O münaqişəni daha aydın qələmə almalıydım - Əkrəm Əylisli yazır...

O münaqişəni daha aydın qələmə almalıydım - Əkrəm Əylisli yazır...
8 sentyabr 2020
# 14:15

Kulis.az Əkrəm Əylislinin saytımızda yayımlanan “Ömür kimi bir gecə” hekayəsi haqda qeyd olunan tənqidlərlə bağlı yazdığı yazını təqdim edir.

Hekayəm barədə söz deyənlərin hər birinə hədsiz minnətdaram. Bu barədə mən tərəfdən geniş söhbət açmağa da, yəqin ki, lüzum yoxdur. Amma bir məsələyə hökmən münasibət bildirməliyəm.

Söhbət hekayə qəhrəmanı Mehmanın romanından və özünün ilk romanını nəşr etdirmək istəyən gənc yazıçı ilə nəşriyyat arasındakı üstü açılmamış münaqişədən gedir. Ürəyinə və istedadına inandığım dostlarımın bir qismi bu fikirdədir ki, İNDİKİ ZAMANDA müəlliflə nəşriyyat arasında hər hansı bir münaqişə olduğuna kimsəni inandırmaq mümkün deyil. İndi hər kəs öz kitabını istənilən nəşriyyatda nəşr etdirə bilər: təki cibində pulu olsun.

Azərbaycanda həqiqətən rəsmi senzura yoxdur. Və onun olmamağı xüsusilə ədəbiyyatımıza yeni gələnlər üçün gen-bol imkanlar yaradır. Ədəbiyyatımız sanki yenidən nəfəs alır. Şeirimizə, nəsrimizə yeni nəfəs gəlir, hava gəlir. İndi hər kəs yaza bildiyini çap etdirə bilir. Və mən buna ürəkdən sevinirəm. Hətta hərdən ürəyimdən keçir ki, kaş özüm də elə indi yazmağa başlayaydım.

Bəli, Azərbaycanda rəsmi senzura yoxdur. Ancaq ortalıqda elə bir dəyərli əsərimiz də yoxdur axı! Niyə biz BÖYÜK HƏQİQƏTİ axtaranda hərlənib-fırlanıb yenə Mirzə Fətəliyə, Mirzə Cəlilə qayıdırıq? Millətin taleyini düşünəndə hələ də gorbagor Şeyx Nəsrullah gözümüzün qabağına gəlir.

Oxucuya bu kiçik müraciətimdə mən senzuranın hardan başlayıb, harda qurtardığını araşdırmaq fikrində deyiləm. Ancaq sizdən nə gizlədim, hərdən mənə elə gəlir ki, senzuranın rəsmən ləğv edilməsi bizi – hələ dərk etmədiyimiz – böyük bir imtahana çəkmək üçündür. Yəni: buyrun, yazın, sizə mane olan yoxdur... Və biz yazhayaz yazırıq. Hətta o həddəcən yazırıq ki, yazdığımız sözün mənasını hərdən özümüz də anlaya bilmirik. Və bizim böyük saydığımız balaca həqiqətlər əgər nəşriyyatları da tam qane eləyirsə, bu halda nəşriyyatla müəllif arasında, əlbəttə, heç bir konflikt ola bilməz.

O böyük həqiqət hardadır? Bəlkə o BÖYÜK HƏQİQƏT nağıldır, əfsanədir – belə bir şey heç yerli-dibli yoxdur. Və bizim yazdığımız da, bəlkə, həqiqətin özü deyil, onun bənzəridir, imitasiyasıdır. Axı 99 faiz həqiqət yoxdur. Həqiqət ya 100 faiz olur, ya da heç olmur!

Bir də var YARIMHƏQİQƏT – yalandan da eybəcər bir vücud! Ona görə eybəcər ki, yalanın yalan olduğunu hamı bilir. Yalan gec-tez ötüb keçir. Beyində iz buraxmır, şüuru çürüdə bilmir. Amma yarımhəqiqətin ömrü də, ziyanı da yalandan xeyli uzun çəkir.

Hekayəmin qəhrəmanı Mehmanın nəşriyyatda yatıb qalan romanında nəyin yazıldığını, o romanda hansı həqiqətin necə qələmə alındığını heç mən özüm də bilmirəm. Mehmanın romanını bəlkə ona görə nəşr etmək istəmirlər ki, o romanda yazılanı hələ heç kəs yazmayıb, o əsərdə deyiləni hələ heç kəs deməyib. Bəlkə Mehman o romanda millətin elə bir dərdini deyib ki, o dərdi açıb-ağartmaq hər bir nəşriyyat üçün, hətta indiki zamanda da, asan deyil...

Söhbəti buradaca bitirmək olardı. Ancaq Ayxanın, Mehman Qaraxanoğlunun, Mübariz Örənin, Şərif Ağayarın, Sevinc Elsevərin, İlham Əzizin, Mirmehdi Ağaoğlunun hekayəm barədə dediklərini oxuyandan sonra Sərdar Aminin də yazısını oxuyub, inandım ki, irad doğrudur. Hekayədə Mehmanın nəşriyyatla münaqişəsinin səbəbinin açılmasına doğrudan da ehtiyac var. Hekayə bu barədə olmasa da, mən bu münaqişənin motivlərini daha aydın, daha anlaşıqlı formada qələmə almalıydım.

Feysbukla təmasda deyiləm. Orada hekayəm barədə kimin nə yazdığından tamamilə xəbərsizəm. Ancaq Sərdar Amin – oxuduğum ilk yazısından – məndə öz imzasına maraq və rəğbət doğurub. Mən bunu Şərifə də demişəm. Və inanıram ki, bu maraq və rəğbət ötəri olmayacaq, həmişəlik olacaq.

Böyük rus yazıçısı və filosofu Gertsenin belə bir orijinal sözü var: “BİZ TƏBİB DEYİLİK, AĞRIYIQ”. Bu fikri bəlkə belə də demək olar: “Ağrım varsa yazıçıyam”, yaxud: “Ağrıyıramsa, demək, yazıçı kimi varam.

83 yaşın içindəyəm. Altmış ildən çoxdur ki, qələm əlimdən düşmür. Gəncliyimdə şeir yazmışam. İyirmi yaşımda yazdığım ilk hekayəm –“Nənəmin tütün kisəsi” elə o vaxt 15-20 dilə tərcümə edilib. Ancaq mən, əlimə qələm götürəndə, şedevr yaradacağımı heç vaxt ağlıma gətirməmişəm. Və “Ömür kimi bir gecə” də, əlbəttə, şedevr deyil, adicə hekayədir. Mənim həmişə ağrıyan varlığımın bir günlük, bir aylıq bədii söz mənzərəsidir.

Həmişə ağrımaqda, mənim əzizlərim!...

Sizin Əkrəminiz

# 4046 dəfə oxunub

Müəllifin son yazıları

# # #