Kamal Abdullanın hekayəsi - "Kölgə"

Kamal Abdullanın hekayəsi - "Kölgə"
3 mart 2014
# 14:02

Kulis.Az Kamal Abdullanın “Kölgə” hekayəsini təqdim edir.

(Qədim Şra Sinda rəvayəti)

Qədim zamanların birində Cadugərlər ölkəsində bir sənətkar yaşayırdı. Günlərin bir günü günorta vaxtı evinə gedən yerdə sonuncu tin ayrıcına çatıb sağa dönərkən hiss elədi ki, kölgəsi bədənindən ayrıldı və sola döndü. Sənətkar kölgəsinin arxasınca təəccüblə baxıb yoluna davam etdi. Yaşadığı evin qapısına qədər kölgəsiz gəldi. Bu çox qəribə hiss idi və indiyənə qədər o heç zaman belə vəziyyətə düşməmişdi. Quş kimi yüngül olmuşdu, elə bil, çəkisi yox idi. Evə çatan kimi bu məsələnin mahiyyətini, ona nə zərər verə biləcəyini öyrənmək istədi. Məhlədə bir neçə cadugər vardı. Ən yaxında olanı iki küçə o yanda yaşayırdı. Onun dalınca adam göndərdi.

Cadugər gəldiyində Sənətkar günorta vaxtı baş verən hadisəni olduğu kimi ona danışıb hadisəyə aydınlıq gətirməyini xahiş elədi. Kölgəsiz necə olacaqdı? Kölgəsiz yaşamaq bir adama indiyə qədər müyəssər olmuşdumu? Bu, qorxulu deyilmiydi?

Cadugər ona diqqətlə qulaq asdı və gözlərini yumub bir dəqiqəyə yaxın sükut içində qaldı. Sonra özünə gəldi və belə dedi: - Sən bu gün həmən tin ayrıcında cadugərə çevrilmisən. Bunu mələklər də edə bilər, şeytanlar da. Onlar zaman-zaman bunu edirlər. Mən də anamın qarnında cadugər olmamışam. Belə bir axşamların birində çox-çox illər bundan əvvəl mənim də kölgəm bədənimdən ayrılmışdı. Mən də o vaxtdan cadugər oldum. İnsanlara xidmət eləmək yolunu seçdim.

Sənətkar bunu eşidib sevindi. Cadugərə qiymətli hədiyyələr verdi. Cadugər gedərkən ondan xahiş elədi: - Səndən ricam budur ki, bunu heç kimə deməyəsən. Mən cadugərliyimdən ancaq öz həyatım üçün istifadə etmək istəyirəm.

Cadugər cavab verdi: - Əsas məsələ budur ki, sən cadugərliyini gizlədib insanlara xidmət eləməkdən vaz keçsən, kölgən yenidən gəlib səni tapmaq, sənə yapışmaq istəyəcək. Sən bacardıqca öz kölgəndən qaçmalısan. Kölgən səni tapsa, o daha sənin davamın olmayacaq, o səndən dəhşətli intiqam alacaq. Bir dəfə cisimdən ayrılan bir daha cisimə birləşməz.

Bu sözlərdən sonra Sənətkar xeyli düşündü. Kölgəsindən qaçıb gizlənməyi necə həyata keçirəcəkdi, bunun planını qurdu. Bütün gecəni ağır düşüncələr içində keçirdi. Nəhayət, kölgəsindən gizlənməyin yolunu tapdı.

Sənətkara bir cadugər həyatı lazım deyildi. O öz sənətkar həyatını davam eləməyi, özü üçün yaşamağı qərara aldı. Ona qibtə edənlərə belə deyirdi: "Siz yerdə sürünənlər mənə göylərdə pərvaz etdiyim üçün həsəd aparırsınız. Mən isə sizə deyirəm ki, bilin və agah olun. Göylərdə sizin üçün maraqlı heç nə yoxdur. Göylərdə, ümumiyyətlə, maraqlı heç nə yoxdur".

Sənətkar kölgəsini bir daha görməmək üçün, daha doğrusu, kölgəsinin onu bir daha tapmaması üçün ilk öncə adını azdırmaq istədi. Adını yanına çağırdı. O artıq bunu edə bilirdi. Və o təəccüb eləmədi ki, adı bir anın içində onun çağırışı ilə qarşısında zühur elədi. - Mən istəyirəm ki, sən dönüb başqa bir sözün libasına bürünəsən və görünüşünü dəyişəsən. Biz kölgəmizdən gizlənməliyik. O bizi yenidən tapmamalıdır.

Adı onun qarşısında müticəsinə baş əyib dedi: - Necə arzu edirsiniz, elə də olsun. Adını dəyişəndən sonra qurduğu plana uyğun olaraq Sənətkar istədi ki, öz görünüşündə də müəyyən dəyişiklik eləsin. Bunu da eləmək çətin olmadı. Bir anın içində Sənətkar ağbəniz birindən qarabəniz və daha cavan bir adama çevrildi. Köhnə görüntüsü mütəəssir bir halda ondan uzaqlaşıb havadaca əridi. Daha sonra evi dəyişmək, iş yerini dəyişmək, qohum -əqrabasından üz döndərib onlar üçün yox olmaq lazım idi. O elə etdi ki, qohumları artıq onu görə bilmirdi, o isə istədiyi zaman qohumlarını görüb başqa qiyafətdə, başqa ad altında onlarla söhbət edə bilirdi.

Sənətkar bununla da kifayətlənmədi. Ən çətin məqam yaxınlaşırdı. Sevgilisini dəyişmək lazım idi. Bu elə də asan olmayacaqdı. Kölgə onun sevgilisini elə onun özü qədər tanıyırdı. Bu vəfalı qız ona elə isinişmişdi ki, nə zamansa ayrı ola biləcəklərini ağlına da gətirmirdi. Amma Sənətkar bu çətin işin də öhdəsindən gələ bildi. İndi o əvvəllər, yəni, kölgəli zamanlar tanımadığı gözəl bir qızla sevişirdi. Hər gün ya Sənətkarın evində, ya da qızın bağçasında görüşürdülər. Qızın bağçası köhnə sevgilisinin qonşuluğunda idi. Bu saf məhəbbət hətta Sənətkarın artıq onu tanımayan və həsrətindən ağlayıb-ağlayıb az qala gözlərinin nurunu itirmiş köhnə sevgilisini də riqqətə gətirirdi. Yeni sevgilisi gilas ağaclarının altında oturub onun başını nəvazişlə dizləri üstünə alır, incə barmaqları ilə yorğun gicgahlarını yumşaq-yumşaq ovuşdurur, zərif səsilə Sənətkarın bəstələdiyi mahnıları onun özü üçün oxuyurdu.

O, bu məftunedici səsi dinlədikcə ruhu dincəlir, köhnə sevgilisini gördüyü zaman ona əzab verən düşüncələrindən bir müddət xilas olurdu. Bir dəfə gecənin bir yarısı evində yatdığı zaman Sənətkara elə gəldi ki, həyətdən onu kimsə çağırır. Ayağa durub həyətə çıxmaq istədi, amma qapını açan zaman fikrini dəyişdi. Həyətdən gələn səs kölgəsinin səsinə oxşayırdı. Cadugər olduğu üçün o bunu son dəqiqədə hiss edə bilmişdi. Səs elə yazıq-yazıq, elə yanıqlı-yanıqlı onu çağırırdı ki, Sənətkarın ürəyi sıxıldı, amma o yenə də özünü ələ alıb həyət qapısını bərk-bərk bağladı və qulaqlarını pambıqla tıxadı.

Sabahı gün Sənətkar bu əhvalatı sevgilisinə danışdı. Beləliklə, sevgilisi onun sirrini bilən yeganə canlı, cadugər olmayan insan oldu. Qız həmişəki nəvazişlə onun başını dizləri üstə alıb sığalladı və bu dəfə ona tanış olmayan qəmli bir mahnını zümzümə eləməyə başladı. Mahnını tanımaması Sənətkara qəribə gəldi. Cadugər bu mahnını tanımalıydı. - Bu mahnını sən başqa adın və başqa vücudun içində yaşayanda bəstələmisən. Sən onu unutmusan? – Sevgilisi öz zərif səsilə soruşdu. - Unutmuşam… - O, tutqun və fikirli bir halda cavab verdi.

Onun qorxduğu başa gəlmişdi. Kölgəsi onu tapmışdı. Sona qədər kölgədən gizlənmək mümkün olmamışdı. O gecədən sonra onun cadugərliyinin gücü əriməyə, azalmağa başladı.

Bir gün sənətkar sevgilisinin yanına gələndə onu evdə görmədi. Sevgilisi görüş yerini səhv salmışdı. Qonşuluqda yaşayan köhnə sevgilisi həmən gilas ağacının altında oturmuşdu, dedi ki, sevgiliniz sizinlə sizin evdə görüşəcəyini güman edirdi. O indi şəhərin dar küçələri ilə sizin evə tərəf gedir, bir az tələssəniz, onun arxasınca gedib ona çata bilərsiniz. Gedə-gedə o mahnı oxuyur. Siz onun səsindən yapışa bilsəniz, özünü də tapacaqsınız.

Sənətkar nə qədər gücünü bir yerə yığsa da sevgilisinin hansı küçə ilə getdiyini özü üçün aydınlaşdıra bilmədi. Cadugər kimi gücü xeyli zəifləmişdi. Son gücünü toplayıb qızın zərif səsini qulaqlarında canlandıra bildi. Sənətkar bu səsdən yapışıb əyri küçələrdən keçə-keçə sevgilisinin iziylə getdi. Səs get-gedə daha zəif eşidilirdi. Amma Sənətkar yaxşı bilirdi ki, bu səs onun çox-çox əvvəllər yazdığı qəmli mahnını oxuyur. Səs onu tanış yolla köhnə evinə sarı apardı. Həmən tanış tinə çatanda sevgilisinin səsi qırıldı və elə bu an Sənətkarın bədəninə ağır bir yük daxil oldu. Kölgəsi ondan ayrılan yerdə yenidən onun bədəninə girdi.

Sevgilisi Sənətkarın evinə çatıb qapını döyəndə içəridən səs gəlmədi. Kimsə qapını açmadı. Yol ilə gedən bir cadugər qıza kömək elədi. Qapını açdı, "bizim işimiz cadugər olmayanlara xidmət eləməkdi" deyib qızın təəccübünə fikir vermədən onunla bir yerdə içəri daxil oldu.

Sevgilisi çarpayıda tərpənməz bir halda uzanmış bu ağbəniz adamı az qala tanımadı. Sənətkarın açıq gözləri təəccüblə ona baxırdı. Bədəni hələ isti idi. O, bir az əvvəl keçinmişdi.

SON

# 2264 dəfə oxunub

Müəllifin son yazıları

# # #