"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi

"Qarabağ haqqında son illərin ən yaxşı hekayəsidir..." - Hekayə müzakirəsi
18 sentyabr 2024
# 12:00


Kulis.az "Hekayə müzakirəsi" layihəsində Mübariz Örənin "Çinar yazıları" hekayəsi haqqında fikirləri təqdim edir.

Cavanşir Yusifli:

"Mübariz Örənin “Çinar yazıları” nəsrimizdə son illərin həm qatmaqarışıq, həm çox gərgin, həm də sevincli (kədər, faciəqarışıq) illərinin əksi baxımından şübhəsiz ki, maraq doğurur. Fikrimizcə, gələcəkdə bu hadisələrin bədii həllində indi tətbiq edilən rakurs dəfə-dəfə dəyişəcəkdir. Dəyişməlidir də. Çünki hadisələrin daxili qatları çox zəngindir.

Konkret olaraq Mübarizin hekayəsi onun öz üslub parametrləri daxilində bir sıra detal və ştrixlərlə yadda qalır və bəzi detallar, xüsusən, hekayədə, təhkiyə axınında vaxtilə tankların keçdiyi yolda salınmış dərin izlərin yara kimi hiss edilməsi (.....), qaçqın düşən insanların anidən dəyişməsi (zahirən, - insan birdən özünə gəlir, yaxud ağacdan bir yarpağın düşməsilə nələrsə xatırlanır və kəskin dəyişmiş insanın cavanlığı gəlir ekrana - !), qayıdan, alınan, işğal tapdağından qurtulan şəhərin, kənd-kəsəyin həmin o kəskin dəyişmiş qaçqın insana bənzəməsi və üz-üzə durduqda belə bunların bir-birini tanımaması, üstəlik, bütün bunların itkin düşmüş qardaşının pasportuyla böyük darvazadan keçib, sonra geri qayıdan adamın ruhunda cilvələnməsi... dəhşətdir və bir belə çalpaşıq düşmüş hadisəni təhkiyədə çeşidləmək, keçidlərin axıcı olmasına nail olmaq sadə məsələ deyildir.

Fikrimcə, Mübariz bu işin öhdəsindən gəlmişdir".

Mətanət Vahid:

“Çinar yazıları”nda Şuşanın azad olunduğu gün qələbə əhvalı paytaxtın küçələrinə səs halında gəlir: “aramsız siqnallar”, “maşın dilində” gözaydınlıqları, “qatı duman kimi şəhərin canına hopmuş” uğultu, “ağır qübbə kimi şəhərin üstünə çökmüş səs” və s. təsvirlər sevincin ifadəsinin səs forması ilə mənzərəni aydınlaşdırır.

Qələbənin dadını-duzunu ən çox bu cümlədəki “daha” bildirir hekayədə: “Ərklə qolumuza girib başını yuxarı tutdu, iyirmi-otuz ilə Bakı iqliminə ancaq ki uyğunlaşmış cavan çinarları göstərdi: "Daha Bakı küləyi onları yerindən qopara bilməz"…

Şadyanalığın təsvirilə başlayan hekayə bu “daha”dan əvvəlki və daha da əvvəlki zaman plastlarından keçə-keçə xatirələrin quyusuna enib, yenidən günümüzə qayıtmaqla qələbəyə qədərki otuz ili göz önünə gətirir. Qarabağ mövzusu ilə bağlı hər şey WinRAR arxivatoru kimi üç-beş cümləyə sıxışdırılıb yaddaş mövzusuna səbəb-fon təşkil edir: “...Düşdükləri vəziyyət gülməli dərəcədə ağlamalı idi, birdən-birə heç nəsiz heç kimə çevrilmişdilər: varlısı, kasıbı, vəzifəlisi, vəzifəsizi, müdriki, səyi... Alınlarına yekə bir "Qaçqın" damğası vurulmuşdu, qaraçı taboru kimi düşmüşdülər çöllərə...”

Dostu təhkiyəçi-qəhrəmana Tağı haqqında danışanda “Yaddaşını itirib... Heç kəsi yoxdu” deyir. Hekayənin gedişatında bəlli olur ki, Tağı ilə bağlı yeganə yaddaş ünvanı kiril əlifbası (bu da bir başqa aşınmış yaddaş plastı) ilə çinarın gövdəsinə qazılmış “Т+П=С” yazısıdır. Yerində “təzə qəbir kimi” quru torpaq təpələnmiş çinarla birgə Tağının adı da, yazısı\taleyi də qeyb olub itkinlərin arasına qarışır. Yoxa çıxan isə yalnız kəndin yeganə çinarı, onun ardınca quruyan bulaq deyil, talan olmuş bütün yurd yeridir: “Kəndin yerini tapsalar da, kəndi tapmadılar; tapdıqlarını tanımadılar. Bir vaxtlar asfalt boyu təsbeh daşı kimi düzülən şüşəbəndli, eyvanlı evlərin yerində uçuq divarlar qalmışdı, daşlar qalaqlanmışdı. Təpəsinə tənəklər dırmanan qəlbi dağdağan, vən ağacların yerində cır nar kollarından başqa heç nə yox idi”.

Vaxtilə altında tonqallar qalanan, xalça-palaz salınıb böyüklərin dincəldiyi, uşaqların cürbəcür oyunlar oynadığı geniş, sıx çətirli ana çinar\ağac həyatın metaforudur – üzərindəki yazı, bir növ, tale yazısı. Tağı ilə Ənnağının tale yazıları bir-birinə qarışır. Getməsin deyə anası pasportunu gizləməklə, elə bil, Tağının ömrünü oğurlayır. İtkin qardaşının pasportu ilə yaşamaqla o öz ömrünü salıb itirir; sanki qardaşının ömrünü yaşayır, hətta sevgisini də... Övladlarının sənədində belə, ata adı kimi Tağının deyil, qardaşının adı yazılır. Ənnağı itkin olsa da, Tağının həyatının içindədir, alın yazısının ortasındadır. Belədə itkin olan kimdir bəs – Ənnağımı, Tağımı? Dolayısı ilə, “Çinar yazıları” otuz illik bu qovğadan fiziki olaraq sağ çıxanın da, çıxmayanın da yoxmuş kimi varlığını, xatirələrin yaralı, illərin\ömrün itkin olduğunu göstərir.

Hekayədə xatirələrin səhifəsini çevirəndə görürük ki, qardaşlar ikisi də sevgisinin yaddaşını diri saxlamaq üçün adlarını çinarın gövdəsinə həkk edibmiş: “Bir kişinin iki qızını istəyirdilər: Tağı - Pərvanəni, Ənnağı - Qətibəni!”

Hekayənin sonunda Tağı bu dəfə artıq Bakıda çinar ağacının üstünə kirillə həkk etdiyi yazını göstərir: “Ə+Г=С”. Belə bir sonluq bu məqama qədər oxuduğun gerçəyi şübhə altına alır, yaddaşında sürətli keçid edib görürsən ki, Tağının itmiş yaddaşı Ənnağının itkin ömrünün xatirəsinə biçilib. Sonda təhkiyəçinin heyrət içində vermək istədiyi sual həm də cavabdır. Amma sualı vermək imkanı tapmır; “Q” niyə?” (“Ə” niyə?” yox!) soruşmaq istəyir, o isə artıq arabasını sürüb getmişdi. Hekayə sonda sual vermək imkanını oxucuya yaradır: yenə mətndəki yaddaş quyusuna enib yazının içində itkin düşmüş Tağını axtarırsan".

Elnarə Qaragözova:

"Mübariz Örən "Çinar yazıları" hekayəsində yenə də öz yazı stilistikasına sadiqdir. Lakin əsər boyu Mübariz Örənin mətn mistikasının qeybə çəkilməsi hissiyatı yarandı. Hekayədə realist qat o qədər aydın və üstündür ki, ad, addəyişmə kimi sakral-magik işarələr belə əsərin əvvəlində çox solğun görünürdü. Əlbəttə, mövzunun da realist qatın üstünlüyünə təsiri olmamış deyil. Əsərin açarı çinara cızılan "Ə+Q=S" yazısıdır. Tağı niyə P yox, Q yazıb? Axı öz adını itirib qardaşının adını daşısa da, daxilən o, Ənnağı yox, Tağı idi və sevgisinin obyekti dəyişməməli idi. Yazıçının "niyə Q?" heyrəti də bundan yaranır. Amma məsələnin başqa tərəfi də var. Bəlkə, heç bu Tağı yox, itkin düşən, öldü-qaldısı bilinməyən Ənnağının özüdür? Axı o heç müharibəni də tam xatırlamadı, hansı qələbədən danışıldığını anlamadı. Yaddaşını itirib keçmişini, kimliyini itirsə də, hal-hazırda yaşadığı bu günü bilməli idi. Amma onun yadında keçmişdən ancaq "Ə+Q=S" qalıb. Nəhayət, əsərin sonunda Mübariz Örən realist örtüyü qaldırır, bu kiçik mistik işartı ilə öz manerasına sadiqliyini göstərir".

Şərif Ağayar - Bioqrafiya.com

Şərif Ağayar:

"Mübariz birxətli yazmır. Üstəlik, alt məna aşiqidir. Ona görə hər abzasda, bəzən hər cümlədə gözlənilməzliklə qarşılaşa bilirsən. Sadə oxucuları bilmirəm, peşəkarlar üçün müstəsna imzadır. Kamertondur. Oxuyanda elə bil musiqi dinləyirsən. Mübarizi oxucu kimi yox, yazıçı kimi oxuyuram. Keçidlərinə, montajlarına, hadisələrarası manevrlərinə baxıram. Bir də bədii ifadə və təsvir vasitələrini mətn boyu necə həssaslıqla yerləşdirdiyini izləyirəm. Bəzən bir naxış əlindən, yaxud qoyduğu yerdən düşür, o da əyləndirir məni. Deyirəm, mən olsam, belə yazardım, elə yazardım. Yaxud bəzən öz-özümə etiraf edirəm: bax bu məqamda bu gediş mənim ağlıma gəlməzdi! Bəs nə gələrdi? O an nə isə tapıram. Bəzən tapa bilmirəm. Mübarizdə söz və ifadə yerinə oturanda bir cür, oturmayanda başqa cür zövq verir. Heç bir variantda tilsimi pozulmur. Mövzusundan və ustalıq səviyyəsindən asılı olmayaraq onda hər şey mənə maraqlıdır. Kaş belə yazıçılarımız çox ola. Mətnləri ilham mənbəyidir. Yaradıcı stimuldur. Bu hekayəsi də istisna deyil. Məncə, onun bircə mətni var. Ömür boyu müxtəlif başlıqlar altında və müxtəlif mövzularda yalnız onu yazır. Bu, üslubun yeknəsəqliyi deyil, gücü və özünəməxsusluğudur. Bəzən düşünürəm – görəsən, ahəngini bir az yeyinləşdirsə, geniş auditoriyaya çıxa bilərmi? Lakin heç bəlkə, bu, lazım da deyil. Kənardan hərə bir söz deyir, hamını eşitsə, Mübarizlikdən çıxar. Bütün hekayələri kimi “Çinar yazıları” ilə bağlı da bircə qənaətim var: zövqlə oxudum! Ən başlıcası, nə vaxt açsam, zövqlə oxuyacağıma əminəm. Məncə, ən vacibi budur. Qalanı nədir? Əlbəttə, təfərrüat!"

Samirə Əşrəf: "Yazıçılıq kişi sənətidir" - Müsahibə

Samirə Əşrəf:

"Qarabağ haqqında son illər oxuduğum ən yaxşı hekayə oldu. Mübariz Örən sözsüz usta qələm sahibidir. Tanış, ağrılı hissələr var idi. O yolu, cığırı, kəndi, evi, çinarı axtarmaq, tapa bilməmək, səhv gəldiyini zənn etmək, vaxt azlığı, dağıdılmış, yer üzündən silinmiş evin, ocağın, məkanın içərisində yoxa çıxan zamanın axtarışı... Bütün bunlar çox ağırdı. Ayağınla çıxdığın, ürəyində uşaq arzularını, gənclik xəyallarını götürüb getdiyin qapıya saçı-başı ağarmış, az qala sürünə-sürünə, nəfəsin kəsilə-kəsilə qayıtmaq, minaya düşmək, şikəst qalmaq, ölmək qorxusu dəhşətlidir. Mübariz bu ilıq, az qala qorxulu tanış hisslərin hamısını tələsmədən, təntimədən aram-aram yaza bilib hekayəsində. Təsvirləri, hadisələrin iç-içə toxunuşu, müasir dövrün ən aktual mövzularını hekayənin içində əridilməsi, nəhayət, ilk məhəbbətin ifadəsi xoşuma gəldi. Məktəb partalarının, ağacların, divarların üzərinə yazılan sevginin baş hərflərinin yanından etinasız ötüb keçmişik çoxumuz. Mübarizin üstünlüyü, ustalığı ondadır ki, həmin hərflərdən "Çinar yazıları" hekayəsini toxuya bilib. Təbrik edirəm!"

# 2395 dəfə oxunub

Müəllifin son yazıları

# # #