Tanınmış şair: “Toyuq fermasından yazmağımı istəyirdilər”

Tanınmış şair: “Toyuq fermasından yazmağımı istəyirdilər”
7 fevral 2015
# 12:39

İstanbulda yaşayan şair-dramaturq, tərcüməçi Durhan Hatipoğlunun APA-ya müsahibəsi

- Sizinlə müasir türk şeirinin böyük ustası Ataol Bəhramoğlunun yaradıcılıq gecəsində tanış olub söhbət etmişdik. Oradan davam edəkmi?

- Ürəyimi sızladan bir məsələdən davam etməyimizi istərdim. 1969-cu ildə Filibe(Bolqarıstanın Plovdiv şəhərinin əvvəlki adı – APA.) şəhərinə Azərbaycandan nümayəndələr gəlmişdi. Onda mərhum Heydər Əliyev Azərbaycan Kommunist Partiyasına təzəlikcə rəhbər seçilmişdi. Bakıdan gələn arkadaşlar danışdılar ki, Əliyev Naxçıvana maşınla gedərkən Ermənistandan keçib, ermənilər maşını daşa tutublar. Ermənilər Bolqarıstan türklərinə çox zülm etdiklərinə görə, o hadisə keçmişdəki olayları hafizəmdə yenidən canlandırdı. 1912-ci ildə Balkan savaşı başlayanda Bolqarıstan çarı erməniləri silahlandırıb, Makedoniyanın məşhur banditi Peyu Yavorovun dəstələri də onlarla birgə hərəkət edərək türkləri soyqırıma məruz qoyublar. Eynilə Şərqi Anadoluda olduğu kimi, bolqar əsgərlərindən sonra türk kəndlərinə gələn erməni bandaları minlərlə insanımızı qətlə yetirib. Ermənilərin bizə düşmənçiliyi təzə bir şey deyil. Azərbaycan torpaqlarını işğal etmələri Bolqarıstan türklərinin ürəyində dərin yara açıb. Həm işğal altındakı torpaqlar azad edilməli, həm də ermənilərin bizə yapdığı qətliamlar heç vaxt unudulmamalıdır.

- Azərbaycanla ilk tanışlığınız haradan başladı?

- 1951-ci ildə Nazim Hikmət Bolqarıstanın türklər yaşayan bölgələrinə gəldi. Kırcaəlidəki stadionda çıxışını babamla birgə dinlədik, o vaxt mənim 14 yaşım vardı. Bolqarıstan Kommunist Partiyasının rəhbərləriylə görüşən Nazim, onların türk bölgələrinə göstərdiyi laqeyd münasibətdən şikayətçiydi. Moskvaya qayıdan kimi hazırladığı raportu Kremlə təqdim edib. Raportda Bolqarıstandakı türk bölgələrinin təhsil və mədəniyyətinə bir an əvvəl diqqət göstərilməsi vurğulanıb. O vaxt bizim Türkiyə ilə əlaqə yaratmağımız qadağan idi. Nazim Hikmət Kremlə verdiyi raportda yazmışdı ki, bu necə beynəlmiləlçilik, bu necə xalqların qardaşlığıdır ki, Bolqarıstanın türk bölgələrində ana dilində məktəblər yoxdur? Nazim təklif edib ki, Bolqarıstanın türk bölgələrinə Azərbaycandan müəllimlər göndərilsin. Çox keçmədən Kırcaəli, Razqrad və Sofiyadakı məktəblərdə türkcə dərslər keçilməyə başladı. Sofiya Universitetində türkcə tarix, ədəbiyyat və riyaziyyat bölmələri açıldı. Kırcaəli bölgəsinə Azərbaycandan gələn müəllimləri - Ələkbərovu, Ağayevi və Qədimovu xalqımız heç vaxt unutmayacaq. Onlar bizə milli kimliyimizi tanıtdılar, biz onların sayəsində həm elm oxuduq, həm də milli mənşəyimizin türk olduğunu öyrəndik. Ələkbərov Bolqarıstan Təhsil Nazirliyində də yüksək səlahiyyətə malik idi. Azərbaycandan gələn müəllimlər bizə kommunizm öyrətmədilər, milli kimliyimizi tanıdaraq adam olmağı öyrətdilər. Onların 1950-ci illərin əvvəllərində gətirdiyi ab-hava bu gün də davam edir. O vaxtlar bizim bölgələrdən türk gəncləri Bakı Dövlət Universitetinə və Azərbaycanın digər ali məktəblərinə oxumağa göndərildilər. Azərbaycanlı qızlarla evlənib Bolqarıstana qayıdanlar oldu. Məşhur bəstəkar Qara Qarayevin tələbələri Türkiyənin sənət həyatına gözəl əsərləri və pedaqoji fəaliyyətləriylə töhfələr verdilər. Həmin 6-7 il Bolqarıstan türklüyünün inkişafında müstəsna əhəmiyyət kəsb edib. Təəssüf ki, 1956-cı ildə Todor Jivkov hakimiyyətə gələndən sonra Azərbaycandan gəlmiş müəllimlərin fəaliyyətinə son verildi və onlar geri qayıtmaq məcburiyyətində qaldılar. Xalqımız o unudulmaz, bizə çox şey öyrədən insanları ləyaqətlə yola saldı. Qədimov soyadlı müəllimimiz Kırcaəlini tərk edəndə hönkür-hönkür ağladığımı xatırlayıram...

- Bəs Jivkovun o qərarına Nazim Hikmətin reaksiyası necə oldu?

- 1957-ci ildə Nazim Varnaya gəlib təxminən 20 gün qaldı. Mən daha əvvəl Nazimlə məktublaşırdım, Varnada əyani tanış olduq. Nazim 1956-da yazdığı “İvan İvanoviç vardımı, yoxdumu?” pyesində sosializmin icrasındakı bəzi cəhətləri tənqid etmişdi. Varnada türk yazar-şairlərlə görüşündə dedim ki, Nazim abi, məndən toyuq ferması barədə şeir yazmağımı istəyirlər. Nazim dedi ki, hər şey barədə yazmaq olar, toyuq ferması barədə yaza bilmək üçün gərək Şekspir olasan. (Gülür – M.Ə.) Nazim eynilə azərbaycanlılar kimi mərd, idealları uğrunda yolundan dönməz insan idi. Moskvaya qayıdan kimi azərbaycanlı müəllimlərin Bolqarıstandakı fəaliyyətinə son verilməsiylə bağlı etiraz məktubunu Kremlə təqdim edib, ancaq maraqlanan olmayıb. Nazim vəfat etdikdən sonra dəfələrlə Moskvada Veranı görməyə getdim. Bir gün Əkbər Babayev də oradaydı, Əkbər bəy gedəndən sonra biz Verayla Novodeviçye məzarlığına getdik. Oraya ölülərin yaxınlarını vəsiqəylə buraxırmışlar, mənim vəsiqəm yox idi, Vera dedi ki, sən danışma, deyəcəm ki, Durhan oğlumdur. Nazimin məzarının üstündə daima pul olurdu, Vera deyirdi ki, yəqin ki, oradakı adətə görə bunu Türkiyədən gələnlər atırlar. Vera mənə dedi ki, bolqarların Azərbaycandan gəlmiş müəllimləri geriyə göndərməsi Nazimə çox pis təsir etmişdi. 1958-ci ildə Bolqarıstandakı türklərin təhsil və mədəniyyət durumu və Azərbaycandan gəlmiş müəllimlərin oradan geri qaytarılması məsələlərinə görə Nazim yumruğunu Xruşşovun masasına vurmuşdu. Lakin cəhdləri nəticə vermədi. Nazim bu dünyadan bolqarlara küskün getdi. Nazim kommunist liderlərin “beynəlmiləlçilik” pərdəsi altında şovinizim yürütdüklərini görür və buna qarşı çıxırdı. 1956-da Azərbaycandan 60 nəfərlik ədəbiyyatçı və sənətkar heyəti Kırcaəliyə gəldi. Stadionda şeirlər oxundu, konsert verildi. Kənar bölgələrdən at və öküz arabalarıyla, sınıq-salxaq maşınlarla əhalimiz Kırcaəliyə axın etmişdi. Köhnə bir yük maşını dərəni keçərkən aşmışdı, 60 nəfər ölmüşdü. O boyda faciəyə baxmayaraq, stadiondakı tədbir təxirə salınmamışdı. O vaxtdan bu günə qədər köhnə yük maşınının qəzaya uğradığı yerə “Azərbaycan dərəsi” deyilir. Xalqımız Azərbaycanı çox sevir, müharibədən sonra imkanlarını bizim üçün səfərbər etdiyini unutmur. Mən illərdən bəri qəlbimdə Azərbaycana duyduğum minnətdarlıq borcunu ifadə etməyə bir platforma tapa bilməmişdim. İndi bu fürsəti siz mənə verdiniz. Əmin olun ki, Azərbaycan olmasaydı, bu gün Bolqarıstandakı türklər də olmazdı, assimilyasiyaya məruz qalıb itib-batardılar.

- Kırcaəlidəki türk teatrının direktoru kimi fəaliyyət göstərərkən Azərbaycan mədəniyyətinə xüsusi diqqət yetirdiyinizi demişdiniz...

- Bolqarıstandakı 50 teatrın arasında yeganə türk teatrı Kırcaəlidə idi. Mən əvvəlcə teatrla dramaturq kimi əməkdaşlıq edirdim. “Keçəl başa şəmşir daraq” adlı pyesim Kırcaəli teatrında 480 dəfə nümayiş etdirilmişdi. Teatrın repertuarında bolqar dramaturqlarının tərcümə edilmiş əsərləri yer tuturdu. Dostum Pavel Matev Bolqarıstanın mədəniyyət naziri oldu. Ona bildirdim ki, Kırcaəlidəki türk teatrının repertuarında dəyişiklik edəcəm, icazə verdi. Repertuara daxil etdiyim ilk əsər Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” operettası oldu. Azərbaycan türkcəsindən özüm tərcümə etmişdim. İlk tamaşadan başlayaraq salonumuz daima dolu oldu. 4 il repertuarımızda qaldı. Daha sonra “Arşın mal alan”ı tamaşaya hazırladıq. Rejissorumuz Rəcəb Sadıq peşəkar adam idi, bolqar dilindəki teatrlarda da tamaşalar hazırlayırdı. “Durna” operettası da repertuarımızda uzun müddət qaldı. Bu əsərlər bizim mədəni cəhətdən zənginləşməyimizə misilsiz dərəcədə kömək etdi. Əziz Nesinin “Toros canavarı” pyesini tamaşaya Rəcəb abi hazırladı. Premyeranın afişalarını asmış, elanları vermişdik. Premyeradan 1 gün qabaq Kommunist Partiyası Kırcaəli vilayət təşkilatının birinci katibi məni və rejissor Rəcəb abini yanına çağırıb dedi ki, tamaşa nümayiş etdirilməyəcək. Nə qədər etiraz etdiksə, faydası olmadı. Geri qayıtdıq, Rəcəb abi aktyorları danlayırdı ki, yaxşı hazırlaşmadınız, ona görə premyera olmayacaq. Ancaq hamı anlayırdı ki, burada başqa bir məsələ var. Sən demə, o günlərdə Əziz Nesin Sofiyada imiş. Oteldə radiodan eşidib ki, Kırcaəli türk teatrında pyesi tamaşaya qoyulur. Deyib ki, Türkiyəyə yox, Kırcaəliyə gedirəm, premyerada özüm də iştirak edəcəyəm. Bolqarıstan rəhbərliyi bilirdi ki, Əziz Kırcaəliyə gəlsə, xalq küçələrə çıxacaq. Ona görə, premyeranı qadağan ediblər. Əziz Nesin Bolqarıstandan ayrılan kimi raykom mənə zəng edib tamaşanı nümayiş etdirə biləcəyimizi dedi. Daha sonra Əziz Nesin mənə 6 səhifəlik məktub yazaraq bir gün Bolqarıstanın türk bölgələrində pyesinə baxacağına inandığını vurğulamışdı.

- Şair kimi formalaşmağınızda Azərbaycan ədəbiyyatının böyük təsiri olduğunu deyirsiniz. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

- Mən Füzulini, Sabiri, Səməd Vurğunu, Süleyman Rüstəmi, Rəsul Rzanı, Fikrət Qocanı oxuyaraq şair olmuşam. Nazimi daha sonra oxumuş və ondan öyrənmişəm. Səməd Vurğundan heca vəznini, Nazim Hikmət və Rəsul Rzadan sərbəst vəzni öyrənmişəm. Səməd Vurğun həm göz, həm də qulaq qafiyələri yaradıb ki, bu, heç bir türk şairində yoxdur. Onun əsərlərindən yadımda qalan Azərbaycanı yuxularımda görürəm. Azərbaycan türklərinin çox önəmli bir cəhəti var: onlar heç vaxt din işlərini dövlət işlərinə qarışdırmayıblar, indi də qarışdırmırlar, gələcəkdə də qarışdırmayacaqlarına əminəm. Çünki orada çox güclü mədəniyyət ənənəsi var, o ənənə dinin dövlət işlərinə qarışmasına həmişə əngəl olacaq. Bu, çox sevdiyim Azərbaycanın qürur duyduğum xüsusiyyətlərindən biridir. Oraya getmək bu yaşıma qədər qismət olmadı. Bundan sonra qismət olacaqmı? Bilmirəm. İllərdən bəri qəlbimdə gəzdirdiyim minnətdarlıq duyğularını azərbaycanlı qardaşlarıma çatdırmağa imkan yaratdığınız üçün sizə dərin təşəkkürümü bildirirəm.

- Biz sizə təşəkkür edirik. İnanırıq ki, Azərbaycan Yazarlar Birliyi yaxın gələcəkdəki tədbirlərindən birinə sizi dəvət edəcəkdir.

- Buna çox sevinərəm.

# 975 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #