Köhnə liman

Köhnə liman
6 iyun 2014
# 12:18

Kulis.Az Şükür Şənolun tərcüməsində İvan Buninin “Köhnə liman” hekayəsini təqdim edir.

Öz sadə balıqçı həyatını yaşayan Köhnə Liman kəndindəki “Bretan” oteli hələ boşdur, bu çoxmərtəbəli bina çılpaq təpənin yaxınlığında qeyri-adi görünür.

Hava əvvəlki günlərdə olduğu kimi mülayim və gözəldir. Günəşin qızmar şüası altında üzü cənuba dayanan təpənin yamacından buğ qalxır, bir yandan da şimaldan gələn təmiz dəniz havası buna qarışır. Bir az qabağa gedib yuxarı qalxmağınla sıra-sıra təpələri və qarşıdakı mavi dənizi görürsən, ətraf ovuc içi kimi göz önündə açılır. İndi elə sevilən mövsümdür ki, torağaylar oxuyur, hər yerdə çiçək-çiçəyi çağırır, tək yaşıl çöllərdə deyil, hər tərəfdə: hətta çınqılla döşənmiş yollarda, daşlı, kəsəkli dağ ətəyi yerlərdə, sərt, tikanlı kolluqların içində və barsız dərələrdə belə qızarışan incə, zərif çiçəklər var. Üstündən illər ötəndən sonra qaralmış hündür daş xaçın qoyulduğu dördyol ayrıcında, təpələrə sarı köndələn uzanan kəndarası yollar boyu saysız-hesabsız ağ, qırmızı, sarı kəpənəkçiçəklilər boylanır... elə vaxtlar da olur ki, ətrafdakı boş çöllər darıxdırıcı görünür.

Lakin indi əkin yerləri olduğuna görə təzə-tər bitkilərin cücərtisindən sonra bu təpələr və torpaqları gilli düzlər də elə yaşıl və füsunkardır ki, sahil boyundakı boz, sərt qayalar və sakit, lacivərd körfəz də o qədər diqqət çəkmir.

Və bu günlərin biri kəndə ilk xarici qonaqlar gəldi; şotland qoca, qadını və qızı, bir də hansısa tənha norveçli. O, şotlandiyalılarla eyni qatarda gəldi və onlarla el həmin “Bretan” otelində yerləşdi. Ancaq bu norveçli onlarla tanış deyildi, hətta tanışlıq üçün bir vasitə də axtarmırdı.

Buna baxmayaraq onlar hiss etmişdilər ki, o, onları Londondan çıxandan izləyir və indi birlikdə bu oteldə qalmalı olacaqdılar. Ümumiyyətlə, o, adamayovuşmazın biriydi. Qapıçının – oteldə neçə gün qalmaq fikriniz var? – sualına da o, qeyri-müəyyən cavab vermişdi:

- Bilmirəm. Ola bilsin ki, bir, iki gün...

Amma üç, dörd gün, daha sonra bir həftə keçir – o yenə də getmir və oteldə həmən tənha həyatına davam edir.

O, axşamlar erkən yatır, səhərlər də erkən oyanır. Sübh tezdən üfüqdə yenicə qızaran günəşin işıqlandırdığı böyük yeməkxanada (heç kimin olmadığı bir vaxtda ) hamıdan əvvəl qəhvə içir və fikirləşmədən, qarasına otelin kitabxanasından götürdüyü kitabı qəhvə içə-içə diqqətlə oxuyur. Sonra kitabı cibinə yerləşdirir, əl ağacın və şal götürüb sahilə yenir. Burada o, şalı körfəzdən qərb tərəfə baxanda yuxarı qalxan sahilə yaxın boz təpələrdən seçilən ağ, narın qumların üstünə sərir, düz səhər yeməyinə qədər uzanır, dirsəklənib geniş çimərliyə, bu saatlarda mavisi daha da tündləşən səthi dalğalı dənizə, bir də oteldən bura gəldiyi günəşin şüaları altında ağaran yola baxır.

O, hər şeyə göz gəzdirir, hər şeyi çox diqqətlə dinləyir; kənddə saatın səkkizi vurmasını, doqquzun yarısı, doqquz olmasını... Doqquz iyirmidə kəndin arxasındakı dəmiryol stansiyasından keçən qatarın səsi gəlir. Qatarın dayanmağı ilə tərpənməyi bir olur. Otelə gedən yolda onunla bura gələn şotlandiyalıların qızı görünür. Və onda bu norveçli həmən dəqiqə kitabı səhifələyir, özünü oxuyan kimi göstərir. Əslində qız yaxınlaşdıqca onun çimərlik xalatında dik dolu döşlərinin və incə belindən aşağı top kimi yancaqlarının ehtiras oyadan ehtişamlı tərpənişinə göz qoyur.

O, hündür, incə, qəşəng qızdır. Onun uzun, düz, gözəl ayaqları və hər kəsdə heyrət doğura biləcək qədər açıqürək və hətta sadəlövh olması mehriban, həlim üzündəki təbəssümdən də aydın olur. O, böyük şövqlə, həm də şübhəylə bu qıza baxır. Qız sanki yerimir, yüyürən kimi təpədən tez üzü aşağı düşür, sahil boyu ona tərəf gəlir, sonra da qırx, əlli addım ondan aralıda xalatını soyunur, yalnız bir qara trikoda qalır və dənizə girir. Bədəni solğun görünsə də zəif olmadığı aydın hiss olunur. Qız bir xeyli dənizin içərilərinə üzür, uzaqda körfəzin ortalarında üzə çıxan bir boz qayanın üstünə çıxır, bir müddət orada oturandan sonra sahilə qayıdır, dalı üstə narın qumlarda uzanır və günəşdən gözlərini qorumaq üçün bağlayır. Bu qız bir dəfə gözlənilmədən ona tərəf qarışıq fransız dilində səsləndi də:

- Niyə siz dənizdə çimmirsiniz?

O, bir az qızarıb çıxılan kimi oldu və qıza cavab verdi ki, indi su soyuqdur, həm də indi heç kim çimmir.

Saat on ikidə bu qız səhər yeməyi üçün otelə qayıdır. Qız sahildən bir az uzaqlaşan kimi o da yerindən qalxıb qızın ardınca gedir.

Anası və atası səhər yeməyindən və nahardan sonra boş vaxtlarında gəzintiyə çıxırlar, otelin qarşısındakı gözə, könülə rahatlıq gətirən, qeyri-adi tər görünən, yaşıl çəmənliyi olan güllü-çiçəkli bağçanın geniş cığırlarına nizam ilə düzülmüş köşklərdən birində oturub məktub yazırlar və kitab oxuyurlar. Qızı isə norveçli yalnız səhərlər dəniz sahilində, nahar və şam yeməyi vaxtlarında yeməkxanada görə bilir.

Bu saatlarda süfrə başında əyləşən şotlandiyalı ailənin yanından keçən norveçli təvazö ilə başını tərpətməklə onları salamlayır. Onlar da eyni qaydada onun salamını alırlar. Hətta qız düz onun gözlərinə baxır – özü də bir xeyli müddət və sual dolu nəzərlərlə, bu halın özündə belə qızın norveçliylə tanış olmaq istəyi aşkar sezilir. Lakin o, təzim edir, sifəti tutqun və allanmış kimi onların yanından tez keçir.

Hər səhər yeməyindən sonra o kəndi gəzib dolaşır, – bu kəndin qədim tarixi var, çox köhnədir – hərdən kənardan anlaşılmaz görünən, indi adam ayağı dəyməyən kilsəyə girir. Orada sınıq-salxaq kürsüdə uzun müddət oturub buradakı möhtəşəm sakitliyi dinləyir, bu cür sakitlik boş kilsələrdə olur. Tünd palıd oturacaqların arxa tərəfindən dayanıb baxanda öndə, özünün kənd sayağı kasıb bəzəyiylə adamda riqqət doğuran üstünə böyük ustalıqla naxışlar vurulmuş, parlaqlığı göz qamaşdıran taxt, səcdəgah görünür.

Onların üzərində, yarıdairəvi divarda təzə olsa da yetərincə yöndəmsiz ensiz, dar pəncərə çöldəki havaya münasib yaz çəməni kimi göyərir, nar kimi qızarır, hərdən də açıq mavi rəngdə olur. Kilsəyə çox sonralar gətirilən təzə, lakin ucuz Madonnaların, Orlean qızlarının, işgəncə, əzab içində İsa Məsihin, əllərində təsbehləri müqəddəs rahiblərin gipsdən hazırlanmış kiçik heykəllərinə qızılı zər çəkilib, mavi, göy ya da çəhrayı rəng vurulub. Amma bunun özündə də qədim katolik kilsəsinə aid bir cazibə var. Tikililərin daş tağları, çala-çuxur daş döşəmələr, qış fəslində uzun müddət yağan yağışlardan sonra qalın divarlardakı nəmişliyin tünd boz nişanələri, şimaldan, dənizdən şiddətlə əsən sərt küləklər... bütün bunları fikrinə gətirəndə ürək rahat olur, şirin bir sakitlik tapır! Bu dərin xəyali ehtiras içində ağıla gəlməyən sakitlik, əlbəttə hər şeydən gözəldir.

Norveçli tez-tez bu kəndin kiçik limanına – ləng üzən qayıqların, yelkənli gəmilərin lövbər salıb dayandığı körfəzə baxmağa da gedir, ətrafdakı tarlalara, qonşu qəsəbələrə səyahət edir... indi dərəli-təpəli düzlər yamyaşıldır, sakit dəniz daha mavi rəngdədir, çöllərdə torağaylar oxuyur... Ona çox qəribə gəlir bu mülayim, bir qədər də qüssəli, adamsız lal olan bu yerlər, ayaqları taxta dirəklər olan lövhələrə baxır, böyründə qədim daş xaçlar olan isti vannadan çıxmış lüt yekəbaş körpə uşaq kimi soyuqdan əsə-əsə şirin bir ehtirasla gözlərini qıyır, nəzərlərini geri çəkə bilmədiyi ucsuz-bucaqsız, geniş tarlaları həsrət dolu ağuşuna almaq istəyir.

Nahara yarım saat qalmış otelə qayıdır, güzgünün qabağında qonur bığını qayçıyla kəsib düzəldir, xüsusi biçimli sinəsi açıq qara pencəyini, ziyafətlərə geymək üçün aldığı tuflilərini geyir. Nahar zamanı çox içir, bu vaxt onun üzü qıpqırmızı olur, bir az da iri görünür, mavi gözləri sanki şəfəq saçır. Sonra o, siqaret çəkmək üçün ayrılmış otağa gedir, oxumaq üçün qəzet də götürür və bərk-bərk közərən siqaretin acı tüstüsü içində az qala görünməz olur...

Və beləcə on gün keçir. Lakin sonra o, gözlənilmədən, bir gün nahardan əvvəl otelə ola biləcək borcunu ödəmək üçün haqq-hesab kağızını istəyir. Parisə gedən qatar bu qəsəbəyə yaxın sahil boyundakı şəhərdən səhər saat beşdə yola çıxır. Ona görə də o, qapıda dayanan otel xidmətçisini çağırır, ora qayıqla gedəcəyini bildirir və onu gecə saat üçdə yuxudan oyatmasını xahiş edir.

Saat birə qədər o yatmır, lampa işığında uzanıb diqqətlə qaldığı otağa baxır. Sonra eləcə işıqda yuxuya gedir və qəfil eşidir ki, kimsə qapını döyür; əvvəl ehtiyatla, sonra artıq bərk-bərk... O, yataqdan sıçrayıb tələsik geyinir, yaşadığı otel otağına sonuncu dəfə göz gəzdirir; bu dar otaqda göyrüş ağacından hazırlanmış enli taxt, üstünə sarı ipəkdən örtük çəkilmiş parlaq işıqlı lampa, aynalı şkaf, saman rəngli mərmərdən əlüzyuyan, üstündə təmiz su ilə dolu olan böyük çini kasaşəkilli qab var, sanki büllurdandır... Qapı yenidən döyülür – onun yükünü aparmaq üçün gələn var. O, tələsik paltosunu geyinir, papağını başına qoyur, otağa bir daha göz gəzdirir...

Zəif işıqlandırılan, qalın xalça döşənmiş dəhlizdəki qapılardan birinin qabağında iki cüt böyük başmaq var, bir başqa qapının qabağında – bir cüt, elə də böyük deyil... bu, norveçlinin aləmində hansısa xüsusi məna ifadə edir, onun fikrində heyranlıq və zəriflik haqqında duyğular oyadır. Bu məqamda o dayanır, cib dəftərcəsinə ingiliscə bu sözləri yazır:”Good night!” ( gecəniz xeyrə qalsın ), vərəqi qoparıb həmin qapnın altından içəri keçirir. Və tələsik pilləkənlə (sol çiyni üstündə onun bir çamadanını, sağ əlində isə başqa çamadanını aparan xidmətçinin ardınca ) aşağı düşür.

Qaranlıqda onlar yüngül addımlarla yeridikcə ayaqlarının altında qalan sərt çınqılın kövrək xışıltısı qulaqlarını döyə-döyə, Ay və ulduzların işığında ağaran, körfəzə tərəf uzanan yola çıxırlar, limana vaxtında çatmaq üçün kəndə sarı gedirlər. Bu yay gecəsində dənizdən əsən sərin külək onlarda xoş əhval-ruhiyyə oyadır. Səmada ulduzlar son dərəcə çoxdur – sarı, qırmızı, iri, xırda, hələ də adı bilinməyən, dan yerinə qalan – göy üzündən sallanan bu lacivərd məxmər vadi dənizin üfüqə dirəndiyi büllur kimi şəffaf yerə qədər uzanır. Dor ağaclarının əksi körfəz sularında yüyrük kimi rəqs edir. Suların üstündə əsgər sırası kimi görünən iri, boz qayalar gecə könülsüz qonaq qarşılayanlar kimi dalğalara sinə vurur. Bir az öndə üfüqdən yüksəkdə bulanıq-göy və tutqun-qırmızı iki odlu kürə görünür.

Gəmi və qayıqların yan aldığı körpünün axırında dor ağacı dik dayanan yelkənli böyük qayıq ulduzların sayrışdığı dalğaların qoynunda yırğalanır, yana əyilir, gah yuxarı qalxır, gah da aşağı düşür. Yük daşıyan qayığın burun və arxa tərəfində çalışan adamları haraylayır. Onlar da ona nə barədəsə birmənalı cavab verirlər. Gecənin bu saatında onlar müəmmalı, gizli iş tutan adamlara daha çox oxşayırlar. Norveçli ürəklə onlardan birinin sərt və qabar əllərindən yapışıb beşik kimi yellənən qayığın içinə tullanır. Arxasınca çamadanları da ayağının yanına düşür. Və o andaca səs-küynən yuxarı qaldırılan qovraqlaşmış yelkənlər saysız ulduzları parlayan göy üzün örtür. Dənizin içinə yol alan qayıqdakıların üst-başına seyrək-seyrək soyuq su damcıları dəyir, sonra qayıq birdən-birə azacıq yana əyilib sərt küləyə qarşı sürətlə irəli şığıyır, yarılan və ətrafa səpələnən sular qayığın yanı boyu ağappaq köpük fışqırır, üzü sulu və soyuq norveçli – hansısa sonu görünməyən uzaqlardakı sönük, közərən ocaqlara ümid edir...

# 2403 dəfə oxunub

Müəllifin son yazıları

# # #