Səs - yol  yoldaşı

Səs - yol  yoldaşı
17 oktyabr 2016
# 13:54

Kulis.az Əli Həsənlinin “Səs - yol yoldaşı” hekayəsini təqdim edir.

Gecəyarı hövlnak oyandı. Tənbəl-tənbəl geyinib mətbəxə keçdi. Çaydanı sobanın üstünə qoyub bir siqaret yandırdı. Həmişəki tək ciyəri¬nə od düşmüş kimi dalbadal, höləki-höləki üç-dörd stəkan çay içib bir siqaret də odladı. Əl-üzünü yuyub təzədən gəlib yerinə girdi. Yenicə çimir eləmişdi, qulağına tükürpədici vəhşətli səs gəldi, narahat-narahat çevrilib o biri üstünə yatdı. Vəhşətli səs kəsilmək bilmirdi. İlan ulartısı, mələrtisinə oxşayan bu qorxunc, qulaqbatıran səs yol gəlirmiş kimi gəlib lap qulağının dibində eşidiləndə dəli kimi yerindən dik atıldı. Xoflu-xoflu kürəyini divara verib, oxlov udmuş kimi bütün bədəniylə yuxarı gərilib şax yatağının içindəcə oturdu. Key-key gözlərini döyə-döyə bunun heç də yuxu deyil, acı həqiqət olduğuna bir daha inanıb bərk heyrətləndi, hələ də qorxu-həyəcan canından çıxmadığından, əli-ayağı, içəridə ürəyinəcən əsə-əsə, sirli-qaramatlı fikirlər keçdi beynindən. Otuz ildi bu xarabada yaşayırdı, daşını-divarını özü tikib qaraltdığı bu pənsimiş komada, məhlədə nə bir ilan gözünə çarpmışdı indiyəcən, nə belə qorxunc, əcayib, sanki adamın aşkarca diri-diri dərisini soyan, cızdağını çıxardan, cəngə, inti¬qama, ölüm-dirim savaşına çağıran, sinəsində ürəyini donduran vəhşətli, bu dünya səslərindən olmayan qeyri-təbii, qeyri-dünyəvi səs eşitmişdi. Bu nə səsiydi, bu xalasının dabanına lənət olmuş ilan züyü, mələrtisidisə, Davudun tütəyi tək qiyamatdan gəlirdisə, bu qiyamət nə vaxt başlamışdı, onun xəbəri olmamışdı, bu qiyamat müjdəli, qiyamat əhli ilan haradan peyda olmuşdu. Bu boyda qonum-qonşunu, kəndi-obanı qoyub, niyə məhz onun həyətini özünə "döyüş meydanı" etmişdi, onunla nə şəxsi-qərəzliyi, alış-verişi vardı onu belə cəngə, qiyamət gününə çağırırdı qaşı-gözümü qaraydı onun başqalarından, suçu-günahımı bütün elin bir yerdə günahından artığıydı. Bu ağırlıq, artıqlıqmı özünə çəkmişdi o qorxunc, qeyri-adi məxluqu, zərrəni özünə çəkən tək. Axı, o bədbəxt hansı günahın yiyəsiydi, kimin toyuğuna indiyəcən kiş etmişdi. Bu doğrudanmı ilan səsiydi? Ya qeybdən gələn qorxunc ilan ulartısı, mələrtisi şəklində qulağında səslənən tamam ayrı, bu dünyada mövcud olmayan, bu dünyadakı məxluqların heç birinin çıxarmadığı qeyri-adi, yalnız faniliyə xas yersiz-ünvansız səsiydi. Elə bu qarışıq, sanki bütün çağırışların toplumu olan səsin özündə bir sirr-hikmət, açıq-aşkar öz əməllərinə nişanə-qandırmamı vardı. Bu hikmət, qandırma özü qədər ağır, dəhşətli olduğundan belə qorxunc, adamın diri-diri dərisini soyan vəhşətli ilan ulartısı, mələrtisi şəklindəmi zühur etmişdi. Öz ağırlığıyla onun qəddini, vücudunu əysin, iki qat eləsin. Ya sadəcə öz-özündən huyuxurdu.

Eləcə qulağı səsə düşmüşdü, onu qara basırdı. Əslində belə bir səs gəlməmişdi, eşidilməmişdi. Lap eşidilsə belə, ola bilər bu səs bütün qeyri-adi səslər kimi içərisindən, bu dünyadan az möcüzəli, ibrətamiz olmayan iç dünyasından süzülüb gəlmişdi. Gəldiyi dünyada özünə yer tapammadığından bütün zərrələr tək beləcə hərlənib, fırlanıb onun evinin başına dolanırdı. Onun evini özünə məhvər seçmişdi. Burada öz-özündən huyuxub bir heyrətamiz nişanə, fövqəltəbii əməl, qurğu axtarmaq, yüz cür sadəlövh fikrə düşməkdənsə, belə bir ayaqda gündəlik həyatından doğan bəzi məqamlara daha ayıq başla nəzər etməyin, bütün bunlardan daha düzgün nəticə çıxarmağın gərəkdi. Yəni əslində bunun çox sadə, ağlabatan, özünün də asanca paylaşacağı, inanacağı doğru-dürüst bir həlli vardı. Bu da o idi, əgər bu, doğrudan da, ilan səsidirsə, görünür, bu ilan heyvanların acından axurun qolunu gəmirdiyini görüb insafa gələrək keçən payız Hövsandakı yoncalıqlarından lafetdə ot gətirəndə, çox güman ki, qeybdən çıxıbmış kimi otun arasında gəlib düşüb bura. Çünki bu cür qorxunc, vəhşətli səs ancaq həmin yabanı çöl-biyaban ilanlarında olur. Doğma yurd həsrətindən göynəyir, daşır, qaynayır, bulaq kimi coşur, dəli, divanə olub çağlayır. Oxuyur, zümzümə edir, ətrafda nə varsa ona da yoluxub, titrədib, özü kimi oxudur, inlədir, ürək qoparır. Çox gözəl, bax, bu ağıllı fikirdi. Hər şey ola bilər həyatda. Otun arasında da gələ bilər, maşının altında da, fəhlələrin çörək, iş paltarları yığıldığı zənbillərinin içində də, lap bu paltarların arasında da. Pul kimi ciblərində də, insanın beynində də. İlana yermi qəhətdi. İlan istəsə lap adamın kölgəsinə sancılıb kölgəsiylə birgə də ardınca sürünər, gələr, baxışlarının da, iyini-havasını alıb baxışlarının həniri-havasıyla da. Ot işləndikcə qala tək onu etibarla qoruyan nəhəng ot tayası ömür kimi bağ-bağ, kərpic-kərpic söküldükcə, tükəndikcə o da bəlkə ürəyi yatdığı müvəqqəti o sığınacaq yerini əlacsızlıqdan tərk edib, özünü həyətə-küncə, bucağa, gözdən iraq gizlin bir yerə verməyə məcbur olub. İndi yad yer, heç cür uyuşmadığı, əti ürpəşdiyi qərib məkan, insan həniri onu cəhənnəm əzabı kimi göynətdiyindən cəhənnəm məşəqqətlərinin qorxunc, vəhşətli səslərini çıxarır, doğma yer, qonum-qərəvə, qövm həsrəti onu ilan olsa da ilanlığından çıxarıb insan kimi dil açıb, oxutdurur, mələdir. Məsələ bunda deyil. Məsələ ondadı, yaxşı, otla gəldi, maşında gəldi, otu gətirdiyi az qala bir iliydisə, bəs, bu ilan iqbalı qara gəlmişin beyninə nə vermişdi, niyə məhz indi peyda olmuşdu? Yaxşı, peyda olmuşdu, olmuşdu, niyə mərdi-mərdanə günüz deyil, gecənin bu qulun kişnəyən vədəsində, böyükdən kiçiyə bütün kənd əhli, ailə-uşaq daş kimi şirin yuxuya gedəndə adamı o dünyaya aparıb-gətirən belə qorxunc, vahiməli səslər çıxarırdı? Onun qəsdi, məqsədi nə idi, nəyi, kimi axtarırdı bu bədbəxtin həyətində, tapmırdı, nəyə, kimə yönəlib bu qisas, intiqam, yanama, göynərti, ixtişaş dolu qeyzli səs. Bax, bütün sirr, müəmma, möcüzə, mətləb bundaydı. Yəni, aşkarca bütün varlığıyla ölüm saçan, sanki fanilikdən gəlib bu dünyanın heç bir səsinə-sovuna, nidasına, ölçü-qanununa uyuşmayan, yalnız öz qanunu-nizamıyla yaşayan bu qeyri-adi vahiməli səs onun dişinin altında gəzdirdiyi ölümdən, zəqqumdan, yoxluqdan, fanilikdən keçib gəldiyi üçün belə öldürücü, vəhşətli, zəqqumludu, sinirolunmazdı. Bir şey indi-indi gün işığına tutulurmuş kimi onun solğun yaddaşında yavaş-yavaş durulub, aydınlaşır, elə bil çözələnən dumanın arasından öz görkəmini, mahiyyətini alır, aydınlaşdıqca da canına aşkarca qorxu, titrəmə düşürdü. Bu öldürücü səsin sahibi çox güman ki, kimiydisə, nəçiydisə daim onu qarabaqara izləmiş, hər an vaxt-məqam gözləmiş, vaxt-məqam yetişəndə fürsəti əldən vermədən beləcə gecələrin birində çox güman ki, uzun yol gəlib, necə deyərlər, dərə keçib, düz keçib, gəlib onun kəndinə-obasına, həyətinə yetişmiş, düz yatdığı otağın qənşərinə sürünərək, ailə-uşaq yatandan sonra onu cəngə-intiqama çağıran, yalnız onun eşidəcəyi, onun beyni üçün köklənmiş, iç dünyasına yönəlmiş amansız səslər çıxarmışdı. İstəməmişdi onun ailəsinə-uşağına xətər-ziyan yetirsin. İlan anlamında bu həddindən artıq ədalətsizlik olardı. Onun işi ancaq onunlaydı.

****

Hövsan düzəngahı vaxtilə qorxunc, bədheybət, qocaman-qartımış, nəhəng ilan-çayan, cinli-hikkəli gürzə-talxa məskəniydi. Zirə ilanbəsləmə idarəsi dağıldığındanmı, sanitar epidemiya məntəqələrinin yalnız adı qaldığından, neçə illərdi qabaqkılar kimi mövsümqabağı sahələrə, çöllərə zəhər-dərman səpilmədiyindənmi, il il dalınca sava gəldiyindən, quraqlıqdan, zamanın özünəxas gərdişindən, Tanrı bəlasından, adamlar demiş, talenin bu yerin camaatına qarğadığındanmı, dava-dərmanın, bir ordunu qıran ən zəhərli, öldürücü qırğın maddələri də artıq onlara təsir etmədiyindənmi, öz zəhərləriylə bu zəhərin özünü zəhərləyib gücdən saldığındanmı Abşeron torpağında o illər ilan-çayan əlindən tərpənmək olmurdu. Yol-düz o yana, çöldə, səhrada seyrək diş kimi adda-budda qaralan, perik düşən qaraçı köçünə oxşayan, xırdaca yapaçıq qaçqın-köçkün evləri, həyət-bacalarını da ilan basmışdı, bağ-bostan meyvə yerinə elə bil pıtraq ilan bitirmişdi, o qanlı-qadalı illərdə. Budaqlardan, pöhrələrdən, tağlardan, şaxələrdən meyvə yerinə meyvə rəngində, meyvə şəklində çataqlanmış, salxım-salxım, uzun-yoğun, nənəm-nehrə ilanlar sallanır, hinlərdə toyuq-cücələr elə bil yumurta yerinə ilan yumurtlayır, göydən yağış yerinə damcı-damcı yağış sayı ilan balaları yağırdı. Yerə düşən kimi şişib-uzanıb, mayelikdən çıxaraq ətə-qana dolub dil-baş gətirib ilanlaşırdılar, zəqqumlaşırdılar. Toyuqların yumurtladığı ilanlar elə birinci hinlərdə həmin toyuq-cücələrin özünə qənim kəsilirdi. Bağ-bostanın, çölün bitirdiyi ilanlar çöldə-düzdə, bağ-bostanda, pəyədə, arxacda malı-davarı, uşağına-böyüyünə baxmayaraq, evdə-həyətdə insanları tas-tas edirdi. Kasıbçılıqdanmı, apteklərdə elə dərman tapılmadığındanmı, indiki dərmanların xeyri-səmərəsi olmadığındanmı qonşu kəndlərlə dolanmayan, davakar, ağızdan pərtov, əti acı, zəqqum xasiyyət camaat kimi tanınan, bir-birini ilandan da betər sancmaqdan-talamaqdan, zəhər dilləriylə zəhərləyib, acılayıb, yadla işləri olmayıb, yalnız öz-özlərinə qənim kəsilən, yatağa salıb, ölümünə belə səbəb olmaqdan başları açılmayan, sonra da həmin ölənlərinin üstündə sidq-ürəklə vay-şivən qoparan insanlarının öz laqeydliyindən, biganəliyindən, kəsafət basdığından, həkimə, dava-dərmana gücləri çatmayıb, inamları qalmayıb, köhnə, türkəçarə ata-baba üsuluna üstünlük verdiklərindənmi əksəriyyəti də ölümlə nəticələnirdi.

Gül kimi qarpız yeyirdin bu yerdə, zəqqum dadı verirdi, zəqqum kimi də öz işini görürdü. Ona görə min cür tərif vurub, aşıq kimi dil-dil ötüb, dəridən-qabıqdan çıxsalar da bu yerin ilan rənginə çalan qarpızına, zəqqum qoxulu, görkəmli yemişinə bilib bələd olanlar elə tamah salmırdı, bazarda, yol qırağında havayı da versən götürməzdilər - özləri kimi içi qurddu, zəqqumdu bunların meyvəsi-tərəvəzi, yemişi, qarpızı da. Havaları da, suları da, adamlarının həniri, nəfəsi də zəhər-zəqqum qoxuyur qırılmışların. Qonşu kəndlərin camaatı bunu çox vaxt kindən-acıqdan, əllərini ağdan qaraya vurmadan hazırın naziri kimi desə də, haradasa haqlıydı. Havasında, suyunda, adamlarının hənirində, nəfəsində, doğrudan da, elə bil acı bir qoxu, tam vardı buranın. Üzlərinə, görkəmlərinə, danışıqlarına, ədalarına öz yerlərinin adı yazılmışdı bu yerin sakinlərinin. Hamı havaya, suya, bir-birinə müəmmalı bir şübhəylə baxırdılar. Havalarına ağu qatıblar, sularına ağu içiriblər, içlərinə ağu yeridiblər bu başı daşlıların, - ikrahla deyinirdilər qonşu kəndlərin camaatı, - suçlarının içində boğulurlar bunlar. Suçları ağu olub qanına yeriyir bunların. Həkim, loğman da çarə tapmır dərdlərinə-azarlarına, uzaq gəzirdilər bura camaatından. İlandan, çayandan uzaq gəzib qorunan kimi qorunurdular, hənirlərindən, nəfəslərindən.

İlan-çayanın əsl məskəni, insan-canlı saymadan qorxusuz-hürküsüz, arın-arxayın gəzib-dolaşdığı yer, köhnə binə yerləri adlanan Suraxanı yaşamalının alt yaxaları, çılpaq güney qobular, neçə illərdi işləməyən köhnə yod zavodunun güzey səmtləri, qızmar Hövsan bozavandlarıdı. Ətraf qobulardan, qumsal odlu səhralardan elə bil ən qorxunc, qarımış, heybətli nəhəng ilanlar insan səsindən, hənirindən, maşın, qatar, təyyarə uğultularından uzaq, neçə illərdi traktor, texnika işləməyən, əkib-becərilməyən, otu-yoncası biçilib, ilxısı-sürüsü xama buraxılıb otarılmayan, tikan-qanqal, çayır-sirkan, ilan ağuşuna bənzər zəqqum alalar basıb fızıllığa döndərdiyi, qurd-quşu bol, lal-kar bu baxımsız xam yeri özlərinə əbədi məskən seçmiş, burada ömür sürüb, nəsil artırmışlar. Hər qarışda iri, qızmar oyuqlarda, torpağı eşilib təpə kimi qırağına tığlanmış ağzı qara yuvalarda, qara-qançır, ocaq daşı kimi yanıq daş-qaya altında, mərz, kaha, közə, köhnə nohur, lağım, uçqun yerlərində, törə, çəlimsiz ulğun kollarının üzə çıxmış, ilan kimi bir-birinə sarmaşmış-dolaşmış donqar əyri-üyrü köklərində-kötüklərində, yayda cəhənnəm kürəsinə çevrilən, aşsüzən kimi şadara dönmüş dəlmə-deşik, yuva-yuva, qozbel, vahiməli, qızğın qobuda ox ilan, yatağan, kinli, bədheybət gürzələr, buynuzlu qoç ilanlar, trapes formalı, kəlbətinbaşlı talxa, at ilanları, gövdələrini örkən kimi qurumuş qanqallardan aşırıb, kəmər tək yoğun borulara, dirəklərə, novlara dolayıb (indicə dartıb aparacaqlar kimi) özlərini günə verir, şirincə uyuyur, məst-məst udduqları qurd-quşu, dovşanı-canlını sinirir, günün qızmarında köbələrin quzeyində, yarğanların torpağı ağnamış, aşınmış qısa kölgəli ətəklərində yayxanıb, qanırma-kanaldan çəkilmiş özləri kimi səhranın qoynuyla uzanıb gedən yoğun, sərin su kəmərlərinin altında, sucaq nəmişlikdə, yenicə doğulmuş, anası yalamış islaq quzuya oxşayan hamar, sürüşkənli, selikli qişalı, xallı daşların bülövündə qayış kimi bəndlənib, kökələnib yatışır, sərinlənir, bir-birinə sarmaşıb, cütləşib çılğın sevgi oyunu, hoqqası çıxarırdılar. Vaxtilə insanlar onların yerində məskən saldıqlarından, onlar da insanların neçə illərdi solaxay, səmtsiz, xeyirsiz-bərəkətsiz çöl-biyaban kimi qarğıdıqları, baxımsız buraxdıqları, vəşhiləşmiş ab-havasıyla da sanki sehirlənmiş, ovsunlanmış bu yerdə dinc-asudə yaşamış, ilan həniriylə, himləşib, qovuşub ilan xılına çevrilmişlər.

Bu, bir yandan bununla bağlıydısa, yəni haradasa baxımsızlığa, gözdən iraq olmağa söykənirdisə, o biri yandan bəlkə də ümumun- qövmün-toplunun gücünə-qüvvəsinə inamlarından, arxalanmaqlarından, sakini olduqları bu qədim, qabıq-qərtmək bağlamış daşı-qayası, qızıl qumlu yarğanı, uçqunu, diş-diş çıxmış qılıncı sallarıyla özü də sahilə uzanmış nəhəng əjdahanı xatırladan qobular səltənətində min illərdi izi-əlaməti yaşayan ulu əcdadlarına bağlılığından, ruhən onlarla doğma, onların daşıyıcısı olduğundan irəli gəlirdi.

Ətrafında, ağır, kəsalət basmış ab-havasında da, sanki gözəgörünməz müəmma, sehr, ovsun, vahimə xofu dolaşdığından, birbaşa yaxınlaşan adamın beyninə, sinirinə təsir etdiyindən, ürəyini sıxıb başını gicəlləndirdiyindən bu həndəvərə hələm-hələm ürək edib ayaq basan, mal-heyvan gətirən təpərli oğul olmur, gətirən də orda-burda bir yanını qaçaq qoyur, həmin gecə mütləq yuxusunu qarışdırır, kolxozun köhnə, ürəkli, qabağından yeməyən, qoluzorlu çobanı-ilxıçısı belə bu nəsə gözə görünməz, qeyri-adi qüvvə dolaşan səmirsizlikdə istər-istəməz öz-özündən huyuxrur, ürpənir, bir gələn özxoşuna bir də ayağını basmır, müdriyyət-rəhbər işçilər məcbur edəndə üzlərindən keçəmməyib ölümə gedirmiş kimi könülsüz bir-iki gün vaxtını ölüm-zülüm sovudub bir də onda duyuq düşürdülər, ilxını-sürünü başsız-yiyəsiz qoyub yoxa sıxıb, onun heç yerdə kölgəsini belə gördüm deyən yoxdur, ya yatağa düşüb havalanıb, dili tutulub topuq çalır, kəkələyir (sanki başına gələn qəza-qədərin sirrini qəsdən heç kimə deyə bilməsin deyə, bunun bir sirrtək quyuya atılmış kimi sirr olaraq qalması, aşkarlanmaması üçün hansı qeyri-adi qüvvənin hökmüyləsə ancaq özü başa düşdüyü dildə, kəko dilində danışır, ömürlük xəstə yatır, ya paltarı-ayaqqabısı çıxarılı yerdə, özü yoxdu paltarının içində, paltarın yanında durub, ya paltarını geyinib qarovul çəkən bir başqasıdı, ya özümü qəsdən başqasına çevrilib, bir də müdiriyyət onu tapıb-tanıyıb bu əcinnələr oylağına göndərməsin. Ya həmin qeyri-adi qüvvələrmi yoğurub-yapıb tamam başqa adam düzəldib qoşublar ondan).

Hər il elə olmazdı kolxozun onlarla malı-qoyunu, çobanı-ilxıçısı bu yerin qurbanı olmasın. Onun girovuna çevrilməsin. O kinli, vahiməli ilanların qəzəbinə keçməsin. Bəzisini birtəhər binələrə çatdırıb, canına iynədən-dərmandan yeridib sağaltsalar da, şil, topal, əlində, qolunda, ağlında kəsir sağ-sökəl evdə-dəhlizdə hərrənsələr də, əksəriyyətinin dərdinə əlac olmur, şişib dama dönüb, zəqqum bədəni gömgöy göyərib, ağzından kinli dəvə kimi, quduzlaşmış it kimi köpük daşqanır, yolun yarısına çatmamış yıxılıb canını tapşırır, ailə-uşağı yetim qalırdı. Buna baxmayaraq, Allahın almışlığıydımı, yay üzünü göstərcək, artıq sonbahara dönmüş sağ-sol örən olduğundan ilxının, şoran, yabanı çöllərin toz-torpağından, aramsız küləyindən xənənəkli davar-gidıyin əldən buraxılan kimi can atdığı, oğrun-doğrun soxulub qarnını doyurub dama döndərdiyi yer, sığınacaq oradı. Elə bil o yer maqnit kimi uzaqdan uzağa insanı, canlını özünə çəkir, zor-xoş yolundan döndərir, qorxa-qorxa, xoflana-xoflana öz xofunun ardınca düşür, ondan şirincə dadıb qəlbini toxdadıb ovundurur, sonra da gəldiyinin peşmançılığını çəkdirirdi. Tikanlı, alaqlı olsa da ən do- yumlu, heyvanı kökəldən, sulandıran, ona süd-bərəkət gətirən, südüsə dada-ləzzətə mindirən şəhdli-şirəli, bu yerlərin iqliminə xas olmayan yüz çeşiddə yad, gəlmə, duzlu, meyxoş, zəhəri şəfasına, şəfası zəhərinə qarışan otlar orada bitirdi. O ilanlarla birgə oranı yurd yeri eləmişdilər, gəldikləri yerin ab-havasıyla, ilanlar onları qoruyan kimi, onlar da ilanları qorusun, öz qoynunlarında bəsləsinlər, qarşılıqlı inam, etibar onları bir-birinə daha çox bağlasın.

Vaxtilə ay kimi qızılı qumlarıyla parlaq işıq saçan, gömgöy gölməçə ləkələriylə də aya oxşayan, böyük səhranın yanağında qızdırmalı eybəcər xalı, tutqun ləkəni xatırladan bu qarabuğayı bucaq az-çox bərəkətli, yetirən-bitirən olduğundan muzdla işləyən neçə suçu da bura can atsa, eyniyib eynilə həmin çobanlar-ilxıçılar kimi üç-dörd gün can-başla işləyib, taleyindən razı qalsa da qəfil onların da yoxa çıxması, ya qapanıb gecə-gündüz öz otağında qalması, həyət-bacada belə görünməməsi, kimləsə kəlmə kəsib salam-əleyk eləməməsi, əsl çıldağlıq, ocaqlıq olması, ya müdriyyət çağırtdıranda xəstəliyini, qocalığını, yolun uzaqlığını, suyun qıtlığını bəhanə edib bu işdən birdəfəlik boyun qaçırması, əsl səbəbi boynuna almaması, milis-məhkəmə məcbur edəndə gecələrin birində özünə qəsd etməsi, evinə-eşiyinə od vurması bir yandan məsələnin nə qədər ciddi, qəliz, bu yerin nə qədər qorxunc, təhlükəli olduğuna dəlalət edirdisə, o biri yandan bu yerə marağı birə-on artırır, bu yerin get-gedə ayrı-ayrı biçimdə-donda daha çox dilə-ağıza düşməsinə, bütün ətraf kəndlərdə-obalarda tanınmasına, nağıllaşıb, həqiqətliyindən çıxıb şöhrət qazanmasına səbəb olurdu.

O da maraqlıydı, bu haqda, hətta tam xəbərsiz olan, lap nəsə eşitsələr də buna avam, gözübağlı camaatın özünü huyuxdurmaq, ya hansı qüvvələrinsə düşünülmüş qəsdi, axın-axın birdən-birə qulaqları nə çalmışdısa, köhnə dədə-baba mülkü-yurdları adıyla bu yerlərə üz tutan (Allah bilir çoxlarının ata-babası o vaxtlar adicə muzdur olmuşdu), dövlətdən, qanundan, onların torpağıyla alver edib minlər-milyonlar qazanan gəlmələrdən narazı yerli camaatın, qaçqının, köçkünün ayağını buralardan genitmək üçün özlərinin düzüb-qoşduğu uydurma, yalan kimi baxan, ömründə belə boş şeylərə inanmayan ovçular da son vaxtlar birdən-birə oralardan ayaqlarını kəsmiş, quşu gözündən vuran adlı atıcılar, əldən iti, gözdən pərgar nişançılar əlləri-qolları bağlanıb bu boyda dəryanın içində, quş bolluğunda - bazarında bir kor cüllütün belə yiyəsi ola bilməmişlər.

Ta inişiləcən baxımsız-yiyəsiz qalmış, ancaq oğrun-doğrun mal-heyvan hərrənən, başıpozuq qoyun-davar əldən buraxılanda özünü təpən bu vəhşi, yabanı düzəngahda bir şey də müəmmalıydı, ibrət doğurandı: o heyvanlara o ilanlar bir xətər-ziyan toxundurmur, guya ayaqlarının altından-üstündən belədən-belə şütüyürdü, belədən-belə. Guya, o heyvanlar da onlardan qorxmur, çəkinmir, əksinə yatarkən bellərinə dolanan, boyunlarına, başlarına çıxan, qıvrılıb qabırğalarının üstündə kökələnən o ilanlardan xoşallanır, o ilanlar onların gicişən, ağrılı yerlərini, xəstə üzvlərini tapıb orayla süründükcə sanki oranı qaşıyıb, sığallayıb, ovuşdurub sağaldır, heyvan o quduz ilanların yüngülcə təmasından, ya onlara ötürülən şəfaverici qeyri-adi enerjidən-dalğalardan bircə anda gümrahlanıb iştahını artırır, xəstə, dərdinə əlac olmayanın belə hərəkətində-yerişində bir qıvraqlıq, şənlik, ilan, oynaqlığı, çevikliyi yaranırdı. Ancaq o heyvanın böyründə-başında insan qaraltısı, çoban-çoluq tayfası göründümü, insan nəfəsi, hayı-küyü, qıjantısı-təpintisi eşidildimi həmin gün o heyvanların birinə bir şey olmalı, ya qışqıran, təpinən o insan qaraltısının başında mütləq bir qəza-qədər hərrənməli, bir sevdaya tuş gəlməli, o qaraltı pozulub, qaraltılığını itirib havaya qarışıb şəffaflaşaraq havaya çevrilib, udulub, havada yox olmalıydı. O ilanlar heç onları vurmasaydı da, xətər-ziyan toxundurmasaydı da, guya ya həmin gün xəstələnməli, yıxılıb qılçı sınmalı, ya bir-biriylə kəllələşib, vuruşub, aralarına ədavət düşüb, bir-birinin qarnını yırtmalı, təpəsini dağıtmalıydı. Beləcə, bu dava-qırğın böyüyüb nəsl-tayfa qarşıdurmasına gətirib çıxarmalıydı. Bu da öz növbəsində qəfil göylərdə şimşək şaqqıltısına, ildırım çaxımına, yerdə zəlzələyə, tufana çevrilməli, bütün təbiət çalxanıb, yuyulub, titrəyib-əsib içində-çölündə nə varsa yağış kimi töküb öz-özünü inkar şəklində həzm edib, öz-özündən yenidən doğulmalı, yenidən dünya üzünə gəlməliydi. Bu doğruydumu, doğrudanmı kimlərinsə mənalı-məqsədli uydurmalarıydı, erkən- yazdan hələ torpağın damarı sınmamış çoxları heyvanlarını ürək edib çölə-bayıra buraxmasa da, onun otu qurtardığındanmı, ot-alaf üçün kiməsə ağız açmaq, minnətli olmağı xoşlamadığındanmı, ya sadəcə bütün bu dedi-qodulara, köhnə fikirli, avam yozmalara, uydurmalara, qatı xürafata birdəfəlik son qoymaq, meydan oxumaq, özlüyündə əsl kişilik, qorxmazlıq nümunəsi göstərmək üçünmü iki arıq-quru, qışdan kəvəl qalıb, qabırğası-qabırğasına dəyən yelinsiz inəyini, üç-dörd qotur, yemsiyən, ənik danalarını hələ də tala-tala qar qalmış örüş yerinə çıxarması, heç kəsə gənəşmədən, icazə almadan köhnə kolxozun balansında olan həmin baxımsız, vəhşiləşmiş yeri seçib marıtdayıb yaxınlıqdan keçən münbit qanırma-kanal suyuyla yaxşıca suvarması, camaatın, müdiriyyətin bir də başlarını qaldıranda o çəlimsiz, qoturlamış sahənin canlanıb dəniz kimi dalğalandığını görüb bərk təəccüblənməsi, bir müddət gördüklərinə inanmaması, nəinki həmin şayiə, uydurma, möcüzəni gözlərindən salmış, bir qism adam burada da bir sirr, möcüzə, fövqəltəbiilik axtarıb tapmış, dünən qanqal, dəvətikanı, qıppığan, qarağan kollarından, qəmiş, biyan, yovşandan, pişik çanağından başqa heç nə bitirməyən, yalnız qonşu sahələrdən qaçaq suların tutduğu çökəkliklərdə, gözələrdə kükrəyib şəhdli-şirəli qara yoncası, çayır otu qalxan bu baxımsız, yabanı çölün birdən-birə başdan-başa ürəkaçan yaşıl zəmi kimi dalğalanması onlara hansısa örtülü, qapalı bir məqamın, sirrin, niyyətin açımı, faş olması kimi görünmüş, o yerlər gözlərində bir az da müəmmalaşmış, sehirlənmiş, qeyri-müəyyənləşmişdi. Həmin il oğrun-doğrun mal otaranları, sırtıq, həyasız, üzə dirənən, müdiriyyət-gözətçi saymayan, mənəm-mənəm deyən neçə özündən bədgüman qoluzorlunun qolunun zorunu qanırıb birdəfəlik ayaqlarını bu həndəvərdən, hətta aşağı şoranlıqdan belə kenitməsi müdiriyyətin xoşuna gəlmiş, bütün bunlara görə üç-dörd qotur heyvanını kasıbyana qıraqda-bucaqda hərrəməsinə göz yumub əvəzində indiyəcən heç nə götürmədikləri bu qısır, üzsüz, yabanı çöldən-sahədən nəinki başqa yerlərdən birə-on qat artıq ot götürmüş, ora mallarının, sürülərinin də ruzi yeri olub, malları-sürülərinin aylarla orada hərlənib, qarınlarını doyurması üçün əsl xama çevrilmişdi. Bu əlbəttə bir para adamların düşündüyü kimi hər hansı möcüzədən birdən-birə döl tutmuş, boylu qalmış həmin qısır torpağın qala qoyunlarının yunu kimi sıx-qıvırcıq şəhdli-şirəli ot yetirməyindən, keçəl səhraların başdan-başa tükləşməyindən, keçəlinin örtülməyindən yox, onun gecə-gündüz dinclik bilməyən cəhdi, fədakar zəhməti sayəsində olmuşdu, buradakı ilanların, ürəksalan gürzələrin bu bir-iki ildə hiss ediləcək qədər kökü kəsilməyi, şən növraqlarının pozulmağı, camaat arasında gedən dedi-qoduların, məqsədli-məqsədsiz boş uydurmaların, qorxunc vaqiələrin artıq öz dəyərini-qorxuncluğunu itirməsiylə bağlıydı. Bunun əsl səbəbkarı o idi.

Bu necə ildə o bu yabanı çöldə əsl nağıl qəhrəmanı kimi nə qədər ilan əjdaha öldürmüşdü, təkcə bir olan o Allah şahiddi. Özü demiş, zəhərlədiyini, yuvalarının ağzına hərləndiyi qalın çayır, ot-ala basmış şübhələndiyi yerlərə, hələ erkən yazdan dərman töküb zəhərləmiş, nəhəng, qorxunc gürzələrdən, buynuzlu qoca-qartımış talxalardan, at ilanlarından ehtiyatlansa da gücü çatdıqlarını, gözü yediklərini rayondan gətirdiyi canlı gərməşov çomağıyla qəddarcasına başını əzmiş, törəyib artmış ilan xılını az-çox bu vəhşi çöldə seyrəltmiş, mal-heyvan, özü üçün təhlükəsiz etmişdi.

Düzdü, öz başı da bu ilanlardan az çəkməmişdi. Ancaq ilanlar onun kimi namərdlik etməmiş, əksər vaxt bədheybət, vahiməli görkəmləriylə qorxudub o dünyalıq etsələr də rəhmləri gəldiyindənmi, ilan fəhmiylə nəsillərinin-əcdadlarının qanlı olduqlarını bilsələr də, buyruq qulu olduqlarındanmı əsl fürsət düşdüyü məqamlarda belə ona siçan yolu saxlamış, çalmamış, dişinin zəhərinin hikmətini necə var göstərməmiş, eləcə kinli-hikkəli nəhəng gövdələriylə çox vaxt qurumuş qanqal kollarını xışıldadıb qıra-qıra, kotan kimi torpağın altını üstünə çevirə-çevirə bir addımlığından, az qala ayaqlarına toxunub fısıltıyla yelli sürünüb getmiş, onsuz da sarısını udub, bircə soyuq, vahiməli, dərin, dibsiz quyu kimi adamı əlli-ayaqlı çəkən iti baxışlarıyla o dünyalıq elədiyi bəni insan xeylağının bu qədər qorxaq, aciz, miskinliyinə bəlkə də təəccüblənib təzədən o dünyalıq etməyi ilan mənliyinə, qüruruna sığışdırmamış, arabir başını qaldırıb onun hələ də yerində donub qaldığına, ayaq üstəcə öldüyünə tam əmin olandan sonra arxayın, təhlükədən uzaq cillikdə, qamışlığın arasında sakitcə gözdən itmiş, ruh kimi qeyb olmuş, ancaq özündən sonra elə ab-hava qoyub getmişdi, bu ab-hava uzun müddət onun çaşqın ağlına, düşüncəsinə hakim kəsilib, əlini-ayağını, ürəyini keyidib buza döndərmiş, ürək döyüntülərini belə ani dayandırmış, sanki görünməz, qüvvətli dalğalarla hərəkətinə, düşünüb bir qərara gəlmək bacarığına mane olmuşdu. Bu ilanlar istəsəydi, onun kimi namərdlik etmək qəsdinə düşmüş olsaydı, onu elə anda, elə yerindən çalardı, özünün də xəbəri olmaz, dünya-aləm də yığışsa dərdinə çarə tapılmaz, ordaca gəbərib canını tapşırardı. Bunu özü də gözəl bilirdi, belə məqamların az baş vermədiyini, bu məqamlardan sonra hər dəfə sanki yenidən dünyaya gəldiyini bütün əti-qanıyla duymuş, elmin-dinin min illərdən bəri gəldiyi çox sadə, aydın bir qənaətə - Tanrının qüdrətinə, dünyanın ancaq onun qüdrəti, hökmü, möcüzəsi sayəsində duruş gətirdiyinə keyləşmiş ağlıyla bir daha inanmış, ancaq əməlindən də qalmamışdı, necə deyərlər, diliylə əməli, imanıyla gümanı biri Allahın ətəyindən yapışanda, biri şeytan dərgahına qulluq etmişdi.

Düzdü, öz başı da bu ilanlardan az çəkməmişdi. Ancaq ilanlar onun kimi namərdlik etməmiş, əksər vaxt bədheybət, vahiməli görkəmləriylə qorxudub o dünyalıq etsələr də rəhmləri gəldiyindənmi, ilan fəhmiylə nəsillərinin-əcdadlarının qanlı olduqlarını bilsələr də, buyruq qulu olduqlarındanmı əsl fürsət düşdüyü məqamlarda belə ona siçan yolu saxlamış, çalmamış, dişinin zəhərinin hikmətini necə var göstərməmiş, eləcə kinli-hikkəli nəhəng gövdələriylə çox vaxt qurumuş qanqal kollarını xışıldadıb qıra-qıra, kotan kimi torpağın altını üstünə çevirə-çevirə bir addımlığından, az qala ayaqlarına toxunub fısıltıyla yelli sürünüb getmiş, onsuz da sarısını udub, bircə soyuq, vahiməli, dərin, dibsiz quyu kimi adamı əlli-ayaqlı çəkən iti baxışlarıyla o dünyalıq elədiyi bəni insan xeylağının bu qədər qorxaq, aciz, miskinliyinə bəlkə də təəccüblənib təzədən o dünyalıq etməyi ilan mənliyinə, qüruruna sığışdırmamış, arabir başını qaldırıb onun hələ də yerində donub qaldığına, ayaq üstəcə öldüyünə tam əmin olandan sonra arxayın, təhlükədən uzaq cillikdə, qamışlığın arasında sakitcə gözdən itmiş, ruh kimi qeyb olmuş, ancaq özündən sonra elə ab-hava qoyub getmişdi, bu ab-hava uzun müddət onun çaşqın ağlına, düşüncəsinə hakim kəsilib, əlini-ayağını, ürəyini keyidib buza döndərmiş, ürək döyüntülərini belə ani dayandırmış, sanki görünməz, qüvvətli dalğalarla hərəkətinə, düşünüb bir qərara gəlmək bacarığına mane olmuşdu. Bu ilanlar istəsəydi, onun kimi namərdlik etmək qəsdinə düşmüş olsaydı, onu elə anda, elə yerindən çalardı, özünün də xəbəri olmaz, dünya- aləm də yığışsa dərdinə çarə tapılmaz, ordaca gəbərib canını tapşırardı. Bunu özü də gözəl bilirdi, belə məqamların az baş vermədiyini, bu məqamlardan sonra hər dəfə sanki yenidən dünyaya gəldiyini bütün əti-qanıyla duymuş, elmin-dinin min illərdən bəri gəldiyi çox sadə, aydın bir qənaətə - Tanrının qüdrətinə, dünyanın ancaq onun qüdrəti, hökmü, möcüzəsi sayəsində duruş gətirdiyinə keyləşmiş ağlıyla bir daha inanmış, ancaq əməlindən də qalmamışdı, necə deyərlər, diliylə əməli, imanıyla gümanı biri Allahın ətəyindən yapışanda, biri şeytan dərgahına qulluq etmişdi.

Yoxsa elə şeymi olardı, biçənəyin tən ortasında, budaqları ucdan qurumaqda olan qocaman meydan kölgəli yolpan söyüd ağacının altında biçindən sonra sakitcə oturub kasıbyana yumurta-çörəyini yediyin yerdə qəfil yuxarıdan keçə kimi qalın, sıx yarpaqların arasından ağır bir şey üzünü sıyırıb, daş kimi tappıltıyla ayağının ucuna düşsün, sən də sarını udub gözünün quyruğuyla ehmalca baxanda heyvərə qoca, çirkin, bədheybət gürzəni görüncə, ya bunu sadəcə öz təsəvvürün yaradınca başına hava gəlib dəli olmayasan. Eləcə ürəyin dayanıb, çoxdan o dünyalıq olduğunu zənn edib səninlə qabaq-qənşər dayanmış yataqandan gözünü çəkmədən, qırpmadan əlini, ayağını qan tutduğundan yerindəcə donub qalasan (görünür, ağacın oyuğunda leylək yumurtaları olduğundan bu nəhəng, nəfsindən qalmayan qoca, fəndgir pəzəvəng görkəmiylə həmin quş balalarının tamahıyla ağaca dırmaşmış, özünü saxlayammayıb uçurlanıb yerə dəymiş, ya aşağıdakı cılız, tanış qaraltı onu qıcıqlandırdığından, hikkəsindən qəfil özünü daş kimi aşağı buraxıbmış). Ancaq o ilan sənə heç bir xətər toxundurmadan dövrəndə dairə cızıb, sanki səni o dairənin- tilsimin içinə salandan sonra az qala dizinin üstüylə ilan dili çıxara-çıxara, özü başlarından açılıb hərəkət edən, əyilib-düzələn, heç bir həndəsi qanunlara tabe olmayıb istənilən şəklə düşən, dairə kimi girdələnib, açılıb qapana-qapana sanki o dünyalı, bu dünyalı bütöv kainat aləminin hərəkətini cıza-cıza, daha doğrusu, özü bu hərəkətə dönə-dönə kirimişcə sivişib gedə, arabir geri qanrılıb yenidən haça dilini çala-çala sanki ilan dilində səni hansısa sirli bir mətləbdən hali edə-edə, yenə ulğun kollarının qalınlığında yox ola. Sən də o mətləblərdən heç nə qanmaya-qanmaya handan-hana özünə gəlib, donun açılıb, sanki yenidən mənbəyinə qoşulub, dəli-havalı, üzü-gözü əyilmiş can hayında hara üz tutduğunu, niyə tutduğunu özün də bilmədən ayağın tutduqca daş-kəltən, tikan-qanqal dizini-topuğunu qanadıb isdahadan çıxara-çıxara götürülüb bu dünyadan qaçasan. Qaçdıqca da çılğın, özündə olmayan ağlınla dərk edəsən, dünya da səninlə qaçır, ağaclar, yol qırağı, işıq dirəkləri, mərzlər, mərzlərin alt yaxasındakı alaseyrək gözətçi kümünə oxşar üstü qırlı evlər, daxmalar da sənə qoşulub, sanki onlar da bu ilandan başlarını götürüb sən üz tutduğun yerə, başqa bir dünyaya qaçırlar, bir də başını qaldıranda görəsən odey... binə yerindəsən, sifətinə hopub qalmış ilan zəhmi, sehri, vahiməsiylə canındakı qorxunun dirilib canlanmış, güzgü tək üzündə-gözündə daha qabarıq əks olunmuş ilan görüntüsü ab-havasıyla özün də bir ilana dönüb ilan kimi ordakıları özündən də betər heyrətləndirmisən, ağ öfkələrini ağızlarına gətirmisən. Sonra da ovçu gətirib əlinlə qoymuş kimi o ilanın yerini göstərib sənə toxunmayan, özü öz ölümündən qurtaran, üstəlik dil çala-çala səni hansına sirr, mətləbdən agah edən, eynilə nağıllardakı kimi bəlkə taleyində uğurlu bir dönüş gətirəsi, yüz illərdi camaatın ocaq kimi ziyarətinə gəldiyi o ağacda yaşayan həmin xilaskarını, həm də qatilini qəddarcasına gülləyə tuş edəsən. Hər güllə açıldıqca, hələ güllə açılıb qurtarmamış o ilanın güllə kimi nəhəng gövdəsiylə necə bir anda ildırım sürətiylə güllənin üstünə atıldığına, sonra da şimşək şüləngi kimi havada "oynayıb", "çaxıb", qıvrılıb açılıb, günün işığında ani şox saçıb, gözünü qamaşdırıb daş tək tappıltıyla yerə dəydiyinə, son gücünü toplayıb qorxunc, qanlı başıyla bu dəfə öləziməkdə olan alov şaxı tək yenidən güllənin üstünə atıldığına, ancaq bir az qalxmamış əbədi yerə dəyib yarğanın tən ortasında sərili qaldığına, rəngində-ruhunda qan qalmadan ləzzətlə tamaşa edəsən. Ya quduz, tük gətirmiş, ondan da zorba bir yatağanı görməyib az qala üstünə çıxdığın yerdə qəfil başını dikəldib yay kimi o yana-bu yana əyə-əyə, sanki sənə siçan yolu da qoymadığını istehzayla, əyani göstərə-göstərə, zəhmli səslə zəng çala-çala üstünə fısıldasın, sənə öz mərtəbəni, yerini qandırıb ilan dilində mərdi-mərdanə son xəbərdarlığını eləsin. Sən də yenə yerindəcə daşa dönüb geri atılmaq istəyəndə ayaqların yerə mıxlanıb səni geri atılmağa qoymasın, qışqırıb can hayında ins-cins görünməyən çöldə kimisə, lap daş-qaya olsun haraya çağıranda səsin batıb, boğazın tutulub, dodağın kilidlənib sözləri ağzından bayıra buraxmasın, səsin boğazından çıxhaçıxda qayıdıb öz içinə tökülsün, öz içini bayıra köməyə atlandırsın, düşünüb bir qərara gəlmək istəyəndə beynin yenə o ilanın ovsunuyla gicəllənib zehnin dayansın. Handan-hana ilan aralanıb uzaqlaşanda, səni öz aurasından-təsir dairəsindən çıxarıb əlinin-ayağının-zehninin donunu, uyuşuğunu açanda kişiləşib üstünə dolu kimi yağdırdığın daşları, ləpirləri qaytarıb ayağının yanında yerə saldırsın, özüsə saymazyana, aşağıdan yuxarı sənə tamaşa edə-edə qəfil başının üstündən gərilmiş ox kimi atlanıb mərzin qırağına, hələ də binövrəsinin qırıntıları düşüb qalmış köhnə möhrə barının dibinə düşsün, orada quyruğu üstə durub fırlanaraq səni də, dünyanı da öz quyruğunda firlandıraraq, quyruğuna dolayaraq, sonra da tozanaq qoparıb yuxu, xəyal, vaqiə kimi birdən qeybə çəkilib, havada əriyib qırıq-qırıq xətlər, siluetlər qoyub qətrə-qətrə beyninə, yaddaşına çöksün, beləcə gecənin nagahan vaxtında yaddaşında dirilib, qıvrılıb açılıb, səni də fikrin, düşüncələrinlə birgə yatağında qıvrılıb açdırsın, özünü özünə dolasın. Ancaq o ilanların çıxardığı bütün bu oyun, hoqqa, mərəkələrin heç də boş-boşuna deyil, çox ciddi, incə bir mətləbə, məqsədə söykəndiyindən, hansısa işarə, qandırma üstündə qurulduğundan, sözün qısası, o ilanların özbaşına deyil, buyruq qulu olduqlarını, buyruqla, rüsxətlə hər dəfə sanki ayrı-ayrı donlarda gürzə, talxa, qızıl ilan şəklində ürcahına çıxdığından nə onda, nə sonralar yox ağlınla heç nə kəsdirməyəsən, bu ibrətamiz mənzərədən bir görk kimi özünə pay götürməyəsən, gərəkli bir nəticə çıxarmayasan.

Bu neçə ildə beləcə sırf ölüm-dirim mübarizəsində yalnız bir qənaətə gəlmiş, bu qənaəti dini-imanı bilib bütün varlığıyla ancaq ona iman gətirmiş, onu Allahı bilmişdi. Bu neçə ildə nə qədər qəddarlıq, əzazillik etsə də, bu yerin birgə, əbədi sakini olduqlarındanmı haradasa özünə də təəccüblü gəlsə də, o ilanlara öyrəşmiş, nə qədər qorxunc, təhlükəli olsalar da, onlarsız günlərinin burada boz, mənasız, cansıxıcı, maraqsız olacağını, bir həyan, simsar kimi bu canlı məxluqlarsız, düşmənlərsiz tək-tənha bu kimsəsiz, ins-cins görünməyən vəhşi çöllü-biyabanda daha çox eymənəcəyini başa düşmüş, nə bir həyat nişanəsi kimi ilanlar ondan, nə o ilanlardan çəkinib ehtiyatlanıb, bezikib, inadından dönüb bu yerləri tərk etmiş, əksinə bu mübarizə, vuruşma, çaxnaşma (bütün bunlar ölüm, süqut yox, həyat, hərəkət, yaşamaq olduğundan) bu torpağı elə bil hər biri üçün bir az da şirinləşdirmiş, bu torpaq daha yüksək, bəlkə həyatlarından da artıq məna, mahiyyət daşımış, müqəddəsləşmiş, beləcə düşməncəsinə baş-başa, bir-birindən xəbərsiz, ancaq bir-birinin mövcudluğunu, hayanlığını hər an duya-duya, qəbul edə-edə bir-birinin qonşuluğunda, həndəvərində, bir-biriylə nəfəs-nəfəsə, dinc, asudə yaşamış, bir sudan içib, bir havadan udmağa məhkum olmuş, bəlkə xasiyyətlərində oxşarlıq, çalar, hikkə, inad, bu torpağa bu qədər canla, qanla, bütün varlığıyla bağlılıq, lap ölümləri hesabına da olsa, nəsilləri kəsilib Yer üzündən birdəfəlik silinməli olsalar da bu torpaqdan ayrılmamaq, onu tərk etməmək bundan, bu torpağın özü, havası, suyuyla ötürülmüş qeyri-adi möcüzədən irəli gəlmişdi. Bu danılmaz həqiqət, həyatın özüdü. Bu qüdrəti, dönməzliyi özünün bir parçası kimi onlara torpaq vermişdi, son anda yalnız torpaq da ala bilərdi. Onları ilanlıqdan, insanlıqdan çıxarıb özünə qovuşdurmaqla bu dəfə düşmən kimi, bir-birinin qənimi kimi yox, vahid bir cövhərə çevirər, bu qüdrət, dönməzlik, ayrılıq da ayrılıqdan çıxıb vahidləşər, məsafəsizləşərdi.

Bu neçə ildə ilanlar onun qoxusunu alıb çox vaxt kirimişcə yolunun üstündən çəkildikləri kimi, o da həndəvərində ilan hənirini artıq vərdiş etdiyi bir az sarımsaq, bir az da istiot iyinə oxşar xüsusi (tünd, acı) qoxusundan almış, hansı şaxın, kolun dibində kölgələndiyini, hansı daşın, qayanın küncündə özünü günə verdiyini, nohurun, ləhmənin ceyilliyində siçan, qurbağa, dovşan, çöl quşlarının marığına durduğunu, dünəndən bəri gözə dəyməyən ana alabaxtanı sinirdiyini, gürzəmi, talxa, qızıl ilan, at ilanımı olduğunu əksəriyyət vaxt səhv etmədən doğru-dürüst deyə bilmiş, hətta neçə ildi dönə-dönə rast gəldiyi, köhnə dostları, tanışları qədər yaxından tanıdığı yerli ilanlarla xam, gəlmə, köçkün ilanları belə seçib ayırmağı bacarmış, hərəkətlərindən, ürkək, ehtiyalı davranışlarından, qərib görkəmlərindən bir-biriylə fərqləndirmişdi. Onun da şahidi olmuşdu, o gəlmə ilanların çox az qismi burada baş çıxarmış, ayaqları duruş gətirib bənd almış, əksəriyyəti öz həmcinslərinin ilk sınağından üzüqara çıxdığındanmı, qövm onları qəbul etmədiyindənmi, əlləri ətəklərindən uzun, məğlub ordunun məğlub əsgəri kimi yesir kökündə, şikəst, yaralı bu həndəvərləri həmin andaca tərk etmək məcburiyyətində qalmış, bir də buralarda izi-tozu da qalmamışdı.

Bu neçə ildə bir şeyi də, çirkin, kinli, bədheybət, ləng gürzələrdən seçilən, cəldliyi, xasiyyəti, şən, oynaq təbiətiylə onlarla daban-dabana zidd olan şux, yaraşıqlı, günün altında bütün bədəniylə titrəşib-səyriyib ləl-cəvahirat kimi bərq vuran, rəngdən-rəngə, ilğıdan-ilğıma düşərək adamın gözünə şox saçan, bir anlıq heç nəyi görüb seçməyə qoymayan, şümal, şümşad boylu-buxunlu qızıl ilanların mələkvarı görkəmiylə gözəl, qumral başlarını azacıq yana əyib, haça dillərini sanki tarın sarı simləri kimi gərib, kökləyib ehtizaza gətirərək, qoşa mizrab tutub çalaraq qumru kimi ötdüyünü, astadan kövrək, sehirli bir avazla sanki zümzümə etdiyini, ya qoşabarmaq fit çalan kimi qeyri-adi ahənglə fit verib uzaqlardakı elə bil tamam ayrı dünyalardan, ayrı dünyaların məxluqlarını səslədiyini, sonra da sehir-ovsun oxuyan din xadimləri, başı əmmaməli axundlar tək nəfəsləriylə sirli-sirli havaya püfləyib üfürdüyünü, sevgiylə-istəklə doğma məşuqlar kimi bəxtəvərcəsinə qucaqlaşıb, şən, mehriban, illər həsrətlisi tək sonsuz eşqlə bir-birinə sarmaşdıqlarını, nəvazişlə oynaşdıqlarını öz gözüylə görüb, şahidi olmuş, o ilanlar bir anda gözündə elə mərhəmləşmiş, müqəddəsləşmişdi, bu ilanların əcdadlarının vaxtilə mötəbər dini kitablarda göstərildiyi kimi, Tanrının sevimli mələkləri-elçiləri olduğuna, bəlkə də bu cür hədsiz istək, doğmalıqla eyş-işrət ağuşuna atıldıqlarına-günaha batdıqlarına görə sonradan cənnətdən qovulduğuna zərrəcə şübhəsi qalmamışdı. Ona elə gəlmişdi, bəlkə də dünyada onlardan saf, bakirə, günahsız, hiylədən, fitnədən uzaq pak məxluq yoxdu. Onlarda nə zəhər, ağu ola bilər, nə insanları, canlıları sancmaq üçün yaranmışlardı. Üstəlik, o ilanların canlıların əşrəfi adlandırdığımız insandan bir üstünlüyü də odur, ilk insan övladı adəm nəfsinin qulu olub bir xurmadan ötrü cənnətdən qovulmuşdusa, o, buz kimi soyuq, qansız bədənində gəzdirdiyi sönməz atəşin sevginin, eyş-işrətin qurbanı olmuşdur.

O biri yandan soyuq ağlıyla çox gözəl bilir, dərk edirdi, bu olsa-olsa həmin o qısa, xoşbəxt anların şoxu, ötəri ilğımı ola bilər. Bu anda dünya olduğundan gözəl (istər ilan, insan, ya hər hansı məxluq olsun), cənnət yerə enib yerlə qovuşmuş olduğundan əslində bu şux, yaraşıqlı ilanlar gürzədən də qorxunc, fəhmli, fəndgir, cəld, təhlükəlidir. Hirsləndirib özündən çıxarma. Hirsləndirməsən, işin olmasa, onun da səninlə işi olmaz, ömründə sənə xətər-ziyan toxunduran deyil. Əksinə, özün də bilmədən ilan duyumu, fəhmi bəlkə səni öndəki müəyyən təhlükələrdən, olacaqlardan belə xilas edə bilər. Bu cür hadisələr el qaynaqlarında da deyildiyi kimi, çox olub, olur. Hirsləndirib özündən çıxardın, istəyir, lap dünyanın o başında ol, iyini, qaraltını aldı, dalınca atlı da çatammaz, şimşək kimi burdan batıb, ordan çıxacaq, qıvrılıb açılınca başının üstündə olmağı bir olacaq. Çünki onlar üçün məsafə yox, istədiyi an var. Daha doğrusu, istəyəndə özləri canlı ana çevrilirlər. Bir yana baxanda bu onların haqqıdı, özünümüdafiə, həyatlarını qoruyub saxlamaq üçün tanrı mərhəmətiylə onlara verilən son, yeganə xilas mənbəyi, yaraq, vasitə, imkan, təminatdı.

Səs yenidən gələndə tanıdı. Nə qədər acınacaqlı olsa da, bu o gün bərk yaraladığı, ancaq öldürəmmədiyi, sürünə-sürünə soyuq, kinli, vəhşətli gözləriylə son dəfə istehzayla süzüb beynini, ürəyini donduran, qorxudan əllərini boşaldıb əlindəki ağacı belə yerə saldıran, özüsə ağır-ağır, saymazyana, qanına qəltan olmuş döyüşçü kimi vüqarla canını çəkib aparan həmin cəngavər qızıl ilandı. Onu ölmüş, özünü qalib kimi aparan ilan. Bunu səsdən çox həmin bədheybət məxluqun bütün görkəmi, soyuq, adamı içəridən əsim-əsim əsdirən xırdaca, mərcan gözləriylə qorxu, vəhşət sancmağından duydu. Belə qorxunc, adamı o dünyaya aparıb gətirən səs ancaq o ilanın səsi ola bilərdi. Daha doğrusu, bu səs, səs şəklində o qorxunc, vahiməli varlığın özüydü, bütün vəhşəti, vahiməsiylə səsə çevrilmiş təzahürüydü. Bəlkə ondan da ötə, qorxunc, vəhşətli, vahiməliydi. Çünki səsdə maddilik, görkəm, bədən olmadığı üçün, onun da yerini qorxu, vahimə tutmuş, doldurmuşdu. Bu səsin aid olduğu varlıqdan üstünlüyü, göylərə yaxınlığı, maddi varlıqlarda yaşasa da istədiyi vaxt ondan qopub ayrılan, mənəvi dünyanın sakini kimi əbədiliyi, ilahiliyiydi. İndi döyüş cəngi kimi ölümə, yenilməzliyə çağıran bu səs boynuna, bədəninə dolanıb onu sıxır, suyunu çıxarır, əlini-ayağını, beynini-düşüncəsini keyidib sustaldır, onu o ilandan da bərk çalırdı. Çünki yuxarıda da dediyimiz kimi, bu neçə ildə Hövsan düzəngahında öldürdüyü, qəddarcasına başını əzdiyi ilanların sayı-hesabı olmadığı kimi bunu (nəinki çölçü yoldaşları, bütün Hövsan camaatı bilirdi. Onu da bilirdilər, o onların qanının arasına girib heç kəsin ürək eləmədiyi, hər anı həyatı hesabına başa gələn bu təhlükəli işə belə cani-dildən əl qoymasaydı, eynilə qabaqkılar kimi o ilanlar törəyib, artıb bəlkə yenə bütün kəndi-obanı basar, dincliyini-rahatlığını əlindən alıb, camaatın həyətinə, ev-eşiyinə gəlib girər, uşağa-böyüyə bir xətər toxundurar, ziyanlıq törədər, hər həyətdə, küncdən-bucaqdan eynilə qabaqkılar kimi meynə tinglərindən meynə yerinə salxım-salxım sallanar, ya beləcə bu dünyanın səsinə oxşamayan, uyuşmayan qeybdən, haqq dünyasından gələn ulartı-mələrti qoparardı.) bu səsin də qədəri, ölçüsü yoxdu. Bu səsi bir dəfə də zənni aldatmırsa çölə gəldiyi yayın ertəsi ili, həmin erkən yazın qaynar çağlarında eşitmişdi. Elə o səsdən sonra yavaş-yavaş heç nədən eymənmiş, o çöldən də, özündən də, ailə-uşağından da, bu dünyadan, dünyadakılardan soyumağa, qaralanmağa başlamışdı. Çünki bu səsdə sehirlə, ovsunla yanaşı, adamı eyməndirən, başının tükünü biz-biz qaldıran, Yer üzündəki məxluqların səsinə oxşamayan, qeybdən, fanilikdən baş alıb gələn qeyri-adi ilahi bir çalar, bənzəyiş, vahimə, ürpənti vardı. Bu, əlbəttə, sonranın söhbətiydi. Həlilik həqiqət olan oyuydu, ibrətamiz vaqiə kimi yaddaşına ədəbi həkk olan o nataraz, qəribə, qorxunc məxluq neçə gecədi beləcə ona rahatlıq vermir, yeyib-içməyini özü kimi zəqquma döndərirdi. O məxluqu dünən yuxuda da görmüşdü. Elə bil keçən gecədən bəri yuxusu boyu uzun, narahat yol qət etdikdən sonra, axırı ki, yuxunun sərhədlərini aşıb əsl həyata, onun kəndinə, məhəlləsinə, beləcə ilan diliylə cansız daşdan, qayadan, havadan, sudan sorub soraqladığı, imsinib tapdığı həyətinə gəlib çıxmış, qorxunc, tükürpədici, vahiməli səsiylə onsuz da narahat, quş yuxusuna haram qatmış o məxluqun qəsdi nəyiydi. Ölən qardaşından tutmuş faciəylə qətlə yetirilmiş nəslinin-nəcabətinin, kökü kəsilməkdə olan bütün soydaşlarının, ya lap ayrı şey yox, cavan sevgilisininmi hayıfmı almağa gəlmişdi, bu islaholunmaz caniylə birdəfəlik haqq-hesabı çürütmək üçün onun öz həyətinimi döyüş meydanı seçmişdi? Bunu başqa həyətlərin deyil, bu boyda kənddə yalnız onun həyətinin hədəf seçilməsi, başqalarının deyil, hər gecə onun yuxusunun belə ərşə çəkilməsi də sübut edir, başqa yozumlara, gümanlara yer qalmırdı. Bu ən əvvəl ilanın mərdliyinə, qorxmazlığınamı nişanəydi. Yəni qəsdim səni kirimişcə, xəbərsiz-ətərsiz çalmaq olsaydı, buna min dəfə fürsət düşmüşdü, lap aralıxlayıb çöldə, biyabanda otların arasında, arvadının üstündə öz heyvani hisslərini öldürəndə canını alardım sənin. Ancaq bu namərdliyi heç cür özümə sığışdırmazdım. Bütün nəslimin, qövmümün yanında üzüm qara olardı onda, məni didik-didik, parça-parça eləyib qurda-quşa yem eləyərdilər. İndi səninlə öz həyətində mərdi-mərdanə, üzbəüz cəngə gəlmişəm, ya sənə verən Allah, ya mənə. Onu alçaldıb amanını qıran bax bu idi: bu qətiyyət, inam, qorxmazlıq, alicənablıq. Hər şeyi, ölümü, həyatı belə Tanrının öhdəsinə buraxmaq. Heç kəsin qulağının qəbul edəmmədiyi, yalnız onun sinirlərinə köklənmiş səs, bu səsin yozumu.

Ya əslində o məxluq deyildi. Ölümqabağı yüz cür donda, şəkildə adamın gözünə görünən, qaçmağa, əkilməyə siçan yolu da qoymayan ölümün özüydü. Onun gözünə bu cür ibrətamiz şəkildə, əməllərinin cəzası olaraq başını əzdiyi, qəddarcasına öldürdüyü ilanlar donunda görünmüş, canını almağa gəlmişdi, onun əsl simasını görməsinlər, tanıyıb qarğımasınlar. O həyatın hansı üzünü görmüşdü, hələ yeriyib keçmədiyi bir məsafənin birdən-birə sonuna necə yetə bilərdi. Onda gərək bu məsafə hansı möcüzəyləsə tərsinə çevriləydi, başlanğıc son, son başlanğıc olaydı. Bu dar macalda, bundan da acı bir qənaətə gəlməyi, öz vəziyyətinə uyğun ibrətamiz nəticə çızarmağı özünü də heyrətləndirdi: belə bir dona girə bilirsə, onda bu qabiliyyət varsa demək, indiyəcən ağlına gətirmədiyi ölüm də canlıymış. Az qala qışqıra-qışqıra, sanki Qaliley tək yeni bir şey kəşf eləmiş kimi öz-özünə bağırdı. Fərqi yoxdu o ilana, ya hər hansı məxluqa oxşasın. Bir halda o istədiyi canlının donuna girir, istədiyi canlının canını alırsa, bunun üçün iş görür, hərəkət edirsə, əmək sərf edirsə, deməli, o özü də canlıdı, insan kimi nəfəs alıb yaşayır. Canlıların ən qüdrətlisi olan ölüm hətta ölüm ayağında bəzilərinin gözünə də görünə bilirsə, onun varlığına şübhəyə nə hacət. Ölüm canlıdırsa, bütün canlılar kimi demək gec-tez onun da sonu olmalıdı. Görəsən, ölüm özünü də öldürməyə qadirdimi? Dar məqamda beyninə gələn bu cür axmaq, gülünc, mistik fikirlərə, xərifləmələrə də ölümün qüdrəti, ölüm ayağında birinci insanın ağlının alındığı, sərsəmlədiyi kimi baxıb acı-acı gülümsündü: "ölüm ancaq ölümsüzlükdə, bu həyatın ruhu olan axirət dünyasında əbədi ölümə məhkumdu”.

Elə bu məqamda beynindən ani bir fikir də keçdi. Bəlkə o ilan o zaman ağacdan başına düşən həmin ocaq dedikləri ilandı. İndiyəcən gözünə üç donda görünüb demək. Birincisi, qocaman söyud ağacının altında, elə söyüd kimi qabıq-qərmək bağlamış, qoca, qartımış gürzə donunda. İkincisi, üstünə fısıldayan bədheybət gürzəmi, talxamı şəklində. Üçüncüsü, bərk yaraladığı ancaq öldürəmmədiyi şüvərək, yaraşıqlı, cavan-cayıl qızıl ilan donunda. Bunu o ilanın ölüm kimi ayrı-ayrı dona girə bilsə də, soyuq öldürücü baxışlarının heç bir dona girəmmədiyi də göstərir, istər-istəməz onu faş edirdi.

Durub tərəddüdlə pəncərənin qabağına gəldi. Könülsüz-könülsüz yarıqaranlıq, baxımsız həyətə, sovulmuş dəyirmana oxşayan köhnə bomboş taya yerinə, artırmadan aşağı, evlə qabaq-qənşər yeni saldığı dirriyə baxdı. Səs oradan, dirriyin ortasından gəlirdi. Bu yaz bostan yeri elədiyi pomidor ləklərinin arasından - buna şübhə yox idi. Çünki dirrikdə pöhrələr zərifcə titrəşir, şaxlar pıtraq bardan astadan yırğalanır, bir-birinə toxunub xışıldayır, çat verən divar, sınan ağac budaqları tək yüngülcə çatıltılı-şaqqıltılı səslər çıxarır, arabir kəsilib yenidən daha bərkdən əsəbi zərblə səslənir, pəncərə şüşələrində, dolabdakı durnaboğaz dolçalarda, servanta düzülmüş büllur, şahanə vazlarda əks-səda verir, daha doğrusu, dolça, büllur qablar bu səsi tutub onun ahəngində titrəşir, cingildəyir, bütün otağın havasını ehtizaza gətirib bütün otaq bu ahəngdə çırpınıb çalınır, ya əksinə, pəncərə şüşələrinin, büllur qabların yüngülcə titrəməsindən, sızlamasından çöldəki o mənzərə elə kövrək, titrək, əsməcəli görünür, bütün bu qaramatlı vaqiə, bayırdakı ürəksıxan acı mənzərə, evin ağır, ehtizazlı havası əlbəttə, bu olacağın içində onun narahat, xəstəhal müşahidəçisi, iştirakçısı, səbəbkarı, sakini kimi onun qəlbinə də öz təsirini göstərməyə bilmir, özü kimi sıxır, uçundurur, udduğu titrək hava içindəki çalxantı, burulğan, təlatümə yeni çalxantı, təlatüm qatır, gözlərində iri, əcaib qara nöqtələr oynaşır, başı dumanlanıb gicəllənirdi. Şaxlar titrəyib əsdikcə bu titrəmənin, əsmənin təhər-tövründən hər şey ona gün kimi aydınlaşır, zənnində, gümanında yanılmadığını, zənnin, gümanın zəndən, gümanlıqdan çıxıb əsl acı həqiqətə çevrildiyi bu məqamda bir daha ona agah olur, bunu bütün çılpaqlığıyla duyub dərk etməyi, daha doğrusu, bu titrəmə, əsmənin təhər-tövründən, bir dəst-xəttin aydınca seçilib vaxtilə yaraladığı, ancaq öldürəmmədiyi tanış, vəhşi qızıl ilanın dəsti-xət-tiylə oxşarlığı, bəlkə eyniyyət təşkil etməsi onu açıqca dəhşətə gətirir, əsl insan sifətindən çıxarırdı. O vaxt yaralanıb gedəndə də o ilan qanqal kollarını, əvəlik, quşüzümü şaxlarını hələ sümükləşməmiş körpə qarağan pöhrəliklərini eynilə beləcə titrədib əsdirir, amansızcasına qırıb tökür, sanki onun hayıfımı bu günahsız, tərpənməz məxluqlardan (kim bilir, bəlkə onun başına gələn faciədə az-çox onların da günahı vardı, onu lal, tərpənməz, müəmmalı durumlarıyla elə onlar bada vermişdi) almaq istəyirdi. Qəribəydi, kinini, intiqamını, onu döyüşə çağırışını səsindən əlavə bu yolla, yəni son ümidlərinin, onu həyata bağlayan son tellərin artıq qırıldığına işarəylə bu şaxları qəddarcasına qırıb-əzməklə qandırmaq istəyən o ilanın gəlişini itlər də qabaqcadan bilir, hənirini, qorxusunu sanki öncədən duyur, qəfil bir ağızdan səs-səsə verib qeyri-adi həyəcanlı səslə boğuq-boğuq hürüşür, məzlumcasına zingildəyir, quyruqlarını dallarına qısıb ürkək-ürkək dal-dala çəkilir, tükləri tikan kimi biz-biz dura-dura mısıb özlərini pilləkənin altına, toyuq damının küncünə, uçuq pəyənin daldasına, su külüfünə verir, büzüşüb belə bir anda ən yava itlər də kinini, düşmənliyini buraxıb mərhəmcəsinə bir-birinə qısılır, bir-birində itib yox olmaq istəyir, əvəzində çox başlı bütöv varlığa çevrilir, birliyin, dərdi-bəlanı, qorxunu birgə çəkməyin üstünlüyünü sanki it fəhmiylə duyub başa düşürdülər.

Bundan da qəribəsi oyuydu, hər bu səs gələndə uşaqların divarda böyüdülmüş iri, qəşəng şəkli sanki içərisindən od alıb işıqlanır, bu səsdən cəryanlanmış kimi parlaq çilçıraq tək qaranlıq, kəsalət basmış xəfə, otağa nur saçır, tez də sönüb qaralır, surətlər itib, əriyib qaranlığa qarışıb yox olur, daha doğrusu, uşaqlar şəkildən düşüb qara geyimdə, axund-zəvvar qiyafəsində hövlnak başının üstündə dayanıb üzü qibləyə hüznlə qəmli-qəmli dodaqlarının altında nəsə müqəddəs bir duanı pıçıldayır, eynilə o qızıl ilan tək (çöldəki) zümzümə edir, astadan, avazla oxuyur, bununla da elə bil həmin səsə xitam verilir, əsas hadisə də bundan sonra başlayır, onun qolundan-qıçından yapışıb, dar, uzun, yarıqaranlıq dəhlizdən keçirib zorla yuxusunun içinə, oradan da içində əcaib, bədheybət məxluqlar, yeddi başlı divlər, ilanlar, əjdahalar yaşayan dibsiz, qorxunc, zimrık qaranlıq bir uçuruma yuvarlayırdılar.

Düz bir həftəydi bu səs beləsə gecənin eyni vaxtında başlayır, eyni vaxtda, yəni səhərin alatoranında xoruzların ilkin banında qəfil kəsilir, bütün həyət, məhəllə bu səsdən də qorxunc, dərin, müəmmalı bir sükuta qərq olur, hər şey qıfıl kimi bu sükutun içində qapanıb qalır, sanki bu sükutla qıfıllanırdı. Əslində buna sükut da demək olmazdı. Çünki bu sükutun içi lal, qulaqbatırıcı saysız-hesabsız, əcaib-qəraib səslərlə, nida, çığırtılarla doluydu. Daha doğrusu, bu sükut həmin səslərin, nida-çığırtıların ölüb baş-başa yatdığı gor evi - qəbiristanlıq kimi adamın canına soyuq, tükürpədici bir xof, vahimə, vəsvəsə gətirən, damarlarında qanını belə donduran qansız, mürtəce, iblisanə sükutuydu. Çünki onun içində ölüb canını tapşırmış o nidalar, çığırtılar indi adamın içində doğulub ərsəyə çatır, dirilib oyanır, özündə tapdığı həyat gücü, səs tezliyilə eşitməmək üçün bərk-bərk barmağımızla tıxadığımız qulağımızı dəlib beynimizə, əsəbimizə keçir, beynimizi, əsəbimizi iflic, qulağımızı kar edirdi.

Bu müddətdə itlər ürkəkcəsinə pilləkənin altında qulaqlarını şəkləyib, gözləri qaranlıqda çıraq kimi alışıb yana-yana mısıb cınqırlarını da çıxarmır, qurbağalar quruldaşmır, qaratoyuqlar budaqlarda narahat-narahat tərpənib səhərin sanki dəmirçi kürəsində döyülüb qızarıb allanmağını, hər yanın yenidən səsli-küylü, nəğməli-havalı, qayğı, işgüzarlıq, coşğunluq, sevinc, intizar dolu əvvəlki əsl yaşayış həddinə qayıdacağı çağını gözləyir, evi, həyət-bacanı ağır, hüznlü bir qaramat basır, dünyadakı havasızlıqdan, səssizlikdən, daha doğrusu bu havasızlığa görəmi dünyadakı bütün səslərin birdən-birə batmağından, sanki dərin quyuya quyulanmağından, yoxluğundan, ölümündən dünya tamam şəklini, mahiyyətini itirib insan, canlı məxluq mövcud olmayan çəkisiz, ölçü-biçisiz zülmət kosmik boşluğu, əbədiyyət dünyasını xatırladırdı.

Bir həftəydi bu səs beləcə yuxusunu ərşə çəkmişdi, gecə-gündüzü yoxdu, səhəri qorxu, təlaş, həyəcan, qan-tər içində hövlnak, dirigözlü açırdı. Bu haqda evdə, ailə içində bir söz deyə bilməzdi. Birincisi, bunu özünə sığışdırmırdı, ikincisi, heç onun bu gülünc, vəsvəsəli sözünə inanan da olmazdı. Birincisi, elə yoldaşı onu kinli, şübhəli süzüb deməsə də ürəyində bəxtinə-taleyinə daralıb-bəxtəvər başımıza, bircə bu hoqqamız əysiyiydi, kişi yaşlandıqca, deyəsən, başına hava gəlir, dərdli-dərdli ağrınar, qəlbində əlli iki min gümana düşərdi. Ancaq bu səsi eşidən təkcə o deyildi. Sən demə, bu evdə-ailədə ondan başqa da bu dərdə mübtəla olan, bu səsi eşitməyə məhkum Allah bəndəsi varmış. Bu səs bir həftəymiş evin sonbeşiyi, övladlarının gözü, qənirsiz, ceyran qızını da rahat buraxmırmış. Hər gecə o da yuxuda atasının bərk yaraladığı, ancaq öldürəmmədiyi o şümal, qəşəng, şüvərək, sevimli qızıl ilanı görürmüş. Bu ilan nə onu sancır, nə rahat buraxırmış. Hər gecə eləcə şüvərək cavan-çayıl boy-buxunuyla bircə dəfə boynuna dolanıb yenə açılır, səssizcə sivişib gedirmiş. Ancaq bu bircə dəfə dolanmaqdan onun boynunda o ilanın neçə qat boyunbağıya oxşar buz kimi surəti hopub qalır, aydınca seçilirmiş, boynuna keçirilmiş odlu halqalar kimi, boyunbağı kimi öz buz soyuqluğuyla soyuq-soyuq parıldayıb boynunu-bədənini yandırıb yaxırmış. Bunu evdə qızın özündən başqa heç kim görüb duymurmuş. Çünki bu parıltılar ancaq qızın gözünə görünürmüş, iç dünyasında hiss olunurmuş. Qızın ona görə neçə gündü yanaqları gül kimi açılıb alışıb yanır, gözü sönüb soluxub-anqutu çıxırmış, gecə o ilandan qorxmasa da, gündüz həddindən artıq sirli, qaraqabağ, o cür şən, deyib-gülən, ərköyün, dünya gözəli dalğın-fikirli, dərdli-ələmli olubmuş. Elə bil o ilan qorxu, ürkü yerinə ona dərd-ələm, ata-anasına deyilməsi mümkün olmayan nəsə sirr, müəmma bağışlayıbmış. Boyunbağı kimi boynuna keçirilən o odlu-soyuq halqalarla qız o ilanın dairəyə, mühasirəyə alınmış boynu zəncirli qulu, əsiriymiş, özündən asılı olmadan, özü getmək istəmədiyi yerlərə o zəncirlə dartılıb aparılırmış.

Təkcə qızımı, yox. Bir həftəydi evdə hamı elə bil dəyişmiş, böyükdən kiçiyə nəsə çılğın, əsəbi, süst, havalı, dəymədüşər olmuş, heç birinin sözü bir-birinə xoş gəlməmiş, hamı da son vaxtlar baş ağrısından, havası çatmamağından, ağzının zəqqum kimi acı daddığından, iştahasızlığından, sanki ürəyini sıxıb-sıxıb buraxdıqlarından, sanki gözəgörünməz hansı məxluqunsa qılınc kimi iti, qəddar, zəhmli baxışlarıyla daim onu izlədiyindən, qaranlıq küncdən-bucaqdan, tavanın, döşəmənin arasından, qapının açar yerindən gizlincə onu seyr etdiyindən, ancaq çevrilib heç kimi görmədiyindən, bu baxışların hətta gündüzləri aşıb yuxularına da gəlib çatdığından, bundan ürəyi bulanıb başı hərrəndiyindən, bədənindən nəsə xoşagəlməz bir gizilti, ani öldürücü bir ilğım keçdiyindən gileylənir, hərdən səhərdən axşamacan boğazından tikə keçmirdi.

Yenicə çimir eləmişdi, qəfil o ilanın mələrtisindən də betər, tükürpədici, vahiməli səslə qışqırıb sustaldı. Birinci ceyran qızı, sonra ailə-uşaq tökülüb gəldi, artıq canını tapşırmışdı, ürəyi dayanmışdı. Görünür, gecəki ilan, bu neçə gündə ondan bir cavab almayıb, axırı ki, onu yuxuya verib, səssizcə gəlib çalmış, səssizcə də çıxıb getmişdi. Səhərisi həkim-ekspert gəldi, müayinə etdi, meyiti analizdən keçirdilər. Yox, ilan çalmamışdı. Həkimin qənaətinə görə, bədəninin heç yerində ilan dişinin, zəhərinin izi-əlaməti yoxdu. İlan çalsaydı evdə, yataqda da ondan bir nişanə, əlamət qalar, hüquq işçiləri termini ilə desək, əşyayi-dəlil kimi bu müəmmalı, faciəli ölümün açılmasında, necə deyərlər, əsl həqiqətin üstündən qara bir pərdənin qaldırılmasında az-çox bunun əhəmiyyəti olardı. İlan çalmış olsaydı, onun zəhəri də bu şəkildə öz təsirini göstərməz, bütün bədəni şişib göm-göy göyərib, kömür kimi qaralar, ağzından köpük daşdanar, döşək, mələfəni batırardı. Ancaq orası vardı üzünün, bədəninin rəngi öz rəngində deyildi. Nəsə tutqunlaşmışdı. Elə bil ölümündən sonra dəyişib bir az da arıqlamışdı. Gözləri böyüyüb batmış, üzünün çopuru hamarlanmış, burnu uzanıb sümüklənmiş, elə bil ölümündən sonra da yaşamışdı. Bədənində olmasa da, görünür, qanında hansısa zəhər öz işini görmüşdü, qanı qaralmasa da, donub laxtalaşmışdı. Həkimi də çaşdıran bu yaşınacan ömründə görmədiyi bu möcüzəydi. Onu həm ilan çalmışdı, həm çalmamışdı. Bir şeyə tam əmindi. Yüz cür elmi dəlillərə, aparatlara, tibbin çağdaş uğurlarına arxalanaraq yüz yox, min faiz demək olardı, onu ilan çalmamışdı. Ancaq bədənində, daha doğrusu, qanında ilan zəhəri öz işini görmüşdü. Bu necə ola bilərdi, bütün bunlar nə demək idi? İlanın zəhəri havadanmı, nəfəsiyləmi, lomba tüpürcəyiləmi onun bədəninə ötürülmüş, çökmüşdü, öz işini əşyayi-dəlilsiz görsün. Bu mümkünüydümü? Mümkün deyildisə qonşu kənd niyə onların camaatından qaçırdı. Öz beyni, düşüncəsimi hazırlamışdı onu kimyagər kimi. Neçə gecəki sarsıntıdan, qorxu-ürkü, həyəcan, qarabasmadan, yuxudakı ilan sancmasındanmı əmələ gəlmişdi bu. Yuxudakı ilan onu həyatdakı kimi, elə güclü, kinindən-hikkəsindən bütün bədənini zəhərə döndərərək elə zərblə çalmışdı, budunun dibində həkimin belə sezəmmədiyi zərif, qırmızı dairəvi ləkə dairənin içində iki qoşa nöqtə qalmışdı. Bu yuxudakı ilanın dişinin yeriydi. Görünür, yuxuda ilan sancanda ağrının yaratdığı əzab, sarsıntı, qorxu, həyəcan, dəhşət əsl həyatdakı kimi olmuş, bu ağrı, dəhşət, sarsıntı beyninə təsir edib, əzalarını sıxıb, qıc edib, qanını laxtalandırıb, bəlkə də təbiət qədər bədənimizdə zəngin olan saysız maddələrdən, cövhərdən sanki ilan zəhəri kimi bir nəsnə, zəhər hasil olub, bütün əzalarına yayılmış, elə bil özü ilan olub özünü çalmışdı. Həkimin də əlini boşaldıb, matını-qutunu qurudan, üzünü acizliklə haqq dərgahına tutduran bu möcüzəydi. Vaxtilə buranın adamlarının nəfəsi zəqqum qoxuyur, sözlərini, bir ton balla da sinirmək olmayan kəlamını qonşu kəndin camaatının havayı deməməyiydi. Bu el hikməti, müdrikliyi indi çox qaranlıq mətləblərə işıq tutaraq, çox sirlərin çözələnib açılmasına gətirib çıxarırdı.

O gündən gecəki mələrti, qoşabarmaq fit səsləri həyətdən birdəfəlik kəsildi, itlər zingildəyərək həmişəki kimi quyruqlarını dallarına qısıb özlərini hövlnak pilləkənin altına salmadılar. Dünya yenidən səs, nida, nəğmə, avazla dolub, lallıqdan, karlıqdan, kosmik boşluqdan qurtardı. Qurbağaların səsi-qışqırığı yenidən həyət-bacanı ağzına götürdü, qaratoyuqlar budaqdan-budağa hoppanıb çılğın, mis döyümlü şən səsləriylə qaranlığı pul kimi qızartdıqca dünya üzünə bəlkə indiyəcən görünməyən təzə-tər, körpə uşaq kimi saf, bakirə, südlü dodaqlarından nur, işıq, təravət tökülən çılğın, başdan-ayağa güc, qüvvət, həyat, dirilik, coşğunluq saçan mübarək, dəliqanlı bir səhər doğuldu. Evdə, həyət-bacada, havadakı donuqluq, ağır qaramat, buz qatı, sıxıntı, gərginlik sınıb əriyib, o gecəki ilan kimi birdəfəlik sivişib bu ocaqdan getdi, ev-eşiyi, həyət-bacanı birdən-birə tərk etdi, hər şeyin ağzına vurulmuş sehr, qıfıl, hər şeydəki bağlılıq, qapalılıq, müəmma, qısılıb içinə çəkilmə, özü-özünə genişlənmə, geriyə itələnmə, gərnəşib, quluncunu sındırıb qıfılını qırıb açılmaqla nəticələndi, qızından, ailəsindən, uşağından tutmuş (bu itgi nə qədər ağır, sarsıdıcı olsa da) hər şey bir anlıq rahat nəfəs alıb, sanki havasızlıqdan qurtarıb azadlığa, asudəliyə çıxdı, qızından, ailə-uşağından tutmuş havanın çiynindən ağır bir yük, qaramat dolu ağır, hüznlü bir əl götürüldü, hamı əvvəlki kimi mehriban, deyib-gülə iştahla kasıbyana süfrələrinin başına toplaşdılar.

Təkcə evin qabağındakı bostan yerində, qırılan-əzilən pomidor şaxlarında, eşilmiş-oyulmuş münbit, dənəvər torpaqda hələ də qorxunc, kinli, gözəl, yaraşıqlı, şümal ilanın izi-əlamətləri yaşamaqda, mən də varam deyə özünü gözə soxmaqda, bu şənliyə, asudəliyə haradasa az da olsa kölgə salmaqdaydı.

Bu əlamətlərin üzdə olmayan gizli, istər evdə-ailədə, istər qonum-qonşularda heç kəsə, görünməyən, sezilməyən sirli nişanələrini isə kiçik qızın boynunda kəhrəba boyunbağıtək yeri qalmış solğun, ağımtıl, ilğım tək ani bərq vurub, titrəyib, əsib, sanki üstünə tuşlanmış naməhrəm baxışları geri qaytarıb, tez də sönüb yox olan çəhrayı, tağalağa dolanmış kimi qat-qat, üst-üstə boynuna dolamnış, sarınmış dairəvi zolaqlar yaşadır, onunla ömürlük yol yoldaşı olub, ondan xəbərsiz onun şəxsində bəlkə də bütün ailəni bədnəzərdən, sehirdən, ovsundan öndəki qəzadan, bəladan qoruyurdu. Təkcə onun bundan xəbəri yoxdu. Çünki neçə vaxtdı bu dünyayla birdəfəlik haqq-hesabı üzüb həmişəlik öz yuxusuna, əbədiyyət deyilən kosmik boşluğa köçmüş, orada yaşamışdı. Özü də həminki adamdı. Çünki bu dünyanın əzabıyla yaşamaqdan artın məhrumdu. İnsanın yaşdanmamasının, yuxuda, xatirədəki kimi həmişəcavan qalmasının bəlkə də ən ümdə sirri, səbəbi bu idi.

1995

# 2143 dəfə oxunub

Müəllifin son yazıları

# # #