Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası

Muminlər vadisinin yaradıcısı: Tuve Yanssonun sehrli dünyası
27 iyun 2026
# 14:00

Bu gün Finlandiya yazıçısı, karikaturaçı, dizayner və rəssam, "Mumin kitabları"nın müəllifi Tuve Yanssonun anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.


Ədəbiyyat tarixində elə imzalar var ki, onlar sadəcə kitab yazmır, bütöv bir kainat yaradırlar.

Finlandiyalı yazıçı, rəssam və illüstrator Tuve Yansson məhz bu qəbildəndir. Bütün dünyanın “Muminlər”in anası kimi tanıdığı bu qadın, sadəcə uşaq ədəbiyyatı ilə deyil, həm də daxili azadlığın və sənətin gücü ilə yaddaşlara həkk olunub.

1914-cü ildə Helsinkidə incəsənətə bağlı bir ailədə dünyaya gələn Tuve üçün dəniz həmişə ilham qaynağı olub. Heykəltəraş ata və illüstrator ananın qızı kimi o, yaradıcılığa lap erkən yaşlarında başlayıb. Maraqlıdır ki, Tuve Finlandiya vətəndaşı olsa da, ana dili isveç dili idi və bütün əsərlərini məhz bu dildə qələmə alıb.

Onun yaradıcılığının ən vacib nöqtələrindən biri Fin körfəzindəki kiçik Klovharu adasıdır. Tuve uzun illər bu adada yaşayıb, dənizin ritmi ilə nəfəs alıb və məhz bu təcrid olunmuş təbiət qoynunda əsərlərinə o xüsusi, mistik atmosferi bəxş edib.

Muminlər ilk dəfə 1945-ci ildə oxucuların qarşısına çıxdı. Muminlər sadəcə trollar yox, bəşəri simvollar idi. Görünüşcə balaca, ağ, hipopotama bənzəyən bu canlılar, əslində, böyüklər üçün də dərin fəlsəfi mənalar daşıyır. Yanssonun yaratdığı "Mumin vadisi" tolerantlıq, dostluq və fərqliliklərə hörmət üzərində qurulub.

Tuve Yansson bu personajları ilk dəfə İkinci Dünya Müharibəsinin yaratdığı qorxu və gərginlikdən qaçmaq, özünə və insanlara təsəlli vermək üçün xəyal edib. Onlar fərqli xarakterləri olan böyük bir ailə kimi Muminlər vadisində yaşayırlar. Muminləri dünya səviyyəsində bu qədər məşhur edən və sevdirən şey isə onların dünyasının qaydalarıdır:

Evlərinin qapısı hər kəsə açıqdır: Vadidə kimin başı sıxışsa, köməyə ehtiyacı olsa, Muminlərin evinə gəlir. Mumin ana hər kəs üçün bir boşqab yemək tapır və heç kimə "sən kimsən, haradan gəlmisən?" demirlər. Vadinin hər bir sakini qəribədir — biri çox qorxaqdır, biri ancaq tək gəzməyi sevir, digəri isə hər şeyə etiraz edir. Amma Muminlər heç kimi dəyişdirməyə çalışmır, hər kəsi olduğu kimi qəbul edirlər. Onlar dənizi, meşəni, fırtınaları və macəraları çox sevirlər. Dünyanın ən sadə şeylərindən (məsələn, dəniz kənarından tapılan qəşəng bir daşdan) xoşbəxt olmağı bacarırlar. Qısası, muminlər - böyüklərin dünyasındakı qəddarlığa, müharibələrə və soyuqluğa qarşı yazıçının yaratdığı mehribanlıq, sülh və ailə istiliyi sığınacağıdır. Ona görə də bu kitabları sadəcə uşaqlar yox, fəlsəfi mənasına görə böyüklər də çox sevir.

Müəllifin özünün də dediyi kimi, "İş və sevgi" onun həyat şüarı idi və bu sevgi muminlərin hər bir cümləsində hiss olunur.

Tuve Yanssonu sadəcə yazıçı kimi təqdim etmək ona qarşı haqsızlıq olardı. O, öz kitablarının illüstrasiyalarını özü çəkir, rəsmləri ilə mətnin sehri arasında tam bir vəhdət yaradırdı. 1966-cı ildə uşaq ədəbiyyatına verdiyi töhfələrə görə "Hans Xristian Andersen" mükafatına layiq görülən Yansson, ömrünün sonuna qədər həm də peşəkar rəssam kimi fəaliyyətini davam etdirib.

O, ilk kitablarından birini ("Sara və Pelle") 1933-cü ildə Vera Hayi təxəllüsü ilə nəşr etdirib.

Ömrünün sonuna qədər qrafik rəssam Tulikki Pietilla ilə birgə yaşayıb, bu ittifaq onun yaradıcılığına da dərin təsir göstərib.

Tuve Yanssonun yaradıcılığı muminlərlə bitmir. O, böyüklər üçün qələmə aldığı "Yay kitabı" və "Heykəltəraşın qızı" kimi əsərləri ilə özünün dərin psixoloji və avtobioqrafik qələmini sübut edib.

Onun dünyasında qaranlıq belə qorxulu deyil; o, qaranlığı belə bir macəra kimi təqdim etməyi bacarır. Tuve Yansson bizə öyrədir ki, evdə oturub pəncərədən dənizi seyr etmək də böyük bir səyahət ola bilər, yetər ki, ürəyinizdə Muminlər vadisi kimi bir yer olsun...

# 278 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər