"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?
16 aprel 2026
# 12:40

Bu gün tanınmış rumın yazıçı Panaiti İstratinin doğum günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Panait İstrati Rumıniya ədəbiyyatının ən fərqli və duyğusal simalarından biri kimi tanınır. Onu çox vaxt “Balkan ədəbiyyatının Maksim Qorkisi” adlandırırlar; bu bənzətmə təsadüfi deyil, çünki onun yaradıcılığı da məhz sadə insanların taleyinə, həyatın sərt həqiqətlərinə və insanın daxili ləyaqətinə yönəlmişdir.

İstrati Rumıniyanın liman şəhəri Braildə dünyaya gəlmişdir. Atası yunan idi və bu çoxmədəniyyətli mənşə onun həyatına və düşüncə tərzinə erkən yaşlardan təsir göstərmişdir.

Atası Georq Zaharia isə yunan kontrabandçı idi və Panait doğulduqdan qısa müddət sonra öldürülmüşdür. Anası Joita İstrati təkbaşına camaşırçı kimi çalışaraq oğlunu böyütmüşdür. İstrati rəsmi təhsil almamış, uşaqlıqdan müxtəlif işlərdə – liman işçisi, çörəkçi, boyaçı kimi çalışmışdır. 1906-cı ildə səyahətlərə başlamış, Misir, Suriya, Türkiyə, Yunanıstan və İtaliya kimi ölkələri gəzmişdir.

Gənclik illəri isə sanki bir səyyahın həyatını xatırladır. Bu yolçuluqlar onun dünyagörüşünü genişləndirmiş, insanları və həyatın müxtəlif üzlərini yaxından tanımasına imkan yaratmışdır. Maraqlıdır ki, o, bu dövrdə təsadüfən tapdığı bir lüğətin köməyi ilə fransız dilini öyrənmiş və sonradan bütün əsərlərini məhz bu dildə yazmışdır.

Onun həyatında dönüş nöqtələrindən biri 1921-ci ildə baş verir. Fransanın Nitsa şəhərinə gedərkən dərin tənhalıq hissi ilə intihara cəhd edir. Bu faciəvi məqamda onun üzərində məşhur fransız yazıçısı Romen Rollana ünvanladığı, lakin göndərilməmiş bir məktub tapılır. Məhz bu məktub sonradan onun həyatını dəyişir. Rollan İstratinin istedadını dəyərləndirir və ona dəstək olur.

1923-cü ildə onun ilk romanı “Kira Kiralina” Romen Rollanın ön sözü ilə nəşr olunur və bu, İstratini ədəbi aləmdə tanıdır. Bundan sonra o, bir-birinin ardınca əsərlər yazır. “Yoldaş (Mihail)”, “Ağdəniz”, “Küçə qızı (Nerantsula)”, “Angel dayı”, “Kodin”, “Baraqanın dəvətikanları” kimi əsərləri onun yaradıcılığının əsas nümunələri sayılır.

İstratinin yaradıcılığının əsas xüsusiyyəti onun insan mərkəzli yanaşmasıdır. O, gənclik illərində inqilabi ideyaların təsiri altına düşsə də, 1929-cu ildə Sovet İttifaqına səfərindən sonra dərin bir məyusluq yaşayır. Bu təcrübə onun dünyagörüşündə ciddi dəyişiklik yaradır: o, siyasi mübarizənin dünyanı dəyişmək üçün yetərli olmadığı qənaətinə gəlir. Bu səbəbdən onun əsərlərində siyasətdən çox, insanı insan edən mənəvi dəyərlər – sevgi, dostluq, sədaqət və mərhəmət ön plana çıxır.

Panait İstrati çox səyahət etmiş yazıçı olsa da, onun əsərlərində əsas diqqət coğrafiyaya deyil, insanlara yönəlir. O, getdiyi yerləri deyil, qarşılaşdığı taleləri, insan xarakterlərini və onların daxili aləmini təsvir edir. Onun əsərlərində güclü bir insan sevgisi hiss olunur – bu sevgi qarşılıqsız və şərtsizdir. Yazıçı bu sevginin həm insanlara gətirdiyi xoşbəxtlikləri, həm də səbəb olduğu faciələri eyni dərəcədə obyektiv və səmimi şəkildə təqdim edir.

Onun ən məşhur əsərlərindən biri sayılan “Yoldaş (Mixail)” romanında Adrian Zoqrafi ilə Mixail arasında olan dostluq təsvir edilir. Bu dostluq yalnız iki insanın münasibəti deyil, həm də ideal sevgi və sədaqət anlayışının simvolu kimi təqdim olunur.

İstrati bir çox əsərlərində də məhz dostluq mövzusuna xüsusi yer verir. Hətta bəzi hallarda böyük, ehtiraslı sevgilər belə dostluq uğrunda qurban verilir. Bu, onun üçün insan münasibətlərində ən yüksək dəyərin məhz dostluq olduğunu göstərir.

Panait İstrati ədəbiyyatda özünəməxsus yeri olan, həyatın sərtliyini və insan qəlbinin incəliyini eyni ustalıqla təsvir edən yazıçıdır.

Onun əsərləri bu gün də oxucunu düşündürür, insanın mahiyyəti və həyatın mənası haqqında suallar doğurur. O, sadəcə hekayələr danışmır – o, insanı anlatır.

# 136 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər