Erməni söhbəti mətnə banallıq qatır - Hekayə müzakirəsi

Erməni söhbəti mətnə banallıq qatır - Hekayə müzakirəsi
8 yanvar 2025
# 15:00

Kulis.az Ulucay Akifin "Piterə həmişə qar yağır" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Anar:

"Ulucayın “Piterə həmişə qar yağır” hekayəsini maraqla oxudum. Peterburqla ənənəvi turist tanışlığı fonunda kişi-qadın münasibətlərinin təsviri diqqəti çəkir. Cənub adamının “qar həsrəti”, Azərbaycan gənci ilə rus qızının böyük sevgiyə çevrilə bilməyən ilişgiləri psixoloji detallarıyla qələmə alınıb, iki xalqın çox fərqli davranış və əxlaq prinsiplərini aydınlaşdırır.

Gənc müəllifə yaradıcılıq uğurları arzulayır və insan talelərinin daha dərin qatlarına varmasını diləyirəm".

Həmid Herisçi xəstəxanaya yerləşdirildi

Həmid Herisçi:

"Ulucay Akifin mətni ikiqatdı. Birinci qatda Sveta, bacısı İra, qarlı Piter, qardaşı İqor. azərbaycanlı, qafqazlı oğlan. Fəqət bu adi məişət mənzərələri, söhbətləri, banal həyat fizikası arxasında bir başqa mətn də var.

Metafizik qat. Metafizik mətn. Dini süjet.
Yəni Milad bayramı, Şaxta baba, qar qızı. Müqəddəs İsa, müqəddəs Məryəm şamları. Şölələrində titrəyən, canlanan, yaşayan müasir İqorlar, Svetalar, qafqazlılar. Ruslar.

Yəni ilkin mətn həmişə dini kitablardan gəlir.

Yəni üzdəki adi məişət süjeti aldadııcıdır. Əsas mətn hekayənin dibindəki İsa Məsih əfsanəsidir.

Vaxtiylə Maksim Qorki də öz “Ana” romanını bu cür yazıb. “İncil”i çevirib sosial dilə. Pavel orda müasir İsadır. Anası Paleqeya isə övladı qurban verən müqəddəs, müasir Məryəm.

Yazıçı qələmi, əslində, metafizik mətnləri məişət dilinə, həyat yaşantısına çevirməyi bacarmalıdır.

Metafizikası olmayan mətnin fizikası da olmur.

Müasir yazarlarımızın 90 faizində bax bu metafizika yoxdu.

Yəni ilkin mətn yoxdu.

Ulucayda isə var.

Yazarın qəhrəmanları canlı dialoqdadırlar.

Daim öz aralarında adi, çox adi mövzularda danışırlar.

Nümunə gətirirəm:

“Sveta otağa qayıdanda şəkil əlimdə idi:
– Nə şirinsən! Neçə yaşın var burda?
– On səkkiz olurdu... – şəkli əlimdən aldı.

Gözü o biri şəkli axtardı. Təlaşlandığını hiss elədim, – Gəldim deyəm ki, mən birazdan İrayla marketə gedəcəm, oyanıb bizi görməsən, narahat olma.
– Yaxşı. Dəhşət yorulmuşam. Ayı kimi qış yuxusuna gedə bilərəm, – naqolay vəziyyəti düzəltməyə çalışdım.
– Yat, yat... Sənə marketdən nəsə lazımdı? – otaqdan çıxmadan məndən soruşdu.
– Yox. Çox sağ ol! Yatacam elə.
– Yaxşı. Yuxun şirin olsun, – deyib işığı söndürdü, otaqdan çıxdı”.


Bu dialoqlar hekayəni dirildir. Yaşadır. Sürətini artırır.

Hekayə yazarı avtoş kimidir.

Mütləq aeroport yolunun sürət zolağına qəfil sıçramağı bacarmalıdır.

Sükanın ani dönüşü ilə.

Hekayədə bax bu magistrala...ədəbiyyatın magistral yoluna, kommunikasiyasına qəfil dönmək, düşmək reallığı və cəsarəti var.

Nəzərə alın ki, bu mətn həm də qış mətnidir.

Yollar buzludur.

Təbitə qarın yağması təbiidir.

Bədii mətnə isə qarı ancaq yazar özü yağdıra bilər.

Məncə, müəllif bunu bacardı.

Ədəbiyyata qar yağdırdı".

Nərmin Kamal:

"Bir tanınmış rəssam yoldaşımız mənə öz yeni çəkdiyi rəsmi göstərdi. Rəsmə yaxınlaşdım, dedim bu pion çiçəklərinin ləçəkləri nə gözəldir, burasında bu kölgəni necə canlı çəkmisən, işıq necə dəqiq alınıb, hələ o rəngdən bu rəngə keçidə bax, çəhrayıdan yasəmən rənginə necə məharətlə keçid etmisən, hələ bu ştrixlərə bax, boyayla bunları necə belə çatdırmaq olar, hələ arxada sonsuz uzanan uzaqlığa bax... Beləcə nə qədər rəsmin qarşısında durub ayrı-ayrı detalları təriflədim, istədim bu sadəlövh, amma həvəsli təhlilimdən sevinsin dostum, bilsin ki, onun zəhmətlə bu qədər təfərrüatı çəkməsi boş yerə deyil, tamaşaçı o xırdalıqların hər birinə diqqət yetirir, onları qiymətləndirir. Amma gözlədiyimin əksinə, rəssam məyus oldu. Dedi, deməli, alınmayıb rəsm, - çünki mən istəyirdim rəsmə baxan adamda qəflətən ümumi yüngüllük hissi yaradım, o ümumi hissi yarada bilməmişəm. Onun bu sözü mənə başqa bir perspektiv açdı. Həmin perspektivlə “Piterə həmişə qar yağır” hekayəsinə baxanda orada artıq ayrı-ayrı obrazları, süjet xəttini, cümlələri, keçidləri yox, istər-istəməz özümü - bu hekayəni oxuyanda özümü necə hiss etməyimi düşündüm. Yaxşı, bu hekayəni oxuyanda özümü necə hiss etdim? Qəflətən çox xəfif, yüngül, rahat hiss etdim özümü".

Şəhriyar Del Gerani:

"Əvvəla ondan başlayaq ki, intellektuallıq kompleksi çağımızın bəlasına çevrilməkdə. Kimi dindirirsən, sitat çəkir ədəbi camiədə. Bu haqda əlavə heç bir cümləyə ehtiyac görmürəm. Əfsus, Ulucayın bu potensial gözəl hekayəsi də o məşum kompleks ucbatından ortabablaşıb. Amma sizə deyim, ilin-günün bu vaxtı ortabab hekayə yaza bilmək də zarafat iş deyil. Bir neçə detalı qeyd etməyi özümə və mətn zövqünə inandığım qələm dostlarıma borc bilirəm. O şeyləri qeyd etməyi borc bilirəm ki, usta qələm adamı bütün bunları dəqiq, çox dəqiq, həddindən artıq dəqiqliklə hesablamalı. Di gəl, niyəsə inciyirlər deyəndə. Eybi yox, qoy bu dəfə də mən olum almadərən.

Mən nəyin pisiyəm? Deyim, biləcəksiniz. Məsələn, deyirəm, ikinci abzasda - “Təkərli çamadanımı arxamca sürüyə-sürüyə ətrafa boylanırdım” - yazan təhkiyəçi dördüncü abzasda - “Onda bağla çətiri, qaçaq, – əlindən tutdum, ensiz küçənin o biri tərəfinə qaça-qaça keçdik” - yazmalı deyil. Axı mənim fikrim-zikrim qalır çamadanın yanında. Ki, İlahi, görəsən nə iş gəldi çamadanın başına? Çamadan necoldu? Hə, hekayənin gedişatında məlum olur, çamadan itməyibmiş, sadəcə, bizim təhkiyəçi Vandam imiş; Bir əli qızın əlində, digərində təkərli çamadan qaça bilirmiş-mış-müş-muş.

Yaxud, “Yaşlı kişi sağ dizinin üstündəki qarmonu gah yuxarı qaldırır, gah da aşağı endirib şən musiqi çalırdı. Lopa bığları siqaret çəkməkdən saralmışdı”. Qeyd etməkdə fayda var: Dilimizdə yaşın neçəliyini göstərən iyirmiyə yaxın söz mövcud. “Yaşlı kişi” nədir? Nə deməkdir? Əyalət bazarlarında danışırlar bu dildə. Üstəlik, qarmon elə bir alətdir ki, o, heç bir dizin üstündə olmur, birbaşa qucaqda olur. O ki qaldı “Lopa bığları siqaret çəkməkdən saralmışdı”ya, “lopa”deyirsənsə, “bığ” cəmlənmir. Cəmlənəndə eybəcər bir mənzərə alınır; guya adamın 5-6 ədəd lopa bığı varmış-miş-muş-müş.

Başqa bir incə detal. Svetayla evə girəndə onları Svetanın bacısı İra qarşılayır, bu məqamda şairanə, yerində və gözəl ifadə işlədir təhkiyəçi, - “Birbaşa mətbəxə keçdik. Yəqin, dörd nəfər olsaydıq, bura sığmazdıq”. Mətbəxin kiçikliyinin poetik ifadəsi. Yaxşıdı. Nəsrdə işləyir belə söhbətlər. Amma sonra Svetagilin xaloğlusu İqor gələndə mətbəxin darısqallığı nəzərə çarpmır niyəsə. Bu isə, yaxşı deyil.

“Erməni çaxırının üzümü bizdəndir” söhbəti isə əl-qətiyyən vəl-əşədənbillah məxsusi banallıq qatır mətnə. Bu barədə bircə cümlə belə olsun artıq nəsə qeyd etmək istəmirəm-am.

Birini də qeyd edim, keçək mətləbə. Təhkiyəçi yazır: “Köməyimə söhbətimizi bölən kilid səsi çatdı. Sveta içəri girdi. Çəkməsini çıxardı, gödəkcəsini asılqana keçirdi, papağıyla əlcəklərini də gödəkcəsinin ciblərinə salıb mətbəxə girdi”. Mətnin bu yerində əməlli-başlı ip çıxıb əldən. Birincisi, kilid yox, açar səsi olar. İkincisi, sən mətbəxdə otura-otura necə görürsən Svetanın nə etdiyini? Kamera əsasdır, rakurs şərtdir. Birinci şəxsin dilindən yazılan mətnlərdə müəllif diqqət etməli belə şeylərə.

Əlbət, bütün bunlar dəfələrlə qeyd etdiyimiz redaktorsuzluq problemidir dolayısıyla. Bizim qələm əhlinin ən ciddi problemlərindən biri də məhz redaktor yoxluğudur. Bu redaktə xətalarını və müəllifin göstərməyə cəhd etdiyi intellektual muskulu çıxmaq şərtilə hekayəni ləzzətlə oxudum deyərdim. Sözün bütün mənalarında modern Azərbaycan nəsri adından sevindim Ulucaya görə. Məmnuniyyətlə oxuyaram növbəti bütün hekayələrini. Eşqlər!"

Mübariz Örən - Qum adası » Ədəbiyyat.AZ - Ədəbi yazılar, məqalələr, son  xəbərlər, kitablar, poeziya

Mübariz Örən:

"Ulucayın "'Piterə həmişə qar yağır" hekayəsini Yeni il ərəfəsində ikiqat keyflə oxudum; sevimli bayramı sevimli şəhərdə keçirirmiş kimi hiss elədim özümü. Üstəlik, bu mətni mənim gənc qələmdaşım yazmısdı. Bu da üçüncü səbəb. Ulucay bir hekayədə həm Peterburqun, həm Yeni ilin atmosferini yarada bilmişdi. Bu, vacib şərtdi: atmosfer yarada bilmək. Hekayə bütöv olanda can tapır, oxucusuyla rahat əlaqəyə girə bilir, onu öz ovqatına, havasına kökləyir. Bu mənada, hekayə alınıb. Hər Yeni il ərəfəsi ləzzətlə oxunacaq, hekayədə adı gedən film kimi: "Taleyin ironiyası...". Yeri gəlmişkən, bu filmdən hekayədə nəsə var. Ən azı Peterburq var və ən azı rəfdəki kişi fotosu var. İppolit var. Yaxşı mənada: mətnlərarası "komunikasiya". Məsələn, bu əlaqə Anarın "Evləri köndələn yar" tamaşasında da vardı: binaların səhv salınmasından doğan situasiya özəllikləri... Onu da deməliyəm ki, hekayənin sonluğu mənə bir az sönük gəldi. Deyəsən, Həmid Herisçi yazmışdı ki, şampan partladı, nə bilim, şimşək çaxdı... Məncə, elə olmadı. Bu hekayənin sonluğu başqa cür gözəl ola bilərdi. Bilmirəm necə, amma ola bilərdi. Hekayə-hekayə ucalan gəncimizi ürəkdən təbrik edirəm".

İlham Əziz:

"Ulucayın “Piterə həmişə qar yağır” hekayəsi müasir çalarla yazılmış, hekayə elementlərini özündə daşıyan səlis mətndir. Dili çevik, struktur problemsizdir. Bu səpkidə bir neçə hekayə oxumuşam. Kamal Abdullanın, İkinci Mahmudun bu tip hekayələri var. İçində başqa millətlərlə dialoq olan hekayələr nisbətən çətin hekayələrdir. Müəllif qarşı tərəfi tanımalı, onların özəlliklərini göstərə bilməlidir. Hadisəsiz hekayələr yazmaq ustalıq tələb edir. Ulucay inkişafdadı, mətn-mətn böyüyür. Uğurlar!"

Cavid Zeynallı:

“Piterə həmişə qar yağır” hekayəsi hər şeydən əvvəl rəvan dillə yazılan mətndir. Həcmi az deyil, amma rahat oxunur. Nəsr üçün bu çox vacib amildir. Dil pintidirsə, cümlə yarımcandırsa, ümumilikdə mətn ölü doğulubsa, heç nə haqqında danışmaq olmaz. Bizdə belə mətnlər çoxdur.

Mən Ulucayın hekayəsinin qəhrəmanlarını gözümün qabağına gətirə bildim. Deməli, onlar diridirlər. İki dəfə səfərdə olduğum Peterburqu onlarla bir yerdə yenə gəzdim. Hətta isti, hər cür parıltıdan uzaq olan sadə rus mənzilində bayram keçirdim. Hekayə nəsr üçün vacib olan “danışma, göstər” prinsipinin yaxşı nümunəsidir. Və hər cür publisistik tondan uzaq olmağı mənə xoş gəldi.

İndi gəlin görək Ulucay Akif bu hekayəni niyə yazıb? Bunun cavabını özü təxminən belə verib: sadəcə, bayram əhvalında, bayram ovqatında mətn yazmaq istəmişəm. Yenə təxminən deyirəm ki, yəni dərin-dərin mətləblərə iddiam yoxdur. Ulucay buna nail olub. Əgər biz müəllifin bu ehtiyatkar özünə bəraətini nəzərə almayıb mətnin alt qatlarına enmək üçün yola çıxsaq, yenə nəsə tapa bilərik. Yaxşı mətnləri həmişə mənalandırmaq, yozmaq, əlaqələndirmək mümkündür. Ulucayın mətninə hansı yozumu verək? Məsələn, iki fərqli əxlaqi dəyərlərə söykənən insan təbiətinin qarşılaşması, uzlaşması? Uzaq yolçuluğa çıxan şərq kişisinin qadına münasibətdə doğru-yanlış təsəvvürlərinin saf-çürük olması? Bəlkə özünü axtarması? İçindəki qaynar qısqanclığın soyuq şimal şəhərində də soyumaması? Çöldəki soyuqluğun və paklığın ürəkdəki şübhə və niyyət bulanıqlığı ilə toqquşması?

Mənim bu suallara cavabım həm var, həm də yoxdur. Ədəbiyyat düsturdan, riyazi dəqiqlikdən uzaq olanda, özündə tapmaca əyləncəviliyini gizlədəndə gözəl olur.

Bəlkə, Ulucay bunların heç birini düşünməyib? Olsun! Əsas odur, biz bu cür oxuya bilirik. Mətn artıq müəllifdən çıxıb və onu mənalandırmaq mənim kimi sıradan oxucuların işidir.

Təbrik edirəm! Ulucay mütləq yazmalıdır".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Təhkiyəsi xoşuma gəldi. Hekayədə demək olar hadisə yoxdur, amma axıcı idi, sıxılmadan oxudum. Sonluqda elə bildim qar heç yağmayacaq. Yağmasa yaxşı olardı. "Qodo həsrətində"ki kimi. Amma görünür, dostumuz hekayəni yeni il hədiyyəsi elədiyindən kədərdən qaçmağa çalışıb mümkün olduqca. Svetadan şəkildəki kişinin kimliyini soruşmağı isə aqibəti bəlli edir. O şəkildəki kişi qoymaz qəhrəmanımızı Svetayla qalmağa. "Park" filmi var bizdə, Rasim Ocaqov çəkib səhv eləmirəmsə, baş rolda Fəxrəddin Manafov oynayır. Orda da qəhrəman rus qızını qəbul edə bilmir, çox sevsə də. Amma sonra nisgil onu heç vaxt tərk eləmir. Şəhərin ruhunu hiss etdim, Svetanı sevdim, bizim yerli oğlana üzüldüm... Belə hiss etməsələr kaş. Güclü və dürüst olsalar kaş. Qara gəlincə, yaxşı ki, yağdı axırda. Bayaqkı fikrimi dəyişdim".

Babək Məmmədli:

"Hərdən dayanıb özümə baxıram ki, avtopilotda gündəlik qayğıların dalınca düşməkdən aşınıb-tükənmişəm, zombiləşmişəm. Belə vəziyyətlərdə özümü ədəbiyyatla, konkret olaraq nəsrlə reabilitasiya edirəm; işıqlı hekayələr axtarıb oxuyuram, audio kitab dinləyirəm. Bu, məni çox xoşbəxt edir. "Piterə həmişə qar yağır" da həmin işıqlı hekayələrdəndir. İşin maraqlı tərəfi budur ki, Ulucay hekayəni yazmazdan əvvəl anonsunu vermişdi - necə bir hekayə yazacağıyla bağlı yol xəritəsini çəkib göstərmişdi. Bu lovğalığı tətikləyən əsas səbəb isə hekayənin surroqat olmaması, bütövlükdə Ulucayın öz yaşantılarından doğulmasıdır. Sonuncu cümlə istisna olmaqla - qondarma görünür, bu cür ovqat hekayələrinə intriqa qatmağı yersiz sayıram; məndən olsa, hekayəni elə qar motivləriylə də bitirərdim, - hekayəni bütünlükdə bəyəndim. Təbrik edirəm, təkəbbürlü gənc dostumu! Hekayənin oxucularından kimsə belə bir şərh yazmışdı: "Bu cavan oğlan sübut etdi ki, dilinə görə dilçəyi də var". Mən də bu fikirdəyəm"".

Ülvi Babasoy:

"Çox vaxt hekayədən qeyri-adi fikirlər, problemlər, ideyalar gözlənilir. Ulucay Akifin “Piterə həmişə qar yağır” hekayəsi pozitiv mətndir. Hekayə insanın var olduğu müddətcə ədəbiyyatın da yaşayacağını göstərir.

“Piterə həmişə qar yağır” hekayə janrına xas bütöv effekt elementinə sadiqdir. Hekayədə idealizə edilmiş bir mühit və hadisə yoxdur. Sadəcə, estetik zövq verir. Ki, bu da bəsimizdir. Bizim ədəbiyyatın kökündə yatan əxlaq dərsi vermək, didaktik atmosferdən uzaqdır “Piterə həmişə qar yağır”. Təhkiyəçi-qəhrəman yeni il qabağı Piterə gedir. Rus qızı Sveta ilə bərabər xoş və naxoş (O şəkildəki kişi kimdi? – Qəhrəmanı sıxıntıya qərq qedən bu neqativ situasiyanı bilmək üçün hekayəni oxumaq tövsiyyə olunur) anlar keçirir. Ulucay Akif rus qadınlarındakı çılğınlıq və sərbəstliyi ustalıqla göstərib. Sveta xalis rus qızıdır. Svetanın bacısı İrina bir qədər təmkinli və təcrübəlidir.

“– Heç kimi bəyənmədi. Oğlanlar ona görə dava-qırğında idi həmişə. Bəlkə də, ona görə seçim eləyə bilmədi. Həm də çox kaprizlidi. Hər şeyi bəyəndirə bilməzsən ona. Amma səni çox bəyənib.

– Mənim nəyimi bəyənib ki?

– Nə bilim, – deyib güldü, – Sən bura niyə gəlmisən? – qəfil soruşdu.

– Necə yəni niyə gəlmişəm? – İranın sualından narahat oldum.

– Yəni məqsədin, fikrin nədi?

– Gəlmişəm Svetanı görüm, Yeni ili bərabər keçirək.

– Bəs sonra?

– Nə sonra?

– Ciddi nəsə fikirləşmirsən?

Cavab verməyə söz tapmadım, susdum.

– Siz niyə elə bilirsiz ki, rus qızları ancaq əylənmək üçündü? – budəfəki sualında inciklik hiss olundu.

– O nə sözdü? Mən elə fikirləşmirəm.

– Bəs fikirləşmirsən, Sveta səni sevsə, bağlansa, nolacaq?

Köməyimə söhbətimizi bölən kilid səsi çatdı”.

Təhkiyəçinin (lap olsun Ulucay Akifin özünün) İrina ilə söhbəti hekayənin semantik mərkəzində dayanır. Hekayə bəzən insan münsaibətlərindəki adi, sadə, mürəkkəb ekzistensial situasiyanı verməklə öz gözəliyindən heç nə itirmir. Lap bu səhnə olmasaydı da, Piterin yeni ili qarşılaması ilə bağlı vizual effektlər bəs edərdi.

Hekayənin bədii enerjisi bəzən aşağı düşür. Çaparaq bir üslubla qarşılaşırıq. Şəhərin və insanlarının fiziki və metafiziki kimyası öləziyir. Mətnin bədii temperamenti aşağı düşür. Bəlkə də, Ulucay bəy qəsdən edib bunu. Çaparaqlıq müasir həyatın və ədəbiyyatın faktına çevrilib artıq. Müəllif buna görə də belə bir yazı metodu seçə bilər. Ancaq hekayəni oxuyub bitirən ənənəvi oxucu bu sualı verə bilər: Hə, nolsun?

Qəhrəmanın uşaqcasına qarı gözləməsi olduqca estetikdir. Samuel Bekketin “Qodonu gözləyərkən” pyesində nə qədər ciddi mətləblər və varlıqlar gözlənilir. Qodonun həsrəti, intizarı çəkilir. “Piterə həmişə qar yağır” hekayəsində isə qarın yağmağı ilə içindəki kədərdən xilas olacağını gözləyən cavan oğlanın darıxması, özünə yer tapa bilməməsi təqdim edilir. Bu, insanın hər zaman, ömrü boyu gözəl bir gün və ya ana ümidini romantizə edir. İsa Hüseynovun “Bir az romantika” hekayəsiylə eyni estetik ərazini bölüşür “Piterə həmişə qar yağır”. Hekayədə payızın orta ayında iki gənc dənizdə çimirlər. Sadəcə, çılğın bir emosionallıq və romantika təsvir edilir. Murad və Şərqi təzə tanış olublar və ilk görüşlərində belə bir romantika yaşayırlar. “Piterə həmişə qar yağır” hekayəsində də ehtimal ki, internetdə tanış olan azərbaycanlı oğlanla rus qızının bir neçə günlük yeni il macəraları, qar həsrətləri canlandırılır. Oğlanla Svetanın dialoqları və düşüncələri idealizə edilən, saxta münasibətlərin üstündən xətt çəkir. Müəllifin sevişmə səhnələrini verməməsi də maraqlıdır. Sirli, məhrəm qalır münasibətin mərkəzində olan anlar. Fərqli ölkələr və mədəniyyətlərin iki qütbü yeni ili qarşılayırlar. Eyni dildə danışırlar. Dini, irqi və milli baxışlar kənarda qalır, indiki anın təsviri idealizə edilən dəyərlərdən, anlayışlardan imtina edir. “Piterə həmişə qar yağır” hekayəsindəki "story" history tarix sözündən doğur, doğulur. Zamanın dinamikası ilə paralel şəkildə davam edən hekayə janrına çevrilə bilir. Üstün və əksik cəhətləri ilə. Axı qəhrəman yalnız Sveta ilə birlikdə olanda mövcud olur. Svetasız səhnələrdə cansız və statikdir. Bu hal mənə yapon yazıçı Yasunari Kavabatanın “Qarlı diyar” əsərindəki üslubu və minimalizmi xatırlatdı. Hekayə bitir və bəlkə də, Svetayla münasibət də bitir. Ancaq rus qızının varlığındakı sərbəstlik və dürüstlük yaddaşımızda davam edir".

# 942 dəfə oxunub

Müəllifin son yazıları

# # #