“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”-Məşhur şairin xatirələri

“Anarın, Əkrəmin, Famil Mehdinin dönüklüyü...”-<span style="color:red;">Məşhur şairin xatirələri
15 avqust 2014
# 13:42

Kulis.az görkəmli şair İsa İsmayılzadənin indiyədək heç bir yerdə dərc olunmamış xatirələrinin dərcinə başlayır. Xatirələri redaksiyamıza tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı təqdim edib.

1 yanvar - 1989

Uğursuz bir ildən sonra 89-cu il görəsən özü ilə nə gətirəcək?

Doğrudanmı, dörd ildən bir gələn uzun illər (fevral 29-dan olanda) həmişə belə ağır olur? Kimlər bunu sınayıb görəsən? Astronomlar, yoxsa?... Hər şey, daha doğrusu, xoşagəlməz nə varsa, arxada qalanda adam elə bil özündə yüngüllük hiss eləyir. Amma, 88-ci il onun ağrı-acıları hələ də bizimlədi… Kim bilir, hələ neçə il bizi beləcə göynədəcək. Heç bir siyasi, mənəvi, iqtisadi, hüquqi əsası olmadan ermənilərin «Qarabağ məsələsi» qaldırması, bütün il boyu həm bizi, həm də ölkəni gərginlikdə saxlaması, «Sumqayıt faciəsini» sovet qəzetləri və xarici radio kanalları vasitəsilə az qala bütün dünyaya yayması, sovet adamlarını, dünya xalqlarını bizə qarşı çevirməsi, akademik Saxarovun arvadı Yelenna Bonnerlə (əsil famili – Alixanyan, erməni) Amerikanı, Avropanı təzə-təzə hər yerdə azərbaycanlıların əleyhinə müsahibələr verməsi, nəhayət, sovet qəzetlərinin («Pravda», «İzvestiya», «Moskovskiye novosti», «Komsomolskaya pravda» və s.) çox vaxt qarşı birtərəfli mövqe tutması ilboyu hamını təngə gətirdi… lenin adına meydan boşalandan sonra nümayişlər əleyhinə kampaniya başlaması, ziyalıların (Aydın Məmmədov, Anar, Əkrəm Əylisli, F.Mehdi, Nadir Cabbarov, F.Köçərli və b.) dönüklüyü məni çox məyus eləyib.

Möhkəmcə ürəyim ağrıyır. Doğrudanmı, biz hələ ziyalı nəsli yetişdirə bilməmişik? Bəs nə vaxt yetişdirəcəyik? Vaxt keçir! XX əsr başa çatmaq üzrədir, amma biz hələ də ziyalısız qalmışıq!

… Bu gün, beləcə fikirlər içində qovrulanda qohumum Mustafa yoldaşı Səkinə ilə bizə gəldi. Sumqayıta, qonşularının bacısı oğlunun toyuna getmək istədiklərini bildirdilər. Mən maşınla onları Sumqayıta apardım. 11 ay bundan əvvəl fırtınalar içində qaynayan şəhər necə fağır görünürdü. o vaxtdan bura yolum düşməmişdi. Ordan da Corata, oğlan evinə toya apardıq. Gələndə, qohumlarımın pasportu olmadığından dalda yollar seçdik, amma Novxanıdan çıxanda, yolda, qoşa tainlar arasında bizi yaxaladılar. Yaxşı ki, mənim üstümdə buraxılış vərəqəsi vardı…

Yanvarın 1-də radionun uşaq verilişləri redaksiyasının hazırladığı müsahibəmə qulaq asa bilmədim-yadımdan çıxdı. Uşaqlığımla bağlı kövrək, dərdli günlərdən danışmışdım.

Sabahısı, sonralar məni neçəsi təbrik elədi, məəttəl qaldım. Doğrudanmı, bu camaat radioya qulaq asır?

2 yanvar – 1989

Gecə, saat 1-dən sonra qar yağmağa başladı. Səhər də ara vermədi, bütün günü yağdı. Yanvarın 3-də alatoran oğlum Arazın qışqırığına oyandıq: «Qar yağır! Gör nə qədər yağıb!» Haylayıb Mustafanı oyatdı. Bir il əvvəl «Zarafat» adında bir şer yazmışdım. Hər səhər uşaqlarımı yuxudan oyatmaq üçün deyirəm ki, qar yağır… Bir neçə gün beləcə onlar qar görmək ümidilə mənzərəyə yanaşırlar… Amma bu dəfə Bakıda görünməmiş qar yağmışdı. 3-4 gün yerdə qaldı, tətildə olan uşaqlar kefə baxdılar…

3 yanvar – 1989

Bütün şəhər dümağ geyinib. Şimal şəhərlərinə oxşayır. Yenə Bakının köhnə «xəstəliyi» özünü göstərir: nəqliyyat işləmir, camaat işə piyada gedir…

Mən də Nərimanov prospekti ilə piyada üzüaşağı gedib, kəsə yolla Bakı soveti metrosunun yanına, «Kommunist» küçəsinə enirəm.

Əslində dekabrın 30-dan məzuniyyətə çıxmışam, amma putyovkam olmadığına görə bir yerə gedə bilməmişəm, odur ki, hələlik işləməliyəm.

5 yanvar

Səhər-səhər radiodan zəng vururlar–İbrahim Göyçaylının səsidir. Çoxdandır görüşməmişik. Peredelkinodan təzəcə qayıdıb.

Telefonda məni elə bil o yerlərin qar havası vurdu...

- Təzə şerlərini oxumaq istəmirsənmi, qağa?

- Niyə istəmirəm.

- Səhər gəl, gözləyirəm.

Səhər, komitənin tanış girəcəyi bizə yenə «yad» göründü: yenə çiyni avtomatlı əsgərlər diqqətlə buraxılış vərəqələrində mənim familimi axtarırdılar. Girəcəkdə o qədər adam vardı ki… Sən demə, buraxılış vərəqələrini komendant saatı başlayandan bəri ancaq komitənin sədri imzalayırmış…

Sağ olsunlar, İbrahim də, Mailə Muradxanova da, ürəyimcə olan şerlərdən seçdilər. Bu günlər hərbi «qlavlut» hər şeyə qarışdığından şerləri, çox ehtiyatla seçirlər, yazılara dön-dönə baxırlar… «Generalmissiya, ayağa qalxın…» (Stalinə yazılıb), «Biz də adımızı yazan qoymuşuq» («Füzuli zirvəsi»), «Binələri atıb gəldim…» (Ermənistandakı yurd yerlərini atıb gələnlərə) və s. şerlərimi ürəklə oxudum.

11 yanvar

Alla Axundova ilə görüşdüm. moskvadan, orda yaşayan azərbaycanlılar adından (50 min adından!) 90 bağlama-qutu (!) gətiriblər didərginlər üçün. Abuzər Bağırov və bir də tərcüməçi Tahirə xanımla birgə. Axşam Tahirə xanımgilə gedirəm. Alla, mən, bir də o şam eləyirik; enli, nəhəng bir stolun arxasında (üstünə hər şey düzüldüyündən Tahirə xanım onu «isber stolu» adlandırdı, əyləşmişik. Azca araq içdim. (Tahirə xanım fin dilini yaxşı bilir. Fin dilli ədəbiyyatını tərcümə eləyir). Məni evdə qohumlarım – əmioğlum Binnət, tələbə qızı Tahirə, oğlu Canpoladla gözləyir, odur ki, tez çıxdım evdən. Bu ev Əli Bayramov küçəsində, qədim, gözəl binalardandı.

12 yanvar

Gündüz saat 2-də Məmməd İsmayılın iş maşınında gedib Allanı götürürük. Saat 3-də telestudiyada olmalıyıq. Moskvada Azərbaycan mədəniyyət mərkəzinin yaradılmasına həsr olunmuş birinci verilişdə biz çıxış etməliyik: Alla, Məmməd İsmayıl, Abuzər Bağırov, bir də mən…

Abuzərlə Alla Bolşaya Sadovaya küçəsindəki beşmərtəbəli binada yerləşən mədəniyyət mərkəzinin qayğılarından, perspektivlərindən danışdılar. Mən dedim: Ancaq, indi xalqların oyanışı, özünü tanıması dövründə belə bir mərkəz açıla bilərdi. Nə Stalinizm məşəqqətləri dövründə, nə durğunluq – özünəvurğunluq dövründə bu haqda fikirləşmək olmazdı… İndiyədək SSRİ mətbuatında, elmi ədəbiyyatda, dərsliklərdə bizim xalq, Azərbaycan torpağı dönə-dönə təhrif olunub. mərkəz bunun qarşısını almalıdır. Onun astanasından tutmuş hər daşı, divarı, ən adicə eksponatı, naxışı da Azərbaycan ruhundan, Azərbaycan torpağından xəbər verməmişdir…

Sonra, son vaxtın təhriflərinə misal olaraq, 27 dekabr 1988-ci il tarixli «Sovetskaya kultura» qəzetində fəlsəfə elmləri doktoru Mixail Kanustantin «Состав земли не знает грязи» məqaləsinin adını çəkdim, möhkəm tənqid elədim. Amma, elə danışa-danışa bilirdim ki, o, yeri çıxaracaqlar. Yazımı qurtaranda Aydın İbrahimova (verilişin redaktoru) yalvardım ki, o yerinə dəyməyin. O, da söz verdi… Gecə Firudin Ağayevin evinə zəng vurdum, ondan da xahiş elədim. 13-də gündüz moitamdan sonra Aydına zəng vurdum.

O, dedi:

- Söz verdim, amma axıra kimi qorumağa kişiliyim çatmadı.

Gücüm çatmadı.

Elə beləcə dedi. Mən pərt oldum. Axşam verilişdən sonra lap dilxor oldum. Təbrik eləyənlərə birinci dəfə idi ki, belə dilucu, könülsüz cavab verirdim…

Milyon tirajlıq qəzet səhifəsində sənin xalqını, bütünlükdə türk xalqlarını təhqir eləmək olar, amma mavi ekrandan ona cavab vermək olmaz, özü də təhqirsiz, etika çərçivəsində! Demokratiya, aşkarlıq hələ də bizim televiziyaya gəlib çatmayıb – Qafqaz sıra dağları qabağını kəsib!

15 yanvar

Bütün Azərbaycan və Ermənistan rəhbərlərinin, deputatlarının Qorbaçovla birgə görüşü oldu. «Zaman» proqramına nigarançılıqla qulaq asdıq, bir elə xəbər verilmədi… Sonra hər şey aydın oldu: DQMV-yə xüsusi idarə forması tətbiq olunacaq, xüsusi İdarə Komitəsi yaradılacaq… Komitə yanvarın 20-dən Stepanakertdə fəaliyyətə başlayacaq. Beləcə, Azərbaycan suverenliyi ləğv olundu… bu da bir məğlubiyyət! Amma səhərisi qəzetlər bu xəbəri sevinclə qarşıladılar, alqışladılar… Televiziyada da «növbətçi yaltaqlar» o söz…

20 yanvar

Yenə Ələkbərgilin iş otağında tünlükdür. Yenə hamı yana-yana Qarabağdan danışır…

İşdən sonra Çingizə (H.) zəng vururuq. Sonra bizə gəlirik. Çay-çörəkdən sonra şahmat oynayırıq. Ələkbər bu məsələlərdə əsil qeyrətli vətəndaş kimi aparır özünü. Əsəbi-əsəbi danışır, bizə qarşı haqsızlığa dözə bilmir… İndiyədək saysız-hesabsız etiraz teleqrammı vurub. Eşq olsun ziyalı ürəyinə!...

22 yanvar

Bizim yazılar – SSRİ Yazıçılar İttifaqı idarə heyətinin, təftiş komissiyasının üzvləri Moskvaya, SSRİ Yazıçılar İttifaqının plenumuna yola düşüblər. Plenum xalq sovetinə deputatların seçilməsinə həsr olunub. bu gün Moskvadan xəbər gəldi: Əkrəm Əylisli Silva Kaputikyanın namizədliyinə qəti etirazını bildirib. Onun namizədliyini Moskva Yazıçılar Təşkilatı irəli sürüb. İclasa sədrlik eləyən Surovtsev (SSRİ Yazıçılar İttifaqı katiblərindən biri) Əylislinin çıxışına etirazını bildirib. Publisist Çerniçenko, şair Mux. Dudin də S.Kaputikyanı möhkəm müdafiə eləyiblər. Çerniçenko deyib ki, mən cəmi 100 (200-dən) səs almışam, onu verirəm Kaputikyana (?!)…

24 yanvar

Zuqulbaya putyovka aldım. Ələviyyə Nərgizi Qarayazıdan gətirmək üçün bu ayın 27-də getməlidir, ona bilet götürdüm.

Yusif Səmədoğlu işə gəldi. Plenumun gedişindən danışdı. Dedi ki, bütün Moskvanın, ümumiyyətlə, SSRİ-nin adlı-sanlı yazıçılarının hamısı erməniləri müdafiə edir (Qarabağ məsələsində). Təkcə Qazaxıstan və Orta Asiya yazıçılarından başqa!...

Cib maqnitafonuna S.Kaputikyanın səsini yazıb. İlya Dadaşidze çıxandan sonra İntiqamla qulaq asırıq. Sabir Azəri, sonra da Vaqif Nəsib gəlir. O, çox dərdli, ağlamsınmış halda ağır-ağır danışır… «Qarabağ» Komitəsinin işini ekstremistlər alqışlayır, комитет «Карабах» - это детнице демократии!...» - deyir. Sovet dövlətinə, rus xalqına ermənilər adından minnətdarlığını dönə-dönə bildirir…

Anara zəng vurdum. O, Verçenkoya (katib) bildirib ki, əgər Paqiya Ovanseyanın (Ermənistan Yazıçılar İttifaqı İdarə heyətinin I katibi) çıxışında Qarabağ məsələsi olsa, biz də cavab verəcəyik.

P.Ovanesyan çıxışında elə bir söz deməyib. Amma bütün çıxışların sonunda S.Kaputikyana söz verilməsi deyəsən əvvəlcədən planlaşdırılıbmış – yəni ona cavab verilməsin!

Yusifin dediyinə görə bizim yazıçılar öz etirazlarını yazıb qeydiyyatdan keçiriblər…

26-27 yanvar – 1989

Dünən bizim yazıçılar İttifaqı idarə heyətinin katibliyi olub (hər həftənin üçüncü günü) qərara alıblar ki, Bakı şəhər sovetinin 14-cü aşırım küçəsində (ev 11/15) xüsusi qərarla yazıçılar İttifaqına ayrılmış 3 otaqlı mənzil (gözəl daş bina, IV mərtəbə) mənə verilsin. Anarla telefonla danışdım, sonra otağında görüşdük. Dedi ki, bunu hələ heç kəs bilmir, heç kəsə demək olmaz. Nə qədər axtardısa, Bakı sovetinin göndərdiyi qərarı tapa bilmədi, seyfə qədər açdı bir şey çıxmadı. Səhər gələsi oldum. H.Abbaszadənin stolunun üstündən həmin qərar tapıldı. Həmkarlar İttifaqının sədri Arif İbrahimov da mənmlə getdi (Anar sevindiyindən öz idarə maşınını bizə verdi). Binanı güc-bəla ilə axtarıb tapdıq. Mərtəbələri qalxdıq, sevincək 183-cü mənzilə yaxınlaşdıq… dəmir qapı, qapı zəngi… Demək… Zəngi basırıq. İçəridən kim çıxsa yaxşıdı? Vidadi Babanlı. Sən demə o burda maydan yaşayırmış. Orderi də o vaxt alıbmış. Kor-peşman geri qayıtdıq (Vidadi müəllim bizi içəri ötürüb otaqları göstərdi). Anara dedim. O da yaman pərt oldu. (o gün məni Yazıçılar İttifaqının katibləri, işçiləri təbrik eləmişdilər). Bakı şəhər Soveti İcraiyyə Komitəsinin sədri Qaraqaşlıya hökumət telefonu ilə zəng vurdu. Əhvalatı ona danışdı. O, dedi ki, həmin binada üç otaqlı yox, dörd otaqlı mənzillər var. nə isə, Anara söz verdi. Görək necə olacaq…

…Yanvarın 26-da Anardan əvvəl Əkrəmlə iş otağında görüşdüm. SSRİ Yazıçılar İttifaqı-plenumunun dünənki «Лит. Газета»да dərc olunmuş materiallarından, ordakı çıxışlardan söz düşdü. Dedim ki, sənin çıxışın xoşumuza gəlməyib. Niyə xalqımızın qayğılarından, dərdlərindən, bizim ekoloji problemlərimizdən yox, rus dilinin «vəziyyətindən» danışırsan, bu dilin «qayğısına» qalırsan? Buna nə ehtiyac var? elə bu yerdə, kimsə universitetin qadın müəllimlərindən biri zəng vurdu; hiss olundu ki, o da Əkrəmin qəzetdə qısaca dərc olunmuş çıxışından narazılıq eləyir. Dedim:

- Gördün? Bax beləcə hamı deyinir.

- Neyləyim… Məni düzgün başa düşmürlər, məni təhrif (?) eləyirlər.

Son zamanlar Əkrəmin televiziya ilə çıxışı, «Соц. Индустрия» (14 yanvar 1989), «Лит. Газета»да kiçik müsahibələri - məqalələri möhkəm narazılıq doğurub. Xalqa arxa çevirmək, onun azadlıq arzusunu ələ salmaq kimə xoş gələr? Bunları Əkrəmə dedim. Yenə üstünə götürmədi. «Hamı xalqa «məhəbbət» alverinə qurşanıb, - dedi, – sonra hər şey aydın olacaq» - dedi.

- Xalqın vətənpərvərlik meylini dırnaqarası «patriotizm» adlandırmaq, «pokazuxa» saymaq, buna «дикость», «безнравенность» demək - bütün bunları sənə kim bağışlayar, Əkrəm?!

Sənə güvəndiyim dağlar… Heç yuxuma da girsə, inanmazdım ki, Əkrəm çox sevdiyi xalqına, anna dilinə qarşı bu mövqedə dayana…

Bu gün, Nərgizi Qarayazıdan gətirmək üçün uşaqların anasını Tiflis qatarı ilə yola saldım.

«Ev əhvalatı»ndan sonra iki gün özümə gələ bilmədim…

28 yanvar

Novruz bayramı ilə əlaqədar jurnalımızın üçüncü nömrəsi üçün baş məqalə yazdım («Oyan, torpağım, oyan…»). Üstüörtülü də olsa, dərdlərimizdən, qayğılarımızdan, milli problemlərimizdən də az-çox söhbət açmışam. Yusif səmədoğlunun, İntiqam Qasımzadənin xoşuna gəldi…

30 yanvar

İşdə Hikmət Ziya və İlyas Tapdıqla xeyli söhbət elədim. Bu il, mayda Hikmət müəllimin 60 yaşı tamam olur. Dedim: «Belə cavan, belə işıqlı, nurlu adama 60 yaşmı vermək olar?» Bir sevindi ki, gəl görəsən. «Vallah, bu sözdən sonra heç bir təbrik verməsəniz də incimərəm» - dedi. «Yoox, mayda mütləq səni sevindirəcəyik, Hikmət müəllim – dedim…

31 yanvar 1989

Bu gün səhər saat 11-də jurnalların rəhbərləri ilə «Kommunist» nəşriyyatının birgə iclası keçirilir. Bircə məsələ qoyulub: bu ildən qəti olaraq, yeni çap üsuluna keçilir - foto-yığım… Bu, çox böyük etiraz doğurdu; əvvəla, hələ texnika zəifdir, kadrlar yoxdur, işçisi də, bizim kimi təsərrüfat hesablı (bu ildən keçmişik) redaksiyalara əl vermir; həm jurnal gecişir, həm də bu üsulla çap olunmaq baha başa gəlir. Məsələni qəti qoydular (direktor Musa Nəbiyev başda olmaqla nəşriyyatın rəhbərliyi): geriyə yol yoxdur!

İntiqam, Mənsur Vəkilov və mən işə qayıtdıq. Bu gün mütləq putyovkamı geri qaytarmalıyam (fevralın 1-dən «Zuğulba» sanatoriyasında olmalı idim). Ev məsələsinə görə gedə bilmirəm. Halbuki, yorulub əldən-ayaqdan düşmüşəm. Əsəblərim tamam sarsılıb. Yaydan bu yana, gərginlikdən, sıxıntıdan üzülmüşəm. Səhərlər qaçmağa, idman eləməyə də həvəs qalmayıb. Süstlük – mənəvi süstlük, hər gün milli ləyaqətimizin qəzet səhifələrində tapdanması, bəzi ziyalılarımzın (sevib hörmət etdiyim!) dəyanətsizliyi, hiyləgərliyi daş olub ürəyimdən asılıb. Heyf ki, axırı görünmür. Bu süstlükdən can qurtarsaq böyük şeydir. Görək sağlıq olsun.

R.S. Qəzetlər yeni «rubrika» açıb («Kommunist»): «Yolunuzu gözləyirik» (Bakıdan, rayonlarımızdan getmiş erməniləri dəvət eləyirik – təkidlə!). Amma bizim didərginlərin qayıtması haqqında fikirləşən yoxdur. Yeni birtərəfli oyun! Yenə hər şey onların xeyrinə!

Dünən «Pravda»da, bugünsə respublika qəzetlərində Arutunyanın Volskini qəbul etməsi (!?) haqqında geniş xəbərlər verilir. DQMV tamam Azərbaycandan «qoparılıb» suveren bir region, təsərrüfat hesablı eksperimental bir region kimi beş il ərzində çox «işlər» görəcək! Komitə ancaq, Ermənistana üz tütür. Niyə? Halbuki, əvvəlcə Vəzirovla Volskinin görüşü olmuşdu, amma mərkəzi qəzetlər o haqda bir kəlmə də yazmadılar.

Bu günlərdə «Vışka»nın baş redaktor müavini Osman Mirzəyevin Komitə ilə, son hadisələrlə bağlı qəzetdə verilmiş məqaləsi Volskinin, Dağlıq Qarabağ ermənilərinin xoşuna gəlməyib. Halbuki, O.Mirzəyev elə fikirləşirmiş ki, «dişsiz» yazı olduğu üçün məqalə azərbaycanlıların xoşuna gəlməyə bilər… hər şey əksinə olub. Volski hətta Moskvaya xəbər verib, etirazını bildirib, Osmanı danlayıb, «nəzərinə çatdırıblar» ki…

Belə-belə işlər!

Hələ görəcəyimiz günlər varmış!

Ardı olacaq...

# 4584 dəfə oxunub

Müəllifin son yazıları

# # #