Məşhur rəssam erməni deyilmiş

Məşhur rəssam erməni deyilmiş
22 yanvar 2014
# 14:38

Kulis.Az Natiq Səfərovun 1980-ci ildə “Azərbaycan” jurnalında çap olunmuş “Bir sözün iziylə: “Eyvaz və Ayvaz”” məqaləsini təqdim edir.

Faktlar, yozmalar

“Eyvaz” sözü həm ümumi, həm də xüsusi isim kimi işlədilir. Bu sözün ətrafında araşdırma apararkən bir sıra maraqlı məlumatlar üzə çıxır. Qeyd edək ki, bu ad Azərbaycanda Eyvaz, Anadoluda Ayvaz, Orta Asiyada Avaz, Ayaz, Əvəz, Auez və s. şəkillərdə tələffüz edilir.

Türk dilinə aid sözlüklərdə “ayvaz” və ya “ayyaz” eyni mənada götürülür. Tədqiqatçılar belə ehtimal edirlər ki, “eyvaz” sözü ərəb dilindəki ivaz-əvəz sözündəndir. Burada müəyyən bir həqiqət varsa da, bu fikrin tam dəqiqliyinə inanmaq düzgün olmazdı, çünki mənbələrdə bu sözün başqa məna çalarlarına da rast gəlmək mümkündür.

XVII – XIX əsrlərdə Türkiyədə gəmilərdə çalışan hərbi cərrahın köməkçisinə də “ayvaz” deyirdilər. Bundan əlavə, müxtəlif varlıların, əyanlığın, hərbi feodalların ev işlərində çalışanlara, sarayda müxtəlif məişət işlərinə başçılıq edənlərə, xanımların hamam boğçalarını daşıyanlara, idarələrdə yazı işlərini aparanlara, katiblərə, yardımçılara da “ayvaz” deyirdilər.

Türkiyədə xalq arasında belə bir atalar sözü var: “Ayvaz kassap, hep bir hesab” – yəni, eyvaz, dedin, qəssab dedin, - (ikisi də eyni şeydir).

Çox maraqlıdır ki, “Koroğlu” dastanında da Eyvaz təkə-türkmən tayfasından bir qəssabın oğludur. Şifahi xalq ədəbiyyatından gələn bu xətlərin də, görünür, çox qədim kökləri vardır.

Maraqlıdır ki, dünyada geniş tanınmış rəssam İvan Konstantinoviç Ayvazovskinin (1817-1900) familiyası da bu sözlə bağlıdır. Məlum olduğu kimi, 60 illik çox zəngin bir yaradıcılıq yolu keçmiş bu böyük rəssamın milli mənşəyi, - həyatının son illərindən bəri, bir çox elmi mübahisələrə səbəb olmuş və ən müxtəlif fikir və yozmaların mənbəyinə çevrilmişdir. Əlbəttə, bu, tamamilə ayrı bir söhbətin mövzusudur, lakin Ayvazovskinin mənşəyi məsələsi bu və ya digər tərəfdən “eyvaz” sözünün kökü etimologiyası ilə bağlı olduğundan, rəssamın həyat və yaradıcılığından bəhs edən ilkin mənbələrdən birinə müraciət etməyi lazım bilirik. Bu, görkəmli alim F. İ. Bulqakovun 1901-ci ildə, yəni İ. K. Ayvazovskinin “İ. K. Ayvazovskiy i eqo proizvedeniya” əsəridir. F. İ. Bulqakov yazır:

“İvan Konstantinoviç Ayvazovski 1817-ci il, iyulun 17-də, Krımın cənub sahillərində yerləşən Feodosiya şəhərində anadan olmuşdur. Ayvazovskinin əcdadları Türkiyə dövlətinin təbəələri olub, islam dininə mənsub idilər. Rəssamın atası, ona danışırmış ki, onun babası, Azavun alınması zamanı (1696-cı il, iyulun 18-i) az qala həlak olacaqmış, lakin əsgərlərdən biri onu ölümdən xilas etmişdir. Bu əhvalatı qraf xanımı Antonina Dmitriyevna Bludova da təsdiq etmiş və bildirmişdir ki, Ayvazovskilər ailəsinin bu epizodunu o, köhnə bir kitabdan oxumuşdur. Ayvazovskinin türk mənşəyindən bəhs edən qrafinya göstərmişdir ki, Şərq dünyası Rusiyaya iki şair – Jukovski ilə Puşkini və bir rəssam – Ayvazovskini bəxş etmişdir... Deməli, bizim hamımızın, indiyəcən milli mənşəcə nədənsə, erməni bildiyimiz Ayvazovskinin damarlarından əslində türk qanı axırmış. Bu barədə ən maraqlı məlumatı İ. K. Ayvazovskinin özü vermişdir: “Mən 1817-ci ildə Feodosiyada doğulmuşam, lakin mənim ən yaxın əcdadlarımın, o cümlədən atamın əsl vətəni heç də Rusiya deyildir. O vaxtlar kimin ağlına gələ bilərdi ki, müharibə kimi qanlı-qırğınlı bir hadisə mənim gələcək həyatımı hifz edəcək və mənim məhz Rusiyada bu qədər sevdiyim Qara dənizin sahillərində doğulmağıma bais olacaqdır. Bu hadisə belə olmuşdur: 1770-ci ildə Rumyantsevin başçılıq etdiyi rus ordusu Benderi qalasını mühasirə edir. Qala tezliklə alınır və yerli əhalinin inadkar müqavimətindən, silah yoldaşlarının ölümündən qəzəblənmiş əsgərlər şəhərə səpələnərək, əhalidən intiqam almağa başlayır. Bu qırğının qurbanları arasında Bender paşasının katibi də olur. O özü ölümcül yaralanır, ancaq qucağındakı körpəni bərk-bərk bağrına basaraq, barı onunsa da ölümdən xilas olmasına çalışır. Əsgər süngüsü uşağın başının üstünü təzəcə aldığı vaxt belə bir gözlənilməz əhvalat baş verir. Bir erməni özünü qabağa verib qışqırır! “Dayan! Bu, mənim oğlumdur. O, xaçpərəstdir!” Bu nəcib yalan körpənin həyatını xilas edir. O həmin körpə - mənim gələcək atam idi”.

Nəcib erməninin xeyirxahlığı bununla qurtarmır. O, ata-anadan yetim qalmış müsəlman uşağının ikinci atası olur, ona Konstantin adını və türk dilində “katib” mənasında işlədilən “qayvaz” sözünə görə Qayvazovski familiyasını verir.

Bir müddət öz xilaskarı ilə Qalitsiyada yaşadıqdan sonra, K. Ayvazovski (rəssamın atası – red) Feodosiyaya köçür, orada bir gözəl erməni qızı ilə evlənərək ticarətlə məşğul olmağa başlayır...” (F. İ Bulqakov)

Bu yazılanlara yalnız onu əlavə edə bilərik ki, Krım və Volqaboyu tatarları “Alı”ya – “Qalı”, “İbadulla”ya – “Qibadulla”, “Ayvaz”a – “Qayvaz” deyirlər. Elə bu səbəbdən də görünür, Ayvazovskiyə eyni zamanda Qayvazovski də deyilmiş və bu söz rusdilli ədəbiyyatda hər iki şəkildə yazılmışdır.

# 2609 dəfə oxunub

Müəllifin son yazıları

# # #