Sənə öpüşməyi mən öyrətmişəm

Sənə öpüşməyi mən öyrətmişəm
27 avqust 2013
# 07:00

Aleksandr Qriboyedovun arvadına məktubu

Aleksandr Sergeyeviç Qriboyedov rus şairi, yazıçı, diplomatı. 1795-ci il yanvarın 4-də Moskvada, zabit ailəsində dünyaya gəlib.

Təhsil aldığı müddətdə fransız, ingilis, italyan, alman, daha sonra yunan, latın, fars, ərəb və türk dillərinə yiyələnib.

1827-ci ildə Türkiyə ilə İran arasında danışıqlarda vasitəçi kimi çıxış edib. Qriboyedov 1828-ci ildə İranla imzalanan Türkmənçay müqaviləsinin hazırlanmasında iştirak edib.

Bundan sonra İranda rəsmi səfir təyin edilən Qriboyedov elə yerli sakinlərin səfirliyə hücumu zamanı amansızca qətlə yetirilir. Cənazəsi Tiflisə aparılan Qriboyedv burada Müqəddəs David kilsəsində dəfn olunur.

Kulis.Az Qriboyedovun ölümündən 45 gün əvvəl İranın Qəzvin şəhərindən həyat yoldaşına yazdığı məktubu təqdim edir.

Qəzvin , dekabırın 14 –ü , Milad axşamı , 1828-ci il .

Can – ciyər! Sabah Tehrana yola düşürük, atla oraya dörd günlük yoldur. Dünən bir tələbəmizlə sənə məktub göndərmək istədim , lakin fikirləşdim ki, o, on iki gündən tez gəlib çıxmayacaq. M – me Macdonald da, sən də zərfi eyni vaxtda alacaqsınız . Mənim misli – bərabəri olmayan dostum, sənə yazığım gəlir, sənsiz halım yaman pərişandı.

İndi mən əsl mənada başa düşürəm ki, sevmək nə deməkdir. Əvvəllər də möhkəm bağlandığım adamlardan ayrı düşməyimə kədərlənirdim, ancaq bir gün, iki gün, bir həftə keçəndən sonra kədərim yoxa çıxırdı, indi isə səndən uzaqlaşdıqca halım xarab olur. Mələyim mənim, Allaha dua - sənə eləyək ki, bundan sonra bizi bir də ayrı salmasın .

Burada əsirlər məni dəli eləyiblər. Bəzilərini geri vermirlər, bir başqaları isə özləri qayıtmaq istəmirlər. Onların ucbatından burada hədər vaxt itirdim, tamamilə hədər .

Qaldığımız evə söz ola bilməz , buxarı olmadığına görə soyuqdur , manqalların iyindən isə başımız şişib .

Dünən buradakı vəzir Mirzə Həbi məni qonaq çağırmışdı, qardaşı yerli şahzadənin bacısını alır və toy – büsat on dörd gündür ki , davam edir; böyük həyətdəki bir neçə otaqda yemək - içmək, çərəz qoyulub, şam yeməyi verilir, bütün həyət geniş kətan örtüklə örtülüb, çadıra bənzəyir, gen - bol işıqlandırılıb , ortada meydan açılıb, səninlə Təbrizdə gördüyümüz müxtəlif tamaşalar göstərilir, beş yüz nəfərədək qonaq çağırılıb, mənimlə görüşməyə gələn təzəbəy zər – ziba içində idi.

Nə sən şahzadə qızısan, nə də mən məşhur adam, amma buna baxmayaraq bizim toyumuz daha şən keçdi. İlk dəfə səni öpdüyüm yadındadırmı ? Elə ondan sonra tezliklə biz ömürlük əhd – peyman bağladıq . Bəs birinci axşam necə, yadındamı? Anan, nənən və Praskovya Nikolayevna eyvanda oturmuşdular, biz isə otaqda, pəncərədən xeyli uzaq; səni özümə sıxanda, can – ciyər, yaman qızardın, mən sənə möhkəm – möhkəm öpüşməyi öyrədirdim. Mən xəstələnib düşərgədən geri qayıtdıqdan sonra isə sən yanıma gəlirdin. Əzizim!...

Nə vaxt sənin yanına qayıdacağam? Bilirsənmi, səndən ötrü yaman narahatam, hey mənə elə gəlir ki, səfərim ərəfəsində başına gələn hadisə yenə təkrar olunacaq. Bircə ümidim Dərəcanadır; o, qazdan ayıq yatır və həmişə sənin yanında olur. Əzizim, onu öp, Filippə və Zaxariyə de ki, məktubunda xəbər verdiklərinə görə onlara təşəkkür edirəm. Əgər sən onlardan razı qalsan, məndə onları razı sala bilərəm .

Bir az əvvəl şəhərə gəzməyə çıxmışdım; zəngin məscidlər, bazar, karvansara İran dövlətinin özü kimi xarabazarlıq təsiri bağışladı. Çox güman ki, biz gələn il bu yerlərə səninlə birlikdə gələcəyik və yəqin onda hər şey gözünə yaxşı görkəmdə dəyəcək .

Xudahafiz Ninacan, mələyim mənim! İndi axşam saat 9-dur, yəqin bilirəm ki, sən indi yatmaq üçün yorğan-döşəyə girirsən, mən isə beşinci gecədir ki, çimir eləmirəm. Həkim deyir ki, kofedəndir. Mənsə fikirləşirəm ki, səbəbi başqadır. Mağar qurulmuş həyət yataq otağının yaxınlığındadır, camaat oxuyur, şənlənir, bu nəinki məni bezdirir, əksinə, yerinə düşüb, heç olmazsa, özümü tənha hiss etmirəm. Bir daha xudahafiz, Ağalıbəyə, Montisə və başqalarına salamımı çatdır, dodaqlarından, məmələrindən, əllərindən, ayaqlarından, bir sözlə, başından ayağınacan öpürəm .

Həmişə sənin halı pərişanın A . Qr .

P.S. Sabah Milad bayramıdır; Səni təbrik edirəm, əzizim, can – ciyərim. Günahkaram ki, (cismən günahkaram) sən bu böyük bayramı belə maraqsız keçirdirsən, Tiflisdə sənin günün xoş keçərdi. Xudahafiz, sənə çoxlu-çoxlu salam!

Hazırladı: Türkan Almuradova

# 2831 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #