Mirzə Cəlilin plagiat etdiyi pyesin tam mətni

Mirzə Cəlilin plagiat etdiyi pyesin tam mətni
19 aprel 2013
# 17:33

Yazıçı Həmid Herisçi Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini belçikalı yazıçı Moris Meterlinkin “Müqəddəs Antoninin möcüzəsi” əsərindən plagiat etməkdə ittiham edib.

Həmid Herisçi haqlıdırmı? Yoxsa bu Mirzə Cəlilə qarşı növbəti iftiranın tərkib hissəsidir? Bu suallara aydınlıq gətirmək üçün Kulis.Az Etimad Başkeçidin tərcüməsində "Müqəddəs Antoninin möcüzəsi" pyesini təqdim edir.

Moris Meterlink

Müqəddəs Antoninin möcüzəsi

İkipərdəli satirik rəvayət

İştirakçılar:

Müqəddəs Antoni

Qustav

Axill

Abbat

Doktor

İosif

Pristav

İki polis nəfəri

Qortenziya

Virginiya

Qardaş və bacı uşaqları, dayılar, əmioğlular, dayıqızılar və başqaları.

Əhvalat hazırkı dövrdə, kiçik əyalət şəhərciyində baş verir.

Birinci pərdə

Kiçik əyalət şəhərciyindəki qədimi, geniş evin dəhlizi. Giriş qapısı sol tərəfdədir. Arxa planda bir neçə pillə və otaqlara aparan böyük şüşə qapı görünür. Sağ tərəfdə də qapı var. Divar uzunu dəri üzlüklü skamyalar, taburetlər qoyulub. Asılqandan şlyapalar və üst paltarları asılıb. Pərdə açılarkən, yalın ayağına kobud taxta başmaqlar geymiş, vedrələrlə, əski parçalarıyla, süpürgə və şotkalarla əhatə olunmuş yaşlı xadimə Virginiya ətəyini qatlayaraq döşəməni yuyur. O, ara-sıra dayanır, ucadan burnunu çəkir və göy önlüyünün qırağıyla gözünün yaşını silir. Zəng səsi gəlir. Virginiya qapını açır. Kandarda arıq, ucaboy, ayaqyalın, başıaçıq, saçları pıtlaşıq, saqqallı bir qoca görünür; əynində çirkli, pis tikilmiş, sürtülmüş və bəzi yerləri cırılmış keşiş donu var.

Virginiya(qapını aralayır). Bu kimdir belə? İyirmi beşinci dəfədir ki, zəng vurur. Yenə dilənçi! Sizə nə lazımdır?

Müqəddəs Antoni. İçəri buraxarsınızmı?

Virginiya. Olmaz. Üst-başınızdan çirk yağır. Yerinizdə qalın. Nə istəyirsiniz?

Müqəddəs Antoni. İçəri girmək istəyirdim.

Virginiya. Nə üçün?

Müqəddəs Antoni. Sizin xanımınız Qortenziyanı diriltmək istəyirəm.

Virginiya. Xanım Qortenziyanı diriltmək? Bu nə deməkdir? Siz kimsiniz?

Müq. Antoni. Mən Müqəddəs Antoniyəm.

Virginiya. Paduanlı Antoni?

Müq. Antoni. Hə.(başının ətrafında halə yaranır).

Virginiya. Ah, Müqəddəs Məryəm! Özüdür ki var! (qapını taybatay açır, diz çökür və süpürgəyə dayanaraq pıçıltıyla dua oxuyur. Sonra müqəddəsin donunun ətəyini öpür və mexaniki tərzdə bunu bir neçə dəfə təkrarlayır.) Müqəddəs Antoni, bizimçün Allaha dua elə! Bizimçün Allaha dua elə, müqəddəs Antoni!

Müq. Antoni. İmkan verin içəri keçim, arxamca qapını örtün.

Virginiya (ayağa qalxır; hirsli). Budur əski, ayağınızı silin.

(Müq. Antoni istər-istəməz onun əmrini yerinə yetirir).

Bir az da, yaxşı-yaxşı silin.

Müq.Antoni (sağ tərəfdəki qapını göstərir). Xanım orada uzanıb.

Virginiya (təəccüb dolu sevinclə). Doğrudan ha! Hardan bildiniz? Möcüzəyə bir bax! O, böyük otaqda uzanıb. Yazıq xanım! Onun yetmiş yeddi yaşı vardı. Bu hələ qocalıq yaşı deyil, elə deyilmi? Mömin adam idi, sizə deyim ki, xeyli xeyir işlər görmüşdü. Özü də çox əziyyətlər çəkmişdi. Varı-halı başından aşırdı! Deirlər, iki milyon pulu qalıb. İki milyon – böyük məbləğdir, deyilmi?

Müq. Antoni. Hə.

Virginiya. Onun iki varisi qalıb: bacısı oğulları Qustav və Axill öz uşaqlarıyla. Bu ev Qustava qaldı. Başqalarını da unutmayıb; kilsəyə, abbata, ponomara, kilsə qulluqçusuna, kasıblara, vikariyə, on dörd yezuitə və müddətindən asılı olaraq evində xidmət etmiş hər kəsə pul-para verdi. Hamıdan çox mənə çatdı. Mən otuz üç ildir ki, onun xidmətindəyəm, ona görə də üç min üç yüz frank aldım. Xeyli puldur, elədir?

Müq. Antoni. Elədir.

Virginiya. Mənə heç bir borcu qalmadı. Aylıq maaşımı vaxtı-vaxtında verirdi. Qoy onun arxasınca nə danışırlar-danışsınlar, adam öləndə bəzi cənablar elə belə də eləyirlər. Müqəddəs qadın idi. Bu gün dəfn eləyəcəklər. Hamı gül dəstələri göndərib. Bir baxın, öz gözlərinizlə görün! Adamın gözü sevinir. Çarpayının, stolun, stulların üstündə, royalın üstündə – Hər yerdə gül-çiçək dəstələri qoyulub. Hamısı da ağ güllərdir. Bu özü də xırda məsələ deyil. Cənablar gül dəstələrini qoymağa yer tapa bilmirlər.

Qapının zəngi vurulur.

(Qapını açır və əlində iki əklil qayıdır.) Budur, iki əklil yenə. (Onları gözdən keçirərək, əlində sambayır.) Necə də gözəldir! Alın, bir az əlinizdə saxlayın. Döşəməni yuyub-qurtarıb gəlirəm.

(Virginiya əklilləri müq. Antoniyə verir, o hazırlıqla hər əlinə bir əklil alır.)

Bu gün dəfn edəcəklər. Hər şeyi yerbəyer eləmək lazımdır. Mənim isə işim başımdan aşır…

Müq.Antoni. Məni mərhumun yanına aparın.

Virginiya. Mərhumun yanına? Elə indi?

Müq. Antoni. Hə.

Virginiya. Yox, belə olmaz. Gözləmək lazımdır. Onlar hələ stol arxasındadırlar.

Müq. Antoni. Tanrı məni tələsdirir. Vaxtdır.

Virginiya. Siz neyləmək istəyirsiniz ki?

Müq. Antoni. Dedim axı, onu diriltmək istəyirəm.

Virginiya. Diriltmək istəyirsiniz? Doğrudan? Siz onu diriltmək istəyirsiniz?

Müq. Antoni. Hə.

Virginiya. Axı o üç gündür ki, ölüb.

Müq. Antoni. Elə ona görə də onu diriltmək istəyirəm.

Virginiya. Deməli, o yenə də əvvəlki kimi yaşayacaq?

Müq. Antoni. Hə.

Virginiya. Axı onda heç kəs miras almayacaq.

Müq. Antoni. Şübhəsiz.

Virginiya. Bəs Qustav ağa bu işə nə deyəcək?

Müq. Antoni. Bilmirəm.

Virginiya. Bəs mənim üç min üç yüz frankım? O onları geri alacaq?

Müq. Antoni. Əlbəttə.

Virginiya. Belə olmaz.

Müq. Antoni. Məgər sizin başqa pullarınız yoxdur? Qənaət edib pul toplamamısınız?

Virginiya. Bir quruşum da yoxdur. Bacım xəstədir. Qazandığımın hamısını ona sərf edirəm.

Müq. Antoni. Əgər siz üç min frankınızı itirməkdən qorxursunuzsa…

Virginiya. Üç min üç yüz frankı.

Müq. Antoni. Əgər bu pulları itirməkdən qorxursunuzsa, onda onu diriltmərəm.

Virginiya. Elə etmək olmazmı ki, o dirilsin, ancaq pullar məndə qalsın?

Müq. Antoni. Olmaz. İkisindən birini seçin. Mən sizin dualarınızı eşidib yer üzünə enmişəm. Xətriniz istəyəni seçin.

Virginiya. (Azacıq fikirləşdikdən sonra). Qoy elə olsun, onu dirildin.

(Müqəddəsin başı üzərində yenə halə görünür).

Bu nədir belə?

Müq. Antoni. Siz mənə böyük sevinc bəxş etdiniz.

Virginiya. Ona görə də başınızın üstündə bu şey yandı, sizin fənəriniz?

Müq. Antoni. Hə, öz-özünə.

Virginiya. Pərdələrə çox da yaxın durmayın. Yandırıb-eləyərsiniz.

Müq. Antoni. Qorxmayın. Bu səmavi oddur. Məni mərhumun yanına aparın.

Virginiya. Dedim axı, gözləyin. Ağalara Mane ola bilmərəm. Onlar hələ stol arxasındadırlar.

Müq. Antoni. Kimlər?

Virginiya. Aman Tanrım! Bütün ailə. İki bacıoğlu – Qustavla Axill, öz arvad-uşaqlarıyla birgə, Georq, Alberik, Alfons, Dezire, dayılar, əmiqızılar, dayıqızılar, keşiş, həkim, daha kimlər!.. Dostları, qohumları… Onu heç vaxt görməyiblər, amma indi tökülüşüb gəliblər. Hamısı varlıdır.

Müq. Antoni. Hə!

Virginiya. Siz küçəni gördünüzmü?

Müq. Antoni. Hansı küçəni?

Virginiya. Aman Allah! Bizim küçəni! Evimizin olduğu küçəni.

Müq. Antoni. Gördüm.

Virginiya. Gözəl küçədir! Sol tərəfdəki evlərin hamısı bizim xanımındır. Birinci evdən başqa, o kiçik, çörəkçinin yaşadığı evi deyirəm. Sağ tərəfdək evlər isə Qustav ağaya məxsusdur. İyirmi iki dənədir. Gör, nə qədər pulu var!

Müq. Antoni. Doğrudan ha.

Virginiya. (Haləyə işarəylə) Bir baxın, bu şey, sizin fənəriniz sönüb ki!

Müq. Antoni. (Əlini haləyə sarı uzadır). Hə, deyəsən sönüb.

Virginiya. Deməli, o çox yanmır.

Müq. Antoni. O baxır mənim beynimdəki fikirlərə.

Virginiya. Onların nəyi yoxdur! Meşələri, fermaları, evləri… Hələ Qustav ağanın kraxmal fabriki də var. «Qustavın kraxmalı» - eşitmiş olarsınız. Hə, adlı-sanlı adamlardır, zəngindilər. Dörd rantye. Özləri üçün yaşayırlar, əllərini ağdan-qaraya vurmurlar. Gözəl həyatdır. Fermerlər arasında nə qədər dostları, tanışları var. Hamısı dəfn mərasiminə gəlib. Çoxları uzaqdan gəliblər. Onlardan biri dəfnə çatmaq üçün iki gecə yol gəlməli olub. Onu sizə göstərərəm. Qəşəng saqqallı kişidir. İndi hamısı səhər yeməyi yeyir. Hələ stol arxasındadırlar. Onları narahat etmək olmaz. Xeyli yemək hazırlanıb. İyirmi dörd nəfərlik. Bu yeməkləri öz gözlərimlə gördüm. Stola əvvəlcə istridyə verəcəklər, sonra iki cür şorba, üç cür qəlyanaltı, şirə gəzdirilmiş omar, Hubert sousunda alabalıq, - bu, bilirsinizmi nədir?

Müq. Antoni. Yox, bilmirəm.

Virginiya. Mən də bilmirəm. Nəsə dadlı şey olmalıdır, bizlik deyil. Matəmə görə şampan şərabı verilməyəcək. Əvəzində başqa şərablar var. Hamısını içib qurtarmasalar, sizə bir stəkan gətirərəm. Özünüz qiymət verərsiniz. Burda dayanın, gedim görüm neyləyirlər. (Ayaqlarının ucuna qalxır, pərdəni aralayır və şüşə qapıya tərəf boylanır.) Deyəsən alabalığa girişiblər, Şubert sousundakı alabalığa. İosif ananas götürür. Bu hələ iki saat çəkər. Əyləşin.

(Müq. Antoni dəri üzlüklü skamyaya oturmaq istəyir)

Yox, bircə buraya oturmayın, skamyanın üzlüyünü kirlədə bilərsiniz. Bax burda, bu kətilə əyləşin, mənsə hələlik döşəməni yuyub qurtarım.

(Müq. Antoni taxta kətilə oturur.)

Virginiya (Su dolu vedrəni götürür). Ey, ey! Ayağınızı qaldırın – tökürəm! Eh, Mane olursunuz mənə! Hələ buranı yumamışam. Bax, orda oturun, bir qıraqda. Kətili götürün, divarın yanına qoyun.

(Müq. Antoni küncdə oturur).

Bax belə, belədə sizi islatmaram. Aclığınız yoxdur?

Müq. Antoni. Yox, təşəkkür edirəm. Mən tələsirəm. Ağalarınıza deyin ki, mən burdayam.

Virginiya. Tələsirsiniz? Nədir, işiniz çoxdur?

Müq. Antoni. Hə, hələ bir neçə möcüzə də göstərməliyəm.

Virginiya. Stol arxasındaykən onları narahat etmək olmaz. Kofelərini içib qurtarana kimi gözləməli olacaqsınız. Qustav ağa hirsli adamdır. Heç bilmirəm sizi necə qəbul eləyəcək. Onun dilənçilərdən zəhləsi gedir. Siz isə varlı adama oxşamırsınız.

Müq. Antoni. Müqəddəslər varlı olmurlar.

Virginiya. Amma onlara az sədəqə vermirlər.

Müq. Antoni. Verməyinə verirlər, ancaq göyə heç nə gəlib çatmır.

Virginiya. Ola bilməz! Yəni keşişlər hamısını özlərinə götürürlər? Mən bu barədə eşitmişdim, amma inanmağım gəlmirdi. Su da qurtardı. Deyin…

Müq. Antoni. Nə lazımdır?

Virginiya. Sizin yanınızda, sağ tərəfdə mis kran var, görürsünüzmü?

Müq. Antoni. Hə.

Virginiya. O, su kranıdır. Bu isə boş vedrədir. Onu suyla doldura bilərsinizmi?

Müq. Antoni. Əlbəttə.

Virginiya. Təkcanıma işlərin öhdəsindən gələ bilmirəm. Yardım eləyən də yoxdur. Hamı başını itirib. Bir adam ölən kimi aləm bir-birinə dəyir. Özünüz yaxşı bilirsiniz. Xoşbəxtlikdən belə şeylər hər gün olmur. Allah sizi belə müsibətlərdən qorusun. Qonaqların yanında hər şey par-par parıldamasa ağa hirslənib özündən çıxır. Onu razı salmaq asan məsələ deyil. Hələ mis qabları da yuyub təmizləməliyəm. İndi kranı sağa çevirin. Bax belə. Vedrəni mənə verin. Ayaqlarınız üşümür? Paltonuzu bir az yuxarı qaldırın, yoxsa isladarsınız. Əklilləri isə kətilin üstünə qoyun. Bax belə, əla.

(Müq. Antoni su dolu vedrəni ona verir).

Təşəkkür edirəm. Əsl kavalersiniz. Yenə bir vedrə su verərsinizmi…

(Səslər, kənara itələnən stulların taqqıltısı eşidilir).

Eşidirsinizmi? Bu nədir belə? Gedim baxım. (Şüşə qapıya yaxınlaşır) Bir baxın, ağa yerindən dik atıldı! Ona nolub? Bəlkə sözləri çəp gəlib? Yox, o biriləri yeyirlər. İosif abbatın stəkanına çaxır tökür. Ağbalığı yeyib qurtarıblar. Deyəsən ağa buraya gəlir. Sizin haqqınızda ona deyərəm…

Müq. Antoni. Hə, hə, xahiş edirəm, bir az tələsin!

Virginiya. Vedrəni yerə qoyun. Daha mənə lazım deyil. Süpürgəni götürün. Elə yox! Əşşi, oturun görək.

(Müq. Antoni itaətlə üstündə əklillər olan kətilə oturmaq istəyir)

Ey, ey, neyləyirsiniz? Axı əklillərin üstünə oturdunuz.

Müq. Antoni. Bağışlayın, mən pis görürəm.

Virginiya. Ah, siz necə də yöndəmsiz hərəkətlər eləyirsiniz! Bir bu əklillərə baxın, gör nə gündədirlər! Qustav ağa onları görüb nə deyəcək? Şükür Allaha, siz onları yalnız bir azca əzmisiniz. Yavaş-yavaş dirçəlirlər. Onları dizinizin üstünə qoyun, sakit oturun. Yerinizdən tərpənməyin, yoxsa yenə aləmsi qatıb-qarışdırarsınız. (Onun qabağında diz çökür) Sizdən bir xahiş etmək istəyirdim…

Müq. Antoni. Xahişinizi deyin, çəkinməyin.

Virginiya. Nə qədər ki, burada başqaları yoxdur, mənə xeyir-dua verin. Ağalar gəlib məni bayıra çıxaracaqlar və mən sizi bir daha görməyəcəyəm. Mənə öz xeyir-duanızı verin! Artıq qoca arvadam – gərəyim olar.

( Müq. Antoni qalxıb ona xeyir-dua verir. Başının ətrafındakı halə yenidən parıldamağa başlayır).

Müq. Antoni. Sənə xeyir-dua verirəm, mənim qızım, çünki sən xeyirxahsan, ruhən sadəsən, qəlbən də sadə adamsan, ehkamlara riayət eləyirsən, özünün mürəkkəb olmayan vəzifəni vicdanla yerinə yetirirsən. Allah amanında, mənim balam, get, mənim burda olduüğumu ağalarına çatdır.

(Virginiya gedir. Müq. Antoni yenidən kətilə oturur. Az sonra şüşə qapı açılır. Qustavla Virginiya içəri girirlər.)

Qustav (Ciddi və hirsli görkəmdə). Nə olub? Sizə nə lazımdır? Siz kimsiniz?

Müq. Antoni. (Təvazölə ayağa qalxır). Mən müqəddəs Antoniyəm…

Qustav. Siz dəli olmusunuz!

Müq. Antoni. …Paduanlı.

Qustav. Nədir, mənimlə zarafat eləmək fikrinə düşmüsünüz? Mənim zarafatlıq halım yoxdur. Bir az şərab içdik, vəssalam. Bura nəyə gəlmisiniz? Sizə nə lazımdır?

Müq. Antoni. Mən sizin ölmüş xalanızı diriltmək istəyirəm.

Qustav. Nə? Xalamı diriltməkmi? (Virginiyaya) O, lül-qəmbərdir. Onu niyə içəri buraxmısan? (Müq. Antoniyə.) Qulaq asın, dostum, özünüzü axmaq yerinə qoymayın, bizim o halımız deyil. Bu gün meyiti evdən çıxarmalıyıq. Sabah gələrsiniz. Hələlik sizə on su verirəm.

(Müq. Antoni yumşaq, amma qətiyyətli müqavimət göstərir). Mə nonu bu gün diriltməliyəm.

Qustav. Yaxşı. Əla. Meyit götürüldükdən sonra. Razısınız? Qapı ordadır.

Müq. Antoni. Mən yalnız onu diriltdikdən sonra gedəcəyəm.

Qustav. (Hirslənir). Yox, siz əndazəni keçirsiniz! Siz dözülməz olursunuz! Qonaqlar məni gözləyirlər, başa düşürsünüz? (Giriş qapısını açmaq istçyir) Marş! Odur qapı. Əlli olun!

Müq. Antoni. Onu diriltməmiş burdan gedən deyiləm.

Qustav. Eləmi? Baxarıq! (Şüşə qapını aralayır) İosif!

İosif (Pilləkanda görünür; əlində buğlanan yemək qabı var). Nə buyurursunuz?

Qustav (Yeməyə nəzər salır) Bu nədir?

İosif. Qarabağır ətidir.

Qustav. Yaxşı. Yeməyi Virginiyaya ver, özün isə bu avaranı çölə çıxar. Bir az tez ol!

İosif. (Qabı Virginiyaya verir). Baş üstə. (Müqəddəsin üstünə yeriyir). İtil burdan, qoca! Tərpən görüm. İçib sərxoş olmağa nə var, gərək evin yolunu da tapa biləsən. Rədd ol, deyirəm sənə! Tələs! Nə qədər ki, sağ-salamatsan, çıx get, yoxsa xurd-xəşil olarsan. Yumruğumu görürsən? Sən hələ burdasan? Yaxşı, qoca kaftar! Virginiya, qapını aç!

Qustav. Dayan, mən açaram. ( Bayıra aparan qapını açır).

İosif. Bax belə. Bəsdir. Əmin olun ki, o buradan karetada getməyəcək. (Qollarını çirmələyib, ovcunu tüpürcəkləyir). İndi görəcəksiniz. (İosif müq. Antoninin çiyinlərindən yapışaraq, onu itələyib bayıra çıxarmaq istəyir. Müq. Antoni yerə mıxlanıbmış kimi tərpənmir. İosif təəccüblə) Bu nədir belə?

Qustav. Hə, noldu?

İosif. Baş aça bilmirəm. Elə bil yerində bitib. Tərpətmək mümkün deyil.

Qustav. Mən sənə kömək edərəm.

(Qustavla İosif birlikdə Müq. Antoninin çölə çıxarmaq istəyirlər, ancaq o, yerindən tərpənmir.)

(Astadan) Qulaq as, ehtiyatlı ol! Təhlükəli işə oxşayır. O pəhləvandır. Onu yaxşılıqla çıxarmaq lazımdır. Dostum, özünüz başa düşün, belə bir gündə… Bu gün biz mənim xalamı dəfn edirik, hörmətli-izzətli bir qadını…

Müq. Antoni. Mən onu diriltmək üçün gəlmişəm.

Qustav. İndi zamanı deyil, başa düşürsünüzmü? Qarabağır soyuyur, qonaqlar gözləyir, biz isə zarafat eləyəsi halda deyilik.

(Əlində salfet tutmuş Axill pilləkanda görünür.)

Axill. O kimdir elə? Qustav, nə olub? Biz qarabağır gözləyirik.

Qustav. Bu dəli buranı tərk etmək istəmir.

Axill. Sərxoşdur deyəsən…

Qustav. Şübhəsiz.

Axill. Rədd eləyin getsin. Ehsan yeməyini bu avaraya görə pozmayacağıq ki!

Qustav. O getmir.

Axill. Necə yəni getmir? Baxarıq, görək necə getmir!

Qustav. İstəyirsən, özün cəhd elə.

Axill. Əlimi bu dilənçiyə bulamaq istəmirəm! İosiflə arabaçı kifayətdir.

Qustav. Biz artıq cəhd elədik. Güc işlətməyin xeyri yoxdur. Cəncələ düşə bilərik, rüsvayçılıq olar.

(Qonaqlar kandarda görünürlər. Əksəriyyətinin ovurdları yeməklə doludur, qoltuqlarının altından və boyunlarından salfetlər sallanır.)

Birinci qonaq. Burda nə baş verir?

İkinci qonaq. Qustav nə olub?

Üçüncü qonaq. Bu dilənçinin burda nə işi var?

Dördüncü qonaq. Bu hardan gəlib çıxıb?

Qustav. Çıxıb getmək istəmir. Bu sərsəm Virginiya məni lap boğaza yığıb. Gündə bir hoqqa çıxarır; dilənçi görən kimi başını itirir. Deməzsənmi, onlara yazığı gəlir. Bu divanəni də o içəri buraxıb. Nəyin bahasını olursa-olsun xalamı görmək və onu diriltmək istəyir.

Birinci qonaq. Polisə xəbər verin! İki polis çağırın!

Qustav. Yox, yox, polissiz ötüşərik! Polislərin evimə doluşmasını istəmirəm. Yalvarıram, bu günün xatirinə dava-qalmaqalsız ötüşək!

Axill. Qustav!

Qustav. Nədir?

Axill. Fikir vermisənmi: odur orada, sol tərəfdə plitələr çat verib?

Qustav. Hə, görmüşəm. Boş şeydir! Plitələri mozaikalı döşəməylə əvəzləmək lazım gələcək.

Axill. Hə, belədə daha nəfis olar.

Qustav. Başlıcası, yeni dəbə uyğun olacaq. Bu ağ pərdəli qapı üçün isə üzərində ov, sənaye, tərəqqi, gül-çiçək, təbiət təsvirləri olan rəngli şüşələr sifariş verəcəyəm…

Axill. Sən haqlısan, belədə çox gözəl olar.

Qustav. Kabinet orada olacaq. (Sağ tərəfdəki otağı göstərir.) Onunla üzbəüz otaqda isə xidmətçilər yerləşəcəklər.

Axill. Buraya haçan köçürsən?

Qustav. Dəfndən bir neçə gün sonra. Dəfnin ertəsi günü köçmək yaxşı düşməz.

Axill. Hə, amma hər halda bu sübyekti buradan sürüşdürmək lazımdır.

Qustav. O özünü öz evindəki kimi hiss eləyir.

Axill. (Müq. Antoniyə). Bəlkə sizə kreslo təklif eləyək?

Müq. Antoni. (Sadəlövhcəsinə) Təşəkkür edirəm. Yorulmamışam.

Axill. Bu işi mənə həvalə eləyin. Mən onun öhdəsindən gələrəm. (Müqəddəsə yaxınlaşaraq, dostyana) Dostum, deyin görək, axı siz kimsiniz?

Müq. Antoni. Mən müqəddəs Antoniyəm.

Axill. Hə, hə, siz tamamilə haqlısınız. (Ətrafdakılara) O öz dediyini deyir, amma ziyansız adama oxşayır. (Gözü müqəddəs Antoninin başına toplaşaraq, ona istehza və inamsızlıqla baxan qonaqların arasındakı abbata sataşır) Bu da abbat! O sizi tanıyıb və indi sizə öz hörmətini bildirmək istəyir. Yaxın gəlin, hörmətli ata. Axı müqəddəslər sizin sahəyə aiddirlər. Mən kənd təsərrüfatı alətləri, kotan və sairə şeylər üzrə mütəxəssisəm. Odur ki, göylərin elçisi, ətə-sümüyə bürünmüş müqəddəs Antoninin özü sizinlə danışmaq istəyir. (Yavaşcadan abbata) Onu yavaş-yavaş qapıya tərəf itələyək, ordan da kandara çıxaraq, vəssalam, şüttamam!

Abbat. (Riyakar mehribanlıqla) Müqəddəs Antoni! İtaətkar qulunuz sizi burada, öz mübarək gəlişinizlə xoşbəxtliyə qovuşdurduğunuz yer üzündə salamlayır. Müqəddəs şəxsiniz nə istəyir?

Müq. Antoni. Dünyasının dəyişmiş Qortenziyanı diriltmək.

Abbat. O doğrudan da dünyasını dəyişib. Biçarə qadın! Ancaq müqəddəslərimizin ən böyüyü üçün möcüzə yaratmaq çətin olmaz. Arxamca gəlin, müqəddəs zat. Bizim istəkli mərhum sizə xüsusi iltifat bəsləyirdi. (Çıxışa doğru yönələrək, müq. Antoniyə qapını göstərir.) Bax bura.

(Müq. Antoni sağ tərəfdəki qapını göstərir). Yox, o oradadır.

Abbat. Bağışlayın, müqəddəs zat, icazə verin sizinlə razılaşmayım. Mərasimə toplaşanlar çox olduğundan onun cəsədi qarşıdakı evə aparılıb. O ev də, bu ev kimi bizim sevimli mərhumumuza məxsusdur.

Müq. Antoni. (Sağ tərəfdəki qapını göstərir). O ordadır.

Abbat. (Daha mülayim səslə) Müqəddəs zat, bunun əksini görmək üçün buyurun, bircə dəqiqəliyə mənimlə bayıra çıxın – siz orada yanan şamları və matəm üzlükləri görəcəksiniz.

Müq. Antoni. (Əvvəlki kimi qətiyyətlə sağdakı qapını göstərir). Mən ora gedirəm.

Birinci qonaq. Onu aldatmaq mümkün deyil.

Qustav. Axı, bun ə vaxtacan davam eləyəcək!

Birinci qonaq. Qapını açın. Hamımız birlikdə onuç ölə atarıq!

Qustav. Yox, yox! Zorakılıq olmasın! O hirslənə bilər. Onunla zarafat eləməyin. Ayı kimi güclüdür. Ona toxunmayın! İosiflə mən zəif məxluqlar deyilik, amma onu yerindən tərpədə bilmədik. Təəccüb qalmalıdır! Elə bil yerə mıxlanıb.

Axill. Meyitin orda olduğunu ona kim deyib?

Qustav. Kim deycəkdi? Əlbəttə Virginiya! Hər şeyi açıb danışıb.

Virginiya. Kim, mən? Yox, ağa, məni məruz tutun. Mən öz işimlə məşğul idim. Yalnız «hə», «yox» deyə cavab verirdim. Düzdürmü, müqəddəs Antoni?

(Müq. Antoni susur)

Sizdən soruşulur, cavab verin.

Müq. Antoni. (Həmin itaətkarlıqla) O mənə heç nə deməyib.

Virginiya. Görürsünüzmü? O müqəddəsdir. O hər şeyi qabaqcadan bilirdi. O hər şeyi bilir, sizi əmin edirəm!

Axill. (Müqəddəsə yaxınlaşaraq, əlini dostyana onun çiyninə vurur). Nə isə, əzizim, yetər! İtil burdan! Cəhənnəm ol!

Qonaqlar. Gedəcək!... – Getməyəcək!...

Axill. Başıma bir fikir gəlib.

Qustav. Nə fikir?

Axill. Həkim hanı?

Birinci qonaq. Hələ də stol arxasındadır. Alabalıq yeyir.

Qustav. Onu buraya çağırın.

(Bir neçə qonaq həkimin ardınca yollanır.)

Sən haqlısan, bu dəlidir. Bu onun sahəsinə aid məsələdir.

Həkim (Ovurdları yeməklə doludur, boynundan salfet sallanır). Nə baş verib? Dəli? Xəstə? Sərxoş? ( Müqəddəsi görür). Adi dilənçidir. Burada mən heç nə eləyə bilmərəm. Sizə nə olub, dostum? Nə istəyirsiniz?

Müq. Antoni. Mənə mərhum Qortenziyanı diriltmək lazımdır.

Həkim. Aha, başa düşdüm! Belə görünür ki, siz həkim deyilsiniz. Xahiş edirəm, əlinizi mənə verin. (Onun nəbzini yoxlayır). Bir yeriniz ağrıyıb-eləmir ki?

Müq. Antoni. Yox.

Həkim. (Onun başına və alnına toxunur). Bəs burda? Mən basanda ağrımır?

Müq. Antoni. Yox.

Həkim. Əla. Başgicəllənməsindən əziyyət çəkmirsiniz?

Müq. Antoni. Yox.

Həkim. Ötən illəri xatırlayın. Ürəkkeçməniz-filan olmayıb? Bəs cavanlıq səhvlərilə bağlı nə deyə bilərsiniz? Nəyə işarə vurduğumu başa düşürsünüz? Qəbəlikdən əziyyət çəkmirsiniz? Bəs diliniz? Dilinizi göstərin. Əla. İndi isə nəfəs alın. Dərindən, daha dərindən. Çox gözəl. Dostum, axı sizə nə lazımdır?

Müq. Antoni. Mən o otağa keçmək istəyirəm.

Həkim. Nə üçün?

Müq. Antoni. Mərhum Qortenziyanı diriltmək üçün.

Həkim. O orada deyil.

Müq. Antoni. Ordadır. Mə nonu görürəm.

Qustav. Nə inadkar adamdır!

Axill. İynəylə onun dərisinin altına dərman yeritməyə nə deyirsiniz?

Həkim. Nə üçün?

Axill. Yuxuya vermək üçün. Sonra onu bayıra çıxarardıq.

Həkim. Yox, yox, heç vaxt! Bu çox təhlükəlidir.

Axill. Onunçün təhlükəlidir, bizə nə! Bütün dəlilərin, səfillərin, əyyaşların dərdini çəkmək bizə qalmayıb.

Həkim. Mənim fikrimi bilmək istəyirsiniz?

Qustav. Əlbəttə ki!

Həkim. Biz tamamilə ziyansız, ancaq ona qarşı gedilərsə, təhlükəli ola biləcək bir dəliyə rast gəlmişik. Xəstələrin bu tipii mənə yaxşı tanışdır. Birincisi, burada hamısı özümüzünkülərdir, ikincisi isə, mahiyyət etibarilə, onun istəyində bizim əziz mərhumun xatirəsini təhqir edəcək heç nə yoxdur. Buna görə də, hesab edirəm ki, qalmağaldan uzaq olmaq üçün biz xəstənin acizanə xahişini nəzərə alıb, onu bir dəqiqəliyə otağa buraxa bilərdik…

Qustav. Dünya dağılsa da olmaz! Harda görünüb ki, hər yoldan ötən həyatda heç vaxt görmədiyi mərhumu diriltmək bəhanəsilə nəcib bir evə soxulsun?

Həkim. Özünüz bilərsiniz. Öz işinizdir. Ya qaçılmaz qalmağal, rüsvayçılıq, ya da heç bir əhəmiyyəti olmayan kiçik bir güzəşt.

Axill. Həkim düz buyurur.

Həkim. Qorxulu bir şey yoxdur. Sizi əmin edirəm. Özü də biz onunla birgə olacağıq.

Qustav. Yaxşı, ancaq tez olun. Başlıcası isə, bu axmaq əhvalat barədə heç kəsə danışmayasınız!

Axill. Xalamızın daş-qaşları kaminin üstündədir.

Qustav. Bilirəm, bilirəm. Onlara özüm göz olacağam. Doğrusunu deyim ki, ondan heç gözüm su içmir. (Müq. Antoniyə) Yaxşı, buyurun otağa. Ancaq tez olun. Biz hələ səhər yeməyini yeyib qurtarmamışıq.

(Hamı sağ tərəfdəki otağa gedir. Müqəddəs Antoni onların arxasınca yollanır və birdən onun başının ətrafında parlaq halə yaranır).

Pərdə düşür.

İkinci əhvalat.

Böyük otaq. Arxa planda geniş çarpayıda, bər-bəzəkli talvarın altında mərhum Qortenziyanın cəsədi uzadılıb. İki yanan şam, şümşad budaqları və s. Sol tərəfdə qapı var. Sağda bağa açılan şüşə qapı. Birinci əhvalatın bütün iştirakçıları sol qapıdan içəri girirlər, onların ardınca müqəddəs Antoni gəlir.

Qustav (Ona çarpayını göstərir). Bizim əziz mərhu burada yatır. Gördüyünüz kimi o doğrudan da ölüb. Hə, razı qaldınızmı? İndi isə bizi rahat buraxın. Onsuz da sizin vizitiniz çox uzandı. Bu cənabı bağın içiylə ötürün getsin.

Müq. Antoni. İcazə verin. (Otağın ortasına gəlib, üzünü mərhuma tutur. Ucadan, sakit səslə.) Qalx!

Qustav. Yox, bu lap ağ oldu! Biz icazə verə bilmərik ki, bu naməlum adam qəlbimizdəki ən dəruni hissləri təhqir eləsin. Sizdən sonuncu dəfə xahiş edirəm…

Müq. Antoni. Bəsdir, sakit olun. (Çarpayıya yaxınlaşır; daha hökmlü səslə) Qalx!

Qustav. (Səbri tükənir). Yetər! Özünüzə yazığınız gəlsin! Xahiş edirəm! Bax, qapı ordadır.

Müq. Antoni. Dayanın. Ölüm öz işini görüb. (Daha da güclü və hökmlü səslə). Həyata dön və qalx!

(Hamının təəccübünə rəğmən ölü zəif hərəkətlər eləməyə başlayır, göz qapaqları aralanır, xaç şəklində çarpazlaşdırılmış qollarını yana açır, qalxıb yerinin içində oturur, ləçəyini qaydaya salır və fərəhsiz, narazı baxışlarla otağa göz gəzdirir). Sonra heç nə olmayıbmış kimi dırnağıyla gecə köynəyinin üzərindəki stearini təmizləyir. Ağır sükut çökür. Birdən Virginiya səssiz-səmirsiz dayanmış dəstədən ayrılaraq çarpayının yanına qaçır və dirilmiş qadını qucaqlayır.)

Virginiya. Xanım! Dirildi!...Baxın, stearini təmizləyir!...Gözlüyünü axtarır…Budur, burdadır, budur!.. Müqəddəs

Antoni! Müqəddəs Antoni! Möcüzə!.. Möcüzə!.. Diz çökün!.. Diz çökün!..

Qustav. Bəsdir!

Axill. Şübhə yoxdur, o dirilib.

Qonaq. İstənilən halda bu mümkün deyil. O ona neylədi?

Qustav. Buna əhəmiyyət vermək lazım deyil. Bir dəqiqə sonra o yenidən tir-tap uzanacaq.

Axill. Əmin olun ki, yox. Fikir verin, görün o bizə necə baxır.

Qustav. Yenə də inanmıram. Biz hansı dünyada yaşayırıq. Məgər artıq təbiət qanunları işləmir? Nə deyirsiniz, doktor?

Həkim. Nə deyim?.. (Qətiyyətsiz) Nə deyim?... Mən nə deməliyəm ki? Bu mənim işim deyil… Mənim sahəm deyil. Bu ağlasığmazdır, eyni zamanda çox sadə məsələdir. Əgər o diridirsə, deməli ölməyibmiş. Burada təəccüb qalmalı bir iş yoxdur, möcüzə-filan barədə də hay-küy salmaq lazım deyil.

Qustav. Axı özünüz dediniz ki…

Həkim. «Dediniz», «dediniz»… Nəzərinizə çatdırım ki, mən heç nəyi qəti olaraq təsdiqləməmişəm, heç ölüm faktını da qeydə almamışam. Hətta məndə bəzi şübhələr də yaranmışdı, ancaq sizdə yalançı ümidlər yaratmamaq üçün bu şübhələri sizinlə bölüşmədim… Bir də ki, bütün bunlar heç nəyi sübuta yetirmir və məncə onun çox yaşayacağına ümid eləməyə dəyməz…

Axill. Amma axı kim bu həqiqəti dana bilər…

Virginiya. Hə, hə, artıq buna inanmamaq mümkün deyil. Burada heç bir şübhə ola bilməz. Deyirdim axı, o müqəddəsdir, böyük müqəddəsdir. Görün, o necə canlıdır. Təzə-tərdir, qızılgül kimi.

Qustav (Çarpayıya yaxınlaşıb diriləni öpür). Xala, əziz xala, bu sənsənmi?

Axill (O da çarpayıya yaxınlaşır). Məni necə, tanıdınmı, xalacan? Mən – Axilləm, sənin bacıoğlun Axill.

Qoca arvad. Bəs məni, xalacan? Mən sənin qardaşın qızı Leontinayam.

Gənc qız. Bəs məni, xalacan? Mən sənin balaca Valentinananam, sən bütün gümüşlərini mənə bağışlamısan.

Qustav. Bir baxın, gülümsünür.

Axill. Yox, elə bil nədənsə narazıdır.

Qustav. Hamımızı tanıyıb.

Axill. (Xalanın ağzını açıb nəsə demək istədiyini görərək). Sakit!.. O danışmaq istəyir.

Virginiya. İlahi!.. O, Tanrını görüb… O bizə cənnət zövqü-səfası barədə danışacaq… Diz çökün!.. Diz çökün!..

Axill. Qulaq asın, qulaq asın!

Qortenziya (Hirsli-hirsli və ikrahla Muq. Antoniyə baxır; acıqlı, kəskin səslə). Bu nə tipdir belə? Bu dilənçini mənim otağıma kim buraxıb? Gör xalçaları nə günə qoyub… İtil, rədd ol! Virginiya, sənə nə deyilmişdi? Dilənçiləri…

Müq. Antoni. (Əlini amiranə bir tərzdə irəli uzadır). Sus!

(Qortenziyanın sözü ağzında qalır və heç bir söz söyləməyə iqtidarı olmur, beləcə ağzıaçıq oturur).

Qustav (Müq. Antoniyə). Onun günahından keçin! O sizə nə qədər borclu olduğunu bilmir. Biz isə bilirik! Burada əlavə sözə ehtiyac yoxdur. Sizin elədiyinizi hər kəs eləyə bilməz. Bəlkə də bu təsadüfdür aə ya buna bənzər bir şey… Bilmirəm, bilmirəm… Hər halda, sizin əlinizi sıxa bildiyimə görə xoşbəxtəm və bundan qürur duyuram…

Müq. Antoni. Mən getməliyəm. İşim-gücüm var.

Qustav. Yox, yox, lənət şeytana! Belə olmaz. Sizi boş əllə yola sala bilmərik. Bilmirəm xalam sizə nə verəcək, - bu onun işidir, ancaq mən xalam oğluyla danışıb, hətta bu sırf təsadüf və ya hər hansı başqa bir şey olmuş olsa belə, çək-çevirə salmadan sizə istədiyiniz şeyi verərik. Düzdürmü, Axill?

Axill. Əlbəttə. Siz məyus olmazsınız, əksinə…

Qustav. Biz elə də zəngin adamlar deyilik, uşaqlarımız var, mirasla bağlı ümidlərimiz puç oldu, ancaq xidmətinizə görə sizin borcunuzdan çıxmalıyıq – ailə şərəfi bunu diqtə edir. Qoy sonra deməsinlər ki, naməlum, yad adam – fərqi yoxdur, varlı və ya kasıb – bunlara kömək elədi və əvəzində heç nə vermədilər. Təbii, bu bizim imkanlarımız daxilində olmalıdır, imkanlarımız isə, dediyim kimi, məhduddur. Ancaq imkan daxilində siz razı salınacaqsınız. O.., bilirəm, elə şeylər var ki, onların əvəzini ödəmək mümkün deyil! Bu barədə danışmaq artıqdır… Bilirəm, bilirəm, sözümü kəsməyin… Amma hər halda nəsə vermək lazımdır… Bir məbləğ deyin… Sizcə biz sizə nə qədər borcluyuq? Yəqin bizdən qızıl küməsi istəməzsiniz… Onsuz da yoxumuzdur… Ancaq istənilən ağlabatan tələbiniz yerinə yetiriləcək.

Axill. Kuzenim haqlıdır. Hələ ki, sövdələşməmişik, buraya imza atmağınızı təklif edirəm. Bu, boynunuza heç bir məsuliyyət qoymur, amma sizin ən vacib ehtiyaclarınızın təmin olunmasına imkan yaradır.

Müq. Antoni. Mən artıq getməliyəm. İşlərim var.

Qustav. «İşlər», «işlər»… Sizin nə işiniz ola bilər axı?! Yox, belə olmaz… Bu ədəbsizlik kimi çıxır! İnsanlar bizim əziz ölümüzü həyata qaytardığınızı və buradan əliboş getdiyinizi bilsələr, bizə nə deyərlər? Əgər pul istəmirsinizsə – mən sizin vasvasılığınızı başa düşürəm və qiymətləndirirəm – onda, bəlkə, bizim xətrimizə nəsə bir hədiyyə götürəsiniz?.. Elə bir şey deyil, narahat olmayın!.. Bu, portsiqar, qalstuk sancağı və ya penkadan düzəldilmiş tənbəki çubuğu da ola bilər… Biz onun üstündə oyma yazıyla sizin adınızı, adresinizi, doğum gününüzü də qeyd edərdik…

Müq. Antoni. Təşəkkür edirəm… Ancaq götürə bilmərəm…

Qustav. Qəti imtina edirsiniz?

Müq. Antoni. Qəti.

Axill (portsiqarını çıxarır). Heç olmasa, lütfkarlıq göstərin – gəlin, bir siqar çəkək! Ümid edirəm ki, bundan imtina etməzsiniz…

Müq. Antoni. Təşəkkür edirəm. Mən çəkmirəm.

Qustav. İşə düşdük də!.. Bir sözlə, sizə nə lazımdır? Sizin hər hansı bir arzu-istəyiniz varmı? Utanıb-çəkinmədən deyin… Siz bizə səadət bəxş etdiniz, burada hamı sizin qulluğunuzda durmağa hazırdır… Hamı sizin qulluğunuzdadır… Başqa nə deyə bilərəm?.. Amma ağlabatan bir şey olsun… Ancaq elə-belə çıxıb getmək – bizi təhqir etmək demək olardı.

Axill. Dayan! Ağlıma bir fikir gəldi, özü də, deyəsən, pis fikir deyil… madam ki, o heç nə götürmək istəmir, - mən də sənin kimi bu tədbirliliyi başa düşür və təqdir edirəm, çünki həyatı bazar qiymətləri ilə dəyərləndirmək olmaz, - beləliklə, bu təmənnasızlıq onu bizim səviyyəmizə qaldırır; elə isə, niyə də onu şərəfləndirməyək və onu onun ucbatından yarımçıq qalmış səhər yeməyinə dəvət etməyək?.. Bu təkliflə hamı razıdır?

Razılıq sədaları eşidilir.

Qustav. Hə, yaxşısı budur. Beləcə, hər şeyi yoluna qoyarıq. Əla fikirləşmisən. (Müq. Antoniyə) Narazılığınız yoxdur ki? Biz sıxlaşıb, sizə yer eləyərik. Eşidirsiniz? Fəxri yer! Əlbəttə, təəssüf ki, qarabağır artıq soyuyub, amma acsınızsa, elə belə də yeyərsiniz. Gedək, gedək! Əlavə söz-söhbətə ehtiyac yoxdur! Gördüyünüz kimi biz səmimi və qürurlu adamlarıq.

Müq. Antoni. Yox, məni məzur tutun… Bağışlayın… Çox təəssüf edirəm, amma mümkün deyil… Məni gözləyirlər.

Qustav. Siz bizimlə səhər yeməyi də yeməyəcəksiniz? Sizi kim gözləyir axı?

Müq. Antoni. Bir mərhum da var…

Qustav. Mərhum! Daha bir mərhum! Sizin mərhum qaçmır. Düşünürəm ki, bizimlə daha maraqlı vaxt keçirəcəksiniz. Hər halda ölüləri bizdən üstün tutmursunuz…

Axill. Dayanın, işin məğzini anladım. Bəlkə, siz mətbəxdə yemək istəyirsiniz? Ora daha rahatdır, elə deyilmi?

Qustav. Kofeni də bizimlə içər.

Axill. Ha-ha!.. İmtina etmir… Belə ona daha xoşdur… Başa düşürəm… Virginiya, sən artıq xanıma lazım deyilsən. Bu cənabı öz şahlığına apar və ona əməllicə qonaqlıq ver. Qoy bütün yeməklərdən dadsın… Ha-ha! Əminəm ki, Virginiya ilə birgə darıxmayacaqsınız. (Müqəddəsə yaxınlaşaraq, himayətkarcasına onun qarnını əlləşdirir.) Hə, düz başa düşmüşəm, qoca pozgun? Qoca kələkbaz, ha-ha, qoca cüvəllağı, ay səni!..

Virginiya (həyəcanla). Ağa…

Qustav. Nə olub?

Virginiya. Səbəbini bilmirəm, amma xanım daha danışa bilmir…

Qustav. Necə yəni danışa bilmir?..

Virginiya. Özünüz baxın, ağa. O, ağzını açır, dodaqlarını tərpədir, əllərini yellədir, amma səs çıxara bilmir.

Qustav. Xalacan, sənə nə oldu? Nəsə demək istəyirsən?

Qortenziya başını tərpədir.

Amma deyə bilmirsən, eləmi? Cəhd elə, səy göstər! Sən yorulmusan. Bir azdan keçib gedər.

Qortenziya əl hərəkətlərilə danışa bilmədiyinə işarə edir.

Nə olu sənə? Nəsə istəyirsən? (Müq. Antoniyə.). bun ə deməkdir?

Müq. Antoni. O daha danışa bilməyəcək.

Qustav. Danışa bilməyəcək? Axı o bayaq danışırdı. Özünüz eşitdiniz. Hətta sizi söydü də.

Müq. Antoni. Bu mənim xətam idi. Artıq onun dili həmişəlik tutuldu.

Qustav. Siz onun nitqini qaytara bilməzsiniz?

Müq. Antoni. Yox.

Qustav. Bəs onun səsi nə vaxt qayıdacaq?

Müq. Antoni. Heç vaxt.

Qustav. Necə yəni? O ömrü boyu lal qalacaq?

Müq. Antoni. Hə.

Qustav. Niyə axı?

Müq. Antoni. O bəzi sirlərdən agah olub, onları heç kəsə deyə bilməməsi üçün.

Qustav. Sirlər? Hansı sirlər?

Müq. Antoni. Ölülər dünyasının sirləri.

Qustav. Ölülər dünyasının? Bu nə deməkdir? Siz bizi nə hesab edirsiniz? Yox, lənət şeytana, bu lap ağ oldu. O danışırdı – hamımız bunu eşitdik, biz şahidik. Siz onun səsini aldınız, mən sizin nə niyyət güddüyünüzü anlamağa başlayıram. Dərhal onun səsini qaytarın, yoxsa…

Axill. Əgər onu bu vəziyyətdə saxlayacaqdınızsa, həyata qaytarmağın nə mənası vardı?

Qustav. Əgər siz onu sizin israrlı və mənasız müdaxilənizdən əvvəl olduğu kimi qaytara bilməyəcəkdinizsə, daha niyə dirildirdiniz?

Axill. Bu, alçaqlıqdır.

Qustav. Bu bizim etibarımızdan sui-istifadə etməkdir.

Axill. Bəli, bəli. Etibarımızdan sui-istifadə etməkdir. Bu adamda hiddət doğurur!

Qustav. Belə çıxır ki, siz bizi şantaj edirsiniz?

Axill. Axmaq tapmısınız?

Qustav. Sizi bura kim çağırıb? Nə qədər ağır olsa da,deməliyəm ki, onu ölü görmək bu vəziyyətdə görməkdən yaxşıdır. Kim sizə icazə verib ki, guya möcüzə yaratmaq üçün dinc adamların evinə soxulub, onlara dəod-bəla gətirəsiniz? Biz bunu belə qomayacağıq.

Həkim. Yaxşı, sakit olun! Şübhəsiz, bu adam yaxşı hərəkət etməyib, onun ağlı çatmır (Müqəddəsə yaxınlaşır.) Dostum, gözlərinizi göstərin görüm. Elədir ki var, belə də bilirdim. Siz ölünü diriltdiyinə görə ona təntənəli surətdə razılıq edərkən, mən müdaxilə etmək istəmədim. Əslində bu mənim işim deyil, ancaq mən işin nə yerdə olduğunu əvvəlcədən bilirdim, indi isə özünüz də görürsünüz ki, mən haqlıymışam: xanım ölməyibmiş. Burada qeyri-adi və sirli heç nə yoxdur. Sadəcə olaraq bu adam qeyri-adi enerjiyə malikdir və ondan sui-istifadə edir. Görünür hansısa niyyəti var. İstənilən halda bu yolverilməzdir. O, sadəcə olaraq, vaxtında gəlib-çıxdı, əgər o gəlməsəydi, yəqin ki, bizim hər birimiz belə bir «möcüzə» yarada bilərdik. Mən «möcüzə» deyirəm, çünki hər halda burada möcüzəvi element yox deyil.

Qustav. İndi biz neyləyək?

Həkim. Madam ki o, cəmiyyət üçün təhlükəlidir, onu təcrid etmək, gözdən uzaqlaşdırmaq lazımdır.

Qustav. Düz deyirsiniz! Ümumiyyətlə, bu məsələni qurtarmaq lazımdır, boğaza yığıldıq artıq! İosif!

İosif. Buyurun.

Qustav. Qaç polis şöbəsindən iki polis çağır. Qoy özlərlə qandal da götürsünlər. Söhbət, gördüyümüz kimi, cəmiyyət üçün təhlükəli, hər cürə pislik etməyə qadir olan subyektdən gedir.

İosif. Gedirəm ağa (qaçaraq gedir).

Müq. Antoni. İcazə verin, mən gedim.

Qustav. Özünü axmaq yerinə qoymayın, qoca. Bir az səbr edin, buradan gedəcəksiniz. Sizi gözəl, nəcib adamlar müşayət edəcək. Bir az gözləyin.

Axill. Hə, dostum, orada darıxmayacaqsınız. Öz fokuslarınızı və istedadınızı sizin üçün daha xoş və daha uyğun yerdə – polis şöbəsində nümayiş etdirmək imkanınız olacaq. Siz tütünlə təmizlənmə haqqında eşitmisiniz?

Müq. Antoni. Tənbəki ilə? Təşəkkür edirəm, mən tütün çəkmirəm.

Axill. Orda sizi öyrədərlər. Sizə bir məsləhətim də var. Fəxri qarovul sizi aparmağa gələndə, onlarla Misir fironları haqqında danışın. Onlar belə şeylərlə çox maraqlanırlar, siz onaları məmnun edəcəksiniz. Hə, budur onlar.

İosif, serjant və polis nəfəri gəlirlər.

Serjant (Müq. Antonini göstərir). Bunu həbs etmək lazımdır?

Qustav. Onu, onu.

Serjant (əlini Müq. Antoninin çiyninə qoyur). Pasportunuzu verin!

Müq. Antoni. Pasport nədir?

Serjant. Paportun yoxdur? Elə də bilirdim. Adınız, vəzifəniz!

Müq. Antoni. Müqəddəs Antoni.

Serjant. Necə yəni «müqəddəs»? Mənə it ayaması söyləməyin. Soyadınız nədir?

Müq. Antoni. Mənim soyadım yoxdur.

Serjant. Heç nəyi gizlətməyin. Xalatı hardan oğürlamısınız?

Müq. Antoni. Mən heç nə oğurlamamışam. Bu özümünküdür.

Serjant. Belə çıxır ki, mən yalan danışıram? Elədir? Çəkinməyin, təkrar edin.

Müq. Antoni. Bilmirəm… məncə… Deyəsən, siz səhv edirsiniz.

Serjant. Sizin dikbaşlığınızı yadda saxlayarıq. Haralısınız?

Müq. Antoni. Paduyalı.

Serjant. Paduya? Bu haradır? Hansı departamentdə yerləşir?

Qustav. Bu, italiyadadır.

Serjant. Bilirəm, istəyirəm ki, onun özü desin. Deməli, siz italyansınız? Aha… elə də bilirdim. Buraya haradan gəlmisiniz?

Müq. Antoni. Cənnətdən.

Serjant. Hansı cənnətdən? Bu nə cəfəng söhbətdir? Daimi yaşayış yeriniz haradır?

Müq. Antoni. Mömin insanların ruhunun getdiyi yer.

Serjant. Belə, belə, aydındır. Hiylə işlədirsən. Məni axmaq yerinə qoyursan. Əvvəlcə dikbaşlıq edirsən, sonra da hiylə işlədirsən. Aydın məsələdir. Gəlin, söhbəti uzatmayaq. Hə, bu neyləyib? Nəsə oğurlayıb?

Qustav. Onun nəsə oğurlayıb-oğurlamadığı barədə heç nə deyə bilmərəm. Bunu yoxlamağa vaxtım olmayıb, mən isə əsassız ittihamların düşməniyəm. Ədalət hər şeydən üstündür. Ancaq onun gördüyü iş oğurluqdan da betərdir.

Serjant. Elə də bilirdim.

Qustav. Bizim başımıza gələn bədbəxtlikdən hamınız xəbərdarsınız. Biz əziz mərhumumzun yas məclisində oturarkən, bu subyekt hansısa bəhanəylə bizim evə soxulub. Onun niyyətini anlamaq çətin deyil. O bizim sadəlövh xadimənin etibarından istifadə edərək, mərhumun olduğu otağa girməyə müvəffəq olub. Yəqin ki, evdəki nizamsızlıqdan və yasdan istifadə edərək, bulanıq suda balıq, özü də böyük bir balıq tutmaq istəyib. Ola bilsin, kimdənsə öyrənib ki, mərhumun bütün daş-qaşı kaminin üstündədir. Onun bəxti gətirməyib – xalamız, sən demə, ölməyibmiş. O, bu şübhəli şəxsi görən kimi yerindən dik atılaraq, onu otaqdan qovmağa başlayıb. Uğursuzluğa düçar olan bu adam hirsindən – bilmirəm necə, hansı yolla, bunu həkim daha yaxşı bilər – xanımıın nitqini əlindən aldı və bütün xahiş-minnətlərə baxmayaraq, geri qaytarmır. Yəqin ki, şantaj etmək istəyir. Qalan şeylər barədə həkimdən soruşun.

Həkim. Mən lazımi izahatı cənab pristavın iştirakı ilə verəcəyəm. Lazım gəlsə, yazılı hesabat da təqdim edə bilərəm.

Axill. Burada heç bir səhv ola bilməz. O ya cinayətkardır, ya da dəli. Bəlkə də, həm dəli, həm də cinayətkardır. İstənilən halda, o cəmiyyət üçün təhlükəli subyektdir, onu həbsxanaya atmaq lazımdır.

Serjant. Aydındır, biz onu zərərsizləşdirərik. Rayuto!

Polis nəfəri. Eşidirəm.

Serjant. Qandalı bura ver.

Qustav. Cənablar, sizi narahat etdik. Xahiş edirəm, yola çıxmazdan əvvəl adama bir stəkan şərab içəsiniz!

Serjant. Olar. Rabyuto, imtina etmək yaxşı olmazdı. Onsuz da məhbusumuz çox darıxdırıcı adamdır.

Qustav. İosif! butulkanı və stəkanları gətir!

İosif gedir.

Xalamızın sağalmasının şərəfinə!

Serjant. Belə havada bir sətəkan şərab içmək pis olmazdı.

Qustav. Hələ də yağış yağır?

Serjant. Əsil leysandır. Mən yolu keçənə kimi plaşım tamamilə islandı.

Polis nəfəri. Gah yağış yağır, gah qar – havanı başa düşmək olmur.

İosif əlində sini gəlir və hamıya şərab paylayır.

Serjant. Sizin sağlığınıza, dürüst insanlar!

Qustav (qədəhini toqquşdurur). Sizin sağlığınıza, cənab serjant!

Hamı polislərlə qədəh toqquşdurur.

Bir qədəh daha!

Serjant. İmtina etmərəm. (dilini nırçıldadır) əla şərabdır!

Müq. Antoni. Mən içmək istəmirəm. Mənə bir stəkan su verin.

Serjant (ikrahla). «Bir stəkan su»! siz küçədə baş verənləri görmürsünüz? Orada ürəyiniz istəyən qədər su var. Bayıra çıxanda görəcəksiniz. Su özü ağzınıza dolacaq… Yaxşı, bəsdir vaxt itirdik! Rabyuto, qandalı ver! Sizsə, qolunuzu uzadın.

Müq. Antoni. Buna ehtiyac yoxdur.

Serjant. Necə? Müqavimət göstərirsiniz? Bir bu çatmırdı! Hamınız bir bezin qırağısınız.

Qapının zəngi səslənir.

Qustav. Zəng vurulur!

İosif qapını açmağı gedir.

Saat neçədir? Bəlkə ölünü aparmağa gəliblər?

Axill. Yox. Hələ saat üçdür.

Pristav daxil olur.

Pristav. Hörmətli cənablar, əziz xanımlar, sizi salamlayıram! Mən hər şeydən xəbərdaram. (Müq. Antoni tərəfə baxır) Belə də bilirdim. Bu ki Müqəddəs Antonidir, mübarək Padualı Antoni.

Qustav. Siz onu tanıyırsınız?

Pristav. Onu necə tanımaya bilərəm? O artıq üçüncü dəfədir ki, xəstəxanadan qaçır. Başa düşürsünüz, o… (barmağını gicgahına toxundurur). Hər dəfə xəstəxanadan qaçanda eyni hoqqalardan çıxır: xəstələri sağaldır, qozbellərin belini düzəldir, - həkimlərin çörəyinə bais olur. Bir sözlə, çoxlu qanunazidd hərəkətlər eləyir. ( Müqəddəsə yaxınlaşıb, onu başdan0ayağa sızır). Hə, bu odur… Ya da, hər halda… O elə bil bir az dəyişilib… O olmasa da, onun qardaşıdır… Bu məsələdə nəsə mənə şübhəli görünür… Gəlin, bu məsələni araşdıraq… şöbədə… İndi isə, marş! Vaxtımız yoxdur… Getdik, uşaqlar! Şöbəyə, şöbəyə, şöbəyə!

Qustav. Onu bağın içərisiylə aparın. Diqqət çəkmək lazım deyil.

Bağın qapısı taybatay açılır. İçəriyə qar, yağış və külək dolur.

Axill. Nə pis havadır! Qar, yağış…

Polislər müq. Antonini qapıya sarı çəkirlər.

Virginiya (müq. Antoniyə tərəf qaçır). Ağa, bir baxın! Bu yazıq ayaqyalındır!

Qustav. Neyləyək? Ona kareta alası deyilik ki….

Virginiya. Mən öz başmaqlarımı ona verərəm. Alın, müqəddəs Antoni, - mənim başqa başmaqlarım da var.

Müq. Antoni (başmaqları geyinir). Təşəkkür edirəm. (onun başının üstündə halə əmələ gəlir.)

Virginiya. Başanıza nəsə qoyun, soyuqlaya bilərsiniz.

Müq. Antoni. Mənim heç nəyim yoxdur.

Virginiya. Mənim örpəyimi götürün. İndi çətir də gətirərəm. (qaçaraq gedir).

Axill. Qoca sərsəm!

Qustav. İçəriyə soyuq dolur… Gedin şöbəyə, hər şey aydındır.

Virginiya (əlindəki böyük çətiri müq. Antoniyə uzadır). Mənim çətirimi götürün.

Müq. Antoni (əllərini göstərir). Onlar əllərimi qandallayıblar.

Virginiya. Mən tutaram. (kandarda çətiri açaraq müqəddəsin başı üzərində tutur).

Antonini iki polis aparır. Pristav onların arxasınca gedir. Çətirin altından Antoninin başı üzərindəki halə görünür. Bağda onlar çovğuna düşərək, gözdən itirlər.

Qustav (qapını bağlayır). Nəhayət ki!

Axill. Uf! İşə düşmüşdük ha! Fırıldaqçıya bir bax!

Qustav (çarpayıyı yaxınlaşır). Özünüzü necə hiss edirsiniz, xalacan?

Axill. Ona nə oldu? O, huşunu itirdi, o yıxılır…

Qustav. (çarpayının üzərinə əyilir). Xalacan!.. Xalacan!.. Sizə nə oldu?

Həkim. O bu dəfə öldü. Sizə demişdim!..

Qustav. Ola bilməz!

Axill. Həkim, onu xilas etmək mümkün deyil?

Həkim. Təəssüf ki, yox.

Sükut. Hamı çarpayının ətrafına toplaşıb.

Qustav. (hamıdan tez özünə gəlir). qəriöə gün keçirdik!

Axill. Bayırda çovğundur…

Qustav. Sözün düzü, yazıq qocayla çox pis davrandıq. Əslində o bizə heç nə eləməmişdi.

Pərdə

Tərcüm: Etimad Başkeçid

# 3675 dəfə oxunub

Müəllifin son yazıları

# # #