İtlərdən bəhs edən əsərlər – SİYAHI

İtlərdən bəhs edən əsərlər – <span style="color:red;">SİYAHI
15 yanvar 2017
# 11:00

Ədəbiyyatda itlərin sədaqətindən, dostluğundan bəhs edən, onları sevgi ilə təsvir edən əsərlər var. İnsanlarla itlərin dostluğu, onu bütün pisliklərdən qorumaq cəhdləri… Ölən itinin acısını çəkmək. Tənha, kimsəsi olmayan adamların sığınacağı bir limandır itlər. Onlar insanlardan uzaq düşüblər və sevgini itlərdə tapıblar. Bəzən itlərdən pis işlər üçün istifadə olunur, bəzən də itlərin özü təhlükə mənbəyinə çevrilir...

Kulis.Az it obrazlarının yer aldığı əsərlərin siyahısını təqdim edir.

Homer – “Odisseya”

Möhtəşəm bir əsər. “İlliada”nın davamı. Bu hissədə Axey qəhrəmanlarından biri olan Odisseyin evə qayıdışı və bu zaman başına gələn macəralardan söhbət açılır. Odisseyanı bu səyahətdə tək başına qoymayan sevimli iti Arqos da yaddaşlarda qalan obrazdır.

Fyodor Dostoyevski – “Alçaldılmış və təhqir edilmişlər”

Böyük yazıçının ilk əsərlərindən. Roman əsərin aparıcı obrazı Vanyanın dili ilə nəql olunur. Bir gün o küçədə bir qoca və it görür. Bundan sonra başına qəribə hadisələr gələcəyini güman edir. Qocanın yanından ayrılmayan it onun ən sadiq dostudur. Dərdli bir qocadır. Günlərin bir günü ölür, it tənha qalır. Əsər bu hadisədən sonra başqa bir müstəviyə keçir.

Orxan Pamuk – “Mənim adım qırmızı”

Məşhur türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamukun bu romanı 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən sənət, eşq, qətl hadisələrini təsvir edir. Hər bölmə bir obrazın dili ilə nəql edilir. Əsərin bir hissəsi də itin dilindən nağıl olunur.

Frans Kafka – “Bir itin axtarışı”

Kafkanın elə də məşhur əsəri deyil. İnsanların təsiri altında qalan, bu səbəbdən öz ətrafına yadlaşan bir itin gözündən təsvir edilən əsərdir. Kafka XXI əsrin insanını bir itin gözlərində təqdim edir.

Cek London – “Əcdadların harayı”

Əsər bir itin həyatından bəhs edir. Alyaskada qızıl əldə etmək üçün güclü əzələli itlərə ehtiyacı olduğundan Bak adlı gözəl bir iti oğurlayırlar. Bak birdən-birə vəhşi təbiətin ortasında qalır. Əcdadların harayı Bakı canavarlara tərəf səsləyir, ancaq yanında canını tapşıran sahibi də var. Bak bu dilemma arasında qalır.

“Ağ diş”

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyyatını ustalıqla qələmə alıb. Ağ diş öncə acınacaqlı həyat sürür, ancaq əsərin sonuna yaxın xoşbəxt həyata qovuşur.

Artur Konan Doyl – “Baskevillərin iti”

Çox maraqla oxunan detektiv roman. Detektiv Şerlok Holmsun macəralarından biri. Şerlok Holms və doktor Vatson bu dəfə Baskevillər ailəsinə bəla olan itlərlə mübarizə aparırlar.

Mixail Bulqakov – “İt ürəyi”

Əsərdə avara bir it üzərində cərrahiyyə əməliyyatı aparılıb onun insana çevrilməsi və bu “insanın” yaramaz, pozğun, mənəviyyatsız bir məxluqa dönməsi təsvir olunur.

Anton Çexov – “Kaştan”

Öz sahibi bir gün onu başqa birinə verir. İt əvvəl bunu anlamır, sonra isə başa düşür və ağlayır. Onu tanımadığı bir adamın təpiyi özünə gətirir...

“İt gəzdirən xanım”

Kurort yerlərinin birində gözəl bir xanım hər gün sahilboyu yanıdakı sevimli iti ilə gəzinir. Günlərin birində kurortda istirahət edən şorgoz Qurov qadını öz toruna salır. Anna ərli qadındı, ancaq tənhadır. Onun tənhalığını dolduran da itdir. Daha sonra bu tənhalığa Qurov da qonaq olacaq...

İvan Turgenev – “Mumu”

Kədərli bir hekayə. Gerasimov adlı eşitmə qabiliyyəti olmayan qulluqçu. Onun bir iti var, adı Mumu. İnsanlardan uzaq düşüb Mumuya sığınır Gerasimov. Bir gün ağası Mumunu öldürməyi tapşırır. Gerasimov böyük bir ağrı ilə iti ilə əbədiyyən vidalaşır.

Pol Oster – “Timbuktu”

Sərxoş, yarı dəli Villi ilə Sümük bəy deyə çağrılan itin başından keçənlər. Maraqlı, dinamik bir əsər.

Leonid Andreyev – “Dişləyən”

Kədərli bir hekayə. Küçə itinin həyatı. Bu it heç vaxt ev görməyib. İsti bir qucağa daim möhtacdır.

Əziz Nesin – “Tarzan”

Sarı boz rəngə bir qoca məhəllə iti. Məhəllədə çoxdan yaşayanlar da, təzə köçənlər də Tarzan adlı bu sevimli iti görüblər. Bu məhəllə Tarzanın vətəninə çevrilib.

Elçin – “Dolça”

İki ailə qarşı-qarşıya: Ağababanın ailəsi ilə Bəşirin ailəsi. Ağababanın ailəsi nümunəvidir. Bəşirin ailəsinin əməlləri, münasibət və davranışları Ağababanın ailə üzvlərində ikrah hissi doğurur. Ağababa ilə dostluq edən Toplan (Dolça) iki mühit arasındakı ziddiyyətin yeganə qurbanıdır.

Əkrəm Əylisli – “May günü”

Həbsdən qayıdan adamın yeganə dostu itidir. Onu ac-susuz buraxıblar. İllər itə acımasız olub. Adam da, it də ağır günlər yaşayıb. İtin adı da qəhrəmanın zəhləsi getdiyi adamın adıdır.

Mövlud Süleymanlı – “İt dərsi”

İtləri döyüşdürən bir dəstə insan. Hər kəs indi hansısa itin parçalandığına şahid olacaq. Amma... İtlər birdən bir-birindən aralanırlar. Sanki barışıq elan edirlər. İtlər insanlara o gün əməlli-başlı dərs verir.

Seyran Səxavət – “İt intervüsü”

Jurnalist redaktora özünü tərifləyərək “Mən itin də dilini bilirəm” deyir. Redaktor isə onu itlə müsahibəyə göndərir. Jurnalist də iti əməlli-başlı danışdırır. Təbii ki, əsərdə it alleqorik obraz kimi təqdim olunur.

# 17401 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #