Murakaminin həsrət dolu Nobel illəri

Murakaminin həsrət dolu Nobel illəri
7 oktyabr 2016
# 13:24

Dünyanın gözü yenə də ədəbiyyat üzrə Nobel mükafatına dikilib. Mükafata namizədlərdən biri də Murakamidir.

“Nobel Ədəbiyyat Mükafatı lotereya deyil. Mükafat almaq istəmirəm. Mükafat tükəndiyiniz mənasına gəlir. Hər şeydən əsası yaxşı oxucularımın olmasıdır. Hansısa mükafatı, nişanı, ya da müsbət reaksiyanı alsam da, almasam da olar. Öz cibindən pul verib kitablarımı alan insanların yanında bütün bunların, bu mükafatların heç bir mənası yoxdur”.

Bu açıqlama illərdir Nobel Ədəbiyyat Mükafatı namizədləri arasında favorit olan yapon yazıçısı Haruki Murakamiyə aiddir. 2000-ci illərin əvvəlindən namizəd göstərilən, 2010-cu ildən bu günə qədər də adı siyahıda birinci çəkilən Murakaminin Nobel almaması artıq zarafata çevrilib. Populyar bir yapon Twitter hesabının hadisəyə münasibəti də ironikdir: “Qışın gəldiyini Haruki Murakminin Nobel Ədəbiyyat Mükafatını uduzmağından bilirəm”.

Tokioda hər il sayları dəyişən Murakami fanatları (Harukistlər) bir barda bir araya gəlib nəticələrin açıqlanmasını canlı izləyir və sevdikləri yazıçının məğlub olmasının kədərini paylaşırlar. Daha sonra isə həmin qrup Murakaminin kitablarını oxucu klubu kimi müzakirə edirlər. Mərkəzi İngiltərədə yerləşən Ladbrokes mərc şirkəti namizədlərin adını açıqladığı andan etibarən dünya miqyasında məqalələr ard-arda çap olunur: “Murakami Nobeli niyə almalıdır?” “Niyə Murakami Nobeli almamalıdır?” “Murakamiyə Nobel niyə verilsin”, “Bu sevdadan əl çəkin, Murakaminin vecinə deyil”.

Murakaminin macəra yoldaşları

Fizika üzrə Nobel Mükafatını da kimin alacağına dair mərc oyunu oynaya bilərik. Ancaq fizika, kimya, tibb, iqtisadiyyat, sülh və ədəbiyyat sahələrində verilən mükafatlarda mərc mövzusunda populyar olan sadəcə son ikisidir, xüsusən də sonuncu. Bunun ən önəmli səbəbi olaraq ədəbiyyatın digər kateqoriyalara nəzərən dünya miqyasında insanların həyatına birbaşa təsir edə bilən sahə olduğunu deyə bilərik. Ya da daha açıq deyək: hər kəsin ədəbiyyat mükafatı namizədləri haqda fikri ola bilər.

Murakami və onun kimi favorit olub mükafatı əldə edə bilməyənlərə qayıdaq. Yapon yazıçısının bu sonu müəmmalı macərada suriyalı şair Adonis, müxtəlif məqalələrdə “Radikal Amerikalı olduğundan əsla və əsla mükafatı ala bilməyəcək” şərhlərinə məruz qalan amerikalı yazıçı Filip Rot, keniyalı yazıçı Ngugi va Tionqo və arada-sırada yanlış siyasi çıxışlar etdiiyi üçün Nobel mükafatında şansının azaldığı iddia edilən amerikalı yazıçı Coys Karol Oates də qatılıb. Bir də hər il namizədlər siyahısında adının çıxmasına özünün də bir anlam verə bilmədiyi amerikalı musiqiçi Bob Dylan var.

Nobel üçün çox populyar

Sadaladığımız digər yazıçılar kimi Murakaminin də Nobel yolunda ən böyük əngəli kimi oxucularının çoxluğunu, yəni populyarlığını qeyd edə bilərik. Çünki İsveç Akademiyası beynəlxalq səviyyədə çox satılan yazarlara maraq göstərən bir quruluş deyil. Murakaminin ədəbiyyat üçün önəmli olmasına baxmayaraq, Akademiyanın arzu etdiyi intellektual səviyyədə olmadığını iddia edənlər də var. Bu iddia əsasən Murakaminin öz ölkəsinə aiddir. Yaponiyadakılar Murakamini öz mədəniyyətindən uzaq, ancaq Qərb mədəniyyətinə yaxın hesab edir.

Ancaq səbəbi nə olur olsun, Murakami bu ili (əgər qazanmasa sonrakı illərin) istəsə də, istəməsə də Nobel mükafatının favoriti kimi başa vuracaq. Burda Pulitzer mükafatçısı Maykl Çabonun bir fikrini xatırlatmağın faydası var: “Əhəmiyyətli mükafatlar çox vaxt haqsız yerə qaranlıqda qalmış bir küncə parlaq bir işıq tutur”.

Bu il Afrikanın ili ola bilərmi?

Nobelin bu ilki namizədlərindən biri də keniyalı yazıçı Ngugi va Tionqodur. “Bir buğda dənəsi”, “Aradakı çay” kimi romanları ilə məşhur olan, bir çox mükafatların sahibi Tionqonun 2010-cu ildə Nobeli alacağı düşünülürdü, lakin mükafat həmin il Varqas Lyosaya verildi.

Tionqonun Nobel ala bilməməsi keniyalıları qəzəbləndirir. Nobel Ədəbiyyat Mükafatının 116 illik tarixində Afrikadan sadəcə nigeriyalı Vole Şoyinkanın mükafata sahib olması, Çinua Açebe kimi əfsanələrin arxa planda qalması bu qəzəbin haqlı olduğu haqda düşünməyə vadar edir.

Ancaq bu il Nobelin qalibinin Tionqo olacağı düşünülür.

# 2611 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #