu təhkiyəçi sən deyilsən, ancaq o da Perulu yazıçıdır, evi var və sənin kimi hər səhər çölə çıxır. “Maytanın tarixi” ilə “Cənnət başqa yerdə” romanları arasında yaxınlıq var, sən mükəmməlin, utopiyanın axtarışındasan. “Cənnət başqa yerdə”dəki Tristan kimi. Alexandro Mayta sonda uğursuzluğa düçar olan inqilabçıdır, o da həmçinin, mükəmməl cəmiyyət axtarır. Bu məsələ səni həmişə narahat edib.

Lyosa: Mənə bir lətifə danışmışdılar, çox xoşuma gəlmişdi. Ümumiyyətlə mənim əsərlərimin mövzusu lətifələrdə olan obrazlardan, gördüklərimdən, oxuduqlarımdan, eşitdiklərimdən yaranır. Mənə ağlasığmaz inqilab cəhdi ilə bağlı bir hekayə danışdılar, qoca troskiçi, polis praporşiki və Xauxa kəndindəki bir qrup məktəbli haqqında. Beləliklə, axtarışa başladım. Aşkara çıxartdım ki, bu bir qrup troskiçi tərəfindən edilib. Bildiyin kimi dünyanın hər yerində bölünürlər, hissələrə bölünməkdən çox xoşları gəlir. Peruda da troskiçilər qrupu vardı, bilmirəm sayı neçəydi, kiçik qruplar idi. O qrupların içində həbsxanalarda olmuş, ifrat solçu olan inqilabçılar var idi. Bir günbir şənliyə getməliydim, qohumumuzun şənliyi idi. Orada bir gənc polis gördüm, inqilabdan danışırdı: Peruda inqilab etmək asandı, dağlara gedirsən, Anda çıxırsan… Onda dediyim kimi, uğursuzluğa düçar olan inqilabçı inqilabdan real imkan kimi danışan bu iyirmili yaşlarındakı təcrübəsiz gəncdən heyrətlənir və onu öz troskiçi qrupuna cəlb etməyə çalışır, əslində isə bu gənc polis Maytanı inqilab arzusuna cəlb edir. Araşdırmağa başladım, hekayə mənə cəlbedici gəldi. Gördüm ki, bu hekayəni bilən əksər insanlar təmizə çıxmaq üçün sistemli şəkildə onu saxtalaşdırırlar. Çünki pis olmuşdular, onlara Maytaya və kiçik leytenant Valyexosa qoşulmaq vədi verilmişdi, lakin son anda yarı yolda buraxılmışdılar. Onlar axırda adını qoyacağımız partizan mərkəzi hazırlayırlar. Amma axırda tərk edilirlər. Bir qrup məktəbli və özləri qalır. İnqilab baş tutanda poçt yaradacaqlar. Bu dəlilik anı, belə deyək, hekayənin ən ədəbi tərəfi idi. Söz verənlərin hamsı onları tərk edəndən sonra, onlar məktəbliləri partizanlara çevirib dağlara getməyə qərar verirlər. Beləcə, hekayəni yazmağa başladım, nələrsə əlavə etdim, nələrsə uydurdum və romanın sonuna qədər Maytadan heç bir xəbərim olmadı. Yazıb bitirdikdən sonra da heç kim onun harada olduğunu bilmirdi, kimsə deyirdi ki, xaricə gedib və mən birdən anladım ki, o həbsdədir. Nəsə başqa bir şeyə görə, on illik həbs cəzası almışdı. Luriqanço həbsxanasında idi. Həmin həbsxanaya getdim ki, görüm mənim personajım həqiqətən də mövcuddurmu? O, doğurdan orda yatmışdı və yenicə həbsxanadan çıxmışdı. Həbsxananın müdiri dedi ki, onun burada çox yaxın dostu var, onunla danışmaq istərdinizmi? Mən də dedim ki, əlbəttə. Bu yaxın dostu inamsız idi, dedim ki, fantastik roman yazıram, onun adı çəkilməyəcək, amma hadisəni onun öz dilindən eşitmək istəyirəm. Nəhayət dedi ki, bir torpaq sahəsində işləyir, gül bağçasında. Həbsxanadan çıxıb həmin yerə getdim və onu gördüm. İki ildi uydurduğum, üzərində işlədiyim obrazı gördüm. Orada dayanmışdı. Ona deyəndə ki, iki ildir səninlə yatıb qalxıram, 24 saat sən mənimləsən, üzündə ömrümdə görmədiyim şəkildə bir təəccüb yarandı. Mən sizi fikirləşmişdim, əsas qəhrəmanı sizin olduğunuz roman yazırdım. Mənə diqqətlə qulaq asır və sanki “bu nə başdanxarab adamdı” – deyirdi. Amma axırda onu inandıra bildim və mənə dedi ki, yaxşı, sənə bir günümü hədiyyə edəcəm, amma ondan sonra biz heç vaxt görüşməyəcəyik. Axşam saat 8-də mənim evimə gəldi və demək olar ki, səhərə kimi söhbətləşdik. Elə xoş söhbət oldu ki, yazdığım romanı tamamilə dəyişdi. Və ən əsası, onun finalını müəyyənləşdirdi, mənim heç vaxt belə final ağlıma gəlməzdi. Bir azdan başa düşdüm ki, mən inqilaba cəhddə onun iştirakı haqqında ondan daha çox bilirəm. Həyatı epizodlarla, basqınlarla, travmatik hadisələrlə dolu idi. Nə qədərsə vaxt əvvəl guya ki, onu həbsxanada öldürmüşdülər. Amma bunlar onu çox da maraqlandırmırdı. Mən ona qəzetlərdə yaralançması, mühakimə olunması ilə bağlı məqalələri göstərəndə heyran qaldı. Bütün bunların heç birini bilmirdi, tarixləri, adları səhv salırdı. Yorğun idi və çox öskürürdü. Həyat onu çox əzmişdi. Yeganə fəxr etdiyi şey vardı: Luriqanço həbsxanasında mənim də görüşdüyüm dostu ilə birgə bir yer götürüb meyvə satırdılar. Bu həm də məhbuslar üçün qənaət qutusu idi. Bu onu təsirləndirən yeganə şey idi. Çünki deyirdi: biz təmiz qida verirdik, stəkanları yuyurduq, qabları yuyurduq, üstəlik, pulu yığıb onlara verirdik, özümüzə hörmət qazanırdıq. Səhərisi gündən hekayəni dəyişməyə başladım. Həqiqi Mayta uydurduğum Maytadan çox fərqli idi. Həmişə fikir vermişəm ki, reallıq hekayəyə daxil olanda onu dəyirşir, tamamilə başqa istiqamətə aparır. Bu roman yazmağın digər heyranedici tərəflərindəndir. Bəzən yazdığımızdan tamam fərqlən şeylər bizə təsir edir, ideya verir və hekayəni parlaqlaşdırır. Ona görə də, roman yazmaq sürpriz qutusuna bənzəyir, yəqin sən də bilirsən. Fikirləşirsən ki, yazdıqların sənin nəzarətin altındadır və birdən haradan gəldiyini bilmədiyin alət, bir qüvvə ortaya çıxır və hekayəyə dinamiklik verir, yekun istiqaməti müəyyənləşdirir.

Vaskez: “Maytanın tarixi”ndə inqilab, inqilabçı ruh, mükəmməl cəmiyyət arzusu təsvir edilir. O dövrdə bu haqda çoxlu kitablar vardı, çoxunu oxumuş olarsan. Suallarına cavab tapmaq üçün bu cür kitabları şüurlu şəkildə seçib oxuduğun olub?

Lyosa: Bu, boşluğu doldurmaq üçün bir vasitə idi. Mən uzun illər tənqidi baxışla olsa da, inqilabi utopiya cəbhəsindən çıxış etmişəm. Fikirləşmişəm ki, bir siyasi-sosial jestlə yeni cəmiyyət yaratmaq olar. Bir il kommunist partiyasında oldum, amma komunist olmadım. Kommunizmi tənqid edirəm. Lakin, bu minvalla faşizmə, Kuba inqilabına yaxın oldum. Bütün yaşıdlarım kimi mənə də pis təsir etdi. Bir neçə ildən sonra məyus oldum. Sovet İttifaqını tanımaq mənə böyük zərbə vurdu, çox böyük zərbə. Puşkinin şərəfinə tədbir keçirilirdi. Dəhşət tanış gəlirdi. Və mən öz-özümə deyirdim ki, mən bunu müdafiə edirdim? Əgər mən rus olsaydım ya fikrimi toplaya bilməzdim, ya ölü olardım, ya da sürgündə. Sosializm, kommunist utopiyası, məyusluğum məni boşluğa atdı. Yaxşı vurğuladın ki, “Maytanın tarixi”ni yazanda mən siyasi böhranın verdiyi çarəsizlikdən çıxmağa başladım. Demokratik mədəniyyət tələb etməyə başladım. Utopiyanın ən dəhşətli soyqırımların səbəbi olduğunu dərk etdim. Dini utopiya, sosial utopiya. Şübhəsiz bütün bunlar “Maytanın tarixi”ni təşkil edən şeylərdir. Keçid dövrü idi, “Maytanın tarixi” bir növ həmin vaxt Peruda baş verənlərin qrafik əksidir.

Vaskez: Sonra sənin siyasi fəaliyyətin başlayır. Ondan sonra çap etdirdiyin ilk kitab “Suda balıq” olur. Ona müəyyən mənada iki kitab da demək olar. Tək rəqəmli fəsillərdə idealist, saf dünyadan, uşaqlığından, ədəbiyyata olan marağının yaranmasından, böyük yazıçı olmağından, Parisdəki işindən, bir sözlə saflığı, gözəlliyi olan bir dünyadan danışırsan. Cüt fəsillərdə isə…

Lyosa: İcazə ver mən deyim. Kitabın ideyası siyasi təcrübəm haqqında memorial yazmaq idi. Bu təcrübəni başa düşmək istəyirdim, bunun üçün isə ən yaxşı metod onu yazı vasitəsilə uzaqlaşdırmaq, ona uzaqdan baxmaq idi. Siyasətə kitabxanadan baxmaq çox maraqlıdır: ideyalarla, yaradıcılıq gözü ilə. Siyasi kampaniyalara görə üsyanların əlindən tamamilə dağılmış, çoxlu ölüsü olan, xüsusən də məsum ölülərin olduğu bir ölkənin timsalında baxmaq, bu işin digər fərqli cəhətidir. Yazmaq istəyirdim, çox şey öyrənmişdim, ideyalar seçki kampaniyasında rol oynayır, amma çox az. Ehtiraslar, instinktlər, irrasional çalarlar daha çox rol oynayırlar. Siyasi gücün insanları satqına çevirməsini, görünüşdə namuslu olan adamların qorxunc hadisələr törətməsini, eyni zamanda siyasi anlamda qeyri-adi yeni nəsil yarada biləcəyini görürsən. Mənim kampaniyamda olan əksər insanlar öz işini atdı. Canla-başla mənimlə olmaq üçün işlərini atdılar. Çox qarışıq hisslərim var idi. Amma əmin idim ki, siyasətçi deyiləm, məndə qəti siyasi bacarıq yox idi. Bu namizədliyi qəbul etmək mənasız idi. Ancaq bu mənə çox şeyi öyrətdi, mən Perunu tanıdığımı düşünürdüm, amma yox, aşkar etdim ki, Peru əslində çox güclü imiş. Biz həmişə deyirdik ki, Peru sakit yerdi, amma gördüm ki, orada hər gün həqiqi qan selləri axır. Siyasətdə olduğum 3 il ərzində Peruda çoxlu insanlar həlak oldular. Dəhşətli terrorizm, antiterrorizm illəri idi. Bax, bu haqda yazmaq istəyirdim. Yazmağa başladım, hiss etdim ki, özümü tamamilə saxta bir formada təsvir edirəm. Siyasətdə 3 il oldum, lakin heç vaxt siyasətçi olmadım, hiss edirdim ki, həyatımda nəyin vacib olduğunu, ədəbiyyata olan sevgimi unuduram. Onda ağlıma gəldi ki, bu üç illik fəaliyyətimlə ədəbiyyat şövqümün yarandığı uşaqlıq, gənclik illərim arasında əks qütblər (kontrapunkt) yaradım. Hər iki tərəf mənim kimliyimin göstəricisi, sübutudur. Ona görə də “Suda balıq” əsəri belə kontrapunktlardan ibarətdir.

Vaskez: Dediyim kimi bu oçerklərdə sən yaradıcılıq şövqünə mane olan hər bir şeyi çıxdaş edən bir yazıçı obrazını müdafiə edirsən. Müsahibələrinin birində dediyin kimi, ədəbiyyata aludə olan, ədəbiyyatdan narkotik kimi istifadə edən bir yazıçı. Və indi soruşmaq istədiyim odur ki, bugün sənin üçün fiksiya oxumaq, fiksiya yazmaq nə deməkdir?

Lyosa: Əvvəl nə demək idisə, indi də odur. Ədəbiyyata mənim marağım uşaqlıqdan var. Həyatda ən gözəl zövqü mənə kitablar verib. Oxuduğum və yazdığım kitablar. Yazıb oxumağı heç vaxt həyatdan ayrı təsəvvür etməmişəm. Elə yazıçılar var ki, ədəbiyyat onların bütün həyatlarını əhatə edir və onlar fövqəl-yazıçılardır. Çox zəngin dünyalar yaradıblar. Amma elə yazıçılar da var ki, mən də onların içindəyəm, ədəbiyyat yaratmaq üçün gündəlik həyata ehtiyac duyurlar. Gündəlik həyatın belə çirklənməsi, hər gün baş verən bizi sevindirən, kədərləndirən, üzən hadisələr kitaba mövzu verən amillərdir. Bu kitablar bizə həyatı, səs-küyü və transformasiyaları ilə izah edirlər, daha yaxşı başa salırlar. Ədəbiyyata həqiqilik, dürüstlük qatırlar. Mənim üçün ədəbiyyat bunlardır. Əgər nəyəsə görə yadda qalacağamsa, bu mənim ədəbiyyatım, kitablarım olsun istərdim. Lakin başqa bir narahatçılığım da var, siyasi narahatçılıq, həzzlə bağlı müəyyən macəralar, bəxtlə bağlı olan müəyyən macəralar, axı bəxt fundamental amildir. Mənim üçün ədəbiyyat özü böyük macəradır. Həmçinin, real macəralar da var, mən onların sayəsində ədəbiyyat yarada bildim. Əgər özümə tərif versəydim, Floberin dediyi belə bir fikri təkrarlayardım: “Yazmaq həyat tərzidir.” Mən də nə vaxtsa belə yaşamağa başladım, ədəbiyyat üçün yaşamağa. Etdiklərimin ədəbiyyatla əlaqəsi olmasa belə, hansısa şəkildə ədəbi yaradıcılığımda öz əksini tapırdı, onu zənginləşdirir, material verirdi. Beləliklə, ədəbiyyat mənim ayrılmaz hissəmdir, baxmayaraq ki, ondan başqa çox şeylər də mövcuddur.

İspancadan tərcümə etdi: Günel Məmmədova

sim-sim.az

# 1133 dəfə oxunub

Müəllifin son yazıları

# # #