Bezdirir hər şey adamı...

Bezdirir hər şey adamı...
28 noyabr 2014
# 12:25

Kulis.az şair Hikmət Məlikzadənin “Zamana sövqetmə reallığı” məqaləsini təqdim edir.

Ədəbiyyat da digər sahələr kimi ənənəvi dəyişilməyə məruzdur. Bu səbəbdən biz nəhəngləri möhtəşəm ucalıqlara, bir az elmi desək, aysberqə bənzədirik. Ədəbiyyat fövqünün yüksək məqamına ucalmaq cəhdində olan istedadlı şair Anar Amin də SÖZ mülkündə böyük görünənlərdəndir.

Çoxlarından fərqli olaraq onun şeirlərindəki bədii hiss total təfəkkürə istinad edir.

Aşağıda bir-iki nümunə verməklə bu kodeksə diqqət kəsilək:

...Özgəyə yaxınam, özümə yadam,

Haçansa başıma uçacaq bu dam.

Cəsədi qurd-quşa yem olan adam,

Əzablar quşların dimdiyindədi.

***

Taqətimiz dizimizdən,

Sevincimiz üzümüzdən,

Dünya bizim gözümüzdən,

Yaş kimi düşdü, bilmədik...

Bu misralarda gənc şair söz hikmətində zaman gerçəkliyi ehtiva edib; bu parçalarda varlıqdan təşəkkülə fikir paylaşması sürət götürür. Əslində, intuisiya ilə ortaya çıxan qənaətlər gerçəkliyin təsdiqi deyil. İnsan sadəcə, bioloji olaraq pakdır. Fizioloji olaraq isə onun iç dünyasında təlatümlər vəcdə gəlir. Əbəs yerə deyildir ki, insan artıq öz orbitindən çıxıb. Bu çıxıntını Anar Aminin aşağıdakı fikirləri də idraka sığışdırır:

...Bu dünyada savabıyla

Hərə öz günahın yuyur...

Gedir, elə hamı gedir

ORA, öz günahın yuyur...

***

...Elə hər şey mənasızdı,

Bezdirir hər şey adamı.

Ha süzürəm, badə dolmur,

Mənə mey süz, mey adamı.

Bu misralarda insanın öz orbitindən çıxma ehtimalı anlaşılan şəkildədir. Bu ehtimal qarışıq təzada zəmin yaradır. Və təbii ki, həyat hadisələri arasında kəskin təzad yaratmaq hər kəsin işi deyil. Bu mənada, adi həyat içində qeyri-həyata sövqetmə Anar Amin üçün vərdiş yox, bir reallıqdır.

...Yerlə göyün arasında

Od şairin, su şairin.

Yağış yağdır, yağdır, Allah,

Günahını yu şairin.

***

...Dünyada ən böyük dərd

bəlkə də vicdan dərdidi,

Vicdanı narahat olanlar bilər bunu…

Bu şeirlərdə ekstremal şərait həyat-tale çıxıntılıdır. Bu çıxıntıda obyektiv idealizmin daşıyıcısı olmaq mümkündür; gərək elə edəsən ki, fəlsəfi irsin, fikrin və düşüncən materializmə tam zidd olmasın. Əks halda insan inkara tuşdur. Elə yuxarıdakı təqdimetmənin də inkara yönü inkarsızlıqdan keçir. Anar Aminin ustalığı ondadır ki, inkarla təsdiqin ortaq nöqtəsini tapa bilib. Məhz oxucu onun tale və yaradıcılıq işığına elə bu nöqtədən boylanır.

Anar Aminin şeirlərinin əksərində dinamik vəziyyət tale çevrilməsidir; digər şeirlərində isə həyat ötürülməsi vəcd (ekstaz) halıdır. İnsanın vəcd halı (yəni ekstaz vəziyyəti) onu həyati düşüncələrdən «təcrid» edir. Belə halda ikiləşmək qorxusu baş verir. Daha dəqiqi, o, adidən mürəkkəbə keçir. Hansı ki, adi vəziyyətdə insanın içindən keçə bilməsi inandırıcı görünmür, lakin insan mistik fəhmə ideal sıçrayışlar edəndə, onun əhvalında sürreal vəziyyətlər yaranır. Məsələn:

...Bəlkə də milçək öldürmək

Qəhrəmanlıqdı.

Bir milçək öldürməyə

qalxan əllərim

xəcalət çəkdi; -

Əllərim iki,

milçək təkdi…

Misal gətirdiyimiz "Divarın küncü" adlı şeirdə gənc şair ekstremal vəziyyətə işarə vurur, eyhamını ictimai ovqata bükür və bu sövqetmə bir az da sürreal vəziyyət yaradır. Eynilə də ikinin birə nisbətini ədəbi hədlə müəyyən edir, çoxluğun azlıq üzərindəki «qələbəsi»ni ədəbi-ictimai düsturlar vasitəsilə təşviqə cəlb edir.

...O vaxt ölən igidləri

Birinci atlar ağlayıb.

Atlar, atalar, analar,

Sonra tabutlar ağlayıb...

"Zəlzələdən sonra" başlıqlı bu şeirdə dünyanın ikiləşmə - əks çevrilmə anı göstərilib. Zahirdə məsum görünən dünya daxildə yalançı və zülmkardır. Anarın əksər şeirində insan surətləri bu təqdimə uyğun gəlir. Və nəticədə qənaət bu olur: Əsl insan adidir; onun xislətində iki əks qütb birləşmir.

Anar Aminin şeirlərinin bir neçəsinin vizual seyretməsində bir dini yaxınlıq da təzahür edir. Bəlkə də bu zəmin üzrə müəllif dini dəyərlərə bağlı insanları mükəmməl həyati gerçəkliklərlə təmasda məqbul və müqtədir hesab edir. Bu da şübhəsiz, iman və təqvadan yararlanmaqdır.

...Səhər ayağıma,

günorta qarnıma,

axşam başıma düşdükcə,

sıxılıram, sıxılıram...

***

...Adam özün tapanacan

Özün o qədər itirir.

Gördüyündə gözü qalır,

Gözün o qədər itirir.

Ömrü arvada, uşağa,

Bölmək üçün yaşayırıq.

Bu bədii lövhə milyon illərin tarixini özündə ehtiva edir. Burada milyon illər arxanın - bəlkə də ilk yaranışın cizgiləri əks olunur. Bu parçalarda insan yararlanma, tamaha qul olma və s. kimi mənfi hallara düçar edilmir, əksinə, ağrı-acıda təcəlla edən varlığa nüfuzetməyə, sadəlikdən mürəkkəbə keçmə anına sövq edilir. Bu sövqetmə bir növ, insanda ümid, inam hissi də yaradır.

Anar Aminin həyat fitrətinə varid ola bildiyimiz şeirlərində emosional səciyyə, estetik cəhət məxsusi əlamətlərlə özünü təzahür etdirir. Burada bir gənc şair həssaslığı da aydın sezilir. Və bu həssaslığın iç aləmində müəllif oxucusuna təslimçilik əhval-ruhiyyəsi aşılamır. Əksinə, onlara zehni düşüncəni necə islah etməyi, pis əxlaqlı fərdlə izdivacdan kənar durmağı tövsiyə edir.

...Hər gün döyür qulağımı, -

Səs ayaqlı, səs əllidi.

Əlim dəymədiklərinə

Gözüm dəyir, təsəllidi...

Gözlərimə toxunmayın.

***

...İlahi, bilirəm, nəsə bir şey var,

Edilən hörmətin, xətirin altda.

Görəsən, o adam nəyin gizlədib,

Üstünə səpdiyi ətirin altda?!

Bu nümunələrdə mehr-məhəbbət, ağıl və düşüncə nişanəsi, zidd rəftara yol verməmək prinsipləri görürük. Bu aşılamada insan həyatı müştərəklik halqasından xilas olur, həm də bir fərd olaraq vahid etiqadi nizama üz tutur.

Anar Amini oxuduqca, belə bir qənaətə gəlmək olur ki, insanın öz «mən»i ilə ikili həyatını təkcə gözəllik deyil, həm də qarşılıqlı anlaşma, ruhi kamillik və təmiz əxlaq tamamlayır. Onun şeirlərində həm də fikirlər təkcə fitrət süzgəcindən keçməyib, eynilə də burada bir yaşantı var; bu üzdən hər fikirdə poetik ruhun işığı min illərin qaranlıqlarını aydınlığa çevirə bilir. Məhz bunun üçün onun adi bir fikri belə tam bəsirət və arxayınlıqla oxucu yaddaşında təcəlla edir.

Müharibələr ağ üzlü yataqlardan,

qara üzlü otaqlardan başlayır.

Dünya analara bölünüb,

Atalar azadlıq uğrunda müharibə aparırlar...

***

...Bax, bu Yer anamdı, o Göy atamdı,

Bax, məni nə arzu, nə kam öldürür...

Ana Vətən mənim ögey anamdı

Ögey balasını nakam öldürür...

Bu parçalarda da məntiqə zahiri məna verən məhz SÖZdür. Anar Aminin şeirlərində biz SÖZün müxtəlif təzahür formalarını görürük. Bu şeirlərdə SÖZ insan vücudunda gözəl görkəm kimi diqqət çəkir, şairlə oxucu arasında rabitəni mümkün edir, həyat amillərini eqoist əhval-ruhiyyənin caynağında giriftar olmaqdan qurtarır, oxucuya həyatı yaxşı dərk etmək üçün fiziki və psixoloji imkanlar verir. Doğrudan da müharibə faktları, bu prosesin «qara üzlü otaqlardan başlaması», «dünyanın analara bölünməsi» və ataların azadlıq uğrundakı mübarizələri fərd-cəmiyyət axıcılığında sürreal vəziyyətlər yaradır. Məhz gənc şair bu ehtimalı dəqiq anladığından, yuxarıdakı parçalara bu qədər məna və məzmun verə bilib.

Anarın fəlsəfi dərinlik və emosional qüvvətlə yazılmış şeirlərində böyük həyat sevgisi, həqiqətpərəstlik, əks-dini mövhumata qarşı kəskin üsyankarlıq və s. geniş yer tutur. Xoş haldır ki, yeniləşən ədəbi ənənəçilikdə qərar tuta bilmək onun üçün də xasdır.

...Hər şey vaxtında gözəldi dedin mənə,

Vaxtın dəyərini vaxtında qiymətləndirib

gözəlliyini vaxtında görə bilmədik...

***

...Yaddan çıxmaz bu son görüş, ilk görüş,

Unutmaram, qorxma, səni, qorx, səni...

Sən o yana, mən bu yana üz tutum,

Olan olub, getməliyik, yoldu da,

Bu ayrılıq olmalıydı, oldu da...

Anarın ədəbi fikrinin bədii çəkisini məzmun, məna, poetik çalar, dolu - yığcam deyim və bir az da eyham müəyyən edirsə, ictimai çəkisini fəlsəfi-publisistik və subyektiv meyllər təyin edir (demək, ədəbi fikir bədii-ictimai məğzlərlə xarakterizə olunur). Və bu subyektdə öz yerini görməyi bacaran söz adamının zahiri qatında hər iki istiqamətin proyeksiyasını görmək mümkündür.

...Nədənsə kövrəlmişəm...

Güzgüyə baxıram,

gözüm gözümə girir,

gözlərimin ağı ağ,

qarası qara günlərimi xatırladır mənə...

***

...İt hürür, hamı oyanır,

Oğru evə girə bilmir.

Oğru evin yiyəsisə,

Evin iti hürə bilmir...

Bu parçalardakı fikirlərdən bir məntiq aşkar-izhar olur ki, əslində, düzgün olmayan hər hansı bir nöqteyi-nəzər mütləq mənada bir heçdir... Yəni insan sosial mahiyyət daşıdığı üçün onun həyati təminatı fiziki gücü ilə bərabər nisbətdə olmalıdır. Və sevindirici haldır ki, Anar Aminin ilk kitabında təcəssüm edən şeirlərin əksərində (düşünürük ki, bir-bir ad çəkməyə lüzum yoxdur) insan-mənəviyyat dəyərləri, mentalitet - milli kimlik məsələləri zahiri baxışlara, daxili enmələrə öz ictimai dolğunluğu ilə sirayət edir.

...Nə var ki, başımda, hər gələn çıxır,

Bir gün qalxacağam başımın üstə...

Başıma nə qədər çıxan vardısa,

Vurub yıxacağam başımın üstdən...

Çoxlarına hələ də qaranlıqdır ki, Anar Amin nə üçün ömür-tale məğzlərini hərdən ictimai kəsərsiz hesab edir. Bu gerçək situasiyanı onun kitaba saldığı bir neçə şeir vasitəsilə də xarakterizə etmək mümkündür. Bu şeirlərdə rişxənd və həqarət, iftira və qeybət, yalançılıq, nifaq, fitnə-fəsad, təkəbbür, nümayiş və həsəd kimi prosedurlar yüksəlməyə meylli insanın həyata uyğunlaşa bilməmək faktını ortaya çıxarır və müəllifin yanaşmasına haqq qazandıra bilirik. Əbəs yerə deyil ki, kitab boyu müəllif düzgünyanaşması bu uyğun-effektiv dərketməni daha dürüst zərurətə kökləyir.

...Deyəsən, o deyən olmadı axı,

Sən deyən, mən deyən haçan olacaq?

...Çıxa bilməsən də, baxa bilərsən,

Qapın olmasa da, bacan olacaq...

...Çörək bişirməyə çör-çöp axtarma,

Qeyri-uyğun hissi-dərketmədə həyata mütabiqliyin insanı bədbinliyə düçar etdiyi anlaşılır. Əslində bu frazada ömür dəhşətləri əks olunur. Necə ki, etibarın, inamın itməsi həyat faciəsidir, müəllif də əvvəldən sıyrılan bugünün fəsadlarını dilə gətirir, sabahkı olacaqlardan ehtiyatlanır... Məhz yuxarıdakı parçada «deyilənlərin gerçək olmaması və bunun ümidsizliyə zəmin yaratması» fikri haradasa həyat məğzlərindən qaynaqlanır.

Təndirə insan at, kül çıxar məni,

Ağla, göz yaşınla təndiri söndür,

Sonra qəh-qəh çəkib gül, çıxar məni.

***

...Qalmağa kirayə axtaran qadın,

Sənə də, mənə də sərf etdi deyə,

Sənə ürəyimi kirayə verdim...

Düşünüb-daşınıb qərara gəldim,

Dedim görüm necə yaşayacaqsan,

Çox deyil, cəmisi bir aya verdim.

Yuxarıdakı nümunələrin ən diqqətçəkən statuslarında insan-tale, həyat-ictimai çevrilmə prosesləri vizuallıqdan çıxır, dürüst məntiqə keçid edir. Demək olar ki, hər iki şeir boyu bu ehtimal müəllif dərketməsində fərqli-oxşar tərzdə öz yəqinliyini xarakterizə edir.

Aid olduğu ədəbi nəsil arasında Anar Amin fərqliliyi zaman-zaman hiss olunur (bunu etiraf etmək lazımdır). Zənnimizcə, onun istinadlı ədəbi çək-çevirləri ədəbiyyat meyarlarına (müəyyən mənada) fərqli ilmə vurur. Onun mistik-fəlsəfi ovqatında əks olunan ictimailik bəlkə də məhz bu zəmindən irəli gəlir.

Anarın bir neçə şeirini canlı həyat tablosu kimi qəbul etmək olar. Çünki bu şeirlərdə insan surətləri də var, zamansızlıq da, həmçinin bu surətlər ictimai-ədəbi ovqatlara bürünmək israrındadırlar.

Çılğınlığa meylli şeirlərində Anarın ictimailiyə sövq etdiyi anlaşılır. Maraqlıdır ki, bu şeirlər hansı yanğı ilə ilə müşayiət olunursa, elə də öz bədiiliyi, məna tutumu və poetik çılğınlığını saxlayır. Bu şeirlərdə qaynar ictimai bir ovqatla da qarşılaşırıq: müəllifin toxunduğu mövzuların süjet xətti bizi təsirləndirir.

İnanırıq ki, "Adnalıdan Ağdabana" kitabı istedadlı gənc şair Anar Aminin yaradıcılığında öz poetik sanbalını təmin edəcək, oxucu-cəmiyyət kodeksləri fonunda real həyati keçidə baxış sərgiləyə biləcək. Və ona da inanırıq ki, gənc şair ədəbiyyatımız üçün önəm kəsb edən xüsusatlara bundan sonra da fərqli rəng vurmağı bacaracaq.

# 1867 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #