Müasir poeziyanın inkişaf meylləri

Müasir poeziyanın inkişaf meylləri
3 sentyabr 2015
# 15:37

Lalə Həsənova

(Gənclərin yaradıcılığı əsasında)

Ötən ilin ədəbi materiallarını tədqiq etdikcə görürük ki, müasir gənclərin yaradıcılığı üçün daha çox suallar, sosial gerçəkliklərin təsviri, əvvəlki nəsillərin müqəddəs bildiyi hisslərə prozaik münasibət, bir sözlə heyrət deyil, analitik yanaşma səciyyəvidir.

Burada əbədi mövzulara əks mövqedən baxış, ülvi hisslərin daha əlçatan, daha adi təsviri, fəlsəfi mövzuların prozaik təqdimi, insanın ətraf mühitlə konflikti deyil, daha çox öz-özü ilə qarşıdurması və dialoqu, özünü yeni müstəvidə dərk etmək cəhdi müşahidə olunur. Gənclərin yaradıcılığının əsas leytmotivi dünyaya fəci baxışdır. İroniyanın, qroteskin, brutal sarkazmın arxasından boylanan bu hiss müxtəlif şairlərin əsərlərində fərqli yozumda təqdim olunur: Əsəbimi soyutmaq istəyirəm bir şeylə: təpik vurasan yer kürəsinə Marsla Venera arasından keçə Sən də sevinəsən “qol vurdum deyə… (Emin Piri, “Oyun”). Diqqətlə izlədikdə görürük ki, poeziyaya dillə baglı eksperimentlər, müasir gercəkliyin doğurduğu, narazılığın, yorğunluğun təsviri üçün zəruri olan aşağılayıcı leksika yol tapır. Lakin çağdaş ədəbiyyatda yenə də insanın daxili aləmi və hisslərinin təsviri üzərində qurulan şeirlər mövcuddur. Hətta bəzi şeirlərdə 60-cı illərdən itirdiyimiz, həyatsevər, dünyaya açıq olan lirik “mən” belə təzahür edir. Bu baxımdan gənclərin yaradıcılığına nəzər saldıqda, mənzərənin fərqliliyi meydana cıxır. Qeyd etdiyimiz xüsusiyyətləri konkret əsərlər üzərində nəzərdən keçirsək, ənənəvi lirizmın, poetik sözün ahənginın gənclərin yaradıcılığında ironiya, ədəbi təcrübənin transformasiyası ilə əvəzləndiyinin şahidi oluruq. Müasir poeziyada əsasən aşağıdakı istiqamətləri fərqləndirmək olar: mənanın vasitəni üstələdiyi ənənəvi poeziya (bu zaman bütün vasitələr yalnız məzmunun daha dolğun ifadəsinə xidmət edir) və poetik dilin yeni imkanlarının yaradılması üzərində qurulan modern poeziya. Birinci bölgüyə aid edilə bilən A.Amin, P. Axund, Ə. Cabbarlı, G.Səma və bir çox başqa müəlliflərin şeirlərində klassik şeirə xas poetik duyum və poetik obrazlar yer alır. Lakin təssüf ki, bu nümunələrdə əsasən klassik formanın ”yenilənməsi” baş vermir. Müşahidələr göstərir ki, bir çox gənclər həm ənənəvi, həm də sərbəst formaya üz tuturlar.

Məsələn, Anar Aminin şeirlərinə nəzər salsaq, sanki klassik formada yazdığı nümunələrdə məzmun da ənənəvidir. “Səməd Vurğunun heykəli önündə” adlandırdığı üç bəndlik şeirində məna çoxsəsliliyinə nail olan şair, mövzu yeksənəkliyi ilə oxucunu yormur. Mətndə müasir dövrdə yaşayan şairin taleyindən bəhs edilir, ikinci bənddə bu zalım dünyaya cəsarətlə “gəlmişəm”, – deyərək meydan oxuyan və xoşbəxtlik iddiliyasından uzaq, dünyanın zülmünü, əzabını göz önünə alıb yaşamağa qadir olan insan obrazı canlandırılır: …Hərdən durub heykəllərə baxıram, Bəlkə mən də daş olmağa gəlmişəm… Üz-gözümü batıracaq quşları Başım üstdə daşımağa gəlmişəm… Başım üstdən hədə gəlir; çoxusu – Dünyamızın azı torpaq, çoxu su. İslanmışın yağışdan nə qorxusu, İslanmışam, yaşam, Ağa, gəlmişəm… Müxalifəm ağasıyla, şahıyla, Şah yanında mahcamalın mahıyla, Zülümüylə, əzabıyla, ahıyla, Mən bu ömrü yaşamağa gəlmişəm… Həm poetik yanaşma, həm forma baxımından maraqlı olan şeirdə sanki mövzu “yenilənə” bilmir. Təsvir edilən obraz daha çox klassik dövrə aiddir, yəni ötən əsrin insanıdır. Bu, bu günün texnologiyasının əsiri olan, çoxsaylı faciələrdən keçərək özünə və gələcəyinə narahatlıqla boylanan müasirimiz deyil. Və yaxud “Min yol ayrılığa sinə gərmişəm” şeirindəki məhəbbət, hisslər necə də tanış və anlaşılandır. Ancaq bununla belə, doğma deyil, yaddır: ..Bu eşqdir, vərdişdir, nədir, bilmirəm, Elə darıxıram səndən ötəri. Necə ki, yay ayı dağlar darıxır, Dumandan ötəri, çəndən ötəri. Qaybalı dağından gözlərini çək, Cəfər dərəsində bir dağdağan ək… Mən səndən ötəri darıxdığım tək, Kimsə də darıxır məndən ötəri Yenidən dastanlara, nağıllara xas bir saflıq, bir inam təsvir olunur… Bunlar bu günün insanına xas olan, reallıqla üz-üzə gətiriləcək, insanı müasir dünya ilə qarşı-qarşıya qoyacaq hisslər deyil… Çünku bu mətnlərin əksəriyyətində klassik şeirə xas poetik duyum, ənənəvi obrazlar, reallığa və fakta stereotip yanaşma sərgilənir. Dinamik dünyada insanın hislərin dərinliyinə varması arzu edilən olsa da, bunun mümkünlüyü şübhə doğurur. Müəllifin digər şeirlərində – “Hər şey gözəl imiş həddinə kimi”, “Ürəksiz yazılan sevgi”də də eyni xüsusiyyətlər diqqəti çəkir: Sətir-sətir başlar sevgi nağılı, Olmaz sevənlərin, olmaz ağılı. Sən varlı qızısan, mən kasıb oğlu, Bu eşq tapa kimi, itirə kimi. Göründüyü kimi, real dünyanın ovqatına uyğun gəlməyən ənənəvi romantik ab-hava yenə də qorunmaqdadır. Amma müəllif başqa bir nümunədə sərbəst formaya keçidlə məzmundakı bu məqamları aradan qaldıra bilir: Vaxt sənə görə nöqtə, mənə görə vergül, ona görə nədir, bilmirik… Vaxt yol deyil, yeriyəsən, yolçu deyil, saxlayasan, çay deyil keçəsən, dəniz deyil üzəsən, vaxt vaxtdı (“Vaxtın vaxtı yoxdu”).

Onun şeirlərinin ünvanı yenə də hissləridir. Başlıqlara bölmədiyi şeirlərini bir mövzu – nakam məhəbbət birləşdirir. Eyni mövzuda, eyni minor tonda yazılan şeirlərdə ömrün payız fəslidir. Şair nakam hisslərini, bədbəxtliyini təbiətlə bölüşür: Ötüb gedən günləri, əyləmək istəyirdim… adını göy üzünə, söyləmək istəyirdim… odla, suyla, küləklə danışmaq istəyirdim. hərdən zalım fələklə dalaşmaq istəyirdim… Nöqtələrdən sonra belə böyük hərflərdən imtina şeirlərin hüzünlü intonasiyasına uyğun seçilib. Böyük mətləblər, fəlsəfi interpretasiyalardan uzaq olan bu nümunələr həzin bir kədərin səmimi və sadə təsvir ilə diqqəti çəkir, dərin təlatümləri ifadə edir. Lirik qəhrəman hətta ağrısına qalib gələrək bu hissin obyektinə qayğıkeşliklə yanaşa da bilir: … bəlkə qışdan danışaq, payız da çoxdur sənə… … əlimdən tut, bilirəm, yaman soyuqdur sənə… Mətləbin şeirləri ilə bağlı yazılarda yuxarıda sadalanan xüsusiyytlərdən (V. Yusifli, N.Cabbarlı) bəhs edilmişdir. Bu isə çox təssüf ki, şairin, “payız sevgisi”ndən çıxa bilmədiyini göstərir. İstedadlı şair ücün isə bu təhlükəli bir məqamdır.

Ənənvi formada yazdığı şeirlərini daha maraqlı hesab etmək olar, sərbəst şeirlərə sanki müəllifin fəlsəfi duyumu catmır. Onun birinə ünvanlanmış müraciət formasında olan şeirlərində bəzən mövzunun məntiqi ardıcıllığı itir, müəlifin özü də sanki əvvəli unudur, yeni bir vəziyyətin təsvirinə keçid baş verir (“Daş adam!”). “Qara adama məktub” şeirinde olduğu kimi ,“Leyla” şeirində də tənhalığın maraqlı interpretasiyası yer alsa da müəllif sona qədər buna nail ola bilmir. Birinci şeirdəki zahiri qaralığı düşündüyü kontekstə gətirib çıxartmır. Qarşılaşdırma (ağ-qara) səthi konteksti adlayıb dara dərin semantik məna kəsb etmir. Qara adam elə afrikalı qara adam anlamında qalır. Bu müstəvidə aparılan qarşılaşdırma isə uğursuzdur. Müəllifin özü üçün aydınlaşdira bilmədiyi poetik dünyası oxucu üçün məntiqsiz və anlaşılmaz qalır. Məhəbbət mövzusnda qələmə alınnış “Ağ ölüm” şeirində müəllifin bu hissi dərk etmədiyi, “oyun oyuncaqla” davranırmış kimi qələmə aldığı aydın olur: Nə qədər düsturla hesablasam da, Mən səni tapmadım, tapa bilmədim. Söz atıdı nədi, ona da mindim, Nala-mıxa vurdum, çapa bilmədim. Bu misralarda şair müəyyən forma gedişlərinə baş vursa da mövzunun mahiyyətinə baş vura bilmir: Sən mənim bildiyim ən çox adamsan, Mənim tənhalığım qu tənhalığı. Bu qədər çoxluğu neyləyəcəksən? Birini ver ovut, bu tənhalığı… “Çox adam”, “qu tənhalığı” kimi kontrastlar təəssüf ki, uğursuz ədəbi üsul olaraq qalır, konkretləşə, məzmuna daxil edilə bilmir. Məntiqi pərakəndəlik, primitiv yanaşma şairin aşağıdakı misralarında da yer alır: İndi yorğunam mən, il yorğunuyam, Fikir yorğunuyam, dil yorğunuyam. Bilmirəm dünyanın hansı çəmidi. Cəfəng sevgiləri unutmaq deyil, Saçımdan asılıb bir ağ ölümün Üzünə sevgiylə gülmək dəmidi. Lakin şeirlərdə maraqlı bədii tapıntılar da yox deyil. “Dayaz adamları sevdim ki, boğulmayım!”, “1-ci şəxsin cəmində “Başqa olaq” ”, “Qağayı kədəri” ifadələri bu qəbildəndir. Müəllif əsasən gözlənilməz sonluğa üstünlük verir. Əsasən gözlənilməz sonluq mətn ilə təzad yaradaraq əsəri fərqli, əks yozumda təqdim edir. Lakin Nigar buna nail ola bilmir. R.Əhməd, D.Əhməd, A.Əlioğlu, K.Həsənqulu, A. Evren və b. müəllifləri isə ikincilərin sırasına aid etmək olar.

Gənc şair Ramil Əhmədin “Amerika”, “Sevginin zamanı”, “Nikbinlik”, “O” şeirində məhəbbət, sevgi münasibətlərinə müdrik, fəlsəfi bir yanaşma nümayiş etdirilir. İlk baxışdan erotik şeir kimi qiymətləndirilə biləcək bu parçada erotika dərin fəlsəfi anlam, qadın və kişi arasındakı sevgi münasibətlərinə fərqli baxış bucağını özündə ehtiva edir. Hazır konsepsiyalara deyil, ehtimallara əsaslanan şair, fərqli anlamları birləşdirərək (Kolumb və sevən kişi), mövzuya müccərrəd və sirli yozum verməyə cəhd edir və buna nail olur: Bütün kişilər Kolumbdu bəlkə? Sevgi inanmaqdı ömrün sonuna qədər, ömrün sonuna qədər Amerikanı Hindistan bilməkdi. (“Amerika”) “Amerikanı Hindistan bilmək” ifadəsi bu hissin daha çox aldanışlarla bağlı olduğunu vurğulamaq üçün istifadə edilir və bənzətmənin orijinallığı ilə diqqəti cəlb edir. Müəllif heç bir saxta fələsəfəçiliyə baş vurmadan, dəqiq seçilmiş müqayisələrlə dərin mətləblərdən bəhs edə bilir. Bu poeziyanın özəlliyi ondadır ki, ənənəvi təsvir və tərənnümdən uzaqdır. Məzmun oxu prosesi ilə bitmir, əyaniləşmir. Kiçik parçada müqayisələr yalnız dərk edilmir, həm də hiss edilir, duyulur. Uzun-uzadı təsvirlər olmadan belə, bu hissin alt qatı diqqətə çatdırılır, gözə görünməyən, ağrılı məqamlar önə çəkilir, yaşananlar sadəcə təsvir edilmir, həm də “yaşadılır”. Şeirin müəllifinin düşüncəsinə görə, bu gün məhəbbət kövrək ürək çırpıntıları deyil, yanlış kəşfdir. Bu şeir parçasında həzin bir nisgil, dramatik bir sükut yer alır. Əvvəlki məhəbbət şeirlərində olduğu kimi, burada artıq hisslər qaynamır, çağlamır, coşmur, aşıb-daşmır. Bunun əksinə olaraq, sevgi hissinə rasional bir yanaşma, ölçülüb-biçilmiş münasibət sərgilənir. Eyni ahəng onun “Qırmızı” şeirində də qorunub saxlanılır: mərhumun günahı: göydələnin damındakı antenin qırmızı işığından keçib və çox sevirmiş çoooox… İntiharın qırmızı rənglə təqdim olunması orijinal bir formada arzularla faciəni özündə birləşdirə bilir. Axı qırmızı rəng arzu, şadlıq rəmzidir. Amma eyni zamanda da qan rəngi kimi ölümü ifadə edir. Müəllif mövcud olan bu daxili bağlılığı tapmaqla mətləbi açmağa nail olur. Şairin “Günəş” şeiri həyata ruhi, mistik bir yanaşmanın bəlirtisidir. “İçi boşluq dolu”, “kədərə hamilə” insan, “Tanrı ruh üfürməz” kimi misralarda üzünü Allaha tutmuş gücsüz, köməksiz insanın harayı bir qədər sonra onun Tanrı ilə dialoquyla əvəzlənir. Poetik qəhrəman süni pafosdan, müşkül müzakirələrdən qacaraq, əbədi problemi uşaq səmimiyyəti ilə “çözməyə” çalışır: Heç Günəşi qarşılamaq üçün çaldımı zəngli saatın? Günəşi görmək üçün oyandınmı? Ömründə bircə yol iş üçün yox, dərs üçün yox günəşi görmək üçün, yaşamaq üçün olsa gözlərinin ilk açılışı, Sevsən adamları, dünyanı, ağacları, günəşi, yağışı onda hamıdan, hamıdan güclü olacaqsan!

Aqşin Evren fərqli obrazlar, yeni nəfəs, yeni yanaşma sərgiləyə bilən müəlliflərdəndir . Onun şeirlərində mövzu, məzmun birbaşa deyil metaforik üsulla çatdırılır. Şeirlərin başlıqlarına ənənvi poetiklik yaddır: “Qürub çağı bir qadın”, “Yol nəqliyyatı”, “Balerina ilə şahmat taxtasında”, “Keçmişin lazımsız xatirələri”, “Bermuda bir addım qalarkən”, “Ölüm son peşəmizdir”… Birbaşa deyim tərzinin metaforalarla əvəzlənməsi müəllifin mürəkkəb bir dünya modeli qurmasına işarədir. Burada eyhamlar, yönləndirmələr elə qurulmalıdır ki, oxucu ilə müəllif arasında baryer deyil, qarşılıqlı anlaşma yarana bilsin. Əks halda əsər baglı kitab olaraq qalacaq, nəticədə məzmunun oxucuya ötürülməsi baş tutmayacaq. Müəlliin ən xırda səhvi belə bu münasibətləri poza bilər. “Ölüm son peşəmizdir” şeirinə nəzər salsaq şairin rahatlıqla məzmunu oxucuya “ötürdüyünün” şahidi oluruq: Toz içində daş daşıyan fəhlələrik, hər gün bir şeyin daşını atırıq; sevginin, şərabın, ümidin, əzabın, Fəqət… Yalnız “yalnızlıqlar” bizi yalnız buraxmır… Şair insanın bir çox hissləri, yaşantıları itir-itirə başa vurduğu ömrü zahiri təmkinlə (tragediya ilə deyil – L.H.) təsvir edir. Lakin bu təmkin məzmundan doğan faciəni azaltmır. Əslində iki əks anlayış təmkin və əzab birləşərək gözlənilmədiyi bir halda vəziyyətin real, obyektiv, əvvəlki əsərlərə xas pafosdan, patetikadan uzaq mənzərəsini yaradır. Əsas olan hadisələrə baxış bucağının dəyişməsidir. Insan özünə olan süni inamdan uzaqlaşaraq karma anlayışı ilə barışır, üsyankar insan müdrik insanla əvəzlənir. Nə ağlamaq, nə sızlamaq, nə də qalib ədası ilə olanlara müdaxilə etmək… Sadəcə həyatın ahənginə təslim olmaq- poetik dünyanın qanunauyğunluğu budur. İnsan təəccübdən, heyrətdən imtina edir. “Artıq tikib bitirdim, Artıq hazırdır kəfən”- həyat kəfəni hazır etmək ücün verilən məqamdır. Həyat ya təssüfləndirir, Ya da təəccübləndirir Üçünçü variant: Get güzgüdə cizgilərinə bax. Eyni fəlsəfə “Bermuda bir addım qalarkən” şerinde de yer alır. İnsanın itən üz gizgiləri obraz olaraq hər iki şeirdə yer alır, binar qarşıdurmaların aradan qalxması baş verir: … bir əlini sinənə qoy, Bax, durmadan vurur ürək; Bil ki, bu əzraildir, qapını döyür, Yaşamaq yavaş-yavaş ölməkdir axı, Insan gün keçdikcə bir az da ölür… Müəllif bu mətləbləri çatdırmaq ücün müxtəlif üsullara əl atır, “kələm –mələk” kimi söz oyunundan istifadə edir, məsəlləri cüzi deformasiya ilə mətnə daxil edir: “sən saydığını say, Gör fələk kimləri sayır…”. Məlum anlayışlara yeni “tərif” verməyə calışır: başdaşlarımız bizi ziyarət edənləri küləkdən qoruyan hasardır…. Əslində, qazılmış qəbir dünyanın açar yeri…” Başqa əsərlərdən allyuziyalar, remissensiyalardan istifadə edilir: “Bu şəhərdə dəniz haqqında deyilmiş bircə gözəl cümlə var: “Dəniz kənarıyla qaçan alabaş”, “Gevcəni Zamza taleyi kimi yatardı yatağında”.

Könül Həsənqulunun “Qaranlıq” şeiri sözün məna qatlarının dəqiq yozumlarını verən ifadələrlə yadda qalır. Qaranlıq həm günün bir vaxtı, həm ömrün çətin “qaranlıq dövrü”dür. Və bir də bu çətinlikləri susdurmaq əzmi… Qısa, lakonik cümlələrdən ibarət misralarda ilk baxışdan məzmun sadə və aydın görünür. Amma əsas odur ki, şair bu aydınlıqdan doğan mürəkkəbliyi nişan verə bilir: susdurmuşam içimdə Züleyxanın qara zindan misalı Yusifə zülm edən məkrini Ağrılarını. Bu misralarda hər şeyə, hətta doğacaq sabahlara qədər bütün çətinliklərə qalib gəlmək əzmində olan aşiq obrazı canlandırılır: Ayı – dağların ətəyinə Günəşi – bir körpənin əllərinə tapşırmışam Mətndə müəllif, sadə cümlələr vasitəsilə lirik intonasiya qurmağa nail olur. Beləliklə, “qaranlıq” sözü zaman kəsiyi anlamından cıxaraq obrazlaşır, məhəbbət mövzusu ənənəvi patetikadan uzaq şəkildə çanlandırılır. Diqqət etdikdə görürük ki, K. Həsənqulunun ötən illər qələmə alınmış şeirləri stuktur baxımından daha mürəkkəb idi. “Dəmir fincanda süd və Moskva” şeirində yelləncək Katyanın ayrı-ayrı məkanlara, yaş mərhələlərinə adlamasına imkan verən uğurlu bir detal idi. İlk baxışda sanki təsvir dərinə işləmir, hər bir şey ani olur, göz önündə baş verir. Bu şeirdə zaman-məkan hüdudları daha dinamik, obrazlar sistemi daha zəngin idi. Məsələn, ömrün uşaqlığından gəncliyə adlamış qızın uşaqlıq nostaljisi, uşaqlığın obrazlaşdırılımış nişanələri olan yelləncək, isti süd maraqlı və dəqiq tapıntılar idi… Bu, yəni ilk baxışda birbirindən uzaq məfhumları dəqiq fokusda birləşdirmək bacarığı Könül Həsənqulunun yaradıcılığının ən güclü tərəfidir. Bu zaman hadisələrin ardıcıllığı pozulur, ayrı-ayri fraqmentlər, fərqli məkanlar bir müstəvidə qarşılaşdırılır. Bu hissələr daim təkrarlanan “bağlayıcı” söz vasitəsilə əlaqələndirilir. Amma Könül Həsənqulunun son şeirləri daha lakonik, daha sadə görünür. Lakin bununla belə bu sadəlik bəsitlik deyil. Əksinə, bu nümunələr maraqlı struktura malikdirlər. Məsələn, “Kiçik formatda küçə” şeirində ata tamamilə fərqli şəkildə canlandırılsa da, diqqət edildikdə görünür ki, əslində, bu obraza xas klasssik xüsusuiyyətlər qorunub saxlanılır. Ata poetik qəhrəmana qayğı və rahatlıq bəxş edir: küçədə əl izləri var – çəkilib üzüaşağı həzin bir sığal damlarda göz yaşları… ordasa yaydı ovcunda tutub bir kişi üst-üstə iki çörək sol qolunda saatı əlində qara eynək çörəyin üstündəsə qat-qat öpüş izləri – anamın dodaqları bu – sənin fotoşəklindir ata! Və ya digər bir şeirində müqayisə predmetləri ənənəvi poetik anlayışlar olmasa da, iki insan arasındakı uçurumu ifadə baxımından heç də uğursuz deyillər (mən kafelərdəki jazz`ı sevirdim/sənsə içalatı/inan ki, indi/unuda bilmədiyim bir şey varsa – o da bəmbəyaz bahalı boşqabın içindəki qanlı ucuz/toyuq içalatıdı!).

Dilqəm Əhmədin yaradıcılığında mifik kontekst, obrazaların metoforik anlamda təsviri yer alır. Məsələn: “Troyaya” şeirində sevgidən “Yola çıxmışamTanrıların savaşdığı oraya… Troyaya…” deyərək bəhs edilir. Əzəli və əbədi yolun yolçusu aşiq: Qarşımda iri qəsr, Qəsr içində neçə əsr, gizli qalmış neçə sirr, bir də sevginə əsir… kimi misralarında da, “Metamorfoz” şeirində də minimalizm, dəqiq seçilmiş ifadələr, qısa misralara dərin fikir ifadə etmək bacarığı diqqəti çəkir. Nakam sevgi birbaşa deyil, daha cox eyhamlar vasitəsilə çatdırılır. Bu sevginin ağırlığı yük kimi oxucunun üstünə cökmür, zərrə- zərrə mətnə yeridilərək, uzaq bir traektoriyadan ustalıqla sona doğru təqdim edilir. Son misralar (“Unut”, o “unut” deyir, Doğmayacaq baxışı”) əslində əvvəlki misralarda verilən bu “yadlığın” (“Dəniz o dəniz deyil”,”…Bəniz o bəniz deyil…”, “Şəhər o şəhər deyil..”) əsas məzmunu kəsb edir. Bu nümunədə nə obrazların yeniliyi, nə ifadə vasitələrinin qeyriadiliyindən bəhs etmək olmaz. Müsbət haldır ki, müəllif sadəcə şeirlərinə yeni “görkəm” vermək xatirinə bu üsullara əl atmir. Lakin parçanın poetikliyi, hisslərin dolğunluğu sayəsində misarlara laqeyid qalmırsan. O, yalnız daxili, intim hisslərin tərənnümü ilə kifayətlənmir “Şərqin sevgi qoxusu” şeirində Qədim Şərqi anlamağa, bir az da anlatmağa çalışır. “Mizrağı da, müdrik baxışı da yalnız sevgi ücün..” olan bu gün isə “diktatorların külqabısı…” olan Qoca Şərqin əvvəlki və indiki siması qarşılaşdırılır. Təssüf ki, bütün şeirlərində müəllif bu keyfiyyətlərə sadiq qala bilmir(“Uzaqlıq”, “Əsgər məktubu”). Bu gün şairlər orijinal deyim, fikir yartamağa deyil, bəlli məqamlara orijinal münasibət göstərməyə çalışırlar. Bir çox şeirlərdə məlum obrazlar yer məzmun kəsb edir. Məsələn, Şeytan barmağında ipləri yellənən beşikdi bu yer. Deməli tabutmuş bu yer yatırmaqçun ölüləri. Ənənvi anlayışın əks məzmun kəsb etməsi nəticəsində beşik doğuluşla bağlı anlayışdan tabuta deformasiya edilir, həmçinin Şekspirin “Dünya bir tamaşadır, biz də onun aktyorları” deyiminə əks çözüm verilir. Oyun, tamaşa birbaşa Allaha ünvanlanmış ittihama çevrilir: Başımızı qadınla aldadıb tutub yerimizi Allah. Qalxıb yaxasından tutub deyəsən bu qədər oynatdın, bəsin deyilmi?! (Emin Piri)

Elvin Bakiroğlunun şeirlərində təzad sakit bir intonasiya ilə çatdırılır. Məzmun ilə intonasiyanın dissonansı üzərində qurulan şeirlərdə şair etirazı, üsyanı, bu anlayışların daxili məzmuna əks sakit tonallıqda təsvir etməyə calışır: Anam qədər sevirdim ananı, Çox yaxşı qadınıydı anan. İbadətini heç axsatmazdı. Yadımdadı, Yazıq qadın, Bizi ayırıb iki rükət namaz qılmağa getmişdi, Hiddətindən köpürdüyü gün… Qardaşın da elə-belə oğlan deyildi ha, Qardaşdan fərqi xuydu mənimçün. Sevgi şeirləri yazardı türk dilində, Sevgiyə böyük sevgisi varıydı. O gün də birini yazdı, Səni sevdiyimi öyrəndiyi, Həyatıma tüpürdüyü gün… Yeddi misralıq bənddə son bir misra əvvəlki misralardan alınan təssüratı dağıdır. Sanki əsəri oxuyub bitirdikdən sonra parçanın məzmunu deformasiyaya uğrayır. “ Bəlkə, elə bu gün eyni avtobusa minmişik”, “Sənə nifrət eləyirəm” çerləri də eyni intonasiyada yazılıb. Ötən il gənclərin yaradıcılığını izlədikcə bir qənaətimiz də dəqiqləşdi ki, müasir poeziyada müqayisələr səthi deyil, daha dərin məzmun kəsb edir. Məsələn, ənənəvi klassik poeziyada olduğu kimi, şəlalə itiliyi, dağ vüqarı, səmanın sonsuzluğu və s. kimi xarici oxşarlıqlar üzərində qurulmur. Alik Əlioğlu da məzmunun parlamasına deyil, məchulluğuna çalışan şairlərdəndir. “Yeni kino”: “Qaraçı qadının günəşi” şeirində insan həyatı filmə bənzədilir. Əvvəli uğurlu, sonu ümidsiz olan yeni filmdə iki situasiya qarşılaşdırılır. Əvvəlcə hamı xoşbəxtdir, günəş qaraçı qadına məxsusdur, lakin “Adamlar təkdir…”. Sonu isə “kədərli və möhtəşəm”dir. Sonradan qaraçı qadın öz günəşini itirir. Beləliklə də, xoşbəxtlik faciəvi sonluqla yekunlaşır. İlk hissəyə diqqət etsək, xoşbəxtliyi şərtləndirən məqamlar “Qəzet oxuyur, bağ belləyir, ağac əkirlər”, “Sevgi də var… Janr: drama” və sonda bir fikir “adamlar təkdir ”. Şeirdə xoşbəxtliyin əslində, zahiri şərtlərlə bağlı olduğu, yaşanmadığı görünür. Bu hiss öz məzmununa aid olmayan nəsnələrdən ibarətdir. Amma sonradan bu zahiri effekt də itir, yox olur. Əslində, ilk baxışdan uğurlu görünən başlangıç öz kədərli sonluğunu ehtiva edir. Şeir oxunub bitdikdən sonra xoşbəxtlik haqqında düşüncələrə dalaraq, bu hissin zahiri əlamətlərdə əks olunmadığını düşünürsən. Şeirdə müxtəlif situasiyalara düşən eyni qadındır. Amma istər-istəməz belə bir sual meydana çıxır: nədən məhz qaraçı qadın? Bu sual isə öz növbəsində oxucunu müxtəlif fikirlərə yönləndəirə bilir. Necə ki, müəllif bunu arzulayırdı. “Qadın və s.” şerində dustaqların yeni həyata necə başladıqları haqqında fikirlər və – Bəmbəyaz bir qadın, Yorğun təbəssümlə Axır küçədə… Leysan yağışda su misalı Üzüaşağı “Bəmbəyaz” epiteti və “axır küçədə” metonimiyası vasitəsilə ağır bir situasiyanın su “yüngüllüyü” ilə qarşılaşdırılması baş verir və uğurla bu mənzərəni canlandıra bilir. Həyata qadından başlamaq Taleyindən kənara çıxmaqdır. Bədbəxtlikdir yəni Ah, yazıq Pirosmani… Sonda misra, şeirin məna yükü ilk baxışdan mətndən kənar görünən Pirosmani ilə bitir. Və bu da öz növbəsində oxucunu məzmunu anlamaq ücün əsərin hüdudlarından kənara yönləndilir (intertekst!). Üçüncü yanaşma da mövcuddur ki, burada hər iki istiqamətin, yəni ənənə ilə cəsarətli poetik yeniliklərin sintezinə cəhd edilməsi diqqəti çəkir. Modern şeirdə klassik obrazlardan, ənənəvi formalardan istifadə, üslub, intonasiya müxtəlifliyinin əldə olunması kimi xüsusiyyətlər cəmləşir. Və bu şairlər kimi, Şəhriyar del Gerani, B. Niftəliyev və b. adlarını çəkə bilərik. Şəhriyar del Geraninin “Üzündən iraq”, “Uzaqlar” şeirlərində müəllif indiyə qədər ilahiləşdirib, göylərə ucaldılan hissləri, bacardıqca adiləşdirməyə, hətta aşağılamağa calışır: kəsib tullayasan qollarını da, yetim saxlayasan qucaqlarını… biryolluq hamıdan çıxıb gedəsən, bir it qucaqlaya ayaqlarını… və ya “arzular da canavar kimidi… əhliləşmir!” kimi ifadələrdə hec cürə qarşılaşdıra bilmədiyəcəyimiz, əks mənaları birləşdirərək paradoks deyil, fəci məna yaratmağa nail olur. Bununla da o, həm forma, həm də poetik obrazlarda mövcud ənənəyə qarşı cıxmağa çalışır. Nəsə,başqa cür olmalıdı nəsə. başqa günəşlə açılmalı səhərlər…. Əslində, bu, müsbər haldır. Lakin bu müxaliflik, bəzən sadəcə üzdə qalır, səthi xarakter alır, nəticədə də müəllif istədiyi mətləblərə çata bilmir. Aradabir şeirlərində nəzərə çarpan (“Oktyabr şeiri..”, “Noyabr şeiri…”, “Dekabr şeiri..”) poetiklik, intim hisslər şairin yaradıcılığının maraqlı məqamları kimi qeyd olunmalıdır. qırmızı kəndirdə boynun dincələ, ölüm də gələndə gülərüz gələ, bir gün uzaqlardan bir payız gələ, deyə ki, qaytarın yarpaqlarımı! Maraqlıdır ki, onun yaradıcılığında bəzi parçalarda klassik şeir bölgüsü, ənənəvi təsvir modern yanaşma ilə birlikdə işlədilir. Şairin bu fərqli, bir-birinə əks olan anlamları birləşdirmək cəhdləri öz maraqlı nəticələrini verir. Başqa bir müəllif, Bəhruz Niftəliyev “Eşqin son şəkli” şeirində müasir insanın hisslərini klassik obrazlar vasitəsilə çanlandırılmağa çalışılır: Süzüb bir bardağa göz yaşını, Masanın üstünə qoysam, Doysam bir anlıq yaşamaqdan. Hər bir dövrdə insanı sıxan, onun öz zamanı ilə qarşıdurmasına səbəb olan narazılıqlar, daxili təlatümlər mövcud olur. Bu şeirdə də müəllif onları dəqiq seçilmiş ifadə vasitələri ilə canlandıra, çatdıra bilir. Bu, onun eyni hadisələrə yanaşma müxtəlifliyi kimi bir bacarığının olmasını da diqqətdən qaçırmır. Yanaşmaqdan çox şey asılıdı çəkilənlərə, Kiməsə xoşbəxtliyi ifadə edər o bardaq, Kiməsə susuzluğun qənimi kimi gələr… Onun “Sərsəm”, “Mən səni sevmək ücün gəldim dünyaya” şeirləri müxtəlif bölgülərdən istifadə edildiyi, ifadələrin yerində, uğurlu seçildiyi nümunələrdəndir. Bu şeirlərdə şair bir məqamı ardıcıllıqla inkişaf etdirərək ən yüksək, ən ali məqama qaldıra bilir: Bütün əşyalar toz götürər, Bütün əyyaşlar söz… Bütün xoşbəxtlər göz götürər, Xalmı düşdü ürəyinə, döz, götürər ZAMAN… Eşq qədər əzəli və əbədi mövzuya müraciət edən şair: Eşq böyüməkdir, bölünmək deyil, Eşqdə kiçilmələr yox, çəkilmələr vardır. Vardır eşq. Eşq vardır… deyərək getdikcə mənanın daha dərin qatlarına işarələr edir: Eşq aşmaqdır, Dənizləri yox, özünü aşmaq Və axmaq kimi hiss etməkdir özünü onsuz. Bu sətirlərdə eşqə sufi münasibət sərgilənir. Həyatın adi istəklərindən ayrılıb, ilahi sevgiyə vararaq əvvəlki cahiliiyindən bir pillə yüksələn insanın daxili yaşantıları canlandırılır. Sözlərin məna yükünün zənginləşməsi ilə “alt” məzmuna keçid edilir. Anlamların alt qatının olması həqiqətinə işarələr vurulur. Əvvəlin də, Axırın da bir yumaq, Yumaq günahları… Gözlərimizi yumaq, Torpağa gedirik… “Bir dərə dərd?” şeirində isə kədərli (”Könlümdəki nəğməni /Özgəyə hava etdim”) intonasiyanı bayatının ritmik ahəngi davam etdirir. Bu ahəng istedad olduqda klassik forma daxilində də maraqlı nəticələrə gəlməyin mümkünlüyünü bir daha sübut edir: Bir dərə dərdin içində min kərə dua etdim. Yerə, göyə sığmadım, Özümlə dava etdim. Könlümdəki nəğməni özgəyə hava etdim. Dağ qarını sevərmi? Ağ qaranı neyləsin? Sənə bir sirr verəcəm, Amma heç kim bilməsin- “Xoşbəxt deyiləm”. Postmodernist şairin öz yaradıcılığını öncəki şairlərin yaradıcılığı kontekstində qurmaq cəhdləri, məlum mətnlərin yeni interpretasiyada təqdimi, sitatların günümüzün reallıqları ilə bağlı şair müşahidələri ilə cuğlaşdırılması, həmçinin mətnlərdə üzdə olan dekonstruksiya çabaları Rüfət Səidin (Əhmədzadənin) “Bukovskinin təsbehlə sındırılması”(Mikayıl Müşfiqə postmodern nəzirə ), Elvin Bakiroğlu Yenə o yay olaydı… (Mikayıl Müşfiqin həyat eşqinə) şeirlərində göründü. Düzdür, bu tendensiya ötən illərdəki qədər aktual deyil. Həmçinin vizual forma oyunlarına müraciətin azaldığı da müşahidə olunur. Bununla belə, bəzi müəlliflər forma ətrafında axtarışları yenə də davam etdirirlər. Məsələn, Qismətin “Çox adi ovqatlar lüğəti”ndən fraqmentlərində şeirlər əlifba ardıcılğı ilə düzülür. Lakonizm, müəyyən hərflərlə başlanan kiçik parçalar, qısa misralar bu mətndə əsas yer tutur. Amma təəssüflə qeyd etməliyik ki, getdikcə poeziyamızda zəifləyən bu xətt ilə bərabər eksperimentlərin, axtarışların intensivliyinin səngiməsinin də şahidi oluruq. Daha bir məqam isə vəziyyətin deyil, hadisələrin, faktların önə çıxması, hisslərin daxili dinamikasının deyil, üzdən təsvirinin yer almasıdır. Məsələn, Emin Pirinin “Analar da ölür” şeirində anasızlıq ağrı kimi, vəziyyət olaraq yaşanmır, təsvir edilir, sadalanır. Buraya fabula üzərində qurulan, sosial tematika ilə yüklənən, həyat hekayəsinin “nəqli” üzərində “yaradılmış” şeirləri də aid etmək olar. Bu nümumələr sırasında V.Nağıyevanın “Polkovnikə məktub var”, Esmira Məhiqızının şeirləri, Sevinc Elsevərin “Anam, uşaqlıq şəklim və mən”, Aqşin Evrenin “Bir az etiraf edəcəm, yaxın otur, müəlliməm”, “Keçmişin lazimsiz xatirələri”, “40 nömrəli simfoniya” və s. nümunələri sadalamaq olar. Müasir poeziyada səmimi intonasiyanın hakim olmasına baxmayaraq, müşahidənin etirafı üstələdiyi duyulur. Şeiriyyət çox zaman, prozaik detalla əvəzlənir. Əsasən də müharibə mövzusunda yazılmış əsərlərdə bu məqam daha aydın nəzərə çarpır. “Əgər ənənəvi şeirdə sözlərin düzümü ilə hərəkətin musiqililiyi nəzərə çarpdırılırdısa, yeni şeirdə həqiqətin (çox zaman qupquru) ifadəsi önə keçir: bir az publisistik, bir az mistik tonla” (C.Yusifli) poeziyanın “prozaikləşmə”si prosesi davam etməkdədir. Öz intim dünyalarına qapanmış şairlərin şeirlərində bu dar məkandan çıxaraq, dünya ilə vəhdətə cağırış, Allah sevgisinə sığınma da əhəmiyyətli yer tutur. Lakin İlahi sevgi sadəcə səslənir, ifadə olunur, yaşanmır. Hətta bu nümunələrdə bir az şüarçılıq belə hiss olunur. Nəticədə də bu hissin şeirdə ifadəsi mistik, fəlsəfi anlam kəsb etmir (Alik Əlioğlunun “Yad şəhərdə”, “Biz onun adına sevgi deyirdik” və b. nümunələr). İl ərzində bir çox gənclərin şeir kitabları – E.Ərşadoğlunun “Eşqə doğru”, A.Amin “Adnalıdan Ağbabana”, G.Ümid “Yaşamağı öyrənəndə…”, P.Axundun “Və hamını unutmaq” və b., – dərc olundu. Bununla yanaşı bir çoxlarının da dövri mətbuatda, internet portallarda aktivliyi müşahidə edildi. Bunların arasında G.Səma, S.Selcan, N.An, R. Dost Əli, S.Elsevər, Ə.Cabbarlı, E.Bakiroğlu, E.Aslangil, S.Əliyevanın, S. İşığın və b. adlarını qeyd edə bilərik. “Eşqə doğru” sayca Elşad Ərşadoğlunun üçüncü kitabıdır. Şairin poeziyasında eşq həm başlıqda, həm də şerlərin adında yer alır. “Eşqə doğru”, “Sevgi adamı ”, “Sevgi qoxuyan adam” , “Sevgi yoluxduran” və s. Məhəbbət burada müxtəlif mənalarda işlənilir və fərqli yanaşmalarla incələnir. Məsələn, təzad üzərində qurulan şeirdə sevgi həm insanın yoxsulluğu, həm də zənginliyi olaraq mənalandırılır: Gör necə yoxsuluq biz, baxmayaraq ki, ömrümüzdə neçə-neçə ölümdən, neçə- neçə ömürdən iz var, ikimizə cəmi bircə sevgimiz var… Gör necə varlıyıq biz, Qiymətlidir sevgimiz, heç kəs geri qaytarmır. Gecə -gündüz hər yerdə, evdə, işdə, şəhərdə xərcləyirik, qurtarmır… Birinci bənddəki müqayisələr uğurlu və tutarlı olsalar da, ikinci bənddə sanki müəllif buna nail ola bilmir. Belə ki, iki nəfərin “bircə” sevgisi bu cür “xərclənə” bilməz, axı… Yəni özəl hissslərin ictimailəşməsi mümkünsüzdür. “Sevgi adam” şerində şair ilahiyə, Allaha sevgisini göstərməyə çalışsa da, bu məqamı məzmuna “hopdura” bilmir. Sevginin ilahiləşməsi reallaşmır. Səslənir, lakin yaradılmır. Fikrimizcə, intonasiya deyim tərzi də mövzuyla uzlaşdırılsa, daha düzgün olardı. Sanma ki, Allaha qulam, Mən Ona dostam, oğulam. Onu sevməklə məşğulam, İşim-güçüm budur mənim. Bir sözlə, kitabdakı şeirlərdə sevgi müxtəlif çalarlar kəsb edir. Bəzən ilahi və müqəddəs, bəzən isə asanlıqla əvəzlənə, yenilənə bilən hiss olaraq verilir: Məhəbbət eyniylə oyun kimidi, Uduzdum, təzəsin başlayam gərək. Bununla belə, qeyd edək ki, ilahi sevgi ilə insani hisslər arasında qalan gəncin duyğuları, səmimiliyi ilə maraqlıdır. Üç bölümdən ibarət kitabda toplanmış şeirlərdə sevgi, həyatla bağlı tərəddüdlər, peşmançılıq da özünəməxsus yer alır. Lakin şair nisgilə, kədərə yenilmir: Nifrəti içimdə çəkdim dara mən, Dedim şad olaram bundan sonra mən. Sevgi yoluxdurdum insanlara mən, Balaca toxunan, əl dəyən kimi… Onu da qeyd edək ki, hələ ki, bir çox gənclərin şeirlərində daha çox daxili təlatümləri eşidir, görürük. Lakin təəssüf ki, bunları həm də hiss edə, sevgini duysaq da bu hissin dərinliklərinə baş vura bilmirik. Şeirlərə xas səmimiliyin, saflılğın zaman keçdikcə, daha dərin fəlsəfi məzmun ehtiva etməsi zəruridr. Pərviz Axundun ilk şeir kitabı “Və hamını unutmaq” adlanır. Kitabın bir bölümü sevgi şeirlərindən ibarətdir. Müddətdi görmürəm hilal qaşlımı, Ötüşər həftələr, aylar, ağlaram. Çırağım sönüncə, düşər gözümdən Çırağban eşiklər, öylər, ağlaram. Klassik deyim tərzinin və ənənəvi obrazların yer aldığı şeirlərlə yanaşı, kitabda xalq şeir növləri – təcnislər, dodaqdəyməz, həmçinin qəzəllər də yer almışdır. Ötən il çap olunmuş “Bitməz könlümüzün Vətən sevgisi” toplusuna gənclərin də şeir və hekayələri daxil edilmişdir. Emin Pirinin “Baş daşları utandırdı məni”, Elçin Aslangilin “Biz mərmilərin övladlarıyıq” şerlərində məğlub əhval-ruhiyyə əks olunsa da, Gülnar Səmanın “Vətənnamə” əsərində qədim türk xalqının varisi olan müasir gəncliyə inamın ifadəsi yer alır. Beləliklə, təhlillər poeziya sahəsində eksperimentlərin, axtarışların səngiməsinə rəğmən, müəlliflərin çoxluğunun müşahidə olunduğunu, klassik şeirlə yanaşı, dünya poeziya ənənələrindən qaynaqlanan maraqlı poetik nümunələrin də yarandığını qeyd etməyə imkan verir. Müasir poeziyada öz poetik tərzi ilə seçilən gənclər pleyadasının formalaşdığı görünür. /senet.az/

# 1748 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #