Pula sitayiş olunan zamanın müəllimi – Əli Əmirli yazır...      

Pula sitayiş olunan zamanın müəllimi – Əli Əmirli yazır...      
26 may 2021
# 11:51

Bu gün ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru Akif Hüseynovun 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə dəyərli alimimizi təbrik edir və yazıçı-dramaturq Əli Əmirlinin “Akif Hüseynov haqqında” essesini təqdim edir.

Akif Hüseynovu dərin təfəkkürü, iti qələmi, öz dəsti-xətti olan ədəbiyyatşünas alim, maksimum obyektiv fikir söyləyən tənqidçi və etibar etməli, bel bağlamalı bir insan, bir dost kimi əlli ildir tanıyıram.

Bu əlli ildə əxlaqına, cəmiyyət içindəki mövqeyinə, şəxsiyyətinə pərəstiş elədiyimiz neçə söz, siyasət, sənət, ədəbiyyat adamı dəyişdi, vəzifəyə, mal-dövlətə, ad-sana, şan-şöhrətə boyun əydi, bəziləri asta-asta, bəziləri addım-addım, bəziləri də sprinter sürətilə.

Akif Hüseynovsa dəyişmədi, düzün, haqqın, ədalətin, halalın yanında oldu, ən vacibi isə sənətə, ədəbiyyata, sözə xəyanət etmədi. Yaxşını da gördü, pisi də, hətta hər bir cəhətdən sıxıldığı məqamlar da oldu, amma həyat prinsiplərini dəyişmədi. Həmişə ağa ağ, qaraya qara, boza boz dedi.

Akif müəllim çoxlarının ondan gözlədiyi yalançı tərifi demədi, mövqeyindən, vəzifəsindən, statusundan asılı olmayaraq heç kəsə difiramb oxumadı. Elə bunun nəticəsi idi ki, Akif müəllimin hər hansı bir bədii əsər haqqında yazdığı məqalə, söylədiyi tənqidi və ya təqdiredici fikir uzun illər ədəbi aləmdə sözün düzü, qiymət kriteriyası kimi qarşılandı, onun fikri çox vaxt həlledici oldu.

Azərbaycan ədəbiyyatının sovet dönəmində tənqidimizin sanballı siması kimi uzun illər ölkənin ən nüfuzlu ədəbi dərgisi olan “Azərbaycan” jurnalında tənqid şöbəsinə rəhbərlik etdi, daha sonralar “Ulduz” jurnalının baş redaktoru oldu.

Vaxt ötdü, zaman dəyişdi, bazar münasibətləri nəinki gündəlik həyatımıza, ədəbiyyata da müdaxilə etdi, ara qarışdı, məzhəb itdi – bədii ədəbiyyatın qiymətləndirilməsində əsas rolu vəzifə və pul oynadı, tənqidçini də, həqiqi ədəbiyyatşünası da bu iki amil əvəz etdi.

Onların gücü ilə qrafomana korifey, belletristə dahi dedilər. Bax elə bu dövrdə Akif Hüseynov tənqiddən aralandı, pula sitayiş olunan bir zamanda həqiqi sözün əhəmiyyətsiz olduğunu gördü, özünü müəllimlik peşəsinə həsr etdi.

Rüşvətsiz təhsil formatını seçmiş universitetlərdən biri ilə əməkdaşlığı seçdi. İyirmi ildən çoxdur o, bu universitetin sevilən müəllimlərindən biri kimi səksən ildə qazandığı həyat təcrübəsini, zəngin biliyini gənclərə öyrədir, onların savadlı mütəxəssis, bütöv insan, ləyaqətini uca tutmağı bacaran şəxsiyyət kimi formalaşmasına çalışır.

Akif müəllimin həyat yolu göstərir ki, əsl insan istənilən şəraitdə, istənilən quruluşda, istənilən cəmiyyətdə ləyaqətini, şərəfini, halallığını qoruyub saxlaya bilər. Sadəcə, bunu istəməli, buna çalışmalı, nəfsinə ağalıq etməyi bacarmalısan.

Millətin, xalqın milli sərvəti məhz belə insanlardır!

# 2211 dəfə oxunub

Müəllifin son yazıları

# # #