Ac əsgərlər soyuqda neylər? - MƏTN

Ac əsgərlər soyuqda neylər? - MƏTN
11 fevral 2013
# 11:05

Kulis.az Aqil Abbasın “Sonuncu post” povestini təqdim edir.

Povest çovğunda azuqələri qurtaran azərbaycanlı

hərbçilərin həyatla girdiyi amansız döyüşdən bəhs edir.

Zabitimizin erməni əsirlə münasibəti ən çətin şəraitdə belə insani

hisslərin ölmədiyini göstərən gözəl bədii sübutdur.

Qız görməmiş sinəsindən yaralanıb

səngərlərdə qalan 20 mindən artıq

şəhidimizin və Hinal dağda

qırılan balalarımızın ruhuna!

... Axşamınız xeyir! "Xəbərçi"nin saat iyirmi bir buraxılışı

efirdədir. Studiyada Rüstəm Əbülfətoğludur. Müdafiə Nazirliyinin

Mətbuat Xidmətindən verilən məlumata görə, cəbhə xəttində sakitlikdi.

Atəşkəs pozulmayıb. İndi isə günün baş xəbərləri. Qarabağ qaziləri

aclıq aksiyasını davam...

... Azacıq da olsa küləyin qarşısını kəsmiş, min illərdi qarın,

yağışın altında qalmaqdan yorulub bəlkə də çoxdan ölmüş bir sal

qayanın dibində kürək-kürəyə vermişdilər. Kürək-kürəyə vermişdilər

ki, heç olmazsa bir-birlərini artıq içlərindən keçib getdiyini hiss

etdikləri bu cəhənnəm küləyindən qorusunlar. Bu dağı, bu daşı sanki

az qala hər an qopub dağaşağı uçacaq bu sərt və çoxdan ölmüş

qayaları, onların solmuş bənizlərini it kimi yalayan bu cəhənnəm

küləyinin səsi uçurumlardan, dərələrdən ulaya-ulaya keçir və bu

ulartı insanı təbdən çıxaracaq yeknəsək və usandırıcı bir musiqi kimi

qulaqları dəng edirdi. Hərdən əlləri ilə qulaqlarını örtürdülər ki,

bu zəhlə tökən ulartını heç olmasa bir azacıq da olsa eşitməsinlər.

Amma bilmirdilər ki, artıq bu ulartını qulaqları ilə eşitmirlər, bu

ulartı onların beyinlərinin içinə dolub.

Bu dağlar, bu dərələr Vətənin dağları, Vətənin dərələri idi. Bu külək

də, bu çovğun da Vətənin küləyi, Vətənin çovğunu idi. İndi soyuqdan

donmaqda olan bu oğullar da bu Vətənin oğulları idi. Amma bu dəqiqə

Vətənin bu dağları da, bu dərələri də cəhənnəmə çevrilmişdi bu Vətən

oğulları üçün. Bütün kitablarda yazılır ki, cəhənnəm od tutub yanır,

amma bu cəhənnəmdə bircə əlçim də od yox idi. Bu cəhənnəm nə

"Bibliya"da, nə də "Quran"da yazılan cəhənnəm deyildi. Nə isə başqa

bir cəhənnəm idi. Bəlkə də bu cəhənnəmdən heç Allahın da xəbəri yox

idi.

Bu oğullar cəhənnəmi elə bu dünyada görürdülər. Amma bu cavanların

heç biri nəinki cəhənnəmi bu dünyada, heç o dünyada da görmələri üçün

heç bir günah işlətməmişlər. Bir yox, beş cəhənnəmlik günahları olan

kimlərinsə cəzasını az qala ağızlarından süd iyi gələn bu cavanlar

çəkirdilər. Və həmin o bir yox, beş cəhənnəmlik günahı olanlar isə

saunalarda, cavan-cavan qızlara bellərini ovdururdular ki, bəlkə

əllərindən bir iş gəldi.

Və hətta Allahın da xəbəri olmayan bu cəhənnəmdə bu oğullar nəfəsləri

ilə əllərini hovlasalar da artıq donmaqda olan barmaqları

nəfəslərinin istiliyini hiss eləmirdi. Ona görə yox ki, barmaqları

donmaqdaydı, ona görə ki, artıq içləri, damarları, damarlarında axan

qan da donmaqdaydı.

Dünəndən yeməkləri də qurtarmışdı. Ac olduqlarından şaxtanı daha çox

hiss edirdilər. Artıq bir sahibsiz it kimi ulayan cəhənnəm küləyi də,

bu şaxta da qanlarına hopub bütün bədənlərinə axırdı.

Ümidlərini yeri-göyü heçdən xəlq edən Allaha bağlayıb hər an bu

çovğunun kəsəcəyinə bir inamla saatları sayırdılar. Amma bu saatlar

qurtarmırdı. Və bu çovğun da heç kəsən köpəyoğluna oxşamırdı.

Kinolarda görmüşdülər ki, belə çovğunda qardan bir koma düzəldib

doluşurlar içinə. Nə qədər çalışsalar da kinolarda gördükləri komanı

düzəldə bilməmişdilər. Nə bu dağ kinolarda gördükləri dağ idi, nə bu

çovğun, nə də bu qar.

Silahları da donmuşdu. Avtomatın lüləsinə əl vurmaq olmurdu,

yandırırdı.

Onlardan bir güllə məsafəsi aralıda ermənilərin postunda elə

ermənilər də onların günündə idi. Sadəcə bu bəxtəvər it uşağının

bəxti onda gətirmişdi ki, aşağıda olduqlarından nə bu külək, nə bu

çovğun onları elə də tutmurdu.

Dünən erməniləri dəyişməyə gəlmişdilər, amma dəyişə bilməmişdilər,

maşınları dağın ətəyində qara batıb qalmışdı. Amma heç olmasa

gələnlər özləri ilə ərzaq gətirmişdilər, yanacaq gətirmişdilər.

Dünəndən ermənilərin tonqalı sönməmişdi.

Əvvəllər postda ermənilərlə bir-birlərini babat söyürdülər, "tvoya

mat"ların biri bir qəpik. Qəribə idi ki, ermənilər bizimkilərin rusca

söyüşünə Azərbaycanca cavab verirdilər:

- Ara, Komandir, sizin dildə söyüş adamın canına sarı yağ kimi

yayılır.

Hərdən də söyməkdən yorulub bir-birlərinə bir-iki daraq güllə də

boşaldırdılar. Və səhər qəzetlər yazırdılar: "Murovda Atəşkəs

pozulub. Ermənilər avtomatlardan və iriçaplı pulemyotlardan bizim

mövqeləri atəşə tutublar. Milli Ordumuzun əsgərlərinin cavab

atəşindən sonra düşmən susdurulub. Tələfat yoxdur".

İndi ermənilərin közərən tonqalına paxıllıq edirdilər. O tonqal bu

şaxta qədər, bu çovğun qədər onlara əzab verirdi. Dünyada bundan da

böyük bir ağrı olmazdı. Düşmən Vətəndə ocaq qalayıb bu ocağın

istisinə qızına bildiyi halda, Allah bu oğulları öz vətənlərində

Allahın bir ocağına da qıymamışdı.

Hamısından cavanı və hamısından zəifi Qara bir-iki dəfə istəmişdi ki,

həmin tonqalı pulemyotun ağzına verib dağıtsın. Komandir qoymamışdı.

Çünki belə şeylərin üstündə sonra böyük komandirlər onları

cəzalandırırdı.

Qara da sitildəyə-sitildəyə demişdi:

-Sənin komandirlərinin də, komandirlərinin anasını da...

İndi Qaranın düşmənin ocağına bir-iki daraq güllə boşaltmağa, heç

söyməyə də heyi qalmamışdı. Ölürdü yatmaqdan ötəri. Elə hamısı ölürdü

yatmaqdan ötəri.

Yuxu elə şirin-şirin onlarla məzələnirdi ki!

Saçlarından, kirpiklərindən tutmuş ayaq barmaqlarına qədər,

didələrindən keçib beyinlərindəki ən son hüceyrələrə qədər məzələnirdi

yuxu. Özləri də onlarla məzələnən bu yuxunun bu məzəsindən ləzzət

alırdılar. Bu ləzzətin də təsirindən yavaş-yavaş kirpikləri qapanırdı.

Amma Komandir onları yuxusunun bu məzəsindən xilas etmək üçün az

qalırdı barmaqlarını uşaqların gözünə soxsun.

- Sizə qurban olum, yatmayın! Yatsanız, donub öləcəksiniz.

Komandir indi gördü ki, Qara lap əldən gedir. Bir-iki dəfə Qaranın

ayaqlarını soyundurub buza dönmüş barmaqlarını möhkəm-möhkəm ovmuşdu,

sonra sinəsini açıb Qaranın ayaqlarını bərk-bərk sinəsinə sığmışdı.

Bir balaca da olsa Qaranın ayaqlarını isitmişdi. Və hiss eləmişdi ki,

Qara bundan xoşhallanır...

Həmişə belə postlara gələndə xəlvətcə, əslində komandirlər

bilirdilər, amma özlərini bilməməzliyə vururdular, flyaqalarını

araqla doldururdular. İndi flyaqalar da boşalmışdı. Təkcə Komandirin

flyaqasında bir az araq qalmışdı ki, onu da uşaqlara hərdən

qurtum-qurtum içirirdi.

Komandir flyaqanı çıxartdı, əvvəlcə Qaraya, sonra da o biri uşaqların

hərəsinə bircəcə qurtum içirtdi. İstədi özü də bircə qurtum içsin,

ürəyi gəlmədi, o bircə qurtumu da uşaqlara saxladı.

Komandir onlara kömək gələcəyindən əlini dünən axşamdan üzmüşdü,

amma bunu uşaqlardan gizlədirdi:

- Bir az da dözün, çovğun bir balaca ara verən kimi kömək gələcək.

Görmədiz, ermənilər bizdən nə qədər aşağıda olsalar da maşınları çıxa

bilmədi, batıb qaldı. Dözün, sizə qurban olum! Mütləq kömək gələcək!

Əslində belə bir havada bura qalxmaq göz görə-görə ölümə getmək idi.

Köməyə gələnlər olsa da qırılıb yollarda qala bilərdilər. Heç kim

ölmək istəmirdi. Elə bu çovğunda postu atıb getməyən bu beş əsgər də.

Neçə gün idi ermənilər marığa yatıb gözləyirdilər ki, bir az da belə

davam etsə, türklər postu atıb gedəcəklər, onlar da həsrətini

çəkdikləri bu yüksəkliyi rahatca ələ keçirəcəklər. Sonra bu Atəşkəs

vaxtı kim idi ATƏT-in qorxusundan onları topla, tüfənglə bu

yüksəklikdən vurub salan.

Vaxtilə özləri şaxtaya, küləyə dözməyib bu yüksəkliyi qoyub

düşmüşdülər. Və heç ağıllarına da gəlməzdi ki, türklər

qardan-çovğundan qorxmayıb bu yüksəkliyə qalxar və öz bayraqlarını bu

yüksəkliyə sancarlar. Yüksəkliyi qoyub düşənlərin hamısını da

tribunala vermişdilər. Generallar demişdi ki, yenidən kim o

yüksəkliyi götürə bilsə, ona "Xaç" ordeni verəcəklər. Və neçə dəfə

Atəşkəsi pozmaqdan qorxmayıb hücum eləsələr də geri oturdulmuşdular.

İndi həsrətlə gözləyirdilər ki, türklər düşüb gedəcəklər, ya da donub

öləcəklər.

Türklərin isə postu qoyub getmək fikirləri yox idi. Yalnız dünən gecə

Mazandaran Pələngi bir balaca bozarmağa başlamışdı:

- Döyüşdə ölsəm yanıb-tökülmərəm, amma indi partlayıram. Axı mən niyə

burda donub ölməliyəm?! Çıxıram gedəm, cəhənnəm olsun hamısı...

Komandir:

- Sən öl, bircə addım atsan səni deşik-deşik edərəm, köpəyoğlu!-deyib

avtomatı Mazandaran Pələnginə tuşlamışdı.

Mazandaran Pələngi də əlini avtomatına atmışdı, tutaşmışdılar.

Komandir avtomatın qundağı ilə Mazandaran Pələnginin kürəyindən necə

vuruşdusa, Mazandaran Pələnginin nitqi batmışdı. Özünə gələndə də

başlamışdı ağlamağa. Komandir də onun başını sinəsinə sıxıb

ağlamışdı, uşaqlar da kövrəlmişdi.

Komandir:

- Məni bağışla, Pələng!

Mazandaran Pələngi:

- Siz məni bağışlayın, uşaqlar. Bir qələtdi eləyirdim. Heç sizi

düşmən qabağında qoyub gedərəmmi?!

Bu cəhənnəm küləyi it kimi ulamağındaydı, uşaqlar da qayanın dibində

kürək-kürəyə verib sitildəməkdəydilər.

Üç-dörd yaş fərqləri var idi. Mazandaran Pələngi ilə Zəngəzurlu

Balası məktəbi iki-üç il əvvəl bitirmişdilər. Totuqla Şair könüllü

gəlmişdi əsgərliyə, institutun 4-cü kursundan. Qara da məktəbi bu il

bitirmişdi. Bircə Komandir yaşlıydı. Hələ Sovet hökuməti vaxtı əsgər

olmuşdu. Bakıda universiteti də bitirmişdi, Moskvanı da görmüşdü,

Çelyabinski də. Hərdən Komandir o tələbəlik illərindən,

Çelyabinskdəki əsgərliyindən, generalın qızını necə lüt

soyundurduğundan gopa basardı, onlar da Komandirin sərgüzəştlərinə

ləzzətlə qulaq asardılar. Və bu söhbətləri o qədər eşitmişdilər ki,

Komandir ağzını açan kimi bilirdilər ki, nəyi düz deyir, nəyi yox.

Amma əl çəkmirdilər ki, danış.

Komandir indi onları söhbətə tutmaq istəyirdi ki, yatmasınlar:

- Ə, qoduq, demirəm yatma, donub öləcəksən?! Ə, sən nə cür

müsəlmansan, ağzımda bir quramlıq söz danışıram, yenə qozuna deyil.

Ə, yatma dana, oğraş.

Uşaqların ən həyasızı sayılan Totuq:

- Komandir, sən canın, o Artist qızın axırı nə oldu ey...

- Deməli, belə. Bir də gördüm telefon özünü cırır. Götürdüm, gördüm

bu. Dedi, axşam bizə gələrsən. Ürəyim düşdü ayaqlarımın altına, vay

dədəm, vay, məni evinə çağırırdı. Getdim Axund hamamına. Üz-gözümü

qırxdırdım...

Totuq:

- Ayrı yerin qırxdırmadın ki?

Mazandaran Pələngi:

- Ə, qoy kişi söhbətini eləsin də.

Komandir:

- Hə, sonra qəşəng-qəşəng çimdim. Çıxdım oturdum bir taksiyə. Dedim

sür Yasamala. Bazarla üzbəüz beşmərtəbəli bina var ey, bax orda üç

otaqlı lüks evi vardı. O kinodan sonra bir prokuror bağışlamışdı. Tək

yaşayırdı. Zəngi basdım. Əvvəl-əvvəl qapının deşiyindən baxdı...

Hördü Qaranın gözləri yumuldu, dürtmələdi:

- Qara, ay Qara!

Qara səksəndi:

- Gəldilər...

Komandir:

- Bir də yatsan təpənə bir qapaz salacam, gözlərin düşsün ovcuna,-

sonra flyaqanı çıxarıb ona uzatdı,- ala bir qurtum iç.

Heç dinib-danışmağı xoşlamayan, bu neçə gündə üşüdüyünü, donduğunu

gizlətməyə çalışan Şair bu dəfə özünü saxlaya bilmədi:

- Komandir, bir qurtum da mənə ver.

Bir qurtum da Şair içdi.

Mazandaran Pələngi:

- Bir qurtum da mənə ver, Komandir.

- Qələtini elə, sən hələ dözə bilərsən. Hə, qapını açdı. Baxdım gördüm

suyun içindədi, heç demə o da çimirmiş.

Totuq:

- O da qırxdırmışdı?

Mazandaran Pələngi:

- Ə, sən nə qanacaqsız, tərbiyəsiz adamsan?!

- Saçın deyirəm dana! Bəs siz nəyi fikirləşirsiniz, ay tərbiyəli

oğlanlar?!

- Suyun içində, əynində xalat, xalatın yuxarı düymələri də açıq,

məmələri də yarı çöldə, saç şəlalə kimi tökülüb məmələrinin arasına...

Komandir danışırdı, uşaqlar da sitildəyə-sitildəyə qulaq asırdı. Əzü

axşama getdiyindən şaxta bir az da artırdı. Onların üz-gözünü it kimi

yalayan bu cəhənnəm küləyinin zəhlətökən səsi də getdikcə beyinlərinə

daha çox işləyirdi.

Komandir bir vaxtların ən dəbdə olan maxer şərfini dörd yerə bölüb

paylamışdı uşaqlara:

- Alın, ağız-burnunuzu örtün.

- Bəs sən?

- Mən Sibirdə bundan da pis şaxta görmüşəm.

Nəfəsləri şərfi o qədər tərlətmişdi ki, şərf də buz bağlamışdı.

Komandir danışırdı, uşaqlar da sitildəyə-sitildəyə qulaq asırdılar,

cəhənnəm küləyi bir cəhənnəm iti kimi üz-gözlərini yalamaqdaydı,

şaxta da yavaş-yavaş iliklərinə işləməkdəydi...

- Hə, məmələri yarı çöldəydi, saçları da şəlalə kimi tökülüb

məmələrinin arasına. Dünya gözəli qız ola, ağappaq məmələr ola, mənim

kimi də görməmiş bir kənd uşağı. Elə dəhlizdə basmarladım ey...

Totuq dişləri şaqqıldaya-şaqqıldaya:

- Komandir, mən ölüm, sən ona heç nə eləməmisən.

Komandir bunu bəlkə iyirmi dəfə danışmışdı. Hər dəfə də danışanda

Qara elə bilirdi bir maraqlı kinoya baxır, Komandirin danışığını

eşitmirdi, görürdü. İndi Totuq Komandirin sözünü kəsəndə Qara elə

bildi lent qırıldı. Acıqlı-acıqlı Totuqa baxdı, sonra yenə üzünü

Komandirə tutdu:

- Hə, qapını açdı, suyun içindəydi, məmələri də çöldəydi, sonra...

- Hə, qapını açdı, suyun içindəydi, xalatının yuxarı düymələri də

açıqıydı, məmələri də çöldəydi, saçını da qurutmamışdı. Saçları

məmələrinin üstündən şəlalə kimi tökülürdü. Dünya gözəli qız ola,

açıq məmələr ola, mənim kimi də görməmiş kənd uşağı ola, elə dəhlizdə

basmarladım ey...

Komandir danışırdı, Qara day Komandiri eşitmirdi...

... Qara bir xəlvət otaqdaydı, həmin Aktrisa da hamamdan təzəcə

çıxmışdı, xalatdaydı, xalatının yuxarı düymələri də açıqıydı,

məmələri də çöldəydi, saçları da şəlalə kimi məmələrinin üstündən

axıb tökülürdü. Qara əvvəl-əvvəl xalatının o biri düymələrini də

açırdı. Daha Komandir kimi elə dəhlizdə basmarlayıb altına salmırdı.

Qara bütün düymələri açdı. Aktrisa onun əlindən tutub gətirdi yataq

otağına. Xalatı də çıxarıb atdı. Qarşısında kənd toyuğunun yumurtası

kimi soyulmuş bir bədən vardı. Qara utandığından qıpqırmızı qızardı.

Aktrisa onun əllərini qaldırıb qoydu məmələrinin üstünə. Elə bil

Qaranın barmaqlarını tok vurdu, bədəni gizildədi.

Aktrisa:

- Birinci dəfədi?

- Hə!

Aktrisa onu itələyib yıxdı çarpayıya, dodaqlarını yapışdırdı Qaranın

dodaqlarına. Elə bil Qaranın dodaqlarına köz basdılar. Bu köz bütün

bədənini yandırdı...

- Ay sənə qurban olum, ay köpəyoğlu, demədim yatma...

Qara gözünü açdı. Nə yataq vardı, nə incə dodaqlarını əmdiyi Aktrisa,

nə də o dodaqların közü. Çovğun idi. Amma Komandir bircə dəqiqə onu

gec ayıltsaydı, Aktrisanın...

Və Qara bu neçə ayda ilk dəfə özündən asılı olmadan Komandirə ağır

cavab verdi:

- Komandir, sən nə namərd adamsan...

Komandir:

- Yatma, dədəm-nənəm sənə qurban! Neynirsən elə, amma yatma!- Sonra

yerdən bir ovuc qar götürüb Qaranın üz-gözünü ovuşdurdu, dəsmalını

çıxarıb qarın suyunu sildi. Hördü ki, Qaranın sifətində qan deyilən

bir şey yoxdu. Hördü Qara donur. Flyaqadan bir az araq töküb yenidən

Qaranın sif-sifətini ovxalasa da qan gəlmədi.

Yox, uşaqlar donurdu, heç olmasa onları bu gecədən birtəhər salamat

çıxara bilsəydi... Toran qovuşduqca yaxınlaşmaqda olan gecənin onlar

üçün son gecə olacağını daha çox hiss eləməyə başlamışdı.

Postdan üç-dörd yüz addım aralıda ermənilərin dünəndən batıb qalmış

maşınına baxdı. Əgər ermənilərin gözündən yayınıb o maşına gedib

çıxsaydı, bəlkə də əlinə bir şey keçərdi. Elə bircə təkərini sürüyüb

gətirə bilsəydi, bəsləri idi. Amma bu çox böyük bir risq

idi, ermənilərin əlinə düşə bilərdi. Bu dünyada ölümdən də çox

qorxduğu bir şey vardısa, o da əsir düşmək qorxusu idi. Yuxularında

tez-tez mühasirəyə düşürdü, özü də iki körpəsi ilə birlikdə. Bu

körpələrin ermənilərin əlinə keçməməsi üçün nələr fikirləşirdi?!

Körpələrini götürüb hansı səmtə üz tuturdusa qarşısına erməni

çıxırdı. Qucağında iki körpə, sağ-sol erməni. Və belə anlarda həmişə

Allaha üz tuturdu, yalvarırdı ki, heç olmasa bu gül üzlü körpələri

körpəliklərinə bağışlasın. Çox qəribə idi ki, həmişə də Allah onu

eşidirdi, nəinki körpələri, elə onun özünü də əsir düşməkdən xilas

edirdi və yuxudan ayıldırdı. Oyanıb bütün bunların yuxu olduğunu

görəndə elə sevinirdi, elə bil təzədən doğulurdu. İçində axmaq bir

hiss vardı, ona elə gəlirdi ki, əvvəl-axır bir gün bu yuxu

gerçəkləşəcək, ermənilərin əlinə əsir düşəcək. Əstündə qumbara

gəzdirirdi, əsir düşsə özünü partlatsın.

İndi özündən asılı olmayaraq əlini qumbaraya atdı, yerindəydi. Yenə

maşına tərəf boylandı. Çovğun erməniləri də pisikdirdiyindən öz

başlarının hayındaydılar.

Gözü qalmışdı maşında. Bircəcə təkər gətirə bilsəydi... Bircəcə

təkər... Bircəcə təkər də onların üç-dörd yüz addımlığındaydı. Bəli,

onlardan üç-dörd yüz addım aralıda bığ yerləri təzə-təzə tərləyən bu

uşaqları xilas edə biləcək bir təkər vardı.

Bir tərəfdə əsir düşmək qorxusu, bir tərəfdə də onları donmaqdan

xilas edə biləcək bir təkər. Hələ onu da bilmirdi ki, o təkər o

maşında var, ya yox.

Getməliydi! Getməliydi və o maşında onları bu gecə dəhşətli və

dəhşətli olduğu qədər də çox ucuz və axmaq bir ölümdən xilas edə

biləcək o təkəri gətirməliydi.

Qaraya baxdı, donurdu Qara.

Qara bir dəfə utana-utana demişdi:

- Komandir, mən hələ qadın görməmişəm.

Yox, qoymayacaqdı nə Qara donsun, nə də o biri uşaqlar. Qoymayacaqdı

Qara dünyanın qadın gözəlliyini dadmamış getsin bu dünyadan.

Əsir düşsə də gedəcəkdi. Özünü qumbara ilə partlatmağa məcbur qalsa

da gedəcəkdi. Həsrətlə onun yolunu gözləyən körpələrini yetim qoysa

da gedəcəkdi.

Ölüm ölüm idi. Ya burda donub öldü, ya da ermənilərin əlinə əsir

düşəcəyi halda özünü partladıb öldürdü. O ölüm burda donub ölməkdən

daha şərəfli idi...

... Axşamınız xeyir! "Xəbərçi"nin iyirmi bir buraxılışı efirdədi.

Studiyada Rüstəm Əbülfətoğludu. Müdafiə Nazirliyinin Mətbuat

Xidmətinin verdiyi məlumata görə, cəbhə xəttində sakitlikdir.

Atəşkəs pozulmayıb. İndi isə günün əsas xəbər başlıqları. Bəxtiyar

Vahabzadə ilə Məmməd Araz aclıq aksiyası keçirən Qarabağ qaziləri ilə

görüşüb...

... Bəli, cəbhədə sakitlik idi. Və bu sakitlikdə beş əsgərimiz

ermənilərlə deyil, qar-çovğunla ölüm-dirim savaşına qalxmışdı.

Cəbhədə sakitlik idi və bu sakitlikdə beş əsgərimiz donurdu.

Kofi Annan hardasa dalını çöpləyirdi...

ATƏT-in mavi həmsədrləri İrəvanda içdikləri konyakın təsirindən öz

xristian qardaşlarına qoşulub mahnı oxuyurdular...

Respublika sarayının qarşısında atalı uşaqlar maşın oynadırdılar,

tindəki svetoforun altında iki qaçqın uşaq dayanıb bahalı maşınların

sahiblərini Həzrəti-Abbasa and verirdilər ki, onlara bir tikə çörək

pulu versinlər.

Bəxtiyar Vahabzadə ilə Məmməd Araz Qarabağ qazilərinə yalvarırdılar

ki, aclıq aksiyasını dayandırsınlar...

Müxalifətlə iqtidar mətbuatda bir-birinin başını yarırdı...

Parlamentdə "Damazlıq haqqında Qanun" layihəsi müzakirə edilirdi...

... Beş əsgərimiz isə donurdu. Bu beş əsgər BMT-nin də yadından

çıxmışdı, ATƏT-in də və hətta Allahın da. Bircə Əzrayılın yadından

çıxmamışdı.

Və Komandir bu əsgərləri Əzrayılın pəncəsindən xilas etmək üçün

üç-dörd yüz addımlıqdakı o maşındakı təkəri gətirməli idi.

Filmlərin birində belə bir söz eşitmişdi:

- Kişilər bir dəfə risq edirlər. Bu ya ölümdü, ya həyat.

Komandir qalxdı ayağa:

- Uşaqlar, mən gedirəm maşına.

Bircə Mazandaran Pələngi dilləndi:

-Hara?

- Cəhənnəmə! O maşına.

- Nəyə?

- Bəlkə əlimə bir şey keçdi. Heç olmasa bir təkər gətirə bilsəm

səhərədək bəsimizdi.

- Vurarlar səni.

- Siz məni qoruyun, qorxmayın. Hördünüz ermənilər məni görüb maşına

tərəf gəldilər, basın gülləyə.

Qaraya elə gəldi ki, Komandir getsə bir daha geri dönməyəcək və

onların son ümidləri də Komandirlə birgə məhv olacaq. Nə qədər

Komandir yanlarındaydı elə bil arxalarını dağa söykəmişdilər. İndi bu

dağ da uça bilərdi. Qara heç istəmirdi Komandir getsin. Burnunu

çəkə-çəkə dedi:

- Getmə, Komandir, bu gecə birtəhər dözərik.

Amma Komandir çox gözəl bilirdi ki, bu gecə onların son gecəsi olacaq

və açılacaq sabah onlar üçün açılmayacaq.

Mazandaran Pələngi:

- Komandir, bəlkə mən gedim?

- Yox, sən bacarmazsan. Dönməsəm yerimdə sən qalırsan. Bax, mən

gələnə qədər nə badə yatasınız ha.

Sonra öz flyaqasını açıb verdi Mazandaran Pələnginə.

- Ala, hərdən qurtum-qurtum içərsiniz. Ğz flyaqanı da ver mənə bəlkə

benzin gətirə bildim.

Və Komandir getdi. Heç səngərdə güllə yağışının altında qalanda belə

qorxu hissi keçirməmişdi. Gah sürüşə-sürüşə, gah əyilə-əyilə maşına

doğru gedirdi. Bəzən qorxub otururdu...

...Komandirin Anası titrəyə-titrəyə bayırdan girdi içəri. Həlin

uşaqları yedizdirirdi.

- Bala, yaman soyuqdur. Yazıq uşaq bu şaxtada görən neyləyir? Ğzü də

dağın təpəsindədi. Murovun da soyuğu yaman olur. Allah ermənilərin

tifaqını dağıtsın. Gül kimi yaşayırdıq.

Həlin qalxıb qayınanasına da bir çay süzdü.

-Otur, ay xala, bir stəkan çay iç, qızış.

- Qızışa bilərəm, ay bala? Uşaq dağın təpəsində, qarda-qiyamətdə, heç

məni o sobanın içinə atsan da qızışa bilmərəm. Köpəyuşağı, qoymadılar

adam kimi yaşayaq. Ay Allah, sən bu ermənilərin cəzasını ver.

Gəlin güldü, qayınanasının könlünü almaq istədi:

- Ay xala, indi sənin dediyin o uşaq özünü verib şəhərə, girib bir

xanımın qucağına xumarlanır. Sən də başlamısan dağ belə getdi,

qiyamət belə getdi.

Komandirin Anası əllərini qaldırdı göyə:

- Ya xudavəndi-kərim olan Allah, sənə qurban olum, kaş gəlin deyən

olsun, mən deyən olmasın.

... Amma gəlin deyən deyildi, ana deyəniydi. Komandir xanımın yox,

ölümün qucağındaydı. Amma öz hayında deyildi, əsgərlərinin

hayındaydı. Onları Əzrayılın pəncəsindən qoparmaq üçün yerlə-göylə

əlləşirdi. Göylər çox uzaqdaydı, nə əli çatırdı, nə ünü. Yerdə də

onlara yer qalmamışdı. Bircə o maşında bir təkər vardı, əgər o da

vardısa, ümidi bircə o təkərəydi.

Maşına çata bildi...

Ehtiyat təkəri görəndə az qaldı təkəri öpsün. Desant bıçağını çıxarıb

təkəri ramaya bağlayan boltu açmağa çalışdı, bolt donmuşdu. Yox, o bu

boltu açacaqdı. Amma yenə gücü çatmadı, bu donmuş boltu desant bıçağı

ilə açmaq əslində heç mümkün də deyildi, mantirovka lazım idi. Belə

maşınlarda mantirovka sürücülərin oturacağının altında olur. Hetdi

kabinəyə tərəf, qapını açanda səksəndi. Bir əsgər bərk-bərk kürkünə

bürünüb yatmışdı, avtomatını da atmışdı ayaq altına. Ustufca əlini

atıb avtomatı götürdü, gülləni lüləyə verib dirədi erməninin

sinəsinə, sol əli idə təpəsinə bir qapaz saldı:

- Dur, ay oğraş...

Erməni qımıldandı, amma gözlərini açmadı. Avtomatın lüləsi ilə

erməninin sinəsindən möhkəm basdı:

- Dur...

Erməni əvvəl-əvvəl bir gərnəşdi, sonra gözlərini ovxaladı.

Əsnəyə-əsnəyə gözlərini Komandirə bərəltdi. Əvvəl-əvvəl heç nə

anışdıra bilmədi, elə bildi öz yoldaşlarındandı.

-Nə olub?

Komandir avtomatın lüləsini bu dəfə erməninin çənəsinin altına

dirədi:

- Dur deyirəm.

Erməni başa düşmədiyi dildə söz eşidəndə bir anda özünə gəldi və

dərhal da qorxudan nitqi tutuldu.

- Səsini çıxarma, köpəyoğlu, düş aşağı.

Erməni qorxa-qorxa kabinədən yendi.

- Hardadı mantirovka?

Erməni başı ilə işarə elədi ki, onu başa düşmür.

- Azərbaycanca bilmirsən?

Erməni yenə başı ilə "yox" dedi.

- Mantirovka! Mantirovka qde? Davay mantirovka.

Erməni oturacağı qaldırdı, mantirovkanı çıxarıb uzatdı Komandirə.

Komandir mantirovkanı almadı, əli ilə ehtiyat təkəri göstərdi ki, aç

onu.

Erməni nə qədər hıqqındı gücü çatmadı, sanki boltu ramaya

qaynaqlamışdılar. Komandir işarə elədi ki, çəkil kənara. Ğzü

yaxınlaşdı mantirovkaya:

- Ya Əli!

Elə bil bayaqdan ramaya qaynaqlanmış bolt deyildi, yağdakı kimi

fırlandı. Komandir heç ağlına da gətirə bilməzdi ki, bu boltu

o yox, indicə adını çağırdığı Həzrəti Əli açdı.

Təkər düşdü yerə. İndi qalırdı bu təkəri yuxarı daşımaq.

- Ey dığa, veryovka yest?

- Yest.

- Davay prinesi.

Erməni oturacağın altından kəndir çıxartdı.

- Tam çto-nibud yest pokuşat?

Erməni maşının siyirməsindən bir çörək, bir az kolbasa, bir az

sala çıxartdı. Komandir hamısını alıb qoyun-qoltuğuna doldurdu.

- A vodka?

- Vodki net.

Komandir flyaqanı çıxarıb verdi erməniyə ki, bunu benzinlə doldur.

Erməni də dinməz-söyləməz şlanq gətirib bakdan benzin çəkdi,

flyaqanı doldurub verdi Komandirə.

Komandir kəndirlə təkəri möhkəm-möhkəm bağladı və kəndirin ucunu

da verdi erməniyə:

- Taşi, köpəyoğlu!

Əslində bu təkər deyildi, qarlı-fırtınalı bir dənizdə boğulmaqda

olan beş əsgər üçün bir saman çöpü idi. Amma erməni bu saman

çöpünü üzüyuxarı darta bilmədi.

Komandir gördü yox, erməni bu işi tək bacarmayacaq özü də təkəri

itələməyə başladı və erməniyə dedi:

- Davay!

Xeyli qalxdılar, amma hər ikisi yoruldu və oturdular təkərin üstündə.

Komandir gördü erməni çox bərk qorxur, dedi:

- Ne boysya, ya tebya ne ubyu. Yesli xoçeş jit, davay taşi.

Qalxdılar. Erməni öndə, Komandir də arxada, yenidən girişdilər təkəri

yuxarı qaldırmağa.

Bu diki də qalxa bilsəydilər, vəssalam. Erməninin əlləri donurdu.

Hücü də tükənmişdi, heyi də qalmamışdı. Komandirin də nəfəsi ağzından

çıxırdı.

Və birdən...

Erməni özünü saxlaya bilməyib yıxıldı və kəndir donmaqda olan

əllərindən çıxdı. Komandir bunu gözləmədiyindən təkəri saxlaya

bilmədi və təkər üzüaşağı axdı. Komandir bircə içini çəkə bildi. Və

dərəyə tərəf axan saman çöpünə- sabahı onlar üçün doğuracaq son

ümidlərinə, sonuncu ümidini itirən bir insan kimi baxdı və bütün

acığını üzü üstə qarın üstünə yıxılmış ermənidən çıxdı:

- Sənin bajını...

Var gücü ilə ermənini təpikləməyə başladı. Erməninin nə bağırmağa

heyi qalmışdı, nə də özünü qorumağa, bircə əlləri ilə üzünü tutmuşdu

və təpik dəydikcə hıqqıldayırdı. Elə Komandirin də heyi qalmamışdı,

bir-iki təpik də vurub çöməldi, bir az nəfəsini dərdi, özünə gələndən

sonra yenə bir-iki təpik vurdu. Və bu dəfə rusca deyil, azərbaycanca

dedi:

- Dur, qəhbənin doğduğu!

Amma erməni qalxa bilmədi, Komandir bıçağını çıxarıb dirədi boğazına:

- Qəhbə oğlu, qəhbə, sənlə deyiləm.

Bıçağın soyuq və iti ucunu xirtdəyində hiss eləyən erməni qorxunun

gücündən qalxdı.

Çatdılar posta. Komandir avtomatın qundağı ilə erməninin kürəyindən

vurdu:

- Təkəri buraxdı qəhbə oğlu qəhbə.

Ağzı üstə yerə yıxılmış erməni zarıdı.

- Klyanus materyu, ya ne xotel.

- Sənin materinin... Maşında yatmışdı köpəyoğlu.

Mazandaran Pələngi:

- Komandir, indi bu oğraşı neyləyəcəyik?

Komandir əsəbi halda:

- Paza keçirəcəyik. Heç olmasa bunları gətirə bildim.-dedi,

qoyun-qoltuğundakıları çıxartdı. İki gündü aclıq çəkən uşaqların

gözlərinə işıq gəldi.

Komandir gətirdiklərini beş bərabər yerə böldü, payladı uşaqlara, bir

pay da özünə götürdü.

- Hamısını birdən yeməyin.

Kim idi bunu eşidən. Bayaqdan danışmağa halı olmayan Qara

kolbasa-çörəyi ağzına necə dürtüşdürsə Komandirin gözləri doldu,

ürəyində dedi: "Özüm ölsəm də səni qoymayacam öləsən".

Qorxusundan büzüşüb yumağa dönmüş erməni yazıq-yazıq onların ağzına

baxırdı, çörək qaldı Komandirin boğazında. Elə Qara yaşda olardı.

Komandir yeməyi az qala gözlərinə təpən öz əsgərlərinə baxdı, bir

udqunan erməniyə baxdı, gördü çörək boğazından keçmir. Ğz payının

yarısını kəsib uzatdı erməniyə.

- Ala.

Erməni bir Komandirə baxdı, bir Komandirin ona uzatdığı

kolbasa-çörəyə, udqundu, amma almağa cəsarəti çatmadı.

- Vozmi. Ne boysa. Vozmi ya skazal.

Erməni titrəyən əli ilə kolbasa-çörəyi aldı, elə o da Qara kimi

dərhal təpdi ağzına. Və elə sürətlə yedi ki, elə bil kimsə tutub

indicə əlindən alacaqdı. Sonuncu tikəni də udandan sonra Komandirə

dedi:

- Spasibo.

Povestin sonu sabah çap ediləcək.

# 4097 dəfə oxunub

Müəllifin son yazıları

# # #