Ucdantutma hamını bir-bir öpürdüm – Bircənin romanı

Ucdantutma hamını bir-bir öpürdüm  – Bircənin romanı
18 oktyabr 2019
# 08:55

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Daha qonaq-qara arzulamırdım, öz dünyama çəkilib xəyallarımla əlləşmək istəyirdim. Əlimin işə-gücə yatmadığını görən Lalə mənim də ayın-oyunumu qabğarır, mən əvəzdən də yır-yığış eləyirdi.

Gedişimizə bir gün qalmış axşama yaxın nənəmin bacılığının qızı qonşu rayondan bizə gözaydınlığına gəldi. Atam Kubra xalanı şox istəyirdi, ikisinin də uşaqlığı bir yerdə keçmişdi, bu onun, o da bunun anasının döşündən süd əmmişdi. İri sümüklü, qırmızı yanaqlı dolu qadın atama sarılıb dedi:

- Sən mənim həm dostum, həm süd qardaşım, həm də evcik yoldaşım olmusan.

Atam güldü:

- Ay Kubra, bizim qırpma eləməkdən, başaq yığmaqdan, kötük qazmaqdan, vəl sürməkdən, xırman döyməkdən vaxtımız oldumu evcik də oynayaq?

- Başaq, qırpma yaxşıydı ey, bir banka qatığı bir vedrə suya qatıb darı çörəyini, arpa cadını onda isladıb yeyirdik. Niyə, əyləncəmiz də vardı, Müseyibin qovağının dibində eşşəkbeli, kartoyu, darısəpdi, dabanhalayı oynamırdıqmı?

- Həə, sən də Bəbirin atının yalını qırxıb özünə taxma saç düzəldirdin, qaşlarını kömürlə qaralayıb, dodaqlarını boyağotuyla qızardıb “Urum qızı” oynayırdın.

- Sonra da gədələrə qoşulub arxda çimirdim.

Tez özümü atdım ortaya:

- Bunları biz eləsəydik başımızı kəsərdilər.

Sinəsi, qolları qızıllı, qızıl dişləri dodaqlarında bərq vuran Kubra xala məni bağrına basdı:

- Vallah düz deyirsən. Sənin anan ölsün, sən nə gün gördün?

Sonra çevrikib atamı yaxaladı:

- Bircənin babalını niyə boynuna yüklədin, niyə onun bir balasını saxlamadın qız gedib özünə ailə qura?

Anam arvadı dümsüklədi:

- Gəlmisən ara açmağa, yoxsa ayran içməyə? Dinməzcə çayını hortdat.

- Ayran da içəcəm, ara da açacam. Düz deyirəm də, anaydın, balasını basaydın bağrına.

- Ay bacı, basdıq da, heç kimi bəyənmədi.

Arvad yenə məni qucaqladı:

- Eybi yox, qadan alım, bikefləmə. Ləl-cəvahir cında ucunda, ürək başında qorunar, bax, məndəki kimi, - deyib əlini qoynuna saldı, ordan köhnə əsgiyə bükülü bir torba çıxardı. - Anam öləndən bunu qoynumda gəzdirirəm, ta yorub məni. Oğlumu gözləyirəm, evlənsin verim onun arvadına. Yəqin o da uzun zaman öz qoynunda gəzdirər. Səni də, balanı da qardaşların illər uzunu qoyunlarında gəzdirdilər. İndi get öz yuvanda öz ləlini qoru. Bir ağacın kölgəsində yüz qoyun yatar. Sənin də balanın axırı mənimki kimi gəlsin. Mən də atamın üzünü görmədim, yurdda-yuvada tək, kəllədə göz qaldım. İndi bir dəstə balam var, sağ əlim Cavidin başına...

Kubra xalanı yola salandan sonra atam onun qəziyyəsini mənə danışdı. Atası öz dövrünün vuran-tutan oğlanlarından olubmuş. Babası dövlətli, həm də ziyalı kişiymiş, Cəfər-Qəfər adında bir cüt ekiz oğlunu maya qoyub oxudubmuş. Şura hökuməti kəndimizə ayaq açanda Qəfər İrana qaçır, Cəfər qaçaqlara qoşulub dağlara çəkilir. Hökumət Cəfərin anasının əlindən gözə görünən var-dövlətini alır, ancaq cəngavər qadın evini, ərindən qalma sılahı, bir də atı vermir.

Cəfər bəzi gecələr kəndə enib anasına, gərdəyi sökülməmiş cavan arvadına baş çəkirmiş. Bir gecə bir dostuyla yenə evinə gəlir. Ana iy çıxar, çekistlər qapıya tökülüşər deyə ət bişirmir, kişmişli çəkmə dəmləyir. Oğlunun dostundan arvadın gözü su içmir, elə süfrə başındaca dostu qəsəmə çəkir:

- Bala, səni and verirəm evimdə kəsdiyin çörəyə, balama dəymə, - deyir, - az qalıb, onu da göndərəcəm qardaşının yanına.

Cəfər südlü plovu qaşıqlaya-qaşıqlaya gülür:

- Ay ana, bu mənim dostumdu ey, mənə dəyməz, sən zavalı hökumətdən gözlə.

Gecəyarı yola düşəndə iki dost bir atı tərkləşib minir. Ananın yenə ürəyi dözmür, oğluna:

- Sən də mənim atımı min get, - deyir.

- Minə bilmərəm, ay ana, - deyir oğlu, - kəndin çuğulları atı hörükdə görməyib gəldiyimi bilərlər, səni incidərlər.

Cəfər qabaqda, dostu tərkində qapıdan çıxırlar. Ana gəlini gərdəyin dalına ötürür, özü geyinib qapıda hazıryaraq gözləyir. Çox keçmir gecənin bağrına bir güllə atılır. Arvad dodağını dişləyib deyir:

- Müxənnət oğlu balamı vurdu.

Atını minib yalnız yerli adamların tanıdığı tikanlı, pıtraqlı, qarağaclı cığırları qarış-qarış gəzib dolaşır, dalda keçidlərin, fızıllıq keçələtlərin hamısına baş vurur. Axır arvad oğlunun meyidini tapanda Cəfəri kürəyindən atan namərd dost atı çoxdan dəhmərləyib uzaqlaşıbmış.

Ana oğlunun meyitni təkbaşına atının yəhərinə aşırıb qapıya gətirir, kəndin qəbirqazanı Mürvəti oyadır:

- Get atasının yanında Cəfərin qəbrini qaz, işıqlaşanda basdıraq, - deyir.

Kişi arvadın üzünə göyərir:

- Vallah eymənirəm, qaza bilmərəm.

Çarəsiz ana meyidi sürüyüb gərdəkdəki gəlinin böyrünə uzadır, Mürvəti yanına alıb qəbir qazmağa gedir. Gəyən gecənin aydınlığında torpağa təpkeşi vurduqca ciyəri göynəyən ana astaca gumuldanıb ağı da deyirmiş:

Ürəyin yansın, fələk,

Suyun bulansın, fələk.

Sən də qaz bala qəbri,

Balan da yansın, fələk.

El oyanıb haya gəlincə arvad balasını yuyub kəfənləyir, kəndin bir neçə ahılıyla köməkləşib gün çırtlamamış Cəfəri torpağa bükür.

Nənəmin danışdığına görə, arvad o qədər yanırmış ki, qəməltiylə eşib gülləni oğlunun canından çıxarıb:

- Balamı namərd gülləsiylə basdıra bilmərəm, - deyib.

Meyit yerdən götürülməyə yaxın təzə hökumətin adamlarına da soraq çatır. Ana qara cutqusunun üstündən qanovuz çarğatını başına atıb kəsir doqqazın ağzını, hökumət adamının birini də qapıya buraxmır, dirəşib irəli duranın başının üstündən güllə atır.

Nənəm danışırmış ki, nə illah elədilərsə balasını arvadın əlindən alıb el adətiylə, şəriət qaydasıyla rahatlaya bilmədilər – axı kişi meyidini kişilər yuyub axirət donuna bükməliydi.

Meyit basdırılan kimi çarəsiz ana yaşıl çimlər kəsib yerlə bərabər olan qəbirin üstündə əkir – qorxurmuş allahsızlar cəsədi eşib çıxarıb rüsvay eləyələr. Nənəmin deməsinə görə hökumət adamları siftə-siftə Cəfərin öldüyünə inanmırmışlar, Mürvəti gecəylə aparıb silistə çəkibmişlər. Mürvətin də qorxudan dili batıb, bir neçə ay kişinin səsini eşidən olmayıb.

Cəfərdən sonra gümanlı qalan üç aylıq gəlin üstündən altı ay keçmiş Kubra xalanı doğmuşdu.

Mən balaca olanda kənddə söz gəzirdi ki, guya Qəfər gizlicə bu taya keçib anasının, qardaşının sümüklərini çıxarıb aparıb. Kubraya da bir ətək qızıl verib.

Deyilənlərin doğru olub-olmadığını bu gün də bilmirəm, bircə bunu bilirəm ki, ölənəcən Kubra xalanın boyun-boğazından saçaq-saçaq qızıl əskik olmadı...

***

Mən vaxtı uzatdıqca Lalənin dişi dodağını kəsirdi. Yenə cığallıq elədim, yola səhər tezdən yox, günortadan sonra çıxacağımızı dedim. Atam elə hey gülürdü:

- İki-üç saat gec getməyin nəyi dəyişəcək?

- Qoy hamı yuxudan dursun, Telli mama, Səməndər gəlib çata bilsinlər.

Rüfət çantalarımızı, torbalarımızı ayırıb bir yana yığdı, evləri bulğanıb gözünə yaxşı görünən nə vardısa bizim kisələrə basdı, sonra da istəkli məkanımız olan “Boğaz”da yaxşı bir süfrə açdı.

Anar qoca tısbağa qoltuğunda ərəsət olmuşdu, kimə yalvarırdısa Kinikora yaxın durmurdu. Hər yerdən əli üzüləndə Məhəri yanladı – atamın dilincə o da əmim oğlunu eləcə adıyla çağırırdı:

- Ə, Məhər, sənin çoxlu pəyələrin var, - dedi, - apar bunu mən gəlincə orda saxla.

Məhər qoca tısbağanın ora-burasına baxıb:

- Qadan alım, onu məndən uzaq elə, - dedi, - arvadağa qorxur.

Anar tısbağanı qaldırıb sinəsinə basıb Məhərə çəmkirdi:

- Kül sənin arvadının başına, gör bu adamyeyənə oxşayır?

Günorta yeməyindən sonra Rüfətin tutduğu “Qazel” qapımızda dayananda mən uçunmağa başladım. Ər evindən çıxdığım o qaranlıq gecədə düşdüyüm hala düşürdüm. Orda yaman günlərim çox olmuşdusa da yenə o evdən çıxandan sonra uzun müddət özümə gələ bilməmişdim – bilmirəm, bəlkə türmədən çıxan da zindanda keçirdiyi ayların-illərin xiffətini belə çəkir. İndi yenə məni o sarsıntılar gözləyirdi, həyat yenə mənə zəhərli şərbət hazırlamışdı, fələk yenə qismətimi ağlada-ağlada verirdi.

Yükümüz-yapımız maşına yüklənirdi. Anarla mənim yaxamız qalmışdı öz əlimizdə – o, tısbağasını qoymağa yer tapmırdı, mən canımı.

Səkinə bibi, Telli mama, Səməndər, Kamil, Məhər – hərəsi üstünə Cavidin adı yazılmış bir bağlama atdı maşına. Ziya bir torba sütül qozu qucağıma basıb dedi:

- Sən dayımın goru burnunu sallama, apar orda xışla qoy ovurduna.

Anam ona göz ağartdı:

- Hansı dayının goruna and içdin?

Ziya anamdan silirdi, tez əliylə Səkinə bibini göstərib dedi:

- Bax, bunun qardaşının, öz doğma dayımın.

Arada Telli mamayla baxışıb ağlaşırdıq. Qardaşlarımı boynuburuq görən Səkinə bibi həmişəki kimi hamıya toxtaqlıq verirdi:

- Heç kəs burnunun suyunu uşağın dalınca axıtmasın. Dünya belə gəlib, belə də gedəcək. Allah Bircənin üzünü ağ eləsin, on iki il qulluğunuzda durdu, bu evi gəlhagəlli elədi. Hamımız onun işığına yığıldıq. Qol qırıldı əyri bitdi, quymaq diş sındırdı, halva göz çıxartdı deyərlər – el bərəkallahıyla gəlin getdi, fələk balına zəhər qatdı. Hər ocaqda bir az sürgünlük yaşadı, indi vədə yetişib, qoyun getsin öz yuvasında lələyini günə versin.

Qardaşlarıma baxdım – hönkürtüsünü içinə verməkdən Səməndərin dodaqları şaqqıldayırdı. Səkinə bibi yenə dilləndi:

- Səməndər, mən səni hamıdan ürəkli bilirəm. Qonşumuz Tərlan axşam deyir ki, kaş mənim qızlarım da ərə getmiş olaydı, dördünün də əri öləydi, əluşaqlı üstümə qayıdaydılar, amma qarıyıb ocağımın başında qalmayaydılar.

Dostum, Səkinə bibi düz deyirdi, mən kənddən çıxan vaxtlarda iyirmi altı qarımış qız vardı kəndimizdə, hamısı da ağıllı-kamallı, tərbiyəli, işbilən. Onların kişi payı ya müharibədə ölmüşdü, ya da çörək dalınca Rusiyaya gedib qayıtmamışdı...

***

Lalə mənim dəbərmədiyimi görüb hamıyla görüşdü, qızını, Cavidi dartıb öz ardınca maşına mindirdi. Mən həyətdə dəli kimi gərdiş eləməyə başladım, sonra pilləkənin başındakı dibçəklərimə sarı yüyürdüm, Fuadgilin həyətindən qırdığım ətirşahı, Zöhrə xala öləndə ər evindən gətirdiyim başıqaxınclı gülü, bir də bibimin əkdiyi ağac kimi iri gülləri dibçəkləri qarışıq sürüyüb “Qazel”ə atdım. Su içməyə girdiyim mətbəxdə yaddan çıxmış kitablarımı gördüm, onları qucaqlayıb eşiyə çıxanda bayaqdan heykəl kimi dayanmış anamla burun-buruna gəldim.

- Səy qızı səy, - dedi, - özünə bir dişədəyər götürmür, kağız-kuğuz qamarlayır.

Kitabları Kamilin qucağına yığıb torba gəzməyə başladım. Rüfət anbar dediyimiz tikiliyə girib nənəmin toxuduğu solub-sökülmüş tozlu xurcunu mənə gətirdi:

- Bəlkə buna yığasan?

Lalə xurcunu görcək bağırdı:

- Dəli olma, ay qız, onu hara qoyacaqsan, üstündə yüz ilin pasağı var.

Anamın, bacımın sözünə baxmadım, xurcunu tut ağacının gövdəsinə çırpıb tozunu aldım, kitablarımı içinə yığıb maşına atdım.

Qayıdıb doğmalarımla vidalaşmağa başladım. Ucdantutma hamını bir-bir öpürdüm, sonra yenidən başa keçib qardaşlarıma sarılırdım. Atam, qardaşlarım cibimə pul dürtürdülər, Cavidi çağırıb məni ona tapşırırdılar. Anar hələ də tısbağanı qoymağa yer tapmamışdı, sağa-sola çovuyub əl-ayağa dolaşırdı. Telli mama mis camda üzərlik tüstülədirdi. Rüfətin arvadı balalarına qarışıb ağlayırdı.

Bu dəm Yetər əlində bir torba heyva özünü yetirdi:

- Niyə mələşirsiniz, qoyun xalx balasını götürüb getsin, sizin də yeriniz genisin.

Torbanı maşına atıb atama sarı qayıtdı:

- Rəhim dayı, bu qız gəlin köçəndə də belə şəbeh çıxartdınız, ayıb deyil, nolub sizə?

Sonra irəli durub məni Səməndərin qollarının arasından çıxardı:

- Gəl cəhənnəm ol min maşına, üzü qaranlığa gedir. Az, Bakıya gedirsən ey, Sibirə getmirsən.

Hamıyla bir də sağollaşıb maşına doğru yön aldım, yarı yolda geri çevrildim – anam hamıdan qıraqda dayanıb baxırdı. Qayıdıb onun boynuna sarıldım, hər iki üzündən öpdüm. Anam qollarımı boynundan açıb dedi:

- Get, hamı səni gözləyir. Uşağını gözündən qoyma. Özünü ağıllı apar, sözünü gəlinlərin dilinə salma.

Bilirdim anam hansı simə toxunur.

Son anda Anar da tısbağaya yiyə tapdı – onu Yetərin ətəyinə qoyub dedi:

- Bunu mən gəlincə qoru, sənə çoxlu tumuş alacam.

Hamı şaqqıldayıb güləndə Yetər yazıq-yazıq dedi:

- Neyləsin, yamaqlı tumanlarımı uşaq da görüb.

Maşına qalxıb qapını arxamca örtəndə Telli mama bayaqdan içində boğduğu səsini püskürdü. Mən qapını içəridən açmaq istəyəndə Ziya çöldən var gücüylə qapını üzümə itələdi:

- Düşmə, - dedi, - indi kürlüyünüzü eləyirlər, siz gedən kimi toxtayacaqlar.

Maşın yerindən tərpənəndə Aytac Səməndərin əlindən çıxdı, qollarını açıb ağlaya-ağlaya dalımızca qaçdı. Özümü “Qazel”in arxa oturacağına verib körpə Aytacıma, boy-boya vermiş əzizlərimə baxdım. Atam tısbağanı Yetərdən alıb əl çalovuna qoyub arxamızca gəlirdi. Maşın darvazadan çıxıb küçəmizi burulanda atam çalovdakı tısbağanı hasardan çölə qolazladı. Elə bildim o tısbağa qarışıq mənim xatirəm də evimizdən çölə atıldı. Bundan sonra aramıza hasar girdi, doğmalarım görünməz oldu. Özümü oturacağa çırpıb zar-zar ağlamağa başladım...

...Həyat mənə təzə meydan sulayırdı, Dostum, o meydanda qarı fələklə yenə yaxalaşmağım vardı...

Üçüncü bölümün sonu

# 5996 dəfə oxunub

Müəllifin son yazıları

# # #