Oturduğum məkanın pəncərəsindən o yan-bu yana gedən maşınlara baxıram. Stolun üstündə çips qırıntıları, ağzına qədər dolu külqabı var. Bayaq metroda üzbəüz oturduğum, köhnə paltarlı qadının ovcunda saydığı son qəpikləri, əlində yeni dükanın açılış şarlarıyla çox xoşbəxt uşağı, yanımdan keçib bahalı ətrini yol boyunca yayan kostyumlu kişini fikirləşirəm.
Beynim darmadağındır. Ürəyimdəkiləri tökə bilməməkdən, yazmağa ərinməkdən, boz rəngdə görməkdən bezmişəm. Fikirləşirəm ki, özümdən qorxulu adam yoxdur. Məni məndən yaxşı tanıyan olmaz. Tənhalığına düşkün, əsəbi, səbirsiz. Özümü həmişə mənfi cizgi film qəhrəmanı kimi görmüşəm.
Düşünürəm ki, bütün bunlara görə ətrafdakı hər kəsdən, hər şeydən üzr istəməliyəm? Yoxsa bu əclaf həyat tərzinə davam etməliyəm? Bir yol da var ki, həmişə beynimdədir. Amma bunu hələ ki, etmiyəcəm. Çünki həyatda hələ görülməli çox şərəfsizliklər, əclaflıqlar, içilməli qədəhlər, çəkilməli tütünlər, sevişməli adamlar, bir də yazmalı olduğum mənasız yazılar var.
Ətrafımdakı insanların bəsit yanaşma tərzinə baxsaq, mən başıpozuq adamam. Nə gözləyirlər ki məndən? Məsələn, anam və nənəm ərə getməyimi, qonşumuz evə nə vaxt gələcəyimi, mənə pis davrananlar onlara yaxşı davranmağımı gözləyir. Nədir bu gözləntilər?
İnsanları, elə mənim özümü niyə rahat buraxmırlar? Kimdənsə nəsə gözləmək bədbəxtlik deyilmi? Biz ömrümüz boyu nəyisə gözləyirik. Boş yerə. Gözləyirik, qırılırıq, inciyirik. Hamı hamıdan nəsə gözləyir. Heç nə gözlənilən kimi olmur. Baxın, indi siz gözləyirsiz ki, bu yazının axırında nəyisə ifadə edim. Sizə demişdim axı, məndən heç nə gözləməyin...