Qadın ərinin düşmənini necə razı saldı?

Qadın ərinin düşmənini necə razı saldı?
2 sentyabr 2013
# 13:03

Ziqfrid Lents-alman yazıçı, dramaturqu. 1926-clı ildə anadan olub. 12 roman və bir çox hekayə müəllifidir. Kulis.Az Vialyət Hacıyevin tərcüməsində Ziqfrid Lentsin “Öz yerini bil” hekayəsini təqdim edir

- Həmişə də işin düz gətirməyəndə, o dəqiqə yadına bu qoca Qodepil düşür, - deyə Rut Aysler əsəbiləşdi. - Elə bilirsən, sənə pislik etməkdən başqa işi-gücü yoxdur.

- Başqa işi yoxdur, - Aysler dilləndi, - daha doğrusu, bundan başqa əlindən heç nə gəlmir.

Qadın əri ilə üzbəüz oturmuşdu və onun necə yediyinə tamaşa edirdi. Özü gənc, sarışın idi, nazik, zolaqlı paltar geymişdi, stolun üstündə qatladığı koppuş əllərinin dərisi məsamələrlə, batıqlarla dolu idi. Ərinin marmeladı necə tələsə-tələsə çörəyin üstünə yaxdığını, deyinə-deyinə plastik qaşıqla yumurtanın qabığını necə sıyırdığını görür və köksünü ötürə-ötürə stolun üstünə dağılmış çörək qırıntılarına, yumurta qabığının xırda çiliklərinə elə baxırdı ki, deyərdin o yeyib qurtarandan sonra buraları yığışdırmağa nə qədər güc sərf edəcəyini hesablayır.

- Daha bəsdir! – Kişi dilləndi. – Axırımıza çıxdı! Sənədlərimi firmadan alandan sonra heç nə eləyə bilməyəcək. Sonuncu pisliyi məni işdən çıxartdırmaq oldu...

O danışa-danışa fincanın içində ləpələndikcə işıldayan qəhvəyə baxırdı. Əynində şax yaxalıqlı ağ köynək, bədəninə kip oturan yun pencək vardı, üzü də tər-təmiz qırxılmışdı.

- Bilmirəm indi nə fikirləşir, - o, sözünə davam etdi, - ancaq bu vaxta qədər başımıza gələnlərə görə ona “minnətdar olmalıyıq”. Axırımıza çıxdı...

Qonşu mənzildən döşəmə qaşıyan maşının səsi eşidildi. Elə uğuldayır, elə şaqqıldayırdı ki, deyərdin nəhəng bir həşərat tora düşüb, özünü ora-bura çırpır və kişi fincanı geri itələyəndə, qadın paltarının yaxasını büzmələdi, sanki üşüməyə başladı.

- Sən onun sir-sifətini görməyibsən, - Aysler təzədən sözə başladı, - Qodepilin necə adam olduğunu da bilmirsən. Ah, kaş onda orda olaydın, onun sifətini özün görəydin: mehriban, atalıq qayğısı yağan əsl tacir sifəti idi, sahibi olduğu sığorta idarəsinin bütün ciddiliyi sanki oraya hopub qalmışdı. Bəlkə də müdrik bir alim sifətinə oxşayırdı. Demək olar ki, bütün hanza tacirlərinin hamısı üzdən alimə oxşayır. Ən azı yubileyləri zamanı qəzetlərdə üzünə baxan deyərdi ki, onun şirkətində sığorta olunanlar bütün bədbəxt hadisələrin hamısının əvəzini müqavilədə yazıldığı kimi ala biləcək... – O, sözünə ara verib sualedici nəzərlərlə arvadına baxdı.

- Qurtar, Aysler! – Evliliklərinin son iki ilində qadın onu soyadı ilə çağırmağa başlamışdı. Onda Qodepillə olan bu əhvalat heç başlamamışdı... Bu sözləri deyəndən sonra tələsik yan-yörəsinə boylandı, sanki məşğul olmağa nəsə bir iş axtarmağa başladı ki, təki ona qulaq asmasın. Ancaq durmağa macal tapmamış hər şey təzədən başladı, elə bil valları cızılmış qrammofon idi, iynəsi tullana-tullana oxuyurdu və məcbur olub yerindən tərpənmədi.

- Mənə qulaq asmaq istəmirsən, - kişi sözünə davam etdi, - ancaq Qodepil təkcə mənim axırıma çıxmayıb. Mən bilən, ikimiz də mənim maaşımla yaşayırıq... – O, barışıq əlaməti kimi göydə oynatdığı əlini stolun üstünə qoydu, ancaq qadın heç başını da qaldırmadı.

- Rut, - dedi, – yaxın gəl!

Döşəmə qazıyan maşın mismara rast gələn mişar kimi xırçıldadı, sonra yenə tırıltı eşidildi.

- Ancaq sən narahat olmaya bilərsən, - kişi sözünə davam etdi, - Qodepil bundan sonra heç nə eləyə bilməyəcək. Məni ona görə işdən çıxardılar ki, Qodepil belə istəmişdi, ancaq tezliklə iş tapacam. Özün də bilirsən ki, indi arxitektora hər yerdə ehtiyac var. Bəlkə də vəziyyətimiz indikindən yaxşı olacaq. Mən buna nail olacağam, Rut!

- Əlbəttə olacaqsan, Aysler, - qadın candərdi dilləndi.

- Günlərin bir günü hamısının əvəzini Qodepildən çıxacam!

- Bilirəm... Bunu hər səhər deyirdin...

Kişi köynəyinin qollarındakı iri taxma düymələrə hovxurdu, sonra da pencəyinin qolu ilə onları parıldatdı, ayağa durub arvadının oturduğu kətilin arxasına keçdi. İnamsız baxışlarla onu süzdü. Ən zəhləsi getdiyi şey onu əsəbiləşdirib evdən çıxmaq idi, ancaq bilirdi ki, bu dəfə arvadının hirsini soyutmaq, nifrətini boğmaq uzun çəkəcək. Fikirləşdi ki, yenə də getməmişdən öncə onun könlünü alsa yaxşıdır və əlini arvadının çiyninə qoyub dedi:

- Qodepilin vaxtı keçib, ancaq biz həyata təzəcə başlayırıq. Günlərin bir günü qutunu açacağıq, onda payını alacaq. Özü özünü bəlaya saldı. Ancaq bizim əlimizdə sübut var...

- Bəsdir, Aysler, - qadın yorğun halda dilləndi, - sənin əlində daha heç nə yoxdur...

- Nəyi nəzərdə tutduğumu yaxşı bilirsən, öz gözlərinlə görübsən.

- Daha heç nə yoxdur! – Qadın bu sözləri onun üzünə baxmadan dedi. – Qutu boşdur!

Əllərini qadının çiynindən götürdü, tərəddüdlə azacıq geri çəkildi, bir xeyli hərəkətsiz qaldı və həmin anda qadın paltarın yaxasını büzmələdiyi əlini sinəsinə daha bərk sıxaraq dinmədən gözləməyə başladı.

- Rut, kəllə yerində deyil? - deyə yavaşdan soruşan kişinin səsindən hədə duyulurdu.

Qadın başını tərpətdi.

- Qutudan götürübsən?

- Hə, götürüb aparmışam....

Kişi fırlanaraq onunla üzbəüz dayandı, çənəsindən tutub başını yuxarı qaldırdı, qadın istər-istəməz ona baxmalı oldu.

- Nə iş tutduğunu bilirsən? Mən buna inanmıram... Heç cür təsəvvürümə gətirə bilmirəm ki, öz arvadım bu sübutu aradan çıxarıb. Mən də bütün ümidimi ona bağlamışdım. Yox, sən bunu eləyə bilməzsən!

- Niyə eləmirəm?

- Onu qoruyub saxlayırdım ki, Qodepilin pisliklərinin əvəzini çıxanda lazım olacaq.

Qadının yanaqlarının əti kişinin qüvvətli əli altında torbalandı, onun əlindən qurtarmaq üçün başını o tərəf-bu tərəfə çevirdi, ancaq kişi buraxmadı, aşağı əyilərək dedi:

- Kəllə hardadır? Harda?

- Burax məni!

- Nə etmiş olduğunu bilirsən? Düz sözümdür, bilirsən?

- Bilirəm! – deyə qadın başını arxaya əyərək onun əlindən çıxdı və sanki süstləşmiş bir nifrətlə ona baxdı: - İndi mənə qulaq as, Aysler, sənə sözüm var.

- Ax, bilirsən səni....

- Bilirəm, - qadın yorğun halda dilləndi, - bilirəm... Sonra nə istəyirsən, edərsən, indi isə otur, mənə qulaq as!

Döşəmə qaşıyan maşın elə taqqıldadı ki, elə bil yuxarıdan zirzəmiyə kömür boşaltmağa başladılar, sonra yenə uğuldadı, adamın qulağını deşən vıyıltı səsi gəldi, nə edəcəyini bilməyən Aysler əlləri ilə qulaqlarını tutdu, gözlərini yumdu. Ağzı açıq idi, ancaq ordan bircə kəlmə də çıxmırdı, sanki heç ah çəkməyə də heyi qalmamışdı.

- Mənə qulaq as, - arvadı dilləndi, - bilmək istəyirsən ki, kəlləni niyə yox etdim? İndi deyərəm, Aysler. Ona görə belə elədim ki, başımıza gələnlər bir də gəlməsin.

- Necə? - Kişi özündən çıxdı. - Bundan sonra başımıza nə gələ bilər ki?

- Elə bunu demək istəyirdim! Qulaq as! Bu məsələ barədə düşünəndə qorxurdum, ağlıma min cür şey gəlirdi, cana doymuşdum. İşin içində olduğum üçün həmişə bu barədə fikirləşirdim ki, kim hansı rolu oynayır. İndi deyə bilərəm: üz-gözündən nəciblik yağan qoca Qodepil burada ən pis rolu oynamır.

- Bəs kim oynayır? – Aysler kəskin şəkildə soruşdu.

- Yadında olar, o vaxt siz köhnə idarəni sökəndə... Üç nəsildən bəri Qodepillərə məxsus olan şəxsi Sığorta İdarəsini... Onda sən o xarabalıqları gəzdin, bir küncdə taxta-tuxta ilə uçuq divarların arasından o kəlləni tapdın...

- Təkcə kəllə deyildi, - Aysler onu məzəmmət etdi, - onda mən bütün skeleti tapmışdım. Düz danış...

- Sözümü kəsmə! Nə fərqi – kəllə, ya skelet... Sən bu köhnə, küncü-bucağı bilinməyən evi yerlə-yeksan edəndə bir izə düşdün, çünki kəllə və ya skelet oyuqda idi və sən də o dəqiqə gördün ki, kəllədə güllə yeri var. Bu kəşfin barədə o birilərə heç nə demədin.

- Kimə deməliydim ki?

- Kəlləni çantana qoyub evə gətirdin, mənə də heç nə demədin.

- Elə şeylər var ki, onu yalnız kişilər bilməlidir, - deyə Aysler tələsik, əsəbi halda özünə haqq qazandırmağa çalışdı.

- Əlbəttə var, - qadın sözünə davam etdi. – Onu evə gətirəndən sonra, elə bir fikrə düşdün ki, yalnız sənin kimi adamlar belə fikirləşə bilərdilər. Durub qoca Qodepilin yanına yollandın... Yəqin onda çantanda apardığın kəllə getdikcə ağırlaşırdı, elə deyilmi?! Özünü ona təqdim etdin: Qlunts Tikinti Şirkəti Səhmdar Cəmiyyətinin arxitektoru Aysler. Təklif etdiyi şerrini içdin və sənə elə gəldi ki, artıq vaxt çatıb və gül əvəzinə gətirdiyin bükülünü açdın...

- Bunları bir yerə yaz ki, yadından çıxmasın, - özündən razı halda gülümsəyən Aysler siqaret yandırıb onu damağında saxladı və tüstü şişkin sifətinə yayılıb gözlərini ayışdırdı. - Danış, danış... - təkəbbürlə əlini yellətdi, - sən qurtarandan sonra mən başlayaram.

- Qoca Qodepil çox nəzakətli idi və yəqin ki, üstündə güllə yeri olan kəlləni görəndən sonra da beləcə nəzakətli qaldı, özünü elə göstərdi ki, guya bunun nə demək olduğunu başa düşmür. Yəqin sən də təəccübləndin ki, bu ədəb-ərkanlı tacir sənin nəyə işarə vurduğuna fikir vermir, daha doğrusu, başa düşmür ki, sən bu məsələni böyütsən, şəxsi Sığorta Cəmiyyətinin adına ləkə gələr.

Axı mən də divarında skelet gizlədilən bir cəmiyyətdə özümü sığorta etdirmərəm... - Qadın sözünə ara verib zənlə ərinə baxdı və onun üzündəki inamı, süstləşmiş qətiyyəti görəndə sözünə davam etdi: - Buna fikir vermədiyini görəndə, kəllənin çox qiymətli olduğunu ona anlatdın...

- Daha bəsdir! – Aysler qəflətən dilləndi və siqareti damağından götürdü.

- Niyə? Axı biz kimin hansı rolu oynadığını dəqiqləşdirmək istəyirdik...

- Sən bəzi şeyləri unudubsan. Qodepilə dedim ki, onun atası bu kəlləni o dəqiqə tanıyardı. O köhnə binada tapdığım babamın skeleti idi. Babam Qodepilin atasının şəriki olub. Bilirsən ki, günlərin bir günü xəbərsiz-ətərsiz yoxa çıxıb...

- Hə, bilirəm, səndən eşitmişəm. Çantada Qodepilə apardığın doğrudan babanın kəlləsi olsa da, o xəyalpərvər tacir özünü elə göstərirdi ki, guya sənin nə üçün gəldiyini, bu “tapıntı”nın əvəzində nəsə vermək lazım olduğunu başa düşmür. Hətta kəlləni götürüb çıxanda, bununla da onun nə qədər qiymətli olduğunu xatırlatmaq istəyəndə də, qoca özünü elə apardı ki, guya heç nə anlamayıb.

- Orda puldan söhbət getmədi! – Aysler etiraz etdi.

- Adını çəkmədən də puldan danışmaq olar və siz bütün vaxtı ondan danışdınız, çünki bir-birinizi yaxşı başa düşürdünüz. Sən də, o da… Axı ikiniz də bir bezin qırağısınız… Ona görə də aranızda örtülü məsələ qalmadı, cavab da dəqiq oldu!

- Hansı cavab? - deyə Aysler arvadına elə nifrətlə baxdı ki, yalnız arvadının onun bütün cikinə-bikinə bələd olduğunu bilən kişilər belə baxa bilərdi.

- Üzdən nəcib bir alimə oxşayan bu tacir sənə hələ ağzı qatıqlı uşaq olduğunu sübut etdi… - Qadın sözünə davam etdi. - Əlbəttə, hansı oyuna çəkildiyin başa düşürdü. Bəli, bəli, bu kəllənin qiymətini də yaxşı bilirdi. Ancaq bu qiyməti ürəyində hesablayırdı. Axı oyunun qaydası belədir ki, öz xalını gizlədirsən, necə deyərlər, rəqibini “dilləndirirsən”. Sən isə oyunun qaydasını pozurdun, yalnız alacağın məbləği düşünürdün. O da sənə layiq olduğun cavabları verirdi. Başa düşürsən, Aysler? O sənin bu “tapıntı”nı almaq istəmirdi, çünki sənə əvvəlcə yaxşıca bir dərs vermək istəyirdi. Elə verdi də…

Kişi boynunu əyərək büzüşmüş halda oturmuşdu və nəsə demək istədi, ancaq döşəmə qaşıyan maşın səsi dəmirdeşən kimi şaqqıldadı, ona görə də əlini ümidsizliklə yellədərək dişlərini bir-birinə sıxdı.

- Qodepil qiymətli baban da çantanda səni evə göndərdi, - deyə sözünə davam edən qadının üzündə kədər dolu bir zəfər nişanəsi vardı. - Səni elə göndərdi ki, sanki “tapıntı”n onu heç maraqlandırmadı. Ancaq onun bu işdə necə maraqlı olduğunu qəflətən yaşadığımız evin sahibi dəyişəndə, bayıra atılanda hiss etdik. Bəs evin təzə sahibinin kim olduğunu öyrənmək üçün bizə nə qədər vaxt lazım oldu? Yoxsa elə deyil? Sənin o gülünc təklifinin ilk cavabı bu oldu...

- Daha bəsdir! Bunu özüm də bilirəm...

- Ancaq unudursan! Bəs münsiflərin xoşuna gəlmiş olsa da, yeni qəsəbə üçün verdiyin layihənin ən yaxşı beş layihə arasına düşməməsi?!

- Hamısından xəbərim var, - kişi onun üzünə baxmadan dilləndi.

- Görürsən, sənin təklifinə ikinci cavab gəldi... Firma kağızlarını qoltuğuna verdi... Qodepil sənə başa salmaq istəyirdi ki, bir işə başlamamışdan əvvəl bütün imkanlarını ölçüb-biçmək lazımdır. Cavab kifayət qədər aydın idi. Sən hələ ağzı qatıqlı uşaqsan, Aysler!

Kişi dinməzcə oturmuşdu və birdən fincana baxa-baxa əlini arvadına tərəf uzatdı:

- Bu işin sonu necə olacaq, Rut?

Buna təəccüblənməyən qadın ikrahla onun əlinə baxdı. Bilirdi ki, bu əl soyuqdur, nəmdir və ona toxunmadan dedi:

- Kəlləni də götürüb onun yanına getdim. Bütün bunlardan sonra onun kəlləyə sahib olmağa haqqı çatırdı. Hər şeyi yaxşı ölçüb-biçsən görərsən ki, onun haqqını verib...

Kişi ayağa durub kətilin arxasına keçdi, arvadının çiyinlərini asta-asta sığallamağa başladı və elə ilk toxunuşda onun necə üşəndiyini hiss etdi.

- Olan olub, keçən də keçib... – qadın yavaşdan dilləndi.

- Aman Allah, indi mən neyləyim, Rut?

- Qəhvəni axıra qədər iç, - qadın cavab verdi, - atası deyiləm ki...

# 1954 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #