Mənim adım Xocalı: Üzərinə dağların qalxan təki açıldığı məmləkət! Ucsuz-bucaqsız meşələrin qoynunda bir düzəngah! Bir sərgigah timsalı, bolluq dolu, cənnət məkan!
Bəlkə də... bəlkə də, yer üzündə mənimtək bir məmləkət yoxuydu. Həm düzəngah olsun, həm də ucsuz – bucaqsız, yaşıl - yaşıl meşələrlə sarmalansın, həm düzəngah olsun həm də xəzinəli dağlar tərəfindən qorunsun, həm düzəngah olsun, həm də torpaq qoxan, həyat qoxan işlək, zirək övladları olsun!
Bir də, övladlarının alın tərlərinin ilahi ərmağanı olan: mantar dadında kartofu, reyhan qoxulu ətli pomidoru, ətirli keşnişi, nanəsi, tərəsi...
Və bu qədər bolluq - bərəkətin səbəbkarları: Xocalı əhlinə həyat bəxş edən Qar - qar və Badara çayları, yay mövsümündə yamyaşıl, enli yarpaqların arasından qızarmağa başlayan uzunömürlülük sirri, həyat iksiri, tutların şahı xar tut...
Qar-qarın sahilində yarğanların bəslədiyi cənnət alması, kişilik rəmzi, Şah İsmayıl yadigarı Qarabağ atları. Daha nələrim, nələrim... Ən əsası da, həyata iki əllə sarılmış gənclərə dayaq olan müdrik ağsaqqallar, qadınlığa örnək ağbirçəklər, abırlı-həyalı, əli xınalı gəlinlər, badam gözlü gözəllər...
Üstəlik bapbalaca fidancıqlartək sevgi istəyən, qayğı istəyən, ən çox da YAŞAMAQ istəyən məsum körpələr varıydı bir zamanlar!
Bir də, bir yazarı varıydı Odlar yurdunun! Qarabağı qarış-qarış gəzən bu yazıçı Qarabağın ağrılarını sözə çevirdi illər sonra!” Dünyanın ən varlı şəhəri” adlandırdığı Ağdamı vuran “Dolu”dan söhbət açmışdı. Lakin o dolu ən əvvəl Xocalını tutmuşdu. Ən əvvəl Xocalıdakı çinar ağacları çırpınıb-çırpınıb süst düşmüşdü, sevgi simvolu salxım söyüdlər Xocalıda tərpənməz olmuşdu. Və bu qəfil səssizlik, qəfil yağan dolu mərmilərin çığırtısına çevrilmişdi...
Beləcə fidancıqlar olan məsum körpələrdən, beli bükülmüş qocalara qədər hər kəs qəfil yağan bu dolunun qurbanı olmuşdu. Daha dağlar Xocalını qoruya bilməmişdi...
Qoynumda bəslədiyim erməni dığaları Xocalı övladlarının qanını su yerinə axıtmışdılar. Həmin gün Qar-qarın suyu al qırmızı rəngdə axmışdı... Və yenə ruslar erməni dığalarına pənah gətirmişdilər... lakin düşmənlərim bir şeyi unutmuşdular: Xocalı igidlərini, Arazları, Tofiqləri, Əlifləri... Onlar dünyaya Xocalıda göz açmışdılar və Xocalının bağrına sığındılar şəhidlik, kişilik zirvəsi ilə yenidən doğulmaq üçün! Onların şəhidlik zirvəsinə ucalmaları onlarla övladımı qurtarsa da, artıq yetim qalmışdım, kimsəsiz qalmışdım.
Mənim kimsəsizliyim, onlarla nəslin soyqırımına, Xocalı soyqırımına səbəb olmuşdu... Artıq körpə fidanlarım həyatdan qoparılmışdı, badam gözlü gözəllər, həyalı gəlinlər ağbirçəkli nənələr yoxuydu...
Tarix çox amansızlıqların şahdi olmuşdu, amma hamilə qadın bətninin parçalanmasına, cəsədlərin təcavüzünə əsla! Əsla belə qəddar səhnələrə şahid olmamışdı bu qoca dünya! Vandalizm, faşizm kəlmələri ermənizm kəlməsi yanında torpağın günəşə nisbəti qədər sönük qalırdı!
1992-ci il 26 fevral tarixində məni vuran dolu, xəzinələr diyarı Kəlbəcəri, igidlər oylağı Laçını, qartal yuvası Şuşanı, “dünyanın ən varlı şəhəri” Ağdamı da yerlə - yeksan etmişdi.
Mənim adım Xocalı: Bir zamanlar üzərinə dağların qalxan təki açıldığı məmləkətiydim! İndi isə, nə dağ qalıb, nə də qalxan! Ona görə də, sənə səslənirəm ey gənc adam! “ Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq əgər uğrunda ölən varsa vətəndir”
Mənim adım Xocalı, bəs İvanyan hardan çıxdı?!