Heç bir Azərbaycan qadını özünü belə cəsarətli ifadə eləməyib  – Fəxri Uğurlu yazır...

Heç bir Azərbaycan qadını özünü belə cəsarətli ifadə eləməyib  – Fəxri Uğurlu yazır...
25 dekabr 2020
# 08:57

Kulis.az yazıçı-esseist Fəxri Uğurlunun redaktoru olduğu Bircənin “Cəhənnəmdən keçmiş mələk” kitabı haqda yazdığı “Bu kitabın yüz il sonra da oxunacağına əminəm” yazısnı təqdim edir.

Çingiz Özgürün bir feysbuk statusundakı sualına cavab bəhanəsiylə

Əzizim Çingiz, Bircənin mənim redaktorluğumla ərsəyə gələn “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanı haqda feysbuk səhifəndə yaydığın səmimi, qədirşünas, insaflı (sonuncu sözü xüsusi vurğulayıram, çünki bu əsərə, az da olsa, çox insafsız münasibətlə də qarşılaşmışam) qeydləri duyğulu bir məmnunluqla oxudum. Həqiqətən, Bircənin qələmə aldığı həyat, insan mənzərələri hamımıza nə qədər tanış olsa da, roman Azərbaycanın qadınlıq (qadın demirəm ha, məhz qadınlıq!) ədəbiyyatı tarixində bir ilk, bir yenilikdi. Hələ heç bir Azərbaycan qadını özünü bunca açıq, cəsarətli, səmimi, həm də istedadlı (o üçünün yanında bu dördüncü çox vacibdi, əks halda o cür gözəl insani sifətlər sənət meydanında bayağı pornoqrafiya, ədəbi vandallıq, sentimental klounada libasında zühur eləyə bilər) şəkildə ifadə eləməyib – bizim Ümmülbanu, avropalıların Banin kimi tanıdığı məşhur qadın yazıçımızı bu məqamda nəzərə almıram, çünki o, bir ayrı fenomendi.

On minlərlə oxucusunu gözdən qaçırmadan deyirəm: kitabın saytlarda dərc olunmağa başlandığı dörd ildən artıq müddətdə bir qismini sənin də yaxşı tanıdığın onlarla ictimai çəkili şəxsdən, cəmiyyətimizin beynində qərar tutmuş onlarca sanballı adamdan – alimdən, müəllimdən, filosofdan, sosioloqdan, siyasətçidən, iqtisadçıdan, deputatdan, hərbçidən, çağdaş ədəbiyyatımızın, jurnalistikamızın diri klassikləri sayılası yazıçılardan-jurnalistlərdən (özləri ictimailəşdirməyiblər deyə adlarını çəkməyi etik saymıram) bu əsər haqqında – birbaşa, yaxud da dolayısıyla – çox yüksək fikirlər, minnətlə, rüşvətlə alınması mümkün olmayan bahalı rəylər eşitmişəm (saysız-hesabsız feysbuk statuslarını nəzərə almasaq, iki publisist dostumuz – biri İmran Bədirxanlı, biri də Vahid Qazi – isə öz fikrini pıçıltıyla da yox, lap uca səslə dilə gətirib). Bütün bunlar mənə də, müəllifə də qol-qanad verib, əməyimizin itmədiyinə, ədəbiyyatımızın sabahına qoyduğumuz sərmayənin batmadığına inam verib.

Əminəm: Bircənin romanı yüz il(lər) bundan sonra da, üstəlik indikindən daha böyük maraqla oxunacaq, çünki bu əsərdə ölkəmizin rəsmi tarixdən kənar bütöv bir epoxası, sadə insanların tarixi qələmə alınıb, bir şəxsin, bir ailənin, bir nəslin, bir bölgənin timsalında xalqımızın ruhu, varlığı, genetik kodları, itib-getmiş adətləri, zədələnmiş mentaliteti, artıq köhnəlməkdə olan münasibətlər sistemi, boyatımış dərdi-sevinci ifadə olunub. Mən hələ kitabın səhifələrindən (əslində dövrün-zamanın tarixə gömülmüş illərinin bacasından) boy göstərən onlarla doğma obrazdan, yüzlərlə unikal detaldan, situasiyadan, əsərin ana südü kimi halal, üstünə təzə nehrə yağı çəkilmiş nənə əppəyi kimi dadlı sərrast dilindən danışmıram.

Ədəbiyyat ümumiləşdirmə sənətidi, bilirik; ancaq elə ömürlər, elə talelər də var, onları elə bil bu həyatın müəllifi özü ümumiləşdirib, özü onu əsərinə baş qəhrəman seçib. Bircənin taleyi məhz belə talelərdəndi – həyat onu bir qüdrətli müəllifin keçirə biləcəyi bütün yollardan, döngələrdən, aşırımlardan, uçurumlardan keçirib, yıxıldıqca qolundan tutub qaldırıb, yarı yolda qalmağına imkan verməyib, sevimli personajını yolun sonuna salamat çatdırıb. Ta ora qədər ki, daha bu ömrün bir özgə bəzək-düzəyə ehtiyacı qalmayıb; bu ömrün yiyəsinə bircə öz ömrünün qəziyyəsini bəzək-düzəksiz qələmə almaq qalıb. Bu gerçəyə inanmasaydım, dörd il yarımdan bəri bu əsərin telini daramağa, düyməsini bağlamağa, gözünü sürmələməyə, ondan da qabaqkı yarım ildə donunu biçməyə, boyunu-buxununu ölçməyə əsla əlim qalxmazdı.

Yeri gəlmişkən, yəqin sən də eşitmiş olarsan, bu kitabı əvvəl-əvvəl mənim adıma çıxırdılar: guya əsəri gizli imzayla mən yazırmışam. Müəllifin kimliyindən söz düşəndə bəzi dostlar gözümün içinə baxıb bic-bic gülümsəyirdilər. Nə gizlədim, bu konspirasiya mənə bir az da xoş gəlirdi, “qurduğum” tələyə, “hördüyüm” tora düşənlərə baxmaqdan azca zövq də alırdım, hərçənd bu zövqün uzun ömürlü olmayacağını yaxşı bilirdim. Tezliklə Bircə xanım özünə feysbuk hesabı açdı, başına çoxlu dost-tanış topladı, oxucuları onun gerçək varlığından qiyabi də olsa xəbər tutdular, bir sözlə, müəllif virtual ünsiyyət meydanında at oynatmağa başladı, bununla da mənim gizli-məxfi-yasaq-hiyləgər zövq laboratoriyam qısa müddətdə ifşa olunub zərərsizləşdirildi. Mənsə, bəlkə inanmazsan, buna gerçəkdən sevindim, yoxsa adım bədnam olacaqdı. Yel papağı başdan alıb aparmamış elin töhmətindən əcəb qurtuldum...

Zarafat bir yana, mən, əlbəttə, qadın haqda yaza bilərəm (dünya ədəbiyyatında bunun indi sadalamaq istəmədiyim onlarla adı bəlli parlaq örnəyi var; həmişə demişəm, yenə deyirəm, qadınlar haqqında ən gözəl, ən dərin, ən böyük kitabları, şübhəsiz, kişilər yazıb), ancaq qadınlıq haqda – əsla! Sənin də bildiyin kimi, mən heç vaxt qadın olmamışam, qızın qadına çevrilmə prosesini yaşamamışam, yerikləməmişəm, doğmamışam, uşaq əmizdirməmişəm, nəhayət, övladıma ana gözüylə, ana duyğusuyla baxmaq kimi bir istedadım olmayıb. Bu, ayrıca dünyadı! Kişiylə qadın bir planetdə, amma ayrı-ayrı dünyalarda yaşayır! Üstəlik, bəzi qadın donyajuanələrin fəlsəfi-estetik bünövrədən məhrum saxta feministik sərsəmləmələriylə həyat tərzləri arasında təzadın səbəbini incələyəndə də görürsən: bir-birindən nə qədər seçilsə də, bu iki başlanğıcın ezam olunduqları eyni həyatda bir-birindən ayrı keçinməsi qətiyyən mümkün deyil, istər üçüncü yox, lap dördüncü, beşinci cins də qondarsınlar! Buna inanmayan Bircənin ömür dastanını oxusun, görsün, qadın hər şeydən, hər kəsdən çox nəyin, kimin axtarışında, intizarındadı.

Gallery

İntizar demişkən, məndən əsərin kitab halında çapdan çıxmış ilk iki bölümünün üz qabığına niyə məhz Bibliya motivli Rembrandt rəsmlərinin köçürüldüyünü soruşursan. Bunlar, əlbəttə, mənim seçimimdi. Birinci cildin üz qabığındakı rəsmdə hamamda çimən, daha doğrusu, çimizdirilən Virsaviyanın (müsəlman variantında Badsəba, Batşeba) məhzun, intizarlı görkəmi təsvir olunub. Virsaviya hamamda Davud peyğəmbərdən (həm də padşahdan) məktub gözləyir. Bu intizarın sonu onunla bitəcək ki, Davud qadının ərini – öz dostu olan cəsur sərkərdəni gedər-gəlməz döyüşə göndərəcək, sonra dostunun başı cəngə qarışdığı vaxt onun özündən hamilə qoyduğu gözəl arvadıyla evlənəcək, bu izdivacdan quş dili bilən Süleyman peyğəmbər (həm də gələcək padşah) doğulacaq. Möhtəşəm, qəzəbli, qüdrətli yəhudi tanrısının belə qəribə əməliyyatları tarix boyu çox olub.

Oxuyanlar bilirlər: Bircənin avtobioqrafik qəhrəmanı da daim bir möcüzənin, bir zühurun intizarındadı, müdam kimdənsə məktub gözləyir, Ağ Atlı Oğlanın (Tanrının, Məsihin, Mehdinin, bir sözlə, Böyük Ümidin, Böyük Sevginin, Böyük Sevgilinin) həsrətiylə göyləri soraqlayır, hətta övladını da ondan tutmaq istəyir. Həm də azdığı yollarda, döngələrdə, dalanlarda yalnız bu inamın, intizarın sayəsində sonadək azıb-itmir, harda azıb-təzsə də, qayıdıb Ana Yola çıxa bilir. Müəllifin o yolun sonuna çatıb-çatmadığından hələ xəbərimiz olmasa da, buna inanmaq istərdik – əks halda qarşımızdakı kitab da yazılmazdı. Bundan başqa, barəsində danışdığım rəsmin birinci bölümün axırındakı çimizdirilmə səhnəsiylə – səkkiz gün yubatdığı zorakı zifaf gecəsindən sonra ağır mənəvi-cismani zədə almış təzə gəlini harayına yetən bibisinin (həm də yengəsinin) çimdirməsi epizoduyla səsləşdiyi də yəqin oxuyanlarda şübhə doğurmaz.

İkinci cildin üz qabığındakı şəkilə (“Müqəddəs ailə”) gəlincə, xırdalığına varmadan həmin rəsmin də həmin bölümün ruhuna uyğun olduğuna inandığımı bildirmək istərdim. Bircənin düşdüyü ailə müqəddəs olmasa da, ağır, zalım həyatın girdabında belə qəhrəmanımızın sığınmağa müqəddəs ağ çadırı, qovaq kölgəsi, kitab qoxusu, saf uşaq mühiti, yüyrüməyə beşiyi var.

Qismət olsa, vəhşi insan təbiətinin öz həmcinslərinə yarasa ağzından tuşladığı güllədən yayına bilsək, artıq elektron nəşri başa çatmış üçüncü, dördüncü bölümlərin çap versiyası üçün də Rembrandt yaradıcılığından rəsmlər behləmişik.

Ancaq qarşıda hələ beşinci bölüm, üstəgəl bir duvaqqapma da durur. Hər halda, irəlicədən cızılmış yol xəritəsində belə nəzərdə tutulub. Əsər öz məntiqi sonluğuna çatmalı, çevrə qapanmalıdı. Mən belə düşünürəm: bu kitab bu ömür dastanı danışılmağa başlandığı andaca bitməlidi, çünki özünü ifadə eləmək insanın ən uca məqsədi, insan xoşbəxtliyinin zirvəsidi. O xoşbəxtliyə yetişmədən bunca ağrılı, əzablı ömür yolunu sevə-sevə qələmə almaq, dərdi sevincə, kədəri dastana çevirmək mümkün deyil.

Bundan sonrası daha məndən yox, müəllifin azad iradəsindən, bir də bizə öz nehrəsində nə çalxadığı bilinməyən fələkdən asılıdı. Mənim işim əvvəlcədən müəllifi bu işin uğur qazanacağına inandırmaq, o yol xəritəsini cızmaq, sonra da o xəritə boyunca görülən işləri sığallayıb-tumarlayıb əlahəzrət oxucunun hüzuruna çıxarmaq olub. Yuxarıdakı söhbətə bir də qayıdıb demək istəyirəm: müğənninin oxumasında prodüserin, orkestrin çalmasında dirijorun, aktyorun oynamasında rejissorun, futbol komandasının qol vurmasında məşqçinin rolu nə qədərdisə, mənim bu əsərin yaranmasında rolum da elə o qədərdi – nə ondan az, nə ondan çox. Bir sözlə, bu kitabı mən doğmamışam, olsa-olsa onun hadıxlığını eləmişəm – bunu xüsusən də romanın yaranmasındakı rolumu şişirtməklə məni ucaltmaqdan çox müəllifi alçaltmağa çalışan şübhəzəndələrin çarpaz nəzərlərinə çatdırmağı özümə borc bilirəm.

Səmimi desəm, məni bu işdə rolumun böyüklüyü-kiçikliyi maraqlandırmayıb; mən bətnində xəzinə yatan bir dağı kəşf eləmiş geoloq kimi o yatırın saf qızıla çevrilib xalqa fayda verməsini, insanların ömrünü-gününü bəzəməsini, açıq mətnlə desəm, belə bir əsərin həm canımdan ayrı tutmadığım Azərbaycan ədəbiyyatına, həm də başımın tacı Azərbaycan qadınına töhfə olmasını arzulamışam. Geoloq özünə çatmayası xəzinənin üstünü açmaqdan necə zövq ala bilərsə, mən də “Cəhənnəmdən keçmiş mələk” romanını epizod-epizod, fəsil-fəsil, obraz-obraz kəşf eləməkdən o təhər zövq almışam.

Gerisini zaman göstərər. Bu iş uğurla başa çatdırılarsa, əminəm, günün birində bizim Bircəmizin adı Ceyn Ostin, Şarlotta Bronte, Marqaret Mitçell, Fransuaza Sağan, Ümmülbanu-Banin, Duyqu Asena, Fəriba Vəfi kimi dünya şöhrətli qadın yazıçılarla bir sırada çəkiləcək.

23 dekabr 2020-ci il

# 6983 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #