Sular axar qıyqacı NAĞIL

Sular axar qıyqacı <span style="color:red;">NAĞIL
28 oktyabr 2015
# 17:25

Sahildəki vələsin başından o üzdəki sıx meşəni həsrətlə seyr edən ana qarışqa arada meşəni ikiyə bölən ləm çayın sularına baxdıqca az qala gözləri qaralırdı. Hərdən suyun üzündə sevincək kəllə vuran balıqları görəndə isə lap iliyi gizildəyirdi. Yuxularında qarşı meşənin hər qarışını gəzib dolanmaqdan doymurdu, min cür xəyallar qurur, hər dəfə sıxılanda isə uca vələsin başına dırmanıb gözünü uzaqlara dikirdi. “Hər şey o yana dursun, ora mənim nənəmin doğma vətənidir!” – köks ötürüb içini saran qorxudan yaxa qurtarmaq istəyirdi. Anası bu sularda həlak olmuşdu. Böyük Yanğından sonra canlıların çoxu məhv olmuş, olduqları meşənin ruzisi azalmışdı. Çay yanğının o biri sahilə adlamasının qarşısını almışdı. Anası yarpağın üstündə o biri sahilə adlamaq istəyəndə balıqlar onu görmüş və suya batırıb udmuşdular. Ta, o vaxtdan yuvasının on metrliyindən axan çayın səsinə, onun ləm sularına, yırtıcı balıqlarına nifrət edirdi. Ailənin başçısıydı deyə bu qorxunu, nifrəti başqalarından gizlədirdi.

Onda hələ dünyaya təzəcə gəlmişdi, anası deyirdi, çayın o üzündəki meşə elə bərəkətlidir ki, burda aclıqdan korluq çəkən canlı yoxdur. “Anam çayın o üzündən gəlmə idi. Deyirdi ki, günəşin işığı yarpaqların arasından süzülərək çürüntülü torpağı isitdikcə ətrafa yaşlı meşənin bərəkət qoxusu yayılır. Əsl qarışqa cənnəti elə bu cür olur. Min cür azuqə toplamaq üçün uzağa getmək lazım gəlmir, elə yuvanın ağzındaca qış üçün azuqəni rahat toplayıb qalan vaxtı əylənirdik” – axırda özü də bu həsrətin qurbanı oldu...

Bir gün havada uçuşan milçəkləri görüb qapıdakı gözətçiyə tapşırdı ki, nədirsə, yaxında cəsəd var, bikar olan qarışqalardan göndərsin, görsünlər milçəklər qurd salıb iylətməyiblərsə, bir-iki tikə də ona gətirsinlər. Xəbər gəlmişdi ki, ölən, çay balığıdır. Suyun üzündə süzəndə sahildəki otluğa düşmüş, ha çabalasa da suya qayıda bilməyib ölmüşdür. “Hay sal, hamımız balıq yeməyə gedirik!” – carçını Çiçəkli Düzə nektar sormağa gedənlərin dalınca göndərmişdi. Qarışqa sürüsü balığın cəsədini qoxlaya-qoxlaya dişlərini batırmağa bir yer ararkən, o, hələ də bu bədheybət yırtıcıya yaxın durmağa qorxurdu. Balıq təzə ölmüşdü, hələ xarab olmamışdı. Milçəklər qarışqaların qorxusundan ona yaxın dura bilmirdilər. Qarışqalar balığın dərisini yaralayıb onun ağ ətinə çatanda özünü saxlaya bilmədi, anasının qatili olmuş bu yırtıcıdan qisasını almaq üçün dişlərini qıcadı. İşçi qarışqalar iri bir tikəni onun qabağına qoyub yenidən balığa cumdular. Ana qarışqa tikəni xeyli qoxladı, bir dişləm götürdü və, – “Gözümün odunu alan yırtıcı sənmişsən demək. Düşmən olsan da dadlıymışsan həm də...” – cəsarətini toplayıb ailəyə qoşuldu.

O gündən sonra balıqlardan qorxmadı. İçindəki qarşı meşəyə qovuşmaq həvəsi qarşısıalınmaz məqsədə dönmüşdü. İndi çayı adlamağı gözü yeyir, vələsin təpəsinə dırmaşaraq hansı səmtindən o taya adlamağın mümkünlüyünü saf-çürük edirdi. Qərara gəlmişdi ki, ilk əlverişli havadaca hərəkətə keçsin, özüylə 20-30 erkək qarışqa götürüb yarpaqla çayın o biri üzünə adlasın.

Amma elə o gecə Göylər sanki onun planından xəbərdar oldu və elə bil onu bu yoldan döndərmək üçün şıdırığı leysan göndərdi. Oduncağı çürümüş palıdın oyuğundan onun yuvasına su dolurdu. Çarəsiz qarışqa ailəsi gecənin qaranlığında yuvadan çıxmağa məcbur idi. Bir-birinin ayağından tuta-tuta səhəri suyla əlləşə-əlləşə ailəcə dirigözlü açdılar. Günəş gözünü açanda ana qarışqa gördü ki, ailənin yarıdan çoxu yoxa çıxıb. Sahilə tələsdi. Şax-şəvəl, yarpaqlar üstündə suda boğulmamaq üçün can çəkişən qarışqaların səssiz çığırtılarından gözləri doldu. Balıqlar yenə şadyanalıq edir, qarışqa ziyafətinin dadını çıxarırdılar. Geri qayıtdı. Heç nə olmamış kimi ağacın təpəsindən yarpaq gəmirib yuvaya daşıyan ailəsinin zəhmətinə heyfi gəldi, onu qəhər boğdu, anasının öyüd-nəsihətini xatırladı, – “Ana qarışqa dediyin, canından çox ailəsini düşünməlidir. Nə fəlakətlər, nə əzablar adlamış olsan da bir şeyi unutmamalısan, – qışa bir gün qalsa belə ailəni səfərbər etməyi, onun yaşamasını, gələn yaza sağ-salamat çıxmasını təmin etmək sənin birinci borcundur. Ana qarışqa üçün əsl faciə, ailəsinin onu tərk etməsidir...”. Günəşə sarı boylandı, – “Ey bu nurun arxasında gizlənən, əgər varsansa, ədalətini göstər. Bizim də haqqımızı ver, canımızı isitdiyin kimi könlümüzü də isit. Ailəmi qorumaqda mənə yardım et, məni ailəm qarşısında üzüqara eləmə. Gücsüzün haqqını güclüyə yedirmə!”. Suyu çəkilmiş yuvasına girdi. Anbar dağılmış, azuqə zay olmuşdu. Qarışqalar daşıdıqlarını yığmağa bir yer tapmayıb gətirdiklərini yenidən eşiyə çıxarırdı. Dərhal işə qarışmağın vaxtıydı, yoxsa ailə onu evsiz görüb tərk edə bilərdi. Erkək arıları toplayıb günortayadək dayanmadan dəhlizləri, anbarları, cığırları təmizlədi. Amma axşamüstü Göylər yenə kükrədi. Şimşək çaxdı, göy gurladı, qara buludlar yenidən meşənin üstünü alanda haray çəkdi ki, bütün ailə palıdın koğuşunda yağış tutmayan yerdə cəmlənsin. Bu gecə dünənkindən də güclü leysan oldu. Yanğından sonra ağaclar məhv olduğundan yaz yağışları həmişə belə təhlükəli olurdu – cavan ağacların çətiri yuvanı yağışdan qorumağa yetmirdi. Gözünün acısını almadan qətiləşdirdi ki, səhər açılar-açılmaz ailəni o taya keçirsin və etibarlı bir yerdə ailəyə yuva qursun, – “Ölmək ölməkdir, xırıldamaq nədir! Bu cür zəhmətkeş, qədirbilən ailəni naümid qoymaq günahdır. Həm də vaxta az qalıb...” – sinəsini oxşayıb əllərini yaladı.

Qızmar günəşin isti nəfəsini duyanda işçi qarışqalar tənbəl-tənbəl ağacın koğuşundan çıxıb ətrafa səpələndilər. Aradan azca vaxt keçmişdi, gözətçi qarışqa xəbər gətirdi ki, çayın sahilindəki qoca palıdı sel aşırıb, çayın bəndi yarılıb, çay səmtini dəyişib və meşəni su basıb. Başqa bir qarışqa gəldi ki, – “Üzbə-üzdəki çay quruyub, balıqlar xırda gölməçələrdə partlaşa-partlaşa qalıblar!”. Həyəcanla koğuşdan çıxıb sahilə yüyürdü. Gördüyü mənzərədən əllərini gəmirdi. Gördü ki, çayın başındakı iri qayadan daha su gəlmir, çayın yerində çınqıldan başqa əlamət qalmayıb. Günəş çayın yatağını qurutmuş, ölü balıqlar çaylağa sərilmiş, az bir qismi də xırda gölməçələrə sığmadığından partlamaya düşmüşdülər. Quşlar balıqlara darışıb ovlarına sitəm edirdilər. Ana qarışqa car çəkdi, – “O biri sahilə keçirik!” Çaylağın ortasına çatanda ürkək-ürkək çayın həmişə töküldüyü yerə – iri sal qayaya baxdı, – “Bu çay bir də axmaz...” – təmkinlə ailəni durdurdu, – “Hər kəs qarnını balıqla doyursun. Dörd gün işləməyəcəksiniz. Bacardıqca çox yeyib yeni yuvamızı qurmaq üçün var gücünüzü toplamalısınız!”. Sürü balıqlara daraşdı, o isə həsrətində olduğu meşəyə bir an tez qovuşmaq üçün o taya tələsdi.

Eynən anasının dediyi kimi – əsl qarışqa cənnətiydi bura. Gül-çüçəyin qoxusundan başı hərləndi, baxdı ki, qurd-böcək əlindən tərpənmək olmur burda. Qarşısına bir işçi qarışqa çıxdı – “Bəlkə də eyni soydanıq...”, dedi, – “Mən ailənizin başçısıyla görüşməliyəm, özüm qarşı sahildənəm”. Qarışqa lal-dinməz qabağa düşdü, onu iri cökə ağacının dibində yerləşən yuvalarına gətirdi, ana qarışqanı gözətçiyə təhvil verib yenidən gözdən itdi. Yuvanın sahibi onu mehribanlıqla qarşıladı. Ana qarışqa əcdadlarının bu meşədən olduğunu, o biri taydakı vəziyyəti danışdı, yaxınlarda bir yerdə yuva salmaq istədiyini dedi. “Xoş gəlib, səfa gətirmisiniz. Ürəyin istəyən yerdə yuva qura bilərsən. Burdakı bütün qarışqa ailələri bir-biriylə qohumdurlar və çox mehriban keçinirik. Yuva qurmaq üçün nə qədər istəsən köməkçi də verə bilərəm...” – ev sahibi çox lütfkar idi. “Sağ olun ki, belə mehribansınız. Yuvanı qurmağa gücüm kifayət qədər var, çox təşəkkür edirəm” – anası demişdi ki, heç vaxt ailənin, yaxındakı yuvaların ana qarışqaları ilə sıx təmasına imkan vermə, erkəklər yoldan çıxa bilər, işçi qarışqalar gen yuvaya şirnikib səni tərk edə bilərlər.

Xeyli aralıda yuva üçün geniş çətiri olan yaşlı cökəni seçdi. Ağacın başına dırmandı. Burdan gəldiyi meşə, çaylaq əl içi kimi görünürdü. Çaylaqda balıqlara daraşmış şad-xürrəm ailəsini fəxrlə seyr elədi, fərəhlə köks ötürdü, – “Ey Günəşin sahibi, sənin qüdrətini gördüm. Demək ki, balıqlar təkcə suda güclü və qorxunc olurmuş. Neçə ki sudadırlar, qarışqalar onların yemidir, sular çəkilincə də özləri qarışqalara yem olurmuşlar. Anam doğru deyirmiş, – “Kimsə bu günkü gücünə və üstünlüyünə güvənməməlidir. Çünki kimin kimi yeyəcəyinə suların axını qərar verir”...

Gün vurduqca ana qarışqa cuşa gəlir, dişilik qoxusunu özü də duyurdu. Ailəni toplayıb yeni yuvanı qurmağın, sonra da yeni övladları dünyaya gətirməyin vaxtı idi. Sevincək çaylağa – canından artıq sevdiyi ailəsinə qoşulmağa tələsdi...

İstanbul, 27.10.2015

# 876 dəfə oxunub

Müəllifin son yazıları

# # #